Birinci fəsil: İman, İslam və mənəviyyat



Yüklə 0,52 Mb.
səhifə5/8
tarix17.09.2017
ölçüsü0,52 Mb.
#571
1   2   3   4   5   6   7   8

Dördüncü fəsil: İxlas


İxlasın mənası

İxlas odur ki, insan işi Allah üçün və vəzifəni yerinə yetirmək həvəsi ilə görsün. İnsan nəfsi üçün, pul, sərvət, ad-san qazanmaq, tarixə düşmək, paxıllıq, tamahkarlıq, acgözlük kimi çirkin xüsusiyyətləri doyurmaq üçün işləməsin, işi yalnız Allahdan ötrü və yalnız vəzifəni yerinə yetirmək üçün görsün. İxlasın mənası budur. Belə iş çox faydalı olar. Belə bir iş iti bir xəncər kimi hər bir maneəni dəf etməyə qadirdir. İmam bu silahla silahlanmışdı. Dəfələrlə dedi ki, mən ən yaxın adamlarımda da bir haqsızlıq görsəm, göz yummaram. Doğrudan da belə idi. O, həssas zamanlarda onun üçün vəzifəni yerinə yetirməyin əsas məsələ olduğunu göstərdi; aşkarda, xəlvətdə, böyük və kiçik işlərdə bunu nümayiş etdirdi. Bu o zaman döyüş cəbhələrində imamın həmin silahla möcüzələr yaradan müridləri, övladları və şagirdləri üçün bir dərs oldu. Sizin bəziləriniz o yerlərdə var idiniz və özünüz onları yaxından gördünüz; bəziləriniz də eşitmisiniz. Bu gün də ona ehtiyac var.1

Əbu Abdullahın (ə) üstünlüyünün müxtəlif cəhətləri var. Bu üstün cəhətlərin hər birinin çox geniş izahı var, amma onların arasından iki-üç xüsusiyyətin adını çəkmək istəsək, biri ixlas olmalıdır; yəni ilahi vəzifəni yerinə yetirmək, şəxsi və qrup mənafeyini və maddi maraqları nəzərə almamaq. Digər üstün xüsusiyyət Allaha etimaddır. Zahiri baxımdan bu işıq Kərbəla səhrasında sönəcəkdi. Necə olur ki, bunu şair Fərəzdəq bilir, amma İmam Hüseyn (ə) bilmir?! Kufədən gələn nəsihətçilər görürlər, amma Hüseyn ibn Əli (ə) görmür və anlamır?! Məsələnin zahiri cəhəti belə idi, amma Allaha etimad hökm edirdi ki, bütün bunlara rəğmən, haqqının və düzgün sözünün qalib olacağına əmin olsun. Əsas məsələ də insanın ilahi niyyətinin və məqsədinin həyata keçməsidir. Əks təqdirdə, ixlaslı insan üçün öz varlığı mühüm deyil.

Böyük ariflərin biri bir məktubda yazmışdı ki, İslamın Böyük Peyğəmbərinin (s) gördüyü və özünə məqsəd seçdiyi bütün işlər görülüb, başqa bir şəxsin adına yazılsaydı, İslam Peyğəmbəri (s) narazı qalardımı? Deyərdimi başqasının adına çıxdığından bunu etməyəcəyəm? Belə idi? Yoxsa məqsədi bu işlərin görülməsi idi və kimin adına yazılması mühüm deyildi? Deməli, məqsəd mühümdür. İxlaslı insan üçün şəxsin əhəmiyyəti yoxdur, onun ixlası, Allaha etimadı var. O bilir ki, Allah-Taala bu məqsədi mütləq qalib edəcək. Çünki O, belə buyurmuşdur: "Həqiqətən bizim qoşunumuz qalibdir". Bu qalib qoşunun əksəriyyəti meydanda şəhid olur və fiziki cəhətdən məhv edilirlər, lakin buyurmuşdur: "Həqiqətən bizim qoşunumuz qalibdir". Yəni qələbə onlarındır.1


Nə qədər ki, ixlas var, Allahın bərəkəti bizimlədir!

Nə qədər ki, biz hövzə tələbələri belə işləyirik, Allahın bərəkəti bizimlədir. Bizim ixlasımızda azca nöqsan yaranan kimi vəziyyət dəyişəcək, haradasa nöqsan yaranacaq. Nə qədər ki, ixlas var, nə qədər ki, "mən" söhbəti yoxdur, nə qədər ki, az götürməklə maksimum iş görmək istəyir və həqiqətən həmin ilahi hidayət yolunda çalışırıq, Allahın bərəkəti də bizimlə olacaq.

Mən bir dəfə bunu bal arısına bənzətdim: "Rəbbin bal arısına belə vəhy (ilham) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik".2 Bal arısı güllərin arasında gəzib insanlar üçün şəfa olan3 şirin bal hazırlayır. Düzdür, onun iynəsi də var və yeri gələndə ondan istifadə də edir. Əgər onun sancması lazım olsa, eybi yoxdur. İynə olmasa, çox da faydalı olmaz; bəzi yerlərdə iynədən də istifadə etməlidir, amma əsas işi bu deyil. Əsas işi bal hazırlamaqdır. Nə qədər ki, belədir, ilahi bərəkət də olacaq.4
İxlas - əməllərin qəbul olunmasının şərti

Mən bu səmimi, mömin və fəal məclisdə bizim düşüncə məsələlərimizin sərlövhələrindən olan bəzi mətləbləri qeyd edəcəyəm. İslamda dünyanın islahı üçün əsas nöqtə nəfsin islahıdır. Hər şey bundan başlayır. Quran özünün qüdrətli əli ilə tarixi dəyişmək istəyən nəslə buyurdu: "Özünüzü qoruyun"5; "Özünüzdən ehtiyatlı olun".6 Özünüzdən ehtiyatlı olun, özünüzlə məşğul olun, öz nəfsinizi islah edin və paklayın; "Onu (nəfsini) paklayan nicat tapacaqdır"1. Əgər erkən İslam çağının İslam cəmiyyəti insanları paklamaqdan başlamasaydı və onda pak, təmiz və ixlaslı insanlar lazımi qədər olmasaydı, İslam qalmazdı, genişlənməzdi, dünyanın müşrik firqələrinə qalib gəlməzdi və tarix İslam xəttində hərəkət etməzdi. Əgər pak və təmiz insanlar olmasa, cihad yoxdur.

Bizim inqilabımız paklığın, ixlasın, Allah üçün işləmənin, maddi və şəxsi maraqlara göz yummanın sayəsində qələbə çaldı. Məcburi müharibədə müqavimət də belə idi. Bizim bu əziz şəhidlərimiz, yaxud müharibə əlillərimiz paklığın və ixlasın zirvəsində durub şəhadətə sarı getdilər, şəhid oldular. Bu şəhadətlər, müqavimətlər və təhlükəyə atılmalar inqilabı qorudu, İslamı izzətli etdi, müsəlmanları gücləndirdi, İslamın düşmənlərini və Amerikanı xar etdi.
İnqilabın qalmasının sirri insanların ixlasıdır!

Bizim daxilimizdə ən böyük düşmənimiz pusqu qurmuşdur. Bu düşmən bizim əmmarə nəfsimiz, ehtiraslarımız, eqoistliyimiz, xudpəsəndliyimizdir. Hətta müvəqqəti olsa belə, nə zaman bu zəhərli ilanı və öldürücü düşməni öz yerində oturda bilsək, o zaman uğurlu, xoşbəxt, Allah yolunda əmələ, müqavimətə və cihada qadir olacağıq. Nə zaman bu düşmən baş qaldırsa, bizim vücudumuzdakı ağlı, mənəvi qüvvəni və ilahi nəfsi məğlub etsə, öz təsiri altına salsa, o zaman dayanacaq, donacaq, yaxud geriləcəyik. Dayanmaq elə geriləməkdir, ikisi də bir şeydir.

Biz bəşər hidayətinin və insanın xilasının ağır yükünü üzərinə götürən şəxslər olaraq özümüzlə məşğul olmalı, öz nəfsimizi islah etməli, Allahın bizdə böyük həddə əmanət qoyduğu mənəvi gücü ehtirasların, həvəslərin, xudpəsəndliklərin və eqoistliklərin bataqlığından xilas edib gücləndirməliyik. Siz gənclər, şəhid ailələri, müharibə əlilləri, Keşikçilər korpusunda, yaxud başqa hər hansı bir yerdə çalışan qayğıkeş təbliğatçılar bu daxili mübarizəyə daha layiqsiniz.2
Bizdə Allahın razılığını qazanmaq və ilahi hökmləri icra etmək istəyi vardır!

Biz Allahın köməyi ilə daxilən güclü olduğumuzu hiss edirik. Bizim gücümüz bir şəxsə, bir siyasətə, yaxud dünyanın normal siyasi üsullarından birinə güvəndiyimizə görə deyil, Allahla mənəvi əlaqəmizə, Onun üçün işlədiyimizi və Onun yardımının bizə şamil olduğunu bildiyimizə görədir.

Bizim Allahın razılığından və ilahi hökmləri icra etməkdən başqa bir məqsədimiz yoxdur. Bu bizim həyatımızın məqsədidir. Ömrümüzü bu yolda keçirmişik və bütün İran xalqı bu hissə malikdir. Buna əsasən, həm Allahın yardımına inamımız var, həm də xalqın güclü iradəsinə, ayıqlığına və imanına arxalanırıq. Bu iki güclü qüvvəni qorumaq lazımdır.1
Əgər o ixlas olmasaydı, dünyada bu vəziyyət yaranmazdı!

Bizim diqqət yetirməli olduğumuz məsələ budur:

Əvvəla bu hərəkət İran xalqının əzəmətli hərəkətindən və mərhum imamın misilsiz, müstəsna və xarizmatik rəhbərliyindən irəli gəlmişdir. Əgər o rəhbər, bu xalq, o hərəkət və ixlas olmasaydı, dünyada bu vəziyyət əsla yaranmazdı. Zahirən başqa heç bir amil yoxdur ki, bütün hegemon güclərin mənəviyyata və İslama hücum etdiyi bir dünyada İslam qəfildən hər yerdə belə baş qaldırsın və qüdrətlə özünü göstərsin.

Beş, altı, yeddi il öncəki vəziyyəti, Brejnev Sovetinin vəziyyətini, dünyada İslamla mübarizə aparılan, müsəlman İran əleyhinə şiddət və təzyiq göstərilən vəziyyəti, inqilabdan öncə dünya miqyasında mənəviyyatın məhv edilməsini, bu bir neçə ildə İslama qarşı gördükləri və hələ də görməkdə olduqları işləri unutmayaq. Bütün bu əlverişsiz şəraitdən sonra bu gün vəziyyət dediyim kimidir.


İslam hərəkətini davam etdirmək İslam mənəviyyatını qorumaqdan asılıdır!

İkincisi, - bu, mühüm məsələ və mənim əsas sözümdür - bu İslam hərəkətinin, qlobal küfr və hegemonluqla mübarizədə İslamın uğrunun davam etməsi yüz faiz olmasa da, ona yaxın həddə bizim gələcək hərəkətlərimizin keyfiyyətindən asılıdır. Müsəlman İran İslam xətti üzərində möhkəm dayanmalı, müqavimət göstərməli və İslam mənəviyyatının bayraqdarı olmalıdır. Belə olmasın ki, biz inqilab etdiyimizə, bir ideologiya əsasında quruluş yaratdığımıza, dünyanın digər dövlətləri kimi bir dövlət olduğumuza görə könlümüzü razı salaq; yəni deməyək ki, dünyaya müxtəlif təfəkkür və quruluşlar hakimdir, əlli milyonluq bir məmləkət də biz islamçıların ixtiyarındadır. Bu, çox az və kiçikdir.

İslamın ən çox sevilməsinin səbəbkarı olan İslam mənəviyyatı qorunmalıdır. Bu qaranlıq və maddi dünyada İslamın müqəddəsliyi, inqilabın əvvəlindən indiyədək xalqın, böyük və mərhum rəhbərin əməlində göstərilən gözəlliklər həmişə davam etməlidir. Allaha arxalanmaqdan irəli gələn, xalqlara ümid verən və onları durğunluq halından çıxaran iqtidar hissi müsəlman İranda yenə də müşahidə olunmalıdır.
Bizim bütün dərdlərimizin dərmanı ixlasdır!

Allaha şükür olsun ki, indi çox müstəsna şərait yaranmışdır. İran tarixində heç bir gün İslamın hakimiyyətdə olduğu, Quran bayrağının ucaldığı, İslama əməlin dəyər sayıldığı, qanunların İslam və Qurandan götürüldüyü bu dövr kimi olmamışdır. Biz nə istəyirik? Biz Allahdan bu nemətdən böyük nə istəyirik?! Biz bütün səyimizi dəyərli, misilsiz və keçmişdə görünməyən bu neməti bu xalq üçün qorumağa sərf etməliyik. Bu, ixlasla mümkündür.

Gərək hansı səviyyədə olsaq, bizim hərəkət marağımız ilahi maraq olsun. Bizim bütün dərdlərimizin dərmanı ixlasdır. Əgər ixlas olsa, hələlik bizim quruluşumuzun və cəmiyyətimizin əziyyət çəkdiyi bütün problemlər aradan qalxacaq, əməldə ixlas birliyin güclənməsinə səbəb olacaq.1

Nə qədər ki, bu xalq bu imanla, bu ixlasla və bu paklılqla irəliləyir, hərəkət edir və mübarizə aparır, bu dünyada və bu quruluşda kimsə olsa da, olmasa da, Allah-Taalanın lütfü bu quruluşa şamil olacaq. Bu quruluş fövqəladə qüdrətə, fəaliyyətə və bacarığa malikdir və malik olacaq...

Fəaliyyətdə olan və işdən yorulmayan xalqın gənci elm öyrənir, universiteti dərslə, tədqiqatla, gənclərin elmi və ictimai fəaliyyətlər sahəsində görməli olduğu işlərlə məşğul olur, hökuməti xalqın ehtiyacları üçün çalışır, onların qayğısına qalır, dərdlərinə şərik olur və xalq üçün işləyir, ruhaniliyi ixlasla, paklıqla və Allah yolunda təbliğat aparır, danışır, çalışır, hamı düzgün etiqada sarı hərəkət edir, Allah yolunda dayanır və özünün inqilabçı kimliyini qoruyur.

Allaha şükür olsun ki, bu meyarlar bizim ölkəmizdə çox böyük həddə mövcuddur. Düzdür, bundan da yaxşı ola bilər və olmalıdır. Təkcə ABŞ yox, onun kimi on supergüc də olsa, beynəlxalq siyasət və mübarizə səhnəsində bu xüsusiyyətlərə malik olan, belə tələbəsi, belə taciri, belə ziyalısı, belə şagirdi, belə ruhanisi, belə hökuməti, belə imanı, belə duyğusu və səmimiyyəti olan bir ölkənin xalqının başından bir tük də əskildə bilməzlər.2


İxlas və fədakarlıq qələbəyə səbəb olur!

Allahın lütfü, xalqın mücahidliyi, imanı və ixlası sayəsində bütün dünyanın proqnozları səhv çıxdı. Allahın işi budur. Bunu kim etdi? Siz etdiniz? Kimsə deyə bilər ki, bunu mən etdim? Əsla! Bunu ümumi ixlas və mücahidlik etdi. Necə ki, İslam inqilabının qələbəsini heç kəs özünə aid etmir. İmamın şəxsiyyəti və rəhbərliyi dünyanın bugünkü və dünənki rəhbərlərinin heç biri ilə müqayisə olunası deyildi. Onun bizim üzərimizdə həqiqətən həyat haqqı vardır. Amma elə böyük imam heç zaman qələbəni özünə aid etmirdi. Əgər təhlil etsək, görərik ki, doğrudan da belədir. O, xalq üçün əlsində bir ilahi vasitə idi. Xalqın möhtəşəm hərəkəti, bu ixlas və fədakarlıq burada da qələbə yaratdı. Bunun özü Əfqanıstanda da yollar açmışdır, lakin siz yolun sonuna bir addım qalırsınız. Bu bir addım da elə atılmalıdır. Əgər bu bir addımda siyasətbazlıq və müxtəlif müdaxilələr baş versə, həmin addım atılmayacaq. Yüzlərlə çətin addımı bir göz qırpımında həll edən Allah həmin bir addımı on il saxlaya bilər. Allahın qüdrəti belədir. Bunun yolu da ixlasdır. Bu bir addım yolu da ixlasla, bağışla, birlik və qardaşlıqla keçin. Heç kəs hakimiyyət niyyəti ilə hərəkət etməsin, hamı Allah üçün hərəkət etsin, nə iş görmək istəyirlərsə, ilahi niyyət etsinlər. Əgər belə olsa, Allah-Taala həmin bir addımı ən gözəl şəkildə keçirəcək.1


İnsanın iradə və imanı hər bir silaha üstün gəlir!

Əziz livanlı gənclərin bu məclisdə iştirak etdiyinə görə bir cümlə demək istəyirəm:

Livanın müsəlman və möminləri insan iradəsinin və mömin imanının hər növ silah və sursata üstün gəldiyini sübut etdilər. İsrailin Beyrut yaxınlığına qədər irəlilədiyi bir neçə il öncəki təcavüzünün qarşısını alıb, onu geri çəkilməyə məcbur edən həmin gənclər və möminlər idilər. Livana hərbi qüvvə yeritmiş amerikalıları və fransalıları xiffət və xarlıq içində geri çəkilməyə vadar edən həmin mömin gənclər idilər. Bu, onların güclü texnikalarına görə baş vermədi. Bu gənclərin əlində heç bir maddi imkan yox idi. Bu, onların imanının nəticəsidir. Bu iman insana elə qüvvə və qüdrət bəxş edir ki, hər tərəfdən - yəni sionistlər, asılı marunilər və digərləri tərəfindən təzyiq altında qalan məhdud və məzlum bir qrup ABŞ-ı, Fransanı və sionistləri geri çəkilməyə vadar edir.

Bu gün Livan gənclərində həmin iman vardır. Yaxşı olar ki, Livana xətt və nişan cızan Avropa və Amerika hökumətləri Livanın mömin gənclərinin qüdrətini unutmasınlar. Biz əminik ki, bu iman və ixlas ruhu ilə İslam dünyası özünün itirdiyi izzətini yenidən bərpa edə biləcək.1


Sizin ixlaslı yazılarınız insanı mütəəssir edir!

Sizin yazılarınız ixlasdan doğduğuna görə insanı mütəəssir edir. Siz ixlası göstərən nə təqdim etsəniz, çox əhəmiyyətlidir. Əks təqdirdə, hamı fədakarlıq edir; təəssübkeşlik və ya özünü göstərmək üçün də fədakarlıq edir və ölüm təhlükəsi ilə üzləşirlər. Məsələn bir manevrdə təyyarəsini xalqın gözü önündə bir neçə dəfə fırladan bir pilotun əlli faiz aşmaq ehtimalı da var, amma o özünü göstərmək üçün bunu qəbul edir. Özlərini göstərmək üçün bundan artığını da edənlər var; məsələn bəziləri özlərinə od vururlar. Bunların dəyəri yoxdur. Lakin iş ixlaslı olduqda, yəni insan yalnız Allahdan ötrü və ilahi vəzifəsini yerinə yetirmək üçün bir iş gördükdə belə gözəl olur. Bu cəhətləri göstərmək və bu ruhiyyəni bizim tariximiz boyu davam etdirmək üçün çox çalışmaq, səkkizillik müharibədən də istifadə etmək lazımdır.2


Bu müharibədə ixlasdan, etiqaddan və bəndəlikdən başqa bizim heç bir şeyimiz yox idi!

Bu məsələ doğrudur ki, bu müharibədə ixlasdan, etiqaddan və bəndəlikdən başqa bizim heç bir şeyimiz yox idi. Yəni biz fəal gənclərimizdən imanı və ixlası alsaydıq, adlar və rütbələr heç bir iş görə bilməzdi. Korpusdan və Bəsicdən olan bir qrup gənc və bəzi ordu mənsubları həqiqətən ixlasla döyüşürdülər; yəni həqiqətən ürəkləri istəyirdi, məsuliyyət hiss edir və döyüşürdülər. Bəzən ön, yaxud arxa cəbhədə bir milyon bir neçə yüz min nəfər silahlı qüvvəmiz olurdu. Əgər biz onlardan həmin məsuliyyət hissini və iman qüvvəsini alsaydıq, heç bir şey qalmaz və heç bir iş görə bilməzdilər. Bunu qorumalıyıq.

Sizinlə əlaqədə olan tələbələr hərbi dərsdən əlavə sizdən bəndəlik, zikr, Allahı xatırlamaq, Ona təzim etmək, təqva və günahlardan çəkinmək dərsini də öyrənməlidirlər. Bu isə yalnız başda duran sizlərin müəyyən həddə - deyə bilmərəm ki, kamil şəkildə, çünki bu mənə uyğun söz deyil və özüm nöqsanlıyam - bu məsələlərə riayət etmənizlə və Allah-Taalanın sizə kömək etməsi ilə mümkündür. Sizin bu briqadanız, onun qərargahı və sıravi üzvləri müstəhəb işlərlə, Allaha diqqətlə, zikrlə, ibadət, təqva və dindarlıqla tanınmalıdırlar.1
İxlas və Allahla mənəvi əlaqə - imamın uğrunun ən mühüm sirri

Mənim fikrimcə, onun uğrunun ən mühüm və təyinedici sirri ixlas, Allaha diqqət və Onunla mənəvi əlaqə idi. O, "yalnız səndən kömək istəyirik" ayəsini öz əməlində təcəssüm etdirib ilahi qüdrətin tükənməz mənbəyinə birləşə bildi. Kiçik və zəif bir insan və balaca bir qab özünü tükənməz okeana birləşdirəndə daha heç bir amil ona üstün gələ bilməz. Hansı insan həmin işi görsə, elə olar. Təbii ki, insanlar asanlıqla bu işi görə bilməzlər, amma o bacardı və etdi. Biz də öz həddimizdə buna çalışmalıyıq. Böyüklər zirvədə dururlar, biz də yamaclarda hərəkət edib onlara sarı irəliləməliyik. Biz həmin zirvələrə çata bilməsək də, hər halda hərəkət etmək və getmək hamının borcudur.2


Biz Əmirəlmömininin (ə) ixlasından dərs götürməliyik!

Biz böyük İslam inqilabı dövründə o ixlası xalqımızın həyatında gözümüzlə gördük və bəlli hadisələr baş verdi. Bizim böyük imamımız bu ixlasın timsalı idi. O, bütün dünyanı İslam qarşısında kiçiltdi və İslam düşmənlərini geri çəkilməyə vadar etdi. Bu gün də İran xalqı, qadın və kişilər, müxtəlif təbəqələr, məmurlar, xüsusən də yüksək rütbəli məmurlar bu əmanəti mənzil başına çatdırmaq üçün həmin ixlasa ehtiyaclıdırlar.

Nəhcül-bəlağədə nəql olunana əsasən, Əmirəlmöminin (ə) buyurmuşdur: "Biz Allahın rəsulu ilə birgə atalarımıza, övladlarımıza, qardaşlarımıza və əmilərimizə qarşı vuruşurduq və bu mübarizə bizim imanımızı, (Allah qarşısında) təslimçiliyimizi, dərdlər qarşısında səbrimizi və düşmən qarşısında fəallığımızı artırırdı".3 İxlasla öz adamlarımıza və yaxınlarımıza qarşı dayanır və Allah üçün mübarizə aparırdıq. "Allah bizim doğruluğumuzu görəndə düşmənlərimizə xarlıq və zillət, bizə isə qələbə nazil etdi"4. Yəni biz Allah yolunda ixlasla və sədaqətlə çalışdıqda Allah-Taala bunu gördü, bizim düşmənimizi məğlub və bizi qalib etdi. Sonra buyurur ki, əgər belə olmasaydı, bu işlər görülməzdi, imanın bir budağı göyərməz və dinin bir təməli qalmazdı. Həmin müsəlmanların ixlası və sədaqəti sayəsində bu nailiyyətlər əldə olundu və İslam cəmiyyəti yarandı. İslam mədəniyyəti və bugünkü böyük tarixi hərəkət də elədir. Bizim xalqımız və bütün dünya müsəlmanları, bu gün İraq xalqı, onun öncülləri, həmçinin dünyanın hər hansı bir tərəfində İslam adı ilə danışan digər xalqlar Əli ibn Əbu Talibdən (ə) bu dərsi öyrənməlidirlər.5


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə