İnteqrativ bacarıqların inkişafına imkan yaratmaq, onu şəxsiyyətin ümumi
keyfiyyətinə çevirmək dərsliklərin xarakterik cəhətlərindən biri hesab edilməlidir.
Bundan əlavə, şagirdlərin dünyagörüşünün formalaşdırılması da diqqət mərkəzində
saxlanılmalı, ətraf aləmin obyektiv reallıqları ilə qəbul edilməsi üçün zəruri təlim
materiallarından istifadə olunmasına üstünlük verilməlidir.
Təhsil Sektorunun inkişafı layihəsi üzrə milli koodinator İ.İsgəndərov haqlı
olaraq vurğulayır ki, dərslikləri kurikulumların tələblərinə uyğun səviyyədə
hazırlamaq üçün bir sıra mühüm pedaqoji prinsiplərin gözlənilməsi zəruri hesab
edilir. Bunların sırasında aşağıdakılar vardır.
1. Düzgünlük. Bu prinsip dərsliyi qeyri-ciddi faktorlardan uzaqlaşdırır,
inandırıcı, stimullaşdırıcı mənbəyə çevirir. Şagirdlər dərsliyə etibarlı tədris vəsaiti
kimi yanaşırlar. Dərsliyin bu prinsipə uyğun hazırlanması üçün aşağıdakı tələblərin
nəzərə alınması vacib bilinir:
- təlim standartlarına uyğunluq;
- faktorların dəqiqliyi;
- orfoqrafiya, durğu işarələri, qrammatik qaydaların gözlənilməsi;
- mübahisəli faktorların olmaması.
2. Əyanilik. Dərslikləri baxımlı etmək, onu şagirdin ən yaxın müsahibinə,
eləcə də stimullaşdırıcı vasitəyə çevirmək üçün əyaniliyə mühüm didaktik prinsip
kimi müraciət olunur. Aşağıdakıların dərsliklərdə əks olunması təmin edildikdə bu
prinsip tam reallaşdırılır:
- şəkillər, fotolar;
- illüstrasiyalar;
- sxemlər;
- cədvəllər;
- xəritələr;
- qrafiklər.
Əyaniliyi təmin etmək üçün yuxarıda sadalanan bütün vasitələrin eyni bir
dərsliyə daxil edilməsi tələb olunmur. Dərsliklər hazırlanarkən onların özünəməxsus
cəhətləri, aid olduğu fənnin xüsusiyyətləri əsas götürülür, zəruri hesab edilən
müvafiq əyani vasitələr seçilir.
3. Müasirlik. Dərsliyin ən mühüm atributlarından biri onun yeniliyi,
müasirliyidir. Dövrün, zamanın tələb və ehtiyaclarını özündə əks etdirməsi,
şagirdlərdə yenilik əhval-ruhiyyəsi yarada bilməsidir. Buna aşağıdakı tələblər
gözlənilməklə nail olmaq mümkündür:
- sosial-iqtisadi sahələrdəki nailiyyətlərin nəzərə alınması;
- elmin özündəki inkişafın nəzərə alınması;
- təlim materiallarının müasir dünyagörüşü formalaşdırmasına isti-
qamətlənməsi.
Dərsliyin müasir olması üçün fakt və hadisələrin inkişafla bağlı olması, onu
əks etdirməsi əsas şərtlərdən biridir. Bununla yanaşı, yeni texnologiyalara istinad
olunması, onların dərsliyin məzmununa gətirilməsi də müasirliyin əlamətlərindən
sayılır.
4. Tamlıq. Tədris vasitələrindən biri kimi dərsliyin bütövlüyü, tamlığı onun
məzmununda aşağıdakı müəyyən komponentlərin olmasını tələb edir:
- nəzəri materiallar;
- praktik materiallar;
- təsviri materiallar;
- qiymətləndirmə materialları.
Nəzərdə tutulan bu materialların hər biri mühüm didaktik əhəmiyyət daşıyır.
Şagirdlərin təlim fəaliyyətinə cəlb olunması, öyrənmə prosesinin təşkili və
bacarıqların dəyərləndirilməsi baxımından imkanları ilə seçilir.
5. Ardıcıllıq. Dərsliklərin məzmunundakı materialların sıralanmasında
ardıcıllıq mühüm prinsiplərdən biri kimi gözlənilir. Bu zaman ardıcıllığın
aşağıdakı parametrləri əsas götürülür:
- psixoloji baxımdan;
- məzmun baxımından;
- təqvim-tematik baxımdan;
- məntiqi baxımdan.
Psixoloji baxımdan ardıcıllıq təlim materiallarının maraqlılıq səviyyəsinə görə
düzülməsini tələb edir. Materiallar, ilk növbədə, şagirdlərin psixi proseslərlə bağlı
fəaliyyətlərinin inkişafını təmin etmək üçün seçilir. Hafizə, təfəkkür və təxəyyül
proseslərinin formalaşması istiqamətinə yönəldilir. Məzmun baxımından ardıcıllıq
təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanmasında özünü göstərir.
Təqvim-tematik baxımdan ardıcıllıq müvafiq təlim materiallarının düzülməsində
tarixi gün və hadisələrin nəzərə alınmasını, məntiqi baxımdan ardıcıllıq isə ilkin
təlim materialları vasitəsi ilə növbəti təlim materiallarının mənimsənilməsi üçün
zəmin yaradılmasını tələb edir.
6. Yaş səviyyəsinə uyğunluq. Dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun
hazırlanmalıdır. Bu zaman iki əsas tələb diqqət mərkəzində saxlanılmalıdır: a)
dizayn; b) təlim materiallarının məzmunu, həcmi, maraqlılığı.
7. Təlim vaxtına uyğunluq. Təlim materiallarının miqdarı və ağırlıq çəkisi
müəyyənləşdirilərkən ayrılan vaxt nəzərə alınır. Bu zaman nəzəri və praktik
materialların balansının gözlənilməsi, standartların reallaşdırılmasına yönəldilməsi
zəruri hesab edilir. Şagirdlərin təlim marağının gücləndirilməsi üçün motivasiya
imkanları genişləndirilir.
8. Oxunaqlıq. Oxunaqlığın nəzərə alınması üçün ilkin olaraq, məzmun
materiallarının maraqlı olması vacib hesab edilir. Belə materiallar şagirdlərin
diqqətinə səbəb olur, onları öyrənməyə təhrik edir. Təlim materiallarının
lakonikliyi, aydın üslubda, sadə dildə olması öyrənmə fəaliyyətinin səmərəliliyini
artırır.
9. İnklüzivlik. Bu prinsip əsasında yazılmış dərslik özünün əhatəliliyinə görə
seçilməlidir. Təlim prosesində yalnız bir səviyyəni deyil, müxtəlif səviyyələri
ehtiva etməlidir. Həm istedadlı, həm də müəyyən səbəblərdən geridə qalan,
sağlamlığı məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqların, şagirdlərin təlim
maraqlarını ödəyə bilməlidir. Bunun üçün təlim materiallarının seçilməsinə və
dərsliyə daxil edilməsinə diferensial yanaşılmalı, hər bir sinifdə şagirdlərin inkişaf
səviyyələri nəzərə alınmalıdır.
10. Fəal təlim üçün şəraitin yaradılması. Fəal təlim müasir təhsil prosesinin
əsas atributlarından hesab edilir. Onun qurulmasında bir çox amillərlə yanaşı,
dərslik də həlledici rol oynayır. Nəticəyönümlü kurikulumlar məhz belə
dərsliklərin hazırlanmasını tələb edir. Ona görə də dərsliklər formalaşdırılarkən
fəal təlim üçün şəraitin yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Təlim
materialları fəal təlim prosesinin məntiqinə uyğunlaşdırılmalıdır. Təlim marağının
formalaşdırılması, problemin qoyuluşu, həll edilməsi, təqdimolunma və
qiymətləndirmə dərsliyin texnoloji (metodik) sisteminin əsasını təşkil edir.
11. Gigiyenik tələblərə uyğunluq. Dərsliklər həm də gigiyenik tələblərə cavab
verməli, ona uyğun hazırlanmalıdır. Bu zaman Azərbaycan Hökuməti ilə
razılaşdırılmış “Ümumtəhsil sistemində dərslik siyasəti” və Təhsil Nazirliyinin
qəbul etdiyi “Dərsliklərin texniki və gigiyenik standartları” adlı normativ sənədlərə
istinad olunmalıdır.
Dərsliklərin hazırlanmasında mənbələrin göstərilməsi, təlim materiallarında
kütləvi informasiya vasitələrindən istifadə imkanlarının nəzərə alınması məsələləri
də mühüm prinsiplər kimi dəyərləndirilməli, onların da nəzərə alınması diqqət
mərkəzində saxlanılmalıdır.
İdrakın inkişaf etdirilməsi və şəxsiyyətin mühüm göstəricisinə çevrilməsi
müasir təhsilin mühüm fəaliyyət istiqamətlərindən biridir. Məktəb məkanında idrak
(psixi) prosesləri konsepsiyasının əsas paradiqmaları inkişafetdirici və tərbiyəedici
təlim prinsipləri ilə bağlıdır. Bu iki önəmli prinsipin qovşağında isə müasir məktəb
özünün ən başlıca misiyasını yerinə yetirir. Ona görə də təhsilə aid hazırlanan
bütün resurslar, o cümlədən də dərsliklər bu məqsədə yönəldilməli, şəxsiyyətin
inkişaf dinamikasını təmin edən, onu daim izləyə bilən bir vasitə rolunu
oynamalıdır. Bunun üçün ilk növbədə, şagirdin fəaliyyət dairəsi, formalaşdırılacaq
bacarıqlar konkret olaraq müəyyənləşdirilməli, dərsliklərin məzmununda olan
materiallar bilavasitə onların hərəkət mexanizminə çevrilməlidir.
Psixoloq və pedaqoqların fikrinə görə, fəaliyyətlər üç istiqamətdə
qruplaşdırılır: idraki, informativ-kommunikativ, psixomotor. Bu fəaliyyətlərə
uyğun da bacarıqların olduğu göstərilir. Şagird şəxsiyyətinin inkişafı həmin
bacarıqların fonunda tənzim olunur .
Dostları ilə paylaş: |