“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin



Yüklə 170,98 Kb.
səhifə1/3
tarix02.04.2018
ölçüsü170,98 Kb.
#35802
  1   2   3

Azərsu” Açıq Səhmdar Cəmiyyətinin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar[1]



 

1.1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra — Cəmiyyət) Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 12 may tarixli, 1038 nömrəli Qərarı ilə yaradılmış Abşeron Regional Səhmdar Su Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli, 252 nömrəli Sərəncamı ilə yenidən təşkil edilmişdir.

1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Dövlət adından Cəmiyyətin səhmlərinin saxlayıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir.[2]

1.3. Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.

1.4. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

tam halda — “Azərsu” Açıq Səhmdar Cəmiyyəti;

qısaldılmış halda — “Azərsu” ASC.

1.5. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Az.1012, Tbilisi prospekti, 67.

 

2. Cəmiyyətin hüquqi statusu

 

2.1. Cəmiyyət hüquqi şəxsdir, mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.



2.2. Cəmiyyətin mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

2.3. Cəmiyyətin banklarda hesabları, gerbli möhürü və müstəqil balansı vardır.

2.4. Cəmiyyətin səhmdarları Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar.

2.5. Cəmiyyət olduğu yerdən kənarda yerləşən və Cəmiyyətin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi olan nümayəndəlik yarada və ləğv edə bilər.

2.6. Cəmiyyət olduğu yerdən kənarda yerləşən və Cəmiyyətin funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi olan filial yarada və ləğv edə bilər.

2.7. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildir və Cəmiyyətin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.

2.8. Cəmiyyət yerli və xarici hüquqi şəxslərlə qanunvericiliklə müəyyən edilmiş qaydada müştərək (birgə) müəssisə yarada bilər.

2.9. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusuna malik olan törəmə açıq səhmdar cəmiyyətləri yarada bilər.

2.10. Cəmiyyət beynəlxalq maliyyə təşkilatlarının vəsaitlərindən müəyyən edilmiş qaydada istifadə edə bilər.

 

3. Cəmiyyətin məqsəd və funksiyaları

 

3.1. Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidiyyəti üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir.



3.2. Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir.

3.3. Bu məqsədlə Cəmiyyət:

3.3.1. suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir;

3.3.2. tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir;

3.3.3. tabeliyində olan müəssisələr tərəfindən 3.3.1-ci və 3.3.2-ci maddələrdə sadalanan bütün iş və xidmətlərin, yaxud ayrılıqda onların hər birinin dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslərlə müvafiq müqavilə bağlamaqla, təşkilinə və həyata keçirilməsinə nəzarət edir;

3.3.4. su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir;

3.3.5. su təchizatı üçün yerüstü su obyektlərindən suyun götürülməsini təşkil edir;

3.3.6. su təchizatı məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yeraltı su obyektlərindən istifadə edir;

3.3.7. su obyektlərindən xüsusi məqsədlər üçün istifadə hüququndan istifadə edir;

3.3.8. su quyularının qazılması sahəsində fəaliyyət göstərir;

3.3.9. istehsal olunan suyun və axıdılan çirkab sularının miqdarının təyin edilməsi üçün sərfölçənlərin və tələbatçıların sifarişi ilə suölçmə cihazlarının quraşdırılmasını təmin edir və istismara qəbul edir;

3.3.10. ətraf mühitin qorunması ilə bağlı öz səlahiyyətləri daxilində müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir;

3.3.11. su və kanalizasiya xətlərinə qoşulmalar üçün hüquqi və fiziki şəxslərin müraciətləri əsasında mövcud sistem və qurğuların texnoloji imkanlarını nəzərə alaraq, müvafiq texniki şərtlər verir və həmin şərtlərə əməl edilməsi üzərində nəzarəti həyata keçirir;

3.3.12. dövlət normalarına müvafiq olaraq içməli, məişət-təsərrüfat və sənaye-çirkab sularının keyfiyyət göstəricilərinin analitik nəzarətini təşkil edir;

3.3.13. elmi-tədqiqat və layihələndirmə fəaliyyəti ilə məşğul olur;

3.3.14. su təchizatı və kanalizasiya sistemi kompleksində istifadə edilən reagentlərin istehsalını təşkil edir;

3.3.15. fəaliyyəti üzrə avtomobillərin, xüsusi təyinatlı maşın və mexanizmlərin, yükqaldırıcı vasitələrin və digər texnikanın istismarını təşkil edir;

3.3.16. istehsal etdiyi məhsulların topdan və pərakəndə satışını təşkil edir;

3.3.17. su sayğaclarının istehsalı, təmiri, yoxlanılması və sınaqdan keçirilməsi işlərində iştirak edir;

3.3.18. su təchizatı və kanalizasiya sistemi kompleksinin fəaliyyətinin ümumi qaydalarını müəyyən edən müvafiq qanunvericilik aktlarının layihələrinin hazırlanması, zəruri hallarda qəbul edilmiş qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə təkliflərlə çıxış edir;

3.3.19. texnoloji proseslərdə istifadə edilən avadanlıq, cihaz və sair mal-materialların istismar müddətinin başa çatması və (və ya) yararsız hala düşməsi nəticəsində alınan qara və əlvan metal qırıntılarının toplanması, təkrar istifadə edilməsi və satışını qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edir;

3.3.20. mövcud texnoloji proseslərdə istilik və elektrik enerjisi istehsal edir;

3.3.21. öz sərəncamında olan maliyyə vəsaiti, habelə kredit və sair mənbələr hesabına əsas vəsaitləri ala və (və ya) icarəyə götürə bilir;

3.3.22. sərəncamında olan əmlakdan mövcud qanunvericiliyə müvafiq olaraq istifadə edir, icarəyə verə bilir;

3.3.23. əmlakın icarəyə verilməsindən, habelə amortizasiya ayırmalarından əldə olunan vəsaiti mövcud qanunvericiliyə uyğun olaraq istifadə edir;

3.3.24. su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində tələb olunan investisiya proqramlarının hazırlanmasında iştirak edir;

3.3.25. səlahiyyətləri daxilində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması və inkişafı üzrə layihələrin maliyyələşdirilməsinə texniki və maliyyə yardımının cəlb edilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edir;

3.3.26. dövlət büdcəsi, kreditlər, qrantlar, texniki yardımlar və digər maliyyə mənbələri hesabına həyata keçirilən su təchizatı və kanalizasiya sisteminə dair investisiya layihələri üzrə müsabiqə sənədlərinin hazırlanmasını təmin edir və qanunvericiliyə uyğun olaraq müsabiqələrin (tenderlərin) keçirilməsini təşkil edir;

3.3.27. su təchizatı və kanalizasiya sistemində islahatların və struktur dəyişikliklərinin aparılması və bu kompleksə daxil olan müəssisələrin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak edir;

3.3.28. su təchizatı və kanalizasiya obyektlərinin istismarı və sanitar-mühafizə zonası qaydalarını pozan hüquqi və fiziki şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görür;

3.3.29. mövcud tarif qiymətlərinin formalaşdırılması üçün səmərəli dövlət tənzimləmələrinin aparılması barədə təkliflər hazırlayaraq, Azərbaycan Respublikasının Tarif Şurasına təqdim edir;

3.3.30. yaşayış məntəqələrində su və kanalizasiya təsərrüfatının inkişafı məqsədi ilə müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə tədbirlər planı hazırlayır;

3.3.31. tabeliyində olan təşkilatların texniki-iqtisadi və maliyyə vəziyyətini təhlil edir, onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi barədə təkliflər verir;

3.3.32. Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə Cəmiyyətə həvalə edilmiş digər funksiyaları həyata keçirir.

3.4. Cəmiyyət hüquqi şəxs kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməmiş istənilən fəaliyyətlə məşğul ola bilər.

3.5. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə Cəmiyyət yalnız xüsusi razılıq (lisenziya) əsasında məşğul ola bilər.

 

4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı

 

4.1. Cəmiyyətin nizamnamə kapitalı 2000,0 milyard manatdır.



4.2. Cəmiyyətin nizamnamə kapitalı onun səhmdarları tərəfindən əldə edilmiş səhmlərin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 100000 manat olan 20000000 ədəd adi səhmlərdən ibarətdir. Cəmiyyətin nizamnamə kapitalına qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Bu zaman pul olmayan əmlakın dəyəri səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyən edilir.

4.3. Cəmiyyətin nizamnamə kapitalı Cəmiyyətin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. O, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş miqdardan az ola bilməz.

4.4. Hər növbəti maliyyə ili başa çatarkən, Cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, Cəmiyyət öz nizamnamə kapitalının azalmasını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər Cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş minimum miqdarından az olarsa, Cəmiyyət ləğv edilməlidir.

4.5. Cəmiyyət səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər.

4.6. Cəmiyyət səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azalda bilər.

4.7. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.8. Cəmiyyətin əmlakına aşağıdakılar daxildir:

təsisçilərin (iştirakçıların) maya qoyuluşu hesabına yaranan əmlak (o cümlədən tabeliyində olan müəssisələrin əmlakı və qiymətli kağızları);

cəmiyyətin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak.

4.9. Cəmiyyətin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.10. Cəmiyyət fəaliyyətinin nəticələrindən asılı olaraq ehtiyat, istehlak, yığım, mükafatlandırma, müavinət və digər fondları yarada bilər.

4.11. Fondların təyinatı və istifadə qaydaları Cəmiyyətin sədri tərəfindən müəyyən edilir.

4.12. Cəmiyyətin maliyyə rejimi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. Maliyyə rejiminin, nəzarət və hesabat sisteminin dəqiqliyi və təminatı üçün Direktorlar Şurası, Təftiş Komissiyası və Cəmiyyətin sədri cavabdehdir.

4.13. Cəmiyyətin maliyyə ehtiyatlarına nizamnamə kapitalı, aktivlərin yenidən qiymətləndirilməsindən və mübadilə məzənnəsinin dəyişməsindən əldə edilən gəlirlər, inkişaf üçün sərmayə, bölünməmiş mənfəət və s. daxildir. Cəmiyyət öz maliyyə ehtiyatlarından sahibkarlıq fəaliyyətini həyata keçirmək, tikintiyə və əsas aktivlərə qanunvericiliyə uyğun olaraq sərmayə qoymaq üçün istifadə edə bilər.

4.14. Cəmiyyət mühasibat, maliyyə və statistik uçotu Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq aparır. Uçot Azərbaycan dilində aparılır.

4.15. Cəmiyyət illik hesabatı və mühasibat balansını hamının tanış olması üçün hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə dərc etməyə borcludur.

4.16. Cəmiyyətin bütün əməkdaşları onlara əmək fəaliyyəti ilə bağlı məlum olan kommersiya sirrini təşkil edən məlumatları gizli saxlamağa borcludurlar.

 

5. Səhmdarların hüquq və vəzifələri

 

5.1. Cəmiyyətin adi səhminin sahibi olan səhmdarının aşağıdakı hüquqları vardır:



5.1.1. Cəmiyyətin idarə edilməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarını seçmək və həmin orqanlara seçilmək;

5.1.2. qanunvericiliklə müəyyən edilmiş qaydada Cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;

5.1.3. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

5.1.4. ümumi yığıncağın keçirilməsinə ən azı 3 gün qalmış yığıncağı çağıran orqandan Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

5.1.5. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (o cümlədən öz nümayəndəsi vasitəsi ilə) və onun protokolunun surətini tələb etmək;

5.1.6. Cəmiyyətin fəaliyyətinin Təftiş Komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;

5.1.7. Cəmiyyətin xalis mənfəətindən dividend almaq;

5.1.8. Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, Cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra Cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

5.1.9. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

5.2. Cəmiyyətin səhmdarlarının vəzifələri aşağıdakılardır:

5.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə əsasən, kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq;

5.2.2. səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişdirilməsi barədə reyestr saxlayıcısına on təqvim günü ərzində yazılı bildiriş vermək;

5.2.3. bu Nizamnamənin tələblərini yerinə yetirmək;

5.2.4. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

5.3. Səhmdarlara dividendlər hər il və ya rüblər üzrə ümumi yığıncağın əvvəlcədən müəyyən etdiyi müddətlərdə və qaydalarda verilir.

5.4. Dividendlər hesablanarkən, səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır.

5.5. Əgər Cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqdırsa, Cəmiyyət dividendləri elan edə və ödəyə bilməz.

5.6. Cəmiyyətin səhmdarı Cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.

5.7. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar Cəmiyyətə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər.

5.8. Cəmiyyət tərəfindən yerləşdirilmiş səhmlərin geri alınması Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ya bu Nizamnamə ilə müəyyən edilmiş hallarda səhmdarların tələbi ilə həyata keçirilir.

5.9. Cəmiyyət nizamnamə kapitalının miqdarını və səhmlərin sayını azaltmaq məqsədi ilə ümumi yığıncağın qərarı əsasında əvvəl yerləşdirilmiş səhmlərinin bir hissəsini geri ala bilər. Bu zaman dövriyyədə qalan səhmlərin ümumi nominal dəyəri qanunvericiliklə nizamnamə kapitalı üçün müəyyən edilmiş məbləğin minimal həddindən aşağı olmamalıdır.

5.10. Səhmlərin geri alınması səhm sahiblərinin razılığı ilə, səhmlərin geri alınmasının birja vasitəsi ilə həyata keçirildiyi hal istisna olunmaqla, ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə həyata keçirilir.

5.11. Aşağıdakı hallarda Cəmiyyətin səhmlərinin geri alınması qərarı qəbul edilə bilməz:

5.11.1. Cəmiyyətin nizamnamə kapitalı tam formalaşmadıqda;

5.11.2. Cəmiyyətin ləğvi barədə qərar qəbul edildikdə;

5.11.3. səhmdarların tələbi əsasında onların səhmlərinin geri alınması başa çatmadıqda.

5.12. Geri alınmış səhmlər səsvermə zamanı nəzərə alınmır və onlar üzrə dividendlər hesablanmır. Bu səhmlər geri satın alındığı tarixdən bir il müddətində ya təkrarən yerləşdirilməli, ya da ümumi yığıncağın qərarı ilə ləğv edilməlidir.

5.13. Cəmiyyətin qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.

5.14. Səhmdarların sayı 20 nəfərə çatanadək onların reyestri Cəmiyyətin özü tərəfindən aparılır. Reyestrin aparılması qaydaları qanunvericiliyə uyğun olaraq ümumi yığıncaq tərəfindən müəyyən edilir.

5.15. Səhmdarların sayı 5.14-cü maddədə göstərilənlərdən çox olarsa, reyestr Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli Depozit Mərkəzində aparılır.

5.16. Reyestrə adı daxil edilmiş hər bir səhmdara 2 ay ərzində pulsuz olaraq səhm sertifikatı verilir. Sertifikatın forması qiymətli kağızlar haqqında qanunvericiliklə müəyyən edilir.

Bu Nizamnamənin 5.7-ci maddəsində göstərilən hallarda səhmdarlara yalnız bir sertifikat verilir.

Səhm sertifikatı korlandıqda, məhv olduqda, yaxud itirildikdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada yeni səhm sertifikatı verilə bilər.

 

6. Səhmdarların ümumi yığıncağı

 

6.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:



6.1.1. Cəmiyyətin Nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək;

6.1.2. Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;

6.1.3. Cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək;

6.1.4. Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək;

6.1.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə əqdlərin bağlanılması barədə qərarlar qəbul etmək;

6.1.6. Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin üzvlərini seçmək və azad etmək;

6.1.7. Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin hesabatlarını dinləmək və qəbul etmək;

6.1.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statuslu müəssisələr, o cümlədən törəmə açıq səhmdar cəmiyyətləri yaratmaq.

6.2. Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər.

6.3. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq).

6.4. Səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, Direktorlar Şurası tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir.

6.5. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli, habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir.

6.6. Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir:

6.6.1. Cəmiyyətin adı və olduğu yer;

6.6.2. səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı;

6.6.3. səhmdarların ümumi yığıncağının gündəliyi;

6.6.4. səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanışolma qaydası.

6.7. Səhmdarların növbədənkənar ümumi yığıncağı Direktorlar Şurasının, Təftiş Komissiyasının, yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır.

6.8. Səhmdarlar ümumi yığıncağın başlanmasına azı üç gün qalmış gündəliyə salınmaq üçün təkliflər irəli sürə bilərlər. Həmin məsələlər ümumi yığıncağın səlahiyyətinə aiddirsə və bu nizamnamənin müddəalarına zidd deyilsə, yığıncağın gündəliyinə mütləq salınmalıdır.

6.9. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması üçün icra orqanı aşağıdakıları yerinə yetirməlidir:

6.9.1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin edib, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir;

6.9.2. beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir;

6.9.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq, səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir.

6.10. Səhmdarların ümumi yığıncağı, yığıncağın gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz.

6.11. Ümumi yığıncağın protokolunun tərtib edilməsi, onun məzmunu, səhmdarlara çatdırılması ilə bağlı müddəalar Mülki Məcəlləyə uyğun olaraq müəyyən edilir.

6.12. Səhmdarların ümumi yığıncağına Cəmiyyətin fəaliyyətində marağı olan şəxslər dəvət edilə bilərlər.

6.13. Səhmdarların ümumi yığıncağına Direktorlar Şurasının sədri, o olmadıqda isə ümumi yığıncaq tərəfindən seçilmiş digər şəxs sədrlik edir. Yığıncağın sədri protokolu tərtib edəcək katibin namizədliyini ümumi yığıncağa təklif edir.

6.14. Səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə, ümumi yığıncaq səlahiyyətlidir. Ümumi yığıncaqda yetərsay olmadıqda, yığıncağın yenidən çağırılması və keçirilməsi Mülki Məcəllənin və bu Nizamnamənin tələblərinə uyğun olaraq həyata keçirilir.

6.15. Ümumi yığıncağın qərarları bu Nizamnamədə nəzərdə tutulan hallar istisna olmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə “bir səsli səhm — bir səsdir” prinsipi əsasında həyata keçirilir.

Cəmiyyətin yenidən təşkili, ləğvi, Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.

 

7. Cəmiyyətin İdarə Heyəti

 

7.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.



7.2. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti Cəmiyyətin sədrinin təklifi ilə səhmdarların ümumi yığıncağı tərəfindən 5 il müddətinə seçilir.

7.3. İdarə Heyətinin tərkibi 7 nəfərdən ibarət seçilir. Cəmiyyətin sədri və sədr müavinləri tutduqları vəzifəyə görə İdarə Heyətinin üzvləri hesab edilirlər. İdarə Heyətinin digər üzvləri Cəmiyyətin səhmdarlarından və kənar şəxslərdən seçilə bilərlər.

7.4. İdarə Heyəti Cəmiyyətin sədrinin təklifi ilə İdarə Heyətinin üzvlərini, sonradan ümumi yığıncaq tərəfindən təsdiq etmək şərti ilə, vaxtından qabaq vəzifədən azad edə bilər.

7.5. İdarə Heyəti:

7.5.1. Cəmiyyətin nizamnamə kapitalının azı onda bir hissəsinə malik olan səhmdarın (səhmdarların) tələbi ilə 30 gün ərzində ümumi yığıncaq çağırır;

7.5.2. nizamnamə kapitalının azı onda bir hissəsinə malik olan səhmdarın (səhmdarların) öz məqsədini və dəlillərini göstərməsi şərti ilə səhmdarların ümumi yığıncağının başlanmasına ən geci 3 gün qalanadək irəli sürdüyü tələb əsasında bu və ya digər məsələni gündəliyə salır;

7.5.3. səhmdarların mənafelərini təmin etmək məqsədi ilə növbədənkənar ümumi yığıncaq çağırır;

7.5.4. Nizamnamədə nəzərdə tutulmuş qaydada, səhmdarların ümumi yığıncağının başlanmasına azı bir həftə qalmış iclasın gündəliyinə daxil edilmiş məsələlər haqqında səhmdarın tələbi ilə ona lazım olan məlumatları verir;

7.5.5. Nizamnamədə nəzərdə tutulmuş qaydada, səhmdarların ümumi yığıncağının başlanmasına ən geci 30 gün qalmış Cəmiyyətin fəaliyyətinə aid məlumatları, İdarə Heyətinin hesabatı haqqında və digər zəruri məlumatları səhmdarların nəzərinə çatdırır;

7.5.6. hər bir səhmdarın tələbi ilə ümumi yığıncağın protokolundan çıxarışı və ya protokolun surətini ona verir.

7.6. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir.

7.7. İdarə Heyəti üzvlərinin seçilməsi, iclaslarının keçirilməsi və onun işinin təşkili ilə bağlı digər məsələlər ümumi yığıncaq tərəfindən qəbul edilən İdarə Heyəti haqqında Əsasnamə ilə müəyyən edilir.

7.8. Hər hansı bir əqdin bağlanması nəticəsində Cəmiyyətin İdarə Heyəti üzvünün şəxsi marağı ilə Cəmiyyətin mənafeyi ziddiyyət təşkil etdikdə, o bu barədə Direktorlar Şurasına məlumat verməlidir. Həmin əqdin bağlanması yalnız Direktorlar Şurasının müvafiq qərarı əsasında həyata keçirilə bilər.

 


Yüklə 170,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə