Cinayət hüququnun bəzi fəlsəfi müddəaları haqqında



Yüklə 61,14 Kb.
tarix05.10.2017
ölçüsü61,14 Kb.
#3114

Cinayət hüququnun bəzi fəlsəfi müddəaları haqqında

 

 



 

F.Y.Səməndərov

Bakı Dövlət Universiteti

 

Təqdim edilən məqalədə cinayət hüququnun bəzi fəlsəfi müddəalarına toxunulur. Xüsusən fəlsəfi mövqedən cinayət və cəza anlayışlarından, cəzanın tətbiqində "ölçü" kateqoriyasının, cəzanın sisteminin müəyyən edilməsində sistemin fəlsəfi anlayışının müddəalarından bəhs edilir.



Cinayət hüquq elminin tədqiqatının uğurları onun digər elm sahələri ilə inteqrasiyasından, xüsusən fəlsəfənin qanun və kateqoriyalarından irəli gələn müddəalara düzgün riayət edilməsindən asılıdır.

Cinayət hüququnun fəlsəfəsi – cinayət və cəza haqqında, cinayət məsuliyyətinin əsasları haqqında – rəsmi dövlət hakimiyyətindən asılı olmayaraq obyektiv ideyaların yaranmasından başlayır.

Cinayət sayılan əməllərin dairəsinin müəyyən edilməsi – onun pozitiv metodlar əsasında öyrənilməsi hüquq fəlsəfəsinin ən vacib istiqamətlərindəndir. Hüquq fəlsəfəsində idrakın məqsədi cinayət hüququ haqqında həqiqəti aydınlaşdırmaqdan ibarətdir. Pozitiv metod ictimai varlığın idrakı zəminində tətbiq edilir. Doğrudur, idrak əsasında yaranan obrazda fərdi şüurla ictimai şüur arasında kolliziya yaranır. Cinayət hüquq normasının yaranması əlahiddə götürülən nə fərdi, nə də ki, ictimai şüura söykənməməlidir. Cinayət hüquq yaradıcılığında bunların nisbəti götürüləndə belə normalar həyatdan uzaq düşmür.

Cinayət hüquq fəlsəfəsi rəsmi obyektiv ideyanın yaranmasından başlayır. Cinayət hüquq yaradıcılığında ictimai varlığın neqativ tərəflərinin düzgün idrakı, azadlıq və ədalətlilik, cinayət qanunlarının toxunulmazlığı, hüquqi dövlətin yaranması – öz başlanğıcını obyektiv ideyalardan götürür və həll edir.

Hüquq fəlsəfəsi ilə məşğul olan müəlliflərdən akademik C.Ə.Kərimov hələ keçən əsrin 90-cı illərində hüquq fəlsəfəsinin predmetinə – məntiqi müddəaları, cəmiyyətin ictimai varlığının dərindən təhlili və öyrənilməsini, idrak nəzəriyyəsi müddəalarının hüquqi varlığa istiqamətlənməsini aid edirdi (5, 46).

Cinayət sayılan əməllərin dairəsinin pozitiv metodlar əsasında öyrənilməsi və müəyyən edilməsi – fəlsəfənin ən vacib istiqamətlərindəndir. Əsrlər boyu bu sahədə «yoxlama və səhv etmə» metodu rəhbər tutulmuşdur. Bu məsələnin ancaq keçən əsrin 70-ci illərində fəlsəfi zəmində həll edilməsinə nail olunmuşdur. Cinayət hüquq elmində «kriminallaşdırma» adı altında xüsusi cinayət hüquqi fəlsəfi təlimi işlənib hazırlanmışdır (4, 108; 6, 36).

Əməlin kriminallaşdırılması – yəni əməlin cinayət sayılan əməl kimi müəyyən edilməsi, pozitiv fəlsəfi metodu tətbiq etməklə, idrak nəzəriyyəsinin müddəalarını rəhbər tutmaqla – onlarla parametrdə sosial-psixoloji, mənəvi və s. amilləri nəzərə almaqla mümkün olur.

Fəlsəfi ədəbiyyatda normativ qiymətləndirmə idrak metodu ilə, elmi-idrak metodu arasında fərq qoyulur. Tədqiqatçıların fikrincə normativ qiymətləndirici metod yolu ilə yaradılan hüquq norması mövcud olandan daha çox arzu olunanı əks etdirir. Bununla da elmi idrak metodu ilə nail olunan həqiqətlə normativ-qiymətləndirici metodla əldə edilən həqiqət arasında fərq yarandığı qeyd edilir (10, 103; 3, 13-14).

Belə mülahizə xeyli inandırıcı görünsə də onunla razılaşmaq olmaz. Qnoseologiya idrak nəzəriyyəsinə görə varlığın idrakı vahid yolla ümumi qanunauyğunluğa əsasən baş verir. Həmin nəzəriyyə istər elmi, istərsə də normativ qiymətləndirici yolla idraka uyğun amillərin toplanmasını, təhlilini və ümumiləşdirilməsini nəzərdə tutur.

Varlığın hər iki yolla idrakı və təhlilində ümumiləşdirmə, induksiya və deduksi-a, sistemli yanaşma və s. metodlardan geniş istifadə edilir. Buna görə də normativ qiymətləndirici metodun spesifik xüsusiyyətini, onun varlığın idrakında prinsipial fərqlər yaratması haqqında olan mülahizə ilə izah etmək lüzumsuzdur.

Cinayət hüququnun problemləri içərisində, bu gün ən vacib məsələlərdən biri cinayətə inteqrativ anlayış vermək məsələsidir. Belə anlayışı verməklə biz daha dəqiq cinayət tərkibləri qurmağa, cinayət qanunları hazırlamağa, cinayətlə başqa hüquq pozuntuları arasında sərhədi müəyyən etməyə nail ola bilərik.

Cinayətin fəlsəfi əsaslarını öyrənməklə, cinayətlə insanın təbiəti arasında müəyyən əlaqəni nisbətən düzgün aydınlaşdırmaq, cinayət törədən şəxsə necə cəza təyin etmək, müxtəlif cinayətkarlar arasında mövcud fərqi görmək, xüsusən təsadüfi cinayətkar tiplə, peşəkar cinayət törədən tiplərin obrazına aydınlıq gətirmək mümkün olur.

Təsadüfi cinayət tipinə anlayış verilərkən, fəlsəfədə mövcud «təsadüf» kateqoriyasının müddəalarına istinad edilir.

Təsadüf – elə hadisədir ki, obyektiv zərurətdən doğmur, mövcud şəraitdən, mövcud əlaqələrdən labüddən irəli gəlmir (1, 341).

Cinayətlər özünün mənəvi-psixoloji, mənəvi-siyasi keyfiyyətlərinə görə əməli törədənin şəxsiyyətini xarakterizə edən göstəricilərə görə bir-birindən kəskin surətdə fərqlənə bilər.

Əgər cinayət təsadüfi cinayətkarlar tərəfindən törədilirsə, belə əməl cinayət törədənin həyat fəaliyyəti ilə, onun neqativ vərdişləri ilə bağlı olmur, belə cinayət təqsirkar barəsində, onun həyat yolu barəsində heç bir təsəvvür yaratmır. Təsadüfi cinayətkarların vəziyyətini səciyyələndirən göstəricilər ildən-ilə, istər nisbi, istərsə də mütləq mənada artır. Bu gün, təsadüfi cinayətkarlar kateqoriyasının real mövcudluğu şübhə altına alınmır.

Təsadüfi, səbəbli əlaqə bir çox hadisə və proseslərin «kəsişməsi» ilə baş verə bilər, yaxud da hadisənin daxili əlaqələrinin pozulması ilə, yəni xarici nisbi müstəqil qüvvələrin təsiri altında, daxili prosesin inkişafının pozulması ilə, onun nəticə doğurmaq ehtimalı təsadüfi hal ola bilər (11, 15-16). Bu səbəbdən təsadüfi əlaqə iki yerə – daxili və xarici əlaqəyə ayrılır.

Daxili təsadüfi hadisələr, hadisələrin elə kazual əlaqəsi ilə bağlı olur ki, burada təsadüfi hadisələr zəruri əlaqə hüdudlarında baş verən proseslərə bənzəyir.

Məsələn, müxtəlif nəqliyyat vasitələrinin toqquşması ilə baş verən nəticə təsadüfi əlaqə ilə bağlı ola bilər. Yaxud da dalaşan tərəflərdən biri hücumu dəf etmək üçün, hücum edənin qoluna xəsarət yetirmək niyyətlə işlətdiyi cib bıçağı hücum edənin qəflətən bədən vəziyyətinin dəyişməsi ilə, yaxud da müvazinətini itirməsi ilə bağlı onun qoluna deyil ürəyinə saplanır.

Cinayət qanununun tətbiqi praktikasında təsadüfi nəticələrlə, zərurətlə bağlı olan nəticələrin fərqləndirilməsinə lazımınca diqqət yetirilməməsi, cinayət əməlinə düzgün hüquqi qiymət verilməsini təmin etmir, obyektiv təqsirləndirməyə səbəb olur.

Cinayət hüququnda təsadüfi cinayətkarlarla yanaşı peşəkar (yaxud patoloji) cinayətkarlar tipi də işlədilir (8, 13).

Müasir qrammatikada «patologiya» – xəstə, qeyri-normal, eybəcərcəsinə hüquq normalarından yayınma, hüququn ümumi prinsipləri ilə ziddiyyət yaradan – anlama malik olan termin kimi işlədilir. Peşəkar cinayətkarlar – cinayət kriminogen vərdişlərə malik olan, mövcud hüquqi qanunlara nihilist münasibət bəsləyən, mənəvi normalara laqeyd olan, onu qəbul etməyən cinayətkar tipdir.

Patoloji xüsusiyyət cinayət hüquq fəlsəfəsi baxımından bir qayda olaraq insanla doğulmur, həyatda qazanılır. İnsanın patoloji xüsusiyyəti onun psixi pozuntusu ilə bağlıdırsa, yəni psixi cəhətdən xəstə olduğundan əməlinin xarakterini dərk etməyən və davranışını idarə etmək qabiliyyətinə malik olmayan tipin fəaliyyəti cinayət hüququnun predmetinə daxil deyildir, cinayət hüququ ilə tənzim olunmur.

Müasir dövrdə fəlsəfi müddəalar cinayət hüquq fəlsəfəsində tədqiqatların qermenevtika əsaslarının öyrənilməsində müstəqil istiqamət kimi özünü biruzə verir. Qermenevtika metodu zəminində cinayət hüququnun bütün əsas institutlarına daxil olan anlayışların həqiqi semantik mənasını müəyyən etməyə və bu anlayışların yenidən qurulmasına və dəqiqləşdirilməsinə istiqamətlənir.

Qüvvədə olan cinayət qanunvericiliyində hələ də eyni anlayışlara müxtəlif məzmun müncər edilir. Belə vəziyyət cinayət qanunvericiliyinin tətbiqi praktikasında ciddi çətinliklər yaradır. Qanunun müəyyən fəsillərdə «ağır nəticə», «xeyli ziyan», «küllü miqdarda ziyan» və s. anlayışlar formal kriteriyalar zəminində müəyyənlik kəsb edir. Lakin digər hallarda onlara «qiymətləndirilən» anlayış kimi baxılır. Ümumiyyətlə, qüvvədə olan cinayət qanunvericiliyinin xeyli normalarının qermenevtika tədqiqata ehtiyacı vardır.

Bəzi müəlliflər «patologiya» ifadəsini hüquqa da şamil edir. Hüququn patologiyası (hüququn eybəcərləşməsi) – kifayət qədər şərti xarakter daşıyır və qeyd edilən ifadə bu fenomenin bütün incəliyini ifadə edə bilmir. Bəzi hüquqşünas tədqiqatçılar patologiya anlayışını təkcə cinayət törədən şəxslərə deyil, həm də dövlətin bəzi inkişaf dövrlərinə də aid edirlər. Hüququn «patologiyası» anlayışı hüquqi prinsiplərdən yayınan, «xəstə», «qeyri-normal» qanunlara şamil edilir.

Hüququn «patologiyası» istər cinayət hüquq yaradıcılığının, istərsə də onun tətbiqinin eybəcərləşdirilməsi kimi qəbul edilir.

Hüququn «patologiyası» təkcə qanun yaradıcılığı və onun tətbiqi praktikası ilə deyil, həm də insanların hüquq düşüncəsinin «eybəcərləşməsini» nəzərdə tuturdu.

Məsələn, keçən əsrin 20-30-cu illərində (yəni inqilabdan sonra) hüquqi qanunlar partiya və hökumətin qərarları ilə əvəz edilirdi. Ölkədə hüququn, hüquqi qanunların öyrənilməsinə nihilist münasibət mövcud olmuşdur. Hüquq ədəbiyyatı, xüsusən, dərs-liklər, dərs vəsaitləri, monoqrafiyalar, kommentariyalar yazılmırdı, hüquqi qanunlar tətbiq edilmirdi. Böyük ölkə üçün 100-150 hüquqşünasın hazırlanması kifayət sayılırdı. Ölkəyə varis olmuş burcua hüquqi, burcua alimləri tərəfindən yaradılaraq inkişaf etdirilən hüquqi qanunlardan, xüsusən cinayət hüququndan imtina edilirdi. Yalnız keçən əsrin 50-60-cı illərindən sonra tədricən hüquqi qanunların dəyəri dərk edilməyə başlandı. Bu səbəbdən də, ölkədə hüquq elminin inkişaf etdirilməsi və hüquqşünas kadrların həzırlanmasının keyfiyyətinin yüksəldilməsi barədə xüsusi qərarlar qəbul edildi. Xüsusən xalq təsərrüfatında hüquqi xidmətin möhkəmləndirilməsi zəruri hesab edildi.

SSRİ-nin 1977-ci il Konstitusiyasının 6-cı maddəsində «Sovet İttifaqı Kommunist Partiyası sovet cəmiyyətinin rəhbəredici və istiqamətləndirici qüvvəsidir, onun siyasi sisteminin nüvəsidir» müddəası təsbit edilmişdir. Buna görə də, partiyanın qərarları qanunla müqayisədə ilkin həlledici rol oynayırdı. Praktikada belə vəziyyət ona gətirib çıxartdı ki, qəbul edilən və qüvvəyə minən qanunlar yuxarı direktiv orqanlar tərəfindən elan edilmirdisə, faktiki belə qanunlar qüvvəyə minmiş sayılmırdı. Həmin illərdə insanların şüurunda partiya və hökumətin qərarlarının hüquqi qanunlardan üstün olması, hətta peşəkar hüquqşünasların mövqeyinə çevrilirdi. Bu zəmində hüquqa münasibətdə nihilizm yaranır və möhkəmlənirdi.

Ötən əsrin 90-cı illərində Sovet imperiyasının dağılması, kommunist partiyasının buraxılması, ictimai münasibətlərin azad bazar iqtisadiyyatına görə qurulması hüquqi qanunların tənzimedici rolunu artırmış oldu. Yeni şüarlar irəli sürüldü – hüquqi dövlətin yaradılması məsələsi aktual problemə çevrildi. Lakin azad bazar iqtisadiyyatı şəraitində verilən qanunlar başlıca dövlətin müəllifliyi ilə idarə və tənzim edilməsi məqbul sayıla bilməzdi. Dövlətin özünün fəaliyyəti cəmiyyətin obyektiv inkişaf qanunu ilə bağlı olmalı, dövlətin fəaliyyəti qanun çərçivəsində tənzimlənməli idi.

Azad cəmiyyətin inkişafı ideyası qarşısında ikinci bir proses baş verməyə başlayır, hüquq qanunlarının pozulması insanların fəaliyyətində adiləşir. Buna yol vermək olmaz. Qanunçuluq möhkəmləndirilməli, əhalinin hüquq düşüncəsi yüksəldilməlidir.

Öncə belə bir məsələyə aydınlıq gətirilməlidir: cəza vermək kimin səlahiyyətinə daxildir? İnqilabdan əvvəl çar Rusiyasının qanunvericiliyinə görə cəzalandırmaq dövlətin səlahiyyətinə aid edilirdi. İnqilabdan sonra 20-30-cu illərdə bu məsələ müzakirə edilməmiş, lakin dövlət bu səlahiyyəti öz üzərinə götürmüşdü. 20-30-cu illərdə məhkəmədən kənar repressiyaların (həbslərin) baş verməsinin başlıca səbəbi də öncə bununla bağlı idi. Hüquqi qanunlar ilk növbədə cəmiyyəti yaşadan, insanların davranışını vahid parametrə istiqamətləndirən hüquq qaydalarını tənzim edir. Hüquq qaydalarına riayət etmək cəmiyyət üzvlərində vərdişə çevirməlidir. Bunsuz həyatda ritmik ahəng yaratmaq mümkün deyildir. Cəmiyyət üzvlərində qanuna hörmət hissi tərbiyə olunmalıdır. Qanundan yan keçmək, hansı bəhanə ilə olursa olsun qanunu pozmaq cəmiyyətdə özbaşınalıq, anarxiya meylləri yaradır. Bütün belə meyllərə qarşı qəti mübarizə aparılmalıdır.

Hüquqi baxımdan sovet dövründə həyata keçirilən «xalq düşmənlərinin» kütləvi güllələnməsi, yerindəcə güllələnmə, yaradılmış xüsusi qurumların qərarı ilə kütləvi həbslər aparmaqla güllələmə – əslində cinayətə görə tətbiq edilən cəza deyil, inzibati tənbeh olmuşdur. Belə praktika təkcə Sovet dövlətinin tarixində baş verməmişdir. Bəşəriyyətin tarixi inkişafında məhkəmədən kənar insanların repressiyası ayrı-ayrı dövrlərdə dünyada baş verən tufanı xatırlatmışdır. XX əsrin tarixini bir çox ölkələrdə həbs düşərgələri sistemi kimi təsəvvür etmək olar.

Dövlət cəza tətbiq etmək səlahiyyətini süqutla qəbul etmişdir. Belə mənzərələrə XX əsrdə keçmiş Yuqoslaviyada, İranda, Kambocada və s. ölkələrdə rast olunmuşdur. Bir vaxt bu ölkələr həbs düşərgələrinə çevrilmişdir. İşıqlı şəxsiyyətlərdən olan İ.Bentam yazmışdır: «Hər cür cəza yamanlıqdır, belə yamanlığa o zaman yol verilir ki, daha böyük bəlanın qarşısı alınmış olsun (2, 221).

Cəza yamanlıq olsa da, cinayətə görə tətbiq edilir. Əgər cinayət yamanlıqdırsa, cinayətə görə tətbiq edilən cəza da yamanlıqdır. Cəza qarşısında məqsəd qoymaqla və onun tətbiqi ilə də yamanlıq da aradan qalxmalıdır.

Burada cəzanın tətbiqi ilə bağlı mümkün bir fəlsəfi məsələ də meydana çıxır. Cəza hansı həddə müəyyən edilməlidir? Bu məsələ də fəlsəfi «ölçü» kateqoriyasına əsaslanmalıdır.

Cəza müəyyən əlamət və xüsusiyyətlərə malikdir, onun (keyfiyyətə söykənən) müəyyən növləri, sanksiyalara bölgüsü, tətbiqi hədləri fərqləndirilir.

Cəza cinayətin kəmiyyət və keyfiyyət tərəfinə görə hədlərə ayrılır. Belə bölgü əslində fəlsəfi «ölçü» kateqoriyasına söykənməlidir. Hər bir cinayətin xarakteri (keyfiyyət) və onun təhlükəlilik dərəcəsi (kəmiyyət) tərəfi fərqləndirilir. Onun barəsində tətbiq edilən cəza «ölçü» kateqoriyasına əsaslanır. Cəza ölçüsü cinayət hadisəsinin elə bir həddi üçün müəyyən edilir ki, bu hədd daxilində cinayətdə kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermir, yaxud kəmiyyət dəyişikliyi baş versə də hadisə öz keyfiyyətini itirmir.

Ümumiyyətlə, cəza və onun tətbiqində «ölçü» məsələsi nəzəri baxımdan araşdırılmır. Qüvvədə olan cinayət qanunvericiliyində qeyd edilən məsələ kifayət qədər normativ hüquqi bazaya malik deyildir.

Cinayət hüququnun fəlsəfi müddəalar zəmində həll edilən problemlərindən biri də cəzanın sistemi ilə bağlı məsələdir.

Əvvəllər belə bir mülahizə hakim fikir kimi qəbul edilirdi ki, guya cinayət mürəkkəb hadisədir və mürəkkəb hadisələrlə mürəkkəb vasitələrlə mübarizə aparıla bilər. Buna görə də qeyd edilirdi ki, cinayət qanununda təsbit edilən cəza növləri nə qədər müxtəlifliyə malikdirsə, bir o qədər belə cəza sistemi cinayətkarlıqla mübarizədə guya daha çox uğurlu olur.

Qeyd edilən mülahizə nə qədər inandırıcı olsa da elmi-fəlsəfi zəminə malik deyildir və qəbul edilə bilməz.

Nəhayət, tədqiqatlar nəticəsində belə bir qənaətə gəlinmişdir ki, cəzanın sistemi anlayışı sistemin fəlsəfi anlayışına söykənməlidir (9, 610-611).

Sistemin anlayışı bir-biri ilə qarşılıqlı əlaqədə və asılılıqda olan müəyyən tamı yaradan zəruri və kifayətləndirici elementlər çoxluğunu nəzərdə tutur. Sistem üçün onu yaradan elementlərin qarşılıqlı əlaqəsi ilə yanaşı, belə elementlərin yaratdığı tamla (sistemlə) xarici mühit arasında daimi rabitə yaranır və belə qarşılıqlı münasibətdə sistem öz varlığını ifadə edir.

Sistem üçün iyerarxiyalıq, çoxsəviyyəlilik, funksiyaya malik olmaq kimi keyfiyyətlər xarakterikdir. Lakin cəzanın sisteminə ifrat sayda cəza növləri daxil edilə bilməz. Buna görə də cəzanın təsirliliyi və effektli tətbiqini cəza sisteminə daxil edilən cəza növlərinin çoxsaylı olmasından asılı edən cinayət hüququ kursunun müəlliflərinin mövqeyi ilə razılaşmaq olmaz (7, 25).

Sistem zəruri və kifayətləndirici sistematik elementlərdən yarandığı kimi, cəzanın da sisteminə zəruri və kifayətləndirici sayda cəza növləri daxil etməklə mükəmməl sistem yaradıla bilər.

Cəza sistemi üçün xarakterik olan ikinci xüsusiyyət onun humanizm prinsipi, üçüncü xüsusiyyət onun qanunçuluq prinsipi ilə bağlılığıdır.

Cəzanın sistemi həmişə məlum və deyişməz kateqoriya deyildir. Sosial şəraitinin dəyişməsi yeni cəza növlərinin müəyyən edilməsinə, əvvəllər uğurla tətbiq edilən bu və ya digər cəza növlərinin ləğv edilməsinə, yaxud da onun məzmununun dəyişdirilməsinə əsas ola bilər.

Cəza və onun sistemi həm də müəyyən sabitliyə malik olmalıdır. Bunsuz cinayətkarlıqla mübarizədə istər cəzanın sisteminin, istərsə də bu sistemə daxil olan ayrı-ayrı cəza növlərinin effektli olub-olmamasını, onların nəyə qadir olduğunu müəyyən etmək olmazdı.

Cəzanın sistemi eyni zamanda inkişafda olmalı, təkmilləşdirilməlidir. Bu da cinayətkarlıqla mübarizə tədbirlərinin müntəzəm təkmilləşdirilməsi vəzifələrindən irəli gəlir.

Beləliklə, biz cinayət hüququnun bəzi məsələlərinin ötəri olsa da fəlsəfi müddəalarla əlaqəsini göstərməyə səy etdik.

Zənn edirik, müasir cinayət hüququnun bütün institutlar ı fəlsəfənin idrak nəzəriyyəsinin müddəalar ı ilə, onun qanun və kateqoriyalar ı mövqeyindən dərindən təhlil edilməli və təkmilləşdirilməlidir.

 

ƏDƏBİYYAT



 

1. Qasımzadə F., Şirəliyev H. Dialektik materializm. Bakı: Maarif, 1972, 341 s.

2. Бетам И. Введение в Основание нравственности и законодательства. М: Зерцало, 1998, 315 с.

3. Даштамиров С.А. Социальные нормы: гносеологический и специологический анализ. Баку: Элм, 1984, 241 с.

4. Злобин Г.А. Келина С.Г. Некоторые теоретические вопросы криминализации об¬щественно-опасных деяний / Проблемы, правосудия и уголовного права (сборник статей). М: Наука, 1978, 221 с.

5. Керимов Дж.А. Предмет философии права // Государство и право, 1994, № 7, с.18-26.

6. Кузнецова Н.Ф. Социальная обусловленность уголовного закона / Правовые иссле¬дования. Тбилиси: Тбилисский Государственный Университет, 1977, 311 с.

7. Курс уголовного права. В 5-и томах. Т.2. Общая часть. М: Зерцало, 1999, 356 с.

8. Упоров И.В. Правовой нигилизм как проявление «патологии права» и его влияние на кри¬миногенную обстановку в обществе // Криминологический журнал, 2002, №1-2, с.35-42.

9. Филосовский энциклопедический словарь. М.: Наука, 1983, 1246 с.

10. Черданцев А.Ф. Специфика здорового отражения / Правоведение, 1973, №6, с. 24-30.

11. Шляхменко С.Г. Шляхменко Г.П. Необходимость, случайность, закон. Проблемы закона в науке социальной логики научного познания. Л.: ЛГУ, 1980, 273 с.

 

 

О НЕКОТОРЫХ ФИЛОСОФСКИХ ПОЛОЖЕНИЯХ УГОЛОВНОГО ПРАВА



Ф.Ю.САМАНДАРОВ

 

РЕЗЮМЕ



 

В статье затрагиваются некоторые философские положения уголовного права. Так, с философской точки зрения рассмотрены понятия преступления и наказания, категория «меры» при применении наказания, суждения о философском понятии «системы» при определении системы наказания в уголовном праве.

 

 

 



ABOUT SOME PHILOSOPHICAL ASPECTS OF CRIMINAL LAW

F. Y. SAMAND AROV



SUMMARY

 

The article deals with some philosophical aspects of criminal law. The author analyzes the concepts of the crime and punishment, the category of "measure" at the application of punishment, judgements about the philosophical concept of "system" at the definition of the system of punishment in criminal law from the philosophical point of view.
Yüklə 61,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə