Kamil Vəli NERİMANOĞLU
47
Türk Dünyası 34. Sayı
ədəbi-fəlsəfi eksperimentlərini də unutmayaq. Yaddaş xalqın gələcəyə aparan
yolunun potensialıdırsa tarixin, mədəniyyətin dərsləri həmişə canlı və diridir.
Mirzə Fətəlinin əsərləri 140 ilə yaxındır ki, səhnədədir. Bu illər ərzində
Mirzə Fətəlini səhnələşdirən rejissorların, onun qəhrəmanlarını oynayan
aktyorların neçə-neçə nəsli dəyişmişdir. O rejissorlar və aktyorlar öz
zamanlarını, ağrı və acılarını, arzu və ümidlərini, estetik ideallarını Mirzə
Fətəlinin yazdıqlarını yükləyərək öz zəmanələrini ifadə etmişlər.
Bu mənada Mirzə Fətəli həmişə bizim müasirimizdir.
Mirzə Fətəlinin inqilablarından biri də əlifba ilə bağlıdır. Əlifbadan
danışarkən bir vacib məsələyə diqqətinizi çəkmək istərdik. Rus rəsmi
idarələrinin yüksək məmuru olan Mirzə Fətəli Azərbaycanın taleyinin
Rusiya iləbağlı olduğunu düşünmürdü. Əgər elə olmasaydı əlifba layihələrini
qoltuğuna vurub İstanbula gəlməzdi, ən yüksək səviyyəli dövlət məmurları
ilə görüşməsi, yüksək məcidiyyə nişanını da alamazdı. Doğrudur, Osmanlı
Türkiyəsi əlifba reformasına getmədi və gedə də bilməzdi. Ancaq 1926-cı il I
Bakı Türkoloji Qurultayından sonra Türkiyədə və Azərbaycanda (eləcə də bir
sıra türk respublikalarında) latın əlifbasına keçildi. Doğrudur Sovetlərin, başda
Stalin olmaqla qurduğu siyasi oyunların nəticəsi olaraq türk respublikalarında,
o cümlədən Azərbaycanda latın əlifbası qaldırıldı və kiril əlifbasına keçildi.
Nəhayət, Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycan bir dəfəlik latın
əlifbasına keçdi.
Bu ilk növbədə Mirzə Fətəlinin zəfəri idi. Onun idealı gerçəkləşmişdi.
Əlifba oyunları hələ də bitməmişdi. Və bu oyunlar Mirzə Fətəlinin
sümüklərini sızladır. Artıq hər kəsanlamağa borcludur ki, ortaq latın əlifbası
qəbul edilməlidir. Türk dillərinin hər birinin öz əlavələri ortaqlığı pozur və
onun praktik funksiyasına zərbə vurur. “x”, “ə”, “q” “milliyyətçiliyi” kiçiklik
kompleksindən başqa bir şey deyil. Qloballaşan dünyanın, onun tərkibi olan
Türk Dünyasının əlavələrsiz ortaq əlifbası təhsildə, uluslararası ünsiyyətdə
həlledici rol oynayacaqdır. Çağdaş internet sistemi, texnoloji inkişaf, əlaqələrin
yeni mərhələsi ortaq əlifba ilə qırılmaz şəkildə bağlıdır. 1926-cı ildən sonra
əlifba siyasətinin mahiyyətcə dəyişdiyinin altını cızaraq söylədiklərim həm
də ərəb əlifbasını müdafiə edərək söylədiklərim 1922-ci ilə qədər – yeni
əlifba hazırlıqlarına başlayana qədər doğrudur. 1926-cı ildən sonra yeni dövr
başlayır. Bu yeni dövrün adı latın əsaslı ortaq əlifbadır. Mirzə Fətəlinin ruhu
köməyimiz olsun.
Mirzə Fətəlinin poetik arayış və təcrübələri bir ədəbi təsirsən daha
çox fitri tapıntıdır. “Aldanmış kəvakib”dəki ulduzların aldadılması mifik-
astroloji məntiqlə sosio-psixoloji müşahidənin vəhdətidir. Keçən əsrin 90-cı
illərin əvvəllərində Azərbaycanda hakimiyyət dəyişikliyini yeni hakimiyyət
zamanı parlamentdə şərh edən yazıçı İ. Şıxlı mövcud vəziyyətin “Aldanmış
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
48
kəvakib”dəki durumla müqayisə etdi. Gətirilən paralel çox uğurlu olsa da, yazıçı
məsələnin məğzini yeni hakimiyyət üçün arzuolunmaz olduğunu hiss edib
sözünü davam etdirməyib kəsdi. Amma artıq ulduzların aldadanın oyunlarının
kim olduğu, Yusif Sərracın kim olduğunu hər kəs bildi. Sovetlər Birliyi
dağıldıqdan sonra əski sovet məkanında bu və ya digər fərqlə Gürcüstanda da,
Ermənistanda da, hətta Rusiyada da baş verməsi təsadüf sayıla bilməz. Yeni
hakimiyyətlərin təcrübəsizliyi, təmizliyi köhnə sistemin təcrübəsi, min bir
oynama qabiliyyətinə idealsızlığı məkrə, totalitar güc tətbiqinə təslim oldu.
Yeni idealist hakimiyyət (və yeni nəsil) köhnə hakimiyyətin bəlalarını özünə
çəkərək onun yolunu açmış oldu. Tarixin mürəkkəbliyi içində təhlili çox da
asan olmayan bu prosesin bədii modeli, həqiqət də “Aldanmış kəvakib” idi.
Biz bu hakimiyyətdəki xronotop (zaman-məkan) şərtiliyi üzərində dayanmırıq.
“Müsyö Jordan...” komediyasında Parisin dağıdılması qurğusu dünya
ədəbiyyatının dahiyanə səhnələrdən biridir. Bu tragikomik durumun bədii-
poetik mahiyyəti Mirzə Fətəli qələminin qüdrətini göstərir.
Təəssüf ki, Mirzə Fətəlinin fliqran poetik ustalığı, dünya ədəbiyyatı
kontekstində, çağdaş, yeni metodların işığında yetərincə öyrənilməyib. Yeri
gəlmişkən, mən keçmiş tələbəm Arif Məmmədovun yazılarını qeyd etməyi
özümə borc bilirəm.
Ədəbiyyatşünaslar Mirzə Fətəlinin “Hacı Qara”sını çox təhlil etmiş,
maraqlı fikirlər söyləmişlər. Molyerin, Balzakın və başqa yazarların xəsisləri
ilə müqayisələr də çox aparılmışdır. Məncə, nə qədər maraqlı olsa da, Hacı
Qaranın yeni sosial tip – yaranmaqda olan ticarət burjuaziyasının təmsilçisi
kimi araşdırılması daha çox önəm daşıyır. Hacı Qaranın bütün ictimai
çırpınışları, sərmayə toplama ehtirası Adam Smitin “bazar iqtisadiyyatı”
daha çox əks etdirir. Mirzə Fətəli K. Marksə da tanımamış olmazdı. Ancaq
Mirzə Fətəlidə Marks-filan izi yoxdur. Amma kapitalizmin təbiətini açmaqda
“Hacı Qara” örnək əsər sayıla bilər. Bunun səbəbi canlı həyatın özüdür.
Azərbaycanda XIX əsrin ortalarına doğru baş verən ictimai proseslərdir.
Cəngavərlik, qəhrəmanlıq dövrü bitmişdir. Heydər bəy bu sosial bitmişliyin
canlı tipajıdır. Servantesin “Don Kixot”unu xatırlamaya bilmirsən. Ayrı-ayrı
zamanların da bu iki tipini birləşdirən ümumi bir psixoloji təməl olduğunu
inkar etmək çətindir.
Odlu silahın çıxması Koroğluya və koroqluluğa son qoyduğu kimi ilkin
sərmayətoxumu, burjuaziya cücərmələri də cəngavərliyin axırına çıxmaq
üçün ictimai meydana çıxmışdır.
Balzak XIX əsr fransız həyatının ensiklopediyası, hər cür ictimai təhlilə
zəmin yaradan qaynaq olduğu kimi, Mirzə Fətəli də Azərbaycan, ümumən
Şərq həyatının mükəmməl mənzərəsinin yaradıcısıdır, - desək haqsız olmarıq.