Kamil Vəli NERİMANOĞLU
67
Türk Dünyası 34. Sayı
məğzi bu dediyimizi isbat etməyə deyil, göstərməyə çalışmaqdır. İman isbat
istəməz.
Və bir də elə həqiqətlər var ki, o metaforik şəkildə ifadə olunur.
...Mən ilahiyyat alimi deyiləm. Din məsələlərində fitva vermək haqqım da
yoxdur. Mirzə Fətəli kimi dahi də deyiləm. Sadə bir qələm əhli, müəlliməm.
Müsəlman kişisiyəm, Allaha inamım sonsuzdur. Allaha inananlara sayqım
da sonsuzdur. Müsəlman qardaş-bacılarımı sevirəm. Öz millətimə, Vətənimə
dərin bir eşqlə bağlıyam. Hər gün bir neçə dəfə oxuduğum dua budur:
“Allahım, məni, ailəmi, millətimi, hümmətimi, insanları qoru. Biz nankoruq.
Sənin əfvinə sığınmışıq”.
Mən Mirzə Fətəlinin ömrünün sonlarında tövbə etdiyini bilmirəm.
Tövbəsinin qəbul olunub-olunmamasını heç bilmirəm. Allah bağışlayandır və
tövbə qapısı həmişə açıqdır hökmünün Mirzə Fətəliyə şamil olub-olmadığı da
mənə məlum deyildir. Mənim bildiyim və mənə məlum olan odur ki, el duası
müstəcəb olur, yəni Allah tərəfindən xalqın duası qəbul olunur. Xalqın, elin
bir zərrəsi olaraq Mirzə Fətəli üçün dua edənlərdən biri də mənəm, desəm,
təəccüb etməyin, Allahsız da bağışlanarmı deyib, qəzəblənməyin. Unutmayın
ki, Allah böyükdür və əbədidir. Təkrar etməyə borcluyam, Allah bağışlayandır.
Mirzə Fətəlinin çəkdiyi əzablar, göstərdiyi xidmətlər, yazdığı ədəbi əsərlər
və əlbəttə ki, zamanın şərtləri onun bəraəti ola bilməzmi?
Yenə Allah bilər. Yalvarmaq, dua etmək bizim borcumuzdur, bağışlamaq
Allahın iradəsidir.
XX əsrin insanı 30-cu, 50-ci əsrin insanı qarşısında da məsuliyyət daşıyır.
Gələcək nəsillər öz tarixini dəyərləndirərkən Mirzə Fətəlini də, biz sıradan
insanları da dəyərləndirəcək. Mən istəmirəm ki, o uzaq və doğma nəsil bizlərə
və Mirzə Fətəliyə baxıb köks ötürsün.
İnanıram ki, Allah bağışlamağı özündən, özünə qarşı olanlardan başlayıb.
Çünki, o, çox böyükdür. Ağıla sığmayacaq qədər böyük varlığı tiranların,
şahların, prezidentlərin məntiqi ilə ölçüb dəyərləndirmək olmaz. Allah bu
qədər böyükdürsə, onun zərrəsi olan insan niyə böyük olmamalıdır?!
Sevə-sevə, həm də qorxa-qorxa üzümü göylərə tutub yalnız ulu yaradanın
eşidə biləcəyi bir səslə deməyi borc bilirəm:
Allahım, Mirzə Fətəliyə rəhm elə. Onu sənətinə, zəhmətinə, iradəsinə,
Vətəninə, millətinə sevgisinə bağışla. Bizi bağışla. Sənin böyüklüyünə
sığınmışıq, Allahım...
Mirzə Fətəli xəstə cəmiyyətin yanında nə qədər sağlamdırsa, Allah
yanında o qədər xəstədir.
Sağlamlar xəstənin halını bilməz. Ona baxa-baxa, bəzən ağlaya-ağlaya
özünü düşünər. Sağlamlar heç xəstələnməyəcəkləri qənaətində olarlar.
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
68
Mirzə Fətəli kinin, nifrətin içində deyil, əksinə kin, nifrət onun sevgisinin
içindədir.
Mirzə Fətəli duyduqları, düşündükləri ilə deyil, düşündükləri ilə də
yaşayan, mücadilə edən qəribə bir varlıqdır. Adı böyük hərflərlə yazılmağa
layiq insandır. Hər şeyi ilə...
Mirzə Fətəlinin fəlsəfi dünyagörüşünü qiymətli məqamları az deyil.
Amma ümumiyyətlə bu materialist fəlsəfənin müddəaları klassik alman
fəlsəfəsindən, fransız ensiklopedistlərindən bəllidir. Qiymətli olan bir Şərqli
mütəfəkkirin islam əhlinin bu fikirləri ifadə etməsi, sistemləşdirməsi idi.
Şərqdə təşəkkül tapan ideoloji sistemin kontekstinə yorumunu da tam qəbul
etmək çətindir. Onun “Kəmalüddövlə məktubları”ndakı ehtiyatkarlığı, verdiyi
bilgilərin gələcək üçün dəyəri açıq-aydın şəkildə ifadə edilmişdir. Mirzə Fətəli
altı komediyasından böyük və təkrarsız həqiqəti sanki ikinci, üçüncü dərəcəli
bilir.
M.F.Axundzadə yaradıcılığına bütöv baxılmazsa, zamanına görə yanlışına,
doğrusuna tənqid süzgəcindən keçirilməzsə, onun obyektiv tarixi qiyməti
verilə bilməz.
Əgər Mirzə Fətəli çox böyük mütəfəkkir, yazıçı, şair, dramaturq, filosof
olmasaydı ondan bu qədər uzun-uzadı danışmağa, yorum yapmağa ehtiyac
olmazdı.
Amma bu ehtiyac var və həmişə olacaq.
Mirzə Fətəli bizim həm keçmişimiz, həm bugünümüz, həm də gələcəyimiz
olduğu üçün işıqlı və qaranlıq, doğru-düzgün tapdıqları ilə incələnməli,
yorumlanmalıdır qənaətindəyəm.
Mirzə Fətəli haqqında fikirləşərkən mənim ilk qənaətim onun Allahsız
olmamasıdır.
Sonrakı qənaətim onun Füzuli düşməni olmamasıdır. “Mən külli-ədyanı
puç və əfşan hesab edirəm” deyən adam necə Allahsız olmaya bilər? Və ya
söz dünyasını gözəl bilən adam Füzuliyə “nazimi-ustad” – yəni nəzm ustası,
sözü-sözə qoşan şair deyə bilər?!
Messiya və ya missiya deyilən şey Allahdan olduğu kimi sosial şərtlərdən
və ya insanın öz daxili əmrinə də bağlı ola bilər.
Mirzə Fətəli Hz. Məhəmmədi dərk edə bilməyəcək səviyyədə ola bilməzdi.
Quranın vulqar yorumu da ona əsla yaraşmır.
Amma Avropaya pəncərə, sonra qapı açan adam Şərq cəhaləti fonunda
Avropa fütuhatını gördüyü, dərk etdiyi üçün o daşıdığı missiyaya böyük
qurbanlar verənlərdən və daxilində, vicdanında o qərarların ağrısını
yaşayanlardandır.
Kamil Vəli NERİMANOĞLU
69
Türk Dünyası 34. Sayı
Mirzə Fətəli böyük ziddiyyətlərin övladıdır – desək yanılmarıq. Böyük
ziddiyyətlər yaşamayan adamın dahi ola bilməyəcəyinə inananlardan biri də
mənəm. Bu ziddiyyət yaradıcılığın təkan vericisidirmi, impuls verənidirmi, -
deyə bilmərəm. Ziddiyyətin və ya əksliklərin vəhdəti və mübarizəsi adlanan
dialektika qanunlarının da üzərində basa-basa durmaq istəmirəm. Nə qədər
açıqlasam da, dərinə getmək istəsəm nə Heraklitdən, nə Hegeldən, nə də
Marksdan dərinə getməyəcəyimi gözəl bilirəm.
Ziddiyyət “hər gün yeni adam kimi doğulanları” (Vaqif Bayatlı Odər)
yetişdirən ana bətni kimidir. Ziddiyyət ikili başlanğıcdır. Hərəkətin, hərəkət
edən gücün mayasıdır, - desəm səhv etmərəm (insanın çox qəti dediyi şey
onun ən az inandığı gerçəklərdir)
Hər kəsin içində Allah da var, şeytan da. Bu da bir əkslikdir. Həm də
vəhdətdir.
Öz Vətənini, xalqını sevənlərin bir qisminin şeytanla iş birliyi ideal üçün
fədakarlıqdır. Yüz acını yeyərlər bir şirinin xatirinə. M.F.Axundzadənin də,
Mirzə Kazım bəyin də, Mirzə Cəlilin və Sabirin də amalı xilas olmuşdur.
Bu çətin anlaşılan sosioloji proses üçün “xilas” sözündən uğurlusunu tapa
bilmədim. “Xilas” anlayışının içində inqilab da var, islahat da, dağıtmaq
da var, qurmaq, yaratmaq da, haqlılıq da var, haqsızlıq da (dünyada hər şey
nisbidir həqiqətini yaddan çıxarmayaq).
XIX əsrdə fransız inqilabı dünyaya inqilab, üsyan, millətçilik gətirmişdi.
Rasional elmlər və texnika sürət və keyfiyyət, savaş və rahatlıq gətirmişdi.
Mədəniyyət, özəlliklə ədəbiyyat xəyal dünyasını yerə yönəltmiş, gerçəklik
havası dünyanı tutmağa başlamışdı.
XIX sər müstəmləkəçiliyin də, yarım müstəmləkəçiliyin də, istismarın
və kapital qanunlarının mürəkkəb bir əsr kimi ortaya çıxarmışdı. Və nəhayət
XIX əsr mədəniyyətin, sənətin, xüsusilə ədəbiyyatın modern adlanan yeni
zamanını və zəminini yarada bilmişdir. Renesansın təbii-realist ədəbiyyatın
desək ciddi səhv etmərik (uzaqbaşı bir az subyektiv olarıq).
Söylədiklərimizə və söyləyə bilmədiklərimizə görə XIX əsr meteor
yağışına düçar olmuş zavallı yer kürəsi olduğu qədər də, dünyanı dərindən
dərk etməyə başlamış, yuxarıda bəhs etdiyim xilas yollarını araşdırmağa,
nələriysə tapmağa çalışan insan mərkəzli dünya əsridir. Əsr hüdudlu zamandır,
onun doğuşu da, ölümü də, davamı da, davamsızlığı da heç kəsin bəlli-başlı
dərk və izah edə bilmədiyi zaman qavramı müəyyən mənada izahedilməzdir,
mücərrəddir. Nə riyaziyyat və fizika, nə din, nə də ədəbiyyat bu qavramı
bütünüylə aça bilməyib və aça bilmir. Mənim bildiyim odur ki, zaman Allahın
adı və özü deyil. Olsa-olsa xassəsidir və ya varlıq səbəblərindən biri, bəlkə də
birincisidir. Ruh kimi zaman da dərkedilməzdir.
Dostları ilə paylaş: |