«Gic-gic danışma! – müəllimin sifəti ağardı. – Qarğa dövlət qardaşımızın nəyinə
lazımdı?»
«Belə de..e! Bəs onda qarğa balalarını kimin üçün tuturdun? Demək, özünə
lazımmış, amma dövlət qardaşımızın adından istifadə eləyirmişsən! Cəhənnəm ol!»
Oğlan deyinə-deyinə çıxıb getdi, balaları xilas olsa da, qarğa narazı qalmışdı,
donquldanır, onu nankor adlandırırdı.
Bu ona möhkəm toxundu, Kimin nankor olduğu bəlli oldu. Mən sağ ol eşidəcəyimi
zənn eləmişdim, amma oğraş qarğa mənə nankor deyir! Qırmızı-qırmızı deyir, heç
utanıb xəcalət də çəkmir!
«Va…ah! – qarğa qanadlarını çırpdı. - Məni biologiya müəlliminə vermək istəyən
birisinə sağ ol deməliymişəm? Demərəm!»
«Cəhənnəmə demə! Səni tuta bilməyəcəyini bilirdim, ona görə dedim».
Samovarı yandırdı, çay dəmlədi, çaya qoyunqıran çiçəklərindən də atmışdı, içdikcə
çiçəklərin xoş qoxusunu ciyərlərinə çəkirdi. Qarğa üçün evdən boyat kartof
soyutması, dən gətirib səpdi.
- Sənə bir şey danışımmı? – qarğadan soruşdu.
- Danışma.
- Niyə?
- Nə danışacağını bilirəm, - qarğa dənləməsinə ara vermədən qarıldadı.
- Bilirsən?
- Hə! Səkkiz oğlan bir qız imişsiniz…
- Yum! – nifrətlə dedi.
Oğraş qarğadan bundan artıq nə gözləyəsən? Nə danışacağımı bilir, daha qulaq asa
bilməz! Nə olar bir də qulaq asanda, qanadların qırılar, ya qarnına sancı dolar?
Nankor!
Qarğayla söhbətləşməkdən özünü saxlaya bilmirdi. Sizin tayfa uzun ömürlü olur,
deyirdi, məndən çox yaşayacaqsan. Mən öləndən sonra ara-sıra gəlib qəbrimə baş
çəkərsən. Heç olmaya dostlarım məni unutmayıblar deyə təskinlik tapım.
«Yaxşı», - qarğa söz verdi.
Qaranlıq düşəndən sonra musiqi müəlliməsi gəldi, qız kotlet bişirib gətirmişdi, onu
məzəmmətləyirdi, səndən olsa dilinə pendirdən, pamidordan başqa heç nə
vurmazsan. Evə keçib süfrə açdılar, qız şərab içdikcə yanaqları allanırdı.
- Mən ərə gedəndən sonra neyləyəcəksən?
- Çıxıb gedəcəyəm.
- Hara? – qız maraqla soruşdu.
- Rusiyətə.
- Orda darıxmayacaqsan?
- Bilmirəm, - çiyinlərini çəkdi.
Yataq otağına keçəndə yenə də qızın şıltaqlığı tutmuşdu.
Hə, necədi, şalvar çıxartmaq sənə çətinmi gəlir, iştahan qaçıb eləmir?
Yox, o da mızıldanırdı, nə olur-olsun, təki səni soyundura bilim.
Səhər qız oyanıb gedəndən sonra daha yata bilmədi, yuxusu qaçmışdı. Geyinib
həyətə düşdü, artıq səhər açılır, şərqdə dənizin üzərindən asıla qalan günəş nəhəng
qırmızı şarı xatırladırdı.
Həyətdəki çobanyastıqlarının üzərinə şeh qonmuşdu, şehdən təravətlənmiş otlar,
çiçəklər daha da utancaq görünürdülər.
Cücələri açıb dən səpdi, qarğanın gözü qorxmuşdu, cücələrə gicitkan bağlamasa da,
cücələrə toxunmurdu.
Samovarı yandırıb vələs kötüyünün üstündə oturdu. Çay içir, baxışlarını səhər mehi
əsdikcə xəfifcə dalğalanan çobanyastığı çiçəklərindən çəkə bilmirdi.
Günəş yüksəldiyindən evi, həyəti, çölü çobanyastığı, yarpız qoxusu başına
götürmüşdü.
Birdən qarğanını həyəcan dolu səsini eşitdi, ayağa qalxıb bağa qaçdı, arıq, zənci kimi
qapqara bir oğlan qovaq ağacına dırmaşırdı. «Ey! – oğlanı səslədi. – Neyləyirsən?»
Oğlan narazı halda ona tərəf döndü.
«Mən baytar həkimiyəm, monitorinq keçirdirik. Quş qripinə görə».
«Sən indi bu monitorinqini nə cür keçirəcəksən?»
«Qarğa balalarını laborotoriyaya aparıb orda yaracaq, müayinə eləyəcəyəm!»
« Sən nə deyib qarğalarımı məndən icazəsiz tutursan, hələ bir yarırsan da! Adamın
özünü yararlar, özü də ortadan! Labarotoriyaya aparmadan, elə yerindəcə, balta ilə!
Düş aşağı!»
«Sən mənimlə belə danışa bilməzsən! Mən vəzifə başındayam, dövlət qardaşımızın
göstərişini yerinə yetirirəm!»
«Qardaşım, dövlət qardaşımızın bir işi-gücü yoxmu? Düş aşağı, yoxsa yarma
əməliyyatına başlayıram!»
Baytar həkimi döyükdü, onun niyətində ciddi olduğunu hiss edib, aşağı sürüşdü, yerə
düşüb üst-başını çırpdı və onu hədələyərək çıxıb getdi.
Qayıdıb vələs kötüyünün üzərində təzəcə oturmuşdu ki, oğlan gəldi, salam vermədən
qarşısında durmuşdu, sifətinin çoxunu eynək tutmuş varlığa heyrətlə baxırdı.
- Demişdimmi müəllimə ilə işin olmasın?
- Demişdin, - təsdiq elədi.
- Demişdimmi işin olsa öldürərəm?
- Demişdin.
- Amma sən qulaq asmadın.
- Onda nə olacaq? – gülüşünü güclə boğurdu.
- Öləcəksən.
Oğlan iri mətbəx bıçağını arxasında gizləyibmiş, ani bir hərəkətlə çıxarıb ürəyinin
başından necə vurdusa, sanki ürəyinə qızmar dəmir parçası saldılar.
Nə baş verdiyini anlaya bilmir, qorxu dolu baxışlarını oğlana zilləyib heyrətlə baxırdı.
Dözülməz ağrı artıq təpədən dırnağa kimi özünü hiss elətdirməyə başlasa da, hələ də
baş verənlərə, oğlanın belə ani, qorxub çəkinmədən onu vurmasına inana bilmirdi.
Oğlan bıçağı dartıb çıxartdı, qaldırıb bir də vurmaq istədi, amma onun gözlərinə
baxıb birdən qışqırdı, bıçağı yerə ataraq qaçıb getdi.
Sinəsi ilə qan şorranıb axırdı, bir təhər ayağa qalxıb yaxınlıqdakı çobanyastığı
çəmənliyinə kimi gedə bildi və səntirləyib arxası üstə çiçəklərin arasına yıxıldı.
- Səni vurublar? – qarğa soruşdu.
- Hə, - dedi, - səndən bir xahişim var.
- Nəymiş? – qarğa qarıldadı.
- Öləndən sonra gözlərimi sən oymazsan, didməzsən.
- Sənin üçün nə fərqi? Mən oymasam da başqa qarğalar oyacaq.
- Oğraş qarğa, sən oyma, başqaları ilə nə işin? Sən gözlərimi oyanda ölmüş olsam
belə, fani dünyadakı dostlarımın namərd olduqları məni yandıracaq.
- Yaxşı, oymaram.
- Söz?
- Söz! – qarğa onu əmin elədi.
Sənə bir dəfə danışmaq istəyirdim, amma qulaq asmadın, qarğaya deyirdi. O qızın
vaxtından tez oğlu oldu. Hərə bir söz deyirdi. Nə demiş olsalar belə mən onu unuda
bilmirdim. Hara getdimsə, harda oldumsa, səsi, gülüşü qulaqlarımdan çəkilmədi,
gözlərimin qabağında donub qalmışdı. Əsgəriliyimi çəkəndən sonra bir az pul yığdım
və gəlib bu evi aldım. Qonşum yeddi oğlanın dəlicəsinə vurulduğu, əsla unuda
bilmədiyim həmən o qız idi, əri ölmüşdü. Gözəlliyindən əsər qalmamışdı, qocayla
yaşamaq onu vaxtsız qocaltmışdı. Oğlu isə artıq böyümüşdü, adam öldürməyə gücü
çatacaq qədər….
- Ölürsən? – qarğa həyəcanla soruşdu.
Dostları ilə paylaş: |