Competition



Yüklə 39,84 Kb.
tarix14.02.2018
ölçüsü39,84 Kb.
#26961

INTERIGHTS Təşkilatı (London)

Niderland Helsinki Komitəsi (NHC)

Hüquq Maarifçiliyi Cəmiyyəti
Cənubi Qafqazda Strateji Məhkəmə Çəkişməsi layihəsində

məhkəmə işlərinin qəbulu üçün

ELAN

ÜMUMİ MƏLUMAT

Hüquq Maarifçiliyi Cəmiyyəti (HMC) Azərbaycanda insan hüquqlarının müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulmuş layihə çərçivəsində məhkəmə işlərinin qəbulunu elan edir. Bu layihəni Hollandiyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir və INTERIGHTS (İnsan Hüquqlarının Hüquqi Müdafiəsi üzrə Beynəlxalq Mərkəz), Niderland Helsinki Komitəsi və HMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.


MƏQSƏD

Layihənin məqsədi milli və Avropa İnsan Hüquqları Məhkəməsində strateji məhkəmə çəkişmələri qaldırmaqla Azərbaycanın milli qanunvericiliyinin və onun tətbiqi praktikasının insan hüquqlarının və əsas azadlıqlarının qorunması sahəsində beynəlxalq standartlara daha da uyğunlaşdırılmasına yardım etməkdir. Layihə çərçivəsində o məhkəmə işləri dəstəklənəcək Avropa İnsan Hüquqları Konvensiyanın təminat verdiyi hüquqların pozuntusu ilə bağlı olsun.


PROQRAM
İstənilən hüquqşünas (vəkil), həmçinin insan haqlarının müdafiəsi sahəsində və strateji məhkəmə çəkişməsi sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar, QHT-lər layihənin seçim meyarlarına cavab verən işləri seçim komissiyasına təqdim edə bilərlər.
Həmin işlərin sırasından seçiləcək bir neçə məhkəmə işinə maliyyə dəstəyindən əlavə ərizəçilərə insan hüquqları sahəsində ixtisaslaşan beynəlxalq və yerli ekspertlər məsləhət və informasiya dəstəyi verəcəklər.

“Cənubi Qafqazda Strateji Məhkəmə Çəkişməsi” layihəsi üçün məhkəmə işinin Avropa Məhkəməsinə təqdim olunma potensialının çox yüksək olması vacibdir. Hər bir məhkəmə işinin xüsusiyyətlərinin nəzərə alaraq layihənin iştirakçıları hüquqşünaslarla birgə məhkəmə işlərinin Avropa Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edəcəklər.



ƏRIZƏ FORMASI

Cənubi Qafqazda Strateji Məhkəmə Çəkişməsi layihəsinə məhkəmə işlərinin təqdimatı üçün ərizəçilər aşağıdakı məlumatı təqdim etməlidirlər:




  • Müraciət edən hüquqşünas və ya təşkilat haqda şəxsi məlumat (soyadı, adı / təşkilatın adı, ünvan, əlaqə yaratmaq üçün şəxs, telefon nömrəsi, e-mail)

  • məhkəmə işində qaldırılan hüquqi problemin qısa təfsiri və onun prosedura tarixi;

  • işin hüquqi əsaslandırılması və strateji işdən gözlənilən nəticələr;

  • işin aparılması ilə vəkilin xərclərinin (bəndlər üzrə göstərilməklə) büdcəsi ilə birgə strateji işin qısa icmalı;

  • strateji işlə bağlı müvafiq sənədlərin surətləri (məsələn, ittiham aktı, şikayətlər, məhkəmə qərarları və s.)

Ərizə formaları Hüquq Maarifçiliyi Cəmiyyətinə (əlaqə məlumatları aşağıda təqdim edilir) və ya INTERIGHTS təşkilatına (əlaqə: Beth Fernandez, e-mail: bfernandez@interights.org) təqdim olunmalıdır.


INTERIGHTS təşkilatına təqdim olunan sənədlər ingilis və ya rus dilində olmalıdır. Məhkəmə işləri 20 iyul 2006-cı ildən başlayaraq təqdim oluna bilər.
Dəstək veriləcək işləri xüsusi seçim komissiyası müəyyənləşdirəcək. Dəstəklənən işlər barədə ərizəçilər əlavə olaraq məlumatlandırılacaqlar.

Ünvan: 199 Şamil Əzizibəyov küçəsi, mənzil 7, AZ 1010, Bakı, Azərbaycan



Tel: (+99412) 498 81 75

Fax: (+99412) 449 81 92

Mobile: (+99450) 204 70 10

Email: legal@azeri.com
Strateji Məhkəmə Çəkişməsi
1. İctimai maraqların strateji məhkəmə müdafiəsi nədir?
Ənənəyə görə hüquqşünaslar konkret iş üzrə və ya konkret məhkəmə araşdırması çərçivəsində öz müştərisinin maraqlarını təmsil edirlər və bununla bağlı öz üzərilərinə öhdəliklər götürərkən onlar müvafiq hüquq normalarını təhlil edir və sözügedən maraqlara daha çox uyğun gələn prosedurlar çərçivəsində hərəkət edirlər. Lakin bəzi hüquqşünaslar məhkəmə prosedurundan istifadə edərkən konkret işin çərçivələrindən və konkret müştərinin maraqlarından kənara çıxan nəticələrə ümid bəsləyirlər. Bu hüquqşünaslar məhkəmə prosedurları vasitəsilə mövcud hüquq normalarını və ya onların tətbiqini dəyişdirməyə çalışırlar və bunu elə edirlər ki, onların fəaliyyəti bütövlükdə cəmiyyətə təsir edir.
Strateji məhkəmə müdafiəsi:

- ədalət mühakiməsi orqanlarının sosial və hüquqi dəyişikliklərə nail olmaq üçün məhkəmə təcrübəsindən istifadəsi strategiyasıdır;

- şəxsi və sosial ədalət anlayışları ilə sıx bağlıdır;

- digər ölkələrdə strateji şikayətlərlə QHT-lər və ictimai maraq qurumları məşğul olurlar.
«Strateji məhkəmə müdafiəsi» sözügedən fəaliyyəti ifadə etmək üçün istifadə olunan bir neçə termindən yalnız biridir. Bəzən o, «ictimai maraqların məhkəmə müdafiəsi», «presedent məhkəmə müdafiəsi» (impact litigation) və ya “sınaq” işləri üzrə məhkəmə müdafiəsi» (test case litigation) kimi ifadələrlə əvəz olunur.

2. Strateji şikayətlərin məqsədi və ictimai maraqların müdafiəsini həyata keçirən təşkilatların rolu



Başlıca məqsəd – ictimai maraqlar naminə hüquqi və sosial islahatlara nail olmaqdır. Müvəffəqiyyətli kampaniyalar mövcud olan qanunların icra olunması və ya hakimiyyət orqanlarını öz vəzifələrini yerinə yetirməyə məcbur edir. Bu cür kampaniyalar məhkəmələrdə, əsasən də Ali və Konstitusiya Məhkəmələri tərəfindən qanunların şərh olunması təcrübəsinə təsir etmək məqsədi daşıya bilər. Bundan başqa:

- Strateji məhkəmə şikayətləri hakimiyyət orqanlarının öz vəzifələrini yerinə yetirməsinə təsir edir;


- Roman-german hüquq sistemi ölkələrində belə məhkəmələrin qanunlara verdikləri şərhlər böyük təsir gücünə malikdir. Məsələn, strateji məhkəmə işi üzrə Konstitusiya Məhkəməsi müsbət qərar verirsə, bu, gələcəkdə oxşar işlərin ümumi məhkəmələrdə həlli təcrübəsinə təsir edəcək.
- Strateji məhkəmə işləri üzrə məhkəmələrin çıxardığı qərarlar məktəb, xəstəxana, həbsxana və sair ictimai qurumların fəaliyyətinin yaxşılaşdırılması səbəb olur.
- Şübhəsiz ki, məhkəmə qərarları dünyanı dəyişə bilməz, lakin strateji işlər üzrə çıxarılan ədalətli məhkəmə qərarları insanların şüuruna mütləq təsir edir.
Milli və beynəlxalq məhkəmələrdə konkret işlər üzrə bilavasitə çalışmaqdan əlavə, strateji məhkəmə müdafiəsi ictimai maraqların müxtəlif aspektləri üzrə maarifçilik fəaliyyətini və cəmiyyətdə islahatlar aparmaq əzminin həvəsləndirilməsini də nəzərdə tutur. İctimai maraqların məhkəmə müdafiəsi cəmiyyətlə hüququn qarşılıqlı fəaliyyətini və bir-birinə necə qarşılıqlı təsir göstərdiyini nümayiş etdirir. Bir tərəfdən, ictimai maraqlar naminə hüquqi islahatlara olan kəskin ehtiyac strateji məhkəmə işini stimullaşdırır. Digər tərəfdən, məhkəmə iddiaları ictimaiyyətin reaksiyasına səbəb olaraq ictimaiyyət tərəfindən tələblərin, etirazların və dəstəyin meydana çıxmasına şərait yaradır və bunlar son nəticədə, sosial və qanunvericilik islahatlarının həyata keçirilməsini təmin edə bilər.
3. Nə üçün məhkəməyə müraciət etməli?
İctimai maraqların məhkəmə müdafiəsi sistemli islahatların həyata keçirilməsinin ən təsirli vasitələrindən biri olaraq qalır.
Digər metodlar kütləvi aksiyaları və ya müxtəlif qruplar və insanlarla, o cümlədən dövlət hakimiyyəti orqanları ilə əməkdaşlığı nəzərdə tutduğu halda, strateji məhkəmə işləri üzrə çalışma sosial dəyişikliklərin həyata keçirilməsi uğrunda mübarizə məqsədilə məhkəmə hakimiyyətinə müraciət imkanı yaradır. Bu, xüsusilə o ölkələrdə böyük əhəmiyyət kəsb edir ki, orada məhkəmə hakimiyyəti kifayət qədər müstəqildir və müvafiq surətdə, siyasi maraqların bilavasitə təsirindən müəyyən qədər müdafiə olunur. Hətta məhkəmə hakimiyyətinin yalnız minimal dərəcədə müstəqil olduğu ölkələrdə strateji məhkəmə müdafiəsi məhkəmə icraatı prosesini işə salır və bu və ya digər məsələyə ictimai maraq səviyyəsini artıra bilər. Bu cür «sınaq» işləri məhkəmə sisteminin özündə islahatın katalizatoru ola bilər.
Strateji məhkəmə müdafiəsi bəzən dövlət hakimiyyəti orqanlarını, müxtəlif idarə və təşkilatları hərəkətlərə sövq edə bilər. O, mövcud qanunların və qanun qüvvəli aktların daha təsirli tətbiqinə kömək edə bilər (hətta onların icrasına görə məsuliyyət daşıyan şəxslər bunu etməyə meyl göstərməsələr belə). Məhkəmə müdafiəsi əhalinin müəyyən qruplarının hüquqlarına riayət olunmasını təmin etməyə kömək edir və beləliklə konstitusiya təminatlarının praktikada həyata keçirilməsinə nail olmağa imkan verir. Məhkəmələr tərəfindən qərarların qəbulu sayəsində ictimai maraqların strateji məhkəmə müdafiəsi uşaqların, məhbusların, əlillərin və ruhi xəstəlikləri olan şəxslərin, habelə əhalinin digər qruplarının maraqları naminə fəaliyyət göstərməli olan dövlət təşkilatlarında islahatlara gətirib çıxara bilər. Son nəticədə, strateji məhkəmə müdafiəsi əlverişsiz vəziyyətdə olan bu cür insanların statusunun artırılmasına imkan verir.
İctimai maraqların strateji məhkəmə müdafiəsi həm də elə bir üsul ola bilər ki, onun köməyi ilə əhali bu və ya digər layihənin, məsələn, zəhərli tullantılar üçün anbarın, yaxud meşə və ya park zonasında yaşayış kompleksinin tikintisinin dayandırılmasına və ya qadağan olunmasına nail ola bilər. Məhkəmədə baxılan iş vətəndaşları səfərbər edə və onların mütəşəkkilliyinə şərait yarada və beləliklə maraqlı tərəfləri məsələni araşdırmağa cəlb edə bilər. Bundan başqa, strateji məhkəmə müdafiəsi çox mühüm maarifləndirici rol oynayaraq cəmiyyət tərəfindən bu və ya digər problemin dərk olunması səviyyəsini artırır və ictimai rəyi dəyişmək üçün potensialın daşıyıcısı olur və bununla da daha ədalətli ictimai quruluşa doğru hərəkəti mümkün edir.
Strateji məhkəmə müdafiəsi kampaniyasının keçirilməsi sadə iş deyil; sosial dəyişikliklərin həyata keçirilməsinə yönələn iddialar heç də həmişə ətraflı ölçülüb-biçilmir və ya daha ümumi strategiyanın və ya missiyanın tərkib hissəsi olmur.
Necə müəyyən etmək olar ki, hər bir konkret halda məhz məhkəmə prosesi ictimai maraqların müdafiəsi məqsədlərinə nail olmaq üçün optimal strategiya olacaq? Yuxarıda qeyd edildiyi və aşağıda müzakirə olunacağı kimi, ictimai maraqların müdafiəsi sahəsində uğur qazanmaq üçün çox vaxt kompleks yanaşmadan istifadə olunur və məhkəmə prosesinin özü sözügedən kampaniyanın yalnız bir komponenti rolunu oynayır.
Məhkəmə mexanizmlərindən istifadənin lazım olub-olmadığını müəyyən etmək üçün aşağıdakı testlərdən istifadə oluna bilər:


  • Tətbiq edilməyən və ya tətbiqi təmin olunmayan qanun və ya qanun qüvvəli akt mövcuddurmu?

  • Məhkəmələr və ya icra hakimiyyəti orqanları bu və ya digər qanunu ardıcıl və qərəzsiz tətbiq edirlərmi, yoxsa bu sahədə hüququn tətbiqi özbaşınalıqla və qeyri-ardıcıllıqla fərqlənir?

  • İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsində mühüm və ya getdikcə daha çox əhəmiyyət kəsb edən hüquqi məhdudiyyətlər varmı?

  • Hüququn tətbiqi praktikasında düzəlişlər etmək üçün istifadə oluna bilən beynəlxalq standartlar mövcuddurmu?

  • Müvafiq qanunun (və ya qanunların) sonrakı şərhinin ictimai maraqlar baxımından mövcud vəziyyətə mənfi təsir göstərməsi ehtimalı nə dərəcədədir?

  • İctimai maraqların müdafiəsi məqsədlərinə nail olmaq üçün hansı resurslar (insan, maliyyə, siyasi resurslar) lazımdır?


4. Presedent işinin seçilməsi
Seçim zamanı işin strateji əhəmiyyəti ilə yanaşı, habelə aşağıdakı meyarlar əsas götürüləcək.

  • QHT və ya hüquqşünasın malik olduğu resurslar;

  • Tələb olunan məsrəflərin həcmi;

  • Mətbuatın və ictimaiyyətin diqqətini bu işə cəlb etmək üçün potensialın mövcudluğu;

  • İddiaçının və ya ərizəçinin alternativ resursları və ya digər hüquqi yardım almaq imkanlarının mövcudluğu;




BU LAYİHƏ HOLLANDİYANIN XARİCİ İŞLƏR NAZİRLİYİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞDİRİLİR


Yüklə 39,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə