3
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 5(79)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 5 (79)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 5 (79)
TARİX
ZƏHMƏT ŞAHVERDİYEV
Naxçıvan Dövlət Universiteti
UOT: 94 (479.242)
XX ƏSRİN AXIRLARINDA NAXÇIVANDA
TARİXİ HADİSƏLƏRİN XRONOLOJİ TƏHLİLİ
Naxçıvanda son illərdə quruculuq işləri gedir, məktəblər
tikilir, yaşayış evləri tikilir. Bunlar bir daha onu göstərir ki,
naxçıvanlılar ən çətin şəraitdə ruhdan düşmürlər, öz işlərini
aparırlar, qururlar, yaradırlar.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
Azərbaycan prezidentinə, dövlətçiliyə sədaqət təkcə
sözdə yox, işdə, əməldə də göstərilməlidi.
Vasif Talıbov
Naxçıvan MR Ali Məclisinin Sədri
Açar sözlər: Naxçıvan, milli azadlıq hərəkatı, imperiya, Milli Məclis, Ali sovet, mübarizə,
sabitlik, azadlıq
Key words: Nakhchivan, national liberation movement, empire, social-economical
development, the National Assembly, the Supreme Soviet, struggle, stability, independence
Ключевые слова: Нахчыван, национально-освободительное движение, империя,
социально-экономическое развитие, Верховный Меджлис, Верховный Совет, борьба,
стабильность, независимость.
XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəli Azərbaycan, о cümlədən onun tərkib
hissəsi olan Naxçıvan tarixinin ən ağır, məsul və mürəkkəb dövrünü təşkil edir.
Həmin dövrdə sovet
imperiyası rəhbərliyinin Azərbaycan xalqına zidd siyasəti, erməni quldurlarının Azərbaycandan, о
cümlədən Naxçıvandan ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmaların yaradılması, uydurma
Dağlıq Qarabağ probleminin ortalığa atılması və s. problemlər Naxçıvanda ictimai-siyasi şəraitin
mürəkkəbləşməsinə gətirib çıxarmışdı. 1988-ci il mayın 18-də Bakıda Qarabağın müdafiəsi naminə
güclü mitinq oldu. Bakıda keçirilən mitinqin təsiri nəticəsində mayın 20-də Naxçıvanda da əhalinin
geniş miqyaslı mitinqi keçirildi. Bütün Azərbaycan xalqı kimi naxçıvanlılar da öz haqq səslərini
qaldırdılar. Beləliklə, xalq öz ana torpağının müdafiəsinə qalxdı.
1988-ci ilin mart-aprel aylarında azərbaycanlıların Ermənistandan Naxçıvana ilk köçkün
dəstəsi gəldi.Naxçıvan əhalisi bu hadisələri qəzəblə qarşıladı. Bunun nəticəsi olaraq Naxçıvanda
may ayında daşnak və sovet imperiyasının siyasətinə qarşı ilk güclü mitinqlər başladı.
1988-ci il noyabr ayının 17-də Azərbaycanda, onun paytaxtı Bakıda yenidən xalqın əzəmətli
mitinqləri başlandı. Xalq daşının, torpağının müdafiəsinə qalxmışdı. Bu mitinqin təsiri altında
Naxçıvanda əhalisi 1988-ci il noyabrın 21-də xalq Azadlıq meydanına toplanaraq, erməni daşnaklarının
və sovet imperiyasının Azərbaycan xalqının mənafeyini tapdalamaq siyasətini və yerli rəhbərlərin bu
barədə düzgün mövqe tutmamalarını kəskin ifşa etdi. Həmin mitinqin nəticəsi olaraq Naxçıvan Vilayət
Partiya Təşkilatının birinci katibi Nurəddin Mustafayev xalqın tələbi ilə vəzifəsindən uzaqlaşdırıldı.
Bu mitinqlərdə hətta Azərbaycanın müstəqilliyi məsələsi irəli sürülürdü. Lakin bütün bunlara
baxmayaraq sovet imperiyası özünün müstəmləkəçilik siyasətini davam etdirərək, nəinki erməni
daşnaklarının insanlığa zidd siyasətinin qarşısını almağa təşəbbüs göstərmiş, əksinə azadlıq
hərəkatını qa içində boğmağa çalışırdı. 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə Bakıda «Meydan
4
hərəkatı» sovet imperiyasının tanklarının gur səsi altında qan içərisində boğulmuşdu. Eləcə də
Naxçıvanda başlayan mitinqlər zor gücünə dağıdılmışdı. Bütün Azərbaycanda, о cümlədən
Naxçıvanda da «Xüsusi fövqəladə vəziyyət» rejimi yaradılmışdı. Bütün bunlara baxmayaraq,
xalqımızın çağdaş tarixində «Meydan hərəkatı» ciddi iz qoydu. Meydan hərəkatına dərindən nəzər
yetirdikdə aydın olur ki, Meydan, xalqın 1920-ci ildə sarsılmış inamını özünə qaytardı. Xalq inandı
ki, onun təzyiqi altında nəinki Bakıdakı, hətta Kremldəki rəhbərləri də geri oturtmaq mümkündür.
«Meydan» ümummilli mənafelər uğrunda birləşməyi bacardığımızı göstərdi.
Qeyd edək ki, həmin dövrdə Naxçıvanda gedən güclü siyasi hərəkata, xalqın mitinqlərinə
rəhbərlik etmək üçün bir siyasi təşkilata böyük ehtiyac duyulurdu. Çünki təşkilatı olmayan xalq
mübarizənin gedişində ciddi və mühüm qələbələr qazana bilməz. Düzdür, həmin dövrdə
Naxçıvanda «Yurd birliyi» deyilən təşkilatı fəaliyyət göstərirdi. Lakin həmin təşkilat mübarizənin
gedişi ilə müqayisədə xeyli geridə qalırdı. 1989-cu ilin iyununda Azərbaycanda Xalq Cəbhəsi
yaranandan az sonra, Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan şöbəsi təşkil olundu. Naxçıvan
şöbəsinin yaradılması mübarizənin sonrakı gedişinə müəyyən təsir göstərdi. Tədqiqat nəticəsində
aydın olur ki, bundan sonra keçirilən mitinqlərdə xalqın milli istiqlalı uğrunda aparılan mübarizə
aydınlıqla dərk olunaraq müəyyən mərhələlər üzrə həyata keçirilirdi. Artıq əvvəllərdə olduğu kimi,
necə gəldi, elə çıxışlar edilmir, əksinə qabaqcadan razılaşdırılmış proqram əsasında mitinqlər
keçirilirdi. Elə bunun nəticəsi idi ki, bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da 1989-cu ilin
avqustundan başlayaraq milli-azadlıq hərəkatı yüksələn xətlə gedirdi. Demək olar ki, 1989-cu ilin
avqustundan 1990-cı il yanvar qırğınına qədər Naxçıvanda mitinqlər ardı-arası kəsilmədən davam
etmişdi. Həmin mitinqlərdə mühüm siyasi tələblər irəli sürülmüş, imperiyaya qarşı sərt mövqedə
dayanmış, onun Azərbaycan xalqının mənafeyinə yeritdiyi zidd siyasəti kəskin pislənilmişdir.
Azərbaycan xalq hərəkatının tarixində həm də ilk dəfə olaraq Naxçıvanda qardaş xalqlar arasında
olan sərhədlərin açılması tələbi də irəli sürülmüşdür. Azərbaycan xalq hərəkatı tarixində «sərhəd
hərəkatı» özünəməxsus yer tutur. 1989-cu ilin dekabr ayının 1-dən etibarən Naxçıvanda sərhəd hərəkatı
başlayır. Naxçıvan əhalisi «Azərbaycan -İran» sərhədinin Naxçıvandan keçən hissəsində bütün sərhəd
boyu düzülərək, qan qardaşlarımızı bizimlə həmrəy olmağa çağırmış və sərhədlərin götürülməsini,
gediş-gəlişə icazə verilməsini sovet imperiyasından tələb etmişlər. Meydan hərəkatının yatırılmasının
ildönümü günündə, yəni 1989-cu il dekabrın 5-də bütün sərhəd boyu Naxçıvanda xalq əl-ələ tutaraq
məşəllər yandırmış və sərhədlərin açılması tələbini irəli sürmüşlər.
Xalqın bu tələbi qarşısında aciz qalan imperiya sərhədlərin açılmasına razılıq
verməyə məcbur
olmuşdur.
1989-cu il dekabr ayının 31 də Naxçıvan MSSR ərazisində iki qardaş xalq arasında l70 ildən artıq
davam edən sərhəd məftilləri sökülmüş və etiraz əlaməti olaraq o aradakı dirəkləri yandırılmışdır.
Azərbaycanda, о cümlədən Naxçıvanda xalqın milli-azadlıq hərəkatının qarşısını almaq üçün imperiya
qüvvələri daim planlar hazırlayır, bu hərəkatı daxildən yatırmağa çalışır, əgər bu baş tutmasa hərbi
qüvvələr yeritmək planları həyata keçirməyə təşəbbüs göstərirdilər. Ermənipərəst siyasət yeridən
imperiya özünün mənfur planını həyata keçirmək üçün 1990-cı il yanvarın 13-də Bakıda qəsdən erməni
qırğını törətdi. Həmin hadisədən istifadə edən sovet imperiyası Bakıda «Fövqəladə vəziyyət» elan etdi.
Bunun ardınca Azərbaycanın ayrı-ayrı bölgələrində təxribatlar törədildi. Təhlillər nəticəsində aydın olur
ki, bu dövrdə imperiya qüvvələrinin ən çirkin niyyəti Naxçıvanı ermənilərə təslim etmək və bununla da
burada xalq hərəkatını yatırtmaq idi. Həmin planı həyata keçirmək üçün artıq imperiya qüvvələri
fəaliyyətə başlamış və yanvarın 18-də ermənilərin Naxçıvan ərazisinə hücumunu da təşkil etmişdilər.
Naxçıvan əhalisi, о cümlədən onun mütərəqqi ziyalılar bu hərəkata qarşı öz ciddi etirazını
bildirmiş və 1990-cı il yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası
keçirilmiş, və Naxçıvan MSSR-in SSRİnin tərkibindən çıxması barədə qərar qəbul edilmişdi.
Həmin qərar Naxçıvan televiziyası vasitəsilə xalqa, imperiyaya və dünyaya çatdırılmışdı.
Belə bir ağır vəziyyətdə Sovet imperiyası Bakıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
Azərbaycan xalqına qarşı ağır bir cinayət işlətmişdir. Bakıda Azərbaycan xalqına qarşı qırğın təşkil
olunmuş, Azərbaycan xalq hərəkatı qan içərisində boğulurdu. Bundan istifadə edən sovet imperiya
qüvvələri Naxçıvanda da «Fövqəladə vəziyyət» yaratmışdılar. Naxçıvana sovet imperiyasının qoşun
hissələri xüsusi əsgər birləşmələri yeridilmiş və xalq hərəkatına ağır zərbə vurulmuşdu. Bütün bunlara