BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,27 Mb.
səhifə7/9
tarix21.06.2018
ölçüsü1,27 Mb.
#50045
1   2   3   4   5   6   7   8   9

Namazın qılaraq Rəsuli–əkrəm

Səfa təpəsinə götürdü qədəm

Ən yüksək bir yerdə dayandı Həzrət

Yeni müsəlmanlar edirdi beyət

Əvvəl beyətlərin etdi kişilər

Qadınlar beyətin belə dedilər:

– Allaha bir şərik qoşmarıq artıq

Qız uşaqlarını qırmayacağıq.

Oğurluq ya zina etməyəcəyik

İftira böhtandan çəkinəcəyik.

Haqq olan hər şeydə Peyğəmbərə düz

Olacağıq ona itaətdə biz.

Səadət fəlakət zamanlarda da

Sadiq qalacağıq ona darda da.

Hind də beyət edib evə qayıtmış

Bütlərin sındırıb eylədi qarğış:

– Heyflər olsun ki indiyə qədər

Aldanmışıq sizə biz qureyşilər.

Peyğəmbər heç kimə bəsləmirdi kin

Şəxsi ədavət də etmədi yəqin.

Başda Hind olmaqla düşmənlərini

Həmzəni öldürən Həbəş Vəhşini

İslama ən qəddar düşmən olanlar

Hamısı ümumi əfv oldu nə var.

Onlarla xoş rəftar edir Peyğəmbər

Onun əxlaqını yüksək görənlər

Tərəddüd etmədən olur müsəlman.

Sayları gün–gündən artır bu zaman

Allahın varlığın kim edirdi dərk

Bütləri sındırıb eləyirdi tərk.

Evdəki bütlərin öz əllərilə

Çırparaq edirlər giləbəgilə.

Peyğəmbər on beş gün Məkkədə qaldı

Xalqa islam dinin o başa saldı.

Həzrətin əmrilə gedən adamlar

Bütlərin hamısın sındırıb yıxar.

Məkkə ətrafında Lat Üzza Mənat

Ərəblər bunları etmiş ziyarət

Lat bütü Taifdə Üzza Nahlədə

Mənat yerləşirdi Küdey tərəfdə.

Ovsla Xəzrəcin allahı Mənat

Bu büt yonulmamış daşdan ibarət.

Məkkəyə gələnlər ora baş çəkər

Ehrama girərək ziyarət edər.

Xalid ibni Valid Nahlədə ikən

Üzza bütün vurub yıxır yerindən.

Oradan yollanıb Cəzimə getdi

Onları islama o dəvət etdi.

Qəbilə Xalidi gördüyü zaman

Silaha əl atdı Xalid durmadan

Onlardan öldürdü bir neçə nəfər.

Rəsuli–əkrəmə çatdıqda xəbər

Həzrəti əlini göndərdi ora

Ölənlərin haqqın verdi onlara.

Müsəlmanlar əldə etmişdi zəfər

Allaha həmd–səna eləyirdilər.

Fəth etmiş Məkkəyi–mükərrəməni

Hamısı ziyarət etmiş Kəbəni.

Bir sevinc içində onlar bəxtiyar

Böyük bir arzuya qovuşmuşdular.

On beş gün keçmişdi Məkkə fəthindən

Acı xəbər çatdı bir neçəsindən

Məkkəyə yaxın bir yerdə yaşayan

Bütlərə qəlbləri bağlanmış olan

Havazin adında bir tayfa yaşar

Bütlərin haqqında eşidib coşar:

– Mühəmməd Məkkəyə gələndən bəri

Müsəlmanlar qırıb çatır bütləri.

Özlərinə növbə çatana qədər

İyirmi minədək toplamış əsgər.

Kömək etmək üçün öz şirk dostuna

Səqif qəbiləsi qoşuldu ona.

Üç–dörd qəbilədən yığılan ordu

Əlverişli yerdə pusquda durdu.

Həzrəti Peyğəmbər bunu eşidər

On iki minədək yığıldı əsgər.

Onlardan iki min məkkəli oldu

Bütpərəstlərdən də ona qoşuldu.

Hüneynə çatdılar başda Peyğəmbər

Düşmən hiyləsindən xəbərsizdilər

Sabahın dan yeri sökülən zaman

Keçərkən keçidin dar boğazından

Hər iki tərəfə düzülən düşmən

Onları dövrəyə aldılar birdən.

İslam ordusuna göydən ox yağar

Əsgərlər bir anlıq çaşıb qaldılar.

Mühasirə yeri dar olduğundan

Sərbəst döyüşməyə yox idi imkan.

Yalnış hədəfə də atanlar oldu

Geriyə qaçmağa səbəb oldu bu.

Əsas səbəblərdən biri budur ki

Ordunun tərkibi yekcins deyildi.

Yenicə islamı qəbul edənlər

Ürəksiz döyüşür onlar bir təhər.

Hətta müşrik vardı yetmişə qədər

Sanki bunlar bir növ cəsus idilər.

Odur ki pozğunluq baş verdi bu an

Geriyə qaçırlar qorxularından.

Necə ki əsgərlər geriyə döndü

Əbu Süfyan bunu görüb öyündü:

– Bu qaçışın önü dənizə qədər

Bunun qarşısını kim ala bilər?

Mənalı gülüşlə şadyana deyir

Təlha oğlu Osman dərhal sevinir:

– Bu gün Mühəmməddən aldım intiqam.

Əlavə eləyir bir başqa adam:

– Bax bu gün necə də sehr pozuldu

İslam əsgərləri didərgin oldu.

Qarışıq bir səhnə təcəssüm edir

Vəziyyət doğrudan çox çətinləşir.

Əsgərlər qaçırdı hərə bir yana

Həzrəti Peyğəmbər çıxdı meydana.

İstəyir dəvəsin irəli sürsün

Düşmənin qabağın saxlamaq üçün.

Bunu görən kimi əmisi Abbas:

– Bu ki təhlükədir belə yaramaz

Deyərək gur səslə qışqırdı bar–bar:

əqəbədə beyət edən ənsarlar

And içib söz verən ey mühacirlər

Qayıdın geriyə görmürsüz məgər.

Mühəmməd burdadır hey səsləyirdi

Abbasın gur səsi cingildəyirdi.

Çağırış onlara verdi cəsarət

Hamısı geriyə etdi hərəkət.

Dərin bir qəflətdən ayılan zaman

Hücuma keçdilər hərə bir yandan.

Ənsar mühacirlər qılınc çəkdilər

Dinsizlər qorxudan oldu dərbədər.

Qarşılarındakı yalın qılınclar

Havanı yararaq parladı par–par.

Düşmən bu hücuma tab gətirmədən

Geri çəkildilər vaxt itirmədən.

Onlar bu dönüşü anlamadılar

İslam əsgərləri qızışıb coşar:

– Haydı Xəzrəclilər haydı ey ənsar

Haydı mühacirlər! deyib qışqırar.

Həzrət görən kimi bu mənzərəni

İslamın ordusu qovur düşməni:

– Bax indi gör necə isindi ocaq

Düşmənlər içinə düşüb qaça–qaç.

Bir ovuc çınqıl daş alaraq yerdən

Düşmən arxasınca tulladı birdən.

Havazinlər qaçır geri baxmadan

Müsəlmanlar hücum edir arxadan.

Arvad–uşaqların buraxıb qaçar

“Şirin canlarını” aparırdılar.

Müsəlmanlar yenə qazanır zəfər

Heç bir döyüşlərdə indiyə qədər

Qiymətli qənimət ələ keçməmiş

Dəvə qoyun vardı bir xeyli gümüş.

Necə ki düşməni təslim etdilər

Havazin rəisi Malik hiyləgər

Taifə qaçmağa tapmışdı imkan.

Onunla birləşən Səqif bu zaman

Öz qalalarına qorxaraq girir

Möhkəm qapılara qıfıl keçirir.

Şirkin son yuvası burdadır indi

Onu da dağıtmaq lazım bilindi.

Müşrikləri təslim etsinlər deyə

Taifi aldılar mühasirəyə

Müsəlmanlar hər növ tədbir gördülər

Ərəblər görməmiş o dövrə qədər

Qalanı deşməyə getdi mancanaq

Bundan da bir fayda olmadı ancaq.

Aramsız hücumlar oldu dalbadal

Onlar müqavimət göstərir dərhal

Oxların ucunda alovlar atır

Taxta mancanaqı vurub yandırır.

İçəriyə girmək olmadı mümkün

Haram aylara da qalmışdı az gün.

Bu aylar hamıya verir bir əsas

Mühasirəni çox saxlamaq olmaz.

Çünki taiflilər görüb ehtiyat

İçəriyə yığıb hər ləvazimat.

Onlar bu qalada yatdı tülkütək

Çıxmaları üçün gözləmək gərək.

Çox uzun müddətə ərzaqları var

Çətin bu tezliklə təslim olsunlar.

Mühasirə çəkdi bir aya qədər

Bu işdən əl çəkib geri döndülər.

Ciranəyə tərəf onlar gedərkən

Havazin tayfası onu görərkən

Ağsaqqallar gəlir bir neçə nəfər

Rəsuli–əkrəmdən xahiş edirlər

Onları islama qəbul eyləsin

Geriyə qaytarsın həm əhli–beytin.

Peyğəmbər onların qəlbin etdi şad

Bütün əsirləri eylədi azad.

Əsirlər içində bir qadın bu dəm

Soruşur: – Hardadır Rəsuli–əkrəm?

Peyğəmbər tanıdı onu görəntək.

Süd bacısı Şeyma yaxın gələrək

Həzrət hörmət edib tutdu hal–əhval

Əbası üstündə oturtdu dərhal.

Uşaqlıq illərin xatırladılar

Yamaclarda necə qaçıb oynayar.

Həzrəti bir anlıq qəmləndirdi bu

Həliməni əri Harisi sordu.

Şeyma doluxsunub gözlərin silir:

– Rəhmətə gediblər söyləyə bilir

Peyğəmbər məhəbbət göstərdi ona

Bir neçə baş qoyun pay verdi ona.

Əsirlikdən azad edəntək onu

Obasına tərəf tutdu yolunu.

Peyğəmbər Malikə göndərdi xəbər

Gəlib o müsəlman olarsa əgər

Əmlakı özünə veriləcəkdir

Ailəsi azad ediləcəkdir.

Malik bu xəbəri eşidən zaman.

Səqifilərdən o xəlvət durmadan

Atına minərək yola düzəldi

Rəsuli–əkrəmin yanına gəldi.

Təslim olduğunu elədi elan

Şəhadət verərək oldu müsəlman.

Özünə verdilər malın–dövlətin

Əhli–əyalını bütün sərvətin.

Sonra da göstəriş verdi Peyğəmbər

Üstəlik yüz dəvə bəxşiş verdilər.

Belə bir ürəyə sahib hünərdi

Şirinliklə dinə dəvət edərdi.

İnsanlara qəti zor işlətmədən

Heç bir qəbiləyə minnət etmədən

Müsəlmançılığa edərdi dəvət

Bir Haqq tanıyırdı o da ədalət.

Alınan qənimət bölünən zaman

“Beytülmala” xums ayrıldı ondan.

Bərabər bölündü yerdə qalanlar

Hərəyə dörd dəvə düşdü qırx davar.

Həzrət tərəfindən qureyşililər

Qənimət alanda fərqlənmişdilər.

Xumsun hesabına əbu Sufyana

On nəfər ağsaqqal əşrəf olana

Yüz dəvə hədiyyə verdi Peyğəmbər.

Odur ki ənsarlar gileyləndilər:

– Hünər göstərməyən bu insanlara

Bizdən çox qənimət verdi onlara.

Ənsarın fikrini hiss etmiş Həzrət:

– Qureyşə sizdən çox verdim qənimət.

Onlara verdiyim maldan ötrü siz

Məndən nahaq yerə gileylənirsiz.

Baxmadım dövlətə baxmadım vara

Bu dünya malını verdim onlara.

Baxın dəvələrin sürürlər çölə

Mən isə qalmışam ənsarlar ilə.

Deyərək onların gönlünü alır

Mütəəssir olub hamı ağlayır:

– Biz buna razıyıq ya Rəsulüllah!

Sənə hər şey bəlli könüllər agah.

Biz öz payımızdan razıyıq artıq

Heç bir gileyimiz yoxdur azacıq.

Razıyıq sən ilə bir yerdə olmaq

Xeyirdə şərdə də birlikdə qalmaq.

Səxavət sahibi olmuş Peyğəmbər

Hər nəyin bu yolda verib sərf edər.

Yeganə arzusu islamı yaymaq

Bu dünya malından qaçardı uzaq.

Ən qəddar düşmənin o edərdi əfv

Qəlblərin çəkərdi islama tərəf.

Bütün qənimətlər bölündü tamam.

Rəsulüllah ilə əshabi–Kiram

Yenidən Məkkəyə geri döndülər.

Bir neçə gün keçdi sonra Peyğəmbər

Qurani–kərimi təlim etməyə

Müsəlmanlara düz yol öyrətməyə

Layiq bildi Muaz ibni–Cəbəli

Məkkə şəhərinə qoydurdu vali.

Gəlib Mədinəyə yetişən zaman

Razılıq etdilər böyük tanrıdan.

Bütün döyüşlərdə indiyə qədər

Qazanılmamışdı belə bir zəfər.

Artıq islamiyyət vüsət alırdı

Bütün cilvəsiylə parıldayırdı

Əmin–amanlıq bir həyat quruldu

Mədinə islamın mərkəzi oldu.

Kəb adında məşhur bir şair vardı

Rəsuli–əkrəmə həcv yazardı.

Odur onun qanı halal edildi

Ölümü haqqında fərman verildi.

İslam sürət ilə yayılan zaman

Qaçıb gizlənmişdi o qorxusundan.

Kəbin bir qardaşı müsəlman idi

Gəlib Peyğəmbərdən o əfv istədi.

Həzrət keçir onun günahlarından

Sonra da Kəb gəlib oldu müsəlman.

Həzrəti mədh edən qəsidə dedi

Həzrət qəsidəni bəyənmiş idi

Yanında başqa şey olmadığından

Əbasın hədiyyə verir bu zaman.

Həmin qəsidəni tərif edirlər

“Qəsidəyi–bürdə” adın verirlər.

Həzrət heç bir kimə kin bəsləmirdi

Müsəlman olanlar əfv edilirdi.

Tayy qəbiləsindən xristianlar

Müsəlmançılığa qarşı vuruşar.

Məşhur səxavətli Hatəmin oğlu

Adiy də başçıtək tutar bu yolu.

Qəddar düşmən idi müsəlmanlara

Peyğəmbər əlini göndərir ora.

Əli vuruşmağa başlayan zaman

Adiy Şam tərəfə qaçır qorxudan.

Əli qəbilənin bütlərin qırar

Ələ keçənləri əsir aparar.

Mədinəyə gələn əsirlər ilə

Hatəmin qızı da keçmişdi ələ.

Rəsuli–əkrəmi gördüyü zaman

Dedi: – Atam ölüb yaxınım olan

Qardaşım da qaçdı yoxdur heç nəyim

Azadlığım üçün fidyə ödəyim.

Bir nicatım sənə sığınmaq ancaq

Mərhəmətin ilə azad olunmaq.

Səxavətli comərd olubdur atam

Kasıblara yardım edərdi müdam.

Heç bir tələbləri o rədd etmədən

Malını pulunu verərdi həmən.

Fağır–füqəraya daim əl tutar

Əsir düşənləri gedib qurtarar

Belə bir adamın qızıyam baxın.

Peyğəmbər hörmətlə gələrək yaxın:

– Atan insanpərvər bir adam idi

Azaddır Hatəmin qızı! – söylədi.

Allah mərhəmətli şəxsləri sevər

Əvəzində qat–qat mükafat verər.

Yol xərci verdilər həm də pal–paltar

Qardaşı yanına yola saldılar.

Bu qız Peyğəmbərin mərhəmətini

Rəhmkarlığını fəzilətini

Qardaşına bir–bir söyləyir nə var.

Adiy dinlədikcə tez verir qərar

Gedib Mədinəyə gətirsin iman.

Həzrəti məsciddə gördüyü zaman

Evinə aparır onu Peyğəmbər.

Yerdə əyləşərək söhbət edirlər.

Adiy sadə evə baxır maraqla

Heç bir şey görməyir o təmtaraqla.

Bu evin yox aşıb–daşan sərvəti

Şahların evinə bənzəmir qəti.

Onun rəftarından apaydın görür

O adi adamlartək həyat sürür.

Bu həyat tərzinə o olub heyran

Dini qəbul edib oldu müsəlman.

Həzrətin yanına adamlar gəlir

Ya heyətlər ilə ya da ki bir–bir.

Gələnlərlə söhbət edir Peyğəmbər

İslamı gönüllü qəbul edirlər.

İslamın günəşi ərəbistana

Bütün cilvəsilə düşür hər yana.

O nura can atan bütün ərəblər

İrəli sürmədən heç bir tələblər

Uzaq ölkələrdən axışıb gəlir

İslamın şöhrəti artır yüksəlir.

İslamın qüdrətin eşidən bilən

Heyətlər gəlirdi hər bir tərəfdən.

O biri tərəfdən Rəsuli–əkrəm

Mürşidlər göndərir ətrafa bu dəm

Məktub yazır ərəb rəislərinə

Dəvət edir hamın müqəddəs dinə.

Yəməndə Ommanda xristianlar

Yəhudilər ilə qarışıq yaşar.

Zərdüşt dinindən də olan var idi

Bu xalqlar haqqında Peyğəmbər dedi:

– Onları vergiyə bağlamaq gərək

İslama girməyə məcbur etməmək.

Bu icazə şirkə məxsus deyildir

Əhli–kitablara aid edilir.

Başqa adətlərə toxunulmadan

Bu ildən sələm də oldu qadağan.

Zəkat toplanırdı imkanlılardan

Ondan kasıblara edilir ehsan.

Bu işi görməyə məmurlar gedir

İslam sür ət ilə inkişaf edir.

Qaranlıq ruhları aydınladırdı

Sərhədləri aşıb kamal tapırdı.

İslamın günəşi parlayan zaman

Həzrətə həyatda ən əziz olan

İki qızlarından birin itirdi

Qızı Zeynəbi də torpağa verdi.

Ümm Külsüm ilə Ruqiyyə ondan

Bir neçə il əvvəl köçmüş dünyadan.

Peyğəmbərə hüzn verib uçdular

Haqqın rəhmətinə tez qovuşdular.

Zeynəbin həyatı faciəliydi

O da Mədinəyə köç etməliydi.

Müşriklər hicrətə mane oldular

Onu dəvəsindən vurub saldılar.

Hamilə halında Zeynəb o zaman

Nizə zərbəsindən yıxıldığından

Yazıq uşağını salmış qorxaraq

Aldığı zərbədən qalmışdı axsaq.

Qəm–qüssə çəkərək saraldı soldu

Yataqlara düşən bir xəstə oldu.

Onun əri müşrik olan zamanlar

Ərindən ayrılıb evindən çıxar

Zeynəb atasının yanına getmiş

Əbul–As yığışıb Şama köç etmiş.

Ticarət edirdi məkkəlilərlə

Müsəlmanlar onu keçirər ələ

Bütün mallarını əlindən almış

O da Mədinəyə yolunu salmış

Öz keçmiş ərinə Zeynəb lütf edir

Alınmış malların ona verdirir.

Əbul–As malların alır bu ara

Minnətdarlıq edir müsəlmanlara.

Məkkəyə gedərək bitirdi borcun

Halallaşıb sonra yüksəkdən o gün:

– Yox Allahdan başqa qeyri bir Allah!

Mühəmməd həm quldur həm Rəsulüllah!

Mən də haqq dininə gətirdim iman

Deyib Mədinəyə dönmüş bu zaman.

Ər–arvad yenidən bağlayır ilqar

Mehribancasına yaşayırdılar.

Zeynəbin mərəzi keçmədi heç cür

Cavan yaşlarında dünyadan köçür.

Peyğəmbər də həssas atalar kimi

Qəlbində bir böyük dərdi var kimi

Qızının dərdinə qəlbdən yanardı.

O bütün qəmlərə şərik olardı

Kənar məhəllədə olsa xəstələr

Baş çəkib onlara sağlamlıq dilər.

Yoxsullara yardım əli uzadar

Hamının dərdinə ürəkdən yanar.

O belə vəfalı bir insan olmuş

Başqa dərdlərə də o yanan olmuş

Məzlumlara qarşı ədalətliydi

Qəlbi son dərəcə mərhəmətliydi.

Hicrətin altıncı ilində artıq

Bu haqda məlumat verdik azacıq.

Misir hökmdarı hələ o zaman

Məktubla bir yerdə o gözəl insan

Həzrətə göndərmiş çoxlu hədiyyə

Onların içində iki cariyə.

Mariyə və Sirin qızların adı.

Birinci Həzrətin oldu arvadı.

Sirini hədiyyə etdi Həssana

Şairtək çox hörmət edərdi ona.

Mədinədən kənar bağlar içində

Bir məşhur Aliyə məhəlləsində

Mariyə üçün ev aldı orada

Peyğəmbərə müjdə gətirdi o da.

Bir oğlan övladı bəxş etdi ona

İbrahim adını verdi oğluna.

Əcdadı İbrahim Peyğəmbər olmuş

Tovhidi yaymaqda o öndər olmuş.

Ulu əcdadına eyləyib hörmət

İbrahim adını qoymuşdu Həzrət.

Yerə–göyə sığmır sevinci bu an

Onu qucaqlayıb öpür doymadan

Çünki Xədicədən sonra Peyğəmbər

Özünə bir neçə almış zövcələr.

Olmamışdı ona sevinc gətirən

Yox idi nəslini davam etdirən.

Bu uşaq sonuncu arzu ümidi

Onun məhəbbəti ən uca idi.

Sədəqə payladı o yoxsullara

Süd anaları da tutdu bu ara.

Uşağa edirlər xüsusi diqqət.

Körpə balasını oynadır Həzrət.

Ata məhəbbəti övlad sevgisi

Oldu sevgilərin ən sevimlisi.

İslamiyyət bütün ərəbistana

Yayıldığı zaman o hər bir yana

Şam tərəfdən gələn müsəlmanlardan

Mədinəyə çatır xəbər bu zaman

Bizans zəfər əldə etmiş İranda

Fatehlik eşqinə düşmüş bu anda.

Məhv etməkçin onlar islamiyyəti

Bir yerə toplayıb gücü–qüvvəti.

Ona tabe olan xristianlar

Bizans ordusuna qoşulmuş nə var.

Müsəlmanlar gəldi hiddətə bundan

Hicazda bərk qıtlıq vardı o zaman.

İstidən od tutub yanır hər tərəf

Heyvanlar qırılıb olmuşdu tələf:

Bəzisi istidən gileylənərək

Orduya qoşulmaq istəməyərək

Əssasız bəhanə uydurub deyər

Onlara qoşulub tez münafiqlər:

– İran üzərində qələbə çalmış

Ətraf ölkələri qorxuya salmış

Mühəmməd Bizansı nə hesab edir?

Deyərək orduda qorxu törədir.

Belə şaiyələr yayıb durdular

Xalqın əl–ayağın soyudurdular.

İslamın düşməni ikiüzlülər

Hərbə qoşulmaqdan imtina edər.

Hər cür maneçilik edir odur ki

Səfərə hazırlıq ağır gedirdi.

Ancaq qəlblərində iman olanlar

Bu bəhanələrə məhəl qoymayar.

Orduya qoşulur belində şəmşir

Maddi fədakarlıq hünər göstərir.

Əshabi–Kiramdan zəngin olanlar

Əlində–ovcunda verdi hər nə var.

Bəziləri minik heyvanlarını

Qadınlar dar günçün qalanlarını

Orduya gönüllü gətirib verər

Vətənə məhəbbət hiss etdirirlər.

Doğrudan havalar keçirdi isti

Gedən yerləri də çox uzaq idi.

Münafiqlər bunu bəhanə edir.

– “Cəhənnəm atəşi daha istidir”.

Onların yadına salaraq Həzrət

“Tovbə” surəsindən dedi bir ayət.

Peyğəmbər görmüşdü geniş hazırlıq

Otuz min silahlı toplamış artıq.

Ordu Mədinədən çıxmazdan qabaq

Həzrəti əliyə: – Bu yol çox uzaq.

Səfərə mən gedib gələnə qədər

Sənin himayəndə qalacaq şəhər.

Qoşun hərəkətə gəldiyi zaman

Göy üzün almışdı qatı bir duman.

Görkəmli tədbirdə gedirdi ordu

İman sevgisindən qəlblər coşurdu.

Münafiqlər o gün çıxanda yola

Əksəri orduya qoşuldu zorla.

İki gün çıxmışdı qoşun şəhərdən

Əbdullah fikrini dəyişdi birdən.

Tərəfdarlarıyla geri çəkildi

Ordunu tərk edib şəhərə gəldi.

Məqsədi bu idi müsəlmanların

Arasında nifaq salsın onların.

Çox az bir zamanda həmin fitnəkar

Əlinin haqqında şayiə yayar.

Həzrəti əliyə belə dedilər:

– Əmisi oğlunu guya Peyğəmbər

Arvad–uşaq üstə qoyub pasiban.

Əli bu səbəbdən qalıb ordudan.

Ya da ki istidən qorxuduğu üçün

Cihaddan imtina edib büsbütün.

Mühəmməd də onu istər–istəməz

Yerində canişin qoyubdur əvəz.

Əli eşidəntək hər işin atdı

İki gün at qovub orduya çatdı.

Gəlişin mənasın biləndə Həzrət

Bir xeyli sükuta dalır nəhayət:

– İkiüzlüdürlər həmin adamlar

Hər fitnə–fəsada desən əl atar.

Düşməni gözündən qaçırsan əgər

Hər cürə iğtişaş nifaq törədər.

Mən səni şəhərdə saxladım ki sən

Məni bir vəzirtək əvəz edəsən.

Harunun Musaya yaxınlığıtək

Sən də mənə elə nisbətsən bişəkk.

Peyğəmbər deyilsən bircə fərq budur.

Mən bir yerə getsəm yerimdə otur.

Sonra da işarə etdi bir ehkam

Peyğəmbərlərin mən sonuncusuyam.

Bununla onların söhbəti bitdi

Əli Peyğəmbərdən razılıq etdi.

Ata suvar oldu uçurmuş kimi

Mədinə tərəfə uçdu quş kimi.

Təbukə çatanda İslam ordusu

Bizanslılar bundan qorxdu doğrusu.

Onlar bu gəlişdən tutmuşdu xəbər

Girib qalalarda gizlənmişdilər.

Görəndə ki gəlir qüvvətli ordu

Düşmən qüvvələri geriyə durdu.

Bizansın qorxduğun gördüyü zaman

Ətrafdakı bəylər tez tapıb imkan

Həzrətin yanına elçitək girir

Vergi ödəməyə razılıq verir.

Xaçpərəstlərdən də elçilər gələr

Onlarla bağlanır müqavilələr.

Öz məzhəblərində qalsınlar deyə

Razılıq verirlər vergi verməyə.

Peyğəmbər döyüşsüz qazandı zəfər

Müsəlmanlar geri dönmək istəyər.

Bir çoxları dedi: – Gəldik buradək

Bəlkə Şam tərəfə bir hucum edək.

Peyğəmbərsə bunu qəbul etmədi

Vəba xəstəliyi Şamda var idi:

– “Vəba olan yerə girməyin xeyir”!

Geriyə qayıtmaq əmrini verir.

Ordu vuruşmadan döndüyü zaman

Nə şəhid verdilər nə töküldü qan.

Təbuk döyüşündən bir qədər qabaq

Münafiq tərəflər əlbir olaraq

Quba məscidinin ziddinə çıxar

Mədinəyə yaxın bir yerdə onlar

Özlərinə ayrı məscid tikdilər

Altında zirzəmi düzəltmişdilər.

Əslində bu məscid came deyildi

Sui–qəsd cinayət yuvası idi

“Onlar dildə iman gətirdi aşkar

Ürəklərindəsə kafir oldular”.

Peyğəmbər Təbukə edərkən səfər

Münafiqlər ondan rica etdilər.

Peyğəmbər məscidə yolun salaraq

Bir dəfə orada namaz qılaraq

İstifadəsinə versin icazə

Gözəl xütbələrdən söyləsin bizə.

Həzrət bu xahişi qəbul etmədi

Onlara qəti rədd cavabı dedi.

Bu səbəbdən onlar bağırdı bar–bar

Hərbə gedənlərə qoşulmadılar.

Təbuk döyüşündən dönəndə ordu

Peyğəmbər uçurtdu həmin o yurdu.

Münafiqlər bunu gördüyü zaman

Sakit oturdular qorxularından.

Doqquzuncu ili oldu hicrətin

Sülh ili başladı islamiyyətin.

Həzrəti Peyğəmbər başda dururdu

Yeni ictimai həyat qururdu.

Ətraf şəhərlərə valilər gedir

Qurani–kərimdən oxu öyrədir.

Həzrət valiləri göndərdiyi vaxt

Onlara verirdi geniş təlimat:

– Həlim münasibət xalqa göstərin

Sualları izah eyləyin dərin.

Çətinləşdirməyin asanlaşdırın

Uzaqlaşdırmayın yaxınlışdırın.

Tək olan Allaha dəvət eyləyin

Mühəmmədi Onun Rəsulu deyin.

Bunları tədricən qəbul edəntək

Namaza da əməl etsinlər gərək.

Allahın əmridir hər bir müsəlman

Zəkat verməlidir qazandığından.

Onların qəlblərin Tovhidə çəkin

Dini ayinləri yaxşı öyrədin.

Gedən mürşidlərə təkrarən deyir:

– Yaxşı rəftar edin tövsiyə edir.

Ətrafa valilər getdiyi zaman

Mədinə də sevinc içində bu an

İslamın nüfuzu artır günbəgün.

Onun ətrafında birləşmək üçün

Böyük heyətlərlə elçilər gəlir

Müqəddəs islama qəbul edilir.

Mədinəyə gələn Taif heyəti

Qəbul eyləyərkən islamiyyəti

İrəli sürürlər bəzi tələblər

Onlara güzəştə gedir Peyğəmbər

Zəkatdan cihaddan oldular kənar


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə