Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Beşinci fəsil: Elm, əmək və fəhlə



Yüklə 0,66 Mb.
səhifə5/10
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3318
1   2   3   4   5   6   7   8   9   10

Beşinci fəsil: Elm, əmək və fəhlə


Əməksiz elm elə əməlsiz elmdir!

Bəlkə də İslam Respublikasında ad qazanmış günlər arasında heç bir gün bu gün kimi deyil. Çünki bu gündə çox əhəmiyyətli, həssas, işgüzar və çox əziz olan iki ad bir yerdə cəm olmuşdur. Biri elm və digəri əmək adıdır. Bu gün həm elm günüdür, həm əmək günü. Həqiqətən də düzgün baxsaq, hər bir ümmətin, hər bir cəmiyyətin və həmçinin hər bir fərdin dünya və axirəti bu iki faktora bağlıdır. Hər biri digəri olmadan tam xüsusiyyətini itirir. Əməksiz elm elə əməlsiz elmdir: "Əməlsiz alim meyvəsiz ağaca bənzəyir". Bitmiş ağac ilahi qüdrətin əlamətidir, amma meyvəsi yoxdur. Digər tərəfdən, bir şəxs elmsiz işlədikdə, o iş Allah ibadəti olsa da, yenə də faydası yoxdur və dövri hərəkətə bənzəyir; bir şəxs inkişaf olmadan öz ətrafına fırlanır. Ölkənin həm elmə və həm işə, əməyə ehtiyacı var. Allah-Taala da bunların hər ikisini savab saymış, onlar üçün əcr və savab müəyyənləşdirmişdir.69


Elm və əmək xalqa iki qanad kimidir!

Biz elmi təriflədikdə əslində müəllimi tərifləyirik. Nə üçün? Çünki elmi digərlərinə bəxş edən odur. Əgər müəllim olmasa, elm əldə edilməz: "Kim nə öyrənirsə, müəllimdən öyrənsin". Müəllimsiz elmin mənası yoxdur. Əmək də belədir. Kim əməyi tərifləsə, fəhləni tərifləmişdir; çünki fəhləsiz əməyin mənası yoxdur. Düzgün diqqət yetirin, görün bu məfhumlar bir-biri ilə nə qədər əlaqəlidir. Elm və əmək bir xalq üçün iki qanaddır. Elmsiz və əməksiz xalq inkişaf etməz.

Mən buna görə dəfələrlə demişəm ki, xalqımız Pəhləvi və Qacar padşahları sülalələrinə ürəkdən lənət oxumalıdır. Bu iki xəbis sülalə məmləkətin və bu qədim, istedadlı və ağıllı xalqın iki qanadını qırdı, elm və əməyin heç birində bu xalqa şərait yaratmadı. Görülən işlər dəyərsiz və yaxud az dəyərli, elm də təqlidçi və ikinci dərəcəli idi. Ürəkdən çağlayan, həqiqətən həyata zinət bəxş edən və məmləkətdə əhəmiyyətli işlər yaradan işi görmədilər, bacardıqları qədər məhv də etdilər, ürəkdən çağlayan və yaradıcılğı olan elmi məhv etdilər. O sülalələr bu cinayətləri törətmişlər. Nəticə bu oldu ki, elm yarışında, sivilizasiya, bilik və təcrübə müsabiqəsində ya digərlərindən öndə olan, yaxud ən azı çatışmazlığı olmayan xalqımız illərlə geri qaldı. İndi biz çalışıb, çulumuzu sudan çıxarmalıyıq. İnşallah siz xalqın iradəsi ilə bu işi görəcəyik. Onun əlamətləri indi də görünür.

Əvvəlcə Nasirəddin şahdan sonrakı Qacar sülaləsi, sonra da Pəhləvi ailəsi – bu ata-oğul həqiqətən bu xalqın və ölkənin varlığını, onun mənəvi sərvətlərini hərraca qoydular: “Onlar (İbrahim, Yəqub və onlara tabe olanlar) bir ümmət idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir”.70 Onlar getdilər, işləri Allahladır, əməllərinin cəzasını da görürlər. İndi mənim və sizin növbəmizdir: “Sizin etdiyiniz əməllər sizə aiddir”. Əlbəttə, inqilabın əvvəlindən bu günədək, insafla desək, elm və iş sahəsində çoxlu işlər görülmüşdür. Əgər kimsə bunu inkar etsə, sanki “indi hansı dəlilə əsasən gündüzdür” - deyən şəxs kimi olar. Bu qədər aydındır. Əgər insan ölkəyə baxsa, şagirdin, müəllimin, mütəxəssisin və tələbənin artmasını, çoxlu iş yerləri, əkinçilik və sənaye işini, dəqiq və dəyərli işləri, yaradıcılıqları və çoxlu ixtiraları görər. Onları bu on beş ildə İslam bu xalq üçün gətirmişdir. Mən və siz də deyə bilmərik ki, bu işləri biz gördük. Bu nailiyyətlər İslama məxsusdur, imanın, xalqın fəallığının və xalq hakimiyyətinin xüsusiyyətidir.71


Elmi yaymaq və işi hazırlamaq ibadətdir!

Hamının keçməli olduğu ölüm darvazasından sonra mənə və sizə nəsib olan hər gün özümüz, yaxud arvad-uşaqlarımız üçün tapdığımız 300 qram çörək deyil. Orada bizim işimizə yarayan saleh əməldir: "İman gətirib saleh əməllər edənlər".72 Görün Quranda "İman" və "saleh əməl" sözləri nə qədər təkrar olunmuşdur. Bu saleh əməllərdən biri budur ki, siz sinifdə dərs deyəsiniz, yaxud sexdə və tarlada işləyəsiniz. Elmi yaymaq və işi görmək də namaz qılmaq və Quran oxumaq kimi ibadətdir. Bu az deyil.73


Əmək və təlimin nəticələri

1. İlahi savab qazanmaq

Nə üçün Allah-Taala öyrətməyi və işləməyi bəşər üçün savab etmişdir? Allahın işləri əbəs deyil ki. Bu ondan ötrüdür ki, Allah-Taalanın bəşərdən istədiyi kamillik həmçinin elm və əməyə bağlıdır... Deməli, bir fayda ilahi savabdır.74


2. Cəmiyyətin gələcək quruculuğunda şərik olmaq

İş və təlimin nəticələrindən başqa birisi budur ki, siz cəmiyyətinizin gələcəyinin qurulmasına şərik olursunuz. Bu çox mühüm məsələdir. Bu gün və dünən dünyanın bütün davası bir kəlmə üstündədir. O da budur ki, hegemon qüvvələr xalqların taleyini ələ keçirmək istəyirlər. Bu gün dünyada əksəriyyəti faydasız, səmərəsiz və puç olan bu qədər səs-küy və ajiotaj yaratdığını gördüyünüz bu ABŞ özü üçün supergüc haqqı tanıyır, dünyanın taleyini təyin etmək istəyir. Nə üçün filankəs filan ticarəti etdi? Nə üçün filan dövlət filan dövlətə filan məhsulu satdı? Nə üçün filan ölkə ABŞ-ın istədiyi filan məsələni rədd etdi, yaxud onun istəmədiyi bir məsələni təsdiq etdi? Bunların hamısı dünya işlərinə müdaxilə etmək üçündür. Onlar dünyanın taleyini ələ keçirə bilərlərmi? Bəziləri deyirlər ki, bilərlər. Bunlar zəif və gücsüz xalqlar və bəzi ölkələrin zəif başçılarıdır. Lakin inamlı və aktiv qüvvələr deyirlər: "Amerika qələt edir; məgər o dünyanın taleyini ələ keçirə bilər?!"75


ABŞ-ın xalqlara hakim olub-olmamasının səbəbi

Mən nə deyirəm? Mən deyirəm ki, bir şərtlə bacarar, bir şərtlə bacarmaz. Əgər ABŞ-ın qarşısında duran xalq siyasi əzm və iradəli, canlı, fəal, işləyən, çalışqan və ciddi bir xalq olsa, ABŞ bacarmaz, amma xalq işləyən, çalışqan və fəal olmasa, yenə də ABŞ hakim ola bilməzmi? Əlbəttə ki, bilər. Məgər ölkələrə bütün bu hökmranlığı nədən irəli gəlir?! Əgər bir ölkənin başçıları ABŞ-la bazarlıq etsələr və o ölkənin xalqı da diqqətsiz və bikar olsa, bacarar. Əgər bir hökumət ABŞ-la bazarlıq və müzakirə etməsə, lakin xalqı tənbəl olsa, burada da ABŞ hakim olmağı bacarar. Nə üçün? Çünki o hökumət aciz olur. İşləməyən, yaradıcılığı olmayan, özünü ölkənin idarəsinə və öz ehtiyaclarının istehsalına borclu bilməyən, yalnız istehlakı bacaran və istehsalı bacarmayan xalq ölkəni və iş başında olanları pis vəziyyətdə qoyar. Dünyanın ABŞ kimi utanmazlarının, yolkəsənlərinin və tamahkarlarının qarşısında elə bir xalq dayanıb öz hüququnu müdafiə edə bilər ki, desin: "cənab, biz özümüz özümüzü idarə edirik". Əgər düşmən "sizə filan şeyi satmırıq" - desə, cavab versin ki, çox gözəl, satmayın; siz onu satsanız, biz tənbəl olarıq, özümüz istehsal etmərik, deyərik ki, hazırı gəlir; siz bizə pulsuz versəniz, pul almasanız da, bizə xəyanət etmiş olursunuz. Əgər siz bizimlə alış-veriş yollarını bağlasanız və öz qalıq mallarınızı bizim məmləkətimizə sarı axıtmasanız, bizim xeyrimizə olar, bizdə iş, fəaliyyət, çalışmaq və istehsal hissi yaranar. İnanın, sadəlövh, təcrübəsiz və xam olan bu əskik kişi ABŞ-ın İranla iqtisadi münasibətlərini qadağan etmək istədiyini elan edəndə (sonra da yazıq sionistlərin iclasına gedib əslində uduzdu; bu adamın ayağı altına yemiş qabığını kimin atmasını isə bilmirəm) mən bir neçə səbəbdən ürəkdən sevindim. Bunlar indiyədək bəzən riyakarlıqla haradasa bəzi sözlər deyirdilər: "Bunlar bizimlə o qədər də düşmən deyillər. Axı siz deyirsiniz Amerikaya ölüm olsun; xalq deyir Amerikaya ölüm olsun; bu pisdir, ayıbdır".

Bəzi az məsuliyyətli, yaxud məsuliyyətsiz insanlar xalqımızın qəlbinin dərinliyindən gələn bu "Amerikaya ölüm" fəryadını boğazlarda kəsmək və saxlamaq istəyirdilər. Xalq belə açıq bir istəyin qarşısında qaldıqda isə ölkənin harasında olsa, fəryad edir: "Amerikaya ölüm!"

Lakin daha əhəmiyyətlisi budur ki, biz müharibə dövründə müxtəlif cəhətlərdən çoxlu məhdudiyyətlərlə, o cümlədən silah, sursat və döyüş texnikasının çatışmazlığı ilə üz-üzə qaldıq. İndi də bu cənablar zəhmət çəkib bizim üçün məhdudiyyət yaratmaq istəyirlər. Məgər biz səkkiz il müharibə dövründə məhdudiyyətdə deyildik?! Orada nə etdik? Mən bunu bəlkə bir dəfə də demişəm: Qardaşlar və bacılar! Əgər bizim məsul şəxslərimizin tikanlı məftil alıb Sovet ölkəsindən keçirib gətirmək istədiklərini, amma Sovetin qoymadığını bildikdə təəccüb edərsiniz. Daha tikanlı məftil nədir ki?! Tikanlı məftildən daha müdafiəli bir vasitə varmı?! Özündən almamışdılar ki, desin satmıram. Başqa bir yerdən almışdılar.

Siz görün İslam Respublikasına qarşı nə etdilər. Hər yerdə tapılan və əhəmiyyətsiz sayılan RPG mərmisini bizə satmırdılar. Ümumiyyətlə, heç kəs inanmaz. İslam Respublikası o zaman belə məhdudiyyətlərlə üz-üzə qalan bir ölkədir. Bilirsiniz nəticə nə oldu? Nəticə o oldu ki, Allahın lütfü və qüdrəti ilə bu məmləkətin mömin gəncləri anbar və sexlərə girib qapıları bağladılar və çalışmağa başladılar. Bu gün düşmənin ağlına belə gəlməyən ən mürəkkəb döyüş texnikalarını biz özümüz daxildə istehsal edirik. Əlbəttə, bizi atom bombası və kimyəvi silahlar düzəltməkdə ittiham edirlər. Bunlar yalandır. Özləri də bilirlər ki, yalandır. Gerçək olanı onlar bilmirlər və ağıllarına da gəlməz.76
Elm və işin sintezi gözəldir!

Elm və işin sintezi gözəldir. Bunu bəlkə də İslam Respublikasında bizim öz yolumuzu daha yaxşı və daha artıq tapmağımız üçün bir simvolik hərəkət hesab etmək olar. Yəni elm daha real və əməl sahəsinə daha yaxın irəliləsin, iş də daha alimanə, elmi təcrübələrə və məlumatlara daha çox malik olsun. İnşallah səy göstərəcəksiniz və siz iki təbəqə bu günə qədər çalışıb zəhmət çəkdiyiniz kimi bundan sonra da daha sürətli və daha asan hərəkətlə cəmiyyəti quracaqsınız. Çünki bu ölkə sizə məxsusdur.77


Məmurlar yaradıcı şəraiti təmin etməlidirlər!

...Bu yüksək istedada görə, iş məsələlərində bizim də mahir işçimiz və yaradıcılığımız olmalıdır. Bizim iş yerlərimiz fəal, bacarıqlı və işbilən qüvvələrin mərkəzi olmalıdır; nə iş gördüyünü bilməyən işçilərin yox. Məsul şəxslər yenilik və yaradıcılıq şəraitini təmin etməli və günbəgün yüksəltməlidirlər. Düzdür, çoxlu işlər də görülmüşdür, demək istəmirik ki, görülməyib, lakin bunu çoxaltmalı və bu istiqamətdə sürətlə irəliləməlidirlər.78


Yeniyetmə və gənclərin istedadlarını çiçəkləndirməyə çalışın!

Təlim və tərbiyə sahəsində də belədir. Təlim və tərbiyə mərkəzlərində elə iş görmək lazımdır ki, milyonlarla yeniyetmə və gəncin hətta bir istedadı da hədər getməsin. Yəni bizim orta təhsil müddətimizdə - bu on iki ildə dərs oxuyan heç kimin istedadı hədər getməsin. Ondan sonra bəziləri universitetə, bəziləri peşə sahələrinə gedə bilərlər. Eybi də yoxdur və hamısı yaxşıdır. Lakin bu müddətdə bütün istedadlar çiçəklənməlidir. Bu iş üçün çalışmalıdırlar. Adi vəziyyəti qorumaq, yaxud kəmiyyətlərlə məşğul olmaq isə bu iki sahənin əsas işi deyil. İş sahəsində məsələn, peşələri çoxaltsınlar, rəngarəng etsinlər və inkişaf etdirsinlər. Bizim bu iki sahənin məmurlarından gözləntimiz budur. Bu sahələrdə bizim tövsiyə etdiklərimiz yalnız bu iki sahəyə də aid deyil, bütün ölkəyə aiddir və o bütün ölkə üçün faydalı olacaq.79


Mədəniyyət təbii və insani ehtiyatlardan mükəmməl istifadə üzərində qurulur!

Müəllim və fəhlələrin iştirak etdiyi bu məclis hər il mənim üçün çox faydalı bir məclis hesab olunur. Tərkib də uyğun tərkibdir. İlk baxışda nəzərə çarpmaya bilər, lakin bu iki element bir-biri ilə tam əlaqəlidir. Mədəniyyətin və insan məişətinin əsası təbii və insani ehtiyatlardan istifadə üzərində qurulur. Əgər təbii qaynaqlar olsa, lakin insani qaynaqlar olmasa, yaxud inkişaf etməsə, yox kimi bir şeydir. Asiya və Afrikanın müstəmləkə dövründəki geriqalmış ölkələrinə baxın. Bunların təbii qaynaqları vardı, lakin insani ehtiyatlar yetişdirmək macalı əldə etməmişdilər. Sərhədlərinin o tərəfindən, uzaq yollardan zirək, hiyləgər və insafsız adamlar bunların başına tökülüb təbii sərvətlərini qarət etdilər, onları öz məişət işləri üçün oğurladılar və öz güclərini günbəgün artırdılar. Əgər insani ehtiyatlar olsa, lakin təbii ehtiyatlar olmasa, yenə də işin bir tərəfi axsayar. İstehsalı olmayan, özü qurub-yaratmayan, öz əlinin bəhrəsini işlətməyən və həmişə digərlərinə söykənən bir ölkə digərlərinə tabe və nəticədə onlara müti olacaq. Bu da beynəlxalq himayədarlarının və müstəbidlərinin öncəki dövrdə və bu gün dünyanın bəzi nöqtələrində müstəmləkəyə çevirdikləri ölkələrin başına gətirdikləri başqa bir bəladır. Gözlərini qapılara dikirlər ki, sərhədlərin o tərəfindən onlar üçün hər şey gətirsinlər. Fəxr də edirlər ki, pul verirlər və xaricilər onlar üçün işləyir, məhsullarını göndərirlər. Bu fəxri mən tağut rejiminin nüfuzlu şəxslərinin birindən eşitdim. Məntiqə baxın! Görün nə qədər uşaqcasına və axmaqcasınadır. Bunun nəticəsi belə olur ki, ölkə çörək, ət, zəruri ehtiyaclar, geyim və məişət məhsulları üçün xarici istehsalçıya göz diksin. Çünki özü mahir insani qüvvə yetişdirmək barədə düşünməmişdir; özünə əziyyət verməmiş, fəhlənin və müəllimin qədrini bilməmişdir.80


İnsani ehtiyatlar cəmiyyətin əsas sərvətlərindən biridir!

Buna əsasən, təbii və insani ehtiyatlar ölkənin iki əsas sərvətidir. Fəhlə təbii ehtiyatları istifadəyə qabiliyyətli edir, müəllim də insani ehtiyatları çıxarıb inkişaf etdirir və cəmiyyətin istifadəsinə verir. Bu iki faktor cəmiyyətin əsas amilləridir. Əhəmiyyətli olan da budur ki, həm müəllim və fəhlə təbəqəsi, həm xüsusən dövlət məmurları, həm də adi xalq bu uca dəyəri tanısınlar, ona hörmət gözü ilə baxsınlar, fəhlənin və istehsalçının nə olduğunu, bir dəmir parçasını gözəl və istifadəyə yararlı bir məhsula çevirən şəxsin necə dəyərli insan olduğunu anlasınlar; müəllimi tanıyıb bilsinlər ki, heç bir şey bilməyən sadə bir uşağı məlumatlı bir insana, bütün həyat məsələlərində aşıb-daşan yaradıcılıq, istedad, plan və layihə çeşməsinə çevirən və bu xammalı bu yerə çatdıran şəxsin mükafatı və məqamı nədir; bunu hamı bilsin.81





Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə