- 3 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 7 (88)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88)
BİOLOGİYA
SALEH MƏHƏRRƏMOV
Naxçıvan Dövlət Universiteti
salehmaharramov@mail.ru
UOT:581.6
YOVŞAN-ÜZƏRLİK QARIŞIĞININ GÖZ
BƏBƏYİNİN MƏNFƏZİNƏ TƏSİRİ
Açar sözlər: yovşan, üzərlik, bişirmə, göz bəbəyi, toksiki təsir
Key words:
wormwood, drooping, solution, pupil, toxic effects
Ключевые слова: полынь, гармала, отвар, глазной зрачок, токсическое действие
Ümumdünya səhiyyə təşkilatının ekspertləri belə hesab edirlər ki, gələcəkdə parazitar
xəstəliklərin müalicəsində istifadə edilən antihelmintiklər dərman bitkilərindən hazırlanmış təbii
preparatlara məxsus olmalıdır. Qədim dövrlərdən xalq təbabətində bu məqsədlə antiparazitar
xassəyə malik bitkilərdən istifadə edilir: zəncirotu kökləri, air (bataqlıq zanbağı), erkək ayıdöşəyi,
dazıotu, ölməzçiçək, kəklikotu, yovşan, balqabaq toxumları və s. [8].
İndiki dövrdə də bir çox adamlar çoxəsrlik təcrübələrə əsaslanan xalq təbabətinin resepti
əsasında belə preparatlara daha çox etibar edirlər. Bitki mənşəli təbii preparatların səmərəliliyi
kimyəvi mənşəlli preparatları ötüb keçir. Ekstraksiyanın müasir texnologiyası bitkilərdən yüksək
fəal maddələr almağa imkan verir (efir yağları, acı maddələr, fitonsid təbiətlilər). Bitki mənşəlli
maddələr özlüyündə mürəkkəb fitonsid kompleksləri təmsil edir belə ki, onların antiparazitar təsiri
geniş spektiri təmin edir. Nəticədə orqanizmdə helmint üçün keçilməz olan bitki zəhərlərinin
konsentrasiyası yaranır. Onlar yalnız sahib orqanizm üçün təhlükəsiz olmur, həm də orqanizmin
müdafiə gücünü gücləndirir.
Bitkilər elə seçilir ki, müəyyən sinif, yaxud qrup parazitlərə maksimal səmərəli təsir
göstərsin. Bir çox antihelmint bitki preparatlarını orqanizmə zərər vermədən kifayət qədər uzun
müddət ( 2-3 aydan bir ilə qədər) qəbul etmək olar, lakin bunu sintetik maddə haqda demək olmaz.
Bunlardan əlavə bitki mənşəlli maddələr ümumi möhkəmləndirici, tonusu yüksəldici funksiyaları da
yerinə yetirir. Onları dehelmintizasiyadan sonra vitamin və mikroelement çatışmamazlılığını
doldurmaq, mədə-bağırsaq traktının işini nizamlamaq, immuniteti yüksəltmək üçün də təyin edirlər.
Onlar xüsusi antiparazitar immuniteti fəallaşdırır və parazitlərin həyat fəaliyyətini və çoxalmalarını
səmərəli səviyyədə zəiflədir [12].
Qurdəleyhi maddələri 2 qrupa ayırırlar. 1. Bağırsaq helmintozlarının müalicəsi üçün istifadə
edilənlər, o cümlədən nematodəleyhi maddələr. 2. Bağırsaqdan kənar qurdlar əleyhinə tətbiq edilən
maddələr, həmçinin nematodəleyhi maddələr. Qurdəleyhi maddələrin təsir mexanizmi müxtəlifdir.
Onların bəziləri helmintlərin kutikulasını zədələyir, digərləri narkotik təsir göstərir, başqa qrup
parazitlərin tonusunu və hərəki fəallığını dəyişdirir. Helmintəleyhi maddələri təsir mexanizminə
görə aşağıdakı qruplara ayırırlar. 1. Qurdların sinir-əzələ sisteminin funksiyasını pozan maddələr. 2.
Helmintlərin energetik proseslərini blokadaya alan preparatlar. 3. Qurdların örtüklərini pozan
maddələr [11].
Zəhərli bitkilər heyvanlar üçün toksiki maddələri həyat fəaliyyətləri dövründə hazırlayaraq
yarpaqlarında, köklərində və b. vegetativ, generativ orqanlarında saxlayırlar. Bitkiləri tərkibindəki
zəhərli maddələrin təbiətinə görə 4 qrupa ayırırlar:
1) alkalodləri sintez edən bitkilər, bura antihelmint təsirə malik itboğan, donuzayrığı, acılıq, acı
paxla kimi bitkilər daxildir.
2) tərkibində qlikozidlər
çox olan bitkilər, istiot, qaymaqçiçək və b. bitkilər daxildir.
- 4 -
3) efir yağları və fitonsidlərin üstünlük
təşkil etdiyi bitkilər, yovşan, gənəgərçək və b. aid edilir.
4) fotosensibilizasiya edici maddələrə malik bitkilər, dazıotu, psoraley, qara yonca və s. daxildir [7].
Qurdəleyhi maddələr yalnız helmintlərə yox, sahib orqanizminə də toksiki təsir göstərə bilir.
Buna görə də hər bir praparatın təyinin sxem və qaydasına düzgün əməl etmək lazımdır.
Apardığımız tədqiqat işləri yüksək antihelmintik səmərəyə malik yovşan-üzərlik
qarışığının heyvanların qan dövranına [2], selikli qişalara [3], onların koordinasiyasına [5], çaşır-
acılıq qarışığının
heyvanların bədən temperaturuna [4]
, sinir sisteminə mənfi [6], qalxanək və
dirçək bitkilərinin bərabər miqdardakı qarışığının boğaz siçovullara embriotrop və teratogen təsir
etmədiyi [10] sübut edir.
Apardığımız tədqiqat işində yovşan-üzərlik bitkilərinin bərabər miqdarlarından
götürülmüş qarışıqdan hazırlanan bişirmənin qurbağaların göz bəbəyinin mənfəzinə təsirini
araşdırdıq.
Gözün qüzehli qişasındakı əzələlər bioloji fəal maddələrin təsirinə həssas olmaqla xarici
qıcıqlar hesabına mənfəzin ölçüsünün dəyişilməsinə səbəb olur. Bəbəyin mənfəzinin dəyişilməsi
onun ətrafında olan dairəvi və radial əzələlərin yığılması hesabına tənzimlənir. Dairəvi əzələlər
bəbək mənfəzini daraldır, radial əzələlər isə əksinə genişləndirir. Parasimpatik sinirlərin ucları
dairəvi əzələlərdə qurtardığından onun periferik hissəsinin qıcıqlanmsı bəbəyin daralmasını,
simpatik sinirlərin ucları isə radial əzələlərdə qurtardığından onun qıcıqlanması əksinə bəbəyin
genişlənməsinə səbəb olur. Buna görə də hər hansı preparatın bəbək mənfəzinə təsirini yoxladıqda onun
yalnız bəbək əzələlərinə yox, həmçinin vegetativ sinir şöbəsinə də təsiri izah edilir [9, s. 441-451].
Yovşan-üzərlik qarışığından hazırlanan preparatın qurbağanın göz bəbəyinin mənfəzinə
təsirini araşdırmaq üçün bişirməni qurbağanın gözünə tökdük. Bunun üçün tədqiqat məqsədilə
götürdüyümüz qurbağanın üst çənəsini gözlərin arxa hissəsindən kəsib, hər iki gözü ayıraraq
içərisində fizioloji məhlul olan Petri kasasına qoyub təcrübəni aparırdıq. Təcrübələrdə həm müayinə
etdiyimiz bitki qarışığının, həm də adrenalin və asetilxolinin göz bəbəyinin mənfəzinə təsirini
öyrəndik. Adrenalin və asetilxolini də tətbiq etməkdə məqsədimiz bitki qarışıqlarının göz
bəbəklərinin mənfəzinə təsirini onlarla müqayisəli şəkildə araşdırmaqdır [1, s. 226-227].
Apardığımız təcrübələrdə də ədəbiyyatda göstərildiyi kimi adrenalin damızdırılmış göz
bəbəyi genişləndi, asetilxolin əlavə edilmiş bəbək isə əksinə daralmışdır. Ayrı-ayrılıqda gözə bir
neçə damla əlavə etdiyimiz yovşan-üzərlik qarışığından hazırlanmış bişirmənin göz bəbəyinin
mənfəzini dəyişdirmədiyinin şahidi olduq. Belə ki, məhlul əlavə edilməmişdən və edildikdən
sonrakı müddətdə bəbəklərin ölçüsü dəyişilməyərək eyni səviyyədə qaldı.
ƏDƏBİYYAT
1. Fiziologiyadan təcrübə dərslərinə rəhbərlik / F.İ.Cəfərovun redaktəsi ilə. Bakı, Azərbaycan Tibb
Universitetinin nəşriyyatı, 2002, 347 s.
2. Məhərrəmov S.H. Yovşan-üzərlik qarışığının qan dövranına təsiri// Nax. Dövlət Univ. Elmi əsər.
Naxçıvan, Qeyrət, 2014, № 8 (64), s. 3-5
3. Məhərrəmov S.H. Yovşan-üzərlik qarışığının selikli qişalara yerli təsiri // Nax. Dövlət Univ. Elmi
əsər. Naxçıvan, Qeyrət, 2015, № 3 (68), s. 3-6
4. Məhərrəmov S.H. Çaşır-Acılıq bitkilərinin heyvanların bədən temperaturuna təsiri
// Nax. Dövlət
Univ. Elmi əsər. Naxçıvan, Qeyrət, 2016, № 6 (76), s. 3-6
5. Məhərrəmov S.H. Yovşan və üzərliyin heyvanların koordinasiyasına təsiri // Azərb. MEA-nın
Naxçıvan
bölməsinin Xəbərləri, Naxçıvan, Tusi, 2017, c. 13, № 2, s. 200-203.
6. Məhərrəmov S.H. Çaşır-acılıq qarışığının sinir sisteminə təsiri // Nax. Dövlət Univ. Elmi əsər.
Naxçıvan, Qeyrət, 2017, № 3 (84), s. 3-6
7. Şener S., Yıldırım M. Veteriner Toksikoloji / Teknik Yayıncılık, 2000, s.221-223
8. Антигельминтные лекарственные средства // https://medinfo. social/ farmakologi-
ya_874_876/lektsiya-antigelmintnyie-lekarstvennyie-36259.html
9. Костин А.П., Мещеряков Ф.А., Сысоев А.А. Физиология сельскохозяйственных животных.
М.: Колос, 1983, 473 с.