Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi
iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması,
Azərbaycan Respublikasının logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin
gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə altı ay müddətində:
1.1. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi
zonanın yaradılması ilə bağlı təkliflərini müvafiq məlumatlarla birlikdə
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə Azərbaycan Respublikasında xüsusi
iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, bu Sərəncamın 1.1-ci
bəndində qeyd olunmuş zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf
konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək
sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər
İcra Hakimiyyəti ilə birlikdə bu Sərəncamın 1.1-ci bəndinə uyğun olaraq
yaradılması təklif olunan zonanın ərazisinə dair təkliflərini, həmin ərazinin torpaq
sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısını, zonanın ərazi
sərhədlərinin dəqiq təsvirini və ərazinin planını, torpaqların tərkibi haqqında
məlumatları, iqtisadi, sosial və ekoloji şəraitin təhlilinə, maddi və əmək
resurslarına, kommunikasiyalar və digər infrastrukturla təminat imkanlarına dair
məlumatları Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bir ay müddətində bu
Sərəncamın 1.2-ci bəndində göstərilən tədbirlərin maliyyələşdirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 1.3-cü bəndində göstərilən məsələlərin həyata keçirilməsi
məqsədi ilə zəruri tədbirlər görsün;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2016-cı il.