10.2. Ümumi orta təhsilin məzmunu
10.2.1. Təhsilin məzmunu
Təhsilin məzmunu dedikdə, müəyən tip tədris müəssisələrində öyrənmək
üçün seçilmiş biliklər, bacarıqlar sistemi başa düşülür. Təhsilin məzmunu abstrakt
deyil. O, sistemin daxili mahiyyətindən ayrılmazdır. Şagirdlərin təfəkkürünü,
idraki maraqlarını formalaşdırmaq, hərtərəfli inkişafını təmin etmək və əmək
fəaliyyətinə hazırlamaq ümumi təhsilin məzmunun əsasını təşkil edir. Məzmun
təhsilin məqsədlərini həyata keçirməyin vasitəsi olmaqla cəmiyyətin və həm də
ayrı-ayrı adamların cari və perspektiv tələbatlarını əks etdirir. Məzmunun
formalaşdırılmasını, onun müxtəlif tipli və səviyyəli tədris müəssisələrinin
proqramlarına daxil olunmasını daha çox tələbatlar istiqamətləndirir. Başqa
sistemlərdən asılı olan, onlardan törəyən məzmun bir sistem kimi çətin formalaşır.
Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, təhsilin məzmunu kəskin ideoloji
mübarizə mövzusu olmuşdur. Qeyd edək ki, həmişə bir-birinə zidd qüvvələr
məktəbə və onun vasitəsilə bütün cəmiyyətə təsir etməyə cəhd göstərmişdir. Bu
amil daimi xarakter daşıdığından təhsilin məzmunun formalaşmasının
qanunauyğunluqlarından biri hesab edilir. Təhsilin məzmununun formalaşmasını
şərtləndirən sistemlər içərisində qəbul olunmuş məqsədlər, sosial tələbatlar, sosial
və elmi nailiyyətlər, şəxsi tələbatlar, pedaqoji imkanlar və s. seçilir.
Sosial və şəxsi tələbatlar sistemi məqsədlər sistemi ilə qırılmaz surətdə
bağlıdır Təhsil yeni məktəb quruculuğunun indiki mərhələsində demokratik
dövlətin yaradılmasının, onun mədəni və mənəvi intibahının, bazar
münasibətlərinin təşəkkülünün, elm və texnikanın inkişafının əsasında durmalıdır.
Təhsildə ictimai və şəxsi maraqları necə birləşdirmək problemi həll olunmalıdır,
yəni bir tərəfdən ictimai tələbatlar ödənilməli, o biri tərəfdən isə təhsil hər bir insan
üçün zəruri və cəlbedici olmalıdır. Məktəb təhsilinin məzmununu formalaşdırmaq
üçün ənənəvi olaraq sosial və elmi nailiyyətlər sistemi böyük əhəmiyyət kəsb
edir. Təhsilin məzmununda elmi nailiyyətlərin implikasiyası (tətbiqi) sahəsində
aparılan tədqiqatlar göstərir ki, yeni elmi kəşf və ya yeni sosial ideyanın meydana
gəlməsi ilə onun məktəbdə sistemli öyrənilməsi arasındakı vaxt müddəti durmadan
azalır. Pedaqoji imkanlar sistemi təhsilin məzmununa məlumatların daxil olma-
sına yol vermək və ya ona qadağa qoymaq rolunu oynayan tənzimləyicidir. Başa
düşmək, anlamaq, mənimsəmək üçün müəyyən inkişaf səviyyəsi lazımdır.
Orta ümumtəhsil məktəbində təhsilin məzmununa verilən tələblər təhsilin
inkişafı üzrə dövlət strategiyası ilə müəyyən olunur. Təhsilin məzmununda iki
aspekt gözlənilir: milli və ümumbəşəri. Məktəb təhsilinin məzmununun
müəyyənləşdirilməsinin
ümumi
əsasları
bunlardır:
humanistləşdirmə,
diferensiallaşdırma, inteqrasiyalaşdırma, yeni informasiya texnologiyalarının
geniş tətbiqi, yaradıcı şəxsiyyətin formalaşdırılması.
Tədris prosesinin məzmunu bir sistem kimi müxtəlif strukturda təqdim edilə
bilər. Strukturun elementləri ayrı-ayrı biliklər və ya onların elementləridir. Hazırda
təhsilin məzmununun xətti , konsentrik, spiralvari və qarışıq strukturları geniş
yayılmışdır. Xətti strukturda tədris materialının ayrı-ayrı hissələri bir-biri ilə sıx
əlaqədə, fasiləsiz ardıcıllıqla, məktəb təlimi dövründə bir dəfə öyrədilir. Bu
strukturu əsas götürəndə ardıcıllıq, tarixilik, sistemlilik, müvafiqlik tələblərinə
riayət etmək lazımdır. Konsentrik struktur əvvəl öyrənilən biliklərə qayıtmağı
nəzərdə tutur. Eyni bir material bir neçə dəfə təkrar olunur, həm də materialın
məzmunu yavaş-yavaş genişlənir, yeni məlumatlar, əlaqələr və asılılıqlarla zəngin-
ləşir. Təlimin ilk mərhələlərində elementar təsəvvürlər verilir, biliklər və idraki
imkanlar artdıqca onlar dərinləşdirilir və genişləndirilir. Spiralvari strukturun
xarakterik xüsusiyyəti odur ki, burada şagirdlər başlanğıc problemi diqqətdən
kənarda qoymur, onunla bağlı olan biliklərin dairəsini yavaş-yavaş, tədricən
genişləndirir və dərinləşdirirlər. Spiralvari strukturda konsentrik və biliklərin bir
dəfə öyrənilməsi də baş vermir, onların daha geniş öyrənilməsi davam edir. Qa-
rışıq strukturun imkanlarından daha çox istifadə olunur. Bu struktur xətti,
konsentrik və spiralvari strukturların kombinasiyasıdır. Bu kombinasiya təhsilin
məzmununu təşkil edən zaman manevr etməyə, onun ayrı-ayrı hissələrini müxtəlif
yollarla ifadə etməyə kömək edir.
Təhsilin məzmununun strukturunu seçən zaman təlimin məqsədi, şagirdlərin
oxuma (öyrənmə) səviyyəsinə verilən tələblər, öyrənilən biliklərin xarakteri və
xüsusiyyətləri, məzmununun ünvanlandığı şagird qruplarının xüsusiyyətləri nəzərə
alınır. Burada daha bir məsələyə diqqət çəkmək istərdik. Təhsilin məzmunun
gərəksiz informasiya maksimallığından qorunması çox vacibdir. Beyini həddindən
artıq gərəksiz biliklə yükləmək sərbəst düşüncəyə ən böyük zərbədir. Sərbəst
düşüncə isə passiv hafizədən fərqli olaraq elmi vəcdlə, yaradıcılıq ehtirası ilə
müşayiət olunur. Leonardo da Vinçi demişkən, “elmlə ehtirassız məşğul olmaq
hafizəni zibilləyir”. Çünki, soyuq hafizə gücünə başqasından hazır şəkildə alınmış
biliklər əslində cansız biliklərdir və onları “həzm etmək” mümkün deyil. Təsadüfi
deyildir ki, B.Franklin də təhsildən danışarkən “bütün yeyilənlərin” yox, ancaq
həzm olunan hissənin faydalı olduğunu yada salırdı.
Avropa ölkələrinin təhsil müəssisələrində tədris prosesi, dərslərin məzmunu
və qiymətləndirmə meyarları ilə tanış olduqda məlum olur ki, orada nisbətən az
informasiya verildiyi halda, daha çox dərəcədə düşünmək, mühakimə yürütmək və
öz fikirlərini müstəqil surətdə şərh etmək qabiliyyəti formalaşdırılır. Səbəbi isə
budur ki, onlar “cansız biliyin” inkişafa xidmət etmədiyini çoxdan bilirlər.
Canlı bilik, fəaliyyətdə olan bilik iki istiqamətdə fayda verir: ya yeni
biliklərin yaranması üçün baza rolunu oynayır, ya da müvafiq əməli fəaliyyət
sahələrində tətbiq olunur. Cansız bilik isə başqalarının təfəkkürünün məhsulu
olmaqla, ancaq nitq qəlibinə salındıqdan sonra hazır şəkildə qəbul edildiyindən, bir
təfəkkür aktı yox, bir hafizə aktı kimi mövcud olur və ancaq informasiya kimi
dəyərə malik olur. Biliyin yaradıcı səciyyə daşıması üçün onun elə bil ki, yenidən
kəşf olunması – özününküləşdirilməsi lazımdır. Bilik hafizə faktından fikir faktına,