Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 274,92 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü274,92 Kb.
#68680


Əmtəə birjası haqqında 

Azərbaycan Respublikasının Qanunu 

 

Bu  Qanun  Azərbaycan  Respublikası  ərazisində  əmtəə  birjalarının  yaradılması  və 



fəaliyyəti,  birja  ticarəti,  əmtəə  birjalarında  fəaliyyətin  hüquqi  təminatları  üzrə 

münasibətləri tənzimləyir. 



I fəsil. Ümumi müddəalar 

Maddə 1. Əmtəə birjası və birja ticarəti haqqında qanunvericilik  

Əmtəə  birjalarının  fəaliyyəti  və  birja  ticarəti  ilə  bağlı  olan  münasibətlər  bu 

Qanunla  və  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktları  ilə,  habelə 

birjaların  qanunvericiliyə  müvafiq  qəbul  olunmuş  təsisat  sənədləri,  birja  ticarəti 

qaydaları və birjaların digər daxili sənədləri ilə tənzimlənir. 

Əmək,  fond  və  valyuta  birjalarının,  həmçinin  əmtəə  birjalarının  fond  və  valyuta 

şöbələrinin fəaliyyəti ilə bağlı münasibətlər bu Qanunla tənzimlənmir. 

Maddə 2. Qanunda istifadə olunan əsas anlayışların izahı  

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaya malikdir:  

 

«Əmtəə  birjası»  -  müəyyən  edilmiş  birja  qaydaları  əsasında  əvvəlcədən 



təyin  olunmuş  yerdə  və  vaxtda  aşkar  kütləvi  sövdələşmə  şəklində  həyata 

keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və 

(və  ya)  fiziki  şəxslərin  könüllü  birliyi  əsasında  yaradılan  hüquqi  şəxs 

statuslu təşkilatdır.  

 

«Birja  əmtəəsi»  -  birja  tərəfindən  müəyyənləşdirilmiş  qaydada  birja 



ticarətinə buraxılmış və dövriyyədən çıxarılmamış əmtəə, o cümlədən həmin 

əmtəə  üzrə  standart  kontraktdır.  Hər  hansı  daşınmaz  əmlak  və  ya  əqli 

mülkiyyətin obyekti birja əmtəəsi ola bilməz.  

 



«Birja  əqdi»  -  birja  sövdələşmələri  gedişində  birja  əmtəəsi  üzrə  birja 

ticarətinin  iştirakçıları  arasında  (öz  adlarından  və  ya  üçüncü  şəxslərin 

tapşırığı ilə) bağlanan və müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş 

müqavilədir (sazişdir).  




 

«Məzənnə»  -  əqd  bağlananda  satıcıları  və  alıcıları  istiqamətləndirməkdən 



ötrü  müəyyən  müddət  və  ya  vaxt  üçün  tələb  və  təklifi  nəzərə  almaqla 

əmtəələrin qiymətini aydınlaşdırmaq və qeydə almaqdır.  

 

«Broker» - birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından 



onun  hesabına,  müştərinin  adından  öz  hesabına,  yaxud  öz  adından 

müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir.  

 

«Diler»  -  birja  əqdlərinin  müəyyənləşdirilmiş  qaydada  öz  adından,  öz 



hesabına  bağlanmasını  həyata  keçirən  və  sonradan  onu  birjada  satmaqla 

məşğul olan birja vasitəçisidir. 



Maddə 3. Əmtəə birjasının hüquqi statusu  

1.  Əmtəə  birjası  (bundan  sonra  birja)  müstəqil  hüquqi  şəxsdir  və  Azərbaycan 

Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş təşkilat şəklində yaradılır. 

2. Birja bilavasitə birja ticarətinin təşkili və onun tənzimlənməsi ilə bağlı fəaliyyəti 

həyata keçirir. 

3. Birja bilavasitə birja ticarətinin təşkili ilə bağlı olmayan kommersiya fəaliyyəti 

ilə məşğul olmur və mənfəət (gəlir) götürməyi qarşısında məqsəd qoymur. 

Maddə 4. Əmtəə birjasının fəaliyyətinin əsas prinsipləri  

Birja  öz  fəliyyətini  birja  ticarəti  iştirakçılarının  hüquq  bərabərliyinin  təmin 

edilməsi,  sərbəst  (bazar)  qiymətlərin  tətbiqi,  birja  ticarətinin  aşkarlığı  prinsipləri 

əsasında həyata keçirir. 



Maddə 5. Əmtəə birjasının hüquqları və vəzifələri  

Birjanın aşağıdakı hüquqları vardır:  

 

bu  Qanuna  və  Azərbaycan  Respublikasının  digər  qanunvericiliyinə  uyğun 



bütün  birja  iştirakçıları  üçün  məcburi  sayılan  birja  ticarəti  qaydasını 

müəyyənləşdirmək;  

 

dövlət  standartlarını  nəzərə  almaqla  nümunəvi  kontraktlar  işləyib 



hazırlamaq;  

 



gün  ərzində  birja  əqdlərinin  qiyməti  birja  komitəsi  (birja  şurası)  tərəfindən 

müəyyənləşdirilmiş  həddən  çox  dəyişilərsə,  birja  ticarətini  müvəqqəti 

dayandırmaq;  

 



birjada  qeyri-birja  əqdləri  bağlanmasını  həyata  keçirən  birja  iştirakçılarına 

qarşı nizamnamədə nəzərdə tutulmuş sanksiyaları tətbiq etmək;  




 

birja  əqdlərində  mübahisələri  həll  etmək  üçün  münsiflər  məhkəməsi 



səlahiyyətində arbitraj komissiyası yaratmaq;  

 



digər  birjalarda,  o  cümlədən  xarici  ölkə  birjalarında  öz  nümayəndəsini 

saxlamaq;  

 

birja bülleteni, soraq kitabçaları və digər məlumat və reklam informasiyaları 



dərc etmək. 

Birjanın aşağıdakı vəzifələri vardır:  

 

birja ticarətinin həyata keçirilməsi üçün şərait yaratmaq;  



 

birja üzvlərinə və iştirakçılarına təşkilati və digər xidmətlər göstərmək;  



 

birja  iştirakçılarının  tələbi  ilə  birjada  ağlı-satqı  obyekti  olan  real  əmtəənin 



keyfiyyətinin ekspertizasını təşkil etmək. 

Maddə 6. Birja ittifaqları, assosiasiyaları və digər birlikləri  

1. Birjalar öz fəaliyyətini əlaqələndirmək, öz üzvlərinin mənafelərini qorumaq və 

birgə  proqramları  həyata  keçirmək  üçün  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  ittifaqlar,  assosiasiyalar  və  digər  birliklər  yarada 

bilərlər. 

Birjalar birgə ticarət təşkil etmək üçün öz aralarında sazişlər bağlaya bilərlər. 

2.  Bu  Qanuna  və  Azərbaycan  Respublikasının  antiinhisar  qanunvericiliyinə  zidd 

olan birja ittifaqlarının, assosiasiyalarının və digər birliklərinin yaradılması, habelə 

birjaların birja ticarətində rəqabəti aradan qaldırmaq, yaxud onu məhdudlaşdırmaq 

məqsədi güdən sazişləri və hərəkətləri qadağandır. 



Maddə 7. «Birja» sözündən istifadə  

«Birja» sözündən özünün firma adında, yaxud işgüzar və ya adi reklam məqsədilə 

yalnız  bu  Qanunda  və  ya  birjalar  haqqında  Azərbaycan  Respublikasının  digər 

qanunvericiliyində nəzərdə tutulmuş qaydada təsis edilmiş hüquqi şəxs istifadə edə 

bilər. 

II  fəsil.  Əmtəə  birjasının  təsis  edilməsi,  idarə  olunması  və  fəaliyyətinə  xitam 

verilməsi 

Maddə 8. Əmtəə birjasının təsis edilməsi və dövlət qeydiyyatı  



1.  Birja  hüquqi  və  (və  ya)  fiziki  şəxslərin  könüllü  birliyi  əsasında  yaradılır  və 

müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçməlidir. Birjanın təsisçiləri 

eyni zamanda onun üzvləri sayılır. 

2.  Dövlət  hakimiyyəti  və  idarəetmə  orqanları,  habelə  dövlət  büdcəsindən 

maliyyələşdirilən təşkilatlar, eləcə də bu Qanunun 11-ci maddəsinin 2-ci bəndində 

göstərilən hüquqi və fiziki şəxslər birjanın təsisçisi ola bilməzlər. 

3. Birja təsisçilər tərəfindən bağlanmış təsis müqaviləsinə əsasən yaradılır. 

4.  Birjanın  hər  bir  təsisçisinin  payı  onun  nizamnamə  fondunun  20  faizindən  çox 

olmamalıdır. 

Maddə 9. Birja ticarətinin təşkili üçün lisenziya  

1.  Azərbaycan  Respublikası  ərazisində  birja  ticarətinin  təşkili  müvafiq  dövlət 

orqanı  tərəfindən  müəyyənləşdirilmiş  qaydada  verilən  lisenziya  əsasında  həyata 

keçirilir. 

2. Birja lisenziya almaq üçün o halda müraciət edə  bilər ki, təsisçilər nizamnamə 

fondunun 50 faizini ödəmiş olsunlar. 

3.  Birja  ticarətinin  təşkili  üçün  lisenziya  birjaya  onun  təsis  sənədlərinin  və  birja 

ticarəti  qaydalarının  bu  Qanuna  və  Azərbaycan  Respublikasının  digər 

qanunvericilik  aktlarına  uyğun  olduğu  müəyyənləşdirildikdən  sonra,  habelə 

sənədləri  lazımi  qaydada  rəsmiləşdirib  ərizə  təqdim  edildiyi  gündən  15  gün 

müddətində verilir. 

4. Birjanın təsis sənədlərinin və birja ticarəti qaydalarının bu Qanunun tələblərinə 

uyğun gəlmədiyi hallarda ona lisenziya verilməkdən imtina edilir. 

5.  Lisenziya  verilmədikdə  təkrar  ərizənin  təqdim  edildiyi  gündən  ən  geci  10  gün 

keçənədək lisenziya verilməsi məsələsinə yenidən baxılır. Birinci dəfə göstərilmiş 

dəyişikliklər  birjanın  təsis  sənədlərinə  və  birja  ticarəti  qaydalarına  daxil 

edilməmişdirsə, lisenziya verilməməsi barədə təkrar qərar çıxarılır. 

6. Birja lisenziyanın verilməməsi, ləğv edilməsi, yaxud qüvvəsinin dayandırılması 

barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 

7.  Lisenziyanın  verilməsi,  ləğv  edilməsi  və  qüvvəsinin  dayandırılması  qaydaları 



müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 


Maddə 10. Əmtəə birjasının ləğv edilməsi  

Birja  onun  ali  idarəetmə  orqanının,  habelə  Azərbaycan  Respublikasının 

qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada  və  hallarda  məhkəmənin  qərarı  ilə 

ləğv edilə bilər. 



Maddə 11. Əmtəə birjasının üzvləri  

1.  Birjanın  nizamnamə  fondunun  yaradılmasında  iştirak  edən  və  (və  ya)  birjanın 

nizamnaməsi  ilə  müəyyənləşdirilmiş  qaydada  üzvlük  haqqı  və  ya  digər  məqsədli 

ödənişlər verən hüquqi və fiziki şəxslər birjanın üzvü sayılır. 

2. Aşağıdakılar birjanın üzvü ola bilməzlər:  

 



bu və ya digər əmtəə birjasının qulluqçuları;  

 



rəhbərləri birjanın qulluqçusu olan müəssisə və təşkilatlar;  

 



ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanları;  

 



banklar, kredit və sığorta təşkilatları;  

 



siyası  partiyalar,  həmkarlar  ittifaqları,  ictimai  birliklər,  dini  və  xeyriyyə 

təşkilatları və fondları;  

 

qanunla sahibkarlıq fəaliyyəti hüququndan məhrum edilmiş fiziki şəxslər. 



3.  Birja  üzvlüyünə  qəbul  və  onun  tərkibindən  çıxma  qaydası  əmtəə  birjasının 

nizamnaməsi ilə tənzimlənir. 

Birja öz üzvlərinə müvafiq şəhadətnamə verir. 

4. Birja üzvlərinin:  

 

bu Qanuna uyğun birja ticarətində iştirak etmək;  



 

birjanın  fəaliyyəti  ilə  bağlı  məsələlərin  həllində  iştirak  etmək,  onun  rəhbər 



orqanlarını seçmək və ora seçilmək;  

 



birjanın bütün xidmətlərindən istifadə etmək, habelə bu Qanunda və birjanın 

nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malikdir. 

5. Birjanın tam və natamam üzvləri ola bilər. 

Tam üzvlərin birjanın bütün bölmələrində (şöbələrində), natamam üzvlərin birjanın 

müəyyən bölmələrində (şöbələrində) birja ticarətində iştirak etmək hüququ vardır. 



Birjanın  tam  və  natamam  üzvləri  birjanın  nizamnaməsinə  uyğun  olaraq 

müəyyənləşdirilmiş qaydada ümumi yığıncaqda səs hüququna malik olurlar. 

6.  Birja  üzvü  birja  ticarətində  iştirak  etmək  hüququnu  müəyyən  müddətdə  yalnız 

bir  hüquqi,  yaxud  fiziki  şəxsə  icarəyə  vermək  hüququna  malikdir.  Bu  barədə 

müqavilə  birjada  qeydiyyatdan  keçməlidir.  Birja  ticarətində  iştirak  etmək 

hüququnun ikinci əldən icarəyə verilməsi qadağandır. 

7. Birja üzvlüyünə qəbuldan imtina etmək, habelə birja üzvlüyündən xaric etmək, 

yaxud  birja  üzvlüyünü  dayandırmaq  qərarından  müəyyənləşdirilmiş  qaydada 

müvafiq məhkəməyə müraciət oluna bilər. 

8.  Birja  təsisçiləri  birja  üzvlərinin  bütün  hüquqlarına  malikdirlər.  Onlar  birjanın 

nizamnaməsində  nəzərdə  tutulan  və  birja  ticarətində  bərabərlik  prinsipini 

pozmayan xüsusi hüquq və vəzifələrə malik ola bilərlər. 

9. Birja üzvləri birja nizamnaməsinin tələblərinə, birja ticarəti qaydalarına, ümumi 

yığıncağın  və  birja  komitəsinin  (birja  şurasının)  qərarına  əməl  etməli,  birjanın 

nəzarət orqanlarına müəyyənləşdirilmiş qaydada zəruri  məlumatları verməli, birja 

fəaliyyəti haqqında məxfi məlumatları və kommersiya sirrini yaymamalıdırlar. 



Maddə 12. Əmtəə birjasının nizamnaməsi  

1.  Birja  təsisçilərin  ümumi  yığıncağında  təsdiq  edilmiş  nizamnamə  əsasında 

fəaliyyət göstərir. Nizamnamədə aşağıdakı məlumatlar göstərilməlidir:  

 



birjanın adı və yerləşdiyi yer;  

 



təsisçilərin tərkibi;  

 



birjanın  idarəetmə  strukturu  və  nəzarət  orqanı,  onların  funksiyaları  və 

hüquqları, qərar qəbul etmə qaydası;  

 

nizamnamə fondunun məbləği;  



 

daimi fondların siyahısı və onların formalaşdırılması qaydası;  



 

birja ticarəti qaydalarının hazırlanması və qəbulu qaydası;  



 

birja üzvlərinin maksimum sayı;  



 

birja  üzvlüyünə  qəbul,  birjada  üzvlüyün  dayandırılması  və  ona  xitam 



verilməsi qaydası;  

 



birja üzvlərinin və birja ticarətinin digər iştirakçılarının hüquq və vəzifələri;  

 



birja ticarəti iştirakçıları arasında yaranan mübahisələrin həlli qaydası. 

2.  Nizamnamədə  birjanın  yaradılması  və  fəaliyyəti  ilə  bağlı  digər  məsələlər  də 

nəzərdə tutula bilər. 



Maddə 13. Əmtəə birjasının idarəetmə orqanları  

1.  Birjanın  ali  və  idarəetmə  orqanı  onun  üzvlərinin  ümumi  yığıncağıdır.  Ümumi 

yığıncaqlar  arasındakı  müddətdə  əmtəə  birjasına  rəhbərliyi  birja  komitəsi  (birja 

şurası) həyata keçirir. 

2. Birjanın nəzarət (təftiş) komissiyası onun nəzarət orqanıdır. 

3.  Birja  komitəsi  (birja  şurası)  və  nəzarət  (təftiş)  komissiyası  əmtəə  birjası 

üzvlərinin  ümumi  yığıncağı  tərəfindən  seçilir,  onların  səlahiyyəti  və  hüquqları 

əmtəə birjasının nizamnaməsi ilə müəyyənləşdirilir. 

4.  Əmtəə  birjasının  fəaliyyətinə  operativ  rəhbərliyi  birja  komitəsinin  (birja 

şurasının) təyin etdiyi idarə heyəti həyata keçirir. 

İdarə  heyəti  birjanın  fəaliyyət  göstərməsini  təmin  edir  və  onun  bütün  struktur 

bölmələrinə rəhbərlik edir. 

Birjanın  struktur  bölmələri  birja  komitəsinin  (birja  şurasının)  təsdiq  etdiyi 

əsasnaməyə uyğun fəaliyyət göstərir. 



Maddə 14. Birja ticarəti qaydaları  

1.  Birja  ticarəti  qaydaları  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 

olaraq  işlənib  hazırlanır  və  birja  üzvlərinin  ümumi  yığıncağı  tərəfindən  təsdiq 

edilir. 


Birja  ticarəti  qaydaları  birja  əməliyyatlarını  həyata  keçirmək  və  onunla  bağlı 

mübahisəli məsələləri həll etmək üçün əsas sənəd sayılır. 

2. Birja ticarəti qaydalarında aşağıdakılar öz əksini tapmalıdır:  

 



birja əməliyyatları keçirildiyi yer və vaxt;  

 



birja sövdələşməsinin aparılması qaydası;  

 



birja əqdlərinin növləri;  

 



birja  ticarəti  iştirakçılarına  qarşıdakı  birja  sövdələşməsi  haqqında  məlumat 

vermək qaydası;  

 

birja əqdlərinin qeydə alınması və uçotu qaydası;  



 

birja əmtəələrinə məzənnə qoyulması qaydası;  



 

birja ticarəti iştirakçılarına birja sövdələşmələrində birja əqdləri, o cümlədən 



birja əqdələrinin qiymətləri haqqında məlumatlar vermək qaydası;  


 

birja  üzvlərinə  və  birja  ticarətinin  digər  iştirakçılarına  əmtəə  bazarları  və 



birja əmtəələrinin bazar konyunkturası haqqında məlumat vermək qaydası;  

 



birja  əqdləri  bağlanmasında  birja  üzvlərinin  və  birja  ticarətinin  digər 

iştirakçılarının qarşılıqlı hesablaşmalar aparması qaydası;  

 

birjada  qiymətlərin  səviyyəsinin  gün  ərzində  kəskin  surətdə  artmasına, 



yaxud  azalmasına,  süni  olaraq  qiymətlərin  artırılmasına,  yaxud 

azaldılmasına,  qiymətlərə  təsir  məqsədilə  şayiələr  yayılmasına  yol 

verməmək məqsədilə birjada qiymətyaranma prosesinə nəzarət tədbirləri;  

 



birja ticarəti qaydalarını pozmağa görə sanksiyalar;  

 



birja  xidmətindən  istifadəyə  görə  birjaya  ödənilən  ayırmaların,  rüsumların, 

tariflərin və digər ödənişlərin həcmi və onların alınması qaydası;  

 

birjanın iş reqlamenti;  



 

birja  əməliyyatlarını  tənzimləyən  birjanın  idarəetmə  orqanları  tərəfindən 



müəyyənləşdirilmiş digər qaydalar. 

III fəsil. Birja ticarətinin təşkili 

Maddə 15. Birja ticarətinin iştirakçıları, onların hüquq və vəzifələri  

1. Birja üzvləri, birjaya daimi və ya bir dəfə gələnlər birja ticarətinin iştirakçıları 

sayılır. 

2. Birjanın üzvü olmayan, birja sövdələşmələrində iştirak etmək hüququ olmayan 

hüquqi  və  fiziki  şəxslər  birja  sövdələşmələrində  yalnız  birja  vasitəçilərinin 

təmsilçiliyi ilə iştirak edə bilərlər. 

3.  Birja  ticarətində  müəyyənləşdirilmiş  qaydada  birja  ticarətində  iştirak  etmək 

hüququ almış birja vasitəçiləri iştirak də bilərlər. 

4. Broker firması, yaxud müstəqil broker sayılmayan birja üzvləri birja ticarətində 

birja vasitəçisi kimi deyil, öz adından və yalnız öz hesabına, ancaq real malın alğı-

satqısında iştirak edə bilərlər. 

5.  Birja  ticarətində  birja  vasitəçiliyini  yalnız  birja  vasitəçiləri,  təsisçilərin  və 

üzvlərin nümayəndələri, broker firmaları (kontorları) və müstəqil brokerlər həyata 

keçirirlər. 

6.  Birja  ticarətinin  iştirakçıları  öz  hüququ  daxilində  birja  sövdələşmələrini 

bilavasitə öz adından və öz hesabına, yaxud müştərinin adından və onun hesabına, 

yaxud  öz  adından  və  müştərinin  hesabına,  yaxud  müştərinin  adından  və  öz 

hesabına həyata keçirirlər. 




7.  Birja  və  onun  qulluqçuları  birja  sövdələşmələrində  bağlanan  əqdin  tərəfi  kimi 

çıxış edə bilməzlər. 

8.  Birjanın  üzvü  olmayan,  birjanın  nizamnaməsinə  uyğun  olaraq  birja  ticarətində 

iştirak etməyə buraxılmış hüquqi və fiziki şəxslər birjaya gələnlər sayılır. Birjaya 

gələnlər daimi və ya bir dəfə gələnlər ola bilərlər. 

9. Birjaya daimi gələnlər birjanın nizamnamə fondunun yaradılmasında və birjanın 

idarə  edilməsində  iştirak  etmirlər.  Birjaya  daimi  gələnlər  birjanın  xidmətindən 

istifadə  edirlər  və  birja  ticarətində  iştirak  hüququna  görə  birjanın  müvafiq 

idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş məbləğdə haqq verməlidirlər. 

10.  Birjaya  daimi  gələnlər  birja  üzvlərinin  ümumi  sayının  30  faizindən  çox 

olmamalıdır. 

11. Birja ticarətinə bir dəfə gələnlərin yalnız öz adından və öz hesabına real əmtəə 

əqdi bağlamaq hüququ vardır. 

Maddə 16. Birja əqdlərinin növləri  

1.  Birja  ticarətinin  iştirakçıları  birja  sövdələşmələrində  aşağıdakı  əqdləri  bağlaya 

bilərlər:  

 



real malın alğı-satqısına dair, o cümlədən malı dərhal vermək və ya dərhal 

göndərməklə,  yaxud  mal  üzərində  mülkiyyət  hüququna  dair  sənədləri 

verməklə bağlanan əqdlər;  

 



forvard əqdləri - göndərilməsi təxirə salınmaqla real malın alğı-satqısına dair 

əqdlər;  

 

fyuçers  əqdləri  -  birja  əmtəələrinin  göndərilməsinə  dair  standart 



bağlaşmaların (kontraktların) alğı-satqısına dair əqdlər;  

 



opsion  əqdləri  -  birja  əmtəəsinin  və  ya  birja  əmtəəsini  göndərməyə  dair 

kontraktların  gələcəkdə  alğı-satqısı  hüquqlarının  müəyyənləşdirilmiş 

qiymətlərlə alğı-satqısına dair əqdlər;  

 



birja  əmtəəsinin,  kontraktların  və  ya  hüquqların  alğı-satqısına  dair  birja 

ticarəti qaydalarında müəyyənləşdirilmiş digər əqdlər; 

2.  Birja  əqdlərinin  qeydə  alınması  və  rəsmiləşdirilməsi  qaydasını  birja 

müəyyənləşdirir. 

3. Birjanın adından və onun hesabına əqdlərin bağlanılması qadağandır. 



Maddə 17. Birja vasitəçiləri  

1. Birja ticarəti iki yolla - broker və diler fəaliyyəti vasitəsi ilə həyata keçirilir. 

2.  Birja  ticarətində  birja  vasitəçiliyi  yalnız  birja  vasitəçiləri  tərəfindən  həyata 

keçirilir. Broker firması (kontoru) və müstəqil brokerlər birja vasitəçiləri sayılır. 

3.  Azərbaycan  Respublikasının  bu  Qanununa  əsasən  yaradılan  və  fəaliyyət 

göstərən müəssisə broker firması sayılır. 

4. Müəyyənləşdirilmiş qaydada sahibkar kimi uçota alınmış, öz fəaliyyətini hüquqi 

şəxs yaratmadan həyata keçirən fiziki şəxs müstəqil broker sayılır. 

5.  Birja  vasitəçiləri  birja  ticarətində  fyuçers  və  opsion  əqdlərinin  bağlanılmasını 

verilən lisenziya əsasında həyata keçirirlər. 

6. Broker firması (kontoru) və müstəqil brokerlər birja ticarətində bağladıqları birja 

əqdlərinin hər bir müştəri üzrə uçotunu aparmalı və bu məlumatları əqd bağlandığı 

gündən sonra beş il müddətində saxlamalıdır. 

7. Əmtəə birjasında brokerlərin sayını birja komitəsi (birja şurası) müəyyənləşdirir. 

8. Brokerlərə onların iştirakı ilə bağlanmış birja əqdlərindəki kommersiya sirrlərini 

yaymaq,  eyni  zamanda  mənafeləri  bir  birinə  əks  olan  iki  və  daha  çox  müştəriyə 

xidmət etmək qadağandır. 

9. Birja vasitəçiləri ilə onların müştəriləri arasında münasibətlər müvafiq müqavilə 

əsasında müəyyənləşdirilir. 

Birja  öz  səlahiyyəti  daxilində  birja  vasitəçiləri  və  onların  müştəriləri  arasındakı 

münasibətləri  tənzimləyə  bilər,  habelə  müəyyənləşdirilmiş  qaydaları  pozduğuna 

görə birja vasitəçilərinə sanksiyalar tətbiq edə bilər. 

10.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  birja  vasitəçiləri 

ictimai birliklər yarada bilərlər. 



Maddə 18. Birja ticarətində forvard, fyuçers və opsion əqdlərinin bağlanması  

1. Birja ticarətində forvard, fyuçers və opsion əqdlərinin bağlanmasını təmin etmək 

məqsədilə birja müəyyənləşdirilmiş qaydada hesablaşma xidməti (klirinq mərkəzi) 



yaratmaq, yaxud bank (və ya kredit təşkilatı) ilə hesablaşma (klirinq) xidməti təşkil 

etmək haqqında müqavilə bağlaya bilər. 

2. Klirinq mərkəzi aşağıdakı funksiyaları yerinə yetirməlidir:  

 



forvard,  fyuçers  və  opsion  əqdlərinin  həyata  keçirilməsinə  təminat  verən 

haqların növlərini, məbləğini və alınması qaydasını, iştirakçıların bu əqdlər 

üzrə öhdəliklərini tam, yaxud qismən yerinə yetirməməsi üzündən yaranmış 

ziyanın ödənilməsi qaydasını müəyyənləşdirmək;  

 

forvard,  fyuçers  və  opsion  əqdlərinin  müəyyənləşdirilmiş  qaydada 



kreditləşdirilməsini və iştirakçılarının sığortalanmasını həyata keçirmək. 

Maddə 19. Birjada qiymətyaranma qaydası  

1. Birjada əmtəə birja əqdlərinin tərəfləri  arasında razılaşmada müəyyənləşdirilən 

sərbəst qiymətlə satılır. 

2. Birjanın aşağıdakıları müəyyən etməsi qadağandır:  

 

birja ticarətində birja əmtəəsinə qiymət səviyyəsi və hədlər qoymaq;  



 

birja əqdlərinin bağlanmasında vasitəçiliyə görə birja brokerlərinin aldıqları 



haqqın məbləğini təyin etmək. 

Maddə 20. Əmtəə birjasında mübahisələrin həlli qaydası  

1.  Birjada  əqdlərin  bağlanması  zamanı  meydana  çıxan  mübahisələrə  birjanın 

arbitraj komissiyasında baxılır. 

2.  Birjanın  arbitraj  komissiyası  əsas  vəzifəsi  tərəfləri  barışdırmaqdan  ibarət  olan 

orqan kimi yaradılır. 

3. Birjanın arbitraj komissiyasının qərarının icrası tərəflər üçün məcburidir. 



Maddə 21. Əmtəə birjalarının xarici iqtisadi fəaliyyəti  

1.  Bu  Qanunda  və  Azərbaycan  Respublikası  ərazisində  qüvvədə  olan  digər 

qanunvericilik  aktlarında  əmtəə  birjalarına  verilmiş  hüquqlar  daxilində  birja  öz 

fəaliyyətini təşkil etmək məqsədilə öz adından xarici hüquqi şəxslər və vətəndaşlar, 

habelə vətəndaşlığı olmayan şəxslərlə əməkdaşlıq barəsində sazişlər bağlaya bilər. 



2.  Birja  öz  fəaliyyətinin  təşkili  üçün  nəzərdə  tutulmuş  malları  birja  ticarətinə 

çıxarmaq hüququ olmadan idxal etmək barəsində sazişlər bağlaya bilər. 

3.  Birja  ticarətinə  çıxarmaq  üçün  nəzərdə  tutulan  malların  idxal  və  ixracını  birja 

vasitəçiləri,  yaxud  onların  müştəriləri  qanunvericiliklə  müəyyənləşdirilmiş 

qaydada həyata keçirə bilərlər. 

4.  Birjanın  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müəyyənləşdirdiyi 

qaydada  mühüm  məhsulların  ixrac  kvotalarını  hərrac  yolu  ilə  satmaq  hüququ 

vardır. 


Maddə 22. Bu Qanunun pozulmasına görə sanksiyalar  

1.  Bu  Qanunun  3-cü  maddəsinin  3-cü  bəndini,  6-cı  maddəsinin  2-ci  bəndini,  8-ci 

maddəsinin  4-cü  bəndini,  11-ci  maddəsinin  2-ci  bəndini,  15-ci  maddəsinin  7-ci 

bəndini,  16-cı  maddəsinin  3-cü  bəndini,  19-cu  maddəsinin  2-ci  bəndini  pozmuş 

birjaya verilmiş lisenziyanın qüvvəsi lisenziya verən dövlət orqanı tərəfindən 3 ay 

müddətində dayandırıla bilər. 

2.  Birja  bu  maddənin  1-ci  bəndində  göstərilən  müddəaları  pozmaqda  davam 

edərsə,  müvafiq  dövlət  orqanı  birja  ticarətinin  təşkili  üçün  birjaya  verdiyi 



lisenziyanı ləğv etmək hüququna malikdir. 

Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV 

Bakı şəhəri, 25 may 1994-cü il 

№ 803 

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 avqust 1994-cü il, № 160). 

«Azərbaycan  Respublikasının  Ali  Sovetinin  Məlumatı»nda  dərc  edilmişdir 

(1994-cü il, № 16, maddə 211). 

5  noyabr  1996-cı  il  tarixli,  188-IQD  nömrəli;  5  oktyabr  2001-ci  il  tarixli,  190-

IIQD nömrəli; 10 iyun 2005-ci il tarixli, 925-IIQD nömrəli; 9 oktyabr 2007-ci il 

tarixli,  429-IIIQD  nömrəli;  9  oktyabr  2007-ci  il  tarixli,  430-IIIQD  nömrəli 

qanunlara əsasən dəyişikliklər və əlavələrlə. 


 

 

Yüklə 274,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə