ƏLİNCƏqala- azərbaycanin əYİLMƏZLİk simvolu



Yüklə 259,44 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü259,44 Kb.
#54578


İsmayıl HACIYEV, 

Tarix elmləri doktoru, professor, Azərbaycan  

Milli Elmlər Akademiyasının həqiqi üzvü 

 

ƏLİNCƏQALA- AZƏRBAYCANIN ƏYİLMƏZLİK SİMVOLU 

 

 



Əlincəqala  Naxçıvan  şəhərindən  30  km  şərqdə,  Culfa  rayonunun  Xanəgah 

kəndinin  ərazisində,  Əlincə  çayının  sağ  sahilində,  1811  metr  hündürlüyə  malik  olan 

sıldırım  Əlincə  dağının  üzərində  yerləşir.  Əlincəqala  əsasən  üç  geniş  sahədən 

ibarətdir.  Qalanın  birinci  sahəsindən  ikinci  və  üçüncü  sahələrinə  qalxmaq  üçün  daş 

pillələr olmuşdur. Qalaya giriş şərq və qərbdəndir. 

 

Tədqiqatçılar tarixi qaynaqlara əsaslanaraq qalanı iki min il bundan  əvvələ aid 



edirlər.  Qala  bu  ərazidə  yaşamış  “Əlincək”  tayfa  birliyi  tərəfindən  eramızdan  əvvəl 

tikilmiş,  eramızın  V  əsrinə  qədər  bərpa  edilmişdir  (1,  s.351).  Əlincək  qədim  türk 

boylarından  biridir.  Əlincə  adı  həmin  tayfa  birliyinin  adından  yaranmışdır  (3,  s.22-

23).  “Əlincək”  tayfası  öz  təhlükəsizliklərini  burada  təmin  etmişlər.  Əlincəqala  ən 

qədim müdafiə qalası və yaşayış yeri olmuşdur. Ümumiyyətlə, Naxçıvanda qala tipli 

yaşayış  yerləri  e.ə.  III  minillikdə  yaranmış,  sonrakı  dövrlərdə  bu  tip  yaşayış 

yerlərindən geniş istifadə olunmuşdur (3, s.5). 

 

Müdafiə  nöqteyi-nəzərindən  son  dərəcə  əlverişli  coğrafi  mövqedə  qərar  tutan 



Əlincəqalanın  tarixi  Azərbaycan  xalqının  azadlıq  və  istiqlaliyyət  uğrunda  yadelli 

işğalçılara  qarşı  apardığı  mübarizə  tarixi  ilə  sıx  bağlıdır.  Ona  görə  də  Əlincəqala 

tarixdə  Azərbaycan  xalqının  əyilməzlik  və  mübarizlik  rəmzi  kimi  böyük  şöhrət 

qazanmışdır.  Zülm  və  əsarətdən  xilas  olmağa  can  atan  xalq  kütlələri,  həmçinin 

məğlubiyyətə  uğramış  bəzi  sərkərdələr,  hökmdarlar  belə  Əlincəqalaya  ümid 

gətirmişlər. 

 

Əlincəqala  haqqında  tarixçilərdən  Asoğik  (928-1019),  Nəsəvi  (XIII  əsr), 



Şərafəddin Əli Yəzdi (XV əsr), İspaniya səfiri Klavixo (XV əsr), türk səyyahı Evliya 

Çələbi  (XVII  əsr)  və  b.  maraqlı  və  əhəmiyyətli  məlumatlar  vermişlər.  Əlincəqala 

barədə  Klavixo  belə  yazmışdır:  “Əlincəqala  yüksək  və  sıldırım  bir  dağ  üzərində 



 

yerləşərək divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində dağ yamaclarının 



aşağı  hissəsində  üzümlüklər,  bağlar,  tarlalar,  otlaqlar,  bulaqlar  və  hovuzlar  var  idi. 

Qəsr və qalaça dağın başında yerləşir” (14, s.158-161). 

 

Qalada  təxminən  600-ə  qədər  döyüşçünün  öz  atı  və  hərbi  sursatı  ilə  birlikdə 



yerləşməsi  üçün  şərait  olmuşdur.  Burada  süvarilərin  atlarını  saxladıqları  tövlələr, 

ərzaq  anbarları,  təndirlər  aşkar  edilmişdir.  Böyük  ictimai  binalar  ərzaq  ehtiyatı 

saxlamağa imkan vermişdir. Suya olan tələbatı ödəmək üçünsə  su hovuzlarından və 

kəhrizlərdən istifadə olunmuşdur. Hovuzlarda  suyu toplamaq üçün qayaların üzərində 

kiçik  kanallar  açılmışdır.  Əlincəqalada  15-ə  qədər  hovuz  aşkar  edilmişdir. 

Hovuzlardan bəzilərinin uzunluğu 20 metr, eni 5 metrə yaxındır (3, s.8). 

 

Əlincəqala  orta  əsrlərdə  Azərbaycanda  fəaliyyət  göstərmiş  dövlətlərin 



tarixində,  eləcə  də  Azərbaycan  xalqının  azadlıq  mübarizəsində  əvəzolunmaz  rol 

oynamışdır.  Qalada  dövlət  xəzinələri  saxlanılmış,  ondan  hakim  təbəqənin  sığınacaq 

yeri,  siyasi  məhbusların  saxlandığı  yer,  xarici  düşmənlərə  qarşı  müdafiə  istehkamı 

kimi istifadə olunmuşdur.  

 

Azərbaycan  tarixində  şərəfli  yer  tutan  Əlincəqala  haqqında  orta  əsr 



mənbələrində  çoxlu  məlumatlar  vardır.  Bu  mənbələr  içərisində  Əlincəqalanın  adı 

çəkilən  elmə  məlum  olan  ən  qədim  qaynaq  “Kitabi  Dədə-Qorqud”  dastanıdır. 

Əlincəqalanın adına dastanın “Uşun Qoca oğlu Səgrək boyunu bəyan edər” boyunda 

rast  gəlinir.  Bu  boyda  Əlincəqalanın  adı  üç  dəfə  xatırlanır.  Boyun  məlumatına  görə 

Uşun  Qocanın  oğlu  Əgrək  “Şərukun  ucundan  Göyçə  dənizə  təkin  el  çarpmış”, 

“...Yolu  Əlincə  qələsinə  oğramışdı”  (5,  s.110).  Burada  o,  qara  Təkurun  adamları 

tərəfindən tutulmuş və Əlincə qalasında zindana salınmışdı (5, s.208). 

 

“Kitabi  Dədə-Qorqud”  dastanından  aydın  olur  ki,  hadisələr  baş  verən  vaxt 



Əlincəqala  Qara  Təkurun  əlində  olmuş,  ondan  həm  müdafiə  qalası,  həm  də  zindan 

kimi istifadə olunmuşdur. 




 

 



Əlincəqalanın  Azərbaycan  dövlətçiliyi  tarixində  özünəməxsus  yeri  vardır. 

Azərbaycan  feodal  dövlətləri  bu  qalaya  xüsusi  diqqət  yetirmiş,  müharibələr  zamanı 

ondan müdafiə məqsədi üçün istifadə etmişlər. Azərbaycan Atabəyləri dövləti zamanı 

(1136-1225) qalanın siyasi, hərbi strateji və iqtisadi əhəmiyyəti xüsusilə artmış, ondan 

mühüm  hərbi istehkam  kimi  dövlətin xəzinəsinin saxlanıldığı  yer, hökmdar  ailəsinin 

təhlükəsizliyini təmin etmək üçün sığınacaq, dövlət səviyyəli məhbusların saxlandığı 

zindan və s. kimi istifadə olunmuşdur. Atabəy Məhəmməd Cahan Pəhləvanın arvadı, 

Naxçıvanın  hakimi  Zahidə  xatının  iqamətgahı  və  Eldənizlərin  xəzinəsi  bu  qalada 

yerləşirdi (7, s.14). 

 

Əlincəqala  XIII  əsrdə  Hülakülərin  hakimiyyəti  altında  olmuş,  XIV  əsrin  II 



yarısında  Cəlairilərin  əlinə  keçmişdir.  Cəlairilər  bu  qalanın  strateji  əhəmiyyətini 

nəzərə  alaraq,  həmişə  onu  möhkəmləndirməyə  çalışmışlar.  Əmir  Teymurun  hücumu 

ərəfəsində  Cəlairi  hökmdarı  Sultan  Əhməd  xəzinəsini,  ailəsini,  oğlunu  və  yaxın 

adamlarını  qalada  yerləşdirib  onun  müdafiəsini  Əmir  Altuna  tapşırmışdı  (1,  s.351). 

300-ə  yaxın  döyüşçüsü  olan  qalanın  müdafiəsi  Məlik  Tahirə,  qala  rəisliyi  əvvəlcə 

Xacə Cövhərə, onun ölümündən sonra Əmir Altuna, Əmir Altunun qətlindən sonra isə 

Seyyid Əhməd Oğulsamiyə tapşırılmışdı (7, s.15). 

 

Əlincəqala  1387-1401-ci  illərdə  -  14  il  ərzində  Əmir  Teymurun  qoşunlarının 



hücumlarına mətanətlə müqavimət göstərmiş, təslim olmamışdı. Ancaq qala daxilində 

başlayan  ziddiyyətlər  onun  müdafiəçilərinə  ciddi  təsir  edir,  onların  bir  qismi  Məlik 

Tahirdən  üz  döndərib  qalanı  tərk  edirlər.  Məlik  Tahir  də  öz  acizliyini  hiss  edib 

Cəlairilərin  Əlincədəki  xəzinəsini  götürüb  Bağdada  çəkilir.  Beləliklə,  qala  tədricən 

boşalmış, Teymur qoşunları bundan sonra boş qalanı tutmuşlar. Hindistan səfərindən 

qayıdan  və  Azərbaycana  gələn  Əmir  Teymur  Əlincəqalanın  onun  qoşunlarına  14  il 

mərdliklə  müqavimət  göstərməsindən  heyrətə gəlmiş,  özü qalaya  çıxaraq onu xüsusi 

olaraq ziyarət etmişdi. 




 

 



Əlincəqala  orta  əsrlər  dövründə  xüsusi  hərbi-strateji  əhəmiyyətə  malik 

olmuşdu. Dövlətlər Əlincəqalasına, onun ələ keçirilməsinə böyük diqqət yetirmişlər. 

1405-ci  ildə  Əmir  Teymur  öldükdən  sonra  qala  təkrarən  Cəlairilərin  və 

Qaraqoyunluların əlinə keçmişdi. Əmir Teymurun oğlu Şahruxun silahlı qüvvələrinə 

qarşı  döyüşdə  məğlub  olmuş  və  qardaşları  tərəfindən  xəyanət  görən  Qaraqoyunlu 

İsgəndər öz ailəsi ilə Əlincəqalada gizlənməyə məcbur olmuşdu (2, s.138-139). Lakin 

İsgəndər  burada  öldürülmüş  və  Cahanşah  Əlincəqalanı  ələ  keçirmişdi.    XV  əsrin  II 

yarısında  Ağqoyunluların  tabeliyində  olan  Əlincəqala  1501-ci  ildə  bütün  Naxçıvan 

ərazisi  ilə  birlikdə  Səfəvi  hökmdarlarının  hakimiyyəti  altına  düşdü.  Azərbaycan 

Səfəvilər  dövlətinin  tarixinə  aid  ən  qiymətli  mənbələrdən  olan  “Tarix-i  aləməra-yi 

Abbasi” (“Abbasın dünyanı bəzəyən tarixi”) əsərinin məlumatlarından aydın olur ki, 

Əlincəqala  Səfəvilər  dövründə  həm  etibarlı  sığınacaq,  həm  də  zindan  kimi  öz 

əhəmiyyətini  saxlamışdır.  Həmin  əsərdə  göstərilir  ki,  1578-ci  ildə  başlanan  Səfəvi-

Osmanlı  müharibəsi zamanı  Fərhad  paşa 1583-cü  ilin  avqustunda  İrəvanı  tutduqdan 

sonra Çuxursəd bəylərbəyisi Məhəmməd xan İrəvan şəhərini tərk etmiş və Naxçıvana 

gələrək qazilərin arvad-uşaqlarını Əlincəqalada yerləşdirmişdi (4, s.570). 

 

Səfəvilər  dövründə  Əlincəqalada  bərpa  və  abadlıq  işlər  aparılsa  da,  bir  sıra 



müdafiə tikililəri, o cümlədən müdafiə istehkamları, darvazalar, bürclər inşa edilsə də 

(3,  s.73)  qala  feodal  çəkişmələri  və  müharibələr  nəticəsində  böyük  zərər  çəkərək 

dağılmış və son orta əsrlər zamanı yaşayış məskəni kimi istifadə olunmuşdur. Məhz 

buna görə də “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Əlincəqala yaşayış məskəni 

– Əlincə nahiyəsinə tabe olan Əlincəqalası kimi qeyd olunmuşdur (11, s.85). 

 

Sonrakı  dövrlərdə  Əlincəqala  feodal  çəkişmələri  və  müharibələr  nəticəsində 



tədricən öz əhəmiyyətini itirmiş, ciddi dağıntılara  məruz qalmış və dağılmışdı. Buna 

baxmayaraq  Əlincəqala  sonrakı  vaxtlarda,  hətta  XIX  əsrdə  də  öz  hərbi-strateji 

əhəmiyyətini, müdafiə qabiliyyətini göstərmişdir. M.Mirheydərzadə bu barədə yazır: 



 

“...Tarixi-hicri  1242-də  (1826-1827-ci  illərdə  -  İ.H.),  Rus-İran  müharibəsində  bu 



qalanın komandanı Laçın bəy altı ay müddətə yaxın müharibə etmişdir” (9, s.80). 

 Güclü  və  möhkəmləndirilmiş  müdafiə  istehkamı  olduğuna  görə  orta  əsrlər 

zamanı  Əlincəqalada  Azərbaycanın  ayrı-ayrı  dövlətlərinin  zərbxanaları  yerləşirdi. 

Burada  müxtəlif  dövrlərdə  Azərbaycan  feodal  hakimləri  adından  sikkələr  zərb 

olunmuşdur.  Əldə  olunan  sikkə  nümunələri  təsdiq  edir  ki,  VII,  XIII-XIV  əsrin  I 

yarısında Əlincəqala sikkə zərb edən əsas mərkəzlərdən biri olmuşdur (3, s.50-53). 

Azərbaycanın  əyilməzlik  simvolu,  xalqımızın  qürur  mənbəyi  olan  Əlincəqala 

uzun  müddət,  xüsusilə  XX  əsrdə  baxımsız  qalmış,  orada  güclü  aşınmalar  baş 

vermişdi. Lakin Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki 

digər maddi-mədəniyyət abidələri kimi Əlincəqala da yüksək dövlət qayğısı ilə əhatə 

olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 06 

dekabr  2005-ci  ildə  imzaladığı  “Naxçıvan  Muxtar  Respublikası  ərazisindəki  tarix və 

mədəniyyət  abidələrinin  qorunması  və  pasportlaşdırılması  işinin  təşkili  haqqında” 

Sərəncamından  irəli  gələn  vəzifələri  yerinə  yetirmək  məqsədi  ilə  muxtar  respublika 

ərazisindəki  tarix  və  mədəniyyət  abidələri  qeydə  alınıb  pasportlaşdırılarkən 

Əlincəqala  haqqında  da  məlumatlar  toplanmış  və  Naxçıvan  Muxtar  Respublikası 

Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş 

“Naxçıvan  Muxtar  Respublikası  ərazisindəki  daşınmaz  tarix  və  mədəniyyət 

abidələrinin  dünya,  ölkə  və  yerli  əhəmiyyətli  tarix  və  mədəniyyət  abidələri”nin 

siyahısına dünya əhəmiyyətli abidə kimi daxil edilmişdir.  

Azərbaycan  tarixində  tutduğu  əhəmiyyətli  və  şərəfli  yerinə  görə  Naxçıvan 

Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 11 fevral 2014-cü ildə “Culfa 

rayonundakı  “Əlincəqala”  tarixi  abidəsinin  bərpa  edilməsi  haqqında”  Sərəncam 

imzalamışdır.  Həmin  Sərəncamdan  irəli  gələn  vəzifələrə  uyğun  2014-cü  ilin  aprel 

ayında Əlincəqalada bərpa işlərinə başlanmışdır. Bərpa işləri zamanı qalanın zirvəsinə 

yol  çəkilmiş  –  1301  pillə  qurulmuş,  gediş-gəliş  işləri  xeyli  asanlaşdırılmışdır. 




 

Əlincəqaladakı  qədim  yaşayış  yerləri,  təsərrüfat  binaları,  qala  divarları,  mühafizə 



yerləri,  səngər  və  bürclər,  su  hövzələri  tədqiq  edilmiş,  onların  forması 

müəyyənləşdirilmiş  və  tarixi  görkəmi  saxlanılaraq  bərpa  edilmişdir.  İnşaat  texnikası 

və planlaşma- məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə 

əks  etdirən  qalanın  şərq  və  qərb  darvazaları  da  bərpa  edilərək  əvvəlki  görkəminə 

qaytarılmışdır.  Həmçinin,  Əlincə  dağının  qərb  ətəyində,  qalaya  qalxan  yolun 

kənarında  “Əlincəqala”  Tarix-Mədəniyyət  Muzeyi  yaradılmış,  ərazidə  minlərlə  gül 

kolları  və  ağaclar  əkilmiş,  terraslar  düzəldilərək  üzümlüklər  salınmağa  başlanılmış, 

Əlincə çayından əraziyə su çəkilmişdir. 

Artıq  Əlincəqalada  bərpa-abadlıq  işləri  başa  çatdırılmış  və  17  iyun  2016-cı  il 

tarixdə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbovun  iştirakı 

ilə açılış mərasimi olmuşdur. Bununla da Azərbaycan xalqının siyasi və hərb tarixində 

çox böyük rol oynayan Əlincəqala Naxçıvan əhalisinin və muxtar respublikaya gələn 

qonaqların ziyarət yerinə çevrilmişdir. 

Beləliklə,  Azərbaycan  xalqının  azadlıq  və  istiqlaliyyəti  uğrunda  xarici 

işğalçılara qarşı apardığı mübarizə tarixi ilə sıx bağlı olan, Azərbaycanın əyilməzlik 

simvoluna  çevrilən  Əlincəqlaya  ikinci  həyat  verilmiş,  xalqımızın  yaratdığı  bu 

möhtəşəm abidə xalqımıza qaytarılmışdır.  

 

ƏDƏBİYYAT 

1.

 

Azərbaycan  tarixi.  Ən  qədim  zamanlardan  XX  əsrədək.  I  cild.  Akad.  Z.Bünyadov  və 



prof. Y.Yusifovun redaktəsi ilə. Bakı: Azərnəşr, 1994, 680 s. 

2.

 



Əbubəkr  Tehrani.  Kitabi  Diyarbəkiriyyə.  Fars  dilindən  tərcümə  edən  və  ön  sözün 

müəllifi Rahilə Şükürova. Bakı, Elm, 1998, 336 s. 

3.

 

Əlincəqala.  Məqalələr  toplusu  (Azərbaycan,  rus  və  ingilis  dillərinə).  Naxçıvan:  Əcəmi, 



2016, 304 s. 

4.

 



İsgəndər bəy Munşi. Tarix-i aləməra-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi). I cild. 

Farscadan tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müəllifləri Oktay Əfəndiyev, 

Namiq Musalı. Bakı: Təhsil, 2009, 792 s. 

5.

 



Kitabi Dədə-Qorqud. Tərtib edənlər: F.Zeynalov, S.Əlizadə. Bakı, 1988, 265 s. 

6.

 



Köprülü Fuad M. Alancaq. İslam ensiklopediyası. C 4, s. 302-304. 

7.

 



Məmmədov  R.  Əlincəqalanın  orta  əsrlər  tarixi  haqqında.  “Azərbaycan  tarixinə  dair 

materiallar”. Bakı, 1973, s. 8-16. 

8.

 

Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı, 1977, 158 s.  




 

9.



 

Mirheydərzadə  M.  Əbrəqunus  dairəsi,  məşhur  Əlincə  çayı  sahilində  bir  neçə  kəndin  və 

Əlincə qalasının tədqiqi. “Azərbaycanı öyrənmə yolu”. Bakı, 1930, № 4-5, s.78-80. 

10.


 

Naxçıvan abidələri ensiklopediyası. İstanbul, 2008, 519 s. 

11.

 

Naxçıvan  sancağının  müfəssəl  dəftəri.  Araşdırma,  qeyd  və  şərhlərin  müəllifi 



H.Məmmədov. Bakı, Elm, 2001, 374 s. 

12.


 

Quliyev Ə. Naxçıvan kəhrizləri. Bakı: Nurlan, 2008, 164 s. 

13.

 

Рюи Гонзалес де Клавихо. Дневник путешествия ко двору Тимура в Самарканд в. 



1405-1406 гг. Сборник «ОРЯС», СПб, 1881, с. 158-161. 

14.


 

Казвини Хамдаллах. «Нузхат ал-Кулиб». Пер. с английского З.М.Буниятова, пер. с 

перс. И.П.Петрушевского. Баку, 1983, с.37-65. 

 

  



Yüklə 259,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə