BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,27 Mb.
səhifə8/9
tarix21.06.2018
ölçüsü1,27 Mb.
#50045
1   2   3   4   5   6   7   8   9

Ancaq namazların qılmalıdırlar.

Sonda bir xahiş də etdilər onlar

Lat bütün özləri sındırmasınlar.

Buna da razılıq verdi Peyğəmbər.

əbu Süfyan ilə bir neçə nəfər

Gedib Lat bütünü parçalayarkən

Şirkin son yuvası dağıldı həmən.

Bizansdan başlamış Yəmənə qədər

Bütləri kökündən təmizlədilər.

Ərəbistandan şirk qalxdı aradan

Bir tayfa qalmadı bütə inanan.

Yəhudilər ilə xristianlar

Vergi ödəməyə oldular naçar.

İslama daha da inam güclənir

Silah gücündən çox edirdi təsir.

Həzrətin sonuncu övladı artıq

İbrahim olmuşdu on səkkiz aylıq.

Gündəlik işlərin tez bitirərdi

Bağdakı evinə dərhal gedərdi.

Orada bir körpə övladı vardı

Onu görən kimi qucaqlayardı

Başın sığallayıb bağrına basar

Əziz balasını öpüb oynadar.

Ürəkdən bağlanmış körpə oğluna

Ata məhəbbətin vermişdi ona.

Çünki indiyədək övladlarından

Üç qızı ərdəkən ölmüşlər cavan.

Oğlan uşaqların körpə olarkən

Həzrəti Peyğəmbər itirmiş erkən.

Həyatda Fatimə qızı yaşardı

Birdəki sevimli İbrahim vardı.

İndi İbrahim də yatırdı xəstə

Onun kiçik qəlbi vurur ahəstə

Uşaq günü–gündən zəifləyirdi

Bu hal atasının belin əyirdi.

Taqəti üzülmüş oğluna baxdı

Qucaqında ikən gözləri axdı.

– Nə gələr əlimdən Allaha qarşı

Ya İbrahim?! deyib tökdü göz yaşı.

İbrahimin üzü artıq solurdu

Onun məsum ruhu qeybə uçurdu.

Ağladığın görüb bir neçə ənsar

Qadağan etdiyin xatırlatdılar:

– Mən hüznü qadağan etməmişəm ki

Qadağan etmişəm ağı deməyi.

Çığıra–çığıra olmaz ağlamaq

Üz–gözü cırmağı etmişəm yasaq.

Gözümdən üzümə axan bu yaşlar

Qəlbdəki sevgini göstərir aşkar.

Bir ürək yanarsa gözlər yaşarar

Demək o ürəyin mərhəməti var.

Kim ki başqasına etməz mərhəmət

Ona da mərhəmət edilməz əlbət.

Oğluna namazın qıldı Peyğəmbər

Qəbrini düzəldib dəfn etdilər.

Böyük insandakı qismətə bir bax

Sevimli körpəsin apardı torpaq.

Həzrət bu itgiyə yandı doğrusu

Məzarı üstünə tökdü bir az su

Baş ağacı ilə qoydu bir nişan

Həzrəti Peyğəmbər dedi bu zaman:

– Nə faydası vardır nə ziyan verər

Ancaq diriləri bu təskin edər.

Bu zaman Günəşin üzü tutuldu.

Bəziləri dedi möcüzədir bu.

Əshabi–Kiramdan dedi ki: – Göylər

Onun ölümünə eyləyir kədər.

Peyğəmbər bu yalnış fikri eşitdi

İrşad vəzifəsin tez icra etdi.

Çünki o həqiqi bir mürşid idi.

Qısa xütbəsində bunları dedi

Xəbərdarlıq edib buyurdu: – Ey nas

İnsanlar öləndə Günəş tutulmaz.

Günəş Ay Allahın nişanəsidir

Onlarla varlığın bizə əks edir.

Həzrət bu ölümə heyfsləndi çox

Oğul tərəfindən onun bəxti yox.

Qəlbinin içində silinməz kədər

Xəyali Məkkəyə eylədi səfər

Gözləri önündə canlandı birdən

Qasimi torpağa dəfn edərkən

Gözü götürməyən bir neçə nəfər

Arxasınca ona sonsuz dedilər.

“əl–Kovsər” surəsi olanda nazil

Həzrətə təsəlli verdi elə bil.

Onun ayələri aydın söyləyir:

– “Sənə bol nemətlər vermişik deyir

Namaz qıl! Qurban kəs! Rəbbin üçün sən

Qiyamətə qədər sonsuz deyilsən!

Nəslin tükənməyib törəyib artar

Adına həmişə rəhmət oxunar”.

Hicrətin onuncu ilində tamam

Din kimi kamala yetişdi islam.

Ərəblər haqq yolun görür bu dində

Birləşir islamın tabeliyində.

Xristianlar da gəlir hörmətlə

Həzrətlə görüşür böyük minnətlə.

Bu ildə Nəcrandan bir böyük heyət

Həzrət tərəfindən edildi dəvət.

Üç nəfər onların başçılarından

Biri biliklərlə tam dolğun insan.

Həzrətdən soruşdu: – Ya Mühəmməd siz

Məsih barəsində nə bilirsiniz?

Peyğəmbər buyurdu: – Həzrəti İsa

Saleh Peyğəmbərdir məqamı uca!

Sonra da dedilər: – Görmüsən uşaq

Atasız dünyaya gəlsin o sayaq?

Buna baxmayaraq xristianlar

İsanı Allahın oğlutək anlar.

Fikirlər olsa da tutqun iltibas

Sənin də rəyini bilmək pis olmaz.

Sual çətin idi lakin bədahət

Tanrı tərəfindən gəldi bir ayət:

– “İsanın məsəli Adəm kimidir

Allah nəzərində onlar eynidir.

Adəmi torpaqdan yaradan zaman

“Bəşər ol!” deyəndə o oldu insan.

Onları narahat etdi bu məzmun

Odur mübahisə çəkdi çox uzun.

Şübhə inadkarlıq edilən zaman

Ayə nazil oldu Haqq–Təaladan:

– “İsa barəsində səninlə hər kəs

Haqdan üz döndərib eyləyərsə bəhs

Onlara təklif et: – Gəliniz bir gün

Haqlını aşkara çıxarmaq üçün

Hər iki tərəf öz yaxınlarını

Övladları ilə qadınlarını

Mübahilə üçün yığıb cəm etsin

Nahaqqın məhvinə qarğışa getsin”.

Ertəsi gün başda Rəsuli–əkrəm

Əhli–beytin edib qarşısında cəm

Həzrəti əli – öz əmisi oğlu

Fatimeyi–Zəhra üzü duvaqlı

Əziz nəvələri Hüseynlə Həsən

Müəyyən olmuş yerə gələrkən

Burada gördülər böyük izdiham.

Bu zaman Peyğəmbər əleyhissəlam

Mübahilə üçün oturdu yerə

Əhli–beyti vurdu yarım dairə.

İkinci tərəfin başçılarından

O öz oğlanların oturdan zaman

Xristianlardan bir neçə nəfər

Nəcran rəisinə dedi: – Bax əgər

Mühəmməd edirsə belə cəsarət

Demək başımızda vardır fəlakət.

O buna arxayın olmasa yəqin

Yığıb gətirməzdi öz əhli–beytin.

Mühəmməd qarğışa başlayan zaman

Onun dövrəsində oturanlardan

Hər bir qarğışına “Amin” desələr

Xaçpərəstlərin bil kökü kəsilər.

Soruşdu: – Bəs bunun çarəsi nədir?

Dedilər: o Tanrı Peyğəmbəridir.

Ya gedib biz gərək islama girək

Ya vergi verməyə razılıq verək.

Mübahilədən can qurtarmaq üçün

Vergi ödəməyi tutdular üstün.

Bunu Peyğəmbərə etdilər bəyan.

Onlarla danışıq aparan zaman

Şərti belə kəsdi Rəsuli–əkrəm

İslama verilən vergiylə bahəm

Otuz at otuz dəst zirehli paltar

O qədər də nizə verməli onlar.

Nəcranlılar üçün olsa da çətin

İmzaladılar sülh müqaviləsin.

Hicrətin onuncu ili Peyğəmbər

Həccə gedəcəyin eylədi xəbər.

Bütün müsəlmanlar agah oldular

Getmək istəyənlər hamı intizar.

Peyğəmbər yuyunub ehrama girdi

Günorta namazın qılıb bitirdi.

Zilqədə ayının iyirmi beşi

Əhli–əyaliylə cümə ertəsi

Böyük qafilənin başında Həzrət

Etdilər Məkkəyə doğru hərəkət.

Yüz on dörd minədək gedirdi zəvvar

Məkkənin evlərin görəndə onlar

“Ləbbeyk” sədaları göyə yüksəlir

Dağlar da daşlar da lərzəyə gəlir.

Kəbəyə girəndə Rəsuli–əkrəm

Allaha həmd edib söylədi bu dəm:

– “Allahdan başqa heç bir tanrı yoxdur!

Yeganədir Onun ortağı yoxdur!

Hər şeyə qadirdir mülk Onunkudur

Yaşadan öldürən bilin ki Odur!

Vədini yerinə yetirən zaman

İslam düşmənlərin etdi pərişan”.

Cəhalət dövründən fərqli olaraq

Ziyarət etdilər başqa bir sayaq.

Kəbəni dolanıb təvaf edənlər

Yeddi dəfə bunu edir sərasər.

Sonra da Səfadan Mərvəyə qədər

Qaçış mərasimin icra etdilər.

Ərəfat çölündə Rəsuli–Xuda.

“Vida” xütbəsində dedi bunu da:

– Ey insanlar mənə qulaq asın siz

Dediklərimə də əməl ediniz.

Sizinlə bu ildən sonra bəlkə də

Görüşə bilmədim daha bu yerdə.

İslamdan öncəki adətləri tam

Ayağım altında tapdalayıram.

Siz də qəlbinizdən keçmişi silin.

Bütün müsəlmanlar qardaşdır bilin.

Möminlər qardaşdır bir–birləriylə

Mal alın mal verin halallıq ilə.

Könül rizasına verməsə əgər

Qardaşın malına haram deyilər.

Kölələrinizi yaxşı yedirmək

Geydiklərinizdən geydirmək gərək.

Onlarla etməyin bəd qaba rəftar

Bizimtək Allahın qullarıdırlar.

Cahiliyyət dövrün adətlərindən

Qan güdmə davasın ləğv edirəm mən.

Kimin arasında qan davası var

Bilsin ki uydurma şeylərdi bunlar.

İntiqam həvəsi keçmişdəkitək

Sizin aranızda olmasın gərək.

Sələm də ortadan yox olur bu gün

Nə zülümkar olun nə zülm görün.

Allah “sələm yoxdur” bizə əmr edir

Sərmayələriniz sizindir deyir.

Alacaqlılara kimin borcu var

Aldığı məbləği qaytaracaqlar.

Qadınlarınızın üstündə sizin

Haqlarınız vardır hər birinizin.

Qadınlarınız da bilsələr əgər

Haqqınıza əməl etməlidirlər.

Sizdə də haqları var qadınların

Həmişə qeydinə qalın onların

Yaxşı rəftar edib olun mehriban

Tanrı əmanəti almısız ondan.

Sizin övrətiniz qadınlar ki var

Allahın əhdiylə halal oldular.

Ey insanlar sizin qanlarınız da

Bütün dövlətiniz canlarınız da

Allaha qovuşan zamana qədər

Bu yertək müqəddəs sayıla bilər.

Hər bir–birinizin canı və malı

Başqa birisinə haram olmalı.

Qiyamət günündə yalnız və yalnız

Tanrı hüzuruna çıxacaqsınız.

Sizdən soruşacaq O da təkbətək

Ya mükafat ya da cəza verəcək.

Ehtiyatlı olun məndən sonra siz

Kafirlərin yolun getməyəsiniz.

Kimdə saxlanmalı varsa əmanət

Onu sahibinə verməli fəqət.

Bir qadının əri izin verməsə

Malından o bir şey versə bir kəsə

Demək sahibinin əksinə gedir

O qadın ərinə xəyanət edir.

Biri kirayəyə götürsə bir mal

Sonra sahibinə verməli dərhal.

Başqasına zamin olan bir adam

Məsuliyyətini daşıyır müdam.

Günahına görə hər qatil düzü

Cavabdehliyini daşıyır özü.

Hansı bir cinayət törətsə hər kəs

Övladlara şamil edilə bilməz.

Oğul ya qız qatil olarsa ata

Cavabdeh deyildir o buna hətta.

Sizə elə bir şey verirəm ondan

Yapışan səhv yola düşməz heç zaman

Allahın kitabı – birincidir bu!

Bir də Rəsulunun qayda–qanunu!

O: Təbliğ etdimmi? – “Bəli! dedilər:

– “Şahid ol ya Rəbbim!” – dedi Peyğəmbər.

Həzrət xütbəsinə yekun vuraraq

Bir daha onlara xatırlayaraq:

–“Alimləri sevib hörmət göstərin

Onlara heç zaman bəsləməyin kin.

Mənim ölümümdən sonra əsla siz

Bu islam dinindən dönməyəsiniz!

Deyərək dəvəsin sürüb Peyğəmbər

Öz əshabələri ilə bərabər

Qurban kəsmək üçün Minaya gəldi

Həccin əməlləri tamam edildi.

Mədinədən gələn böyük izdiham

Həcc mərasimin bitirib tamam.

Vətənə dönməyə hazırlaşarkən

Zilhiccə ayının on dördü erkən

Kəbə həyətində başda Peyğəmbər

Sübh vida namazın əda etdilər.

Dan yeri sökülüb ağaran zaman

Mədinə yolunu gedirdi karvan.

Kimisi miniklə kimi piyada

Sayları bəlkə yüz mindən ziyadə

Zəvvarlar yol gedir mehriban gülər

Bir–birinə hörmət göstərirdilər.

Həzrəti Peyğəmbər öz dəvəsində

Yaxın adamların əhatəsində

Ətrafı gülərüz seyr eləyərkən

Xoşlanır gördüyü bu mənzərədən.

İslam–əhlin belə mehriban görür

İftixar hissilə qəlbi döyünür.

Sevinir islamın vəhdətinə o.

O böyük Allahın qüdrətinə o.

İslam bayrağının altında fəqət

Tayfalar içində yaratdı ülfət.

Sevinci bu idi bədəvi ərəb

Allahı tanıyıb öyrəndi ədəb.

İyirmi üç ildir o yorulmadan

Onlara tilavət eylədi Quran.

O öz Allahından razılıq edir

Risalətin uca zirvəsindədir.

Narahtlığı da var idi onun

Bilirdi ömrünün yaşayır sonun.

Çünki ərəfatda olduğu zaman

Ölüm dəvətini almışdı Haqdan.

Özündən sonra da yerində o nur

Adil bir rəhbərə ehtiyac duyur.

Odur ki qəm tozu üzünə bəzən

Qonaraq sevincin yuyur üzündən.

Qorxduğu o idi ölərsə əgər

Çəkdiyi zəhmətlər gedəcək hədər.

Düşünürdü etsin necə hərəkət

Doğrusu ehtiyat edirdi Həzrət.

Yerinə canişin qoymadan ölər

Bu birlik dağılıb pozula bilər.

Allahın elçisi bu fikirdəkən

Cənabı Cəbrail göründü birdən.

“Təbliğ” ayəsini gətirdi ona

Allahın sevimli son Rəsuluna.

Zilhiccə ayının on səkkizində

Hicaz çöllərinin qum dənizində

Susuz səhralarda üzürdü karvan

“Qədir xum” çölünə çatdığı zaman

Dayanmaq əmrini verdi Peyğəmbər.

Buyurdu: – Gəlibdir mühüm bir xəbər.

Carçılar car çəkib çağırırdılar:

– Camaat dayanın durun xəbər var.

Hamısı dayanır üzlərdə heyrət

Geridə qalanlar gəlir nəhayət.

Qabaqda gedənlər dönənə qədər

Dəvələr yükündən yığıldı minbər.

Camaat namaza düzülən zaman

İstidən od tutub yanırdı hər yan.

İki ağac vardı cəmi bu yerdə

Onların üstünə salındı pərdə.

Kölgəlik yarandı Peyğəmbər üçün

Ən böyük ibadət oldu həmin gün.

Namazın bitirib Rəsuli–əkrəm

Minbərin üstünə qalxaraq bu dəm

Səmavi körkəmdə çox cazibədar

Həmd–səna edərək xütbə oxuyar:

– “Bunu bilməlidir hər mömin adam

Onlara özündən mən çox yaxınam.

Həzrətin dediyi hər kəlmələri

Carçılar təkrarən çatdırır geri:

Ey camaat! –dedi Rəsuli–əkrəm:

– Az qalıb dünyanı mən də tərk edəm.

Cənabi Cəbrail Pərvərdigardan

“Təbliğ” ayəsini eylədi bəyan.”

Bu zaman araya sakitlik çökür

Bəzisi ağlayıb göz yaşı tökür.

Peyğəmbər sözünə edərək davam:

– “Mənə qulaq asan ey əhli–islam!

Sizin içinizdə iki möhtəşəm

Qiymətli ağır şey qoyub gedirəm.

Birinci – mübarək Qurani–kərim!

İkinci – müqəddəs itrətim mənim!

Onlara ehtiram edilsin gərək

Kovsər kənarında görüşənədək.

Allahın “ipindən” kim tutsa əgər

Onu düzgün yola hidayət edər.

Mənim itrətimə eləyin hörmət

Verirəm onları sizə əmanət.

Əbu Talib oğlu əlini də siz

Ən yaxın dost kimi bilməlisiniz!”

Əlinin əlindən tutub Peyğəmbər

Çiynindən yuxarı çəkdi bir qədər:

– “Kimlərin mövlası olmuşamsa mən

Mövladır onlara əli bu gündən!

Ya Rəbbim! əlini sevəni sev sən

Düşmənin uzaq et mərhəmətindən.”

Peyğəmbər sözünə vururaq yekun:

– “Dininizi kamil eylədim bu gün.

Burada olanlar olmayanlara

Sözlərimi təbliğ etsin onlara

Bəlkə olanlardan o olmayanlar

Eşidib bunları çox xatırlayar.”

Sonra da göylərə uzadaraq əl:

– “Ya Rəbbim əhdinə eylədim əməl!”

Deyərək minbərdən düşdü Peyğəmbər.

Təbriklər uzandı səhər qədər

Gəlib dəstə–dəstə ziyarətçilər

Həzrəti əliyə beyət etdilər.

Əbu Bəkr ömər təbrik edərkən:

– Ya əli hamının mövlası sənsən!

Onlar da görüşüb tutdu əl–ələ

“Qədir Xum” tarixə yazıldı belə.

Həzrəti Peyğəmbər vida həccindən

Mədinəyə gəlib yetişdi həmən.

Hədəfin çevirib şimala durdu

Mutə getmək üçün yığıldı ordu.

Orduya Peyğəmbər məsləhət bilir

Zeyd oğlu Üsamə başçı seçilir.

Xeyir–dua verib salarkən yola

İki gün üstündən keçməmiş ola

Baş ağrısı tutur onu bu zaman

Halı zəifləyir həm qızdırmadan.

Həzrəti peyğəmbər indiyƏ qədər

Müntəzəm yaşayır həm də az yeyər

Təmizliyinə çox diqqət edəndi

Bu da sağlamlığın şərtlərindəndi.

Ömründə bir dəfə kefsizləşdi bu

Hicrətin altıncı ilində oldu.

Xeybərin sülhündə ziyafətdə şən

Yəhudi Zeynəbin bişirdiyindən

O zaman bir tikə salmış ağzına

Zəhər təsirini göstərmiş ona

Üstündən neçə il keçsə də ondan

İndi üzə çıxıb edirdi tuğyan.

On birinci ilin səfər ayında

Qəribə bir fikir oyandı onda.

Bir zülmət gecədə hər yan qaranlıq

Tək–tənha şəhərdən çıxır bir anlıq

Ruhları ziyarət eyləsin deyə

Qəbiristanlıqa gəlir – Baqiyə.

Yatanların qəbrin səlamlayarkən:

– Yaxında sizinlə olacağam mən.

Deyərək evinə döndü Peyğəmbər.

Vəhy ilə çatmışdı ona bu xəbər.

Ruhu səma ilə təmasda idi

Yaxında dünyasın dəyişməliydi.

Birdən–birə onun halı pisləşir

Ömrü başa çatıb dəqiq hiss edir:

– Qələm və mürəkkəb gətirin dedi

Bir vəsiyyət yazıb qoymaq istədi.

Əl–ayağa düşür bir neçə nəfər

Buna maneçilik edərkən ömər:

– O əsl vəsiyyət veribdir bizə

Quranı həkk edib ürəyimizə.

Başqa bir vəsiyyət istəməyirik.

Buradaca düşür ikitirəlik.

Bir tərəf deyir ki: – Gətirək verək.

O biri tərəfsə deyir: – Verməyək.

Həzrətin yanında hay–küy edirlər

Onları otaqdan qovur Peyğəmbər.

Həzrət Aişənin otağındakən

Həzrəti Fatimə gələrdi hərdən.

Atasın yoxlayıb ona baş çəkər.

Xəstə düşməmişdən qızın Peyğəmbər

Qapının ağzında qarşılayardı

Çünki Xədicədən o yadigardı.

Sevimli qızını öpüb qucaqlar

Yanında oturdub hal–əhval tutar.

İndisə yox onda o əvvəlki hal

Gör necə də solmuş o üzü hilal.

Fatimə atasın halsız görüncə:

– Nə əziyyət çəkir atam deyincə

Bu həzin sözlərdən sonra Peyğəmbər

Mehriban qızına təsəlli verər:

– Bu gündən sonra bil sevimli atan

Ağrı çəkməyəcək daha heç zaman.

Bu da köçməsinə işarə idi

Qızı göz yaşların tuta bilmədi.

Sonra o qızına deyir nə isə

Fatimə əvvəlcə kədərləndisə

Sonra birdən–birə gülür bu anda

Sevinc əlaməti görünür onda.

Atası öləndən sonra sən demə

Aişəyə sirri açmış Fatimə

Əvvəlcə qızına Rəsuli–əkrəm:

– ömrümdən az qalıb qızım etmə qəm.

Sonra ona deyir: – Yaxında sən də

Gəlib olacaqsan mənlə bir yerdə.

Müsəlman qadınlar arasında sən

Hər iki dünyada ən əşrəfisən.

Onun xəstəliyi gün–gündən artır

Buna baxmayaraq məscidə çıxır.

Gündəlik namaza olurdu imam

Bu səhər mərəzi gücləndi tamam.

Rəsuli–əkrəmi yatağa saldı

Namaza getməyə halı qalmadı.

Sonra Peyğəmbərə dedilər o gün

Cümə namazına getmədiyiçün

Camaat içində yaranmış kədər

Şaiyə yayılıb “ölmüş” Peyğəmbər.

Peyğəmbər taqətsiz olsa da belə

Əlinin Abbasın köməkliyilə

Qızdırma içində bədəni ağır

Bir təhər məscidə yuxarı qalxır.

Böyük sevinc ilə rastlaşdı dərhal

Hamı dua edib tutur hal–əhval.

Namaz qılanlara qoşulur Həzrət

Sonra xütbəsində edir vəsiyyət:

– “Eşitdim ki bu gün sizin hamınız

Mənim səhhətimdən nigaransınız.

Məndən əvvəl gələn elə Peyğəmbər

Olubmu əbədi yaşasın məgər?

Ey insanlar olub bitən hər işlər

Aləmdə baş verən qəzavu–qədər

İlahi taleyə bağlıdır ancaq

Heç kim qaça bilməz qismətdən uzaq.

Hər bir şey Allahın iradəsindən

Asılıdır Odur göstəriş verən.

Vaxtında olacaq işlər üçün siz

Canfəşanlıq edib tələsməyiniz.

Onun əlindədir hər işin sonu

Onun hökmü edir müəyyən bunu.

Bunu tezləşdirmək nə saxlamaq var

Nə də bundan qaçıb qurtarmaq olar.

Məni bu dünyaya Odur göndərən

Onun da yanına qayıdıram mən.

Sizə axırıncı vəsiyyətimdir

Xeyirxah işlərə nəsihətimdir.

Dini–imanızı qüvvətləndirin

İmkanız olanda sədəqə verin”.

Şəhidlərin ruhu şad olsun deyə

Əl açdı onlara dua etməyə:

– Onların ruhları daim diridir.

Deyərək sözünə o davam edir.

Bilirdi sonuncu görüşüdür bu

Mühacirlərə üz tutub buyurdu:

– “Qardaşlıq əhdinə sadiq qalmalı

Ənsar mühacirlər vahid olmalı.

Yaxşı rəftar edin ənsarlarilə

Doğma qardaş kimi verin əl–ələ.

Onların etdiyi yaxşılıqı siz

Daim qəlbinizdə saxlayın əziz.

Son dəfə xəbərdar edirəm sizi

Qorumaqdan ötrü əqidənizi

Biri–birinizə siz həyan olun.

Xeyirxah iş görüb mehriban olun.

Gördüyünüz yaxşı əməlləriniz

Hər iki dünyada bilin ki şəksiz

Xoşbəxtliyə doğru sizə yol açar

Bəd əməllər isə məhvə aparar.

Bizim hamımızı ölüm gözləyir

Mənim də qalmağım çətindir” –deyir:

– “Mən sizdən əvvəlcə gedəcəyəm siz

O yerə arxamca gələcəksiniz.

Görüşəcəyimiz yer yaxındadır

Kovsər hovuzunun kənarındadır.

Mənimlə istəsə hər kim görüşmək

Əlini dilini dinc tutsun gərək”.

Ey xalq təharətə riayət edin

Namazı orucu nəsihət edin.

Zəkatda hər kimin əli olsa bərk

Namazı orucu onun yox demək.

Mən sizə – buyurdu Rəsuli–əkrəm:

– “İki qiymətli şey qoyub gedirəm.

Qurani–məcidi əhli–beytimi

Sizə tapşırıram əmanət kimi.

Onlar ayrılmasın biri birindən

Sual edəcəyəm görüşündə mən

Allahın kitabı itrətimlə siz

Məndən sonra necə rəftar etdiniz?

Hallalıq istəmək məqsədi ilə

Peyğəmbər sözünü bitirdi belə:

– “Kimi vurmaq üçün əl qaldırmışam

Vursun kürəyimdən həmin o adam.

Məndə alacağı varsa hər kimin

Bu malım qoy gəlib haqqın istəsin.

Allahın əmrinə əməl edərək

Qurani–kərimin buyurduğutək

Haram etdiyini etmişəm haram

Halalına halal mən buyurmuşam.

İslamın yolunda nələr etmişəm

Tanrı deyənləri mən öyrətmişəm.

Əvvəlki millətlər peyğəmbərlərin

İbadətgah edib qəbir yerlərin.

Əbədiyyətə mən getdiyim zaman

Bunu da edirəm sizə qadağan.

Xəbərimi aldım Haqqa gedirəm

Sizə salamatlıq arzu edirəm.

Allah üstünüzə rəhmətin salsın

Bərəkəti hər vaxt sizinlə qalsın.”

Deyərək evinə gəldi Peyğəmbər

Halı yaxşılaşdı səhərə qədər.

Mədinə səması duru tər–təmiz

Səhərin mehi də əsirdi səssiz.

Yuxudan ayılıb Rəsuli–əkrəm

özündə yüngüllük hiss edir bu dəm.

Sübh namazına məscidə çıxdı

Məscid əhli görüb onu karıxdı.

Həzrətin gözlərin belə gülümsər

Heç kim görməmişdi indiyə qədər.

Üzündən gözündən sanki nur yağır

Həddindən də artıq cazibədardır.

Bu əlamətləri onda görənlər

Allaha şükr edib dualar edər.

Həzrət otağına döndüyü zaman

Yaxın adamları gedir yanından.

Aradan az keçmiş yenə ağrılar

Onu əvvəlkidən artıq ağrıdar.

Qızdırma da həddin aşıb–daşırdı

Son dəqiqələri yaxınlaşırdı.

Xidmətində onun dayanan qullar

Tapşırığı ilə azad oldular.

Evdə pulu vardı düz yeddi dirhəm

Onu fəqirlərə verdirir bu dəm.

Sonra da səmaya dikdi gözlərin

Uca Dosta tərəf deyir sözlərin:

– “Ya Rəbbim canımı asanlıqla al”!

Dili “zikrillah” deyir dalbadal.

Dərindən çox ağır nəfəs alırdı

Yanındakı qaba əlin salırdı.

Soyuq suda əlin o etdikcə yaş

Mübarək üzünə çəkirdi birbaş.

Göy üzü saf duru sakitlik idi

İlk xilqət günündə olduğu kimi.

Barmağın yuxarı işarə etdi

Rəfiqi–əlaya deyərək getdi.

Artıq nə bir səs var nə də bir nəfəs

Dərin bir sükutda donmuşdu hər kəs.

Gözləri səmaya dikili qaldı

Əbədi aləmə ruhu ucaldı.

Bu zaman Fatimə fəryad qopartdı

Bu fəryad səsləri get–gedə artdı.

Bunu eşidənlər duruxub durur

Elə bil onları ildırım vurur.

Eşidən hıçqırıb ağlayır bu dəm

Mədinə üstünü bürüdü matəm:

– Kim dilinə alsa ölmüş Peyğəmbər

Boynunu vuraram! –deyirdi ömər:

– And olsun Allaha o ölməyibdir!

Qırx gecəlik bizi tərk eləyibdir.

O da Musa kimi qayıdar yəqin.

Ağlaya–ağlaya silir gözlərin.

Acı hadisədən xəbər tutanlar

“Peyğəmbər ölərmi?” sordular onlar.

Dedilər: – Allahın elçisi ölməz.

Dedilər: – Qətiyyən bu ola bilməz

Belə bir Peyğəmbər köçsün dünyadan.

Əbu Bəkr gəlib çıxır bu zaman:

– Kim ki Mühəmmədə sitayiş edir

Mühəmməd ölmüşdür! – ucadan deyir:

– Kim ki Allahına sitayiş edir

Allah ölən deyil! O əbədidir!


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə