canlı düşüncə prosesinin bir ünsürünə çevrildikdə, o özü də canlanır və sonrakı
nəzəri və əməli fəaliyyət üçün təməl olur. Qərb fəlsəfəsi bu fərqin pedaqoji
prosesdə də nəzərə alınması üçün əsas rolunu oynamışdır. Başqalarının fikirlərinin
hazır şəkildə mənimsənilməsi, insanların başqaları tərəfindən müəyyən edilmiş
qaydalar əsasında yaşamağa vərdiş etməsi, kənardan göstəriş gözləməsi sərbəst
düşüncədən qorxmağın, fikir tənbəlliyinin nəticəsidir. L.Kant “Maariflənmə nədir,
- sualına cavab” əsərində yazır: “Maariflənmə - insanın qeyri-yetkinlik halından
çıxmasıdır ki, o, bu vəziyyətdə öz təqsiri üzündən qalmış olur...Öz təqsiri üzündən
qeyri-yetkinliyin səbəbi düşüncənin çatışmazlığı yox, kənardan kimin isə himayəsi
olmadan öz düşüncəsindən istifadə etmək üçün qətiyyətin və qeyrətin
çatışmazlığıdır”. Bu gün Qərbi Qərb edən, ona sivilizasiyanın önündə getmək
imkanı yaradan düşüncənin ətalətdən və passivlikdən xilas olması, hər kəsə öz ağlı
ilə çalışmaq imkanının yaradılmasıdır.
Etiraf edək ki, biz uzun illər təcrübəmizdə hansı bilik, nə qədər bilik verilməsi
ilə bağlı yanlışlıqlara yol vermişik. Halbuki təhsilin baş məqsədi bilikləri şagirdə
hazır şəkildə vermək yox, bilikləri zəruri minimum həcmdə olmaqla onun şəxsi
düşüncəsinin məhsuluna çevirmək və sonrakı müstəqil düşüncələr üçün əsas yarat-
maqdır. Başqa sözlə, təhsilin məqsədi məhz bu mühiti yaratmaqdır.
Həddindən çox informasiyanı şagirdlərə yaradıcı düşüncənin məhsulu olaraq
çatdırmaq olmaz. Müəllimin real səviyyəsi, şagirdin imkanları ilə onların üzərinə
qoyulan yük arasında uyğunsuzluq olmamalıdır. Tələb olunan zəruri minumum
olmalıdır ki, müəllim şagirdlərin biliklərə yiyələnməsi prosesini fəal, şüurlu, imkan
daxilində maksimum müstəqil və yaradıcı proses kimi təşkil etməyi bacarsın. Bu
halda bilik praktik fəaliyyətin əsası kimi fəal düşüncə prosesində formalaşar və
şagirdlər həqiqətən bu prosesin iştirakçısına çevrilmiş olarlar.
10.2.2. Azərbaycanda ümumi orta təhsilin məzmunu
sahəsində islahatlar
Hər hansı bir təhsil səviyyəsində (pilləsində) uğurlu nəticənin əldə olunması,
heç şübhəsiz, həmin pillə üzrə təhsilin məzmununun nə dərəcədə optimal və
məqsədyünlü müəyyənləşdirilməsindən birbaşa asılıdır. İctimai tələb, cəmiyyətin
inkişaf perspektivləri bütün dövrlərdə təhsilin məzmunu ilə bağlı vəzifələrin
dəqiqləşdirilməsində əsas amil olmuşdur. Ötən əsrin 20-30-cu illərindəki təhsil
proqramları ilə əsrin sonundakı təhsil proqramlarının müqayisəsi göstərir ki, o
zaman kütləvi savadsızlığın aradan qaldırılması ən ümdə vəzifə sayılırdı, icbari
ibtidai, yeddiillik təhsilə keçid böyük qələbə hesab olunurdu. XX əsrin 70-80-cı
illərində linqafon kabinetinin quraşdırılması məktəb üçün əlamətdar hadisəyə
çevrilirdisə, bu gün təhsil müəssisələrinin kompyuterləşdirilməsi, təhsil sisteminin
informasiyalaşdırılması mühüm prioritetlərdəndir. Dövrə, zamana uyğun olaraq
tələblər də dəyişmişdir. Başqa sözlə, dövr, zaman sifarişçi, təhsil sistemi isə həmin
sifarişçilərin, bir növ, icraçısıdır. Elmi-texniki tərəqqinin sürəti daim yüksələn
xətlə inkişaf edir. Burada inqilabi dəyişikliklər tez-tez baş verir. Belə bir şəraitdə
təhsilin məzmunu ilə əlaqədar eksperimentlər aparılmışdır. Müxtəlif illərin tədris
planlarının təhlili göstərir ki, müəyyən dövrdə şagirdlərin əmək hazırlığına daha
çox önəm verilmiş, politexnik təlim diqqət mərkəzində olmuşdur. Bu
eksperimentlər daha təkmil bir sistem yaratmağa, təhsilin məzmununu maksimum
səviyyədə dövrün tələblərinə uyğunlaşdırmağa xidmət etmişdir.
Keçmiş Sovetlər Birliyində eksperimentlər mərkəzdəki ən yaxşı, hərtərəfli
təchiz edilmiş məktəblərdə sınaqdan keçirilirdi, nəticələri isə bütün SSRİ
məkanındakı məktəblərdə tətbiq olunurdu. 70 ildən artıq bir müddətdə keçmiş
SSRİ məkanına daxil olan bütün respublikalar üçün təhsilin məzmunu yalnız
mərkəzdə hazırlanırdı. Hamı ana dili və konkret respublikanın tarixindən başqa
digər əksər fənləri vahid dərsliklər vasitəsilə tədris etməyə məcbur idi. Əlbəttə, bu
o demək deyildi ki, sovet təhsil sistemi zəif sistem olmuşdur. Sadəcə, bütün
səlahiyyətlər bir mərkəzdə cəmləşdirildiyi üçün respublikalar təhsilin məzmunu ilə
bağlı məsələlərə müdaxilə edə bilmirdilər.
O vaxtlar inkişaf etmiş ölkələrdəki təcrübəni öyrənməyə də imkan
yaradılmırdı. Dünya təhsilində gedən proseslərdən ayrı düşmüş Sovet təhsil
sistemində bilavasitə məzmunla bağlı belə bir konseptual ideya formalaşmışdı ki,
tədris olunan hər bir fənn daxilində mümkün qədər çox bilik, məlumat, fakt
verilməli, nəticə etibarilə sovet məktəbinin yetirmələri hər şeydən xəbərdar olmalı,
daha geniş bilik əldə etməlidirlər. Məhz buna görə də tədris proqramları şişirdilir,
dərsliklər bir sıra hallarda zəruri olmayan, şagird üçün elə bir həyati əhəmiyyət
kəsb etməyən materialla yüklənirdi. Diqqət mərkəzində bilavasitə nəzəri biliklərin
mənimsədilməsi dayandığı üçün uşaqlara gələcək həyatlarında lazım olan
bacarıqların aşılanması sanki unudulurdu. Ona görə də sonrakı illərdə aparılan
təhlillər bir daha sübut etdi ki, orta təhsil müddətində şagirdlərin ayrı-ayrı fənlər
üzrə aldıqları bilik və məlumatların xeyli hissəsi müstəqil həyatda praktik
əhəmiyyət kəsb etmədiyindən tez bir zamanda yaddan çıxır. Həmçinin müəyyən
edilmişdir ki, tədris proqramları mürəkkəb olduğu üçün şagirdlər bir sıra fənlərdən,
xüsusilə də riyaziyyat, kimya, biologiya, fizikadan təlim materiallarının böyük bir
hissəsini mənimsəyə bilmirlər. Uşaqların təhsilə maraqlarının azalmasının, təhsil-
dən yayınmalarının bir səbəbi də bununla bağlı idi. Əsas səbəb isə, şübhəsiz,
məzmun standartlarının formalaşmaması idi. Pedaqoji ədəbiyyatda, hüquqi-normativ
sənədlərdə standart, təhsil standartı terminləri işlənsə də, bunlar mahiyyət etibarilə
fənlərin məzmununda öz ifadəsini tapmırdı.
İnkişaf etmiş ölkələrin təcrübəsində ümumi orta təhsilin məzmununa, onun
müntəzəm surətdə yeniləşdirilməsi və təkmilləşdirilməsi, zəruri biliklərin
mənimsənilməsi ilə yanaşı, təhsilalanlarda həyati bacarıq və vərdişlərin
formalaşmasına daha çox diqqət yetirilir. Çünki sonrakı təhsil mərhələləri orta
təhsilin nəticələri üzərində qurulur. İnsan gələcək həyat fəaliyyətini təmin edən
ayrı-ayrı sahələr üzrə müəyyən biliklərə, bacarıq və vərdişlərə məhz orta məktəbdə
yiyələnir. Ümumi təhsil vətəndaşın sonrakı inkişafı üçün bünövrə rolunu oynayır.
Bu mənada ümumi orta təhsilin məzmununun cəmiyyətin, dövlətin, fərdin
tələbatına uyğun müəyyənləşdirilməsi bütün vaxtlarda ən aktual məsələ olmuşdur.
2002-ci ildə Təhsil Nazirliyi və Dünya Bankının ekspertləri tərəfindən
aparılan birgə tədqiqatlar mövcud kurikulumlarla bağlı əsas problemləri aşkar
etmişdi. Birinci problem məzmunun nəticəyönümlü deyil, təklifyönümlü olması
idi. Yəni tədris proqramları mövzuların siyahısından və mətnlərdən ibarət idi.