Фчшкцец шьфт



Yüklə 2,49 Mb.
səhifə1/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
  1   2   3   4   5   6   7   8   9   ...   24


ƏHLİ SÜNNƏ VƏL CƏMAAT

SƏLƏFİ SALİHİN


ƏQİDƏSİ

AXİRƏTƏ İMAN

(YƏUMUL HƏSRA – PEŞMANÇILIQ GÜNÜ)
Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 27 Oktyabr 2009-Cu İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №DK-365/Q

TOPLAYAN VƏ TƏRTİB EDƏN

K.HÜSEYN


KİTABIN BÜTÜN HAQLARI QORUNUR



ÖN SÖZ

XUTBƏTUL-HACƏ

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.



«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71)1.

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - sallallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır2.



«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - sallallahu aleyhi və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»3.

Əhli Sünnə vəl Cəmaat axirət gününə etiqad edir və inanırlar. Bunun mənası da Qiyamət günü Allahın kitabında, Rəsulullah – sallallahu aleyhi və səlləm – in sünnəsində ölümdən sonra Cənnətliklərin Cənnətə, Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək şeylərə dair verilmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın insanları haqq-hesab və cəza (əməllərinin qarşılığını verməsi) üçün dirildəcəyi Qiyamət günüdür. Ona bu adın verilməsinin səbəbi, ondan sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə yerləşdiriləcəklər. «Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (Qiyamət) həqiqətdir. Haqq-hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6). «O, kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4).

İnsan oğlu gözlərini dünya malına dikib axirəti unutmasın deyə, Allah, Qiyamət qopmadan öncə bəzi əlamətlər göndərmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – doğru sözlü və doğru sözü təsdiq olunan bir Peyğəmbərdir. Şübhəsiz ki, Qiyamət əlamətlərindən bir çoxu artıq görsənmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – nə xəbər vermişdirsə həqiqət olmuşdur. Hər əlamətin görsənməsiylə müsəlmanların təsdiqi və imanı daha da artmaqdadır. Həqiqət olan bu əlamətlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in möcüzəsidir.

İmanın altı şərtindən biri də Axirət gününə imandır və bu İslamın təməllərindən biridir. Çünki Allahın birliyinə iman, Axirətdə təkrar dirilməyə imanı vacib edir. Axirət gününə və onun başlanğıcı olan əlamətlərə inanmaq insan ağlının düşünməyəcəyi şeylərdir. Bunlar yalnız vəhy yolu ilə gələn dəlillərlə bilinir. Buna görə də biz dəhşət dolu bu günə imanı Quranda çoxluqla Allaha imanla birlikdə zikr edilmiş olaraq görürük. “...Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər”. (ət-Taləq 2). «Yaxşı əməl sahibi heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, qiyamət gününə…inanandır». (əl-Bəqərə 177).

Yenə Quranın hər bir səhifəsinə baxdıqda ya Axirət günündən bəhs edən ya da o, gündə baş verəcək yaxşılıq və əzabı xatırladan bir ayəyə rast gəlirik.

İslam düşüncəsindəki həyat sadəcə bu qısa dünyadakı həyat və ya insanın oradakı qısa ömrü deyildir. Əksinə İslam düşüncəsindəki həyat zaman olaraq əbədiyyata qədər uzanan bir həyatdır. Məkan olaraq da genişliyi göylər və yer qədər olan bir Cənnət, ya da yer üzündə min illərdən bəri yaşayan nəsilləri qucağına alan bir atəşdir. «Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin». (Ali-İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın...». (əl-Hədid 21). “O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir”. (Qaf 30).

Buna görə də insanın Allaha və Axirət gününə və o, gündə olacaq olan yaxşılıq və əzaba iman etməsi vacibdir. Yoxsa heç bir bəşər qanunu Allaha və Axirət gününə olan iman kimi insanı doğru yola yönəltməz. Allaha və Axirət gününə inanan insanın yaşayışı ilə bunlara inanmayan insanın yaşayışı arasında böyük fərq vardır. Bu üzdən Allaha və Axirət gününə inanan, bu dünyanın axirətin tarlası olduğunu bilir. Yenə də saleh əməllərin və azuqənin olduğunu bilir. Axirətə inanan göydəki tərəziyə görə əməl edər, yerdəki tərəziyə görə deyil. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!”. (əl-Bəqərə 197).

Bu şüur Allaha və Axirət gününə imanın əsəridir, işin sonunu düşünmək, göylərin, yerin və dağların yüklənməkdən çəkindiyi, lakin insanın üzərinə aldığı o, böyük əmanətdir. Əmanət isə istər kiçik, istər böyük olsun hesabı sorulacaqdır. Əgər xeyirsə xeyir, pisdirsə pis olur. “O gün (Qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!”. (Ali İmran 30).(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)”. (əl-Kəhf 49).

İnsanın xeyiri sadəcə özünə qarşı deyildir. Əksinə etdiyi yaxşılıq heyvanlara qədər uzanır. Ömər - radıyallahu anhu – dan rəvayət edilən məşhur sözündə o, deyir: “Əgər İraqda bir qatırın ayağı axsayaraq qırılarsa düşünürəm ki, Allah: “Ey Ömər! Nə üçün onun yolunu düzəltmədin ki? (Bu hadisə də baş verməzdi)” deyə onun hesabını məndən soruşar4.

Allaha və Axirət gününə inanmayan bir kişi isə bu dünyadakı məqsədinə çatmaq üçün bütün gücüylə çalışır, işinin ardıyca o, qədər düşür ki, yorğunluqdan dili çölə çıxır. Mal toplamağa qarşı hədsiz hərisdir. Özü kimi qazanmaq istəyən insanlara mane olur. Onun məqsədi dünyadır, dünyanı ən böyük qayə və məşğuliyyət etmişdir. Hər şeyi öz şəxsi mənfəətinə görü ölçər, başqaları onu heç maraqlandırmaz, dönüb baxmaz da belə. Əgər ona bir faydası olarsa yalnız o, zaman onunla maraqlanar. Elə bir dünya ki, bir az güldürsə çox zaman ağladır. Bir gün sevindirsə aylarla üzər. Ağrıları sevincdən çoxdur. Qorxularla başlayar, sonda tələf olmaqla bitər. Bu həyatda yaşayar və ömrünü sona sürdürər. Çünki o, öldükdən sonra dirilmənin imkansız olduğunu düşünürdü. “Lakin insan (bundan sonra da) önündəkini (Qiyaməti) danmaq (pis işlər görmək) istəyər. Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar”. (əl-Qiyamət 5-6).(Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər”. (əl-Ənam 29). Belə bir kimsə bu dünyada çox uzun yaşamağı sevdiyindən öldükdən sonra dirilməyi istəməz. Yenə də onlar Axirətdəki əzaba dözəbilməyəcəklərini bildikləri üçün bu dünyadan ayrılmağa cəsarət etməzlər. “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”. (ət-Təğabun 7).

Axirət gününə imanın mənası onun şəkk-şübhəsiz olaraq gələcəyinə inanmaq və buna uyğun olaraq gərəyincə əməl etmək deməkdir. Qiyamətin qopmasından əvvəl ortaya çıxacaq Qiyamətin böyük və kiçik əlamətlərinə iman, ölümə, ölümdən sonra qəbr sorğusuna, əzab və nemətinə, Sura üfürüləcəyinə, yaradılmışların qəbirlərindən çıxacaqlarına, qiyamətin hesab yerindəki dəhşətli və qorxulu hallarına, məhşərə, səhifələrin (əməl dəftərlərinin) açılacağına, tərəzinin və sırat körpüsünün ortaya qoyulmasına, hovuza, şəfaətə və digər xüsuslara, Cənnətə və ən yüksək mərtəbəsi Allahın üzünə baxmaq olan nemətinə, Cəhənnəmə və orada olan dəhşətli əzablara iman etmək axirətə iman etməyin içərsinə daxildir. Elm adamları Qiyamətin əlamətlərini kiçik və böyük əlamətlər olmaqla iki qismə ayırmışlar. «(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamətin əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz». De ki: «Gözləyin, doğrusu biz də gözləyirik». (əl-Ənam 158). «Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən qiyamət gününün zəlzələsi dəhşətli şeydir». (əl-Həcc 1). «Onlar (kafirlər) ancaq qiyamət saatının qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Qiyamət saatı onlara gəlib çatdığı zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Muhəmməd 18). «….Nə bilirsən, bəlkə də qiyamət saatı yaxındır! Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, qiyamət saatı haqqında mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).

Qiyamət əlamətlərinin çoxu Əhəd hədislərlə bizə çatmışdır. Buna görə də Əhəd hədislərin etiqadi məsələlərdə dəlil olduğunu qəbul etməyənlərə bir cavab olaraq, əhəd hədislərin hüccət olduğunu bəyan edən bir bölüm də açdıq. Hədislərn səhih, həsən və ya zəif olmasına diqqət etdim. Bacardığım qədər hədislərin əksəriyyətini alimlərin təhqiqinə əsaslandır-dım. Bu kitab ölümdən əvvəl və sonra olanlara (baş verənlərə) hazırlıq görməyə bir dəvətdir. Bu araşdırmanın hər tərəfdən kamil olduğunu iddia edə bilmərəm. Çünki kamil olan Allahdır. Əskiklik isə insanın özündəndir. Əgər müvəffəqiyyət qazansam bu Allahdandır, xəta etsəm Allah məni əff etsin. O. Mənim hamim və yardımçımdır. Yeddi qat göy və Yeddi qat yerin Rəbbi olan Allahdan bizləri o, günün dəhşətində qorumasını və Onun kölgəsindən başqa heç bir kölgənin olmadığı o, gündə bizləri kölgələndirməyi diləyirəm.

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - sallallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm - İN GƏLƏCƏKDƏ BAŞ VERƏCƏK HADİSƏLƏRDƏN XƏBƏR VERMƏSİ

Peyğəmbər - sallallahu aleyhi və səlləm - in Qiyamətə qədər olacaq, olan şeyləri xəbər verməsi, Allahın gələcəkdə olacaq şeylər haqqında Ona verdiyi xəbərlərdəndir. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə bir xütbə verdi. Bu xütbəsində Qiyamətə qədər olacaq şeylərdən heç birini buraxmadan xəbər verdi. Bu xəbərləri yadında saxlayan saxladı, saxlamayan isə unuttdu. Necə ki, bir nəfər birini tanıdıqdan sonra unudar, təkrar gördükdə isə xatırladığı kimi mən də Peyğəmbər – sallallahu aleyhi və səlləm – in söylədiyi şeylərdən unutduqlarım baş verincə xatırlayırdım (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə Qiyamətə qədər olacaqları xəbər verdi. Mən ondan olacaq hər şeydən soruşdum, yalnız Mədinə xalqını nəyin çıxaracağını soruşmadım”5. Əbu Zeyd Amr b. Ahtab əl-Ənsari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra minbərə çıxdı və bizə Zöhr namazına qədər xütbə verdi və endi. Namaz qıldı, sonra minbərə çıxdı. Günəş batana qədər xütbə verdi. Bizə olmuş və olacaq şeyləri xəbər verdi. Onların ən yaxşı bilənimiz ən çox əzbərləyənimiz-dir”6. Xuzeyfə b. Yəmən - radıyallahu anhu – deyir ki: “Vallahi mən Qiyamətə qədər olacaq fitnələri insanlar içində ən yaxşı bilənəm. Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə söylədiyi bu şeyləri başqa heç kimsəyə söyləməmişdir. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – fitnələri mənim də içində olduğum bir məclisdə xəbər verdi... Xuzeyfə: “Məndən başqa o, məclisdə olanların hamısı getdi”. Bu səhih dəlillər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ümmətini Qiyamətə qədər olacaq və onları maraqlandıran şeylərdən xəbərdar etdiyini göstərir. Heç şübhə yox ki, qeyb xəbərləri içində ən böyük payı Qiyamət əlamətləri tutur. Buna görə də səhabədən Qiyamətlə bağlı bir çox hədislər dəyişik ləfzlərlə rəvayət edilmişdir.


QİYAMƏT VAXTININ YAXINLAŞMASI

Qurani Kərimdə olan ayələr ilə səhih hədislər Qiyamətin yaxınlaşdığını xəbər verməkdədir. Qiyamətin bir əlamətinin görülməsi onun yaxınlaşdığını göstərir. “İnsanların haqq-hesab vaxtı (Qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)”. (əl-Ənbiya 1). “Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat (Qiyamət yaxındır)”. (əl-Əhzab 63). “Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar). Biz isə onu yaxın görürük (ona inanırıq)”. (əl-Məaric 6-7). “O saat (Qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı”. (Qəmər 1). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mən Qiyamətin başlanğıcında göndərildim”7. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən və Qiyamət birlikdə göndərildik. Az qaldı ki, o məni keçsin”8.


QİYAMƏT NƏ ZAMAN QOPACAQDIR?

Bəzi alimlər uydurma hədisə əsaslanaraq Qiyamətin 7000 ildən sonra qopacağını söyləyirlər. Lakin səhih görüş odur ki, bu hədis alimlər tərəfindən zəif və uydurma qəbul edilmiş və Qiyamətin qopma vaxtını Allahdan başqa heç kəs bilməz. Dahhaq b. Zəml əl-Cuhəni - radıyallahu anhu – rəvayət edir ki: “Bir yuxu gördüm və onu Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə danışdım: “Ya Rəsulullah! Mən və sən 7 pilləli bir minbər üzərində idik. Sən ən üst pillədə idin”. Peyğəmbər: “Gördüyün 7 pilləli minbərin mənası: Dünya 7000 min ildir, mən də son mininci ilindəyəm” deyə buyurdu9. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: “Uydurma hədisin Quranın sözlərinə zidd olmasıdır. Dünyanın ömrü 7000 min ildir. Biz indi yeddinci minillikdəyik – hədisi kimi. Bu çox açıq bir yalandır. Hədis səhih olsaydı bizim zamanımızdan Qiyamətə qədər düz 250 il qaldığını hər kəs bilərdi”10. Çünki İbn Qeyyim – rahmətullahi aleyhi - Hicri 8-ci ildə yaşamışdır və bu sözü öz zamanında söyləmişdir. Onun bu sözünün üzərindən 650 il keçdi lakin dünya hələ də durur.

Qurani Kərimdəki ayələr və Peyğəmbər – sallallahu aleyhi və səlləm –in hədislərində keçdiyi kimi Qiyamətin nə zaman qopacağını Allahdan başqa kimsə bilməz. Onun nə zaman olacağını Allah bilir, nə bir mələyə, nə də bir Peyğəmbərə bildirməmişdir. Qiyamətin nə zaman baş verəcəyini Allahdan başqa kimsə bilməz. Əhli Sünnə Qiyamətin qopma vaxtını Allah tərəfindən bilindiyinə, Allahdan başqa kimsənin onu bilmədiyinə inanırlar. «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir». (Loğman 34). (Ya Muhəmməd!) Səndən Qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq? De ki: «O, ancaq Rəbbimə məlumdur. Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz». (əl-Əraf 187). (Ya Muhəmməd! Müşriklər) Səndən qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar. Sən onun vaxtını nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq sənin Rəbbinə məxsusdur». (ən-Nəziat 42-44). Başa düşüldüyü kimi onun nə zaman olacağına ən son Allah qərar verəcəkdir.

Ömər - radıyallahu anhu – nun rəvayət etdiyi hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Qiyamət saatı haqqında soruşan Cəbrail – əleyhissəlam – a Rəsulullah – sallallahu aleyhi və səlləm – belə cavab vermişdi: «Soruşulan soruşandan cox bilmir»11. Göründüyü kimi həm Cəbrail – əleyhissəlam – həm də Peyğəmbər – sallallahu aleyhi və səlləm – Qiyamətin nə zaman baş verəcəyini bilmirlər. Yenə də Qiyamətə yaxın enməsi böyük əlamətlərdən olan İsa – əleyhissəlam – ın belə Qiyamətin nə zaman olacağını bilmir. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Merac gecəsi İbrahim, Musa və İsa – əleyhimussəlam – ilə qarşılaşdım. Qiyamətin nə zaman olacağını müzakirə edirdilər. İbrahim: “Nə zaman olacağını bilmirəm” dedi. Musa: “Nə zaman olacağını bilmirəm” dedi. İsa: “Nə zaman olacağını Allahdan başqa kimsə bilməz. Allah Dəccəlin çıxdığını mənə xəbər verdi. Mənim əlimdə iki uclu oraq (nizə) olacaq. Dəccal məni gördükdə qurğuşunun əridiyi kimi əriyər və ya Allah onu öldürür” dedi12. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Məndən Qiyamətin nə zaman olacağını soruşursunuz? Onu yalnız Allah bilir. Allaha and olsun ki, yüz il sonra bu gün həyatda olanlardan heç kimsə qalmayacaqdır” deyə buyurdu13.

Lakin sünnə ilə həmən günün hansı olduğu barədə məlumat gəlmişdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günlərin ən xeyirlisi cümə günüdür. O gün Adəm – əleyhissəlam – yaradıldı, o gün Cənnətə salındı, o gün Cənnətdən qovuldu və o gün qiyamət qopacaqdır (Başqa rəvayətdə: «Cümə günü bütün heyvanlar şəfəqdən gün doğuncaya qədər Qiyamət qopar deyə qorxudan qulaqlarını şəkiliyərək dinləyərlər. Yalnız cinlər və insanlar bundan qafildirlər)»14. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günlərin ən xeyirlisi cümə günüdür. O gün Adəm yaradıldı, o gündə vəfat etdi. O, gün sura üflənəcəkdir. O, gündə göydəkilər də, yerdəkilər də öləcəklər. O, gün mənə çox salavat gətirin. Sizin salavatınız harada olsanız mənə çatacaqdır». Biri: «Ey Allahın Rəsulu! Sən çürüdükdən sonra salavatımız sənə necə çatacaqdır?» deyə soruşdu. Peyğəmbər: «Doğrusu Allah Peyğəmbərlərin cəsədlərini yeməyi torpağa haram etmişdir» deyə buyurdu15.

Qiyamətin nə zaman baş verəcəyini heç kəs bilmədiyi kimi, onun əlamətlərinin də nə zaman başlayacağını heç kimsə bilməz.


ƏHƏD HƏDİSLƏRİN ƏQİDƏDƏ DƏLİL OLMASI

Bu mövzunun Qiyamət əlamətləriylə bağlılığı vardır. Çünki əlamətlərin çoxu Əhəd hədislərlər vasitəsilə gəlmişdir. Bəzi kəlam və üsul əhli əhəd hədislərin dəlil olmayacağını, yalnız ayə və hədislərin qəti dəlil olacağını söyləmişlər. Lakin bu söz qəbul edilməz. Çünki əgər bir hədis istər Mutəvatir, istər Əhəd olaraq sağlam yolla bizə çatırsa onunla iman və əməl etmək lazımdır. Əhli Sünnə hədis alimləri belə söyləmiş və dəlil olaraq: “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!”. (əl-Əhzab 36). “Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”. (Ali İmran 32). İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Səhabə və tabiinlərin əhəd hədislərlərə əməl etdiyi bilinir”16. İbn Əbil İzz əl-Hənəfi – rahmətullahi aleyhi - deyir ki: “Ümməti Muhəmməd elm ifadə edən əhəd hədislərlə əməl etməyi qəbul etmişlər. Əhəd hədis mutəvatirin iki bölümündən biridir. Bu barədə Əhli Sünnə alimləri arasında anlaşılmazlıq yoxdur”17. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Hədis əgər səhih olarsa hədisdir. Müsəlmanların hamısı onunla əməl etməyi vacib saymışlar”18.


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə