Geologiya institutu



Yüklə 116,01 Kb.
tarix06.02.2018
ölçüsü116,01 Kb.
#26716

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI


GEOLOGİYA İNSTİTUTU

Əlyazması hüququnda

İBRAHİMLİ MÜBARİZƏ SƏHRAB QIZI


KOMPLEKS GEOFİZİKİ TƏDQİQATLARLA

YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİNİN CƏNUB-QƏRB

YAMACINDA QEYRİ-ANTİKLİNAL TƏLƏLƏRİN

AŞKARLANMASI VƏ NEFTLİLİK-QAZLILIĞININ

PROQNOZLAŞDIRILMASI

2507.01 - Geofizika, faydalı qazıntıların

geofiziki axtarış üsulları

Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün

təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I
Bakı – 2014

Dissertasiya iş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

“Neftqazelmitədqiqatlayihə” İnstitutununda yerinə yetirilib.



Elmi rəhbər: G.-m.e.d. Y.H.Qənbərov
Rəsmi opponentlər: AMEA-nın müxbir üzvü, f.-r.e.d.,
H.H.Quliyev
G.-m.t.n. Ş.S.Köçərli
Aparıcı müəssisə: ADNA-nın

“Geofiziki kəşfiyyat üsullarıkafedrası


Müdafiə 30 iyun 2014-cü il saat 11 AMEA Geologiya İnstitutu nəzdindəki D 01. 081 Dissertasiya şurasınıniclasında keçirilə­cəkdir.


Ünvan: 370143, Bakı şəhəri, Hüseyn Cavid prospekti, 29A.

Faks: (+994 12 497 52 85;

E-mail: gia@azdata
Dissertasiya işi ilə Azərbaycan MEA-nın Geologiya İnstitutunun kitabxanasında tanış olmaq olar.
Avtoreferat ____ may 2014-cü il tarixində göndərilmişdir.
Avtoreferata verilmiş rəyləri idarənin gerblı möhürü ilə təsdiqlənmiş iki nüsxədə Dissertasiya şurasının ünvanına göndərməyinizi xahiş edirik.


D 01.181 Dissertasiya

ş

urasının elmi katibi, t.e.n. D.R.Mirzoyeva



İŞİN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Azərbaycanın iqtisadi qüdrətinin artırılma­sında neft-qaz sənayesinin inkişafı xüsusi rol oynayır. Hazırda dünya ba­zarlarına yüksək keyfiyyətli Azərbaycan nefti çıxarılır və nəticədə ölkəyə investisiya axını təmin edilir. Bu isə, öz növbəsində, neft-qaz perspektivli sahələrdə axtarış və kəşfiyyat tempini artırmağa, yeni yataqların kəşfinə imkan yaradır.

Son vaxtlara kimi Azərbaycanda aparılan geoloji və geofiziki işlərin əsas istiqaməti antiklinal tipli neft-qaz tələlərinin axtarışı və öyrənilməsinə yönəldilmişdir. Dünya neft ehtiyatının böyük bir hissəsinin qeyri-antiklinal tipli neft-qaz tələlərinin payına düşdüyündən, onların axtarışı və öyrənil­məsi Respublikamızın neft-qaz sənayesinin inkişafı baxımından günün təxirəsalınmaz məsələlərindən birinə cevrilir.


Yevlax-Ağcabədi çökəkliyi Azərbaycanın neftli-qazlı rayonları ara­sında perspektivliyinə görə ön sıralarda yer alır. Bu çökəklik üzrə yerinə yetirilmiş geoloji tədqiqatlar burada qeyri-anti­kli­nal tipli tələlərin forma­laşması üçün əlverişli paleotektonik və paleocoğrafi şəraitin olduğunu təsdiqləyir. Odur ki, bu sahəyə diqqətin artırılması və geoloji-geofiziki tədqiqatların bu istiqamətdə genişləndirilməsi məqsədə­uyğundur.

Son illərdə geofizika sahəsində, texniki, metodiki və riyazi-proqram təminatı əsaslı dərəcədə inkişaf etdiyindən seysmik kəşfiyyat məlumat­larının həlledicilik qabiliyyəti də yüksəlmişdir. Bu da, qeyri-antiklinal tipli tələlərin aşkarlanmasına, onların neftlilik-qazlılığının proqnozlaşdırıl­ması­na yeni imkanlar yaratmışdır. Bütün bunlar dissertasiya mövzusunun seçilməsində və yerinə yetirilməsində əsas rol oynamış və onun aktuallığını təmin etmişdir.



İşin məqsədi. Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında qey­ri-antiklinal tipli tələlərin aşkarlanması, neftlilik-qazlılıq perspektiv­liklərinin öyrənilməsi və onların axtarış-kəşfiyyat qazımasına hazırlanması üçün gələcək geofiziki tədqiqatların aparılması barədə tövsiyələrin hazırlanması.

Tədqiqatın əsas məsələləri:

● quyu geofiziki tədqiqatı məlumatları nəzərə alınmaqla çoxsaylı seysmik profillər üzrə seysmostratiqrafik araşdırmaların aparılması və bu­nun əsasında Mezokaynozoy çöküntülərinin ayrı-ayrı qatlarını səciyyələn­dirən seysmik sedimentasiya komplekslərinin ayrılması və sahə üzrə izlənilməsi;

● seysmik profil kəsilişləri ilə quyu geofiziki tədqiqatı məlumat­larının birgə təhlili əsasında müxtəlif yaşlı çöküntü kompleksləri üzrə qa­lınlıq xəritələrinin tərtib edilməsi, rayonun paleocoğrafiya və paleotekto­nikasının öyrənilməsi;

● seysmik profil kəsilişləri, həmçinin quyu məlumatları əsasında Paleosen, Eosen, Maykop və Miosen çöküntülərinin pazlaşma zonalarının və dərinlik intervallarının müəyyənləşdirilməsi və bu zonalarda qeyri-antiklinal tələlərin aşkar edilməsi;

● aşkar olunmuş qeyri-antiklinal tələlərin seysmogeoloji modelləri­nin tərtibi, təsnifatı, litoloji-fasial tərkibləri və kollektorluq xüsusiyyət­ləri­nin öyrənilməsi;

● aşkar olunmuş qeyri-antiklinal tələlərin neftlilik-qazlılıq pers­pektiv­liklərinin proqnozlaşdırılması.



Elmi yeniliklər:

1. Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında Paleosen, Eosen, Maykop və Miosen çöküntülərinə uyğun seysmik horizontların paz­laşma zonaları müəyyənləşdirilmiş və bu zonalarda qeyri-antiklinal tələlər aşkar edilmişdir;

2. Aşkar edilmiş qeyri-antiklinal tələlərin seysmogeoloji modelləri qurulmuş və mənşə təsnifatı verilmişdir;

3. Aşkarlanmış qeyri-antiklinal tələlərin neftlilik-qazlılıq perspek­tiv­lərini proqnozlaşdırmaq üçün geoloji-geofiziki meyarlar kompleksi işlənib hazırlanmışdır;

4. Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında aşkar olun­muş qeyri-antiklinal tələlər neftlilik-qazlılıq meyarlarına uyğun öyrə­nilmiş, onların perspektivlik dərəcələri müəyyənləşdirilmiş və dəqiqləş­dirici seysmik kəşfiyyat işlərinin aparılması barədə tövsiyələr hazırlanmışdır.

Müdafiə olunan əsas müddəalar:

1. Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacı üzrə geoloji və geofiziki (seysmik, quyu) materialların birgə təhlili əsasında qeyri-antikli­nal tələlərin aşkarlanması və seysmogeoloji modellərinin qurulması;

2. Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında aşkar olun­muş qeyri-antiklinal tələlərin neftlilik-qazlılıq perspektivlərinin proqnozlaş­dırılması.

İşin təcrübi əhəmiyyəti. Dissertasiya işində əldə etdiyimiz nəticələr geofiziki məlumatlar əsasında qeyri-antiklinal tipli tələlərin aşkarlanması, onların neftlilik-qazlılığının proqnozlaşdırılması və gələcəkdə dərin qazı­maya hazırlanması baxımından xüsusi təcrübi əhəmiyyətə malikdir.

İşin müzakirəsi. Dissertasiya işinin əsas məzmunu və nəticələri "Əsrin müqaviləsi"nin imzalanmasının 10-illik yubileyinə və "Neftçilər günü"nə həsr olunmuş gənc alim və aspirantların elmi-praktiki seminarında (2004), akade­mik Həsən Əbdül Əli oğlu Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfransda (2006), AMEA Geologiya İnstitutunun Elmi Şura­sın­da (2007), VII Azərbaycan Beynəlxalq Geofizika konfransında (2010) və "Neftqazelmitədqiqatlayihə" İnstitutunun geologiya və yataqların işlənməsi üzrə seminarında (2013) məruzə və müzakirə edilmişdir.

İşin dərci. Dissertasiya işinin əsas məzmunu 17 dərc olunmuş məqalə və tezislərdə öz əksini tapmışdır.

Faktiki material. Dissertasiya işinin yerinə yetirilməsi üçün Yevlax-Ağcabədi çökəkliyi ərazisində "Kəşfiyyatgeofizika" İdarəsi tərəfindən əldə olunmuş seysmik kəşfiyyat məlumatlarından, bu ərazidə qazılmış quyuların elektrik karotajı diaqramlarından, şaquli seysmik profilləmə (ŞSP) məlu­matlarından, "ProMAX" proqramlar kompleksi vasitəsi ilə yenidən emal olunmuş seysmik profillərdən, Geofizika Elmi-Tədqiqat və "Neftqazelmi­tədqiqatlayihə" institutlarında hazırlanmış hesabatlardan, dərc olunmuş elmi əsərlərdən istifadə edilmişdir.

İşin həcmi və quruluşu. 216 səhifəlik dissertasiya işi girişdən, 6 fə­sil­dən, nəticədən, 6 cədvəldən, 88 şəkildən və 94 istifadə olunmuş ədəbiy­yatdan ibarətdir.

Dissertasiya işi, ARDNŞ Geofizika və Geologiya İdarəsi Geofizika ETİ-nin 5 saylı "Kompleks geofiziki-geoloji tədqiqatlar" və "Neftqazelmi­tədqiqatlayihə" İnstitutunun "Seysmik kəşfiyyat" laboratoriyalarında yerinə yetirilmişdir.

Müəllif dissertasiya işinin yerinə yetirilməsində verdiyi dəyərli məslə­hət­lərinə və göstərdiyi köməkliyə görə elmi rəhbəri g.-m.e.d. Y.H.Qənbərova öz minnətdarlığını bildirir.

Tədqiqatların aparılması zamanı köməklik göstərmiş və faydalı məsləhətlər vermiş g.-m.e.d. B.M.Qarayevə, g.-m.e.d. R.R.Rəhmanova, Geofizika departamentinin rəisi g.-m.e.n. Ə.Q.Novruzova, "Kəşfiyyatgeo­fizika" İdarəsinin pəisi g.-m.e.d. N.P.Yusubova, həmin İdarənin baş geo­loqu H.Ə.Quliyevə, Geofizika və Geologiya İdarəsinin rəis müavini f.-r.e.n. Y.A.Şıxəliyevə müəllif öz dərin minnətdarlığını və təşəkkürünü bildirir.



İŞİN MƏZMUNU
I FƏSİL. YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİNİN

GEOLOJİ-GEOFİZİKİ ÖYRƏNİLMƏSİ

Bu fəsildə dərc olunmuş əsərlər və fond materialları əsasında Yevlax-Ağcabədi çökəkliyinin geoloji-geofiziki öyrənilməsi, geoloji kəsilişi təşkil edən çöküntülərin litofasial və tektonik xüsusiyyətləri, eləcə də neftlilik-qazlılığı haqqında ümumiləşdirilmiş məlumatlar verilmişdir.

Mezozoy dövründə formalaşmış Yevlax-Ağcabədi çökəkliyi Üst Mezozoydan Orta Pliosen dövrünə qədər dərin sedimentasiya hövzəsi kimi inkişaf etmişdir. Onun dərin sedimentasiya hövzəsi kimi formalaşmasında dərinlik qırılmalarının və tektonik enmə proseslərinin xüsusi rolu olmuşdur.

Yevlax-Ağcabədi çökəkliyi və burada aşkar olunmuş çoxsaylı struk­turlar uzun illər ərzində bütün geoloji və geofiziki tədqiqat üsulları vasitəsi ilə dəfələrlə öyrənilmiş və indiyədək öyrənilməkdədir. Çökəkliyin bütöv­lükdə, o cümlədən dissertasiya işində tədqiq edilmiş kəşfiyyat sahələrinin geoloji quruluşunun və neftlilik-qazlılığının müəyyən edilməsində bir çox görkəmli alimlər yaxından iştirak etmişdir (A.Ə.Əli-zadə, H.Ə.Əhmədov, Ş.F.Mehdiyev, S.H.Salayev, Ə.M.Əhmədov, B.M.Averbux, M.M.Zey­na­lov, A.Q.Əliyev, A.İ.Əliyev, M.H.Ağabəyov, Ə.N.Hüseynov, Ə.V.Məm­mədov, M.B.Xeyirov, R.R.Rəhmanov, İ.O.Simelzon, R.İ.Rüstəmov, A.Ş.Şıxlinski, Ə.M.Süleymanov, X.M.Yusifov, Ə.M.Əhmədov və b.)



II FƏSİL. YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİNİN CƏNUB-QƏRB YAMACINDA QEYRİ-ANTİKLİNAL TƏLƏLƏRİN AXTARIŞI ÜZRƏ KOMPLEKS GEOFİZİKİ TƏDQİQATLARIN METODİKASI VƏ NƏTİCƏLƏRİ

Dünyanın neftli-qazlı regionlarında, həmçinin Azərbaycanda antikli­nal qalxımlarla əlaqədar neft-qaz yataqlarının istismarı tükənmək üzrə olduğundan, qeyri-antiklinal yataqlara maraq çox artmışdır.

Yevlax-Ağcabədi çökəkliyinin yamac hissələrində Təbaşir, Eosen, Maykop və Miosenin ayrı-ayrı stratiqrafik vahidlərinin yuyulma və pozul­ma zonalarında stratiqrafik və litoloji tip tələlərin yaranması üçün əlverişli şərait mövcuddur.

Tədqiqat ərazisində Təbaşir çöküntülərinin çox da dərində yatmadığı sahələrdə Oliqosen-Miosen və Pliosen çöküntülərinin qalınlıqlarının azal­dığı və onların daha cavan çöküntü qatları ilə transqressiv örtüldüyü müşa­hidə olunur; hətta, Təbaşir çöküntülərinin Miosen çöküntüləri ilə örtüldüyü hallara da rast gəlinir. Odur ki, Miosen çöküntülərinin alt lay dəstələrində stratiqrafik tələlər geniş yayılmışdır. Onların yayıldığı hövzənin fasiləsiz genişlənməsi və sonralar toplanmış çöküntü qatının əvvəlkinə nisbətən da­ha geniş ərazini tutması nəticəsində əmələ gəlmiş stratiqrafik uyğunsuzluq qeyri-antiklinal tələlərin yaranmasına şərait yaratmışdır.

Qeyri-antiklinal tələlərin axtarışı baxımından perspektivli sahələrin geoloji inkişaf tarixini, çöküntülərin toplanma şəraitini və litofasial xüsu­siyyətlərini öyrənmək məqsədi ilə hər sahə üzrə seysmogeoloji profillər, struktur və qalınlıq xəritələri tərtib olunub təhlil edilmişdir. Qalınlıq xəri­tələri Maykop, Eosen, Orta Eosen-Paleosen çöküntüləri üzrə tərtib olun­muşdur.

Qeyri-antiklinal tələlərin aşkarlanması baxımından Beyləqan-Kəbirli sahəsi üzrə tərtib edilmiş Orta Eosen – Paleosen çöküntülərinin qalınlıq xəritəsi daha çox maraq doğurur. Xəritədən göründüyü kimi, bu çöküntülər Beyləqan, Əyri, Cəbri-Qəmərli, Kəbirli, Eyvazlı struktur­ları istiqamətində tam pazlaşmaya məruz qalırlar. Bu isə, adları çəkilən strukturlar ətrafında Orta Eosen – Paleosen çöküntülərində qeyri-antiklinal tipli tələlərin əmələ gəlməsi üçün əlverişli şəraitin olmasını göstərir.

Seysmik materialların geoloji dəyərləndirilməsi üçün seysmostrati­qrafik üsullarla yanaşı, struktur-formasiya interpretasiya üsulu da tətbiq olun­muş, dalğaların dinamik və kinematik parametrləri təhlil edilmişdir.

Qeyri-antiklinal tələlərin axtarışı üçün araşdırılan seysmik profillər üzrə əlavə interpretasiya işləri aparılmış, tələləri səciyyələndirən seysmik profillərin vaxt kəsilişləri əsasında dəqiqləşdirilmiş dərinlik kəsilişləri tərtib olunmuşdur. Seysmik vaxt və dərinlik kəsilişləri, interval sürət qrafikləri və eləcə də quyu geofiziki tədqiqatı məlumatlarının birgə araşdırılması nəticə­sində qeyri-antiklinal tələlərin yaranması üçün əlverişli sahələr müəyyən edilmiş, onların neftli-qazlı olması barədə mülahizələr yürüdülmüşdür.

Araşdırmalar zamanı bəzi sahələrdə seysmik profillərin sıxlığının nisbətən az olması müəyyən çətinliklər törətmişdir. Bunu müəyyən qədər aradan qaldırmaq üçün seysmik materialların interpretasiyası bir neçə ite­rasiya tətbiq etməklə aparılmışdır. Mövcud seysmik kəşfiyyat materialları əsasən antiklinal strukturların axtarışı istiqamətində emal və interpretasiya olunduğundan qeyri-antiklinal tələlərin daha dəqiq izlənilməsi üçün təd­qiqat işi zamanı xüsusi interpretasiya metodu tətbiq edilmişdir. Aparılmış tədqiqatların nəticəsində bir sıra qeyri-antiklinal tələ aşkar edilmişdir. Belə ki, Güllücə-Qərvənd, Təzəkənd-Baharlı sahələrində Üst Təbaşirin səthi ilə onun daxilindəki vulkanogen çöküntülərin səthi arasında pazlaşma zonaları müəyyənləşdirilmiş, bu zonalarda litoloji-stratiqrafik tipli qeyri-antiklinal tələlər proqnozlaşdırılmışdır. Maykop, Miosen çöküntülərində isə, pazlaş­ma zonaları Təzəkənd struktunun şimalında müşahidə edilmişdir. Bundan başqa, Hindarx-Lənbəran sahəsində Oliqosen-Miosen çöküntülərində, Əyri, Beyləqan, Boluslu, Çəbri, Qəmərli, Eyvazlı, Kəbirli, Ağgöl, Sovetlər, Ağcabədi sahələrinində isə Oliqosen-Miosenlə yanaşı, Eosen və Təbaşir çöküntülərində də əmələ gəlmiş pazlaşmalar və bu pazlaşmaların yaratdığı qeyri-antiklinal tələlər öyrənilmişdir.

Beləliklə, Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında geofiziki materialların təhlili nəticəsində Mezokaynozoy çöküntülərinin yu­xarıda göstərilmiş stratiqrafik bölmələrində pazlaşma zonaları aşkar olun­muş və dəqiqləşdirilmişdir.

Dissertasiya işi yerinə yetirilərkən Yevlax-Ağcabədi çökəkliyinin cə­nub-qərb yamacında yerləşmiş bəzi kəşfiyyat sahələrində alınmış seysmik materiallar üzərində seysmogeoloji modelləşdirmə tədqiqatları da aparıl­mışdır.

Beyləqan, Ağcabədi, Hindarx sahələri üzrə aparılmış uğurlu seysmo­geoloji modelləşdirmə sayəsində bir sira geoloji məsələlərin həllində müs­bət nəticələr alınmış, hətta çox dərində yatan strukturların elementləri haq­qında müəyyən məlumat əldə edilmişdir.

Yevlax-Ağcabədi çökəkliyində seysmik kəşfiyyat üsulları ilə alınmış materiallar üzərində digər tədqiqatlarla yanaşı, seysmostratiqrafik tədqiqat­lar da aparılmış, qeyri-antiklinal tələlərin əmələ gəlməsi üçün əlverişli şəraiti olan sahələr aşkar edilərək öyrənilmişdir. Aparılmış tədqiqatlar nəti­cə­sində pazlaşma zonaları aşkar edilmiş, onların yerləri dəqiqləşdirilmiş, seysmik dalğa parametrlərinə (amplitud, tezlik, yayılma sürəti və s.) görə pazlaşan çöküntülərin litofasial tərkibləri, kollektorluq xüsusiyyətləri və neftlilik-qazlılığı proqnozlaşdırılmışdır. Aşkar edilmiş qeyri-antiklinal tələ­ləri ətraflı öyrənmək məqsədi ilə müəllıf tərəfindən ümumu dərinlik nöqtəsi (ÜDN) üsulu ilə işlənilmiş çoxsaylı seysmik profil kəsilişləri və quyu məlu­matları əsasında pazlaşan çöküntülərin qalınlıq xəritələri qurulmuş, hori­zont­ların pazlaşma zonalarında seysmik dalğa parametrlərinin dəyişmə qanunauyğunluqları öyrənilmiş, dərinlik kəsiliş­ləri, paleokəsilişlər tərtib edilmiş, əksetdirici sərhədlər arasındakı seysmik interval sürətləri hesablanmışdır. Qeyri-antiklinal tələlərin yaxınlığında qazılmış quyuların geofiziki tədqiqatı məlumatları seysmik kəşfiyyatı məlu­matları ilə birgə interpretasiya edilmiş, qeyri-antiklinal tələlərin neftlilik-qazlılığı proqnozlaşdırılmışdır.
III FƏSİL. YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİNDƏ GEOFİZİKİ MATERİALLARIN SEYSMOSTRATİQRAFİYA VƏ STRUKTUR FORMASİYA ÜSULLARI İLƏ İNTERPRETASİYASI

Əsasən Paleogen-Miosen çöküntüləri ilə dolmuş Yevlax-Ağcabədi hövzəsinin struktur-tektonik xüsusiyyətləri və əlverişli seysmogeoloji şə­raiti burada alınmış seysmik kəsilişlər əsasında səmərəli seysmostratiqrafik tədqiqatlar aparmağa imkan vermişdir. Bu tədqiqatların nəticələri digər geoloji-geofiziki məlumatlarla müqayisə olunaraq, kompleks şəkildə ümu­miləş­dirilmiş və təhlil edilmişdir. Bu isə, Yevlax-Ağcabədi çökəkliyində Mezokaynozoy yaşlı çökmə süxur qatlarının yaranma şəraitlərini öyrən­məyə, onların geoloji quruluşunu dəqiqləşdirməyə imkan vermişdir.

Azərbaycanda seysmostratiqrafik tədqiqatlarla P.Z.Məmmədov, Y.H.Qənbərov, Ə.B.Abbasov, N.P.Yusubov, E.M.Polonski və digər tədqi­qat­çılar məşğul olmuşlar.

Aparılmış tədqiqatlar zamanı sedimentasion şəraitin kəskin dəyişməsi (transqressiya, reqressiya, yuyulma, qeyri-uyğun yatım və s.) prosesində geoloji kəsilişdə əmələ gəlmiş davamlı litoloji-fasial horizontlardan əks olunmuş dalğalar seçilərək izlənilmiş, seysmik profillərdə əsasən oxşar seysmik sedimentasiya kompleksləri (SSK) ayrılıb təhlil edilmişdir. Belə tədqiqatlar bir necə sahədə aparılmışdır.

Struktur-formasiya interpretasiyasının tətbiqi nəticəsində isə seysmik kəsilişlərdə nəzərə çarpmayan uyğunsuzluqlar və fasilələrlə əlaqədar olan səthləri ayırmaq və izləmək, eləcə də formasiyanın sedimentasiya şəraiti, kollektorların və gilli örtüklərin kəsilişdə paylanması haqda əlavə məlu­matlar əldə etmək mümkün olmuşdur.

Mezozoy struktur-litoloji mərtəbənin tərkibində iki sedimentasiya kompleksi (SSK-1, SSK-2), Paleogen- Pliosen mərtəbəsinin tərkibində altı (SSK-3, SSK-4, SSK-5, SSK-6, SSK-7, SSK-8), Antropogen mərtəbəsinin tərkibində isə bir (SSK-9) sedimentasiya seysmokompleksi ayrılmışdır. Qeyd olunan seysmokomplekslər öz geoloji-geofiziki xüsusiyyətləri və seysmik yazının şəklinə görə bir-birindən fərqlənirlər. Bu seysmo­komp­leks­lər aşağıdakı çöküntü qatlarına uyğun gəlir:

SSK-1 –Təbaşirin vulkanik çöküntüləri; SSK-2 –Təbaşirin karbonat-terrigen çöküntüləri; SSK-3 – Paleosen-Eosen çöküntüləri; SSK-4 – Oli­qosen-Alt Miosen (Maykop) çöküntüləri; SSK-5 – Orta Miosen çöküntü­ləri; SSK-6 – Üst Miosen çöküntüləri; SSK-7 – Alt Pliosen çöküntüləri; SSK-8 – Üst Pliosen çöküntüləri; SSK-9 – IV Dövr çöküntüləri.

Beləliklə, aparılmış seysmostratiqrafik tədqiqatlar nəticəsində Kay­no­zoy və Mezozoy çöküntülərinin kəsilişində bir sıra seysmik sedimen­tasion kompleks müəyyən edilmiş, regional profillərdə izlənilərək, quyu məlumatlarının köməyilə bir-birilərinə bağlanmışlar. SSK-ların təsviri dis­sertasiya işində Beyləqan, Boluslu, Sovetlər, Şirinqum, Muradxanlı, Məm­mədli sahələrindən keçən regional seysmik profil üzrə verilmişdir. Bundan başqa, Yevlax-Ağcabədi çökəkliyinin müxtəlif sahələrindən keçən (Qazan­bulaq-Çaylı, Hindarx-Lənbəran və b.) digər seysmik profillər üzrə də SSK-lar ayrılıb təhlil olunmuş və müvafiq nəticələr alınmışdır.

Bu fəsildə geoloji kəsilişin sürət xarakteristikası da verilmişdir. Mə­lum­dur ki, tədqiqat ərazisi üzrə mühitin sürət xüsusiyyətləri əvvəllər də tədqiq edilmişdir. Lakin bizim tədqiqatlar yeni və daha böyük həcmli məlumatlardan, riyazi təminatdan istafadə edilməklə aparılmışdır.

Seysmik sürətlər üzrə tədqiqatlarda "Kəşfiyyatgeofizika" İdarəsinin və keçmiş Geofizika İnstitutunun fondlarındakı məlumatlardan istifadə edilmişdir. Tədqiqatlarda əsasən Şərqi Ağcabədi sahəsindəki 1, Ağcabədi sahəsindəki 6, Sovetlər sahəsindəki 3 və 4, Beyləqan sahəsindəki 30 saylı dərin quyular üzrə şaquli seysmik profilləmə (ŞSP) məlumatlarından və 27 ədəd 2D seysmik profil üzrə 175 ədəd cəmləmə orta sürət qrafiklərindən istifadə olunmuşdur.

Dissertasiya müəllifi tərəfindən ŞSP məlumatlarına görə interval və lay sürətləri üzrə hesablamalar, 2D məlumatlarına görə orta və lay sürəti xəritələrinin qurulması və sürət məlumatlarının interpretasiyası yerinə yeti­ril­mişdir. Hesablamalar zamanı "Velocity Toolbox", "Surfer" və "Excel" proqramlarından istifadə edilmişdir.

Sürət modelləri təhlil və müqayisə edilərkən sahənin geoloji qurulu­şunun mürəkkəbliyi, quyulararası məsafə, stratiqrafik komplekslərin dərin­liyi və bu kompleksləri təşkil edən süxurların litoloji tərkibi nəzərə alınmışdır.

Məlum olmuşdur ki, bir-birinə yaxın qazılmış quyular üzrə (məsə­lən, Şərqi Ağcabədi sahəsindəki 1, Ağcabədi sahəsindəki 6, Sovetlər sahə­sindəki 3 və 4 saylı quyular üzrə) sürət modelləri çox fərqlənirlər. Bu, əsasən həmin quyularda eyni yaşlı stratiqrafik komplekslərin müxtəlif dərinliklərdə yatması, yəni geostatik təzyiqin müxtəlifliyi, daha qədim və yüksək sıxlıqlı çöküntülərin qalınlığının fərqli olması ilə izah etmək olar.

Araşdırılan quyular üzrə lay sürətləri analizinə əsasən demək olar ki, eyni yaşlı stratiqrafik komplekslərdə dərinlik artdıqca lay sürəti artır. Tərkibində mergel, alevrolit, qumdaşı layları olan gilli Maykop çöküntüləri nisbətən kiçik lay sürətləri ilə xarakterizə olunur. Eosen, Paleosen və Üst Təbaşir çöküntüləri üzrə sürətlər isə yüksəkdir. Bu, yəqin ki, onların tərkibində mergel və alevrolitdən başqa, daha yüksək sıxlıqlı qumdaşı laylarının olması ilə əlaqədardır. Ən yüksək lay sürəti əsasən vulkanogen-çökmə və effuziv süxurlardan ibarət Təbaşir çöküntüləri üzrə qeyd edilir.

Maykop çöküntüləri üzrə nisbətən kiçik orta və lay sürətlərinin qeyd edilməsi bu çöküntülərdə anomal yüksək lay təzyiqinin mövcüdluğu ilə izah edilə bilər. Yuxarıda göstərilən sürət analizlərindən başqa, ÜDN sürətlərindən istifadə etməklə Maykop, Eosen və Təbaşir çöküntülərinin səthinə müvafiq gələn seysmik horizontlara görə orta sürət xəritələri də tərtib edilmiş və seysmik sürətlərin tədqiqat sahəsi boyunca dəyişməsi öyrənilmişdir. Tədqiqatlar zamanı orta sürət xəritələri ilə yanaşı Beyləqan, Çəbri, Qəmərli, Kəbirli, Eyvazlı, Ağgöl, Sovetlər, Ağcabədi sahələrində Orta Eosen-Paleosen çöküntüləri üzrə interval sürət xəritəsi də qurularaq təhlil olunmuşdur.

Beləliklə, ayrı-ayrı sahələr üzrə aparılmış sürət analizlərinə əsasən bu sahələrdə qeyr-antiklinal tələləri təşkil edən çöküntülərin kollektorluq xüsusiyyətləri öyrənilmiş, həmçinin bu tələlər üçün örtük rolunu oynayan çöküntülərin kecirici olmadığı müəyyənləşdirilmişdir.


IV FƏSİL. YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİNİN CƏNUB-QƏRB YAMACINDA QEYRİ-ANTİKLİNAL TƏLƏLƏRİN

AŞKARLANMASI
Bu fəsildə, əvvəlki fəsillərdə aparılmış tədqiqatlar nəticəsində aşkar olunmuş 15-dən çox tələnin hər biri haqqında ayrı-ayrılıqda məlumatlar verilmişdir. Bu məlumatlara tələnin hansı çöküntülərdə yarandığı, hansı geofiziki kəşfiyyat üsulları ilə öyrənildiyi, tələ yaradan çöküntülərin strati­qrafik mənsubiyyəti, onların qalınlıqları, yatım dərinlikləri və s. daxildir. Həmçinin, bu tələlər üçün örtük rolu oynayan cöküntülərin qalınlıqları, stratiqrafiyası öyrənilmişdir. Aşkar olunmuş bu tələlər seysmik kəsilişlərdə izlənilmişdir.

Beləliklə, Qazan­bulaq-Çaylı-Ziyadxan sahəsində Orta Eosen çöküntülərində Qazan­bulaq və Ziyadxan, Beyləqan-Ağcabədi sahəsində Paleosen-Eosen, Miosen-Oliqosen çöküntülərində Əyri, Beyləqan, Boluslu, Cəbri, Qəmərli, Eyvazlı, Kəbirli, Ağgöl-Sovetlər, Ağcabədi, Hindarx-Lənbəran sahəsində Oliqosen-Miosen çöküntülərində Hindarx, Lənbəran, Güllücə-Qərvənd sahəsində isə Təbaşir çöküntülərində Güllücə-Qərvənd qeyri-antiklinal tələləri öyrənilmişdir.



V FƏSİL. YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİNİN CƏNUB-QƏRB YAMACINDA PAZLAŞAN ÇÖKÜNTÜLƏRİN LİTOLOJİ-FASİAL TƏRKİBLƏRİNİN, KOLLEKTOR VƏ ÖRTÜK SÜXURLARININ XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ

IV Fəsildə göstərildiyi kimi, Yevlax-Ağcabədi çökəkliyində alınmış seysmik kəşfiyyat və quyu geofiziki tədqiqat məlumatlarının araşdırmaları əsasında Eosen və Miosen çöküntülərində ayrı-ayrı lay və təbəqələrin pazlaşması nəticəsində əmələ gəlmiş bir sıra qeyri-antiklinal tələlər aşkar edilmişdir. Bu tələlərin neftlilik-qazlılıq perspektivlərini öyrənmək və yeni neft-qaz yataqlarının axtarışı məqsədi ilə Mezokaynozoy çöküntülərinin litoloji-fasial tərkibi, kollektor və örtük suxurlarının petrofiziki xüsusiyyət­ləri, onların hövzə boyunca yayılma qanunauyğunluqları, qalınlıqları və s. araşdırılmışdır. Dörd regional seysmogeoloji profil, çoxlu sayda seysmik zaman və dərinlik kəsilişləri, 100-dən çox elektrik karotajı diaqramları bu araşdırmlara cəlb olunmuşdur.

Biləvasitə qeyri-antiklinal tələlərə qazılmış quyular olmadığından bu tələlərin yaxınlığında qazılmış quyuların məlumatlarından istifadə olun­muşdur. Regional seysmogeoloji profilllərdən birinin – Əyri, Beyləqan, Boluslu, Sovetlər, Şirinqum, Muradxanlı sahələrindən keçən profilin üzə­rində və ona yaxın olan quyuların məlumatları seysmostratiqrafiya və struk­tur-formasiya üsulları ilə yanaşı, "REZAYR" proqramlar paketi vasitəsi ilə də interpretasiya edilmişdir. Bu zaman stratiqrafik sərhədlər dəqiqləşdiril­miş, lazımi geofiziki parametrlər təyin edilmiş, Maykop, Eosen, Paleosen və Üst Təbaşir çöküntülərinin litoloji tərkibləri proqnozlaşdırılmışdır.

Tədqiqatlar Beyləqan sahəsindəki 3, 6, 12, 30, 32, Sovetlər və Şirin­qum sahələrindəki 1, Muradxanlı sahəsindəki 205 saylı quyuların geofiziki məlumatları əsasında aparılmışdır. Belə ki, həmin quyuların elektrik karo­tajı əyriləri – QP (quyu potensialı) və FXM (fərz olunan xüsusi müqavimət) skanlaşdırılmış və rəqəmli formaya keçirilmişdir. Yuxarıda göstərilən hər bir quyu üzrə çöküntülərin qalınlığı, litoloji tərkibi, stratiqrafiyası, tsiklliliyi təyin edilmiş və onların müvafiq sütunları tərtib olunmuşdur.

Aparılmış tədqiqatlar nəticəsində tələ əmələ gətirən və tələ ücün örtük rolu oynayan çöküntülərin litoloji tərkibləri müəyyənləşdirilmişdir: Maykop çöküntülərinin tərkibi Beyləqan quyularında içərisində qumlu gil, bərk qum, məsaməli qum layları olan gillərdən ibarətdir. Maykopdan fərqli olaraq Eosen çöküntülərinin tərkibində məsaməli qum və qumdaşı süxurları üstünlük təşkil edir (Beyləqanın 30 və 32 saylı quyuları istisna olmaqla). Paleosen çöküntülərinin tərkibi isə Beyləqanın 3 saylı quyusunda içərisində gil layları olan məsaməli qum və mergellərdən, 12 saylı quyusunda içəri­sində gil layları olan qumlu gil və bərk qumdan, 6 saylı quyusunda içəri­sində gil layları olan qumdaşı süxurlarından, Sovetlərin və Şirinqumun 1 say­lı quyularında gil və qumlu gillərdən ibarətdir. Belə tədqiqatlar Ağgöl-Sovetlər və Ağcabədi sahələrində qazılmış quyular üzrə də aparılmışdır.

Dissertasiyada adları çəkilən quyularda Maykop, Eosen və Paleosen çöküntülərinin litoloji tərkiblərinin göstəriciləri %-lə də verilmişdir. Gös­tərilmişdir ki, Eosen və Maykop çöküntülərinin əmələ gəlməsi dəniz hövzə­sinin geniş miqyaslı transqressiya və reqressiyaları ilə, çöküntü toplan­madakı fasilələr və digər proseslərlə müşaiyət edilmişdir.

"REZAYR" proqramlar paketini tətbiq etməklə seysmik vaxt kəsiliş­ləri üzrə müxtəlif ranqlı formasiya obyektləri izlənilmiş, seysmik kəşfiyyat məlumatlarının interpretasiyası əsasında Paleosen-Miosen çöküntülərində dalğaların yayılma sürətlərini, seysmik kəsilişlərin müxtəlif fraqmentləri üçün SVAN (spektral vaxt analizi) sütunlarını, seysmik trasların psevdo­akustik çevrilmələrini, onların ani parametrlərini (amplitud, tezlik, faza) araşdırmaq mümkün olmuşdur.

Qurulmuş SVAN sütunlarının köməkliyi ilə çöküntülərin laylanma xüsusiyyətini, yayılma qanunauyğunluğunu müəyyənləşdirmək, təyin edil­miş tezliklər əsasında çöküntülərin dəyişkənliyi barədə fikir söyləmək, onların sərhədlərini izləmək mümkün olmuşdur. Seysmik kəsilişlərin bu xüsusiyyətləri Hilbert çevrilmələri əsasında həyata keçirilmiş dinamik analizin nəticələrində də öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, Hilbert çevrilmələri əsasında təyin edilmiş ani dinamik parametrlər (ani amplitud, ani faza, ani tezlik) vasitəsi ilə dalğa mənzərəsindəki lokal dəyişkənliklər də öyrənilmişdir.

Hilbert çevirmələrindən başqa, müxtəlif seysmik profillər üzrə müx­təlif tezliklərdə ranq və PSEVL (seysmik trasların psevdoakustik çevril­məsi) kəsilişləri, həmçinin əks olunan dalğaların tezlik-amplitud spektrləri qurulmuşdur. Bundan başqa, müxtəlif profillər üzrə qurulmuş gillilik və effektiv məsaməlilik əmsallarını əks etdirən kəsilişlərə əsasən çöküntülərin kollektorluq xüsusiyyətləri müəyyənləşdirilmişdir.

Bütün yuxarıda göstərilən nəticələr tədqiqat sahəsində qeyri-antiklinal neft-qaz tələlərinin mövcud olduğunu söyləməyə əsas verir.

VI FƏSIL. YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİNDƏ AŞKAR OLUNMUŞ QEYRİ-ANTİKLİNAL NEFT-QAZ TƏLƏLƏRİNİN TƏSNİFATI, MODELLƏRİ VƏ PERSPEKTİVLİK DƏRƏCƏLƏRİ

Neft və qaz toplanan zonalar və yataqların reğional təsnifatı bir sıra tədqiqatçıların əsərlərində geniş verilmişdir Bəzi tədqiqatçılara görə neft-qaz toplanma zonaları iki kateqoriyaya ayrılır: regional və lokal. Regional kateqoriyaya neftli-qazlı vilayət, əyalət, zona, rayon və qurşaqlar, lokal kateqoriyaya isə, neft-qazın fərdi yataqları daxil edilir.

İ.M.Qubkinin yataqların təsnifatı sistemini inkişaf etdirərək A.A.Ba­kirov neft-qaz yataqlarını aşağıdakı siniflərə ayırır: struktur, litoloji, rifo­gen, stratiqrafik, qarışıq. Ümumilikdə, göstərilən neft-qaz yataqları antikli­nal və qeyri-antiklinal tipli tələlərlə əlaqədardır. Sonuncular bir neçə növə ayrılır: litoloji məhdudlaşmış, stratiqrafik məhdudlaşmış, horizontların lito­loji və stratiqrafik pazlaşması ilə əlaqədar, tektonik ekranlaşmış, qumdaşı-bar çöküntülərində yayılan, klinoform sahəsində müşahidə olunan, qarışıq və s.

Yevlax-Ağcabədi çökəkliyində yuxarıda göstərdiyimiz qeyri-antikli­nal tələ növlərindən aşağıdakılara rast gəlirik.



Litoloji məhdudlaşmış tələlər

Bu tip tələlər qalxım istiqamətində, çay məcrası və yaxud sahilin mo­no­klinal yatması şəraitində, gil qatında eyniyaşlı qumdaşı laylarının pazlaş­ması nəticəsində yaranır.

Bu tip qeyri-antiklinal tələlərə ən cox, Yevlax-Ağcabədi çökəkli­yinin Sovetlər, Ağgöl, Cənubi Ağcabədi sahələrində rast gəlinir.

Stratiqrafik məhdudlaşmış tələlər

Bu tip tələlər erozion akkumulyativ faktorların təsiri nəticəsində əmələ gəlir. Eroziya prosesləri qədim süxurlarda yarıqlar əmələ gətirir və bu yarıqlarda daha cavan qumdaşı–alevrolit tipli çay çöküntüləri yığılır. Belə tələlərə Zərdab, Qışlaq, Məmmədli sahələrində rast gəlinir.



Horizontların litoloji və stratiqrafik pazlaşması ilə əlaqədar olan tələlər

Bu tip tələlər dəniz–sahilyanı şəraitdə çöküntülərin regional pazlaşma zonası ilə əlaqədar həm lokal strukturların qanadlarında, həm də yamac­larda formalaşır. Onlar sahildə qalxım istiqamətində, yaxud böyük və ya lokal qalxımların qanadı boyu qumlu və yaxud eyniyaşlı çöküntülərin paz­laş­ması ilə əlaqədar yaranır. Örtük rolunu transqressiv yatıma malik gilli çöküntülər oynayır. Tələnin yaranmasında litoloji, həm də stratiqrafik amil rol oynadıqda, belə tələlər litoloji-stratiqrafik (qarışıq) adlanır. Belə tələlər Əyri, Beyləqan, Boluslu, Kəbirli, Qəmərli, Eyvazlı, Qazanbulaq, Ziyadxan, Borsunlu sahələri üçün səciyyəvidir.



Stratiqrafik ekranlaşmış tələlər

a) Sedimentasion-erozion tələlər. Bu tip tələlər meylli yatan lay–kollektorların yuyulması və onların sonradan gilli süxurlarla örtülməsi nəticəsində əmələ gəlir. Kollektorlar qumdaşı süxurları, örtük isə gillərdir. Belə tələlər geniş yayılıb, regional xarakter daşıyır və quruluşuna görə nəzərə çarpan ölçülərə malikdir. Belə tələlərə ən çox Hindarx-Lənbəran, Güllücə-Qərvənd, Əyri, Kəbirli, Beyləqan, Qəmərli, Cəbri, Ağcabədi sahələrində rast gəlinir.

Yevlax-Ağcabədi çökəkliyində aşkar edilmiş 15-dən artıq qeyri-anti­kli­nal tələnin geofiziki və geoloji kəşfiyyat üsulları ilə öyrənilmə və pers­pektivlilik dərəcələrini qiymətləndirmək, həmçinin onların axtarış-kəşfiyyat qazımasına hazırlanma ardıcıllığını təyin etmək məqsədi ilə müəllif tərə­findən 9 göstəricidən ibarət geoloji-geofiziki meyarlar kompleksi işlənib hazırlanmışdır. Geoloji-geofiziki göstəricilərə neftlilik-qazlılıqları proqnoz­laş­dırılmış qeyri-antiklinal tələlərin ölçüləri, kəsilişdəki perspektivli strati­qrafik, litoloji-fasial komplekslərin sayı, qalınlıqları, örtük layların möv­cud­luğu və qalınlığı, geofiziki tədqiqatlarla aşkar edilmiş yataq tipli ano­maliyaların varlığı, qonşu sahələrdə neft-qaz təzahürlü kəşfiyyat quyula­rının mövcudluğu və neft-qaz yataqlarının olması, stratiqrafik mənsubiy­yəti, karbohidrogenlərin miqrasiya yollarına görə yerləşmə vəziyyəti və s. haqda faktiki məlumatlar daxil edilmişdir.

Göstərilən meyarlardan və onların hesablanmış qiymətlərindən istifadə edərək, Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında aşkar olunmuş qeyri-antiklinal tələlərin perspektivlik dərəcələri müəyyən edilmiş və alınmış qiymətlərə uyğun geofiziki axtarış-kəşfiyyat işlərinin hansı ardıcıllıqla aparılmasının məqsədəuyğun olduğu göstərilmişdir.

Geoloji-geofiziki meyarlarla qiymətləndirmə iki bölgə üzrə aparıl­mışdır: 1) Qazanbulaq-Ziyadxan, Hindarx-Lənbəran, Güllücə-Qərvənd-Baharlı; 2) Əyri-Beyləqan-Boluslu, Cəbri-Qəmərli, Eyvazlı-Kəbirli, Ağgöl-Sovetlər, Ağcabədi.

Beləliklə, geoloji-geofiziki meyarlar kompleksindən istifadə edərək qeyri-antiklinal tələlərin perspektivlilik dərəcələri qiymətləndirilmiş və onların kompleks geofiziki kəşfiyyat üsulları ilə öyrənilmə vəziyyəti və ax­tarış-kəşfiyyat qazımasına hazırlanma ardıcıllığı aşağıdakı kımı müəyyən­ləşdirilmişdir: a) Qazanbulaq, Beyləqan, Ağgöl-Sovetlər qeyri-antiklinal tələləri yüksək perspektivli; b) Ziyadxan, Ağcabədi, Çəbri, Qəmərli, Əyri, Boluslu, Güllücə-Qərvənd, Təzəkənd-Baharlı qeyri-antiklinal tələləri pers­pektivli; c) Lənbəran, Kəbirli, Eyvazlı qeyri-antiklinal tələləri az perspek­tivli tələlər kimi qiymətləndirilmişdir.
NƏTİCƏ VƏ TƏKLİFLƏR

Yevlax-Ağcabədi çökəkliyində aparılmış məqsədyönlü elmi-tədqi­qat­lar nəticəsində mümkün neftli-qazlı qeyri-antiklinal tələlərin əmələ gəlməsi üçün 15-dən artıq əlverişli geoloji şəraiti olan sahələr aşkar edilib öyrə­nil­mişdir. Müəyyən edilmiş perspektivli sahələrin geoloji quruluşları mövcud geoloji-geofiziki məlumatlar əsasında dəqiqləşdirilmiş, aşkar olunmuş qey­ri-antiklinal tələlər barədə məlumatlar vahid yanaşma ilə təhlil edilmiş və ümumiləşdirilmiş, onların perspektivlilik dərəcələri qiymətləndirilmiş, hə­min sahələrdə aparılması məqsədəuyğun hesab edilən kompleks geofiziki kəşfiyyat işləri barədə tövsiyələr hazırlanmışdır.

Qazanbulaq-Ziyadxan, Güllücə-Qərvənd, Hindarx-Lənbəran, Ağca­bə­di-Beyləqan sahələrində müxtəlif çöküntülərin pazlaşmalarından əmələ gəlmiş stratiqrafik, litoloji məhdudlaşmış və ekranlaşmış qeyri-antiklinal tələlərin perspektivlikləri müəyyənləşdirilmişdir.

Yevlax-Ağcabədi çökəkliyində proqnozlaşdırılmış potensial qeyri-anti­kli­nal neft-qaz tələlərinin ümumiləşdirilmiş seysmogeoloji modelləri mü­əy­yənləşdirilib qurulmuş, onların mənşəyi üzrə təsnifatı verilmiş, perspektivlilik dərəcələrini qiymətləndirmək üçün geoloji-geofiziki meyarlar kompleksi işlə­nib hazırlanmış və bütün bu meyarlar qruplaşdırılaraq, tədqiq olunan qeyri-antiklinal tələlər üzrə tətbiq edilmişdir.

Beləliklə, Yevlax-Ağcabədi çökəkliyində aşkar edilmiş və neftlilik-qazlılığı proqnozlaşdırılmış qeyri-antiklinal tələlərin təhlili və ümumiləş­dirilməsi əsasında ayrı-ayrı kəşfiyyat sahələri üzrə aşağıdakı əsas nəticələr əldə edilmişdir:

1.Qazanbulaq-Ziyadxan bölgəsinin geoloji quruluşu dəqiqləşdiril­mişdir. Bu strukturların ŞmŞq qanadlarında Orta Eosen və Paleosen çö­küntülərinin pazlaşdığı zonalar ayrılmış və struktur xəritədə qeyd edilərək ərazi üzrə izlənilmişdir.

2.Beyləqan, Qəmərli, Çəbri, Əyri və Ağcabədi strukturlarının qanad­larında Eosen, Maykop və Miosen çöküntülərinə uyğun gələn seysmik horizontların pazlaşmasından yaranan qeyri-antiklinal tələlərin quruluşu seysmik kəşfiyyat və quyu məlumatları əsasında dəqiqləşdirilmişdir.

3.Güllücə-Qərvənd-Baharlı bölgəsində qalxımların qanad hissələ­rində Təbaşir və Eosen çöküntülərinə uyğun gələn seysmik horizontların yaratdıqları pazlaşma zonalarında qeyri-antiklinal tələlərin olması müəy­yən­ləşdirilmiş, onların plan vəziyyəti göstərilmişdir.

4. Lənbəran və Hindarx strukturlarında Oliqosen (Alt Maykop) və Miosen, Eyvazlı, Boluslu, Sovetlər, Ağgöl və Kəbirli strukturlarında isə Eosen, Maykop və Miosen çöküntülərinə uyğun gələn seysmik horizont­ların pazlaşma zonaları müəyyənləşdirilmişdir.

5. Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacıda aşkar edilmiş qeyri-antiklinal tələlər barədə əlavə geoloji məlumatlar almaq üçün bu tələlərdən keçən seysmik profil kəsilişləri üzərində seysmostratiqrafik və struktur-formasiya üsulları ilə tədqiqatlar aparılmış, pazlaşan çöküntülərdə interval seysmik sürətlərini öyrənməklə (bütün tədqiq edilmiş sahələrdə), seysmik trasların psevdoakustik (Beyləqan, Ağcabədi, Sovetlər sahələ­rində) və Hilbert çevrilmələrinin (bütün tədqiq edilmiş sahələrdə), eləcə də digər xüsusi seysmik üsulların tətbiqi və quyu məlumatları ilə birgə interpretasiyası nəticəsində həmin pazlaşan çöküntülərin litoloji tərkibi, kollektor və örtük süxurlarının xüsusiyyətləri proqnozlaşdırılmışdır.

6.Yevlax-Ağcabədi çökəkliyində aşkarlanmış qeyri-antiklinal tələlə­rin seysmogeoloji modelləri qurulmuşdur.

7.Yevlax-Ağcabədi çökəkliyində aşkarlanmış qeyri-antiklinal tələlə­rin neftlilik-qazlılıq dərəcələrini qiymətləndirmək üçün geoloji-geofiziki meyarlar kompleksi işlənilib hazırlanmışdır.

8.Geoloji-geofiziki meyarlar kompleksindən istifadə edərək aşkarlan­mış qeyri-antiklinal tələlərin perspektivlilik dərəcələri qiymətləndirilmiş və onların kompleks geofiziki kəşfiyyat üsulları ilə öyrənilmə vəziyyəti və axtarış-kəşfiyyat qazımasına hazırlanma ardıcıllığı müəyyənləşdirilmişdir: a) Qazanbulaq, Beyləqan, Ağgöl-Sovetlər qeyri-antiklinal tələləri yüksək perspektivli; b) Ziyadxan, Ağcabədi, Çəbri, Qəmərli, Əyri, Boluslu, Gül­lücə-Qərvənd, Təzəkənd-Baharlı qeyri-antiklinal tələləri perspektivli; c) Lənbəran, Kəbirli, Eyvazlı qeyri-antiklinal tələləri az perspektivli tələlər kimi qiymətləndirilmişdir.

Aparılmış elmi-tədqiqat işləri nəticəsində aşkar edilmiş və araşdı­rılmış bütün qeyri-antiklinal tələlər haqqında əldə olunmuş geofiziki-geo­loji məlumatları – onların geoloji quruluşunu və öyrənilmə dərəcələrini, ölçülərini və neftlilik-qazlılıq perspektivlərini nəzərə alaraq, gələcək geo­fiziki axtarış-kəşfiyyat işləri barədə aşağıdakı tövsiyələr verilir:

1.Geofiziki kəşfiyyat üsulları və quyu tədqiqatları ilə yaxşı öyrə­nil­miş Qazanbulaq-Ziyadxan sahələsində Orta Eosen çöküntülərinin pazlaşma zonaları ilə yataq tipli seysmik və qravimetrik anomaliyaların uyğun gəldiyi sahələrdə 3D seysmik kəşfiyyat işlərinin aparılması və bu sahələrin dərin kəşfiyyat qazımasına hazırlanması.

2. Seysmik kəşfiyyatla yetərincə öyrənilməyən, lakin Maykop və Üst Təbaşirin karbonat süxurlarının neftlilik-qazlılığı baxımından müsbət qiymətləndirilən Güllücə, Təzəkənd və Baharlı sahələrinin geoloji quruluş­larının və çöküntülərin pazlaşma zonalarının üçölçülü seysmik kəşfiyyatla dəqiq öyrənilməsi.

3. 2D seysmik kəşfiyyat üsulları ilə yaxşı öyrənilmiş və perspektivli tələlər kimi qiymətləndirilən Əyri, Beyləqan, Çəbri, Qəmərli sahələrində dəqiqləşdirici 3D seysmik kəşfiyyat işlərinin aparılması və onların axtarış-kəşfiyyat qazımasına hazırlanması.

4. 2D seysmik kəşfiyyatla yaxşı öyrənilsə də, qazıma quyuları vasi­təsi ilə geoloji kəsilişi və neftlilik-qazlılıq perspektivliyi müəyyən edilmə­miş Hindarx, Lənbəran sahələrində üçölçülü seysmik kəşfiyyat işlərinin aparılması ilə pazlaşan çöküntülərin kollektor xüsusiyyətlərinin, neftlilik-qazlılığının proqnozlaşdırılması və burada neft-qaz yataqlarının geofiziki üsullarla (sınan seysmik dalğalar, qravimaqnitometriya) birbaşa axtarışı işlərinin aparılması.

5.Seysmik kəşfiyyatla zəif öyrənilmiş, lakin perspektivli hesab edilən Sovetlər, Ağgöl, Boluslu sahələrində qeyri-antiklinal tələlərin geoloji qu­ruluşlarının dəqiqləşdirilməsi məqsədi ilə həmin sahələrdə sıx seysmik pro­fillər şəbəkəsi üzrə ÜDN, sınan dalğalar və yüksək dəqiqlikli qravimetrik üsullarla kəşfiyyat işlərinin aparılması.
Dissertasiya işinə aid nəşr olunmuş əsərlər:
1. Ağcabədi-Hindarx-Lənbəran zonasında qeyri-antiklinal neft-qaz tələləri­nin seysmik kəşfiyat üsulları ilə axtarışı // Azərbaycanda geofizika yeni­likləri, 2003, № 2, s. 48-54 (Y.H.Qənbərov, Ə.B.Abbasov, Z.H.Novru­zova ilə birlikdə).

2. Lithological-fasial composition and hydrocarbon potential prediction in Eosene and Maykop deposits of Ayrım-Beylagan-Boluslu area in Yev­lakh-Aghjabady depression. Geophysics news in Azerbaijan. Baku, 2004, №2, p. 38-44.

3.Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında qeyri-antiklinal neft-qaz tələləri // Аzərbaycanda geofizika yenilikləri, 2004, № 3-4, s. 12-17 (Y.H.Qənbərov, Ə.B.Abbasov, F.M.Kərimov ilə birlikdə).

4.Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb hissəsində qeyri-antiklinal neft-qaz tələlərinin aşkarlanması və neft-qazlılığının proqnozlaşdırılması / "Əsrin müaviləsi"nin imzalanmasının 10 illik yubileyinə və "Neftçilər günü"nə həsr olunmuş gənc alim və aspirantların elmi-praktik semina­rının materialları, Bakı, 2004, s. 33-34.

5.Orta və Aşağı Kür çökəkliklərində qeyri-antiklinal tələlərin seysmo­geo­loji modelləri haqqında / Akademik H.Ə.Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2006, s. 17-18 (Y.H.Qənbərov, N.R.Ağaməliyeva ilə birlikdə).

6.Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında qeyri-antiklinal neft-qaz tələlərinin seysmogeoloji modelləşdirilmə yolu ilə öyrənilməsi haqqında / Akademik H.Ə.Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2006, s. 69-70.

7. Gəncə neftli-qazlı rayonunun cənub-şərq hissəsində karbonat çökün­tülərinin neftlilik-qazlılıq perspektivliyinə dair // Azərbaycanda geofizi­ka yenilikləri‚ 2006, № 1-2, s. 9-14 (Ə.B.Abbasov, F.M.Kərimov ilə birlikdə).

8. Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortunda qeyri-antiklinal neft-qaz tələlərinin axtarışı haqqında // Azərbaycanda geofizika yenilikləri‚ 2007, № 1, s. 14-20.

9. Çöküntülərin sahə üzrə yayılma qanunauyğunluğu və geoxronoloji yatım ardı­cıl­lığına görə Gəncə neftli-qazlı rayonunun geoloji inkişaf tarixinin araşdırıl­ması // ANT, 2007, № 6, s. 31-34 (Ə.B.Abbasov, F.M.Kərimov ilə birlikdə).

10.Yevlax-Ağcabədi çökəkliyində aşkar olunmuş qeyri-antiklinal tipli tələ­lərin təsnifatı // ANT, 2007, № 8, s. 1-7. (Y.H.Qənbərov ilə birlikdə).

11. Güllücə-Qərvənd-Təzəkənd-Baharlı zonasında qeyri-antiklinal tələlərin axtarışı və öyrənilməsi // Azərbaycanda geofizika yenilikləri‚ 2008, № 1-2, s. 14-16 (Y.H.Qənbərov, Ə.B.Abbasov, F.M.Kərimov ilə birlikdə).

12.Orta və Aşağı Kür çökəkliklərində qeyri-antiklinal tələlərin seysmo­geo­loji modelləri, təsnifatı və neft-qaz perspektivliklərinin qiymətləndiril­məsi // AMEA-nın Xəbərləri. Yer elmləri seriyası, 2008, № 3, s. 12-21 (Y.H.Qənbərov ilə birlikdə).

13.Yevlax-Ağcabədi çökəkliyinin və Kür-Qabırrı çaylararası zonasının tektonik uzlaşması haqqında yeni məlumatlar // Azərbaycanda geofizika yenilikləri, 2009, № 1-2, s. 6-7 (Ə.B.Abbasov ilə birlikdə).

14.Qazanbulaq-Borsunlu-Ziyadxan sahəsində kompleks seysmik və qravi­metrik işlərin nəticələri // ANT, 2010, № 2, s. 3-7. (Y.H.Qənbərov, Ə.Q.Novruzov, V.Q.Qədirov, Ə.B.Abbasov ilə birlikdə).

15.Kür çökəkliyində seysmik kəşfiyyatla aşkar olunmuş qeyri-antiklinal tələlə­rin perspektivliyi haqqında / VII Beynəlxalq Geofizika konfransı­nın mate­rial­ları, Bakı, 2010, s. 27 (Y.H.Qənbərov, N.R.Ağaməliyeva ilə birlikdə).

16.Неантиклинальные ловушки, выявленные в Евлах-Агджабединском прогибе Азербайджaна и их перспективность // М.: Геофизика, 2012, № 3, с. 30-34 (совместно с Ю.Г.Ганбаровым).



17. Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb hissəsində geoloji kəsilişin sürət xarakteristikası // ANT, 2004, № 4, s. 8-13.




Yüklə 116,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə