Diplomatik xidmət haqqında



Yüklə 90,1 Kb.
tarix14.02.2018
ölçüsü90,1 Kb.
#26868

Diplomatik xidmət haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğunun xüsusi növü olan diplomatik xidmətin təşkilinin hüquqi əsaslarını, diplomatik xidmətdə olan dövlət qulluqçularının hüquqi vəziyyətini müəyyən edir.[1]

Fəsil I

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Diplomatik xidmət anlayışı

1.1. Diplomatik xidmət - Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyətidir.

1.2. Konsul xidməti Azərbaycan Respublikasının Konsul nizamnaməsi əsasında həyata keçirilən diplomatik xidmətin bir növüdür.

Maddə 2. Diplomatik xidmət orqanlarının sistemi

2.1. Diplomatik xidmət orqanlarının vahid sistemini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətini təmin etmək üçün yaradılan yardımçı təşkilatlar, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələri təşkil edir.

2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir.

Maddə 3. Diplomatik xidmət orqanlarının vəzifələri

3.1. Diplomatik xidmət orqanlarının əsas vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası və əsas istiqamətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi;

3.1.2. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinin təmin edilməsi;

3.1.3. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərində vahid siyasət xəttinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə digər müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

3.1.4. Azərbaycan Respublikasının suverenliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının, onun siyasi, iqtisadi və digər sosial maraqlarının diplomatik üsul və vasitələrlə təmin olunması;

3.1.5. beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərilməsi;

3.1.6. Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə olunması;

3.1.7. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla diplomatik və konsul əlaqələrinin həyata keçirilməsi;

3.1.8. Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi.

3.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq digər vəzifələri də həyata keçirə bilər.

Maddə 4. Diplomatik xidmət orqanlarının funksiyaları

4.1. Diplomatik xidmət orqanları aşağıdakı əsas funksiyaları həyata keçirir:

4.1.1. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edilməsi;

4.1.2. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla iqtisadi, sosial, elmi-texniki, mədəni və başqa sahələrdə əməkdaşlığının inkişafına kömək göstərilməsi;

4.1.3. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlarının aparılmasının və beynəlxalq müqavilələrin imzalanmasının təşkili;

4.1.4. yüksək dövlət və hökumət səviyyələrində dövlətlərarası mübadilələrin protokol təminatı;

4.1.5. xaricdə yaşayan həmvətənlərlə əlaqələrin inkişafına kömək göstərilməsi;

4.1.6. diplomatik və konsul imtiyaz və immunitetlərinin yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi;

4.1.7. Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiyanın Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vasitəsilə xaricdə yayılmasının təmin edilməsi;

4.1.8. Azərbaycan Respublikasının dövlət orqanlarının və Azərbaycan Respublikasında mövcud olan kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasının beynəlxalq vəziyyəti və xarici siyasəti haqqında məlumatlandırılması;

4.1.9. Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklərin və konsulluqların fəaliyyətinə kömək göstərilməsi, öz səlahiyyətləri çərçivəsində onlara xidmət göstərən təşkilatların fəaliyyətinə nəzarət edilməsi;

4.1.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qeydiyyatı, uçotu və saxlanması üzrə vahid dövlət sisteminin fəaliyyətinin təmin edilməsi;

4.1.11. Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrin depozitarisi funksiyalarının həyata keçirilməsi;

4.1.12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsi;

4.1.13. Xarici siyasət və beynəlxalq münasibətlər sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsinə və bu qanunvericiliyin Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəliklərinə uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması.

4.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq digər funksiyaları da həyata keçirə bilər.

Maddə 5. Diplomatik xidmət orqanlarının rabitə, arxiv və təhlükəsizlik təminatı

5.1. Diplomatik xidmət orqanlarının sərəncamında müstəqil rabitə sistemi və arxiv vardır.

5.2. Diplomatik xidmət orqanlarının arxivində beynəlxalq müqavilələrin əsli və təsdiq edilmiş surətləri, habelə həmin orqanların fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan digər materiallar saxlanılır.

5.3. Diplomatik xidmət orqanları xüsusi kuryer xidmətindən istifadə edir.

5.4. Diplomatik xidmət orqanları qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində və xaricdə öz təhlükəsizlik sistemini təşkil edir.

Fəsil II
DİPLOMATİK XİDMƏT ƏMƏKDAŞLARI

Maddə 6. Diplomatik vəzifələr

6.1. Diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər diplomatik xidmət əməkdaşlarıdırlar.

6.2. Diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər diplomatik xidmət əməkdaşlarına aid deyildirlər. Həmin şəxslərin hüquqi statusu və ixtisas dərəcələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

6.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir:

6.3.1.Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi;

6.3.2.səfir müavini, daimi nümayəndənin müavini, baş konsul; [2]

6.3.3.müşavir-elçi//çıxarılıb// //çıxarılıb//; [3]

6.3.4.müşavir;

6.3.5.konsul;

6.3.6.birinci katib;

6.3.7.vitse-konsul;

6.3.8.ikinci katib;

6.3.9.üçüncü katib;

6.3.10. attaşe. [4]

6.4. Azərbaycan Respublikasının ərazisindəki diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

6.5. Diplomatik xidmət əməkdaşları diplomatik xidmət orqanlarından Azərbaycan Respublikasının digər dövlət orqanlarına vəzifəyə keçirildikdə, onlar müvafiq icra hakimiyyəti orqanının ehtiyatına daxil edilirlər. Ehtiyata daxil etmə ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 7. Diplomatik vəzifələrə təyin edilmə

7.1. Diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər. [5]

7.2. Diplomatik xidmət orqanlarında vəzifələrə təyin edilmə və vəzifələrdən azad edilmə qaydaları, habelə vəzifə tutan şəxslərə dair tələblər Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

7.3. Xaricdə işlədikdən sonra Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət əməkdaşı, xaricdə tutduğu vəzifə nəzərə alınmaqla, diplomatik xidmət orqanlarında müvafiq vəzifəyə təyin edilir.

Maddə 8. Diplomatik rütbələr

8.1. Diplomatik xidmət əməkdaşlarına, tutduqları vəzifə və ixtisasları nəzərə alınmaqla, aşağıdakı diplomatik rütbələr verilir:

8.1.1. Fövqəladə və Səlahiyyətli Səfir;

8.1.2. birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi;

8.1.3. ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi;

8.1.4. birinci dərəcəli müşavir;

8.1.5. ikinci dərəcəli müşavir;

8.1.6. birinci dərəcəli birinci katib;

8.1.7. ikinci dərəcəli birinci katib;

8.1.8. birinci dərəcəli ikinci katib;

8.1.9. ikinci dərəcəli ikinci katib;

8.1.10. üçüncü katib;

8.1.11.attaşe.

8.2. Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 9. Diplomatik rütbələrin verilməsi qaydaları

9.1. Fövqəladə və Səlahiyyətli Səfir, birinci və ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə müvafiq olaraq verilir.

9.2. Digər diplomatik rütbələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.3. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi, bir qayda olaraq, diplomatik xidmətdə tutduğu vəzifəyə uyğun olmalı, yaxud ondan bir pillə yuxarı və ya aşağı olmalıdır.

9.4. Diplomatik rütbələrin verilməsi barədə əmək kitabçasında (xidmət siyahısında) müvafiq qeyd aparılır. Bu Qanunun 11-ci maddəsinin müddəaları nəzərə alınmaqla, diplomatik rütbələr ömürlük verilir.

Maddə 10. Diplomatik rütbələrdə olmanın müddətləri

10.1. Diplomatik xidmət əməkdaşları üçün diplomatik rütbələrdə olmanın aşağıdakı müddətləri müəyyən edilir:

10.1.1. attaşe, üçüncü katib, ikinci və birinci dərəcəli ikinci katib üçün - 2 il;

10.1.2. ikinci və birinci dərəcəli birinci katib, ikinci dərəcəli müşavir üçün - 3 il;

10.2. Birinci dərəcəli müşavirdən başlayaraq yuxarı diplomatik rütbələrdə olma müddəti müəyyən edilmir.

10.3. Diplomatik xidmət əməkdaşlarının diplomatik rütbələrdə olma müddətlərinə aşağıdakılar daxildir:

10.3.1. müvafiq icra hakimiyyəti orqanında və onun yardımçı təşkilatlarında iş;

10.3.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında iş;

10.3.3. keçmiş SSRİ-nin və müttəfiq respublikaların xarici işlər orqanlarında iş;

10.3.4. beynəlxalq təşkilatlarda iş;

10.3.5. müvafiq icra hakimiyyəti orqanının ali təhsil və elmi müəssisələrində elmi və pedaqoji fəaliyyət müddəti;

10.3.6. müvafiq icra hakimiyyəti orqanının göndərişi əsasında həyata keçirilən əlavə təhsilin müddəti;[6]

10.3.7. ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilənlərin təhsil müddəti.

Maddə 11. Diplomatik rütbənin vaxtından əvvəl və növbədən kənar verilməsi, aşağı salınması, məhrum edilməsi və bərpa olunması

11.1. Diplomatik xidmət əməkdaşlarının rütbələri, işlərində mühüm nailiyyətlərin və ya xüsusi xidmətlərin olduğu hallarda, müəyyən edilmiş müddətin başa çatmasından əvvəl və ya növbədən kənar artırıla bilər.

11.2. Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər.

11.3. Diplomatik xidmət əməkdaşının rütbədən məhrum edilməsi və ya onun rütbəsinin aşağı salınması, rütbənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

11.4. Diplomatik xidmət əməkdaşının əvvəlki rütbəsinin bərpa olunmasına yalnız həmin əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti attestasiyadan keçdikdən sonra yol verilir.

Fəsil III


DİPLOMATİK XİDMƏT KEÇMƏ

Maddə 12. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin vəzifə yerdəyişmələri və vəzifələrinin əvəz edilməsi [7]

12.1. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin vəzifə yerdəyişmələri ixtisas, peşə hazırlığı və rotasiya prinsipləri nəzərə alınmaqla, xidməti zərurətlə əlaqədar həyata keçirilir.

12.2. Vakant vəzifələrin əvəz edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

Maddə 13. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin rotasiyası [8]

13.1. Diplomatik xidmət orqanlarında əməkdaşların rotasiyası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

13.2. Rotasiya çərçivəsində diplomatik xidmət əməkdaşları, və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər peşəkar hazırlıqları və ixtisasları nəzərə alınmaqla, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin oluna və ya öz fəaliyyətlərini müvafiq icra hakimiyyəti orqanında həyata keçirə bilərlər.

13.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda fəaliyyəti başa çatmış diplomatik xidmət əməkdaşı və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxs yenidən diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanında, bir qayda olaraq, azı bir il işləməlidir.

13.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı təyin olunmuş şəxsin müvafiq dövlətdə və ya beynəlxalq təşkilatda fasiləsiz iş müddəti, bir qayda olaraq, beş ildir.Səfir müavini, daimi nümayəndənin müavini və ya baş konsul təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti dörd ildir. Bu müddətlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər. [9]

13.5. Digər diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin müvafiq diplomatik nümayəndəliklərdə və ya konsulluqlarda fasiləsiz iş müddəti üç ildən artıq olmamalıdır. Bu müddət, xidməti zərurətlə əlaqədar və diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin razılığı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ildən artıq olmayan müddətə uzadıla bilər.

13.6. Diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə getməkdən üzürlü səbəblər olmadan imtina etməsi intizam pozuntusu hesab edilir və intizam tənbeh tədbirinin tətbiqi üçün əsasdır.

Maddə 14. Xidməti attestasiya və fəaliyyətin qiymətləndirilməsi[10]

14.1. Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada üç ildə bir dəfədən çox olmayaraq xidməti attestasiya keçirlər. [11]

Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.[12]

14.2. Diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmuş diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xidməti attestasiyanı Azərbaycan Respublikasına qayıtdıqdan sonra keçirlər.

14.3. Xidməti attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 15. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin ali təhsil və elm müəssisələrinə göndərilməsi [13]

15.1. Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər öz razılıqları ilə peşəkar hazırlıq və əlavə təhsil və yaxud elmi tədqiqat aparılması üçün Azərbaycan Respublikasında və ya digər ölkələrdə yerləşən ali təhsil və elmi müəssisələrə müvəqqəti olaraq göndərilə bilərlər. [14]

15.2. Əlavə təhsilvə ya elmi ezamiyyət başa çatdıqdan sonra diplomatik xidmət əməkdaşı əvvəl tutduğu vəzifədən aşağı olmayan diplomatik vəzifəyə təyin edilir.

Maddə 16. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin imtiyaz və immunitetləri [15]

Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xaricdə işlədikləri dövrdə beynəlxalq hüquq normalarına uyğun olaraq diplomatik nümayəndəliyin heyətinin üzvləri üçün müəyyən olunmuş imtiyaz və immunitetlərdən istifadə edirlər. [16]

Maddə 17. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin vəzifələri [17]

Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xaricdə işlədikləri dövrdə olduqları dövlətin qanun və qaydalarına hörmət bəsləməyə, üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməyə, Azərbaycan Respublikasını layiqincə təmsil etməyə borcludurlar.

Maddə 18. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin geri çağırılması [18]

18.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin Azərbaycan Respublikasının və ya olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərlər.

18.2. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin vaxtından əvvəl geri çağırılmasına, onlarla birlikdə yaşayan ailə üzvlərinin yuxarıda göstərilən əməllərin törədilməsində təqsirli bilinməsi də əsas ola bilər.

Maddə 19. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin məsuliyyəti [19]

Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada məsuliyyətə cəlb oluna bilərlər.

Fəsil IV
DİPLOMATİK XİDMƏTİN TƏCHİZATI, TƏMİNATLAR VƏ ÖDƏMƏLƏR, DİPLOMATİK XİDMƏT ƏMƏKDAŞLARININ VƏ DİPLOMATİK XİDMƏT ORQANLARININ İNZİBATİ-TEXNİKİ XİDMƏTİNİ HƏYATA KEÇİRƏN ŞƏXSLƏRİN MADDİ VƏ SOSİAL TƏMİNATI [20]

Maddə 20. Diplomatik xidmətin maliyyə təminatı və maddi-təsərrüfat təchizatı

20.1. Diplomatik xidmət orqanları sisteminin vahid maliyyə təminatı dövlət büdcəsinin vəsaitləri, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada digər mənbələr hesabına həyata keçirilir.

20.2. Diplomatik xidmət orqanlarının fəaliyyətinin maddi-təsərrüfat təchizatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

20.3. Diplomatik xidmət orqanlarının Azərbaycan Respublikasının ərazisində və xaricdə dövlət mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 21. Diplomatik nümayəndəliklərdə və konsulluqlarda işlədikləri dövrdə diplomatik xidmət əməkdaşlarına verilən təminatlar və kompensasiyalar [21]

21.1. Diplomatik xidmət əməkdaşlarına və onların onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) təminatlar, xidmət şəraitinin mürəkkəbliyi, xidmət keçməklə bağlı risk, habelə müvafiq xarici dövlətin spesifik xüsusiyyətləri nəzərə alınmaqla verilir.

21.2. Diplomatik xidmət əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) müvafiq tibbi xidmətlə təmin olunurlar.

21.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) müvafiq nəqliyyat xərcləri dövlət hesabına ödənilir.

21.4. Ödənilən illik məzuniyyət və ya diplomatik xidmət əməkdaşı ilə birlikdə yaşayan onun ailə üzvlərindən (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) birinin ölümü ilə əlaqədar, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) Azərbaycan Respublikasına gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat xərcləri müvafiq qaydada ödənilir.

21.5. Diplomatik xidmət əməkdaşı və onunla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar), onun tutduğu vəzifə və yerli şərait nəzərə alınmaqla, xaricdə yaşayış yeri ilə təmin olunmalıdırlar.

21.6. Diplomatik xidmət əməkdaşının ümumtəhsil məktəbində oxuyan ailə üzvlərinin təhsil haqqı dövlət tərəfindən ödənilir.

21.7. Hərbi və ya mülki münaqişələr və yaxud təbii fəlakətlər və digər fövqəladə hallar baş verdikdə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsulluqlarının və onların heyətinin təhlükəsizliyi üçün qorxu yarandıqda, müvafiq icra hakimiyyəti orqanları diplomatik xidmət əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) təhlükəsizliyinin təmin olunması və qorunması üçün zəruri tədbirlər görür.

21.8. Xaricdə işlədiyi dövrdə öz xidməti vəzifələrini yerinə yetirərkən diplomatik xidmət əməkdaşına və ya onunla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər


uşaqlar və 18 yaşdan yuxan əmək qabiliyyəti olmayan uşaqlar) dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir. Diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsin və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) cəsədinin Azərbaycan Respublikasına gətirilməsi və bununla bağlı xərclər dövlət büdcəsi vəsaitləri hesabına ödənilir. [22]

21.9. Diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur. [23]

21.10. Bu maddənin müddəaları diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə də şamil olunur.

21.11. Bu maddədə nəzərdə tutulmuş təminat və kompensasiyaların verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan qaydalarla tənzimlənir. [24]

Maddə 22. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətlərinin tənzimlənməsi [25]

Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətləri "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.

Maddə 23. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi [26]

23.1. Azərbaycan Respublikasının ərazisində işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

23.2. Xaricdə işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı, olduqları dövlətin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

23.3. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 faizi saxlanılır.

23.4. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini hə-yata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir.

23.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.1-ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında bu orqanın aparıcı idarə rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə


bağlı vəzifələrə təyin olunduqda isə həmin vəzifələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır.

23.6. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə vəzifəyə təyin olunduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda alacaqları aylıq əmək haqqının 50 faizi məbləğində birdəfəlik müavinət ödənilir.[27]

Maddə 24. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin mükafatlandırılması [28]

Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin mükafatlandırılması Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları əsasında həyata keçirilir.

Maddə 25. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin məzuniyyətləri [29]

25.1. Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. [30]

25.2. Xaricdə işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə, əmək şəraiti və əmək funksiyalarının xüsusiyyətləri nəzərə alınmaqla, əlavə məzuniyyət verilə bilər.

Maddə 26. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin pensiya təminatı və sosial müdafiəsi[31]

26.1. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin pensiya təminatı və sosial müdafiəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

26.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) icbari tibbi sığortası dövlət hesabına həyata keçirilir. [32]

26.3. Bu müddəalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya) və elmi müəssisələrə göndərilənlərə də şamil edilir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 8 iyun 2001-ci il 


№ 137-IIQ

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414)



2.       1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, № 237, 12 oktyabr 2005-ci il)

3.       1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 155)

4.       28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) 

5.       21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)



6.       5 aprel 2013-cü il tarixli 598-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 365)

 7. 2015-ci il 30 sentyabr tarixli 1318-IVQD nömrəli Qanun
Yüklə 90,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə