10.3. Tədris planı
Tədris prosesinin məzmunu tədris planı, fənlər üzrə tədris proqramları ilə
müəyyən olunur və dərs kitablarında, informasiyanı toplayıb saxlayan elektron
avadanlıqlarda əks olunur. Tədris sisteminin əhatə etdiyi hər tədris müəssisəsinin
özünəməxsus tədris planı olur. Müxtəlif tipli tədris müəssisələrinin qarşısında
qoyulan vəzifələr başqa-başqa olduğundan onların tədris planları da müxtəlifdir.
Tədris müəssisələrinin tiplərindən və formalarından asılı olaraq tədris planları
nə qədər müxtəlif olsa da, onların ümumi cəhətləri də vardır. O,
1) tədris ilinin, rüblərin və tətillərin müddətini;
2) tədris müəssisələrində öyrənilən fənlərin tam siyahısını;
3) təlim illəri üzrə fənlərin bölüşdürülməsini;
4) hər fənnin bütün təlim müddətində və hər sinifdə öyrənilməsinə ayrılan
saatların miqdarını;
5) hər fənnin öyrənilməsinə verilən həftəlik saatların miqdarını;
6) praktikumların strukturunu, müddətini və s. müəyyən edir.
Tədris planında cəmiyyətin qəbul etdiyi təhsil-tərbiyə idealı, müəy-
yənləşdirmiş məqsədlər, təhsilin məzmununun formalaşdırılması konsepsiyası öz
əksini tapır. O, təlim-tərbiyə prosesinin qanunauyğunluqlarını, sanitar-gigiyenik və
təşkilati tələbləri, yaranmış ənənələri nəzərə almaqla işlənib hazırlanır.
Tədris planına daxil edilən fənlər məcburi və fakültativ (seçmə) fənlərə
ayrılır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tədris planları,
mərkəzi təhsil orqanları tərəfindən işlənib hazırlanır və təsdiq olunur.
Deyilənlərdən aydın olur ki, bu və ya digər məktəbdə öyrədilən fənləri, onların
siniflər üzrə ardıcıllığını, hər fənnə verilən saatların miqdarını, təhsilin müd-
dətini, şagirdlərin fəaliyyət növlərini əks etdirən sənədə tədris planı deyilir.
10.4. Tədris fənni
Bəzi ədəbiyyatda yazılır ki, ümumtəhsil məktəblərində elmlərin əsasları
öyrədilir. Bu fikirlə razılaşmaq olmaz. Çünki, ümumtəhsil məktəblərində öyrədilən
elmlərin əsasları deyil, tədris fənnidir. Tədrif fənni anlayışını elmin əsasları
anlayışı ilə eyniləşdirmək düzgün deyil. Hər bir elmin xeyli sahələri vardır. Mə-
sələn, bitkilərin anatomiyası və fiziologiyası, heyvanların anatomiyası və fiziologi-
yası, insan anatomiyası və fiziologiyası, bitkilərin sistematikası, gigiyena,
mikrobiologiya, sistologiya, genetika və s. biologiyanın sahələridir. Tədris fənni
biologiyanın sadalanan və sadalanmayan sahələrinin hamısını deyil, müvafiq tədris
müəssisəsinin tələblərinə cavab verənləri əhatə edir .
Tədris fənni müvafiq elmin nəinki bütün sahələrini, hətta onun əsaslarını da
hərtərəfli ehtiva etmir. Məsələn, fizika, kimya, riyaziyyat, Azərbaycan dili və digər
elmlərdə elə anlayışlar var ki, elmlərin əsasları hesab edilir, lakin məktəbdə
öyrənilmir.
Tədris fənninin məzmununa daxil etmək üçün elmdən götürülən anlayışlar
didaktik cəhətdən işlənir bu zaman şagirdlərin imkanları da nəzərə alınır. Əks
təqdirdə təlim işi xeyli çətinləşir: müvəffəqiyyət qazanmaq mümkün olmur. Gənc
nəslə aşılanması zəruri olan bir çox əməli bacarıq və vərdişlər, yaradıcı fəaliyyətə
gərəkli olan tədqiqat xarakterli tapşırıqlar elmin əsaslarına aid olmayıb tədris fən-
ninin tərkib hissələrindən biridir.
Anlayışların elmdəki sistemi ilə tədris fənnindəki sistemi arasında da fərq
olur. Məsələn, botanikanın məktəbdə öyrənilməsi hüceyrənin öyrənilməsindən
deyil, ətraf mühitin bitki örtüyünün müşahidəsindən başlayır.
Tədris fənni elmin təkcə didaktik cəhətdən işlənmiş əsaslarını, habelə müvafiq
bacarıq və vərdişləri gənc nəslə öyrətməklə kifayətlənmir. O, həm də şagirdlərin
tərbiyəsinə və əqli inkişafına xidmət etməlidir. Elmlərin əsasları isə özlüyündə
tərbiyə və əqli inkişafa istiqamətlənməyə də bilir.
Beləliklə, bu və ya digər elmdə mübahisə doğurmayan, isbat olunmuş biliklər
(anlayışlar, qanun və qanunauyğunluqlar, qaydalar, teoremlər və s.) həmin elmin
əsaslarıdır. Tədris fənni isə tədris müəssisəsində öyrənilməsi nəzərdə tutulan və
müvafiq elm üzrə didaktik cəhətdən işlənən, tərbiyə və inkişaf imkanı olan zəruri
biliklərin, habelə bunların mənimsənilməsinə xidmət edən bacarıq və vərdişlərin
sistemidir.
Bu fikirdən bir sıra əməli nəticələr çıxır. Elmin əsaslarına aid hər cür biliyi və
ya anlayışı təhsilin məzmununa mexaniki şəkildə daxil etmək olmaz. Bu və ya
digər
anlayışın tədris fənninə daxil edilməsinin zəruriliyi lazımınca
əsaslandırılmalıdır.
Anlayışın tədris prosesinə qoşulması zərurəti isbat olunduqdan sonra həmin
anlayış didaktik cəhətdən işlənilməlidir. Çünki eyni anlayış müxtəlif tipli tədris
müəssisələrində başqa-başqa istiqamətlərdə öyrədilə bilir. Anlayışın öyrədiləcəyi
sinif, şagirdlərin imkanları da diqqət mərkəzində durmalıdır. Çünki sinifdən asılı
olaraq anlayış müxtəlif səviyyələrdə öyrədilir.
Tədris fənninin məzmununa daxil edilən anlayışın mənimsənilməsinə və
praktikada tətbiqinə imkan verən çalışmalar müəyyənləşdirilməlidir. Bunsuz tədris
fənni tamamlanmır. Tədris fənninin məzmununa daxil edilən anlayışın tərbiyəvi
imkanları aydınlaşdırılmalıdır. Tədris fənninin məzmununa daxil edilən anlayışın
öyrədilməsi şagirdlərin psixoloji inkişafına kömək etməlidir. Bu mənada aşağıdakı
sualın cavabı da aydın olmalıdır: tədris prosesinə daxil edilən anlayış şagirdlərdə
hansı psixoloji funksiyaları hərəkətə gətirməlidir?
10.5. Tədris proqramları
Tədris planı əsasında bütün fənlər üzrə tədris proqramları tərtib olunur. Tədris
proqramlarında aşağıdakılar öz əksini tapır:
1) fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şagirdlərin bilik və
bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olunan forma və metodları;
2) öyrənilən materialın tematik məzmunu;