Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə3/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   2   3   4   5   6   7   8   9   ...   30

www.vivo-book.com 
 
12 
– İstəmirəm. Gedib evdə yeyərəm. Ocağı qalayım?  
– Yox. Bir azdan özüm qalayaram. Bəlkə, daşmanı elə 
soyuq-soyuq yedim. 
– İcazə verirsən, toru götürüm?  
– Əlbəttə, götür. 
Əslində,  qocanın  toru-filanı  yox  idi;  balaca  toru  necə 
satdıqları  oğlanın  yaxşı  yadındaydı.  Onlar  qəsdən  belə 
danışır,  bilə-bilə  hər  gün  özlərini  aldadırdılar.  Heç  üstünə 
guya balıq qoyulmuş sarı düyü daşması da nağıl idi və oğlan 
bütün bunların uydurma olduğunu çox gözəl bilirdi.  
–  Səksən  dörd  uğurlu  rəqəmdir,  –  qoca  gülümsədi,  – 
birdən  sabah  min  girvənkə  ağırlığında  bir  balıq  tutub 
gətirdim, onda nə deyərsən?  
– Gedirəm sardina tutmağa. Toru özüm taparam. Sənsə 
hələlik kandarda otur, özünü günə ver.  
–  Yaxşı.  Məndə  hardasa  dünənki  qəzet  olmalıdır, 
oturub beysboldan nə yazdıqlarını oxuyaram... 
Qocada  həqiqətən  dünənki  qəzetin  olub-olmadığını 
oğlan dürüst bilmirdi; bəlkə bu da uydurma idi. Amma qoca 
çarpayının altından bir qəzet çıxardıb dedi:  


www.vivo-book.com 
 
13 
– Bunu mənə çaxırsatan Periko verdi. 
– Sardina tutan kimi qayıdıb gələcəm. Sənin payını da, 
elə  özümünkünü  də  bir  yerdə  buza  qoyaram,  səhər  tezdən 
bölüşdürərik.  Mən  gələndə  beysbolun  necə  qurtardığını 
deyərsən.  
– “Yankilər”ə dünyasında batan olmaz.  
–  Qorxuram  klivlendlilərin  “Hindular”ı  “Yankilər”i 
birtəhər eləsin.  
– Sən “Yankilər”dən tam arxayın ol, bala, ürəyini buz 
kimi  saxla.  Yaddan çıxartma  ki,  orda  Di  Macio kimi  ustad 
var.  
– Düzü, mən təkcə Klivlendin “Hindular”ından yox, elə 
Detroytun “Pələnglər”indən də qorxuram. 
–  Hə,  görürəm  belə  getsə,  sən  deyəsən  axırda  lap 
Sinsinatanın  “Qırmızılar”ından  da,  Çikaqonun  “Ağ 
corablar”ından da qorxmağa başlayacaqsan.  
– Otur qəzeti oxu, kimin udduğunu mənə deyərsən.  
– Gəlsənə, bir lotereya bileti alaq. Özü də seçib səksən 
beş nömrəli bileti götürək. Sabah səksən beşinci gün olacaq. 


www.vivo-book.com 
 
14 
–  Alaq  da,  –  oğlan  dərhal  razılaşdı.  –  Bəlkə  səksən 
yeddi  nömrəli  bileti  götürək?  Ötən  dəfə  sən  axı  dalbadal 
səksən yeddi gün getmişdin, rekord yadındadır?  
–  Dünyasında  heç  bir  şey  iki  dəfə  təkrarlanmır.  Elə 
bilirsən, səksən beş nömrəli bileti taparsan?  
– Niyə tapıram ki? Sifariş verərəm.  
–  Bir  bilet  iki  dollar  yarımadır.  Kimdən  borc  ala 
bilərik?  
– Borc tapmaq asandır. İki dollar yarımı istədiyim vaxt 
tapa bilərəm.  
– Mənə elə gəlir ki, mən də tapa bilərəm. Amma borca 
düşmək  istəmirəm.  Bir  dəfəyə  bənddir.  İkinci  dəfə  əl  açıb 
dilənəcəksən.  
– Sən kandarda otur, gün düşən yerdə. Özünü gözlə ki, 
soyuq dəyməsin. Bax ha, indi sentyabr ayıdır.  
–  Hə,  iri  balıqlar  həmişə  sentyabrda  gəlir.  Mayda  lap 
nənəm də balıqçı ola bilər, – qoca qımışdı.  
– Mən getdim sardina gətirməyə. 
Oğlan bunu deyib getdi.  


www.vivo-book.com 
 
15 
Geri  qayıdanda  qocanı  oturduğu  yerdəcə  yuxulamış 
gördü.  Gün  artıq  batmışdı.  O,  çarpayının  üstündən  köhnə 
əsgər  ədyalını  götürüb  stulun  söykənəcəyinə  saldı,  qocanın 
kürəyini, çiyinlərini örtdü; bu çiyinlər əcaib dərəcədə qeyri-
adi,  həm  də  möhkəmdi,  çox  möhkəm.  Başı  sinəsinə 
sallandığından qocanın boynundakı qırışlar indi bir o qədər 
sezilmirdi.  Əynindəki  nimdaş  köynək  elə qayığının  yelkəni 
kimi  yamaq-yamaqdı  və  yamaqlar  günün  altında  müxtəlif 
dərəcədə  yandığından  hərəsi  bir  rəngə  çalırdı.  Lakin  hər 
şeydən daha köhnə görünən qocanın sifəti idi və indi gözləri 
yumulu  vəziyyətdə  onun  simasında  zərrə  qədər  də  həyat 
əlaməti  sezilmirdi.  Yalın  ayaqlarının  damarları  çıxmışdı; 
onları,  az  qala,  barmaqla  saymaq  olardı.  Qəzet  əlindən 
sürüşüb dizinin üstünə düşmüşdü; uçub getməsin deyə, qoca 
dirsəyi ilə onu dizinə sıxmışdı. Yüngül meh əsirdi.  
Oğlan qocanı yatdığı kimi də qoyub getdi; qayıdıb hələ 
də  ayılmadığını  gördükdə  isə  əlini  onun  dizinə  vurub 
astadan səsləndi:  
– Dur ey, axşamdır.  


www.vivo-book.com 
 
16 
Qoca  gözlərini  açdı,  bir  anlığa  haradansa,  çox 
uzaqlardan qayıdıb gəldiyini düşündü. Sonra gülümsədi. 
– Hə, nə gətirmisən? – oğlandan soruşdu.  
– Axşam yeməyi, hazırlaş şam eləyək.  
– Mən bir o qədər də ac deyiləm.  
–  Di  yaxın  otur,  yeməyini  ye.  Yeməsən,  balıq  tutmaq 
olar? 
– Acqarına o qədər balıq tutmuşam ki. 
Qoca bunu deyib ayağa qalxdı, qəzeti əlinə alıb qatladı, 
ədyalı da büküb yerinə qoydu. 
–  Ədyalı  çiyninə  sal.  Nə  qədər  mənim  canım  sağdır, 
səni acqarına balıq tutmağa qoymaram.  
–  Onda  özündən  muğayat  ol  ki,  lap  çox  yaşayasan,  – 
qoca dedi. – Yaxşı, yeməyə nəyimiz var?  
–  Düyü  ilə  qara  paxla,  banan  qızartması,  bir  də  mal 
ətinin soyutması. 
Oğlan  Terraslakı  balaca  restorandan  iki  tənəkə  qabda 
yemək,  iki  çəngəl,  iki  bıçaq,  iki  qaşıq  gətirmişdi;  hər  dəsti 
də ayrılıqda kağız əlsilənə büküb cibinə soxmuşdu.  
– Bunları sənə kim verdi?  


www.vivo-book.com 
 
17 
– Martin, restoranın sahibi. 
– Onu görəndə gərək razılıq edəm...  
–  Mən  sənin  əvəzindən  də  dil-ağız  elədim,  daha  sən 
əziyyət çəkməyə bilərsən.  
– İri balıq tutanda qarnının altındakı yumşaq ətdən ona 
kefin istəyən ləzzətli pay göndərərəm. Martin bizə tez-tez əl 
tutur, birinci dəfə deyil ki.  
– Yox, birinci dəfə deyil.  
–  Amma  dediyim  pay  az  olar.  Mən  gərək  ona  nəsə 
əməlli-başlı  bir  şey  verim.  Hə,  ona  əsl  yaxşılıq  etməliyəm. 
İnsafən, o, bizim əcəb qeydimizə qalır.  
– Hələ bu gün pivə də verdi. 
– Mənim ən çox xoşladığım pivə banka pivəsidir. 
– Hə, bilirəm, amma bu gün butulka pivəsi verib. Özü 
də Hauti pivəsidir. Boş şüşələri sabah aparıb qaytarmalıyam. 
–  Yadından  çıxmasın,  mütləq  apar  ver.  Yaxşı,  bəs 
yemək hazırdır? 
– Əlbəttə, hazırdır, – oğlan ədəblə dilləndi. – Bayaqdan 
səni  gözləyirəm  ki,  keçib  oturasan.  Sənsiz  qabın  ağzını 
açmaq istəmirəm.  


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə