“geo strategiya”. 2014.№4(22). S. 29-33. Azərbaycan xalq cümhuriYYƏTİNİn dağli respublikasina yardimlari haqqinda



Yüklə 212,98 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü212,98 Kb.
#60186


“GEO strategiya”.-2014.-№ 4(22).-S.29-33.

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN

DAĞLI RESPUBLİKASINA YARDIMLARI

HAQQINDA

QABİL ƏLIYEV,

Tarix üzrə elmlər doktoru, professor

Azərbaycan  Xalq  Cümhuriyyəti  Şimali  Qafqazda  Dağlı  Respublikası  yaradıldıqdan  sonra  dağlı  xalqlarına

davamlı şəkildə maliyyə, iqtisadi, diplomatik və hərbi yardımlar göstərməyə başladı. 1918-1919-cu illərdə Azərbaycan

Xalq Cümhuriyyəti  hökuməti  özünün çətin vəziyyətdə olmasına  baxmayaraq,  Dağlı Respublikasına  50  milyon  manat

həcmində maliyyə yardımı göstərdi ki, bu da 1919-cu il üçün AXC-nin dövlət büdcəsinin 1/8 hissəsini təşkil edirdi.

Azərbaycan  xalqının  Şimali  Qafqazın  yerli  dağlı  əhalisi  ilə  çoxəsrlik  siyasi,  iqtisadi  və  mənəvi  əlaqələri

1917-1920-ci illərdə milli müstəqillik uğrunda mübarizə dövründə daha da gücləndi və çox şaxəli oldu. Azərbaycanın

qabaqcıl  ziyalıları,  ictimai-siyasi  xadimləri  bəhs  olunan  dövrdə  Şimali  Qafqaz  xalqlarının  milli-  azadlıq  hərəkatını

rəğbətlə izləyir və bütün mümkün vasitələrlə onlara yardım edirlər.

Azərbaycan  Xalq  Cümhuriyyəti  (AXC)  və  Şimali  Qafqaz  Dağlı  Xalqları  İttifaqı  Respublikası  (Dağlı

Respublikası)  yaradıldıqdan  sonra  Azərbaycanın  dağlı  xalqlarına  maliyyə,  iqtisadi,  diplomatik  və  hərbi  yardımları

davamlı  və  sistemli  xarakter  aldı.  AXC  ilə  Dağlı  Respublikası  arasında  çeşidli  münasibətlərə  AXC-nin  xarici

siyasətinə,  Şimali  Qafqazda  dağlıların  azadlıq  mübarizəsinə  həsr  olunmuş  monoqrafiyalarda  [1,2,3],  akademik

nəşrlərdə [4, 5] bu və ya digər dərəcədə toxunulsa da, qarşılıqlı münasibətlərin bütünlüklə və tam şəkildə araşdırıldığın

söyləmək mümkün deyildir. Oxucuların diqqətinə təqdim edilən məqalədə Azərbaycanla Dağlı Respublikası arasında

qarşılıqlı əlaqələrin əsas və önəmli cəhətlərini açıqlamaq qarşıya məqsəd qoyulmuşdu.

1917-ci  il  Oktyabr  çevrilişindən  sonra  Şimali  Qafqazda  hakimiyyət  uğrunda  bolşevikləri  dəstəkləyən  sovetlər,

Terek  kazaklarının rəhbərliyi  və  dağlı xalqlarının  milli  şuraları mübarizəyə  başladılar.  Oktyabrin  sonunda  Petroqrad

çevrilişi Dağıstanda da pisləndi və Terek dağlıları ilə birlikdə Terek-Dağıstan hökuməti yaradılması fikri irəli sürüldü.

Bu  qurumların  nümayəndələri  noyabrın  8-də  Vladiqafqazda  birgə  iclas  keçirdilər.  İclasda  Şimali  Qafqaz  Dağlıları

Mərkəzi  Komitəsinin  sədri  Ə.  Çermoyev,  Terek  vilayəti  İcraiyyə  Komitəsinin  sədri  P.  Kotsev,  Terek  kazaklarının

atamanı  M.  Karaulov  və  vilayət  soveti  rəhbərliyi  bölgədə  idarəçiliyi  təmin  etmək  üçün  аул-аул  sahələr  üzrə

komissarlıqlar yaratdılar [6,16.XI.1917; 3,125]. Dekabrın 2-də Şimali Qafqaz Dağlı İttifaqların yaradılması haqqında

bəyannamə qəbul edildi. Rəşid xan Qaplanovun başçılığı ilə müvəqqəti hökumət təşkil olundu. M. Karaulov hökumət

başçısının  müavini,  ədliyyə  və  maliyyə  komissarı,  general  X.  Talışxanov  hərbi  komissar,  “Vəhşi  diviziya”nın

komandanı,  general  Polevtsev  Terek-Dağıstan  hərbi  hissələrinin  komandanı  təyin  olundular  və  s.  Lakin  bolşevik

təbliğatı  və  Qafqaz  cəbhəsindən  qayıdan  rus  əsgərlərinin  yerli  əhaliyə  qarşı  zorakılıqları  milli  toqquşmalara  səbəb

oldu.  Dekabrın  13-də  bolşevik  təsiri  altında  olan  rus  əsgərləri  M.  Karaulovu  qətlə  yetirdilər.  Bu  hadisə  rus-kazak

hərbçilərinin  bölgədə  dağlılara  qarşı  qətl  və  qarətlərinin  geniş  miqyas  almasına  gətirib  çıxardı.  Qroznıda,

Vladiqafqazda rus əsgəri qüvvəsinə arxalanan Sovetlər 1918-ci ilin əvvəlində hakimiyyəti ələ keçirdilər. Martin 17-də

isə  Pyatiqorskda  Terek  Xalq  Komissarları  Soveti  təşkil  edildi  [7,136].  Şimali  Qafqazda  bolşevik  hakimiyyəti

qurulmasına başlandı.

Dağıstanda  isə  Nəcməddin  bəy  Qotsinskinin  və  Uzun  Hacının  başçılıq  etdiyi  islamçı  qüvvələr  fəallaşdılar.

Petrovsk  (Mahaçqala  -  Q.Ə.)  bolşeviklərdən  təmizləndi.  Hərbi  İnqilab  Komitəsinin  sədri  U.  Buynakski  Həştərxana

qaçdı  və  rus  bolşeviklərindən  Dağıstana  hərbi  qüvvə  yeritməyi  xahiş  etdi.  N.  Qotsinski  Dağıstan  və  bütün  Şimali

Qafqaz müsəlmanlarının imamı kimi öz hakimiyyətini elan etdi, aprelin əvvəlində isə Bakıda müsəlman əhaliyə qarşı

erməni-bolşevik soyqırımının qarşısını almaq üçün hərbi yürüşə başladı. Dağıstan süvari alaylarının da iştirak etdiyi bu

yürüş  zamanı erməni-bolşevik  qüvvələri  Xaçmaz  yaxınlığında  məğlub  edildi.  Aprelin  10-da  N.  Qotsinskinin  başçılıq

etdiyi Dağıstan könüllüləri Bakı Sovetinin yaratdığı Biləcəri - Xırdalan müdafiə xəttinə 

[səh. 29-30]

 çatdı [4,78]. Lakin

bu zaman Həştərxandan dəniz yolu ilə bolşeviklərin Petrovska hərbi qüvvə yeritməsi xəbərini eşidib tələsik Dağıstana

dönməyə məcbur oldu.

Terek-Dağıstan  hökuməti  bu  dövrdə  iflic  vəziyyətə  düşdü  və  fəaliyyətini  dayandırdı.  Dağlı milli  qüvvələrinin

liderləri Cənubi Qafqaz Seymi ilə birlikdə çıxış etmək, bütün Qafqazın 3  təmsil  olunduğu  hakimiyyət  strukturlarının

yaradılmasına nail olmaq məqsədilə Tiflisə toplaşdılar.




Seymin  Müsəlman  fraksiyasına  daxil  olan  deputatlar  1918-ci  ilin  mart  ayında  dağlı nümayəndəliyinin  Cənubi

Qafqaz Seyminə qatılmaq və bolşevik təhlükəsinə qarşı birlikdə mübarizə aparmaq haqqında müraciətini dəstəklədilər.

Lakin Seymin erməni və gürcü nümayəndələri həmin təklifin əleyhinə çıxdıqları üçün bu iş nəticəsiz qaldı. Belə

olduqda, Müsəlman fraksiyası üzvləri Şimali Qafqazdan gəlmiş nümayəndələrlə iki tərəfli münasibətlər yaratmaq üçün

Fətəli  xan  Xoyski,  Nəsib  bəy  Yusifbəyli,  Aslan  bəy  Səfikürdski,  Məhəmməd  Qazi  Dibirov,  Heydər  Bammatov,

Əbdülməcid Çermoyevin daxil olduqları xüsusi komissiya yaratdılar. Məhz Seymdəki azərbaycanlı ictimai xadimlərin

səyi  nəticəsində  dağlı  nümayəndələrinin  Trabzon  sülh  danışıqlarında  iştirakı mümkün  oldu.  Müsəlman  fraksiyasının

təkidi  ilə  Trabzona  sülh  konfransına  göndərilən  nümayəndə  heyətinin  tərkibinə  dağlı  nümayəndəsi  İbrahim  bəy

Heydərov  [8,107]  da  daxil  edildi.  Trabzonda  Azərbaycan  və  dağlı nümayəndələri  Şimali  Qafqazla  Cənubi  Qafqazın

vahid  müstəqil  dövlətdə  birləşməsini  təklif  etdilər.  Lakin  gürcü  və  erməni  nümayəndələri,  eləcə  də  alman

komandanlığının  təmsilçisi,  Qafqazda  müstəqil  dövlət  yaradılması  zamanı  bölgədə  müsəlman-türk  təsirinin

artmasından, Osmanlı dövlətinin mövqeyinin güclənməsindən ehtiyatlanaraq, buna razılıq vermədilər.

Cənubi  Qafqaz  Seyminin  1918-ci  il  aprelin  13-də  keçirilən  iclasında  Qafqaz  cəbhəsində  yaranmış  vəziyyət

müzakirə  olundu,  gürcü  və  erməni  nümayəndələrindən  ibarət  Ali  Müdafiə  Şurası yaradıldı,  Osmanlı dövlətinə  qarşı

müharibə  elan  edildi,  Seymin  fəaliyyəti  isə  2  həftəliyə  dayandırıldı.  Seymin  Müsəlman  fraksiyası həmin  gün  axşam

toplaşaraq  Seymin bu qərarlarını müsəlman əhalisinin hüquqlarının tapdalanması kimi qiymətləndirdilər. Fraksiyanın

üzvü H. Məmmədbəyov isə çıxışında daha irəli gedərək Seymi tərk etməyi, Şimali Qafqaz nümayəndələri ilə bir araya

gəlib müsəlman əhalisinin gələcək taleyi barədə fikirləşməyi təklif etdi. Lakin fraksiya üzvlərinin əksəriyyəti Trabzon

sülh  konfransındakı  nümayəndələrimizin  məlumatını  dinləməyi  və  kəskin  addımlardan  çəkinməyi  məqsədəuyğun

saydı.


Trabzonda  uğur  qazana  bilməyən  dağlı  nümayəndələri  isə  İstanbula  gedərək,  Osmanlı  hökuməti  ilə  birbaşa

təmasa  girdilər.  Batum  sülh  konfransı ərəfəsində  hərbi  nazir  Ənvər  paşa  ilə  görüşüb,  ondan  yardım  istədilər  [9,65].

1918-ci  il  mayın  11-də  isə  dağlı  nümayəndə  heyəti  Şimali  Qafqaz  Dağlı  Xalqları  İttifaqı  Respublikasının  (Dağlı

Respublikası)  yaradılması  haqqında  Istiqlal  bəyannaməsi  qəbul  etdi.  Osmanlı  dövlətinə  və  onun  müttəfiqlərinə  bu

haqda rəsmi nota verdilər. Əbdülməcid Çermoyevin və Heydər Bammatovun imzaladığı bu sənədlər Osmanlı dövləti

rəhbərliyi  tərəfindən  məmnunluqla  qarşılandı.  Alman  nümayəndə  heyəti  isə  bu  qurumun  bütün  Şimali  Qafqazı əhatə

etməsinə qarşı çıxdı, Kuban vilayətində kazaklarla münasibətləri daha önəmli saydığını nümayiş etdirdi. Mayın 24-də

Ə.  Çermoyevin  başçılıq  etdiyi  Dağlı  Respublikası hökuməti  Gəncəyə  köçdü.  Dağlı Respublikası nümayəndə  heyəti

1918-ci il iyunun 8-də Batumda Osmanlı dövləti ilə dostluq və əməkdaşlıq müqaviləsi imzaladı. Bu müqaviləyə əsasən,

Osmanlı dövləti  Dağlı Respublikasına hərbi yardım etməyi və xarici  təhlükələrdən  müdafiə  etməyi  öhdəsinə  götürdü

[9, 66].

Daha  sonra  Dağlı  hökumətinin  üzvləri  P.  Kotsev  və  V.G.  Cabagiyev  Osmanlı  dövlətinin  hərbi  yardımı

məsələsinin  detallarını aydınlaşdırmaq  üçün  Tiflisdə  Yusif  İzzət  paşa  ilə  danışıqlar  apardılar.  Dağlı hökumətinin  ilk

Xarici  işlər  naziri  Heydər  Bammatov isə  diplomatik  missiya  ilə  Avropaya  yola  düşdü.  1918-ci  ilin  iyununda  Qafqaz

İslam  Ordusunun  komandanı  Nuru  paşa  Dağlı  hökumətinin  başçısı  Ə.  Çermoyevin  müraciətinə  əsasən  Dağıstana

Şəki-Axtı yolu  ilə  hərbi  dəstə  göndərdi.  İsmayıl Haqqı bəyin  başçılıq etdiyi  74  zabit  və  577  əsgərdən  ibarət  olan  bu

Osmanlı  hərbi  qüvvəsi  Dağıstanın  dağlıq  bölgəsində  bolşeviklərə  qarşı  mübarizə  aparan  Nuh  bəy  Tarkovskinin  və

polkovnik  Cəfərovun  rəhbərliyində  olan  könüllü  dəstələrə  yardım  göstərdi.  İyunun  21-də  Qünib  aulunda  qərargah

yaratmış əslən çərkəz olan Ismayıl Haqqı bəy bütün Şimali Qafqaz müsəlmanlarına müraciət edərək, onları birləşməyə

və  bolşeviklərə  qarşı  qəti  mübarizəyə  çağırdı.  AXC  hökuməti  də  yarandığı  ilk  günlərdən  Dağlı  Respublikası  ilə

əlaqələrin  genişləndirilməsinə  çalışırdı.  Xarici  işlər  naziri  M.H.  Hacınskinin  1918-ci  il  iyunun  26-da  Dağlı

hökumətinin  sədri  Ə.  Çermoyevə  ünvanlandığı məktubda  AXC-nin  Dağlı Respublikası ilə  xoş  münasibətlər  qurmaq

istəyi  bildirilmişdi  [2,  170].  Azərbaycan  tərəfi  Dağlı hökumətinə  və  dağlı əhalisinə  siyasi,  iqtisadi  və  hərbi  yardım

göstərmək  istiqamətində  ardıcıl səy  göstərirdi.  1918-ci  ilin  iyun  ayında  Azərbaycan  hökuməti  İnquş  Milli  Şurasının

xahişi  ilə,  inquş  mücahidlərinə  hərbi  sursatla  yardım  etmişdi  [3,194].  1918-ci  ilin  yayında  Bakı  yaxınlığında

Osmanlı-Azərbaycan  hərbi  qüvvələrinin  zərbələrindən  Şimala  qaçan  L.  Biçeraxovun  rus  kazak  dəstəsi  Dərbəndi  və

Petrovsk-Portu ələ keçirərək, Rusiya hakimiyyətini bərpa etdi. Belə vəziyyətdə N. Tarkovski dağlı könüllü alayları ilə

Xunzaxa,  oradan  da  Temir-xan-Şuraya  yürüş  edərək,  bütün  bölgənin  kazaklar  tərəfindən  işğalının  qarşısını  aldı.

Sentyabrın  sonunda  Osmanlı  və  Azərbaycan  hərbi  qüvvələri  Dağlı  Respublikasına  yardıma  gəldilər.  Yusif  İzzət

paşanın  komandanlıq  etdiyi  ordu  hissələri  oktyabrın  6-da  Dərbəndi,  23-də  Temir-xan-Şuranı,  noyabrın  7-də

Petrovsk-Portu Biçeraxovun rus-kazak-erməni qüvvələrindən azad etdi [9, 165,177-178].

Oktyabrın  13-də  Ə.  Çermoyevin  başçılığı  ilə  Dağlı  Respublikası  hökuməti  Dərbəndə,  oktyabrın  24-də  isə

Temir-xan-Şuraya köçdü. Azərbaycan hökuməti onun normal fəaliyyətə başlaması üçün oktyabrın 8-də 1 milyon manat



faizsiz kredit ayırdı [10,241]. 1 ay sonra Dağlı hökumətinin maliyyə naziri Vassan Gəray Cabagiyev Bakıya gələrək,

Azərbaycan hökumətindən yeni - bu dəfə 500 min manat həcmində maliyyə yardımı aldı. Həmin vaxt Azərbaycan Xalq

Cümhuriyyəti  Dağlı  Respublikasına  həmçinin  təmənnasız  olaraq  yanacaq,  silah-sursat  və  s.  göndərirdi.  Nəhayət,

1918-ci  il  noyabrın  28-də  Azərbaycan  xalq  Cümhuriyyəti  ilə  Dağlı  Respublikası  arasında  müqavilə  bağlandı.

Müqaviləni  Azərbaycan  tərəfindən  ticarət  və  sənaye  naziri  Behbud  xan  Cavanşir və  maliyyə  naziri  Məmməd  Həsən

Hacınski,  Dağlı hökumətinin  səlahiyyətli  nümayəndələri  -  sənaye  və  ticarət  naziri  Bahadır  bəy  Malaçixan  və  yollar,

poçt və teleqraf naziri İbrahim bəy Heydərov imzaladılar. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlı hökumətinə 10

milyon  manat  məbləğində  faizsiz  kredit  verdi.  Dağlı  hökuməti  bu  borcu  2  il  

[səh.  30-31]

 müddətində  buğda  ilə

qaytarmalı idi [11,107-108]. Daha sonra əlavə maliyyə yardımı, yanacaq və silah-sursat yardımları göstərildi. Noyabrın

ortalarında  Dağlı  Respublikası  hökuməti  Antanta  nümayəndələrinin  tələbi  ilə  Biçeraxovla  barışıq  imzaladı.

Osmanlı-Azərbaycan hərbi qüvvələri bölgədən çıxarıldı.

1918 il noyabrın 12-də Temir-xan-Şurada Dağıstan, Çeçen və İnquş nümayəndələrinin böyük toplantısı çağırıldı.

Toplantı  iştirakçıları  Dağlı  Respublikası  hökumətinə  tam  etimad  nümayiş  etdirdilər.  Noyabrın  24-də  Dağlı

Respublikası  hökumətinin  rəsmi  orqanı  “Şimali  Qafqaz”  qəzeti  çap  edilməyə  başlandı.  Qəzetin  ilk  nömrəsində

hökumətin “Dağlılara,  kəndlilərə,  kazaklara,  fəhlələrə,  ziyalılara!”  müraciəti  dərc  edildi.  Burada  hökumətin  Dağıstan

və Çeçenistanda vəziyyətə nəzarət etdiyi, bolşevik qüvvələrinə qarşı qəti mübarizə aparıldığı bildirilir, Şimali Qafqazın

bütün xalqlarının, həmçinin rus və kazak əhalisinin hüquqlarının qorunmasına təminat verilirdi.

Dağlı Respublikası hökuməti  Qafqazdakı ingilis  qüvvələrinin  komandanı U.  Tomsonun  təklifi  ilə  dağlı-kazak

münasibətlərini  normallaşdırmaq  üçün  əməli  addımlar  atdı.  Dekabrın  10-da  Bakıda  Dağlı  hökuməti  nümayəndəsi

Şimali  Qafqazın  rus,  kazak  əhalisinin  təmsilçiləri  ilə  müqavilə  imzaladı.  Bu  sənəddə  rus  əhalisinə  ali  dövlət

idarəçiliyində iştirak hüququ verildi, kazak hərbi dəstələrinin 40 minlik dağlı ordusunun tərkibinə daxil edilməsi qərara

alındı.  Bu razılaşmaya əsasən, dekabrın 15-də Ə. Çermoyevin başçılıq etdiyi hökumət istefa verdi. Dekabrın 19-da P.

Kotsevin  başçılığı ilə  yeni  koalision  hökumət  təşkil  edildi.  İki nazir  postu  kazaklara  ayrıldı [12,28.XII.1918].  Lakin

ingilislərin himayəsində olan L. Biçeraxovun pozuculuq fəaliyyəti üzündən kazaklar Dağlı hökuməti ilə əməkdaşlıqdan

imtina etdilər. Dekabrın 31-də isə Tomson bildirdi ki, Dağlı Respublikasının səlahiyyəti  Rostov-Petrovsk dəmir yolu

xəttinə kimidir, ondan cənubdakı Dağıstan ərazisi L. Biçeraxovun fəaliyyət dairəsi olacaq, Petrovsk-Bakı dəmir yolu,

Petrovsk  və  Dərbənd  limanları  müttəfiqlərin  nəzarəti  altında  qalacaqdır.  İngilis  komandanlığı  bu  addımı  ilə  Şimali

Qafqaz xalqlarının birliyinə və bolşevik təcavüzünə qarşı mübarizəsi işinə ciddi zərbə vurdu. Şimali Qafqazda ‘Vahid

və bölünməz Rusiya” uğrunda çıxış edən general Denikinin Dağlı Respublikasına qarşı təcavüzünə şərait yarandı.

Şimali  Qafqaz  dağlı  xalqları  nümayəndələrinin  1919-cu  il  yanvarın  15-dəTemir-xan-Şurada  keçirilən

yığıncağında  parlament  yaradılması  qərara  alındı.  Yanvarın  20-də  Dağlı  məclisi  adlı  nümayəndəli  orqan  yaradıldı.

Dağlı  xalqların  milli  azadlıq  mübarizəsinin  fəal  iştirakçısı,  qumuq  ictimai  xadimi  Zübeyir  Temirxanov  Dağlı

məclisinin  - parlamentin  sədri  seçildi.  Bu  xəbər  Azərbaycanda  böyük  sevinclə  qarşılandı.  Azərbaycan  Parlamenti  bu

münasibətlə 1919-cu il yanvarın 25-də Dağlı Respublikasına təbrik teleqramı göndərdi [13, 197]. Teleqramda hər iki

qardaş və qonşu cümhuriyyətlərin əl-ələ verib öz müstəqilliklərini hər bir təhlükədən müdafiəyə qadir olmalarına dərin

inam hissi əks olunmuşdu.

1919-cu  ilin  əvvəlində  Denikin  ordusu  Terek  vilayətinə  soxuldu,  inquşların  müqavimətini  çətinliklə  də  olsa

qırıb, Vladiqafqazı ələ keçirdi. Dağlı hökumətinin ingilis komandanlığı və Denikinlə danışıqları nəticəsiz qaldı.

Denikin  Dağlı  Respublikasını  tanımaqdan  boyun  qaçırdı  və  “Könüllü  ordu”nun  generalı  Lyaxovu

Terek-Dağıstan  diyarının hakimi  təyin  etdi.  Martın 5-də  Denikin  ordusu  Çeçenistana  soxuldu.  Azərbaycan  hökuməti

Dağlı  Respublikasına  qarşı  hərbi  təcavüzün  dayandırılması  üçün  bütün  imkanlara  əl  atdı:  Dağlı  hökumətinə  yeni

maliyyə  yardımı  göstərdi,  könüllü  hərbi  dəstələr  və  sanitar  briqadaları  təşkil  edilməyə  başladı,  Bakıdakı  ingilis

missiyasından təsirli tədbirlər görməsi istənildi və s.

Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  Dağlı  Respublikası  arasında  1919-cu  il  yanvarın  9-da  yeni  müqavilə

imzalandı. Azərbaycan tərəfindən Fətəli xan Xoyskinin üçüncü hökumət kabinəsində ərzaq naziri olmuş K.N. Lizqarın

və  Dağlı Respublikasının  Azərbaycandakı nümayəndəsi  Əlixan  Qantəmirin  imzaladıqları bu  müqaviləyə  görə  Dağlı

Respublikası hökuməti  Azərbaycana  50  vaqon  buğda  göndərməli,  Azərbaycan  tərəfi  isə  pudu  60  manatdan  haqqını

dərhal  ödəməli  idi.  Bütün  taxılın  müqavilənin  imzalanmasından  sonrakı  4  ay  ərzində  göndərilməsi  razılaşdırıldı

[11,138]. 1919-cu il fevralın 23-də Azərbaycan Xalq Cümhuriyyəti  hökuməti  ilə Dağlı Respublikası arasında üçüncü

müqavilə  bağlandı.  Bu  müqaviləyə  əsasən,  Azərbaycan  tərəfi  Dağlı hökumətinə  daha  10  milyon  manat  faizsiz  kredit

verməyi öhdəsinə götürdü. Bu vəsaitin 5 milyon manatı dərhal ödənildi [10,290].

Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ilin əvvəlində Şimali Qafqazın Denikin tərəfindən işğalına qarşı Dağlı

hökumətinə  həm  də  diplomatik  və  hərbi  yardım  göstərdi.  Fevralın  25-də  öz  səlahiyyətli  elçisi  Əbdürrəhim  bəy



Haqverdiyevi  Temir-xan-Şuraya  göndərməyi  qərara  aldı.  Martın  l-də  Azərbaycan  hökuməti  Denikinə  qəti  etirazını

bildirdi.  Şimali  Qafqazın  işğalını  beynəlxalq  ictimaiyyətin  diqqətinə  çatdırmaq  üçün  addımlar  atdı.  Martin  6-da

Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Bakıdakı Müttəfiq qoşunlarının komandanı general U. Tomsona nota təqdim

etdi.  Notada  Anlanta  dövlətlərindən  “  qan  tökülməsinin  və  bütün  Qafqazı bürüyə  biləcək  böyük  yanğının  qarşısını

almaq məqsədilə general Denikinin Könüllü ordusunun Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikasına  qarşı

təcavüzkar hərəkətlərinə dərhal son qoyması üçün ən qəti tədbirlər görülməsi” istənildi [11,177-178].

Azərbaycan hökumətinin diplomatik fəaliyyəti nəticəsində Gürcüstan hökuməti də martın 7-də Denikinin Dağlı

Respublikası  ərazisinə  hücumuna  etirazını  bildirdi  və  Dağlı  hökumətinə  yardım  göstərəcəyini  elan  etdi.  Dağlı

Respublikası  üçün  çox  ağır  bir  vaxtda  -  martın  28-də  Azərbaycanın  diplomatik  nümayəndəliyi  Temir-xan-Şurada

fəaliyyətə başladı [11,196] və elə həmin gün Azərbaycan xarici işlər nazirliyinə Denikin ordusunun və rus kazaklarının

Terek vilayətinə, həmçinin Çeçenistana hücum etmələri haqqında məlumat göndərdi. Ə. Haqverdiyev 1919-cu il martın

30-da öz  etimadnaməsini  Dağlı Respublikası hökumətinin  sədrinə  təqdim  etdi,  31-də  isə  bütün  nazirlərlə  görüşdü və

Dağlı parlamentinin iclasında iştirak etdi.

Dağlı  Respublikası  üçün  son  dərəcə  ağır  olan  həmin  günlərdə  Azərbaycan  diplomatik  nümayəndəliyinin

Temir-Xan-Şurada fəaliyyətə başlaması Dağlı Respublikası və bütün Şimali Qafqaz xalqlarına böyük mənəvi və siyasi

yardım  idi.  Ona  görə  də,  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  bu  addımı  Şimali  Qafqazda  sevinclə

qarşılanmış, ruh yüksəkliyi doğurmuşdu. Diplomatik nümayəndəlik Dağlı Respublikasındakı Azərbaycan vətəndaşları

ilə əlaqə yaratmış, onların hüquqlarının qorunması, ehtiyacı olanlara yardım göstərilməsi işini təşkil etmişdi.

Ə.  Haqverdiyev  aprel-may  aylarında  Azərbaycan  xarici  işlər  nazirliyinə  göndərdiyi  məlumatlarda  Denikin

ordusunun  Dağlı  Respublikasına  qarşı  hərbi  əməliyyatları,  Dağlı  parlamentində  və  ictimai  dairələrdə  Dağıstanın

Azərbaycanla  birləşməsi  məsələsinin  qaldırılması və  bununla  bağlı müzakirələrin  gedişi haqqında  dəqiq  və  təfsilatlı

informasiya vermişdi.

Aprelin  əvvəlində  Denikin  

[səh.  31-32]  

ordusunun  Çeçenistanın  çox  hissəsini  işğal  etməsi  Dağlı

Respublikasında  hökumət  böhranı  yaratdı.  P.  Kotsevin  və  Hərbi  nazir  N.  Tarkovskinin  passivliyini  tənqid  edən

hökumət  üzvləri  R.  Qaplanov,  V.G.  Cabagiyev  və  N.  Şahsuvarov  istefa  verərək,  yeni  hökumət  qurulmasını istədilər.

Aprelin  11-də  parlamentin  iclasında  P.  Kotsev  istefa  verdiyini  elan  etdi.  Parlament  hökumətin  təşkilini  yenidən  P.

Kotsevə  tapşırdı.  Dağlı hökumətinin  əhali  arasında  böyük  nüfuza  malik  din  xadimləri  Şeyx  Uzun  Hacı və  Şeyx  Əli

Hacıya müraciət edib bütün dağlı qüvvələrini səfərbər etmək cəhdi gözlənilən səmərəni vermədi. Dağıstanda isə Dağlı

Respublikasından  çıxıb  Azərbaycanla  birləşmək  uğrunda  hərəkat  geniş  vüsət  aldı.  Belə  bir  şəraitdə  aprelin  6-da

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Dağlı Respublikasına hərbi yardım göstərməyi qərara aldı. Bu məqsədlə həm

könüllü dəstələrin yaradılmasına və Şimali Qafqaza göndərilməsinə başlandı, həm də dağlı döyüşçülərinə tibbi yardım

üçün  sanitar  briqadaları  təşkil  edildi.  Aprelin  17-də  isə  Azərbaycan  Cümhuriyyəti  Parlamenti  Dağlı  Respublikası

hökumətinə daha 30 milyon manat faizsiz kredit vermək haqqında qanun qəbul etdi [10,40-41].

Beləliklə, 1918-ci ilin sonu - 1919-cu ilin ilk aylarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün çətin

vəziyyətdə  olmasına  baxmayaraq,  Dağlı  Respublikasına  50  milyon  manat  həcmində  maliyyə  yardımı  göstərdi.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradıcılarından  biri  olan  M.Ə.  Rəsulzadə  bu  yardımın  real  miqyasını  təsəvvür

etmək  üçün  aşağıdakı  müqayisələri  oxucuların  diqqətinə  çatdırmağı  məqsədəuyğun  saymışdı:  50  milyon  manat  о

zamankı valyuta kursu ilə 2,5 milyon ingilis funt-sterlinqinə bərabər idi. 1919-cu il üçün AXC büdcəsinin xərcləri 415

milyon  manat  müəyyən  edilmişdi  və  Dağlı  Respublikasına  Azərbaycanın  maliyyə  yardımı  dövlət  büdcəsinin  1/8

hissəsini təşkil edirdi [14,590]. 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalmı əsasən

başa  çatdırdı.  Bundan  sonra,  Dağıstanda  Dağlı  Respublikasından  ayrılıb  Azərbaycana  birləşmək  ideyası  sürətlə

yayılmağa  başladı.  Dağıstanın  ictimai  xadimləri  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Dağlı  Respublikasındakı

diplomatik  nümayəndəsi  Ə.  Haqverdiyevə  müraciətlər  edərək,  bu  haqda  Azərbaycan  hökumətinin  prinsipial  razılıq

verməsini  xahiş  edirdilər.  Ə.  Haqverdiyevin  aprelin  15-də  Xarici  işlər  naziri  M.Y.  Cəfərova  göndərdiyi  məlumatda

bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu

arzu  edirlər  [11,201].  Dağıstanlı zabitlər,  o  cümlədən  Dağlı Respublikası hökumətində  hərbi  nazirin  müavini  olmuş

general H.M. Xəlilov da bu mövqedən çıxış edirdilər.

Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda  Azərbaycanla  birləşmək tərəfdarları sürətlə

artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr həm tarixən, həm də iqtisadi

cəhətdən  Azərbaycanla  six  bağlı  olduqlarini  bildirir  və  siyasi  ittifaq  yaradılmasını  zəruri  sayırdılar.  Aprelin  29-da

Dağıstanın  Azərbaycana  birləşdirilməsi  məsələsi  Dağlı  Respublikası parlamenti  üzvlərinin,  zabitlərin,  ruhanilərin  və

ziyalıların  birgə  iclasında  müzakirə  edildi.  Zabitlər  Könüllü  orduya  qarşı  mübarizənin  davam  etdirilməsini  və  hərbi

əməliyyatlar  başa  çatdıqdan  sonra  Dağıstanla  Azərbaycanın  federasiya  və  ya  konfederasiya  formasında  birləşməsini



təklif etdilər. Dağıstan deputatlarının lideri M. Q. Dibirov, nüfuzlu din xadimi Şeyx Uzun Hacı da bu təklifə tərəfdar

çıxdılar.

Mayın 5-də Bakıdakı Müttəfiq qoşunlarının komandanı general U. Tomson da Fətəli xan Xoyski ilə görüşündə

Dağıstanın  iqtisadi,  topoqrafik  və  digər  cəhətlərdən  Azərbaycanla  bağlı  olduğuna  görə,  onun  Azərbaycan  Xalq

Cümhuriyyətinə birləşdirilməsini labüd saymışdı [11,217].

Müttəfiqlərin  bu  görüşləri,  xüsusən  də  Dağıstanın  öz  taleyini  Azərbaycanla  bağlamaq  üçün  addımlar  atması

Denikinin bölgədə fəallaşmasına, təxribatçılıq 

[səh. 32-33]

 fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalinin rəğbətini

qazanmaq  üçün  Dağıstana  yerli  özünüidarəçilik  veriləcəyi  vəd  edildi,  Könüllü  ordunun  bölgədə  başlıca  vəzifəsinin

bolşeviklərə  qarşı  mübarizə  aparmaq  olduğu  bildirildi.  Yüksək  rütbəli  dağlı zabitlərinin  Şimali  Qafqazın  müsəlman

bölgələrinin idarəsinə cəlb edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı.

Belə  bir  şəraitdə  mayın 12-də  P.  Kotsevin  başçılıq etdiyi  Dağlı Respublikası hökuməti  istefa  verdi.  Parlament

zabitlərin  təzyiqi  ilə  yeni  hökumətin  təşkilini  general  H.M.  Xəlilova  tapşırdı  [11,223-224].  Xəlilov  Denikinin

nümayəndəsi ilə danışıqlara  girdi və Dağlı Respublikası hökumətini  buraxdı.  Mayın sonunda  Dağıstan  Könüllü  ordu

tərəfindən müqavimətsiz tutuldu.

1919-cu  il  mayın  30-da  Parisdə  AXC  və  Şimali  Qafqaz  dağlılarının  sülh  konfransı  nümayəndələrinin

yığıncağında  Heydər  Bammatov  Azərbaycanla  Dağıstan  arasında  saziş  bağlanması  təklifi  ilə  əlaqədar  çıxış  edərək

bildirdi ki, bizim əsas məqsədimiz Qafqaz konfederasiyasıdır.

AXC və Dağıstan razılaşmaya nail olmalı, hökumətlərimiz və parlamentimiz qəti qərara gəlib praktik fəaliyyətə

başlamalıdırlar.

Bammatov çıxışında qeyd etmişdi: “biz hətta konfederasiya yox, hətta kantonal əsasında federasiya təklif etdik.

Ancaq  Azərbaycan  nümayəndəsi  M.H.  Hacınski  Qafqaz  dövlətləri  arasında  ümumi  xarici  siyasətlə  iqtisadi  və  hərbi

ittifaq təklif etdi. Biz bu təklifə razı olduq ki, nəticədə kantonal əsasda Qafqaz federasiyasına gəlib çıxaq” [15,3].

Denikinin  ordusu  1919-cu  il  mayın  sonunda  bütün  Şimali  Qafqazı ələ  keçirdikdən  sonra  Dağlı  Respublikası

hökumətinin  və  parlamentinin  üzvlərinə  Bakıda  sığınacaq  verildi.  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti,  bundan

əlavə, Dağıstan qaçqınlarına yardım göstərilməsi üçün 1 milyon manat vəsait ayırdı.

Əbdürrəhim  bəy  Haqverdiyev  iyunun  7-də  Dağıstanda  baş  verən  hadisələr  haqqında  Azərbaycan  hökumətinə

göndərdiyi  məlumatda  Denikinin  bölgədə  cəmi  1  mindən  azacıq  çox  hərbi  qüvvəyə  malik  olduğunu  bildirir  və  yerli

əhalinin  arzusunu  nəzərə  alıb,  Port-Petrovska  qədərki  ərazini  Azərbaycana  birləşdirmək  üçün  hərəkətə  keçməyə

çağırırdı.  Britaniya hökumətinin iyunun 11-də bəyan etdiyi demarkasiya xəttinə görə də Könüllü ordu Petrovskdan 5

mil cənubda dayanmalı idi.

Azərbaycan  hökuməti  Dərbəndi  və  demarkasiya  xəttinə  qədərki  Dağıstan  ərazisini  denikinçilərdən  təmizləmək

üçün dərhal diplomatik və hərbi hazırlığa başladı [16,333-335]. Lakin Denikin ordusu Cənubi Dağıstanı tərk etməkdən

qəti boyun qaçırdığı üçün avqustun 4-də Britaniya hökuməti demarkasiya xəttini Dağıstanın cənub sərhədinə çəkərək,

bölgəni  bütünlüklə  Könüllü  ordunun  təsir  dairəsinə  aid  etdi.  Azərbaycan  hökuməti  yaranmış  mürəkkəb  hərbi-siyasi

vəziyyəti nəzərə alaraq, Dağıstanın birləşdirilməsi ilə bağlı hazırlığı dayandırmalı oldu.

Bütün bu faktlar aydın göstərir  ki,  Azərbaycan,  əvvəlki  tarixi  dövrlərdə  olduğu kimi,  1918-1920-ci  illərin  ağır

şəraitində  də  Şimali  Qafqazın  yerli  dağlı  xalqlarına  arxa  durmuş,  bütün  mümkün  vasitələrlə  Dağlı  Respublikasına

sonadək yardım göstərmişdi.



ƏDƏBİYYAT

1.

Həsənov C.P. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). Bakı, 1993



2.

Nəsibzadə N.L. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı, 1996

3.

Göyüşov A.R. 1917-1920-ci illərdə Şimali Qafqaz Dağlılarının azadlıq uğrunda mübarizəsi. Bakı, 2000.



4.

Azərbaycan Cümhuriyyəti (1918-1920). Məs. redaktor: N. Ağamalıyeva. Bata, 1998

5.

Azərbaycan tarixi. Yeddi cilddə, c. V, Bakı, 2001.



6.

“Каспий”, 1917-1918 гг.

7.

Коренев Д.3. Революция на Тереке. Орджоникидзе, 1967



8.

Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919

9.

Nəsir Yücəər Birinci dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı. Bakı, 1999



10. Азербайджанская  Демократическая  Республика  (1918-1920).  Законодательные  акты  (сборник  документов).

Баку, 1998

11. Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя  политика  (документы  и  материалы),

Баку, 1998

12. “Азербайджан”, 1918-1920 гг.

13. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. Stenoqrafıq hesabatlar. С.I, Ваkı,.1998




14. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990

15. Bammat Heydər Qərb mədəniyyətinin inkişafinda müsəlmanların rolu. Bakı, 1994. s.3

16. Азербайджанская Демократическая Республика (1918-1920). Армия (документы и материалы), Баку, 1998

Açar sözlər:

 Azərbaycan Xalq Cümhuriyyəti, Dağlı Respublikası, maliyyə yardımları, Denikin təhlükəsi.



Ключевые  слова

:  Азербайджанская  Демократическая  Республика,  Горская  Республика,  финансовая  помощь,

Деникинская угроза.

Keywords

: the Azerbaijan Democratic Republic, Mountain Republic, the financial help, Denikinsky threat



ГАБИЛЬ АЛИЕВ

Бакинский госуниверситет

О ПОМОЩИ АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ

ГОРСКОЙ РЕСПУБЛИКЕ

АННОТАЦИЯ

Многовековые  политические,  экономические  и  духовные  связи  между  азербайджанскими  и  горскими  народами

Северного  Кавказа  усилились  в  борьбе  за  национальную  независимость  в  1917-Ш20  г.  и  стали  более  весомым  и

многогранными.  АДР,  невзирая  на  трудности,  оказывала  крупную  финансовую,  экономическую  и  военную  помощь

братской  Горской  Республике.  Кредиты,  представленные  Горскому  правительству  в  размере  50  миллионов  манат,

составляли 1/8 часть государственного бюджета АДР в 1919 г.



Gabil Aliyev

Baku State University

ABOUT THE HELP OF THE AZERBAIJAN DEMOCRATIC REPUBLIC

TO MOUNTAIN REPUBLIC

THE SUMMARY

Centuries-old political, economic and spiritual communications between Azerbaijan and the mountain people of the North

Caucasus have amplified in struggle for national independence in 1917-1920 and steels more powerful and many-sided. ADR

despite of difficulties rendered the large financial, economic and military help to brotherly Mountain Republic. Credits presented to

the Mountain government at a rate of 50 million manat, made 1/8 part of state budget ADR in 1919 year. 



[səh. 33]

Yüklə 212,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə