Elektron hökumət



Yüklə 21,12 Kb.
tarix04.11.2017
ölçüsü21,12 Kb.
#8598

Elektron hökumət”in formalaşdırılması strateji prioritetlərdən biridir
Azərbaycanda uğurla davam etdirilən “Elektron hökumət” layihəsi səmərəli nəticələr verir


9978_7
Müasir dövrdə qloballaşma şəraitində informasiya cəmiyyəti quruculuğu strateji əhəmiyyətli məsələlərdən biri kimi çıxış edir. Təsadüfi deyil ki, hazırki şəraitdə ayrı-ayrı ölkələrin milli inkişaf səviyyəsini, perspektiv imkanları qiymətləndirilərkən informasiya cəmiyyəti quruculuğuna, o cümlədən “elektron hökumət”in formalaşdırılması məsələsinə xüsusi diqqət yetirilir.
Bu istiqamətdə əldə edilmiş nailiyyətlər, eyni zamanda, daxili və xarici siyasət nöqteyi-nəzərindən strateji kursun səmərəliliyinə əhəmiyyətli təsir göstərir. Ona görə də, milli dövlətlər XXI əsrin çağırışlarına müvafiq olaraq “elektron hökumət”in formalaşdırılmasını, eləcə də informasiya cəmiyyətinin təşəkkül tapmasını strateji prioritetlərdən biri kimi müəyyənləşdiriblər.
İnformasiya cəmiyyəti quruculuğu dövlətin əsas prioritetlərindən biridir
Qeyd etmək lazımdır ki, dinamik iqtisadi inkişafa malik olan Azərbaycanda da milli inkişaf strategiyasının fonunda bu məsələlərə xüsusi diqqət yetirilir. Ümumiyyətlə, ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya texnologiyaları sektorunda da öz mühüm təsirini göstərməkdədir. Azərbaycanda informasiya cəmiyyəti quruculuğu dövlətin əsas prioritetlərindən biri kimi uğurla həyata keçirilir. “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində ölkəmizdə İKT sektorunun inkişaf etdirilməsi, informasiya cəmiyyətinin qurulması istiqamətində bir sıra uğurlara nail olunub. Bununla yanaşı, bəhs olunan sahədə gələcəkdə mütləq şəkildə informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron xidmətlərin təşkilinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına dair məsələlərin tamamilə həlli nəzərdə tutulur.
Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır
Vurğulamaq yerinə düşər ki, bu istiqamətdə görülən işlər konseptual xarakter daşıyır və “Elektron hökumət” quruculuğu prosesinin operativ və effektiv şəkildə davam etdirilməsinə xidmət edir. Daha da dəqiqləşdirsək, ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılıb.

Ümumilikdə, “elektron hökumət”in əsas fəaliyyət prinsipləri qismində Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi, informasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması, istifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması, dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü çıxış edir.


Ölkədə müasir informasiya və kommunikasiya texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi, respublikanın bütün ərazisi üzrə İKT xidmətlərinin, həmçinin, dövlət, ictimai və sahə informasiya resurslarına çıxışın genişləndirilməsi, dövlət idarəçiliyinin bütün səviyyələrində e-hökumət həllərinin tətbiqi ilə dövlət orqanları arasında əlaqələrin elektron üsullarla həyata keçirilməsi, vətəndaş və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, e-ticarət, e-səhiyyə kimi mütərəqqi fəaliyyət formalarının müasir dövrün tələbləri səviyyəsində təşkili, İKT xidmət və məhsullarının istehsalının və ixrac potensialının artırılması kimi məsələlərin həlli nəzərdə tutulur. Bu baxımdan, sektorun davamlı və dinamik inkişafının, ölkədə İKT-nin geniş tətbiqi və onun imkanlarından əhalinin yararlanmasının təmin edilməsi üçün tədbirlərin görülməsi, eləcə də, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması Dövlət proqramlarının əsası qismində çıxış edir.

Deyilənləri ümumiləşdirərək, “elektron hökumət”in əhəmiyyətini bu cür izah edə bilərik. “E-hökumət” dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi, dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda, istifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsinə xidmət edir. Bunlarla yanaşı, o, elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasını, istifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılmasını, həmçinin, istifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyünü təmin edir. Eyni zamanda, “elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.


Müvafiq dövlət strukturlarının koordinasiyalı fəaliyyəti qarşıya qoyulmuş vəzifələrin daha operativ həyata keçirilməsini təmin edir
Qeyd etmək lazımdır ki, bəhs olunan istiqamətdə müvafiq dövlət strukturları koordinasiyalı şəkildə fəaliyyət göstərir ki, bu da müvafiq sahədə qarşıya qoyulmuş vəzifələrin daha operativ həyata keçirilməsini təmin edir. Bununla yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. 
Vurğulayaq ki, elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.
Elektron hökumət”in üstünlüklərindən istifadə etmək strateji vəzifə kimi müəyyənləşdirilib
Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə uğurla davam etdirilən “Elektron hökumət” layihəsi səmərəli nəticələr verib. Qeyd edək ki, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmış “Elektron hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilib. “Elektron hökumət”in formalaşması, ictimai şüurda mənimsənilməsi üçün əvvəlcə layihənin töhfələri, yenilikləri, sosial-iqtisadi üstünlüklərinin qiymətləndirilməsi və ötürülməsi zəruridir. Layihənin əsas məqsədi vətəndaş aktivliyinin artırılmasına, vətəndaş problemlərinin səmərəli həllinə, dövlət qurumları ilə cəmiyyət arasında münasibətlərin mütənasibliyinə, şəffaflığına nail olunmasına istiqamətlənmişdir. Yəni elektron xidmət idarəetmənin operativliyinə, çevikliyinə və düzgünlüyünə təminat yaratmaqla, vətəndaş-dövlət təmasının genişlənməsinə imkan verir. 
“Elektron hökumət”in fəaliyyət prioritetlərini bir-biri ilə qarşılıqlı əlaqədə olan, informasiyadan düzgün istifadə etmə mümkünlüyünü ehtiva edən “e-demokratik özək” şəklində xarakterizə etmək mümkündür. Ekspertlərin qənaətinə görə, “elektron hökumət” dövlətin korrupsiyaya qarşı mübarizə üsulunun təsiredici faktoru rolunda çıxış edə bilər. Belə ki, bu qurum dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaratmaqla dövlətin adından sui-istifadə hallarını, vətəndaş hüquqlarının pozulmasını mümkünsüz edir. Korrupsiyaya qarşı mübarizəni dövlətin həyati məqsədlərindən birinə çevirən Azərbaycan Respublikası “elektron hökumət”in bu üstünlüyündən istifadə etmək niyyətindədir. O da diqqətə çatdırılır ki, “elektron hökumət”in səmərəli təşkili, mahiyyət və məzmununun aydınlığı, vətəndaşların elektron rejimə adaptasiyası və dövlətin ayrılmaz bir qoluna çevrilməsi elektron-demokratiyanın mövcudluğuna gətirib çıxaracaq.
Nəticə etibarilə, ölkəmizdə “elektron hökumət”in üstünlüklərindən istifadə etmək strateji vəzifə kimi müəyyənləşdirilib.

Nadir İSMAYILOV,
Yazı Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin keçirdiyi “Mənim Elektron Hökumətim” adlı müsabiqəyə təqdim olunur

Yüklə 21,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə