Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elmlər seriyası



Yüklə 104,02 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü104,02 Kb.
#1719


 46

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

Sosial-siyasi elmlər seriyası 

 

  2010 

 

 

 

 

 

FƏLSƏFƏ 

 

ÖZGƏLƏŞMƏNİN SOSİAL-FƏLSƏFİ MAHİYYƏTİNƏ DAİR 



 

Z.C.HACIYEV, Y.M.ƏLİYEV 

Bakı Dövlət Universiteti 

z.haciyev45@mail.ru 

 

Məqalə özgələşmənin sosial-fəlsəfi mahiyyətinin araşdırılmasına həsr olunmuşdur. 



Burada özgələşmə təkcə xüsusi mülkiyyət ilə deyil, həm də ictimai əmək bölgüsü ilə sıx bağlı 

olan problem kimi götürülür, bu səpkidə ona marksist yanaşmanın nöqsanlılığı vurğulanır. 

Müasir dövrdə ictimai həyatın müxtəlif sferalarında özgələşməni yaradan səbəblərin və 

onun təzahür formalarının açıqlanmasına xüsusi diqqət yetirilir.  

Son illərdə ölkəmizdə  həyata keçirilən dərin islahatların özgələşmənin kəskinliyinin 

aşağı salınması və yumşaldılması üçün böyük əhəmiyyəti təhlil olunur. 

 

Marksizm tərəfindən sinfi yanaşma metodologiyasının rolunun şişirdilməsi, 



ideoloji təzyiq və ehkamçılığın tətbiqi, digər sosial hadisələrin tədqiqində olduğu 

kimi, özgələşmənin mahiyyətinin araşdırılmasında da ciddi nöqsanlara gətirib çıxar-

mışdı. Buna görə  də, həmin problemin müasir sosial idrak və praktik baxımından 

hərtərəfli və adekvat nəzəri mənalandırılması son dərəcə aktual görünür. İnsan 

fəaliyyətinin bütün sahələri kimi sosial fəaliyyət də özgələşmə ilə ayrılmaz  əlaqədə 

çıxış etdiyindən, onun bu səpkidə təhlil olunması elmi baxımdan mühüm əhəmiyyətə 

malikdir. Digər tərəfdən, universal xarakterli sosial fenomen olan özgələşmənin müx-

təlif formaları insanın, sözün əsl mənasında, götürülən hərtərəfli inkişafına, həqiqi 

yaradıcı şəxsiyyət kimi özünü reallaşdırılmasına maneçilik yaradan amillərdən olduğu 

üçün, onun araşdırılması bu prosesin mənfi təsirinin yumşaldılmasına kömək edə 

biləcək yolların və vasitələrin axtarılıb tapılmasına praktiki fayda gətirə bilər.  

Sözügedən problem öz məzmunu etibarilə mürəkkəb çoxsəviyyəli və çoxcəhətli 

xarakter daşıdığından, bir jurnal məqaləsi çərçivəsində onun bütün çalarlarını mü-

fəssəl nəzərdən keçirmək qeyri-mümkündür. Odur ki, bu yazıda əsas diqqət özgələş-

mənin müasir cəmiyyətin sosial həyatında təzahürü formalarının təhlilinə, onun ara-

dan qaldırılması və perspektivi ilə bağlı məsələlərin açıqlanmasına yönəldilir. Əlbəttə

problemi araşdırmağın məntiqinin tələb etdiyi səviyyədə digər məsələlərə  də yeri 

gəldikcə toxunulur.  

Hər şeydən əvvəl, qeyd olunmalıdır ki, özgələşmənin nəzəri səpkisi ilə əlaqədar 

fəlsəfi fikir tarixində hələ əvvəllər də bir sıra maraqlı fikirlər söylənsə də, bu anlayışın 

konseptual təliminin yaradılması XVII-XVIII əsrlərdən etibarən (T.Hobbs, J.Russo, 

F.Şiller və başqaları) özünü göstərmişdir. Həmin mütəfəkkirlərin yaradıcılığında 




 47

özgələşmənin siyasi idarəçilik orqanı olan dövlətin yaranması  və  əmək bölgüsü ilə 

bağlı  tərəfləri araşdırılmışdır.  İlk dəfə olaraq klassik alman fəlsəfəsində özgələşmə 

özünün daha geniş izahını tapmışdır. Xüsusilə  də  İ.G.Hegel özgələşmənin məna 

hüdudlarını genişləndirərək, onu mənəviyyata və şüura da aid etmişdir. Onun fikrincə, 

şüurun təşəkkülü prosesində Mütləq İdeya, dövlət, din, incəsənət və sair formalarda 

özgələşir. Hegelin «substansiya-subyekt» təliminə görə özgələşmə prosesində insan, 

yaratdığı reallaşdırılmış gerçəkliyi özündən ayırır və ona münasibətdə öz «Mən»inin 

tam müstəqilliyini saxlayır. Özgələşmə bir neçə  mərhələdən keçir, birincisi, ruhun 

qəlb və can tərəfindən inkarı ilə başlayır, sonuncu pillə isə subyektin mənlik şüurunun 

ən yüksək səviyyədə özgələşməsini ifadə edir (2, 166). 

Özgələşməni geniş planda araşdıran mütəfəkkirlərdən biri K.Marks olmuşdur. 

Onun sosial konsepsiyasında bu anlayış kapitalist xüsusi mülkiyyəti, ictimai əmək 

bölgüsü ilə ayrılmaz əlaqədə götürülür. Onun fikrincə, xüsusi mülkiyyət özgələşmiş 

xarakterli ictimai əmək bölgüsünün nəticəsi olmaqla, eyni zamanda özgələşməni 

davam etdirmə və reallaşdırma vasitəsi kimi çıxış edir. K.Marksa görə kapitalizmdə 

əməyin məcburi xarakter daşıması üzündən, işçi özünün əsl insani mahiyyətini real-

laşdıra və yaradıcılığa olan tələbatını ödəyə bilmir. Buna görə də, o, əməyə ikrahla, 

özünə yad bir şey kimi yanaşır.  Əmək fəaliyyəti kapitalizm şəraitində insanın 

mahiyyət qüvvələrinin reallaşmasına mane olur. Bütövlükdə, cəmiyyət işçiyə yad 

sosial forma alır. K.Marks özgələşmənin aradan qaldırılması perspektivini isə işçilərin 

əməyə münasibətinin  əsaslı surətdə  dəyişdirilməsi, insanın və istehsalın humanist 

təbiətinin bərqərar olması ilə bağlayırdı (6, 42, 96). 

Kapitalizmdə özgələşmənin mahiyyəti və  təzahür formaları haqqında marksist 

təlimin bir sıra müddəaları indi də öz aktuallığını saxlayır. Bunlar daha çox 

özgələşmə  nəticəsində  işçinin  əməyinin və  əmək  şəraitinin ağırlaşması,  əməyinin 

nəticələrinin ondan uzaq düşməsi, sosial institutların fəaliyyəti və sosial davranış 

etalonlarının fərd tərəfindən yad kimi qiymətləndirilməsi, cəmiyyət üzvlərinin 

ideoloji manipulyasiyası və ideologiyanın özgələşməsi ilə bağlı məsələlərə aiddir. 

Özgələşmənin mahiyyəti və məzmununa dair müasir elmi ədəbiyyatda müxtəlif 

rəylər söylənilir. Bu barədə geniş yayılan fikirlərdən biri onu cəmiyyətin həyat 

fəaliyyətinin bütün tərəflərini əhatə edən və insanın mahiyyəti ilə onun mövcudluğu 

arasında uyğunsuzluqda, subyektin özü ilə  təbiəti arasında ayrılıqda, predmetləşmiş 

formalarda çıxış edən qabiliyyəti üzərində nəzarətin itirilməsində, sonuncuların onun 

üçün yad qüvvəyə çevrilməsində ifadə olunan proses kimi səciyyələndirir. MDB 

ölkələrinin fəlsəfi fikrində postindustrial cəmiyyətin problemlərinin təhlilinə (o cüm-

lədən də özgələşmənin) son iyirmi ildə başlanılmışdır. Burada bəzən yeni cəmiyyətdə 

guya özgələşmənin olmadığı haqqında rəylərin səslənməsinə baxmayaraq, əksər 

tədqiqatçılar belə mövqedən çıxış edirlər ki, özgələşmə ümumsosioloji fenomen 

olduğu üçün, o müasir cəmiyyətdə tamamilə aradan qalxmır, bir çox cəhətdən yeni 

formada qalır (5, 59). 

Hazırda filosof və mütəfəkkirlərin yaradıcılığında özgələşmənin nəzəri tədqiqi 

genişləndikcə, bu anlayışın konseptual təlimi formalaşmaqdadır. Bu prosesin ən 

qabarıq təzahürünü özgələşmənin  əvvəlki dövrlərdə olduğundan geniş, hərtərəfli və 

xeyli dərəcədə  dəqiq tərifinin verilməsində  yəqin etmək olar. Bu yönümdə  əldə 

olunmuş nailiyyətləri ümumiləşdirərək, məşhur rus filosofu P.V.Alekseyev sözüge-

dən anlayışa aşağıdakı kimi tərif verir: «Özgələşmə, insan fəaliyyətinin nəticələrinin, 



 48

eləcə də onun xassələri və qabiliyyətlərinin insana nə isə yad olan və onun üzərində 

ağalıq edən qüvvəyə çevrilməsi deməkdir» (1, s.201). 

Bu tərifdə yenilik məqamı, fikrimizcə, bundan ibarətdir ki, keçmiş  fəlsəfi 

ədəbiyyatda özgələşmə bir qayda olaraq yalnız insanın fəaliyyət məhsullarının ona 

münasibətdə yadlaşması kimi məhdud mənada səciyyələndirilirdi,  insanın xassə  və 

qabiliyyətlərinin özgələşməsi bu fenomenin çox mühüm tərəfləri kimi lazımi 

dərəcədə qiymətləndirilmirdi.  

Müasir cəmiiyyətdə özgələşmənin sosial-fəlsəfi səciyyəsini verərkən, hər 

şeydən əvvəl, belə bir məqamı vurğulamaq lazımdır: bu fenomenin hazırkı vəziyyəti 

və ifadə formaları öz mahiyyəti etibarilə keçmiş dövrlərdə olduğu ilə ümumi varislik 

əlaqələrinə malikdir və bir növ onun özünəməxsus davamı kimi çıxış edir.  

Özgələşmənin fəlsəfi təhlili sübut edir ki, o daha çox insanın fəaliyyət po-

tensialı  və gerçəkləşməmiş imkanları ilə real həyatda mövcud olan strukturlar və 

ictimai formalar arasında baş verən ayrılıq və uzaqlaşmada üzə çıxır. Bu, insanın elə 

bir sosial və psixoloji vəziyyəti deməkdir ki, o özünün yaradıcılıq qabiliyyətlərini 

həyata keçirə bilmir, bir növ sosial fəallıqdan məhrum olur. Özgələşmə insanın həyat 

fəaliyyətinin bütün sahələri ilə yanaşı, onun daxili mənəvi aləmi,  şüuru və psixi-

kasında  da təzahür edir. Sonuncu formada çıxış edən özgələşmə daha təhlükəlidir, 

çünki, fərdin ümid və arzuları ilə mövcud cəmiyyətin mənəvi-əxlaqi standartları  və 

normaları arasında kəskin uyğunsuzluğu göstərir. Belə  vəziyyətdə subyekt, 

sonuncuları özünə yad və düşmən kimi qəbul etdiyindən, onda mənəvi tənəzzül baş 

verir, tənhalıq, ümidsizlik və kimsəsizlik hissi güclənir.  

XX əsr və XXI əsrin ötən onilliyi ictimai həyatın sosial təşkili formalarında bir 

çox  əsaslı yeniliklərin yaranması ilə  səciyyələnir. Onları öz məzmununa və öz-

gələşməyə təsiri baxımından iki yerə ayırmaq olar: birinci qruppa, fikrimizcə, insanın 

və  cəmiyyətin sərəncamında olan məhsuldar qüvvələrin sürətli artımı  və inkişafı, 

elmi-texniki  tərəqqi, EHM-in, yeni texnologiyaların geniş miqyaslı tətbiqi, insanların 

dünyagörüşü,  şüuru və  mədəni səviyyəsində baş verən irəliləyişləri aid etmək olar. 

Bunlar bütöv bir tam kimi götürüldükdə, insanın mahiyyət qüvvələrinin reallaş-

masında misilsiz imkanlar yaradır və bu baxımdan özgələşməni aradan qaldırmaq 

üçün  şərait formalaşdırır. Bu qrupdan olan yeni meyllər sırasında ictimai həyatda 

biliyin və informasiya texnologiyalarının rolunun sürətlə artması xüsusi qeyd 

olunmalıdır. Hazırda müxtəlif növlü biliklər və informasiya, ictimai tərəqqinin  əsas 

amilinə çevrilməkdədir. Bunun nəticəsidir ki, həmin göstəricilərə daha çox malik olan 

ölkələr dünyada dominant mövqe tuturlar. Bu ölkələrdə  məhsul istehsalı ilə yanaşı, 

müxtəlif xidmət növlərinin yaradılması getdikcə daha çox yer alır, xüsusi mülkiyyətin 

və mülkiyyət sahiblərinin təsir dairəsi sürətlə genişlənir, cəmiyyətdə institusional 

sistemlər əsaslı surətdə yeniləşir, informatizasiyanın, robotlaşma və avtomatlaşmanın 

tətbiqi hərtərəfli miqyas alır, mübadilə sferasında, dəyərlər ilə bağlı münasibətlərdə 

bir çox yeniliklər müşahidə olunur, yeni mülkiyyət forması – informasiya mülkiyyəti 

yaranır və  onu əldə etmək imkanları genişlənir (3, 7). 

   Bütün  bunların nəticəsində  cəmiyyət elə bir sosial orqanizmə çevrilir ki, 

burada sosial həyatı maddi nemətlər üzərində mülkiyyətin miqdarından daha çox 

informasiya və bilik üzərində geniş  əməliyyatlar aparmaq qabiliyyəti ilə ölçülür. 

Nəticədə cəmiyyətdə intellektuallar təbəqəsinin sayı durmadan artır. 

İkinci qrup hadisələr isə öz məzmununa görə tam əks istiqamətdə olmaqla, 

müasir insanın sosial həyatdan özgələşməsinə stimullaşdırıcı  təsir göstərir. Onların 




 49

sırasında totalitar rejimlərin törətdiyi geniş miqyaslı  qətllər, birinci və ikinci dünya 

müharibələrinin yaratdığı böyük faciələr, kütləvi qırğın silahlarının daim çoxalması, 

qlobal problemlərin daha kəskin formalar alması, ekoloji təhlükənin artması və s. əsas 

yeri tutur. Bu qəbildən olan hadisələr özgələşmənin müxtəlif formalarına  əlverişli 

mühit yaradır və qida verir.  

Müasir cəmiyyətdə özgələşməni  şərtləndirən amillərdən və  səbəblərdən danı-

şarkən, bunu da qeyd etmək vacibdir ki, yuxarıda göstərilən birinci qrupa aid pro-

seslərin özü də bəşəriyyətin maddi imkanlarını artırmaqla  əməyin məzmununu yün-

gülləşdirməklə yanaşı, ciddi neqativ dəyişiklikləri də  şərtləndirir. Məsələn,  əməyin 

konveyer formalarının və avtomatlaşmanın geniş miqyaslı  tətbiqi, işçinin hərtərəfli 

inkişafına mane olur, onu bir növ bütün tapşırıqları mexaniki surətdə yerinə yetirən 

robota çevirir, yaradıcılığını ciddi surətdə  zəiflədir. Eynilə  də kompyuterlərin  əmək 

və məişət həyatına dərindən nüfuz etməsi nəticəsində yaranan psixoloji gərginlik və 

streslər, kütləvi informasiya vasitələrində çoxmənalı xarakter daşıyan və  bəzən də 

qərəzli olan məlumatların yerləşdirilməsi, televiziya ekranlarında narkomaniya, 

zorakılıq, ölüm və parnoqrafiya ilə bağlı verilişlərin geniş yer tutması, insanın  əsl 

yaradıcılıq mahiyyətinin və mədəniyyətinin inkişafına mane olur, ona yad mədəniyyət 

ünsürləri təlqin edir. Nəticə etibarilə bütövlükdə  cəmiyyətdə yalançı  və  təhrif olun-

muş maddi və  mənəvi tələbatlar sistemi formalaşdırır, fərdi təfəkkür özünə-

məxsusluğunu aradan qaldırır, düşüncə  tərzini standartlaşdırır və vahid qəlibə salır. 

Bütün bunlar və digər neqativ hadisələr insanda qorxu hissini artırır, onun 

kimsəsizliyi və  tənhalığı haqqında təsəvvürlərini gücləndirir, özünün, yaşadığı 

cəmiyyətin və bütövlükdə bəşəriyyətin taleyi ilə bağlı təhlükə və ümidsizliyi çoxaldır. 

Həm də qeyd olunmalıdır ki, müasir dövrdə ölkə daxilində və beynəlxalq miqyasda 

baş verən ciddi dəyişikliklər, özgələşmənin məzmununda yeniliklər yaradır. Nəticədə 

o, prinsipcə yeni mahiyyət və spesifik ifadə formaları alır. Bu baxımdan yuxarıda 

qeyd olunan informasiya-kommunikasiya texnologiyalarının tətbiqi miqyasının geniş-

lənməsi daha səciyyəvidir. Həmin proses intensivləşdikcə, sosial fəaliyyətdə elmi 

yeniliklərin və biliyin rolu çoxaldıqca, onlardan real istifadəolunma göstəricilərinə 

görə  əhalinin geniş kütləsi ilə seçilmiş müəyyən qrup adamlar (elit) arasında uy-

ğunsuzluqların artması, sosial özgələşməyə sürətləndirici təsir göstərir. Bu gün 

istifadə olunan informasiya texnologiyaları insan fəaliyyətinin  əvvəllərdə  məlum 

olmayan, prinsipcə yeni və çox şaxələnmiş sahələrini yaratdığından, subyektin 

şəxsiyyət kimi öz mahiyyətini tam bütövlüyü  ilə reallaşdıra bilməsi çətinləşir.  

Bununla əlaqədar belə bir cəhətə də diqqət yetirilməlidir ki, müasir cəmiyyətdə 

genişlənməkdə olan informasiya qarşılıqlı  təsiri prosesləri sözün əsl mənasında 

ziddiyyətli xarakter daşıyır. Belə ki, onlar bir tərəfdən informasiyanın özgələşməsini 

(yəni onun şəxssiz surətdə mövcud olan predmet kimi ifadə olunmasını) şərtləndirir, 

digər tərəfdən, özgələşmə informasion əlaqələrin və qarşılıqlı  təsirin təkrar isteh-

salının zəruri şərti kimi çıxış edir.  

Deyilənlərlə yanaşı, cəmiyyətimizin yaşadığı müasir dövrdə insana təsir edən 

amillərin, bilik və informasiya axınının sayının durmadan artması (o cümlədən də, 

neqativ yönümlü), çox vaxt onun öz yaradıcı qabiliyyətlərini reallaşdırması yolunda 

müəyyən  əngəllər yaradır, nəticədə onun mövcud sosial strukturlardan və idarəçilik 

orqanlarının fəaliyyətindən narazılığı güclənir. Cəmiyyətdə özünü göstərən bəzi 

vəzifəli şəxslərin öz mövqeyindən sui-istifadə etmə halları, qohumbazlıq, rüşvətxor-

luq, korrupsiya və digər neqativ hərəkətlər, bu prosesə əlverişli qida verir. Nəticədə 




 50

şəxsiyyətin öz fərdi mühitinə qapanması və tənhalığı artır, cəmiyyətin sosial və siyasi 

institutları sisteminə biganə münasibəti formalaşır, bütün bunlar da özgələşməyə 

gücləndirici təsir göstərir.  

Müasir cəmiyyətdə özgələşməni  şərtləndirən çoxsaylı amillər kompleksinin 

xeyli qismi (əməyin məzmunu və  şəraitində özünü göstərən ciddi neqativ tərəflər, 

totalitarizmdən miras qalmış  ağır nəticələr, mülkiyyətin dövlətin inhisarında olması 

nəticəsində əhalinin əksəriyyətinin ondan özgələşməsi, siyasi həyatda plüralizmə yol 

verilməməsi,  əksəriyyətinin ondan özgələşməsi, siyasi həyatda plüralizmə yol veril-

məməsi, sosial sahədə, təhsil və təbabətdə avtoritar rejimin törətdiyi ağır nəticələr və 

s. aradan qalxmışdır. Ölkəmizin iqtisadi, siyasi və  mənəvi həyatında, insanların 

mədəniyyəti, dünyagörüşü və  şüurunda, bütövlükdə  əxlaqında və daxili aləmində 

mütərəqqi irəliləyişlər baş verdikcə, bu meyl daha da güclənməkdədir. Lakin yuxarıda 

qeyd olunanlar heç də o demək deyildir ki, indi cəmiyyətdə özgələşmə yoxdur, o, 

təkrar istehsal olunmur. Belə yanaşma sadəlövhlük olardı, çünki hazırda özgələşməni 

şərtləndirən əsas ümumsosioloji şərtlər (ictimai əmək bölgüsü, fərdlərin maraqları ilə 

bütövlükdə  cəmiyyətin maraqlarının fərqliliyi və s.) qalmaqda davam edir və onlar 

ictimai həyatın müxtəlif sahələrində  və idarəçilikdə özünü göstərən subyektiv 

əyintilər ilə  vəhdətdə  çıxış edərək özgələşmə üçün əlverişli zəmin yaradır. Bu 

məsələdən danışarkən, müasir dövrdə bütünlükdə dünya miqyasında baş verən əsaslı 

dəyişikliklərin – ölkələr arasında iqtisadi, siyasi və  mədəni  əməkdaşlığın möhkəm-

lənməsi, qarşılıqlı asılılığın və inteqrasiya proseslərinin sürətlənməsi, qloballaşmanın 

törətdiyi müxtəlif istiqamətli nəticələr, vahid dünya informasiya məkanının 

formalaşması gedişində yaşayış yerindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinin 

intellektual və  məlumat alma səviyyəsinin qeyri-adi dərəcədə çoxalması, bir sözlə, 

bəşəriyyətin və sivilizasiyanın ümumi taleliliyinin formalaşması və sair istiqamətlərdə 

olan böyük dəyişiliklərin də çox mühüm rolu qeyd edilməlidir. Doğrudur, yuxarıda 

göstərilənlər müasir insanın həyat fəaliyətinin bütün sahələrinin səmərəli təşkil 

olunması  və yüngülləşməsi baxımından böyük irəliləyişlər törədir, lakin bununla 

yanaşı onlar, həm də özgələşmənin qlobal miqyas almasına və genişlənməsinə  də 

şərait yaradır. Həm də  nəzərdə tutulmalıdır ki, müasir dövrdə gedən qloballaşma 

prosesi, vahid informasiya məkanının təşəkkülü, sosial özgələşmənin bir ölkə və re-

gion çərçivəsi ilə  məhdudlaşmayaraq, universal beynəlxalq miqyas almasına gətirib 

çıxarır. Bu isə o deməkdir ki, sosial özgələşməni doğuran səbəbləri təhlil etmək 

əsasında onun zəifləməsi istiqamətində addımlar atmaq, ümumi qlobal vəzifəyə 

çevrilməkdədir. Deyilənlərə onu da əlavə etmək lazımdır ki, müasir ictimai inkişafda 

iqtisadi və elmi-texniki tərəqqi getdikcə daha çox antropoloji, humanist səmtə yönəl-

diyindən, cəmiyyətin həyat fəaliyyətində insan ölçülərinin, elmin və  mədəniyyətin 

təsir dairəsi genişləndiyindən, bu sahələrdə özgələşmənin nisbətən kəskin formalarını 

aradan qaldırmaq və yumşaltmaq vacib olur.  

Konkret yanaşdıqda müasir cəmiyyətdə sosial özgələşmə bir çox növləri əhatə 

edir ki, onların sırasında aşağıdakılar xüsusi yer tutur: əmək  şəraitindən və  əməyin 

nəticələrinin bölgüsü sistemi üzündən sosial nemətlərdən özgələşmə, cəmiyyətin 

sərəncamında olan ictimai sərvətlərin bölünməsində qeyri-bərabərlik, istehlakçılıq və 

maliyyə fetişizmi nəticəsində yaranır; siyasi özgələşmə (dövlətdən, siyasi partiya-

lardan, ictimai təşkilatlar və hərəkatlardan özgələşmə kimi çıxış edir); mənəvi özgə-

ləşmə (elmdən, təhsil və tərbiyə sistemindən özgələşmə; insanlar arasında sosial əlaqə 

və münasibətlərdə özgələşmə (millətçilik,  şovinizm, irqçilik, dini dözümsüzlük); 




 51

mədəni sferada özgələşmə (mədəni dəyərlərə biganə münasibət); cəmiyyət-təbiət 

münasibətlərində təzahür  edən ekoloji özgələşmə. 

Keçmiş dövrlərdə olduğu kimi, indiki cəmiyyətdə  də özgələşmə birinci növ-

bədə iqtisadi həyatda təzahür edir. O, burada maddi istehsalın hər iki yarımsistemində 

(ictimai-iqtisadi münasibətlər sistemində və texniki-texnoloji sahədə) özünü göstərir. 

Qeyd olunan hər iki istiqamət bir-biri ilə qarşılıqlı təsirdə və vəhdətdə çıxış edərək, 

özgələşmənin digər formaları və növlərinə güclü təsir göstərir.  

Cəmiyyətin iqtisadi sferasında özgələşmə özünün ən qabarıq  ifadəsini insan-

ların  əmək fəaliyyətində, onun nəticələrinin bölünməsində  və ümumilikdə  əmək 

şəraitində tapır. Bu sahələrdə baş verən özgələşməni törədən çoxsaylı amillər 

kompleksi mövcuddur. Onların sırasında bazar münasibətləri və  sərbəst rəqabət 

xüsusi yer tutur. Qeyd olunan şəraitdə insanların qabiliyyətləri onların istehsal etdiyi 

məhsullarda  şəxssiz formada təcəssüm olunduğundan, özləri üzərində  nəzarət edən 

yad qüvvə kimi çıxış edir. Belə istehsal və  təkrar istehsal prosesi davam etdikcə, 

insanlar arasındakı iqtisadi əlaqə və münasibətlər də getdikcə daha çox şəxssizləşmiş 

dəyərlər mübadiləsi forması alır. Nəticədə insanın əməyi ilə yaradılan əşyalar aləmi, 

əməyə yad olan və onun üzərində ağalıq edən qüvvəyə çevrilir (8, 54). 

Bazar şəraitində istehsalçı ilə alıcı, ümumi əmək bölgüsü prosesinə özünəməx-

sus  şəkildə daxil olur: onlar, xüsusilə  də birinci tərəf, öz tələbatlarını ödəmək üçün 

(həm də özünü şəxsiyyət kimi təkrar istehsal etmək naminə) qabiliyyətlərini bazar 

sövdələşmələrində əmtəə (məhsul) kimi satmalı olur. Bu vəziyyətdə özgələşməni şərt-

ləndirən başlıca amil odur ki, işçinin hətta öz-özünə münasibəti də onun qabiliy-

yətlərindən keçərək reallaşır, bu qabiliyyətin nə  dərəcədə  gərəkli və qiymətli oldu-

ğunu isə  məhz bazar mexanizmi diktə edir. istehsalçının  əmək prosesində yaratdığı 

məhsulun ondan ayrı düşməsi nəticəsində onda öz qabiliyyətlərinə, öz-özünə və bü-

tövlükdə  əmək fəaliyyətinə sözün müəyyən mənasında özgələşmiş münasibəti güc-

ləndirir. Nəticədə insanın başlıca sosial səciyyələri və keyfiyyətləri də bir növ ondan 

kənar xarakter alır, onun şəxsi göstəriciləri ilə deyil, müəyyən  şəraitlə, təsadüflərlə, 

əmlak, senzi bu və ya digər sosial qrupa mənsubiyyəti ilə müəyyən olunur, deməli on-

lar insana kənardan, anonim qüvvələr tərəfindən təhrik olunur. Beləliklə  də,  şəx-

siyyət, onun fərdiyyəti ilə əlaqəli olmayan rolları yerinə yetirməli olur (4, 147-149).  

Müasir insanın  əmək prosesində özgələşməsinə  həm də texniki tərəqqi, yeni 

texnologiyaların tətbiqi miqyasının genişlənməsi, robotlaşma və avtomatlaşma da 

əhəmiyyətli təsir göstərir. Belə  şəraitdə insan maşının  əlavəsinə,  şüursuz texnikanın 

şüurlu vasitəsinə çevrilir. Öz mahiyyəti etibarilə subyekt-obyekt münasibətləri sanki 

yerlərini dəyişir: texnoloji prosesin subyekti olan insan, onun obyektinə, yəni maşının 

adi texniki əlavəsinə çevrilir. Maşın insana deyil, insan maşina uyğunlaşır, o, maşın-

orqanizmin hərəkət tempi və hüdudları daxilində fəaliyyət göstərməli olur.  

Qeyd olunmalıdır ki, texniki və texnoloji səpkidə özünü göstərən özgələşmə 

həm də buna görə təhlükə yaradır ki, o, təkcə öz hüdudları daxilində təsir göstərmir, 

bu çərçivəni aşaraq sosial münasibətlər sferasında da özünəməxsus şəkildə nüfuz edə 

bilir. Belə ki, maksimum qazanc və  gəlir  əldə etmək, bir çox hallarda işçinin  əsl 

məqsədi və amalına çevrildiyindən, istehsalçını öz əməyi, onun xarakteri şəraiti və 

məzmunu o qədər də maraqlandırmır, bütövlükdə  əməyə etinasızlıq və biganəlik 

özünü göstərir. İşçini əmək şəraiti və peşə yüksəlişi deyil, yüksək əmək haqqı almaq, 

daha çox düşündürür. Belə özgələşmə istehsalçılar arasındakı münasibətlərə dərindən 

nüfuz edir, lakin onun təsiri təkcə bununla bitmir, həm də sosial həyata öz müvafiq 




 52

möhrünü vurur: əhalinin sosial vəziyyətə görə  təbəqələşməsini və qütbləşməsini, 

varlılar isə yoxsullar arasındakı uçurumu daha da dərinləşdirir.  

Bilavasitə  əmək şəraitinə  gəlincə özgələşmə bunda təzahür edir ki, işçini nor-

mal əmək şəraiti, onun müddəti, sanitar-gigiyenik şəraiti o qədər də maraqlandırmır, 

işçizlik mövcud olduğundan, o əməklə məşğul olmaq və müəyyən gəlir-əmək haqqı 

almaq üçün hər cür əmək şəraiti ilə razılaşmalı olur, əks təqdirdə o iş yerini itirmək 

təhlükəsi ilə, ailəsini və övladlarını yaşayış vasitəsindən,  əmək haqqından məhrum 

etmək qorxusu ilə üzləşir. İqtisadi həyatda özgələşmə həm də işçinin istehsalın idarə 

olunmasında, idarəçilik qərarlarının qəbulunda iştirak etməməsində  təzahür edir. 

Bundan  əlavə  işə götürənlər  əksər hallarda işçilərlə  rəsmi müyqavilə bağlamamağa 

çalışırlar (bu əmək fonduna mıvafiq ayırmaları ödəməmək, sosial sığortadan yaxa 

qurtarmaq və s. məqsəd güdür). Bu daha çox xırda və orta səviyyəli müəssisələrdə baş 

verir. Nəticədə sosial nemətlərdən özgələşmə özünü göstərir. Belə müəssisələrdə 

çalışanlar çox vaxt əsas sosial proqramlardan kənarda qalır, yəni onun üçün pensiya 

və sosial müdafiə  təminatı yaradılmır, qocaldıqda və  əmək qabiliyyətini itirdikdə 

müavinət almır, beləliklə də ciddi çətinliklər ilə üzləşir.  

Müasir dövrdə özgələşmə  həm də insanlar arasında sosial təbəqələrin və mü-

nasibətlərin istehsalı və təkrar istehsalında üzə çıxır. Bu sferada özgələşmə müxtəlif 

sosial birlik növlərinə  məxsus olan insanların bir-birinə yadlaşmasında, daha çox 

sosial-etnik münasibətlərdə özünü göstərir. XX əsrin sonlarından etibarən milli-etnik 

münasibətlərdə baş verən renessans və yüksəliş, özü ilə  həm də müəyyən neqativ 

cəhətləri (millətlərarası münaqişələr, millətçilik, milli şovinizm, milli əlahiddəlik və 

s.) yaratdı ki, bu da sözügedən sahədə özgələşməyə stimullaşdırıcı təsir göstərir.    

Özgələşmə müasir cəmiyyətin siyasi həyatında da təzahür edir. Doğrudur, ha-

zırda siyasi sferanın ardıcıl surətdə demokratikləşdirilməsi, siyasi fəaliyyətdə plu-

ralizmin cəmiyyətin geniş  təbəqələrinin siyasətdə  fəal iştirakını  və siyasi fəallığını 

gücləndirir.  Bununla birlikdə müasir siyasi münasibətlər sistemində özünü göstərən 

qüsurlar,  əhalinin siyasi mədəniyyətinin zəif olması  və sair amillər nəticəsində  cə-

miyyət üzvlərinin heç də hamısı siyasi hakimiyyət mexanizminə, siyasi idarəçiliyə və 

siyasi fəaliyyətə tam dolğunluğu ilə qovuşa bilmir. Bütün bunlar isə onların müəyyən 

hissəsində siyasi süstlük və laqeydlik mövqeyinin qərarlaşmasına, bir sözlə siyasi 

özgələşməyə  gətirib çıxarır. Özgələşmənin sosial həyatda ifadə formaları  şurasında 

mənəvi sfera-elm, təhsil, mədəniyyət və  mənəvi dəyərlərin yaradılması  və istifadə 

olunması ilə bağlı tərəflər xüsusi yer tutur. Bu, həmin sahələrin insanın mahiyyətinin 

başlıca keyfiyyəti olan mənəviliklə daha sıx bağlılığı ilə izah edilir. Son dövrlərdə 

ictimai həyatın bütün tərəflərində olduğu kimi, mənəvi sferada da əsaslı transfor-

masiya prosesləri, burada normal ab-havanın, elmi axtarışlar mühitinin və  mənəvi 

dəyərlərdən bəhrələnmək üçün şəraitin yaxşılaşdırılması ilə nəticələnmişdir. Bununla 

yanaşı, mənəvi həyatda özgələşmənin mövcudluğunu inkar etmək sadəlövhlük olardı.  

Elmi nailiyyətlərdən və mənəvi dəyərlərdən özgələşmə başlıca olaraq aşağıdakı 

iki istiqamətdə  təzahür edir. Bir tərəfdən iş gününün vaxtı uzun olduğundan, is-

tehsalçılar fiziki və mənəvi baxımdan yorğun olur və beləliklə də incəsənət ilə məşğul 

olmağa o qədər də can atmır. Digər tərəfdən, müasir şəraitdə incəsənət  əsərlərinin, 

mənəvi dəyərlərin kifayət qədər baha olması üzündən, geniş xalq kütləsi ondan 

effektiv istifadə edə bilmir.  

Mənəvi cəhətdən özgələşmə həm də bunda ifadə olunur ki, elmi nailiyyətlər və 

ictimai inkişaf haqqında nəzəriyyələr, bəzən həqiqi əhəmiyyətinə görə deyil, sxematik 




 53

olaraq qəbul olunur. İctimai elmlərdə, təhsil və tərbiyə sistemində avtoritar təfəkkür 

tərzinin qalıqları davam edir. Şəxsiyyətin mənəvi həyatının ikiləşməsi baş verir, yəni 

onun gündəlik davranışı  və  əməli bir cür, rəsmi dairələrdə  və söhbətlərdə özünü 

aparması isə tamamilə başqa cür olur.  

Nəhayət, bazar münasibətləri şəraitində ekoloji səpkidə də özgələşmə baş verir. 

Bu onda təzahür edir ki, ətraf mühit yüksək gəlir almaq naminə amansız istismar 

olunur. Nəticədə insanın və  cəmiyyətin normal ekoloji şəraiti pozulr və ciddi 

təhlükəyə məruz qalır, ətraf mühitin qorunub saxlanılması üçün məsuliyyət zəifləyir, 

ekoloji biganəlik və özgələşmə qərarlaşır.  

Qeyd etmək lazımdır ki, özgələşmənin yuxarıda göstərilən formaları bir-

birindən təcrid olunmuş halda deyil, sıx qarşılıqlı  təsirdə, çox vaxt isə çulğalaşmış 

şəkildə özünü göstərir. Bu məqam həmin fenomenin ictimai həyatda mənfi isti-

qamətdə təsirini daha da artırır.  

Özgələşmənin sosial-fəlsəfi təbiətini araşdırarkən, onun azadlıq ilə münasi-

bətlərinə də diqqət yetirmək vacibdir. Təsadüfi deyildir ki, müasir qərb fəlsəfəsində 

belə bir fikir geniş yayılmışdır ki, XX əsrin II yarısından başlayaraq qərarlaşan yeni 

ictimai inkişaf mərhələsinin (bunu çox vaxt postindustrial, informasion, texnotron və 

yaxud professionallar cəmiyyəti də adlandırırlar) səciyyəvi cəhətini məhz azadlıq və 

özgələşmə problemlərinin sosial həyatın mərkəzinə keçməsi təşkil edir.  

Bu anlayışlar arasında əlaqələr mürəkkəb mexanizmə malikdir, yəni birmənalı 

şəkildə iddia etmək olmaz ki, azadlığın məhdudlaşması özgələşməni törədir və ya 

əksinə, özgələşmə azadlığın inkişaf məhsuludur.  Əslində azadlıq ilə özgələşmənin 

qarşılıqlı  əlaqələri çoxtərəfli xarakter daşıyır. Burada təzahür edən  əsas istiqaməti 

aşkar etmək üçün azadlığın təməlində duran zərurət anlayışının mahiyyətinə  nəzər 

salmaq vacibdir. Bütün tarixi dövrlərdə olduğu kimi, hazırda da zərurətin məz-

mununda obyektiv reallıq başlıca yer tutur. Bu sonuncu özündə  həm də özgələşmə 

məqamını ifadə edir, yəni o, həm də sözün müəyyən mənasında özgələşmiş reallıq 

kimi çıxış edir. Deməli, zərurət özündə elə özgələşməni əks etdirir ki, azadlıq yalnız 

onun hüdudları daxilində fəaliyyət göstərir. Bu fikri daha konkret şəkildə belə ifadə 

etmək mümkündür: azadlıq, müəyyən mənada sosial fəaliyyətin özgələşmiş for-

masının sərbəst seçimi deməkdir. Sözügedən seçim isə bir çox cəhətdən özgələşmiş 

reallığın diktə etdiyi zərurəti ifadə edir.  

Özgələşmə ilə azadlıq arasındakı real əlaqələrin qarşılıqlı xarakteri, həm də 

aşağıdakı məqamda özünü göstərir: özgələşmə sözün müəyyən mənasında şəxsiyyəti 

xarici mühitin təsirindən və mövcud standartların diktəsi altında fəaliyyət gös-

tərməkdən xilas etdiyi üçün belə bir fikir yürütmək məntiqi olar ki, onun inkişafı 

şəxsiyyət azadlığının reallaşmasında qismən də olsa, müsbət rol oynayır. Təbii ki, 

özgələşmənin bu rolunu həddən artıq  şişirtmək, yəni onu azadlığın  əldə olunmuş 

miqyaslarının mütləq göstəricisi kimi qələmə vermək, doğru olmazdı. Burada söhbət 

yalnız özgələşmənin azadlığın inkişafına nisbi mənada müsbət təsirindən gedə bilər.  

Özgələşmənin daxili təbiətini və mahiyyətini açarkən, nəzərdə tutulmalıdır ki, o 

ani baş verən hadisə deyildir, müəyyən mərhələləri və pillələri  əhatə edən uzun-

müddətli, mürəkkəb prosesdir. Onun dinamikası özünün çoxistiqamətli və çoxçalarlı 

xarakter daşıması ilə səciyyələnir. Bu prosesin birinci mərhələsi insanların qüvvələri, 

qabiliyyətləri və  fəaliyyət məhsullarının onlardan ayrılmasında ifadə olunur. İkinci, 

sözün əsl mənasında özgələşmə kimi götürülən mərhələdə isə yuxarıda qeyd olunan 



 54

tərəflərin hər biri bütöv tam kimi müstəqil surətdə  çıxış edir. Beləliklə  də, onlar 

insanların nəzarətindən kənara çıxaraq, onlar üzərində ağalıq edən qüvvəyə çevrilir.  

Özgələşmənin sosial-fəlsəfi baxımdan mənalandırmağın mühüm bir prinsipi, 

ona yalnız konkret-tarixi hadisə kimi deyil, ümumsosioloji fenomen kimi yana-

şılmasıdır.  Əlbəttə, belə yanaşma, müxtəlif tarixi mərhələlərdə onun özünəməxsus 

cəhətlərə malik olduğu faktını inkar etmir, belə bir cəhəti vurğulayır ki, bu hadisə 

ictimai  əmək bölgüsü ilə ayrılmaz  əlaqədə olduğundan, o gələcəkdə  də  fəaliyyət 

göstərəcəkdir. Buna görə  də, söhbət yaxın perspektivdə onun ləğv olunmasından 

deyil, yeni, daha yumşaq formalarda davam edəcəyindən getməlidir. Özgələşmənin 

bu və ya digər formada bütün dövrlərdə mövcud olacağının iddia edilməsi, həm də 

belə bir məntiqə  əsaslanır ki, hər bir cəmiyyətdə ayrıca götürülmüş bir insanın 

(fərdin) maraq və  mənafeləri ilə ümumilikdə  cəmiyyətin bu qəbildən olan analoji 

göstəriciləri arasında müəyyən fərqlilik və ayrılıq mövcuddur. Bu vəziyyət gələcəkdə 

də qalacaqdır və deməli, özgələşmə üçün şərait və mühit də tarix  səhnəsindən silinib 

getməyəcəkdir.  Əlbəttə, deyilənlərdən belə bir yanlış  nəticə hasil etmək doğru ol-

mazdı ki, cəmiyyətin tərəqqisi gedişində özgələşmənin məzmunu və təzahür formaları 

birmənalı  və  dəyişilməz xarakter daşıyır.  Əslində, ictimai həyatın maddi istehsal, 

sosial, siyasi və mənəvi sferaları inkişaf etdikcə, buna müvafiq olaraq həmin sahələrin 

hər birində və bütövlükdə cəmiyyət miqyasında şəxsi və ictimai maraqların qarşılıqlı 

əlaqələri də  təkmilləşir, burada uzlaşmanın səviyyəsi artır, bu isə  zərurən özgə-

ləşmənin məzmununda, baş vermə istiqamətlərində  kəskinlik dərəcəsinin azalması, 

onun təzahür formalarının yumşalması ilə müşayiət olunur.  

Bunu da qeyd etmək vacibdir ki, özgələşmə cəmiyyətdə ikili təbiətə malikdir. O 

təkcə  mənfi deyil, həm də müsbət rol oynayır.  Əgər birinci istiqamət, özgələşmə 

insanın mahiyyət qüvvələrinin reallaşmasında yaratdığı maneələrlə bağlıdırsa, ikinci 

özünü bunda göstərir ki, o, ictimai əmək bölgüsü ilə bilavasitə  əlaqəli olduğundan, 

mövcud cəmiyyətdə fərdlər arasında əlaqələr yaratmağın müəyyən forması kimi çıxış 

edir. Sonuncunun başlıca məzmunu onun iqtisadi, sosial, siyasi və  mənəvi fəaliyyət 

sferalarında bir-birinə qarşı duran (əks) tərəflərin əlaqəsi olmasındadır. Özgələşmənin 

cəmiyyətdə inteqrasiyaedici rolu, həm də onun müxtəlif sferalarda təzahür forma-

larının əlaqəliliyində aşkara çıxır. Belə ki, özgələşmə təkcə maddi istehsal sahəsi ilə 

məhdudlaşmır, digər sferalarda da özünü göstərir. Başqa sözlə, sosial həyatda, təhsil 

və təbabət sistemində, siyasi həyatda siyasi institutların fəaliyyətində, mənəvi sahədə 

cəmiyyətin sərəncamında olan mənəvi nemətlərin istifadə olunması səviyyəsində və s. 

formalarda çıxış edən özgələşmə növləri bir-birilə sıx əlaqələrdə olur.  

Özgələşmənin fəlsəfi mahiyyətini araşdıran tədqiqatçıların  əksəriyyəti onu 

insan varlığının mənfi tərəfi kimi səciyyələndirirlər. Bununla yanaşı həmin fenomenə 

sinergetik mövqedən yanaşaraq çoxtərəfli təbiətini üzə çıxarmağa çalışanlar da vardır. 

Sonuncu mövqe belə bir fikri əsas götürür ki, insanın sosial fəaliyyətinin özgələşməsi, 

ümumilikdə özgələşmənin bir forması olmaqla, özündə subyektin iradə və niyyəti ilə 

tam uyğun olmayan və deməli neqativ yönümlü olmaya bilən stoxastik nəticələri 

ifadə edir (7, 3). Analoji yanaşma, sosial özgələşməni yalnız neqativ səpkidən ibarət 

hesab etmir, yəni birtərəfli götürmür. Həmin təsəvvürə görə özgələşmənin məzmu-

nunda ifadə olunan inkarı xarakterli əks  əlaqə forması, öz-özünü təşkil edən, qeyri-

müvazinətli mürəkkəb sistemlərdə kifayət qədər mühüm rol oynayır. Fikrimizcə, 

özgələşmənin mahiyyətinin bu cür ikili izahı (həm mənfi, həm də müsbət) doğrudur 

və mühüm elmi maraq kəsb edir.  




 55

Spesifik ictimai münasibətlər növü olan özgələşmənin kəskinlik dərəcəsinin 

azaldılması obyektiv və subyektiv xarakterli amillər kompleksinin birgə  təsiri sa-

yəsində mümkündür. Odur ki, burada təkcə sosial-iqtisadi inkişaf kifayət deyildir, 

həm də sosiomədəni və  mənəvi baxımdan  əsaslı irəliləyişlər etmək tələb olunur. 

Özgələşmənin optimal səviyyədə  təzahürünə nail olmaq üçün, həm də insanların 

ictimai  şüuruna güclü, yeniləşdirici təsir göstərilməlidir. Bu təsir ona nail olmağa 

yönəlməlidir ki, cəmiyyətin hər bir üzvünün şüurunda özgələşmənin zəiflədiyi 

təsəvvürü yaradılsın: bu münasibətdə ölkəmizdə milli müstəqillik dövründə baş verən 

əsaslı transformasiya prosesləri böyük önəm kəsb edir. Söhbət sözün geniş mənasında 

götürülən sosial həyatın bütün tərəflərində  həyata keçirilən dərin və  əhatəli 

proqramlardan (yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafının sürət-

ləndirilməsi, təhsil sistemində  əsaslı islahatlar, mədəniyyətin hərtərəfli yüksəlişinə 

yönəlmiş tədbirlər silsiləsi, səhiyyədə baş verən mühüm irəliləyişlər, əhalinin yaşayış 

səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi xəttinin ardıcıl 

yerinə yetirilməsi və s.) gedir.  

Sosial özgələşməni perspektiv baxımdan mənalandırarkən, fikrimizcə, aşa-

ğıdakı mövqedə durmaq məntiqi hesab oluna bilər: söhbət gələcəkdə bütövlükdə 

sosial özgələşmənin və yaxud onun hər hansı konkret növünün tamamilə aradan 

qaldırılmasından deyil, mövcud sosial münasibətlər sisteminin təkmilləşdirilməsi və 

insanın  şəxsiyyət kimi inkişaf etdirilməsi  əsasında bu iki tərəfin ahəngdarlığını 

yaratmaqla və inkişaf etdirməklə, sosial özgələşmənin yumşaldılmasını, yəni insan və 

cəmiyyətin maraqları  və  tələbatları baxımından yol verilən, bəraətli hesab olunan 

hədlər daxilində həyata keçirilməsini təmin etməkdən getməlidir.  

 

ƏDƏBİYYAT 

1.

 



Алексеев П.В. Социальная философия. М.: Проспект, 2005, 253 с.  

2.

 



Гегель Г. Политические произведения. М.: Мысль, 1975, 490 с. 

3.

 



Иноземцев  В.Л.  Собственность  в  постиндустриальном  обществе  в  исторической 

перспективе// Вопросы философии. 2000, №12, с.3-13. 

4.

 

 Крутова О.Н. Человек и история: проблема человека в социальной философии мар-



ксизма. М.: Наука, 1990, 192 с. 

5.

 



Кутырев  В.А.  Духовность,  экономизм  и  после:  драма  вазимодействия. //Вопросы 

философии, 2001, №8, с.56-66. 

6.

 

Маркс К., Энгельс Ф. Сочинения. Т.42, М.: 1982, 512 с.  



7.

 

Марков В.И. «Свое», «чужое» и отчуждение в культуре Кемерово КТИТТИ, 2002, 



169 с.  

8.

 



Чангли И.И. Труд. Социологические аспекты теории и методологии исследования. 

М., Центр Социального прогнозирования. 2002, 612 с.  

 

К СОЦИАЛЬНО-ФИЛОСОФСКОЙ СУЩНОСТИ ОТЧУЖДЕНИЯ 

 

З.Дж.ГАДЖИЕВ, Я.М.АЛИЕВ 

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  раскрытию  социально-философской  сущности  отчуждения.  В 

ней  отмечаются  недастотки  марксистского  подхода  к  анализу  этого  явления,  счи-

тавшего  его  порождением  только  частной  собственности  и  капитализма. «Подчерки-




 56

вается,  что  отчуждение  будучи  связанным  с  общественным  разделением  труда  имеет 

общесоциологическое содержание. 

Особое внимание уделяется анализу причин, порождающих отчуждение в совре-

менном  обществе  и  форм  его  проявления  в  сферах.  Показывается  огромное  значение, 

проводимых  в  нашей  стране  глубоких  реформ,  для  снижения  остроты  проявления  и 

смягчения отчуждения.  

 

ON THE SOCIAL-PHILOSOPHICAL ESSENCE OF ALIENATION 

 

Z.J.HAJIYEV, Y.M.ALIYEV 

 

SUMMARY 

 

This article deals with the disclosure of social-philosophycal essence of the alienation. 



It reveals the shortcomings of Marxian approach to the analysis of this phenomenon that 

considers the alienation as a product only of private ownership and capitalism. It is 

emphasized that the alienation associated with the social division of labor has a common 

sociological content. Special attention has been paid to the analysis of the causes that engender 

the alienation in contemporary society and its manifestations in economic, political and 

spiritual spheres. The enormous importance of the deep reforms effected in our country for the 

purpose to reduce and mitigare the acuteness of alienation and its manifestations has been 

underscored.



 

 

 



Yüklə 104,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə