“Dövlət və din”. 2009.№4. S. 27-30 azərbaycanda islamin yayilmasina dair ruslan əSGƏrov



Yüklə 30,35 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü30,35 Kb.
#32460


“Dövlət və din”.-2009.-№4.-S.27-30

AZƏRBAYCANDA İSLAMIN YAYILMASINA DAİR

RUSLAN ƏSGƏROV,

Azərbaycan Respublikası Dini Qurumlarla

İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla

iş üzrə şöbəsinin məsləhətçisi

Ərəbistan  yarımadasında  islamdan  əvvəl  Bütpərəstlik  mövcud  idi.  İsti  səhralarda  yaşayan  və  müxtəlif

bütlərə sitayiş edən ərəb qəbilələri arasında tez-tez müharibələr baş verirdi. islam dininin burada yayılmasından və

möhkəmlənməsindən  sonra  vəziyyət  köklü  surətdə  dəyişdi.  islam  dini  ətrafında  birləşən  qəbilələr  vahid  İslam

dövləti quruculuğuna başladılar. İslam peyğəmbəri Həzrət Məhəmməd (s) doğulduğu Məkkədə təqib olunduğundan

622-ci ildə Yəsrib şəhərinə hicrət  etdi. Sonralar  Yəsrib  Mədinə  adlandırıldı və  beləliklə,  ilk  müsəlman  dövlətinin

əsası qoyuldu.

Məhəmməd  Peyğəmbərin  (s)  dövründə  islam  dini  əsasən  Ərəbistan  yarımadasının  sərhədləri  daxilində

yayılırdı. Lakin o, vəfat etdikdən sonra hakimiyyətə Əbu Bəkr gəldi və bu dövrdən etibarən, müsəlmanlar Ərəbistan

yarımadasının hüdudlarını aşaraq geniş ərazilərə yürüşlərə başladılar.

Həmin  dövrdə  Yaxın  Şərqdə  iki  böyük  imperiya  -  Sasani  və  Bizans  imperiyaları  hökmranlıq  edirdi.

Bizansda  hakim  din  Xristianlıq,  Sasanidə  isə  Zərdüştilik  idi.  Bu  dövlətlər  öz  ərazilərini  genişləndirmək  və  təsir

dairələrini artırmaq üçün bir-biri ilə müharibə edirdilər.

Belə bir zamanda Yaxın Şərqdə daha bir dövlət təşəkkül tapırdı. Sərt təbiətli, döyüşkən ərəb qəbilələrindən

təşkil  olunmuş  bu  dövlətə  ilk  əvvəllər  Bizans  və  Sasani  imperiyaları  o  qədər  də  ciddi  yanaşmır,  onu  Ərəbistan

yarımadası  daxilində  kiçik  feodal  dövləti  kimi  nəzərdən  keçirirdilər.  Döyüşçülərinin  sayının  məhdud  olmasına

baxmayaraq,  müsəlmanlarda  İslamın təlqin  etdiyi  güclü  ruh  yüksəkliyi  və  əzmkar  iradə  var  idi.  Amma  Bizans  və

Sasanilərlə müqayisədə çox zəif silah təchizatına malik idilər.

Beləliklə,  ərəblər  bu  imperiyaların  ərazilərinə  yürüşlərə  başladılar  və  tezliklə  xeyli  müvəffəqiyyətlər

qazandılar.  634-cü  ildə  bizanslıları  məğlubiyyətə  uğradaraq  Fələstini  ələ  keçirdilər.  Saylarının  az  olmasına

baxmayaraq, ərəblər bir neçə istiqamətdə  müharibə  aparırdılar. Onlar  Sasani  qoşunlarını da  bir  neçə  dəfə  məğlub

etdikdən sonra Sasani və bizanslılar məsələnin ciddiliyini anlayaraq böyük qüvvə topladılar. Bizans ordusunun sayı

ərəblərdən  üç,  sasanilər  isə  iki  dəfə  çox  idi.  Buna  baxmayaraq,  bizanslılar  Yərmuk  döyüşündə,  sasanilər  isə

Qadsiyyə  yaxınlığında  məğlubiyyətə  uğradılar.  Nəticədə  Yerusəlim  (Qüds)  ələ  keçirildi.  636-cı  ildə  Sasani

imperiyasının paytaxtı Ktesifon fəth edildi. Bununla da regionun yeni dövrü başladı.

VII əsrin əvvəllərində Azərbaycan ərazisi  Bizans  və  Sasani  imperiyalarının döyüş  meydanına  çevrilmişdi.

Müharibənin gətirdiyi aclıq, səfalət, xəstəlik burada tüğyan edir, əhalinin sayının kəskin şəkildə azalmasına səbəb

olurdu. Bundan əlavə, ölkə şimaldan tez-tez xəzərlərin də hücumuna məruz qalırdı.

639-cu ildə Xilafət  qoşunları Azərbaycan  ərazilərinə  hücuma  keçdilər.  Azərbaycan  qoşunlarına  İsfəndiyar

ibn  Fərruxzad  başçılıq  edirdi.  O,  qonşu  əyalətlərin  əhalisindən  qoşun  toplayaraq  döyüşə  başladı.  Lakin  məğlub

olaraq  əsir  düşdü.  Onun  qardaşı  Bəhram  ibn  Fərruxzad  qoşun  yığaraq,  yenidən  döyüşə  başlasa  da,  qalib  gələ

bilmədi. Beləliklə, tərəflər arasında sülh müqaviləsi bağlandı. Müqavilənin mətni: «Rəhimli və mərhəmətli Allahın

adı  ilə!  Bu  dindarların  hökmdarı  Ömər  ibn  Xəttabın  canişini  Utbə  ibn  Fərkadın  Azərbaycanın  əhalisinə,  onun

düzənlik və dağlarının sakinlərinə, onun dini icmasına verdiyi mükafatdır. İmkanları daxilində  can  vergisi  (cizyə)

vermək şərti ilə onların hamısının həyatının, əmlakının toxunulmazlığına, onların etiqadına və qanunlarına təminat

verilir.  Lakin  uşaqlara,  qadınlara  və  xəstələrə,  habelə  yaşamaq  üçün  heç  bir  vəsaiti  olmayan  şəxslərə,  hər  hansı

gəliri  olmayan  zahid  və  abidlərə  heç  bir  vergi  qoyulmur.  Bu  aman  onlara,  habelə  onlarla  bir  yerdə  yaşayanlara

verilir. Onların üzərinə müsəlman döyüşçülərini bir gün ərzində saxlamaq və onlara yol göstərmək vəzifəsi düşür.

Əgər kim isə hər hansı bir ildə orduya çağırılarsa, həmin ilin vergisi onun üzərindən götürülür».

Xilafətin bir neçə istiqamətdə müharibə apardığı üçün işğal etdiyi ərazilərə nəzarət etməyə yetərli qüvvəsi

yox idi. Sülh müqaviləsi bağlandıqdan sonra müəyyən üsyanlar baş verirdi. Bu üsyanın təşkil olunmasında artıq son

dövrlərini yaşayan Sasani imperiyasının qüvvələri mühüm rol oynayırdı.  641 - ci ildə Sasani imperiyası ilə Xilafət

qoşunu  arasında  Nihavənd  döyüşü  baş  verdi.  Bu  döyüş  Sasani  imperiyasının  süqutu  oldu  və  Xilafət  qüvvələri

Azərbaycanda daha da möhkəmləndilər.

Azərbaycanda  İslamın  yayılması bir  çox  amillərlə  səciyyələnir.  Azərbaycan  əhalisinə  İslamın  zorla  qəbul

etdirilməsi  və  yaxud  əhalinin  bu  dinə  rəğbətlə  yanaşması  məsələsinə  münasibət  birmənalı  deyil.  Amma  nəzərə

alınsa ki, həmin dövrlər əhali Bizans-Sasani müharibələrindən bezmişdi və Xilafət bu imperiyalarla müqayisədə çox

da  ağır  şərtlər  irəli  sürmürdü,  onda  xalqın  yeni  dinə  münasibətinin  mənfi  olmadığını  demək  olar.  Azərbaycan

ərazisində türk tayfaları üstünlük təşkil edirdilər və qədim türk inancında tək Tanrı anlayışı mövcud idi. Buna görə

də əhalinin yeni dinə uyğunlaşması, islam dinini qəbul etməsi prosesi çox ləngimədi. Bununla yanaşı, ərəblər ilkin

dövrlərdə xalqın adət-ənənələrini yaşatmağına mane olmur, İslamı zorla qəbul etdirmirdilər.

Xəlifə Əbu Bəkr ölkələri fəth etməyə göndərdiyi sərkərdələrinə qocaları, qadınları, uşaqları öldürməməyi,




zahidləri  incitməməyi,  xalqlarla  müqavilə  bağlayaraq  vədlərinə  əməl  etməyi,  onlara  əvvəlki  qanunlarla  yaşamaq

imkanı verməyi, lazım olduğundan artıq dəvə, inək, qoyun kəsməməyi, dini qəbul etməyənlərdən isə vergi almağı

nəsihət etmişdi.

İslama  qədər  Azərbaycanda  Zərdüştiliklə  yanaşı,  Xristianlıq  da  yayılmışdı.  Müsəlmanlar  digərləri  ilə

müqayisədə,  Əhli-Kitaba,  yəni  xristianlara  və  yəhudilərə  daha  hörmətlə  yanaşırdılar.  Xristianlar  və  yəhudilər

mübahisəli məsələlərlə bağlı xəlifələrə müraciət edir, problemi onun hakimliyi ilə həll edirdilər.

Ölkədə  Xristianlıq  əsasən  Albaniyada  yayılmışdı  və  İslamdan  sonra  öz  mövqeyini  itirməmişdi.  Alban

kilsəsi  miladın  əvvəlindən  mövcud  idi.  Onu  da  qeyd  edək  ki,  Alban  kilsəsi  ilə  erməni  qriqorian  kilsəsi  arasında

əsrlər boyu mübarizə gedirdi.

Burada bir faktı qeyd etmək yerinə düşər ki, ermənilər öz ənənələrinə sadiq qalaraq, yaranmış şəraitdən öz

mənafeləri naminə yararlanmaq üçün hər vasitəyə əl atırdılar. Belə ki, ərəblərin Bizansa münasibətindən xəbərdar

olan  erməni  katolikosu  xəlifəyə  məktub  yazaraq  və  alban  katolikosunun  Bizansa  meyilli  olduğunu  bildirərək  ona

qarşı xəlifədə mənfi rəy yarada bilmişdi.

Yəhudi  və  xristianlarla  müqayisədə  zərdüştilərə  qarşı  daha  sərt  mövqe  nümayiş  etdirilirdi.  Amma  buna

bax mayaraq,  zərdüştilərin  od  məbədlərinin  dağıdılmasına  və  din  xadimlərinin  öldürülməsinə  cəhd  edən  ərəb

canişininə qarşı etirazlar olmuşdu və xəlifə bu məsələlərdən məlumatlı idi. Xəlifə od məbədlərinin dağıdılmasının

qarşısını almış və Məhəmməd Peyğəmbərə (s) istinad edərək, Allah Rəsulunun (s) bunu etmədiyini, onlar üzərinə

cizyə qoyaraq sülh bağladığını, İslamın da böyüklüyünün bunda olduğunu bildirmişdi.

Zərdüştilər  arasında  islam  dininin  qəbulu  onların  müəyyən  adətlərindən  -  kütləvi  şənlik  məclislərindən,

şərabdan və s. İslamın qadağan etdiyi əməllərdən imtina etmələrinə gətirib çıxarırdı.  Buna görə  də  onlar  arasında

İslamlaşma prosesi sürətlə getmirdi.

Əhalinin  müxtəlif  təbəqələrində  də  yeni  dinə  münasibət  fərqli  idi.  islam  dininin  əxlaqi-tərbiyəvi

üstünlüklərini  və  mütərəqqi  prinsiplərini  anlayan,  hadisələrin  gedişini  düzgün  proqnozlaşdıran  hakim  təbəqə  öz

imtiyazını, mövqeyini  və  əmlakını əlində  saxlamaq  üçün  bu  dini  tərəddüd  etmədən  qəbul  edirdi.  Şərq  ölkələri  ilə

ticarət  əlaqələri  olan  tacirlər,  sənətkarlar  da  İslamı  qəbul  etməkdə  ləngimirdilər.  Bütün  bunlarla  bərabər,  islam

dinini  cizyədən  azad  olmaq  üçün  qəbul  edənlər  də  var  idi  və  bunları  əsasən  yoxsul  təbəqədən  olanlar  təşkil

edirdilər.

Fəth  olunmuş  ölkələrdə  İslamı  təbliğ  etmək  və  öyrətmək  üçün  bu  ölkələrə  müəllimlər  göndərilirdi.

Şəhərlərdə  islam  daha  geniş  yayılırdı.  Ucqarlarda  və  dağlarda  yaşayan  əhali  isə  əsasən  əvvəlki  etiqadlarını

saxlayırdılar.

...  Xilafətdə  baş  verən  hakimiyyət  uğrunda  mübarizələr  get-gedə  qızışırdı.  Artıq  VIII  əsrin  əvvəllərində

vergilər  artmış,  məmur  özbaşınalığı,  yerli  feodalların  hüquqlarının  və  imtiyazlarının  əllərindən  alınması,  güclü

ərəbləşdirmə siyasətinin aparılması, əhalinin həyat şəraitinin çətinləşməsi xilafətdən narazı qüvvələrin sayını xeyli

artırmışdı.

Belə  bir  dövrdə  Azərbaycanda  Babəkin  rəhbərliyi  altında  xürrəmilər  üsyanı  baş  verdi.  Babəkin  ərəb

istilasına,  yaxud  islam  dininə  qarşı  çıxması  indiyədək  müzakirə  mövzusu  olmuşdur.  Bəzi  tarixçilər  bu  üsyanın

səbəbini əhalidən ağır vergilər alınmasına  və  çətinləşən  həyat  şəraitinə  bağlayır, onu  xalqın  azadlıq hərəkatı kimi

qiymətləndirir,  digərləri  isə  Babəkin  İslamdan  əvvəlki  qayda-qanunları  bərpa  etmək,  Zərdüştiliyi  yenidən

dirçəltmək fikrində  olduğunu  bildirirlər.  Hər  halda,  bu  üsyan  xilafətə  qarşı ən  böyük  hərəkatlardan  olmuş, iyirmi

ilədək davam etmişdir. Babək xəyanət nəticəsində əsir götürülmüş və edam olunmuşdur. Bir çox ərəb qaynaqlarında

xürrəmilər üsyanı haqqında geniş məlumatlar verilmişdir.

Babək  üsyanından  sonra  Zərdüştiliyə  qarşı  münasibət  sərtləşmişdi  və  onlar  demək  olar  ki,  təqib

olunurdular.  Zərdüştilərin  fəaliyyətinin  qarşısı tam  alınmasa  da  onlar  İranın  müəyyən  bölgələrinə,  Hindistana  və

başqa ölkələrə köçürüldülər.

Xürrəmilər  üsyanı  İslam  dininin  Azərbaycanda  yayılmağa  başladığı  dövrdən  etibarən,  ərəblərə  qarşı  ən

böyük üsyan olmaqla yanaşı, həm də əvvəlki din və etiqadların məğlubiyyəti idi. Beləliklə, 837-ci ildə xürrəmilər



üsyanının məğlubiyyətindən sonra İslam dini ölkədə daha da möhkəmlənərək sabitliyini təmin etdi.

Yüklə 30,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə