Birinci fəsil: İman, İslam və mənəviyyat


Altıncı fəsil: Münacat və bağışlanmaq istəyi



Yüklə 0,52 Mb.
səhifə7/8
tarix17.09.2017
ölçüsü0,52 Mb.
#571
1   2   3   4   5   6   7   8

Altıncı fəsil: Münacat və bağışlanmaq istəyi


Bağışlanmaq istəyinin rolu

Bağışlanmaq istəyi sizi o həqarətdən xilas edir. Bağışlanmaq istəyi bizi o boyunduruq və zəncirlərdən xilas edir. Bağışlanmaq istəyi Allah-Taalanın sizə verdiyi nurlu qəlbin pasını təmizləyir. Qəlb – insanın canı, ruhu və həqiqi kimliyidir. O, çox nurludur. Hər bir insan nurludur. Hətta Allahla əlaqəsi və tanışlığı olmayan insanın zatında da nur vardır, lakin etiqadsızlıq, günah və ehtiras səbəbindən paslayır. Bağışlanmaq istəyi bu pası təmizləyib onu parıldadır.

Bağışlanmaq istəyi - günahlar üçün ilahi bağışı və əfvi diləməkdir. Əgər bu düzgün baş versə, ilahi bərəkətlərin qapısını insanın üzünə açar. Bir fərdin və bir cəmiyyətin ilahi lütflərdən ehtiyacı olan hər bir şey - ilahi lütflər, ilahi rəhmət, ilahi nurluluq, ilahi hidayət, Rəbb tərəfindən uğur, işlərdə kömək, müxtəlif sahələrdə yardım qapısı bizim günahlarımızın vasitəsi ilə bağlanır, günah bizimlə ilahi mərhəmət və lütf arasında pərdə olur. Bağışlanmaq istəyi bu pərdəni götürür, Allahın rəhmət yolunu açır. Bu, bağışlanmaq istəyinin faydasıdır. Buna görə, siz Quranın bir neçə yerində bağışlanmaq istəyi üçün dünya və bəzən də axirət faydalarının nəzərdə tutulduğunu görürsünüz. Məsələn buyurur: "Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin". Bunların hamısının izahı belədir ki, bağışlanmaq istəyi sayəsində insanın və cəmiyyətin qəlbinin və cisminin Allahın bu nemətlərinə yolu açılır. Odur ki, bağışlanmaq istəyi çox mühüm məsələdir.

Bağışlanmaq istəyi əslində tövbənin bir hissəsidir. Tövbə də Allaha sarı qayıdışdır. Buna əsasən, tövbənin şərtlərindən biri bağışlanmaq istəyi, yəni Allah-Taaladan əfv diləməkdir. Bu, Allahın böyük nemətlərindən biridir. Yəni Allah-Taala bəndələr üçün tövbə qapısı açmışdır ki, bunlar kamal yolunda irəliləyə bilsinlər və günah onları iflic etməsin. Çünki günah insanı uca zirvədən endirir. Günahların hər biri insan ruhuna, insan saflığına, mənəviyyata və ruhi yüksəlişə bir zərbə vurur, insan ruhunun şəffaflığını yox edir və onu qaraldır. Günah insanda olan və onu bu maddi dünyanın digər məxluqlarından ayıran mənəvi cəhətini şəffaflıqdan salır, heyvanlara və cəmadata yaxınlaşdırır.

Günahlar insanın həyatında mənəvi cəhətdən əlavə, bəzi uğursuzluqlara da səbəb olur. Bəşər fəaliyyətinin bir çox sahələri var ki, insan etdiyi günahlara görə orada uğursuzluğa düçar olur. Əlbəttə, bunların elmi, fəlsəfi və psixoloji izahı da var, yalnız gözüyumulu qəbul etmir, yaxud danışmırıq. Necə olur ki, günah insanı iflic edir? Misal üçün, Ühüd döyüşündə bəzi müsəlmanların səhlənkarlığı və təqsiri üzündən ilk qələbə məğlubiyyətə çevrildi. Yəni müsəlmanlar əvvəl qalib oldular, amma sonra dağın yarıq hissəsində oturub cəbhənin arxasını mühafizə etməli olan oxçular qənimət tamahından öz səngərlərini buraxıb meydana gəldilər və düşmən də onları mühasirəyə alıb qəfil hücumla müsəlmanları tar-mar etdi. Ühüd məğlubiyyəti bundan yarandı.

Ali-İmran surəsində bəlkə də 10-12, yaxud daha çox ayə bu məğlubiyyət barədədir. Çünki müsəlmanlar psixoloji cəhətdən çox gərgin idilər. Bu məğlubiyyət onlar üçün çox ağır tamamlanmışdı. Quran ayələri onları həm sakitləşdirir, həm hidayət edir, həm də başa salırdı ki, sizin bu məğlub olmanıza nə bais oldu və bu hadisə haradan qaynaqlandı. Nəhayət bu şərafətli ayəyə çatır: "İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi". Yəni gördünüz ki, Ühüd döyüşündə sizin bir qrupunuz düşmənə arxa çevirdi və məğlubiyyətə uğradı; bunun amili qabaqcadan mövcud idi. Onların daxili qüsurları vardı. Şeytan bunları qabaqcadan gördükləri işlərin köməyi ilə səhvə vadar etdi. Yəni qabaqkı günahlar təsirini cəbhədə göstərir; hərbi cəbhədə, siyasi cəbhədə, düşmənlə mübarizədə, quruculuq işində, təlim və tərbiyə işində, müqavimətin lazım olduğu yerdə, dəqiq dərkin lazım olduğu yerdə, insanın polad kimi kəsib irəliləməli və maneələri dəf etməli olduğu yerdə. Sözsüz ki, Nəsuh tövbəsinin edilmədiyi və həqiqi bağışlanmağın istənmədiyi günahlar belədir.

Həmin surədə başqa bir formada həmin mənanı çatdıran bir ayə də var. Quran demək istəyir ki, sizin məğlub olmanız və döyüşdə sizin üçün problemin yaranması təəccüblü deyil. Bu hadisələrdən indi də baş verir, öncə də baş vermişdir. Buyurur: "Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər". Yəni sizə nə olub? Ühüd döyüşündə məğlub olduğunuza və bəzilərinizin öldürüldüyünə görə hamınız gərgin və narahatsınız, bəziləriniz ümidsizsiniz. Xeyr! Öncəki peyğəmbərlər üçün də döyüş meydanında hadisələr baş verirdi. Onlar baş verənlərə görə zəiflik və ümidsizlik hiss etmirdilər. Sonra buyurur: "Onların: “Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır". Yəni keçmişdə peyğəmbərlərin səhabələri və həvariləri döyüşlərdə və müxtəlif hadisələrdə çətinliyə düşəndə Allaha dua edib deyirdilər: "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla!" İlahi! Bizim günahlarımızı, israfçılıqlarımızı və işlərimizdə etdiyimiz diqqətsizlikləri bağışla! Bu əslində onu göstərir ki, hadisə və müsibət sizin günahlarla hazırladığınız vəziyyətdən irəli gəlir.

İnsanın etdiyi günahlar, bu müxtəlif yayınmalar, ehtirasdan, günyagirlikdən, tamahkarlıqdan, dünya malına hərislikdən, dünya məqamından yapışmaqdan, insanın əlində olan sərvətlərə qarşı xəsislikdən, həmçinin paxıllıqdan, simiclikdən, tamahkarlıqdan və qəzəbdən irəli gələn bu işlər insanın vücudunda iki qəti təsirini buraxır. Bir təsir mənəvidir; ruhu ruhanilikdən salır, nuranilikdən çıxarır, insanda mənəviyyatı zəiflədir, ilahi rəhmət yolunu insanın üzünə bağlayır. Digər təsir budur ki, ictimai mübarizələrdə, əzmkarlığa, müqavimətə, insan iradəsinin iqtidar göstərməsinə ehtiyac olan yerdə bu günahlar insanın yaxasını tutur; əgər bu zəifliyi düzəldə bilən başqa bir amil olmasa, insanı çökürdür. Əlbəttə, bəzən digər amillərin, məsələn, insanda yaxşı bir xüsusiyyətin və yaxud işin olması mümkündür. Bu onu düzəldir. İndi o yerlərdən söhbət getmir. Lakin öz-özlüyündə günahın təsiri budur.

Allah-Taala insana bağışlanmaqdan ibarət olan böyük bir nemət vermiş və buyurmuşdur ki, siz təsirinin qaldığı bu işə görə peşman olmusunuzsa, tövbə və bağışlanmaq qapısı açıqdır. Siz etdiyiniz günahla sanki öz bədəninizə bir yara vurmuş, yaxud bir mikrob daxil etmisiniz. Bu zaman xəstəlik qaçılmaz olur. Əgər bu yaranın, xəstəliyin və bu zərbənin sizin bədəninizdəki təsirinin məhv olmasını istəyirsinizsə, bilin ki, Allah-Taala məhz bu məqsədlə bir qapı açmışdır və o, tövbə, bağışlanmaq istəyi, Allaha qayıdış qapısıdır. Əgər qayıtsanız, Allah-Taala bunu düzəldəcək. Bu, Allah-Taalanın bizə verdiyi böyük nemətdir.

Səhifeyi-Səccadiyyə kitabının 45-ci duası olan mübarək ramazan ayı ilə vida duasında İmam Səccad (ə) Müqəddəs Rəbbin dərgahına deyir: "Sən bəndələrinin əfvi üçün bir qapı açmış və onun adını Tövbə qoymusan. Qurandan və vəhydən bu qapın üçün bir bələdçi təyin etmisən ki, bəndələrin orada azmasınlar". Bir neçə cümlədən sonra yenə deyir ki, bu açıq qapıdan və ilahi bağışdan istifadə etməmək üçün heç bir bəhanə yoxdur. İlahi bağışın yolu da bağışlanmaq istəmək və tövbə etməkdir. Allahdan bağışlanmaq istəyin.

Əziz İslam Peyğəmbərindən (ə) nəql olunan bir rəvayətə əsasən, o həzrət bir gün səhabələrinə buyurdu ki, Allah-Taala bağışlamaq istəmədiyi şəxsdən başqa bütün günahkarları bağışlayar. Səhabələr soruşdular ki, ey Allahın Rəsulu, Allah-Taalanın bağışlamaq istəmədəyi şəxs kimdir? Buyurdu ki, o şəxs bağışlanmaq istəməyən şəxsdir. Deməli, bağışlanmaq istəmək tövbə və bağış qapısının açarıdır. Bağışlanmaq istəyi ilə ilahi bağışı qazanmaq olar. Bağışlanmaq istəyi bu qədər əhəmiyyətlidir. Bu, Allahdan bağış diləməkdir.

Bu barədə iki-üç qısa məqama toxunmaq istəyirəm. Bəlkə bu ramazan ayında bunlardan istifadə edib Allah-Taalaya bir qədər yaxınlaşaq və Allahın bu açıq rəhmət qapısından bəhrələnək. Bu, bizim xalqımızın və cəmiyyətimizin dünya və axirəti və bizim qarşımızda olan müxtəlif sahələrdə inkişaf üçün olduqca lazım və faydalıdır.


Qafillik - bağışlanmaq istəyinə birinci maneə

Bir məsələ budur ki, əgər bağışlanmaq və bu ilahi neməti əldə etmək istəsək, iki xisləti özümüzdən uzaqlaşdırmalıyıq: qafilliyi və qüruru. Qafillik odur ki, insan ondan günahın baş verdiyini ümumiyyətlə bilməsin və buna diqqət yetirməsin... Hər halda, dünyada və insanlar arasında belə adamlar var. Onlar qafildirlər; günah edirlər, lakin onun baş verməsinə diqqət yetirmirlər. Yalan danışırlar, təxribat aparırlar, qeybət edirlər, zərər vururlar, dağıntı yaradırlar, qətl törədirlər, müxtəlif günahsız insanlara torba tikirlər, ucqar üfüqlərdə və geniş miqyasda xalqlar üçün qorxulu yuxular görürlər, xalqı azdırırlar və bu səhv işləri gördüklərinə əsla diqqət də yetirmirlər. Əgər kimsə ona "günah edirsən" - desə, laqeydliklə qəhqəhə çəkib ələ salması da mümkündür: "Günah?! Nə günahı?!"

Bu qafil insanların bəzilərinin ümumiyyətlə savaba və əzaba etiqadları yoxdur. Bəzilərinin isə etiqadları da var, lakin qəflət içərisindədirlər və ümumiyyətlə nə iş gördüklərini bilmirlər. Əgər bunu özümüzün gündəlik həyatımızda bir qədər kiçiltsək, görəcəyik ki, həyatımızın bəzi hissələri qafillərin həyatına bənzəyir. Qafillik çox qəribə bir iş və böyük təhlükədir. Bəlkə də insan üçün heç bir təhlükə qafillikdən ciddi, heç bir düşmən qafillikdən böyük deyil. Bəziləri belədirlər.

Qafil insan heç zaman bağışlanmaq barədə düşünmür, ümumiyyətlə günah etdiyini xatırlamır. Günaha qərq olub, məst və yuxuludur, yuxuda hərəkət edən adam kimidir. Buna görə əxlaq və seyri-süluk adamları əxlaqda və nəfsi paklamada yolçuların mənzillərini bəyan edərkən insanın qafilikdən çıxmaq istədiyi bu mənzilin adını Oyanış mənzili qoyurlar.

Quran terminlərində bu qafilliyin qarşı tərəfi təqvadır. Təqva - sayıq olmaq və daim özünə nəzarət etməkdir. Əgər qafil insan onlarla günah edir və günah etdiyini əsla hiss etmirsə, təqvalı insan onun tam qarşı tərəfidir. Azca günah da etsə, tez diqqətli olur ki, günah etmişdir və onu düzəltmək fikrinə düşür: "Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu (pis işlərə təhrik edildiyi) zaman onlar xatırlayıb düşünərlər". Şeytan onun yanından keçən kimi, şeytanın küləyi ona dəyən kimi tez şeytanın toxunduğunu, səhvə və diqqətsizliyə uğradığını hiss edir və xatırlayır. Belə adamın gözü açıqdır.

Mənim əzizlərim! Qardaşlar və bacılar! Kim olsanız, diqqətli olun. Bu müraciət xalqın xüsusi bir qrupuna aid deyil ki, məsələn, az məlumatlı insanlar, savadsız insanlar, yaxud gənc və azyaşlı insanlar ona diqqət yetirsinlər. Xeyr, hamı diqqətli olmalıdır. Alimlər, görkəmli şəxsiyyətlər, böyüklər, kiçiklər, pullular, yoxsullar - hamı diqqətli olmalıdır; çünki ən azı bəzən qafillik onların da yaxasını tutur və diqqətsizlik edirlər; günah edirlər, lakin günah etdiklərinə diqqət yetirmirlər. Bu böyük məsələdir.

Mən və siz etdiyimiz günaha diqqət yetirmirik. Günah etdiyimizi bilmədiyimizdən ona görə tövbə də etmir və bağışlanmaq istəmirik. Qiyamət günü gözlərimiz açıldıqda görəcəyik ki, əməl dəftərimizdə qəribə şeylər var. İnsan təəccüb edir ki, mən bu işləri nə vaxt görmüşəm; ümumiyyətlə xatırlamır. Bu, qafilliyin günahı və onun eybidir. Deməli, bağışlanmaq istəyinin bir maneəsi qafillikdən ibarətdir.
Qürur - bağışlanmaq istəyinə ikinci maneə

İkinci maneə qürurdur. İnsan kiçik bir iş görən kimi məğrur olur. Dua və rəvayətlərimizdə "Allah qarşısında məğrurluq" ifadəsi işlənib. Səhifeyi-Səccadiyyənin cümə günləri oxunan 46-cı duasında çox oyadıcı təbirlər mövcuddur. Deyir: "Bədbəxtlərin ən böyüyü Sənin qarşında məğrur olandır". Ən böyük bədbəxtlik Sənə məğrur olan şəxsə məxsusdur. Qürur belədir. Məğrur insan abadlıqdan çox uzaqdır, qurtuluş və salamatlıq sarıdan əliboşdur. Nə üçün? Çünki kiçik bir iş görən kimi, iki rəkət namaz qılan kimi, məsələn, xalqa bir xidmət göstərən kimi, filan qutuya pul salan kimi, yaxud Allah yolunda bir iş görən kimi tez məğrur olur ki, biz Allah-Taala yanında işimizi düzəltmiş, borcumuzu ödəmişik və heç bir şeyə ehtiyacımız yoxdur. Bunu dillə söyləmir, lakin qəlbində belə düşünür.

Ehtiyatlı olun! Allah-Taala tövbə qapısını açmış və buyurmuşdur ki, mən günahları bağışlayaram. Bunun mənası o deyil ki, günahlar kiçik və əhəmiyyətsizdir. Xeyr! Bəzən günahlar insanın bütün həqiqi vücudunu tələf edir, məhv edir, uca insani həyat dərəcəsində olan bir insanı çirkin və dəyərsiz yırtıcıya çevirir. Günah belədir. Elə bilməyin ki, günah kiçik şeydir. Yalan danışmaq, qeybət etmək, insanların ləyaqətini alçaltmaq, bir sözlə olsa belə zülm etmək az və kiçik günahlar deyil.

İnsanın günahkarlıq hissi keçirməsi üçün mütləq uzun illər günaha qərq olması lazım deyil. Xeyr! Bir günah da günahdır. Günahı kiçik saymaq olmaz. Rəvayətlərimizdə günahları kiçik saymaq bölməsi var, onu məzəmmət etmişlər. Allah-Taalanın "bağışlayarıq" - deyə buyurmasının səbəbi budur ki, Allaha qayıdış çox mühümdür, nəinki günah az və kiçikdir. Günah çox təhlükəli bir şeydir, lakin Allaha qayıdış, diqqət və Allahın zikri o qədər əhəmiyyətlidir ki, əgər insan bunu səmimi və düzgün şəkildə yerinə yetirsə, o zaman əlacı çətin olan o xəstəlik sağalar. Buna görə yaxşı işlə məğrur olmaq - bunu da biz elə bilirik ki, yaxşı işdir, lakin o qədər də yaxşı olmaması, yaxud çox da əhəmiyyətli olmaması mümkündür - sizin bağışlanmaq istəyinə sarı getməməyinizə bais olur.

İmam Səccad (ə) başqa bir duada Allaha deyir: "Ey Allahım! Sən hətta siddiq bəndələrinin də sənə yaxınlaşmaları ilə qürur etməmələrinə layiqsən". Baxın, bu duada həqiqətən çox gözəl məzmun və məna vardır. Yol budur. O buyurur ki, insanların bəndəlik məqamının yüksək dərəcəsinə nail olmuş siddiqlər də Allahın yolunu düzgün getdiklərinə, daha işləməyə və çalışmağa ehtiyaclarının qalmadığına görə məğrur olmamalıdırlar. Xeyr! Bu da bağışlanmaq istəyinə maneədir. Əgər qəflət olmasaydı, qürurlanmaq da olmazdı, aldanmaq və özünə heyranlıq da olmazdı.

Bir məsələ də budur ki, həqiqi və ciddi bağışlanmaq istəyi təsirli olur. Fərz edin sizin böyük bir probleminiz var və Allah-Taaladan onun həll olunmasını istəyirsiniz. Məsələn, Allah eləməmiş, əzizlərinizdən biri üçün bir problem yaranmışdır. Siz adi yollarla onun problemini həll etməyə çalışmısınız, amma bacarmamısınız. İndi isə Allah-Taalaya üz tutub dua edir və yalvarırsınız. Görün insan belə bir halda, məsələn övladının, yaxud əzizinin bir xəstəliyə tutulduğu, Allahın qapısına getdiyi və onda dua halının yarandığı zaman Allahdan necə istəyər?! Günahlarınızın bağışlanmasını Allahdan belə istəyin. Həqiqətən bağışlanmaq istəyin və həmin günahı bir daha təkrar etməməyə qərar verin.

Əlbəttə, insanın günah etməmək qərarı ola və sonradan yenə də onu təkrarlaya bilər. Bu zaman yenə tövbə etməlidir. Əgər insan yüz dəfə tövbəsini sındırsa da, yüz birinci tövbənin qapısı da açıqdır. Lakin tövbə edən və bağışlanmaq istəyən insanda əvvəldən həmin səhv və günah işi təkrarlamaq qərarı olmamalıdır. Belə olmaz.

Kitabda imamların birindən belə bir hədisin söyləndiyini gördüm: "Dili ilə bağışlanmaq istəyən, amma qəlbində günahına görə peşman olmayan şəxs özünü məsxərə etmişdir". Yəni qəlbində günaha görə peşman olmayan və çox sevinən, amma dili ilə "əstəğfirullah" deyən şəxs özünü ələ salır. Bu neçə bağışlanmaq istəyidir?! Bu, bağışlanmaq istəyi deyil. Bağışlanmaq istəyi odur ki, insan qayıtsın; həqiqətən və ciddi şəkildə Allah-Taaladan onu bağışlamasını istəsin. Bu zaman insan həmin işi təkrarlamaq niyyətində ola bilərmi?! Belə bir insanın Allah-Taaladan bağış diləməyə üzü gələrmi?!


Təsirli bağışlanmaq istəyinin forması

Bu necə bağışlanmaq istəməkdir?! Bu bağışlanmaq istəyi kifayət etmir. Bağışlanmaq istəyi ciddi və həqiqi olmalıdır. Bağışlanmaq istəyi müəyyən bir qrupdan olan insanlara məxsus deyil ki, deyək onlar çox günah etmişlər və bağışlanmaq istəməlidirlər. Xeyr! Bütün insanlar, hətta peyğəmbərlər də bağışlanmaq istəməlidirlər. "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq". Peyğəmbər (s) də bağışlanmaq istəməlidir.

Bağışlanmaq istəyi ya bizim etdiyimiz günaha görədir, ya da əxlaqi günahlara görə. Fərz edin bir insan heç bir günah etməmişdir; nə yalan danışmış, nə qeybət etmiş, nə zülm etmiş, nə qanunu pozmuş, nə ehtiraslara uymuş, nə bir kəsi aşağılamış, nə xalqın malına təcavüz etmişdir. Sözsüz ki, belə insanlar çox azdır. Lakin bu növ fiziki günahları etməyən insanların çoxu da duyğu günahlarına - əxlaqi günahlara düçar olurlar. Əgər heç bir günah etməyən həmin adam xalqa baxıb "bu bədbəxt camaatın hamısı günah edir, amma biz Allahın lütfü ilə özümüzü saxlamışıq və günah etmirik" - desə, yəni özünü onlardan üstün hesab etsə, bunun özü bir günah, tənəzzül və süqutdur və onun üçün bağış diləmək lazımdır. İnsanları təhqir etmək, özünü digərlərindən üstün tutmaq, öz işinə xalqın işindən daha çox dəyər vermək, yaxud insanlarda olan bəzi pis əxlaqi xarakterlər, məsələn paxıllıq, tamahkarlıq və eqoizm üçün də bağış diləmək lazımdır.

Fərz edək bu günahları etməyən bir insan da var, amma məsələn tövhid elmini yüksəldə bilməmişdir. Bu bir qüsurdur və onun üçün bağışlanmaq istəməlidir. Tövhid və Allaha etiqad elmi məhdud və bağlı bir sahə deyil, sonsuz yoldur. Bütün peyğəmbər və övliyalar bu yolda inkişaf və təkamüldə olmuş, Pərvərdigarın müqəddəs zatı və Həzrət Haqqın kamal sifətləri barədə daha çox məlumat toplamağa çalışmışlar. Belə şəxslər bu yolda nə qədər inkişaf etməsələr, bu bir qüsur, gerilik, mənəvi acizlikdir və onun üçün bağışlanmaq istəmək lazımdır.

Bağış diləmək hamı üçündür. Görürsünüz ki, bu dualarda imamların necə yanğısı var. Bəziləri elə bilirlər ki, İmam Səccad (ə) digərlərinə öyrətmək üçün belə yanğılı dua etmişdir. Bəli, həm işin formasında, həm də məzmununda digərlərinə öyrətmək var, lakin məsələnin məğzi bu deyil. Məsələnin məğzi bu saleh bəndənin, uca və böyük insanın özünün istəmək halətidir. Bu yanğı onun özünə aiddir. Allah qarşısında belə yalvarış onun özünə aiddir. Allah əzabından bu qorxu, Allaha yaxınlaşmağa və Allahın razılığına meyl onun öz hissləridir. Bu bağışlanmaq istəyi və Allahdan diləmək həqiqətən onun özünə aiddir.

O ucalıqda olan bir insanın nəzərində həyatın halal işlərinə - halal ləzzətlərə və halal işlərə diqqətin də bir növ süqut və tənəzzül hesab olunması mümkündür. Ürəyi istəyirdi ki, maddi və fiziki zərurətlər çərçivəsində qərarlaşmasın, həyatın halallarına və adi məsələlərinə bu yarımçıq baxışı da etməsin, mərifət yolunda, ilahi razılığa və ilahi dərkin cənnətinə sarı sonsuz vadidə daha çox irəliləsin. Bu baş tutmadıqda isə, bağışlanmaq istəyir. Buna əsasən, bağışlanmaq hamı üçündür.

Mənim əzizlərim! Bağışlanmaq istəyi üçün ramazan ayını qənimət sayın, Allah-Taaladan bağış diləyin. Bizim xalqımızın bu fədakar ruhiyyəsinə, göstərdiyi bu müqavimətə, gördüyü bu böyük işə, malik olduğu bu nurlu və yaxşı gənclərə, - bu qədər gənc bizim cəmiyyətimizdən başqa heç bir yerdə yoxdur - bu qadınlara, kişilərə, analara və bu xalqın göstərdiyi müxtəlif fədakarlıqlara görə maddi və mənəvi, dünya və axirət sahələrində onun böyük inkişaf potensialı vardır. Bu xalq bağış istəyi ilə ilahi rəhməti özünə cəlb etməlidir.

Hamınız bağışlanmaq istəyin. İbadət adamı olanlar, ibadətdə orta səviyyədə olanlar, hətta ibadət işində zəif olan və yalnız vacib əməllərlə kifayətlənənlər, hətta hərdən Allah eləməmiş, bəzi vacib ibadətlərini də tərk edən şəxslər - hamı və hamı bilməlidir ki, işləri aparan onlarla Allah arasındakı bu əlaqədir. Allah-Taaladan bağışlanmaq istəyin, əfv diləyin, Allahdan bu günah maneəsini götürməsini, Özünün lütf və mərhəmət günəşinin önündən buludları qaldırmasını, lütfünü bu qəlblərə və ruhlara saçmasını diləyin. O zaman inkişaf və irəliləyişi görəcəksiniz.1


Tövbə və duanın zamanı

Mənim əzizlərim! Ən yüksək və ən kamil insan Allah yolunda hərəkət edə bilən, Allahı özündən razı salan və ehtirasların əsiri olmayan insandır. Düzgün və kamil insan budur. Ehtirasın, qəzəbin, nəfsin, istək və hisslərinin əsiri olan materialist insan zahirən böyük olsa da, yüksək vəzifə tutsa da, çox kiçik insandır. Dünyanın ən böyük ölkəsinin prezdenti, yaxud ən sərvətli adamı öz nəfsinin istəkləri ilə mübarizə apara bilməsə, öz nəfsinə əsir olsa, kiçik insandır. Öz istəklərinə hakim olan, insan kamilliyi və Allah yolundan ibarət olan düzgün yolu gedən yoxsul bir insan isə böyük insandır.

Bağışlanmaq istəyi sizi o həqarətdən xilas edir. Bağışlanmaq istəyi bizi o boyunduruq və zəncirlərdən xilas edir. Bağışlanmaq istəyi Allah-Taalanın sizə verdiyi nurlu qəlbin pasını təmizləyir. Qəlb – insanın canı, ruhu və həqiqi kimliyidir. O, çox nurludur. Hər bir insan nurludur. Hətta Allahla əlaqəsi və tanışlığı olmayan insanın da zatında nur vardır, lakin etiqadsızlıq, günah və ehtiras səbəbindən paslayır. Bağışlanmaq istəyi bu pası təmizləyib onu parıldadır.

Ramazan ayı tövbə, dua və bağış istəyinin zamanıdır. Qədr gecəsinin ehtimal olunduğu iki gecə - 19 və 21-ci gecələr ötdü, amma 23-cü gecə qarşıdadır; onun qədrini bilin. 23-cü gecənin əvvəlindən, yəni günəş batan zamandan sübh azanına qədər ilahi salamatlıq başlanır: "O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!" Ortadakı bu bir neçə saat ilahi salam, əmin-amanlıq və Allahın bütün yaranış üzərinə düşən rəhmət kölgəsidir. O gecə möhtəşəm gecədir; min ayla bərabər yox, hətta min aydan daha yaxşı, daha xeyirlidir. İnsanın min ay həyatı nə qədər faydalı ola, rəhmət və xeyir qazandıra bilər? Bu bir gecə min aydan yaxşıdır. Bunun böyük əhəmiyyəti var. Bu gecənin qədrini bilin, onu dua ilə, diqqətlə, təfəkkürlə, yaranışın əlamətləri barədə fikirləşməklə, insanın taleyi və Allah-Taalanın insandan istədiyi işlər barədə düşünməklə, bu maddi həyatın etibarsızlığı, gördüklərinizin hamısının can verən anda qapısı açılan o biri dünyaya hazırlıq olduğunu düşünməklə keçirin.

Mənim əzizlərim! Can verən anda biz başqa bir dünyaya daxil olacağıq. O gün üçün özümüzü hazırlamalıyıq. Bu dünyanın, bu sərvətlərin, Allah-Taalanın bu dünyada sizin vücudunuzda əmanət qoyduğu bu enerjilərin, Allahın bəşər üçün istədiyi məsələlərin - ədalətli hökumətin, rifahlı həyatın və digər amillərin hamısı insanın özünü o biri dünyaya hazırlaması üçündür. Özünüzü hazırlayın, Allahla ünsiyyət qurun, münacat edin, Allahı yada salın, bağışlanmaq istəyin. Allaha belə üz tutan, qəlbini paklayan, günahdan üz çevirən və xeyirli əməllərə qərar verən insanlar bu dünyanın problemləri ilə üzləşə bilən əzəmətli varlıqlardır. Bir nümunəsi bizim böyük imamımızdır; digər nümunələri bizim öz cəmiyyətimizin möminləri - bu mömin və yorulmaz gənclər, bu qadın və kişilər, şəhidlər, müharibə əlilləri, əsirlikdə ağır zindanlara dözənlər, əzizlərinin ayrılığına dözənlər, müharibənin çətinliklərinə tab gətirənlər, bu gün minini dəfn etdiyiniz bu insanlardır. Bunların hər biri bir xalq üçün fəxr sayılan, uca tutulan və örnək olan üstün və yüksək nümunələrdir.1
Dua imanı gücləndirir və ilahi vədələri həyata keçirir!

Bu gün birinci xütbədə Allahın duanın qəbul olunmasına dair vədəsi haqda bir qədər söhbət etmək istəyirəm. Ramazan ayında bizim vəzifələrimizdən biri dua etməkdir. Dua insanı Allaha yaxınlaşdırır, dini inancları insanın qəlbində həmişəyaşar və təsirli edir, imanı gücləndirir. Bundan əlavə, Allahdan istək dilənən duanın məzmunu qəbul və insanın istəyi təmin olunur. Yəni dua bir neçə cəhətdən böyük faydalara malikdir. Odur ki, Qurani-kərimdə dəfələrlə duadan və Allahın saleh bəndələrinin etdiyi dualardan söz açılmışdır. Onların hamısı bizə dərs verməkdən ötrüdür. Allahın peyğəmbərləri çətin anlarda Allaha dua edib kömək istəyirdilər: “Rəbbinə dua edib: “Mən məğlub olmuşam, məni qalib et!” – dedi”.2 Bu, həzrət Nuhun (ə) dilindən nəql olunmuşdur. Yaxud həzrət Musanın (ə) dilindən belə nəql olunmuşdur: “Sonra Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”3 Musa Allaha şikayət etdi və ona sığındı.

Allah-Taala Quranın bir neçə ayəsində duanı qəbul edəcəyinə söz vermişdir. Biri bu mübarək ayədir: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”4 Yəni sizin Rəbbiniz buyurub ki, Məni çağırın və Mən cavab verim, qəbul edim. Cavab vermək və qəbul etmək istəyi tam təmin etmək mənasında olmaya da bilər. Bəzən yaranış qanunları Allahın o istəyi tam təmin etməməsini tələb edə bilər. Bəzi qanunlar səbəbindən o istəyin təmin edilməsi, yaxud tezliklə təmin edilməsi mümkün olmur. Digər yerlərdə ümumi qayda kimi Allah-Taalanın cavabı sizin istəyinizi təmin etməkdir. Necə ki, ramazan ayının gecələrində oxunan şərafətli Əbu Həmzə Sumali duasında buna işarə vurulmuşdur. Quranda buyurmuşdur: “Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir“.1 Allah alim olsa və sizin ehtiyaclarınızı bilsə də, siz Allahdan istəyin və Ona deyin. Bu ayəni duada qeyd edir. Düzdür, şərafətli duada bir qədər fərqli göstərilmişdir. Sonra buyurur ki, ilahi, xalqı istəməyə dəvət etmək, ancaq istəklərini verməmək sənin xislətinə yaddır.2 Yəni Allahın səxavətinin, rəhmətinin və böyük qüdrətinin mənası budur ki, əgər istəmənizi deyirsə, istəyinizi verməyə də iradə etmişdir. Bu, Allahın sözügedən vədəsidir. Xütbənin əvvəlində oxuduğum həmin ayədə açıq-aşkar deyilir: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm“.3 Yəni Mənim bəndələrim nə zaman səndən harada olduğumu soruşsalar, ey Peyğəmbər, de ki, yaxınam, cavab verirəm, Məndən istəyən və Məni çağıran şəxsin duasını və istəyini qəbul edirəm. Kim Allahı çağırsa, qarşısında cavabı var. İmam Rzadan (ə) nəql olunmuş hədisdə də göstərilir ki, Allahdan istənilən hər bir istəyin qarşısında qəti bir cavab vardır.4 Bu çox mühüm məsələdir və Allahın mömin bəndələri onun qədrini bilməlidirlər. İmanı olmayan şəxs təbii ki, digər çoxlu imkanlar kimi bu imkandan da istifadə etməyəcək. Bu, Allahın qəti vədəsidir. Yəni Allah-Taala hər istəyə cavab verəcək. Bu bir vədədir və əlbəttə, hər bir vədənin də şərtləri var. Mən burada ilahi vədlər haqda olan ayələri toplamışam. İndi geniş danışmaq istəmirəm, amma ixtisarla bəzi məqamlara toxunacağam.

Allah-Taalanın öz bəndələrinə verdiyi çoxlu vədlərdən biri də budur. Allahın vədlərindən daha birisi budur: "Kim saleh əməl etsə, özü üçün etmiş və kim pis iş görsə, özünə pislik etmişdir". Hər kəsin pisliyi özünə qayıdır. Allahın vədlərindən daha birisi budur: "Biz yaxşı əməl edənlərin mükafatını zay etmərik". Allah-Taala yaxşı iş görənlərin mükafatını yaddan çıxarmaz. Bu yalnız axirətə məxsus deyil, dünya və axirətə aiddir; ya dünyada, ya axirətdə. Başqa bir vədə budur: "Kim fani dünyanı istəsə, isədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik". Kim yaxın xeyri, yəni dünyanı məqsəd seçsə və axirətlə maraqlanmasa, biz onun məqsəd seçdiyinə kömək edərik; yəni onu məqsədinə çatdırarıq. Əlbəttə, bunun şərtləri var. Əgər çalışsa, zəhmət çəksə, o məqsədlərə çatar. Görürsünüz ki, bəzi xalqlar çalışdılar, zəhmət çəkdilər, qənaət lazım olanda qənaət etdilər və böyük yerlərə çata bildilər. Həmin ayənin ardınca buyurur: "Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar. Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik". Dünyanı qazanmaq istəyənlərə də kömək edərik, axirəti qazanmaq istəyənlərə də. Burada dünya səyi Allahın razılığını qazanmaq qarşısında qeyd olunur. Buyurur ki, onlara da kömək edərik. Bu, xilqətin qanunudur. Bu, Allahın dünya üçün qoyduğu qanundur. Yəni əgər səy göstərib zəhmət çəksəniz, mütləq nəticə görərsiniz. Allah-Taala heç bir səyi nəticəsiz qoymur, ardınca mütləq bir nəticə gəlir. Bəzən insanlar o nəticəni tanıya bilir, onu məqsəd seçir və ona da çatırlar. Amma bəzən o əməldən doğan nəticəni düzgün tanımır və başqa bir nəticə ardınca gedirlər, amma o əməl öz nəticəsini verir və hər halda, nəticəni görürlər. Buna əsasən, Allah-Taala heç bir səyi mükafatsız qoymamışdır.

Allahın başqa bir vədi budur: "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə onları özlərindən əvvəlkilər kimi Yer üzünün varisləri edəcəyini söz vermişdir". Bu da qəti bir vədədir: hansı qövmün, hansı xalqın və hansı cəmiyyətin imanı və saleh əməli olsa, Allahın Yer üzündə canişini olacaq, yəni hakimiyyətə yiyələnəcək; bunun oyan-buyanı yoxdur. İmanı olanlar saleh əməli onunla yanaşı etdikləri zaman həmin hadisə baş verdi. Müsəlman İranda da bu hadisə baş verdi. Bizim tariximizin hansı dövründə belə bir vəziyyət yarandısa, həmin hadisə baş verdi: "Onları özlərindən əvvəlkilər kimi Yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özünün bəyəndiyi dinlərini (İslamı) möhkəmləndirəcəyini söz vermişdir". Əgər imanınız olsa, amma saleh əməliniz olmasa, Allahın Yerdəki canişini olmayacaqsınız. Quru, boş və əməlsiz imanın nəticəsi yoxdur, əməllə yanaşı olduqda isə, mütləq həyata keçəcək.

Allahın başqa bir vədi budur: "Bizim uğrumuzda çalışanları öz yollarımıza mütləq yönəldərik". Kim Allah yolunda çalışsa, Allah mütləq yolu ona göstərəcək. Biz gənclik çağında, İslam bilgiləri ilə tanışlığın əvvəllərində bunları oxuyurduq, deyirdik, etiqadımız vardı, inanırdıq, amma bizim üçün tam aydın deyildi. Bilirdik ki, Allahın sözü doğrudur, amma onu təcrübə etməmişdik. Bu gün isə təcrübə olunmuşdur. Siz gənclərin əsla yadınızda deyil, bəzi ortayaşlıların da yadında deyil, bəzilərinin isə yadındadır ki, İslam hərəkatı dövründə bu gün İslamın beşiyi və mərkəzi olan bu İranda, yaxud Tehranda kimsə yalnız özü müsəlman yaşamaq istəsəydi, həqiqətən mümkün deyildi, çətin idi. Yəni kimsə digərlərini hidayət və tərbiyə etmədən özü kamil şəkildə müsəlman yaşamaq istəsəydi, olmurdu, müxtəlif maneələr vardı. Əgər kimsə Qumda bir kişinin başladığı, bir qrup tələbənin də ətrafına toplaşdığı, fəryad qoparan kimi adamların tez tutulub zindana aparıldığı, vurulduğu, işgəncə verildiyi bu hərəkatın bir gün Allah adamlarının, həqiqət yolçularının dözümü və müqaviməti, hidayət olmuş və hidayət edən o şəxsin rəhbərliyi nəticəsində bütün ölkənin diqqətini özünə yönəldəcəyini, bütün qəlbləri cəzb edəcəyini və bütün xalqı səhnəyə gətirəcəyini desəydi, heç kəs inanmazdı. Əgər o zaman bir xalqın meydana atılması sayəsində İslam hökumətinin qurulacağını desyədilər, heç kim inanmazdı. Ancaq bu, Allahın vədi idi və şərtlərə əməl olunduğuna görə həyata keçdi.



Lazım deyil ki, dua həmişə təbii qanunları pozsun və onların ziddinə getsin. Xeyr! Dua təbii qanunlar çərçivəsində qəbul olunur və istəyiniz təmin edilir. Bu, Allahın qüdrətidir: qanunları təmin edir, bir-birinin yanına qoyur və sizin istəyiniz həyata keçir. Əlbəttə, sizin duanız başqa bir ilahi qanunla ziddiyyət təşkil etsə, dua qəbul olunmur. Allahın vədi haqdır. Lakin o biri vəd də düzgündür. İşsiz dayanıb, öz məqsədləri yolunda çalışmayan şəxslərin məqsədə çatmasına zəmanət verilmir. Sən dua etməyində ol, bəllidir ki, bu duanın qəbul olunmaq şansı çox deyil. Bəli, bir də gördünüz qəbul olundu, lakin buna zəmanət verilmir. Siz təbiətin bir qanununun ziddinə dua etsəniz, qəbul olunmasına zəmanət verilməyəcək; baxmayaraq ki, bəzi yerlərdə, şübhəsiz, dua qanunları da yarıb keçir. Lakin duanın qəbul olunduğunu deyiriksə, sizin duanızın digər ilahi qanunlarla ziddiyyətdə olduğu, yanında əməlin olmadığı, yaxud duanın özünün diqqətlə edilmədiyi təqdirdə, yenə də qəbul olunacağını söyləmirik. Xeyr! Duada Allah-Taaladan həqiqətən istəmək lazımdır. Bu dua qəbul olunur. Əgər bu duanın yanında böyük məqsədlər yolunda əməl və fəaliyyət olsa, bu duanın qəbul olunmaq şansı doğrudan da çox olar. Dua davamlı olduqda onun qəbulolunma şansı çoxalır. Əgər bir dua bir neçə dəfə təkrar olunsa, amma qəbul olunmasa, məyus olmaq lazım deyil; xüsusən böyük məsələlərdə, insanın, ölkənin və xalqların taleyinə aid olan məsələlərdə. Çünki bəzən böyük işlərin həyata keçməsi uzun zaman tələb edir.

Mən söhbətimin sonunda sizə bir Quran əhvalatı danışmaq istəyirəm. Qoy həm deyilənlərə misal olsun, həm də ramazan ayının cümə günündə qəlbləriniz işıqlansın! Musa (ə) zalım və müstəbid fironun hökumətində dünyaya gəldi. Bu uşağın öldürülməsi qəti idi, ana isə çıxış yolu axtarırdı. Əgər qız olsaydı, nigaran olmazdı. Ana ürəyi uşağının eşqi ilə yanır, amma nə edəcəyini bilmir. Bu zaman ilahi vəhy, ilham anaya deyir: "Musanın anasına vəhy etdik ki, ona süd ver". Ona süd ver, qorxma, təhlükə çoxaldıqda, uşağın düşmən əlinə keçməsindən qorxduqda onu səndən almalarına izin vermə, suya at. Allah-Taala bu əhavalatı Quranın bir neçə yerində söyləmişdir; hər bir yerdə də bir gözəllik və incəliklə. Bu ana təhlükənin onu təhdid etdiyi bir şəraitə düşdü. Uşağı almaq üçün bu möhtərəm Bəni-İsrail ailsənin evinə tökülüşdülər. Musanın (ə) anası uşağın əldən çıxacağını anlayıb onu Nil çayına atdı. Çox mühüm məsələdir. Ana öz uşağını bir sandığa qoyub axar çaya necə ata bilər? Allah-Taala burada bu anaya iki vəd verdi: biri budur ki, uşağı sənə qaytaracağıq; ikincisi budur ki, onu şəriət sahibi olan mürsəl peyğəmbərlərdən edəcəyik: "Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də şəriət sahibi olan peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik". Bu uşağı təlatümlü çaya atdıqan sonra Musanın bacısına dedi ki, onun ardınca get, gör nə baş verəcək və bu uşağın taleyi necə olacaq. Nəhayət, bu uşaq Nil çayı ilə fironun evinin yaxınlığına çatdı. Fironun ailəsi onu götürdü. Allah ürəklərinə saldı ki, onu saxlasınlar. Fironun xanımı dedi ki, bu uşağı özümüz üçün saxlayaq. Uşaq heç kimdən süd əmmədi; nə qədər dayə gətirdilərsə, heç birinin döşünü əmmədi. Acdır, süd istəyir. Bu arada Musanın bacısı gəlib dedi ki, istəyirsinizsə mən bir süd verən tapım? Baxın, Allah-Taala duanı qəbul etmək və vədini həyata keçirmək istədikdə şəraiti belə hazırlayır. Bu qızın ürəyinə salır və ona cəsarət verir ki, gəlib fironun məmurlarına belə bir təklif etsin. Onlar dedilər ki, eybi yoxdur. O gedib Musanın (ə) anasını gətirdi və dedi ki, bu qadın südverən qadındır. Musanı (ə) ona verdilər. Anasının ətrini duyub süd içməyə başladı. Burada fironun adamları şübhələnib onun bu uşağın anası olduğunu bilmədilər. Allah-Taala öz vədinə əməl etmək istəyir: "Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, onu anasına qaytardıq". Bu vədin düzgün olduğunu özü gördü, amma sonrakı vəd budur: "Onu şəriət sahibi olan peyğəmbərlərdən edəcəyik". Musanın (ə) illər sonrakı peyğəmbərliyinin xəbəri həmin yerdə verildi. Bütün Bəni-İsrail bilsin ki, bu uşaq peyğəmbər olacaq, Allah tərəfindən seçiləcək və sizi xilas edəcək. Elə də oldu. Əlbəttə, Allah-Taalanın bunu Musanın (ə) anasının qəlbinə ilham etməsindən onun Tur dağında peyğəmbərlik məqamına çatıb Bəni-İsraili xilas etməyə təyin olunmasına qədər otuz-qırx il zaman ötdü. Hədislərdə bəzi sözlər var, amma adam bu hədislərin sənədlərinə çox da etimad etmir, lakin ayələrdən belə nəticə çıxır ki, ən azı otuz il ötdü.

Mənim əzizlərim! Allahın vədi belə həyata keçir; lakin bir müddətdən sonra. Allahın vədi budur ki, müsəlman xalqları izzətli etsin. Bu, bir gecədə mümkün olan iş deyil; səysiz və əməlsiz də mümkün olmayacaq. İlahi vəd bu idi ki, hansı xalq Allah yolunda mübarizə aparsa və imanı olsa, qələbə çalacaq. Çox gözəl! Siz İran xalqının imanı vardı, mübarizə apardınız və qələbə çaldıınz. İlahi vəd budur ki, siz bu qələbədən sonra Allahın düşmənləri ilə vuruşacaqsınız. Əgər duruş gətirib dözə və müqavimət göstərə bilsəniz, yenə də qələbə çalacaqsınız. Yəni həm qələbə vədi var, həm mübarizə vədi. Bəli, ilahi qüdrətin, İslamın, Quranın və mənəviyyatın qüdrətinin bir yerdə bayraq qaldırdığı zaman mənəviyyata müxalif olan şəxslər düşmənçilik edirlər, zülm tərəfdarları düşmənçilik edirlər, fəsad tərəfdarları düşmənçilik edirlər, hər hansı bir səbəbdən mənəviyyata və dinə dözməyən şəxslər düşmənçilik edirlər: "Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə verilən vədidir". Əhzab döyüşündə Qüreyş bir tərəfdən, yəhudilər bir tərəfdən, Səqif bir tərəfdən və müxtəlif düşmənlər bir tərəfdən hücum edib Mədinəni mühasirəyə aldıqda xalq iki qrupa bölündü, möminlər bir tərəfdə dayandı, qeyri-möminlər və qəlblərində xəstəlik olanlar başqa tərəfdə. Qəlblərində xəstəlik olanlar deyirdilər ki, biz aldandıq, İslam bizə izzət və təhlükəsizlik bağışlaya, bizi xilas eləyə bilmədi. Baxın, möminlərin ətrafını mühasirəyə almışdılar. Bu düşmənlər, şərqli, qərbli, qonşu, uzaq – hamı əl-ələ verib İslam dövlətinə hücum etmişdilər, amma möminlər deyirdilər: "Bu, Allahın və Peyğəmbərinin bizə verilən vədidir". Biz təəccüb etmirik. Bu, Allahın və Peyğəmbərin (s) bizə söz verdiyidir. Allahın və Peyğəmbərin (s) vədi budur: "İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut (zakım hakim, şeytan) yolunda vuruşurlar". Siz möminsiniz və Allah yolunda mübarizə aparırsınız, Allahla arası olmayan şəxslər isə tağut yolunda mübarizə aparırlar. Bəli, onlar da mübarizə aparırlar, amma "O halda şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!" Əgər mübarizə aparsanız, əgər möhkəm dayansanız, əgər öz dözümünüzü və möhkəmliyinizi əldən verməsəniz, qələbə çalacaqsınız. Amma əgər əldən versəniz, zəiflik göstərsəniz, ümidsiz olsanız və geriyə çəkilsəniz, yox. Deməli, düşmənin olması və hücum etməsi təəccüblü deyil: "Bu, Allahın və Peyğəmbərinin bizə verilən vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı". Buna əsasən, ilahi vəd qətidir. Yəni həm mübarizə, dözüm və müqavimət olduqda qələbə hasil olur, həm də siz sadiq olduğunuzda düşmənliklər sizə yönəlir.1


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə