Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,76 Mb.
səhifə1/12
tarix20.09.2017
ölçüsü0,76 Mb.
#1094
  1   2   3   4   5   6   7   8   9   ...   12

ELMİ-PRAKTİKİ KONFRANSIN MATERİALLARI)

Məcmuədə elmi-praktiki konfrans iştirakçılarının məruzə və çıxışlarının tezisləri.

Tədqiqatçı, alim, müəllim, maqistrant və tələbələr üçün nəzərdə tutulur

Nəşr Qadın Şəbəkə Proqramı: ACİ - Yardım Fondu və BMT-nin Qadınlar üçün İnkişaf Fondu (UNİFEM) tərəfindən maliyyələşdirilmişdir

PLENAR İCLAS

Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri

ZƏHRA QULİYEVANIN konfrans iştirakçılarına salamı

Qərb Universitetin rektor əvəzi

Zenfira Məmmədovanın salamı

Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən Universitetimizin təsisçisi, professor Hüseyn Bağırovun adından, Universitetimizin əməkdaşları adından sizi salamlayıram. Dəvətimizi qəbul edərək konfransda iştirak etdiyiniz üçün sizə öz minnətdarlığımızı bildirir və bir daha xoş gəlmisiniz deyirəm. Əminəm ki sizin iştirakınızla konfrans işini müvəffəqiyyətlə davam etdirəcək və uğurla başa vuracaq.

"Müasir sosial-siyasi dəyişikliklər kontekstində gender təhsilinin inkişafı" mövzusuna həsr olunmuş bu elmi-praktik konfrans ümummilli liderimiz Heydər Əliyevin "Ölkədə gedən islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması" barədə fərmanını əsas tutaraq 2000-ci ildə Qərb Universiteti nəzdində təsis olunan və Lidiya xanım Rəsulovanın rəhbərliyi altında fəaliyyət göstərən Gender araşdırmaları Mərkəzinin keçirdiyi 3-cü konfransdır.

İstər bu gün, istərsə də bundan əvvəl "Sosial və humanitar fənlərə gender nəzəriyyəsinin inteqrasiyası", "Ali təhsil sistemində gender problemləri təliminin nəzəri-metodoloji aspektləri" mövzularında keçirilən elmi-praktik konfranslar, dəirmi masalar və seminarlar Mərkəzin azmüddətli fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlərin sübutudur.

Fəaliyyəti bu gün cəmiyyətimiz üçün çox vacib olan gender probleminə və yeni insan şüurunun formalaşmasına yönəldilmiş Mərkəzin əsas qayəsi sosial həyatın təhlilində Azərbaycan cəmiyyəti üçün yeni olan gender üsulunun yayılması və inkişafı, bu üsulun elmi-tədqiqatlara və tədris proqrmlarına inteqrasiyasıdır.

Mərkəz öz tərkibində 11 ali təhsil müəssisəsini və Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən 42 müəllim və tədqiqatçı cəmləşdirir.

Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində tədqiqatçılar tərəfindən

Azərbaycan tarixində gender aspekti,

Politologiyanın gender aspekti,

Fəlsəfənin gender aspekti,

Gender sosiologiyası,

Gender və mədəniyyət,

Gender probleminin psixoloji aspektləri,

İqtisadi nəzəriyyənin gender aspekti,

Gender tədqiqatlarının hüquqi aspektləri,

Azərbaycan Respublikası əhali məşğulluğunun gender aspektləri

kimi 9 sosial və humanitar fənn üzrə tədris proqramları hazırlanmış və çap olunmuşdur.Bütün tədris proqramları Respublikanın Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş və ali təhsil müəssisələrinə göndərilmişdir.

Hazırlanmış tədris proqramları əsasında tədqiqatçılarımız mühazirə kursları hazırlamış, "Gender: tarix, cəmiyyət, mədəniyyət" toplusu, Gender təliminə dair metodiki vəsait Mərkəz tərəfindən çap olunmuşdur.

Mərkəz Təhsil Nazirliyinin dəstəyi ilə 2003-cü ilin mart-iyun aylarında ali təhsil müəssisələrinin sosial-humanitar yönümlü müəllimləri üçün Qərb Universitetinin nəzdində treninqlər keçirmiş və 221 dinləyiciyə sertifikat vermişdir.

Bütün bunlar gender təliminin tədris proqramlarına və elmi tədqiqatlara inteqrasiyasına geniş imkan yaradmışdır.

Gender Araşdırmaları Mərkəzinin fəaliyyəti müddətində Universitetimizin müəllimləri tərəfindən Politologiyanın gender aspekti, Gender sosiologiyası, Gender və mədəniyyət, Gender probleminin psixoloji aspektləri, İqtisadi nəzəriyyənin gender aspekti, Gender tədqiqatlarının hüquqi aspektləri, Azərbaycan Respublikası əhali məşğulluğunun gender aspektləri, Amerika ədəbiyyatında qadın yazıçılarının həyat və yaradıcılığı, İslamda qadın, gender və ailə kimi seçmə fənlər tədris olunmuşdur. Gender komponenti tədris olunan əksər fənlərə inteqrasiya edilmişdir ki, bu da tələbələr tərəfindən böyük maraqla qarşılanmış, təqdim olunan materialın mənimsənilmə faizini yüksəldmiş və gənclərimizdə gender şüurunun formalaşmasına şərait yaradmışdır.

Bundan əlavə gender mövzusu diplom və magistr işlərinə daxil edilmişdir. Tələbələrimiz "Azərbaycanda qadınların hüququ", "Gender bərabərliyi və siyasət", "Genderdə əmək hüquqlarının müdafiəsi", "Gender bərabərliyi və onun dövlət siyasətinə təsiri", "Cinayət hüququnda gender asimmetriyası", "Qadınların əmək hüquqlarının beynəlxalq hüquqi müdafiəsi" və s. kimi buraxılış və dissertasiya işləri üzərində çalışmışlar. Artıq bir neçə ildir ki, Universitetimizdə keçirilən ənənəvi Tələbə Elmi Konfranslarında tələbələrimiz gender məsələləri ilə bağlı məruzələrlə çıxış edirlər.

Universitetimizin tələbələri arasında "Hər şəkildə...Gender" müsabiqəsi keçirilmiş və qaliblər mükafatlandırılmışlar.

Gender Araşdırmaları Mərkəzi fəaliyyətə başladığı ilk gündən onun işi ilə həm yerli , həm də xarici mütəxəssislər maraqlanmış ,

- BMT-nin qadınlar üçün inkişaf fondunun "Qadınlar Cənubi Qafqazda münaqişənin qarşısının alınması və sülh yaradılması uğrunda" layihəsinin baş texniki məsləhətçisi Patrisiya MakFillips,

- Beynəlxalq İnkişaf üzrə ABŞ-ı agentliyinin Azərbaycanda gender məsələləri üzrə məsləhətçisi Syüzen D.Somak,

- İ.Drexanç-Zijilstr başda olmaqla Hollandiya qadınları birliyinin üzvləri,

- Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu Qadın Şəbəkə proqramının direktoru Anastasiya Pasadskaya-Vanderberq,

- Andreya Peto başda olmaqla Mərkəzi Avropa Universitetinin (Budapeşt ş.) professorları,

- Gender üzrə beynəlxalq seminar iştirakçılarından Sabançı Universitetindən (İstambul) Ayşə Altinay, Uels Universitetinin elmi mərkəzinin direktoru Keyt Filips,

- Kanzas Universitetinin professoru Levis A.Mennerik və bir çox başqa qonaqlar Universitetimizə gələrək Mərkəzin işi ilə yaxından tanış olmuşlar.

2003-cü ilin dekabr ayında Qərb Universitetinin Elmi Şurasında Mərkəzin "Azərbaycanda gender təhsili inkişafının əsas problemləri və onların milli səviyyədə həll edilməsi" mövzusunda gender təhsilinin strategiyası müzakirə edilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmişdir.

2004-cü ildən etibarən Gender Araşdırmaları Mərkəzinin tədqiqatçıları 6 sosial və humanitar fənn: Filologiya, Konfliktologiya, Jurnalistika, İncəsənətşünaslıq, Antropologiya, Ekologiya üzrə tədris proqramlrının və dərs vəsaitlərinin hazırlanması ilə məşğul olurlar.

Hal-hazırda Mərkəz işini davam etdirir. Bu günkü konfrans da Mərkəzin uğurlu işinə nümunədir. Hörmətli konfrans iştirakçıları sizə işinizdə müvəffəqiyyətlər arzulayıram.

Lidiya Rəsulova

Gender Araşdırmaları Mərkəzinin rəhbəri

Gender münasibətləri: XXI-ci əsrdə ali təhsil məktəblərinin perspektivləri

Sivilizasiyanın inkişafının yeni qlobal problemi - insanın dəyişən dünyada problemidir. Məhz buna görə son illər təhsil probleminə daha çox diqqət yetirilir. Təhsil sistemi cəmiyyətdə yalnız texnoloji və sosial-iqtisadi inkişafın ən mühüm amili kimi deyil, həm də sivilizasiyanın yaşayıb qalması, onun qlobal iqtisadi mənəvi böhrana üstün gəlməyi üçün strateji faktor kimi dərk edilməyə başlayır.

Təhsil sistemləri cəmiyyətləri formalaşdırır və xidmət etdikləri cəmiyyətlər tərəfindən formalaşdırılır. Bu məktəbəqədər proqramlardan başlayaraq, Ali təhsili başa vurduqdan sonra təkmilləşdirmənin ən yüksək səviyyə də daxil olmaqla, təhsilin bütün səviyyələri üçün ədalətlidir. Müasir cəmiyyət daha da çox biliklərə əsaslanır, çünki hal-hazırda ali təhsil və elmi tədqiqatlar insanın, cəmiyyətlərin və milliyətlərin mədəni, sosial-iqtisadi və ekoloji cəhətdən dayanıqlı inkişafının ən mühüm komponentləri kimi təzahür edir.

YUNESKO-nun 9 oktyabr 1998-ci il tarixində, Parisdə keçirilən konfransında qəbul edilmiş "XXI əsr üçün ali təhsil haqqında Ümumdünya deklarasiyası: yanaşmalar və praktiki tədbirlər" sənədində qeyd edildiyi kimi, ali təhsilin son məqsədi, zorakarlığın və istismarın nə olduğunu bilməyən yeni cəmiyyətin yaradılmasıdır. Bu məqsədlərə nail olmaq üçün, müasir üsulların tətbiqi ilə tədris proqramlarının yenidən işlənməsi tələb olunur. Belə yenidən işlənmiş proqramlar kişi və qadınların bərabərlyi aspektini nəzərə almalıdır, bundan əlavə, gender baxışlarının bütün fənlərdə nəzərə alınması zəruridir. Təhsilin yeni üsulları həmçinin yeni tədris-metodiki vəsaitlərin də olmasını tələb edir. Onlar, yalnız yadda saxlama qabiliyyətini deyil, həm də anlama qabiliyyətini, əməli iş vərdişlərini və yaradıcılığı inkişaf etdirəcək, yeni testləşdirmə üsulları ilə uyğunlaşdırılmalıdır.

80-ci illərin əvvələrində "gender" anlayışının şərhi, onun müəyyən bir kompleks və ya daha dəqiq desək, bütün sosial proseslərdə müxtəlif formalarda mövcud olan, qurulan və təkrar istehsal olunan bir sistem kimi başa düşülməsi istiqamətində dəyişilmişdir. "Gender" terminin hər şeydən öncə "qadınların öyrənilməsi" kimi nəzərdə tutulması durumu gender tədqiqatlarının kişi və qadınların mədəniyyətlər və cəmiyyətlərdə birgə mövcudluğunun bütün formalarının tədqiqatları kimi başa düşülməsi ilə əvəz olunmuşdur. Gender təhlili dairəsinə hər iki cins, onların öz aralarındakı münasibətlər və müxtəlif səviyyəli sosial sistemləri ilə onların qarşılıqlı əlaqələri və qarşılıqlı determinasiyaları daxildir. Biz razılaşmalıyıq ki, gender - bioloji cinsdən böyük bir məvhumdur: o, kişi və qadınların, xüsusi coğrafi və tarixi kontekstdən yaranan, ictimai, iqtisadi, və siyasi gözləmlərinin sosial konstruktdur. Başqa sözlə, cəmiyyət "əsl" kişi və qadın nə olması üçün müxtəlif mənalar qurur və bu mənalar zaman ötdükcə dəyişir. "Gender" termini bu mənaların dəyişkənliyini və ya axıcılığını əks etdirir.

Əgər yenidən "XXI əsr üçün ali təhsil haqqında Ümumdünya deklarasiyası: yanaşmalar və praktiki tədbirlər" (maddə 4 "Qadınların iştirakının genişləndirilməsi və rolunun yüksəldilməsi") sənədində müraciət etsək, biz görərik ki, burada gender tədqiqatlarının qadınların vəziyyəti məsələləri üzrə tədqiqatlar kimi başa düşülməsi öz əksini tapmışdır. Gender tədqiqatları məsələlərinə dair yanaşmalarda mövcud olan fərqlərə baxmayaraq, etiraf etmək lazımdır ki, istənilən sosial tədqiqatlar zamanı gender amilinin nəzərə alınması zəruridir, genderin özünün təhlili isə - mühüm, aktual və zəruri mövzudur.

Çağdaş demokratik cəmiyyətdə mədəni dəyərlər, o cümlədən, gender sistemi də dəyişir. Tədricən klassik baza gender kontraktı, patriarxat iyerarxiyası əvəzinə kişi və qadınların hüquq və imkanlarının həm ictimai (siyasət, təhsil, digər peşələr, mədəni həyat), həm də privat sahədə bərabərləşdirən "bərabər status" kontraktı ilə sıxışdırılıb aradan çıxarılır. Bununla əlaqədar, bütövlükdə müasir dünya və təhsil problemi haqda fikir söyləmək yerinə düşər. Sivilizasiyanın müasir dövrünün səciyəvi xüsusiyyətlərindən biri, bizi əhatə edən dünyanın çox böyük sürətlə dəyişməsidir. Bu halda, praktiki olaraq, cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrində baş verən dəyişikliyin miqyası o qədər əhəmiyyətli, sosial-iqtisadi və psixoloji nəticələri isə o qədər radikaldır ki, sivilizasiyanın inkişafının yeni qlobal probleminin - dəyişən dünyada insanın problemlərinin yaranmasından tam əsasla danışmaq münkündür. Bu problemin mahiyyəti, milyonlarla bizim həməsrlərin ictimai şüurunun, onların peşə bilkləri və vərdişlərinin, həmçinin cəmiyyətin ümumi mədəniyyətinin (xüsusilə də, onun mühüm tərkib hissəsi olan informasiya mədəniyyətinin) inkişaf dərəcəsinin elmi-texniki tərəqqinin inkişafı templərindən daha da geri qalmağa başlamasından və bəşəriyyətin dəyişmiş dünyada mövcudluğunun yeni şəraitinə daha uyğun gəlməməsindən ibarətdir.

XXI əsrdə bəşəriyyətin mövcudluğunun yeni şəraiti təhsil qarşısında prinsip etibarilə yeni tələblər qoyur. Bu gün zəruri olan insanların sadəcə təhsil səviyyəsinin artırılması deyil, həm də yeni intellekt tipinin, insanların əhatə edən dünyanın tez dəyişən iqtisadi, texnoloji, sosial və informasiya reallıqlarına münasibətini müəyyən edən, başqa düşünmə tərzinin formalaşdırılmasıdır. Proqnoz tədqiqatlarının nəticələri göstərir ki, qədəm qoyduğumuz XXI əsrdə təhsil insanın həyatı boyunca davam edəcək, fasiləsiz proses olacaq. Çünki, insan yalnız bu yolla, sadəcə əmək alətlərinin deyil, həmçinin onun məzmununun və yeni bilikləri və peşə fəaliyyətinin ixtisaslarını mənisəmək qabiliyyətinin daimi təkmilləşdirirlməsini tələb edən, fasiləsiz texnoloji innovasiyalara uyğunlaşa bilər.

Perspektiv təhsil sisteminin formalaşdırılmasının başlıca istiqaməti aşağıdakılardır:

- Bütün səviyyələrdə təhsilin təməlləşdirilməsi və əsasını iri universitetlər təşkil edən ali məktəb sisteminin əsaslı dərəcədə daha geniş inkişafı;

- İnformasiyalı cəmiyyətinin yeni şəraitinə yönələn, qabaqlayıcı təhsil konsepsiyasının həyata keçirilməsi;

- Şəxsiyyətin yaradıcı potensialının açılmasına yönələn, innovasiya və inkişaf edən təhsil üsullarının geniş tətbiqi;

- Müasir informasiya və telekommunikasiya texnologiyalarının əsasında məsafədən tədris sistemlərini inkişafı yolu ilə keyfiyyətli təhsilin münkünlüyünün artırılması.

Bu gün artıq dünyanın bütün inkişaf etmiş və əksər inkişaf etməkdə olan ölkələrini, o cümlədən, Azərbaycanı da, əhatə edən, cəmiyyətin qlobal informasiyalaşması prosesinin inkişafı insanların yeni informasiyalı yaşayış mühitinin və yeni informasiyalı həyat və peşə fəaliyyəti tərzinin formalaşmasına gətirib çıxarır. Artıq heç bir şübhə yoxdur ki, başlanmış XXI əsr informasiya və elmi biliklər əsri olacaq. Bunların hamısı təhsil sistemi qarşısında, təhsil sisteminin inkişafının strateji baxımdan mühüm istiqamətinə, əsaslı elmi problemə çevrilən, prinsip etibarilə yeni gənclərin həyat və fəaliyyətə hazırlanması, təhsilin informasiyalaşması probleminə təmamilə yeni yanaşmalar, qlobal problemini qoyur. Pedaqoji informatika sahəsində bu gün ən perspektiv istiqamət insanın yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün informatika vasitələri və yeni informasiya texnologiyalarından istifadə olunması sayılır. Son illər bu sahədə, xüsusi olaraq, insanın yaradıcılıq qabiliyyətinin inkişafına yönəlmiş, kompüter qrafikası və koqnitiv texnologiyalardan istifadə əsasında bu məsələnin həlli üçün prinsipcə yeni imkanlar meydana gəlmişdir.

Məlumdur ki, real bərabərliyin əldə olunması gender məsələlərinin dövlət proqramlarına daxil edilməsi və müvafiq mexanizmlərin yaradılması vasitəsilə münkündür. Azərbaycanın Konstitusiyası, hüquq normalarında, insanın ali sosial dəyəri, bütün insanların öz hüquqlarında azadlığı və bərabərliyi, qadın və kişilərin həm hüquqlarda, həm də həyat fəaliyyətinin bütün sahələrində özünütəsdiq imkanlarının bərabərliyi də daxil olmaqla, şəxsiyyətin azad inkişafı hüququ kimi bəşəriyyətin ən qabaqcıl humanist dəyərlərini ifadə edərək, konseptual cəhətdən gender bərabərliyinin əsaslarını möhkəmləndirdi. Lakin, ölkəmizdəki gender vəziyyətinin təhlili, praktiki olaraq cəmiyyətin bütün həyat fəaliyyəti sahələrində gender disbalansının mövcudcudluğunu göstərir və onun tənzimlənməsinin zəruriliyi tezisini təsdiq edir. Güman olunduğu kimi ən çox gender uyğunsuzluğu qadın və kişilərin qərarlar qəbulunda, maliyyə və resurslarının bölgüsündə iştirakının, gəlirlərin səviyyəsinin təhlili zamanı müşahidə olunur.

Belə qlobal problemlər fonunda, gender məsələləri üzrə biliklər almaq üçün insana bütün həyatı və karyerası ərzində belə biliklərə yiyələnmək imkanı verməklə özündə həm təhsili, həm də maariflənməni birləşdirən dayanıqlı sistemin yaradılması xüsusilə vacib görünür. Belə sistemin hələki yalnız əsasları yaranmaqdadır və yəqin ki, onlar ən tez baza ali təhsil sistemində nəticə verə bilərlər. Xüsusən də ona görə ki, ənənəvi olaraq gender və qadın tədqiqatları məhz universitet təhsili ilə bağlı olmuşdur. Praktiki olaraq, bütün gender tədqiqat mərkəzləri ali təhsil müəssisələri nəzdində yaradıldığı üçün onların fəaliyyətinin əsas növlərindən biri gender problematikası üzrə kursların işlənib hazırlaması olmuşdur.

Yaxın perspektivə gender təhsili üçün, gender bərabərliyi siyasətinin təyin edilməsində, təhsil isalahatının və onun modernləşdirilməsinin ifadə olunmuş məqsədi kimi, iştirakı, gender təhsilinin və gender tədqiqatlarının sonrakı inkişafı üçün yeni imkanların yaradılmasını özünə daxil edən, strategiya işlənib hazırlanmalıdır.

Məhz buna görə də, gender tədrisinə olan yeni yanaşmanın ali təhsil sisteminin proqramları, metodikaları və tədris planlarında, həmçinin ali təhsilli mütəxəssislərin və ilk növbədə - müəllimlərin, hazırlanması və yenidən hazırlanması sistemində özünün adekvat əksini tapması üçün ali təhsil müəssisələrinin, alim və müəllimlərinin, həmçinin kütləvi informasiya vasitələrinin diqqətinin təhsil sisteminin inkişafının bu istiqamətində cəmləşməsi son dərəcədə mühüm və vaxtında irəli sürülmüş məsələdir.

Gender təhsilinin əsas məsələlərinin və inkişaf perspektivlərinin sistemli təhlili aşağıdakı əsas nəticələri çıxarmağa imkan verir:

1. gender təhsili problemi özünün inkişafının yeni mərhələsindədir. Bu mərhələnin əsas məzmunu gender tədqiqatlarının prioritetli olmasından ibarətdir. Məhz onlar bugün təhsil sahəsinin alimləri, müəllimləri, mütəxəssislərinin diqqət mərkəzində olmalıdır, çünki, sosial əhəmiyyəti sürətlə artan, təhsilin keyfiyyəti əsasən onlardan asılıdır.

2. gender təhsili təhsil sisteminin ən mühüm problemlərinin - onun təməlləşdirilməsi, yeni yaşayış mühitində, həyat və fəaliyyət şəraitinə insanların vaxtında hazırlanması məqsədilə təhsilə qabaqlayıcı xarakterin verilməsi üçün zəruri şərtdir.

3. bu gün gender təhsilinin, bəşəriyyətin XXI əsrdə yeni şəraitdə mövcudluğunu nəzərə almaqla ölkəmizin inkişafı üçün vacib olan bu problemin müasir anlayışın özündə əks etdirən yeni strategiyası və onun milli səviyyədə həlli zəruridir.



İradə Hüseynova

Azərbaycan Respublikası

Təhsil nazirinin müavini

Azərbaycanda təhsil siyasəti və gender problemi

Azərbaycanın taleyi belə gətirmişdir ki, coğrafi-siyasi və geostrateji mövqeyinə görə o, həmişə sivilizasiyaların qovuşuğunda olmuş, istər Şərq, istərsə də Qərb mədəniyyətinin təsiri nəticəsində özünəməxsus zəngin mədəniyyət yaratmış unikal ölkələrdən biri kimi dünyada tanınmışdır. Bəşər sivilizasiyasına bənzərsiz töhfələr vermiş Azərbaycan xalqı həm də zəngin təhsil, maarifçilik ənənələri ilə seçilmiş, milli mentalitetində qadına, qadınlığa yüksək, bəşəri münasibətilə fərqlənmişdir. Azərbaycanın elm, təhsil, mədəniyyət sahəsində ötən XX əsr müstəsna yer tutmuş, bu əsrdə xalqımız köhnə dünyadan sürətlə uzaqlaşmış, elm, təhsil, mədəniyyət, bir sözlə, milli intibah yoluna qədəm qoymuşdur. Nəticədə qısa müddət ərzində Azərbaycan xalqı kütləvi savadsızlığa son qoymuş, Vətənimizin bütün vətəndaşları oxuyub yazmağı bacaran sivil cəmiyyətə çevrilmiş, elliklə maariflənmə prosesi uğurla başa çatmışdır. Ötən əsr Azərbaycan qadınının həyatında da çox əlamətdar bir mərhələ olmuş, Azərbaycanda baş verən ictimai-siyasi proseslər, neft sənayesinin sürətli inkişafı qadınların da maariflənməsinə, onların ictimai-siyasi həyata fəal qoşulmalarına şərait yaratmışdır. Əsası 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulan və sonralar II respublika - Azərbaycan SSR (1920-1991-ci illər) dövründə davam və inkişaf etdirilən qadın siyasəti nəticəsində qadınların hərtərəfli inkişafı üçün geniş üfüqlər açıldı. Qısa zaman kəsiyində Azərbaycan qadınları arasında savadsızlıq ləğv edildi, onların təhsillənmə səviyyəsi ölçüyəgəlməz dərəcədə yüksəldi.Ölkənin sosial-siyasi və mədəni həyatında qadınların rolu artdı.

Azərbaycan Respublikasının müstəqilliyə qovuşması nəticədə qadınlarımızın beynəlxalq qadın hərəkatlarına inteqrasiyası sürətləndi. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu - gender bərabərliyini bir daha təsdiq etdi, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını təmin etdi. Bu gün ölkəmizin qarşısında duran problemlərin həllində yaxından iştirak edən Azərbaycan qadını demokratik, hüquqi dövlətimizin, vətəndaş cəmiyyətimizin bərabərhüquqlu, fəal üzvü kimi çıxış edir.

Yeni əsrdə müasir dünyaya sürətlə inteqrasiya olunan demokratik Azərbaycan dövlətində təhsil siyasəti, o cümlədən, əhalinin yarıdan çoxunu təşkil edən qadınların təhsili, bütövlükdə ölkədə qadın siyasəti prioritet istiqamətlərdən sayılır.

Azərbaycanın təhsil siyasətinin əsasları Konstitusiya, "Təhsil haqqında" Qanunu və "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı", eləcə də digər normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan dövləti Konstitusiya ilə (42-ci maddə) heç bir məhdudiyyət (cinsi, dini, dili və s.) qoymadan hər bir vətəndaşının təhsil almasına hüquqi təminat verir, hamının dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə zəmanət verir. Bunlar onu göstərir ki, müstəqil Azərbaycanda qadınlara münasibətdə gender bərabərliyinin qorunması, ölkənin sosial-siyasi və mədəni həyatda gender sahəsində balanslaşdırmanın təmin olunması dövlət siyasətində mühüm yer tutur. Bununla bağlı Azərbaycan dövləti BMT-nin: "Qadınların siyasi hüquqları haqqında", "Uşaqların hüquqları haqqında", "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında" Konvensiyalarına, eləcə də, qadın hüquq və azadlıqları ilə əlaqədar 10-dan artıq beynəlxalq Sazişə (Məs.: "Bərabər əməyə görə kişi və qadınların bərabər mükafatlandırılması haqqında" 1951-ci il tarixli 100 №-li Saziş, "Əmək və sənət sahəsində" 1958-ci ildə qəbul edilmiş 111 №-li Saziş, "Anaların mühafizəsi haqqında" 1952-ci ildə qəbul edilmiş 103 №-li Saziş və b.) qoşulmuşdur.

Azərbaycanın müstəqilliyə qovuşması nəticəsində Azərbaycan qadını beynəlxalq arenaya çıxmış, qadın məsələləri üzrə 1995-ci ildə keçirilən və sayca 4-cü Ümumdünya Pekin Konfransında (I konfrans 1975-ci ildə Mexikoda, ikincisi 1980-ci ildə Kopenhagendə, üçüncüsü 1986-cı ildə Nayrobidə keçirilib) iştirak etmiş, Azərbaycanda qadın problemləri üzrə Milli Məruzə təqdim olunmuşdur. (Bax: Qadınların vəziyyətinə həsr olunmuş IY Ümumdünya Konfransında Azərbaycan qadınlarının fəaliyyəti. Pekin, 4-15 sentyabr 1995-ci il. Bakı, 1998).

Etiraf etməliyik ki, bu dövrdən etibarən Azərbaycanda gender problemləri, gender təhsili, gender elmi, genderşünaslığın beynəlxalq məsələləri xüsusi aktuallıq kəsb etmiş, bu sahədə respublikamızda böyük canlanma baş vermiş, ayrıca elmi istiqamət formalaşmışdır.

Əlbəttə, burada məqsədimiz ölkədə gender bərabərliyi, gender təhsili və elmi, təhsildə gender məsələsi və s. bu kimi qlobal məsələlərdən söz açmaq deyil, müstəqil Azərbaycanda təhsil sistemində qadınların rolu, qadın təhsili və gender bərabərliyi, qadın təhsilində mövcud problemlər və onların aradan qaldırılması yollarına dair fikir və düşüncələrimi hörmətli oxucularla bölüşdürmək istərdim.

Aydın məsələdir ki, Azərbaycan təhsilinin qarşısında duran başlıca məqsəd öz soykökünə, milli ənənələrinə bağlı, ümumbəşəri dəyərlərə hörmətlə yanaşan, Vətənini, dövlətini, millətini ürəkdən sevən və onları göz bəbəyi kimi qorumağa hazır olan vətənpərvər, hərtərəfli inkişaf etmiş, əqli və fiziki cəhətdən kamil şəxsiyyət yetişdirməkdən ibarətdir. Dövlətimizin təhsil siyasətinin ana xətti olan bu strateji məqsəd heç bir cins, din, dil, əqidə fərqi qoyulmadan bütün Azərbaycan vətəndaşlarına şamil edilir. Başqa sözlə, müstəqil Azərbaycanın təhsil siyasətində gender bərabərliyi, qadın və kişilərin təhsildə hüquq bərabərliyi tam təmin edilir. Ümumiyyətlə, Azərbaycan qadını təhsil və intellektual potensial səviyyəsinə görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə edilir. Bu tarixi reallıqdır ki, Azərbaycanda qadın təhsili, xüsusən qadınların dünyəvi təhsil tarixi qədim və zənginliyi ilə seçilir.

Bu gün müstəqil Azərbaycan əhalisinin 51%-ni təşkil edən qadınlarımızın təhsillənmə səviyyəsi zəngin maarifçilik ənənələrinə, çoxşaxəli təhsil müəssisələri şəbəkəsinə söykənir. Ədalət naminə deməliyik ki, sovet hakimiyyəti illərində Azərbaycanda qadınların təhsili, təhsildə gender disbalansının aradan qaldırılması, elm və təhsildə gender tarazlığının gözlənilməsi sahəsində böyük nailiyyətlər qazanılmışdır. Təhsil prosesində hər iki cinsin mütləq iştirakı üçün real imkanların təmin olunması, dövlət səviyyəsində sistematik və ardıcıl olaraq təhsilin, maarifin inkişaf proqramının həyata keçirilməsi nəticəsində respublikada savadsızlığı aradan qaldırdı. Təhsilin bütün pillələrində və formalarında təhsilin pulsuz olması, maddi və mənəvi baxımdan həvəsləndirmə, icbari təhsilin dövlət təminatında olması Azərbaycanı təhsil sahəsində dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasına imkan verdi. Bu da həqiqətdir ki, sovet dövründə təhsil sahəsində əldə olunmuş böyük potensial sayəsində müstəqil Azərbaycanda milli təhsil quruculuğu yolunda islahatlar aparır, dünya təhsil sisteminə inteqrasiya istiqamətində beynəlxalq standartlara uyğun təhsil sisteminin qurulmasına çalışır. Təbiidir ki, bu prosesdə bu gün dünyanın qlobal problemlərindən olan təhsildə gender bərabərliyinin təmin olunması üçün beynəlxalq təcrübə və Konvensiyaların prinsipləri, milli və ümumbəşəri ənənələr əsasında Azərbaycan təhsilində də müvafiq tədbirlər həyata keçirilir.

Hazırda təhsil sahəsində gender balansının təmin olunması Azərbaycan dövlətinin diqqət mərkəzində olmaqla əlaqədar beynəlxalq qurumlar tərəfindən də dəstəklənir və bu istiqamətdə uzunmüddətli, perspektiv layihələr hazırlanaraq həyata keçirilir. Azərbaycan Respublikasının beynəlxalq demokratik mədəni, sivil məkana ardıcıl inteqrasiyası, ölkə qanunvericiliyində gender bərabərliyinə təminat verən hüquqi-normativ bazanın yaradılması Azərbaycan qadınlarının təhsil sahəsində gender balansının normal inkişafının əsasını, təməlini təşkil edir. Hazırda Azərbaycan Respublikasının Konstitusiyası və "Təhsil haqqında" Qanununa görə bütün uşaqların 6 yaşından başlayaraq 11 illik ümumi icbari orta təhsil almaq hüququ vardır və dövlət buna təminat verir. Bundan əlavə, dövlət I-VII siniflər üçün şagirdlərin dərsliklərlə pulsuz təminatını təşkil etmiş, qarşıdakı illərdə bütün siniflər üzrə dərsliklərin pulsuz təminatına keçiriləcəkdir. Bununla yanaşı, Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş məktəblilərə bütün siniflər üzrə dərsliklər (I-XI siniflər) pulsuz verilir. Bütün bunlar, heç şübhəsiz, qızların təhsillə tam əhatə olunmasına kömək göstərir.

Bu gün müstəqil Azərbaycanda təhsil siyasətində gender yanaşmaları cinsindən asılı olmayaraq təhsil alan qızların (qadınların) əqli və intellektual inkişafına əsaslanan bərabərlik konsepsiyasının formalaşmasına yönəldilmişdir ki, bu da bütövlükdə Azərbaycanın dövlət siyasətində gender yanaşmaları və prinsiplərinin tərkib hissəsidir. Bu problemləri həll etmək üçün Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizə, milli mədəniyyətimizə uyğun olaraq qadınlara (qızlara) münasibətdə həm öz tarixi ənənələrimizdən, həm də qabaqcıl beynəlxalq təcrübədən yararlanır. Qadınlara münasibətdə Azərbaycanın dövlət siyasətinin tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Belə ki, Azərbaycan qadınlarına 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə kişilərlə bərabər seçmək və seçilmək hüququ verilmiş, 1918-20-ci illərdə Azərbaycanda qadınlara ana dilində təhsil almağa imkan verən orta ümumtəhsil, orta ixtisas, ali təhsil müəssisələri şəbəkəsi yaradılmış, Azərbaycan qadını dövlət idarəçiliyinə aktiv cəlb edilmişdir. Müqayisə üçün demək lazımdır ki, XX əsrdə qadınlara ilk dəfə seçkilərdə iştirak etmək hüququnun verilməsi tarixinin təhlili göstərir ki, Azərbaycan dövləti bu sahəsində dünyada öncüllərdən biridir. Belə ki, XX əsrdə qadınlara seçmək və seçilmək hüququ verən 73 dövlət arasında Azərbaycan 8-ci yerdə durur. İftixar etməli haldır ki, bu baxımdan dünyanın inkişaf etmiş ABŞ, Almaniya, Fransa kimi dövlətlərdən, eləcə də Şərq ölkələrinin hamısından əvvəl qadınlara seçmək-seçilmək hüququ verib.

XX əsrin sonunda öz dövlət müstəqilliyinə qovuşan və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycanda da qadın problemləri dövlət siyasətində prioritet təşkil edir, gender məsələlərinin beynəlxalq prinsip və normalar əsasında həlli istiqamətində kardinal addımlar atır. Qadınlarımız isə müstəqilliyimizin möhkəmləndirilməsində, demokratik dövlət quruculuğunda, ölkənin mədəni həyatının yüksəlişində, o cümlədən, təhsilin inkişafında böyük xidmətlər göstərməkdədir. Bu gün Azərbaycan qadını dünyanın qlobal problemlərinin həllində fəallığı ilə seçilir, qadınlarla bağlı beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Aydın həqiqətdir ki, cəmiyyətdə qadının savadlılığı, təhsili və peşə hazırlığı hər bir dövlətin nailiyyəti, həb bir xalqın milli sərvəti və üstün intellektual göstəricisidir. Görkəmli fransız şairi və ictimai xadimi Lamartin deyirdi ki, "Kitabı qadın oxumuşsa, deməli, onu bütün ailə, bütün xalq oxumuşdur". Bu baxımdan Azərbaycan istər qadınların hüquqi statusu və cəmiyyətdə roluna, istərsə də ümumi və peşə-ixtisas təhsilinin səviyyəsinə görə müasir dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə aparıcı yerlərdən birini tutur.

Böyük iftixar hissilə qeyd etməliyəm ki, bu gün Azərbaycan Respublikasının təhsil müəssisələrində çalışan müəllimlərin yarıdan çoxunu qadınlar təşkil edir. Belə ki, 2003/2004-cü dərs ilində məktəbəqədər tərbiyə müəssisələrində çalışan müəllim-tərbiyəçilərin (14749 nəfər) 99,9%-ni, ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilərin (122855 nəfər) 70,3%-ni, peşə məktəbləri və peşə litseylərində işləyən müəllim və istehsalat təlimi ustaların (1009 nəfər və 822 nəfər) müvafiq olaraq 50,4%-ni və 44,1%-ni, ali və orta ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin müvafiq olaraq 48%-ni və 35%-ni qadınlar təşkil edir.

Ymumiyyətlə, təhsil sistemində çalışan 320 min nəfər müəllimin 219 min nəfərini, başqa sözlə, 68,4%-ni qadınlar təşkil etməkdədir.

Analoji vəziyyət təhsil alan qadınlarda da müşahidə olunur. Belə ki, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyə alan 111367 nəfər uşaqdan 53695-ni qızlar (48,2%), ümumtəhsil tədris müəssisələrində oxuyan 1689676 nəfər şagirddən 810287 nəfərini (48,0%), peşə məktəbləri və peşə litseylərində təhsil alan 21409 nəfər şagirddən 6688 nəfərini (31,2%), orta ixtisas təhsili müəssisələrində təhsil alan 50000 nəfər tələbədən 34850 nəfərini (69,7%) qızlar təşkil edir. Ali təhsil müəssisələrində təhsil alan tələbələrin 43%-i qızlardan ibarətdir.

Bütün bunlar onu göstərir ki, ölkəmizdə qadınların (qızların) məktəbəqədər tərbiyə müəssisələrinə, ümumi orta təhsil və peşə-ixtisas məktəblərinə cəlb edilməsi, eləcə də, qadınların təhsil müəssisələrində müəllim-tərbiyəçi kimi fəaliyyət göstərmələri üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait və təminat yaradılmışdır.

Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifə vətənpərvər gəncliyi milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişdirməkdən ibarətdir ki, bu işdə qadınların müstəsna rolu vardır. İnanırıq ki, Azərbaycan qadını milli ənənələr və ümumbəşəri dəyərlər, beynəlxalq standartlar əsasında müstəqilliyimizin gələcəyi və qarantı olacaq Azərbaycan gəncliyini vətənpərvərlik ruhunda tərbiyə edəcəkdir. Hesab edirik ki, əgər Azərbaycan qadını təhsillidirsə, demək, cəmiyyətimiz savadlıdır, ölkənin intellektual potensialı yüksəkdir. Çünki milli liderimiz Heydər Əliyev öyrədirdi ki, təhsil millətin gələcəyidir. Bu gələcəyin təminatında isə əsas aparıcı qüvvələrdən biri məhz Azərbaycan qadınıdır. Görünür, bu səbəbdəndir ki, BMT XXI əsri "Təhsil əsri" - "İntellekt əsri" elan edib, qadınların təhsili isə bu işdə prioritet sayılıb. Bütövlükdə qadın təhsili müasir dünyanın qlobal problemi kimi bəşəriyyəti, çağdaş sivilizasiyanı hər şeydən çox maraqlandırır. Bu gün Azərbaycan təhsilində aparılan islahatlar ona yönəlib ki, hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan qadını təhsil ala bilsin, vətəndaş cəmiyyətinin, ölkənin layiqli üzvünə çevrilə bilsin. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, "Bizim ən böyük amalımız qadınların azad, xoşbəxt, fəal və nikbin, uşaqlarımızı sağlam, gumrah, şən və hər cəhətdən təmin olunmuş görməkdən ibarətdir".

İftixar etməli haldır ki, bu gün Azərbaycan qadını hər cəhətdən azaddır.Azərbaycan qadını təkcə təhsildə çalışmaqla, təhsil müəssisələrində təhsil almaqla öz fəaliyyətini bitirmir. Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, mədəni, iqtisadi və dövlət həyatının bütün sahələrində çalışır, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə öz töhfələrini verir. Bir məsələni də deməliyik ki, təhsil sahəsində gender bərabərliyində disbalans halları, həllini gözləyən problemlər də çoxdur. Onlardan bir neçəsini qeyd etməyi zəruri hesab edirik:

1. Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazisində 12000 yerlik 242 məktəbəqədər tərbiyə müəssisəsi, 117000 şagird yeri olan 616 ümumtəhsil məktəbi, 21000 yerlik 4 kollec, 34 məktəbdənkənar müəssisə və ali məktəblərin filialları dağıdılmış, bütövlükdə Azərbaycan təhsilinə 1,5 milyard ABŞ dolları dəyərində ziyan vurulmuşdur. Hazırda 20 mindən artıq müəllim, o cümlədən, qadın müəllimə, həmçinin 100000 çox şagird qaçqın vəziyyətinə düşmüşdür ki, onların yarıdan çoxunu qadınlar (qızlar) təşkil edir. Təlimatla bağlı qaçqın qızların təhsilində ciddi problemlər yaranmışdır ki, bu da qaçqınların təhsilində gender balansının pozulmasına gətirib çıxarır.

2. Ölkədə iqtisadi çətinliklərlə bağlı kənd yerlərində qızların təhsildən yayınmaları müşahidə olunur.

Hesab edirik ki, Azərbaycan hökumətinin yoxsulluğun azaldılması üzrə Dövlət Proqramının həyata keçirilməsi bu sahədə nəzərə çarpan gender bərabərliyindəki disbalansın tezliklə aradan qaldırılmasına təkan verəcəkdir.

Nəhayət, bir məsələyə də toxunmaq istərdim. Azərbaycanda təhsilin gender problemlərinin şərh etdiyimiz inkişaf reallıqları işığında ölkəmizdə gender elminin, genderologiyanın, gender təhsilinin genişləndirilməsi, təhsilin gender maarifçiliyinin gücləndirilməsi, gender təbliğatı vasitəsilə cəmiyyətin maarifləndirilməsi, tərbiyə olunması zərurəti daha aktiv şəkildə nəzərə çarpmaqdadır. Bununla əlaqədar ali təhsil müəssisələrində genderologiya üzrə xüsusi kursların keçirilməsini faydalı və zəruri hesab edirik. Eyni zamanda təhsil sahəsində gender bərabərliyinin uzun müddətli perspektivini özündə əks etdirən milli konsepsiya və fəaliyyət proqramının hazırlanması bu gün artıq sosial sifarişə çevrilmişdir.



Elmira Süleymanova

Azərbaycan Respublikasının İnsan Hüquqları

üzrə Müvəkkili (Ombudsman)

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə