301
ÜRƏK DOSTU...
Səməd ki var bir quruca cəsəddir,
Dünyada hamıya ölüm rəsəddir.
Çərxi-fələk, bəs bu necə mürvətdir
Gözəl insanlar da ölər dünyada?!
(Aşıq Səməd)
Hamıya bəllidir ki, dünyaya bir gün gələn elə bir
gün də gedəcəkdir; bu tanrının, taleyin, təbiətin
hökmüdür. Lakin bizi düşündürən odur ki, yaxşı
adamların ölümü niyə bu qədər gözlənilməz olur?
Niyə tanrı onları birdən, qəflətən aparır; niyə ona
imkan vermir ki, öz yaxınlarına, ailə üzvlərinə ürək
sözünü qana-qana desin, heç olmasa vəsiyyətini
söyləyə bilsin.
Dostum Qurban müəllimə məhz belə bir ölüm
aqibəti nəsib olmuşdu. O, demək olar ki, az bir
müddət ərzində xəstələndi, üzərində cərrahiyyə
əməliyyatı aparıldı, heç olmasa 3-5 günlüyə yenicə
təmirdən çıxmış evinə dönə bilmədi.
Mən onun yaxın qonşusu və dostu kimi, oğlu
Fuadın köməyi ilə reanimasiyada son anlarını
yaşadığı zaman yanına düşə bildim. Mən otağa daxil
olanda onun yanında əzizləri – həyat yoldaşı Elmira
xanımı və qızı Aygün xanımı gördüm. Nə deyim, kaş
ki, əziz dostumu, sirdaşımı bu halda görməyəydim.
Elmira xanım deyəndə ki, «Qurban, Cəlal müəllimdi,
tanıdınmı?». Artıq ölüm ayağında olan, Əzrayılla
cəng-cidala çıxmış, onunla ölüm-dirim mübarizəsi
aparan, mənim tanıdığım o gözəl insandan, o gülərüz,
302
boylu-buxunlu adamdan nə qalmışdı? Heç nə! Qurban
canını dişinə tutaraq çox çətinliklə, güclə sezilən bir
mimika ilə təsdiq edir kimi sifətindəki cizgilər xəfif
bir mehdən tərpənən kimi dartıldı. Və maddım-
maddım üzümə baxdı. Bu məqamda onun ürəyindən
keçənləri duymaq, mənalandırmaq mümkünmü?
Bəlkə də bu lal baxışlarda o qədər nisgil, o qədər
həsrət, dünyanın vəfasızlığına o qədər kəskin etiraz
var idi ki, onların hamısını dilə gətirmək,
aydınlaşdırmaq ən mahir psixoloq üçün də zor bir
işdir. Mən yəqin ki, o baxışları, onlardakı mənanı
ömrüm boyu unuda bilməyəcəyəm.
Xalqımızın ruhunu incəliklə tutan, necə deyərlər,
onun iç qatlarından gələn və həmişə də onun
içərisində olan, onun xəyal dünyasını, məişətini, adət-
ənənələrini, zəngin poetik söz sərvətini, bayatı, qoşma
və gəraylılarımızı, xüsusilə atalar sözü və məsəlləri
bir zərgər dəqiqliyi ilə bilən, bəlli əsərlərində
onlardan yaradıcı surətdə faydalanan Xalq yazıçısı Əli
Qara oğlu Vəliyev özünün bədii əsərlərindən birində
dostluq anlayışını bir qədər geniş mənalandıraraq,
həmin məfhumu şərti olaraq 5 kateqoriyaya ayırmış
və bütöv bir romanı onların üzərində qurmuş və əsil
dost kimdir? sualına cavab verməyə çalışmışdır. Xalq
yazıçısının anlamında həmin ifadə belə səciyyələn-
dirilir: Gərək dostu, Görək dostu, Verək dostu, Çörək
dostu və nəhayət Ürək dostu! Göründüyü kimi,
bunlardan dördü birmənalı olaraq təmənnalı
dostluqdur; biri gərək, biri görək, o biri verək, o birisi
çörək! Xalqdan gələn bu məfhumların birinin poetik
anlayış kimi qafiyələnməsi də olduqca maraqlıdır:
303
gərək, görək, verək, çörək! Lakin bu qafiyələrdən bir
tərəfini də aşağıdakı söz birləşməsi təşkil edir: «Ürək
dostu!»
Tarix elmləri doktoru, prof. Qurban Məmməd
oğlu Bayramov məhz sözün həqiqi mənasında belə
dost; Ürək dostu, qəlb dostu, səmimiyyətdən
yoğurulmuş bir qardaşlıq mücəssəməsi idi.
Qurban müəllim mənim nə az, nə çox yarım
əsrlik ən yaxın, ən əziz, sevimli, istənilən dostum idi.
Onunla mənim tanışlığımın çox maraqlı bir
tarixçəsi var. Yadımdadır, 1951-ci ilin sentyabr ayının
ilk günləri idi. Universitetə təzəcə daxil olmuşduq.
Dərslər yenicə başlamışdı. Birdən universitetin
qarşısında eloğlum Rəşid Məmmədovla görüşdüm və
ilk dəfə boylu-buxunlu, gülərüzlü, yaraşıqlı bir oğlan
olan Qurbanla tanış oldum (Qurban Universitetə
girəndə 16 yaşlı yeniyetmə idi).
Onu da deyim ki, o zaman universitetdə
rəhmətlik akad. Heydər Hüseynovun təşəbbüsü ilə
ayrıca Fəlsəfə fakültəsi fəaliyyət göstərirdi və
tamamilə birmənalı şəkildə demək istəyirəm ki, həmin
fakültə humanitar fakültələr arasında ən hörmətlisi idi.
Ona görə də oraya qəbul olanların böyük əksəriyyəti
orta məktəbi ya medalla, ya da ona bərabər tutulan
texnikumları fərqlənmə diplomu ilə bitirənlərdən
ibarət idi.
Qurban isə onların hamısından istər özünün
xarici görünüşü, istərsə də daxili intellekti, mərifəti,
mədəniyyəti ilə dərhal seçilirdi. Nə isə həmin bizim
ilk görüşümüzdə uşaqlardan biri dedi ki, gəlin gedək
304
deyirlər, bulvarda paraşütdən atlanırlar, gedək görək
bu nə olan şeydir?
Bu zaman Qurban və yoldaşları bir ağızdan
dedilər: – Siz gedin, bizim seminarımız var, – gedə
bilmərik! Mən və yoldaşlarım «seminar» sözünü ilk
dəfə eşitdiyimizdən onların üzlərinə baxa-baxa qaldıq.
Onda Qurban dilavərliklə bir qədər də vüqarla dedi:
«Yeməli şeydir». Sonralar həmişə «seminar»
məsələsini xatırladaraq gülürdüm.
Həmin illərdə Qurbanın ən yaxın dostları
gürcüstanlı uşaqlardan ibarət idi: Rəşid Məmmədov
(filosof), Ziyəddin Sadıxov (kimyaçı), Ələddin
Mahmudov (riyaziyyatçı) və. b. Ona görə də çoxları
elə bilirdilər ki, Qurban da məhz gürcüstanlıdır.
Bu hadisədən sonra bizim dostluğumuz həqi-
qətən səmimi, ürəkdən gələn, arzu olunan həmdəm-
liyə, yaxınlığa çevrildi. Yadımdadır, Qurbanın atası
rəhmətə getmişdi, lakin ata əvəzi Hacı adlı böyük
qardaşı, gözəl insan, Qurbanı doğma qardaş yox,
balası kimi sevirdi; onunla fəxr edirdi. Deyirdi ki,
bircə arzum var, Qurbanı elmlər doktoru, professor
kimi görə biləydim. Hacı müəllim Bakıya tez-tez
gəlirdi (O, Sabirabadda yaşayırdı – C.A.). və hər dəfə
də Qurbanın dostlarını başına yığıb şəhərin müxtəlif
restoranlarına aparar, qonaqlıq verərdi. (Mən də belə
qonaqlıqların bir neçəsində iştirak etmişəm. – C.A.).
Qurban çox işıqlı şəxsiyyət idi: onu başqalarına
sevdirən ən ümdə xüsusiyyətləri belə səciyyələndir-
mək olar: onun üzündə həmişə bir nur, təbəssüm, xe-
yirxahlıq, mərdanəlik, aydınlıq vardı, adam ona ürə-
yini, sirlərini, dərd-sərini, hətta ailə- məişət
305
qayğılarını da açıb-deməkdən çəkinməzdi. Onun 13 il
ərzində universitetin partiya komitəsinin katibi
vəzifəsində çalışdığı illərin hamısı mənim gözlərimin
önündən heç zaman çəkilə bilməz.
Qurban müəllim özü bir otaqlı mənzildə yaşaya-
yaşaya başqalarını düşünür, onların qayğısına qalır,
hər biri üçün əlindən gələni əsirgəmirdi.
Qurban universitetin vurğunu idi: onu doğma
ailəsi, evi kimi sevirdi. Həmişə bu müqəddəs məbədin
təəssübünü çəkirdi. Respublikanın ali məktəblərinin
böyük bayraqdarı olan bu elm və təhsil ocağını çox
sevdiyindəndir ki, o dəfələrlə təklif olmasına baxma-
yaraq müxtəlif bəhanələrlə universitetdən ayrılmaq
istəməmişdi. Hətta o da yadımdadır ki, Qurban MK-
nin işçiləri üçün tikilmiş ən yaxşı binada təklif olunan
ən geniş sahəli mənzildən imtina edərək, dostlardan
ayrılmamaq üçün indiki evini seçdi.
Qurban müəllim nə qədər xeyirxah, nə qədər
humanist və yumşaq, kövrək qəlbli bir insan olsa da,
lazımi məqamlarda ədalət və həqiqətin təntənəsi üçün
səbat və mətanət göstərir, prinsipial mövqe tutur və
həmin problemin ardıcıl şəkildə həll olunmasına
çalışaraq yarı yolda dayanmazdı.
Yaxşı xatırlayıram indiki kimi, bir vaxtlar (onda
Qurban müəllim universitet partiya Komitəsinin
Katibi idi) 30-40 elmlər doktoru, professor, hətta bir
neçə akademiki olan qocaman filologiya fakültəsinə
müdafiə şurasının verilməsinə əngəl törədən üzdə bir,
batində ayrı sifətlərə malik, adamlara qarşı Qurban
müəllim necə qətiyyətli mübarizə aparmışdı.
306
Onun bu ədalətli mübarizəsi nəticəsində neçə-
neçə adamlar namizədlik və doktorluq dissertasiyaları
müdafiə edərək elmi adlara layiq görülmüşdülər. Bun-
ların içərisində həm də respublikanın digər ali mək-
təblərindən və elmi müəssisələrindən də universitetin
elmi şurasında dissertasiya işlərini müdafiə edərək
iddia etdikləri elmi adlara layiq görülmüşdü.
Yeganə təsəllimiz ondan ibarətdir ki, Qurban ki-
mi insanlar ölmür, yalnız dünyasını dəyişir; onu tanı-
yanların, yaxınlarının, balalarının, nəvələrinin öm-
ründə yaşayır, həmişə yad edilir, məzarına gedən
cığırda heç zaman ot bitmir.
Ölüm sevinməsin qoy!
2007
307
FİLOSOF HƏSƏN ŞİRƏLİYEV
– «QILINC HƏSƏN»
HAQQINDA XATİRƏLƏRİM
Əyrini düz kəsər, yalanı doğru...
(Atalar sözü)
Biz bu epiqrafı elə belə, gəlişi gözəl sözlər və ya
təsadüf kimi işlətmirik. Çünki haqqında xatirə yazmaq
istədiyimiz insan − şəxsiyyəti, daxili və zahiri dün-
yası, cəmiyyətdə, həyatda, gündəlik münasibətlərdə,
müxtəlif xarakterli adamlarla rəftarında uzun illərin
ağır sınaqlarından keçərək, sözün həqiqi mənasında
bir ziyalı kimi formalaşan və mənim az qala,
yarıməsrlik bir tanışım, sonra yaxın qonşum olan
fəlsəfə elmləri doktoru, professor Həsən Şirəliyevdir.
Mən onu təxminən 50-ci illərin ikinci yarısından
tanıyıram. O zamanlar mən universiteti yenicə bitirib
sevimli müəllimim, sinəsi ləli-cəvahirat xəzinəsi,
əvvəlcə diplom işimin rəhbəri, sonra isə bir aspirant
kimi elmi rəhbərim olan filologiya elmləri doktoru,
gözəl şair, bənzərsiz tərcüməçi, professor Cəfər
Xəndanın vasitəsi və təkidilə xalqımızın nəcib oğlu
akademik Y.H.Məmmədəliyevin xeyir-duası sayəsin-
də elə oradaca elmi əməkdaş kimi saxlanılmışdım.
Həmin illərdə universitetin bütün elm sahələri üçün
bir «Elmi əsərləri»i çıxırdı və onun baş redaktoru da
ADU-nun rektoru Y.H.Məmmədəliyev idi (hazırki
BDU onda bu cür adlanırdı -C.A.). Mən rektorun
tapşırığı ilə həmin jurnala məqalələr topladığımdan
308
tez bir zamanda, demək olar ki, universitetin həm
təbiət elmlərini, həm də humanitar elmlərini təmsil
edən mütəxəssislərlə yaxından tanış oldum. Elə o
zaman mənə aspiranturanı təzəcə bitirmiş bir neçə
şəxslə də tanış olmaq müyəssər oldu. Bunlardan Cəlal
Allahverdiyev, Fərhad Zeynalov, Məsumə Məlikova,
Seyfəddin Qəndilov, Həsən Şirəliyev və bir çox
başqalarının adlarını çəkə bilərəm. Yaxşı yadımdadır,
o vaxtlar hələ çox gənc olan, hətta namizədlik
dissertasiyasını müdafiə etməyən bu adamlar, nədənsə
bizə çox qeyri-adi görünürdülər, yenə də nədənsə,
bunların gələcəkdə hər birinin öz sahəsi üzrə böyük
mütəxəssis, elm komandirləri olacaqlarına şəkk-
şübhə edənlər yox idi.
Çox əlamətdardır ki, onların hər biri sonralar
universitet ictimaiyyətinin və onları yaxından tanı-
yanların hamısının ümidlərini artıqlaması ilə doğrult-
dular. Mənim zənnimcə, bunların arasında Həsən
müəllimin – bizim «Qılınc Həsən» adlandırdığımız
Həsən Şirəliyevin müstəsna hörməti, müstəsna yeri
var idi.
Bu müstəsnalıq, hər şeydən əvvəl, Həsən müəl-
limin öz konkret elm sahəsini mükəmməl bilməsində,
onu məharətlə tədris etməsində, bir elm və təhsil
təşkilatçısı kimi öz işinin öhdəsindən ləyaqətlə
gəlməsində, tabeliyində olanların hamısı ilə ciddi və
tələbkar davranışında, lakin lazım gəldikdə, şərait
tələb etdikdə onların hər birinin dərd-sərini öyrənərək,
əlindən gələni əsirgəməməsində idi...
Həsən müəllimi hələ orta məktəbdən tutmuş ali
məktəb həyatına qədər tanıyanların və sonralar da
309
onunla birgə işləyənlərin hər biri ondan söz düşəndə,
xüsusilə də elmindən, savadından, mütaliəsindən,
intellektindən söhbət gedəndə onun bir elm fədaisi,
ürfan aşiqi, öz üzərində yorulmaq bilmədən çalışan
insan olması barədə ağızdolusu danışırdılar və hazırda
onlardan sağ olanların istisnasız olaraq hamısı bu
görkəmli alimin həmin məziyyətlərini dönə-dönə
qeyd edirlər.
Həsən müəllimin şəxsiyyətinin özü bütöv idi.
Onun kiməsə yarınmaq, onun xoşuna gəlmək üçün
sözü yumşaltması, yaxud liberal, barışdırıcı mövqe
tutması mümkün olan şey deyildi. O, sözü üzə deyər,
kimliyindən asılı olmayaraq, nöqsanı varsa, birbaşa
onun özünə söyləyər, dalda-bucaqda giley-güzar
eləməyi sevməzdi. Aydındır ki, bu xarakter
bütövlüyünü, kişi cəsarətini, ona məhz bu cür olmağı
şərtləndirən ən ümdə amil, ən başlıca cəhət onun
düzlüyü, doğruçuluğu, heç kəsin yanında gözükölgəli
olmaması idi. Ona görə də Həsən müəllim belə
məqamlarda bir qədər hissə qapılsa da, ötkəmlik etsə
də, hirsi və qəzəbində ziyadəliyə varsa da, çox
keçməz tamamilə dəyişər, yumşalar, həlimləşər və
həmin şəxsin xeyirxahına, ağsaqqalına, qayğıkeşinə
çevrilərdi. Onun rəhbərlik etdiyi kafedranın üzvlərinin
hamısı bir nəfər kimi bizim dediklərimizi birmənalı,
alternativsiz müddəa kimi təsdiq edə bilərlər.
Həsən müəllim filologiya fakültəsində dövlət
imtahanları götürdüyü zaman fakültənin nümayəndəsi
kimi mən də bir neçə dəfə burada iştirak edərkən
şahidi olmuşam ki, o, zahirən nə qədər zabitəli,
tələbələrə qarşı nə qədər tələbkar olsa da, əslində,
310
daxildə onların halına acıyır və hərdən elə güzəştə
gedirdi ki, özün də mat-məəttəl qalırdın. O çalışırdı
ki, tələbə onun mühazirələrdə çömçə ilə verdiyinin
heç olmasa cüzi bir hissəsini qaşıqla qaytarsın.
Rəhmətlik həmişə deyərdi: «Vallah-billah, Məşədi
İbad demiş, məni yandıran odur ki, bizim bəzi
tələbələrimiz kitabı, kitabxananı, mütaliəni sevmir.
Böyük dahilərin, pedaqoqların oxumaq haqqındakı
fikirlərinə məhəl qoymurlar. Halbuki oxumadan,
öyrənmədən heç nə əldə etmək mümkün deyil.
Küçələri ölçməkdən, boş-boşuna vaxt itirməkdən bir
şey çıxmaz. Tələbələrimiz arasında elələri vardır ki,
hansı fəndən imtahan verdiyini bilmir. Yəni fənnin
nəinki predmetini bilmir, ona aid kitabın, müvafiq
dərsliyin tam adını belə deməkdə çətinlik çəkir».
Həsən müəllimin ailə-məişət məsələlərinə,
insana, insanlığa münasibətinə gəlincə, deməliyəm ki,
onun bu dünyası aysberqin görünməyən tərəfi kimi
çox sirli-soraqlı bir aləmdir.
Yadımdadır, Həsən müəllimin yaşının artıq
evlənmək çağı idi. Burada gecikmək, şansı qaçırmaq
heç zaman yaxşı nəticə verməyib. Hələ ulu Nizami
demişdi ki, evlənəndə qətiyyətli olmaq lazımdır. Onu
da deyim ki, o vaxtlar Moskva təhsili görmüşlərin az
da olsa müəyyən hissəsi nataşalar, svetlanalar,
esmıraldalar axtarışında olurdular, Sabirin bir bəhr-
təvilində deyildiyi kimi, manyalardan, sonyalardan
birini alaraq, o yerlərdə yaşamağı, dəxi bir xaç da
salmağı üstün tuturdular. Lakin Həsən müəllim bu
yolla getmədi. Üzündən, gözündən nur yağan, Füzuli-
311
nin, Vaqifin vəsf etdiyi azəri gözəlinə üz tutdu və ya-
nılmadı.
Onlardan əmələ gələn gül balaların hər biri bir
dərya sevinc, bir dünya səadət, bir dünya həyatdır.
Həsən müəllimin oğlu yox idi. Lakin qızlarından olan
oğullu-qızlı balaların hər biri babalarının təmiz, saf,
ideal, qılınc kimi əyrini kəsən «Qılınc Həsən» adnı
əbədi yaşadacaqlar.
2007
312
Mündəricat
I HİSSƏ
Cəlal Abdullayevin Azərbaycan ədəbiyyatı klassikləri,
ədəbi- tənqid və elmi-nəzəri məsələlər barədə fikirləri
Bədii ədəbiyyat söz sənətidir...................................... 4
Səməd Vurğun və folklor janrları............................... 15
Haci Kərim Sanılının həyat və yaradıcılığına dair ..... 18
«Dədə Qorqud»dakı şeirlər barədə... .......................... 41
Səməd Vurğun və «Kitabi – Dədə Qorqud» dastanı .. 50
Asif ata filosof tənqidçi kimi ...................................... 60
Roman sənəti haqqında düşüncələr ............................ 65
Böyük və ibrətli yaradıcılıq yolu ................................ 84
Heydər Əliyev və ədəbiyyat məsələləri .................... 95
Bədii ədəbiyyatın tərbiyəvi rolu ................................. 111
Müstəqillik dövrü bədii nəsrinin bəzi problemləri ..... 119
Cəfər Cabbarlının romantikası ................................... 142
S.Vurğun və Puşkin irsi .............................................. 183
Mir Cəlalın ədəbi-tənqidi görüşlərində müasir
poeziya məsələləri ...................................................... 194
Ədəbi döyüşlərin ön atəş xəttində .............................. 198
II HİSSƏ
Cəlal Abdullayevin bu və ya digər
kitab müəlliflərinə xeyir- duaları
İnanıram ki.. ............................................................... 208
Bədii nəsrin analitik təhlili ......................................... 214
Söz göyərçini .............................................................. 226
313
Cavidşünaslıqda yeni söz ........................................... 229
Bədii nəsrin poetik nümunələri .................................. 236
«XIX əsr Azərbaycan poemalarında epik ricətlər»
kitabı haqqında ........................................................... 242
Vurğun sənətinə yeni baxış ........................................ 249
Öz ünvanına doğru yol alan duyğusal diləklər ........... 260
III HİSSƏ
Müasirləri Cəlal Abdullayevin xatirələrində
Ustad haqqında xatirələrim... ..................................... 275
Zəka və mərifət mücəssəməsi .................................... 281
O, çox ağıllıydı, həm də mehriban ............................. 285
Şamil Qurbanovu xatırlayarkən ................................. 294
Ürək dostu... ............................................................... 301
Filosof Həsən Şirəliyev – «Qılınc Həsən»
haqqında xatirələrim ................................................... 307
314
Cəlal Abdullayev
ЯSЯRLЯRИ
Altıncı cild
315
«
Елм вя Тящсил» няшриййатынын директору:
профессор Надир МЯММЯДЛИ
Йыьылмаьа верилмиш 25.010.2012.
Чапа имзаланмыш 14.11.2012.
Шярти чап вяряги 19,7. Сифариш № 489.
Каьыз форматы 84х108 1/16. Тираж 500.
316
Китаб «Елм вя Тящсил» няшриййат-полиграфийа
мцяссисясиндя сящифяляниб чап олунмушдур.
E-mail: elm_ve_tehsil@box.az
Тел: 497-16-32; 050-311-41-89
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.
317
Dostları ilə paylaş: |