3) fənnin ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf edəcəyi
saatların təxmini miqdarı;
4) dünyagörüşünün əsas elementlərinin siyahısı;
5) fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün göstərişlər;
6) tədris avadanlığının və əyani vəsaitlərin siyahısı;
7) tövsiyə edilən ədəbiyyat.
Təhsildə diferensiya proseslərinin dərinləşməsi ilə əlaqədar olaraq tədris
proqramlarının müxtəlif variantları (alternativ variantları) işlənib hazırlanır. Hər
hansı bir tədris müəssisəsində şagirdlərin maraq və imkanlarına uyğun olaraq bir
fənn üzrə bir neçə variantda proqram tətbiq edilməsi təklif olunur. Diferensial
proqramlardan istifadə etmək, fənni dərindən və ya əksinə, öyrənəcək siniflər
yaratmaq haqqında qərarı məktəb şuraları verir.
Təbiət və cəmiyyət hadisələrindəki qarşılıqlı əlaqəyə və elmlər arasındakı
inteqrasiyaya uyğun olaraq fənlərarası və fəndaxili əlaqələr də tədris proqramında
nəzərdə tutulur.
Deməli, tədris planına əsasən fənnin hissələrini və ya bölmələrini,
mövzularını, mövzulara aid məsələləri göstərən, fənn üçün ayrılmış saatları
mövzular arasında bölüşdürən və izahat vərəqinə malik olan sənədə tədris
proqramı deyilir.
Tədris planları və proqramları məsələsi müxtəlif ölkələrdə başqa-başqa həll
olunur. Məsələn, ABŞ-da eyni tipli məktəblər üçün ölkə miqyasında tədris planı və
ya tədris proqramları yoxdur. Tədris planı və tədris proqramlarını ştatlar tərtib
edirlər. Orada hətta tək-tək məktəblər lazım olan sənədləri özləri hazırlayır və
tətbiq edirlər.
10.6. Dərslik, iş dəftəri və müəllim üçün
metodik vəsait komplekti
Dərsliyi füsunkar şagird aləminin “dünyaya açılan pəncərəsi”adlandırırlar. Bu
obrazlı deyim olsa da, uşağın bir şəxsiyyət kimi formalaşmasında dərsliyin
əhəmiyyətini dəqiq səciyələndirir. Zamanın filosofları və sosioloqları, psixoloqları
və pedaqoqları da dərsliyin həmişə bu ölçülərlə mənalandırıblar. Dərslik şagird
üçün yazılır.Lakin məktəb təcrübəsində bərqərar olmuş ənənələr axarında ondan
həm şagird, həm də müəllim istifadə edir.Şagird üçün dərslik bilik
mənbəyidir.Müəllim isə dərsliyə yüksək təhsilli mütəxəssis kimi müraciət edir,
əslində o, dərslikdə verilmiş materialları daha dərindən və ətraflı bilir, ancaq onları
özününküləşdirir, dərslikdən dərsin “müəllim ssenarisini” yazmaq üçün istifadə
edir.Şagirddən fərqli olaraq, dərslik müəllim üçün metodik vəsaitdir(və ya
rəhbərlikdir).O, dərsdə şagirdlərin təhsili, inkişafı və tərbiyəsi kimi köklü
məsələləri həll həll edərkən dərsliyə əsaslanır, dərs üçün zəruri materialı axtaranda,
seçəndə və işləyəndə dərslikdən, obrazlı desək, yanar mayak kimi istifadə edir
(prof. Ə.Əlizadə).Bu zaman, o, proqramın tələblərini, ilk növbədə,öyrədiləcək əsas
anlayışların, bacarıq və vərdişlərin həcmini zəruri surətdə nəzərə alır.Bəzi
müəlliflər(İ.M.Qritevski, S.E.Qritsevskaya və b.) müəllimin dərsliyi aşağıdakı kimi
təhlil etməsini məsləhət görürlər:
-Dərslikdə nə verilmişdir ?
–Necə verilmişdir?
–Bu nə üçün verilmişdir ?
–Nə üçün məhz belə verilmişdir
–Dərsliyin bu materiallarının hansından bilavasitə istifadə etmək zəruridir?
–Hansı materiallardan dəyişilmiş şəkildə istifadə olunmalıdır?
–Dərslikdə verilmiş material kafidirmi, yoxsa dərsliyə nəyi isə əlavə etmək,
nəyi isə dəyişmək və ya dərslikdən kənara çıxmaq lazımdır, əgər lazımdırsa,hansı
ölçüdə lazımdır ?
Müəllim dərslik materiallarını təhlil edəndə onun fəaliyyətində iki cəhət bir-
biri ilə üzvi şəkildə qovuşur:o, bir tərəfdən,müəlliflərin termini ilə desək, dərslik
materiallarını “özü üçün”, digər tərəfdən,”şagirdlər üçün tərcümə edir”.
Dərslik təhsil sistemində məzmun və funksiyasına görə əhəmiyyətli
resurslardan biridir. Şagird şəxsiyyətinin formalaşmasında dərsliklər mühüm rol
oynayır. Şagirdlərin təfəkkürünü inkişaf etdirmək, əqli fəaliyyətinin əsas üsullarını
formalaşdırmaq üçün dərsliklər ən etibarlı vəsait kimi dəyərləndirilir. Buna görə də
təhsil islahatları çərçivəsində həmişə dərsliklərin yaradılmasına xüsusi müstəvidə
yanaşılmış, hökumət səviyyəsində dərslik siyasəti hazırlanaraq tətbiq olunmuşdur.
Dərslik siyasətinin məqsədi məktəbliləri standartlara uyğun bilik, bacarıq və
vərdişlərə yiyələndirmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan,
milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən
sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetiş-
dirməkdir .
Dərslik konkret fənn üzrə tədris planı və proqram əsasında nəzəri və praktik
biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsaitdir.
Konqnitiv (idraki) təhsilin əsas resurslarından hesab edilən dərsliklər ən zəruri
informasiyaları, tapşırıq və çalışmaları əks etdirməklə istiqamətləndirici, yönəldici,
düşündürücü funksiyaları daşıyır. Dərsliklərdə artıq informasiya yükünün olması
nöqsanlı hal kimi qəbul edilir və bu, onun keyfiyyətinə xələl gətirir.
Dövlət təhsil standartlarını özündə əks etdirən fənn kurikulumlarına uyğunluq
dərsliklərin əsas keyfiyyətlərindən biridir. Əslində, bu, dərsliklərin təhsil
standartlarında ifadə edilmiş bilik və fəaliyyətlərin reallaşdırılmasına xidmət
etməsinin ifadəsidir. Başqa sözlə, standartlardan kənara çıxma hallarına yol
verilməməsi vacib tələb kimi qarşıya qoyulur.
Dərslik fəal təlim prosesində bir komponent kimi şagirdi idraki fəallığa sövq
etməli, onu tədqiqatçılığa və yaradıcılığa istiqamətləndirməlidir. Belə olan halda
dərsliyin bilik vermək, məlumatlandırmaq kimi keçmiş ənənəyə söykənən
funksiyası arxa plana keçir.
Hazırda şagirdləri fəaliyyətə sövq etməklə tətbiqi xarakter daşıması
dərsliklərin əsas keyfiyyətlərindən hesab edilir, onlarda bacarıqları formalaşdıra
bilmək imkanının olması mühüm cəhət kimi dəyərləndirilir. Bunun üçün kifayət
qədər müxtəlif növ çalışma və tapşırıqlardan istifadə edilməsi tələb olunur.