Azərbaycanin neft emali sənayesiNDƏ texnoloji İNKİŞaf və SƏMƏRƏLİLİK



Yüklə 70 Kb.
tarix01.02.2023
ölçüsü70 Kb.
#99914
Nesimi Ehmedov meruze


AZƏRBAYCANIN NEFT EMALI SƏNAYESİNDƏ TEXNOLOJİ İNKİŞAF VƏ SƏMƏRƏLİLİK

Azərbaycan ərazisinin müxtəlif hissələrində geniş yayılmış hər cür zəngin təbii sərvətlər içərisində neft və qaz ehtiyatları ölkənin inkişafı baxımından hər zaman müstəsna əhəmiyyətə malik olmuşdur. Lakin neft və qaz sərvətlərindən uzun müddət milli mənafelər nəzərə alınmadan istifadə edilməsi Azərbaycanın regionlarında məhsuldar qüvvələrin qeyri-bərabər inkişafında, sosial-iqtisadi inkişaf səviyyəsində böyük fərqlərin yaranmasına səbəb olmuşdur. Müstəqillikdən əvvəlki dövrdə Azərbaycanın zəngin neft-qaz sərvətlərindən milli məqsədlər naminə istifadə edilməməsi, xam neftin böyük həcmdə hasilatı və yüksək gəlir gətirən emalının əsasən ölkədən kənarda aparılması, Abşeron iqtisadi rayonunda neft sənayesi ilə yanaşı iqtisadiyyatın başqa sahələrinin, infrastrukturanın, əhalinin iqtisadiyyatın inkişaf istiqamətinə və yerli şəraitə uyğun olmayan təmərküzləşməsi baş vermişdir. Bu da Abşeron regionu ilə ölkənin digər ərazi hissələri arasında ümumi sosial-iqtisadi inkişaf səviyyəsinə görə fərqlərin yaranmasına və daha da dərinləşməsinə səbəb olmuşdur.


Azərbaycanda neft və təbii qaz hasilatında Abşeron iqtisadi rayonu mühüm yer tutur. 2000-2010-cu illərdə Bakıda neft və qaz hasilatı davamlı surətdə artmışdır. Lakin 2010-cu ildə neft hasilatının artım sürəti əvvəlki dövrlərlə müqayisədə azalmışdır. 2014-cü ildə əvvəlki ilə nisbətən 3,2% aşağı düşmüşdür.
Ümumiyyətlə, 2014-cü ildə Azərbaycanda hasil edilən neftin 98,3%-i, təbii qazın isə 99,7%-i Bakı şəhərinin (Abşeron iqtisadi rayonunun) payına düşmüşdür.
ARDNŞ-də neft hasilatının 2006-cı ildə 40,2%-i fontan, 39,9%-i qazlift (erlift), 19,9%-i dərinlik nasosu (ştanqlı və dalma) üsulu, 2014-cü ildə neft hasilatının 19,1%-i fontan, 60,2%-i qazlift, 20,7%-i dərinlik nasosu üsulunun payına düşmüşdür.
"Azneft" İB-də neft hasilatının 2006-cı ildə 45,4%-i, 2014-cü ildə 21,7%-i fontan, müvafiq olaraq 45,2%-i, 71,5%-i qazlift (erlift), 9,4%-i, 6,8%-i dərinlik nasosları üsulu ilə həyata keçirildiyi halda, bunun əksinə olaraq, MM və ƏŞ-lərində 2006, 2014-cü illərdə neft hasilatının uyğun olaraq 91,4%-i, 87,2%-i dərinlik nasosları, cəmi 4,9%-i, 3,3%-i fontan, 3,7%-i və 9,4%-i isə qazlift (erlift) üsulu ilə aparılmışdır.
Neft məhsullarının maya dəyərində xam neftin əldə edilməsinə çəkilən xərclərin xüsusi çəkisi 85-90% təşkil etdiyinə görə hasil olunan neftin və qazın maya dəyərinin təhlili mühüm əhəmiyyətə malikdir.
1998-2014-cü illərdə neft hasilatının istehsal xərclərinin strukturunda davamlı və ən çox dəyişmə əmək haqqı və mədən vergisi xərcləri üzrə baş vermişdir. Mədən vergisi xərclərinin cəmi istehsal xərclərinin tərkibində xüsusi çəkisi 2001-ci ildə 35,4% olduğu halda, 2014-cü ildə isə 11,4 %-ə enmişdir. Əmək haqqı xərc­lərinin xüsusi çəkisi isə 2001-ci ildə 7,3% olduğu halda, 2014-cü ildə 16,4%-ə yüksəlmişdir.
Nəzərdən keçirilən dövrdə qaz hasilatının istehsal xərclərinin strukturunda ən çox dəyişən xərclər amortizasiya və material xərcləri olmuşdur. Cəmi istehsal xərclərinin tərkibində amortizasiya xərclərinin xüsusi çəkisi 2001-ci ildəki 40,5%, 2014-cü ildə isə 29,4% təşkil etmiş, material xərclərinin xüsusi çəkisi isə 2001-ci ildə 20,3%-dən 2014-cü ildə 4,0%-ə enmişdir.
Məhsul vahidinin maya dəyərinin illər üzrə dinamikasını obyektiv təhlil etmək üçün onun səviyyəsinə təsir göstərən bitməmiş istehsalı, istehsalatdaxili dövriyyəni və mədən vergisini nəzərə almadan maya dəyəri göstəricilərinin müqayisəsi vacibdir. Bu məqsədlə ümumi məhsul vahidinin istehsal (mədən vergisiz) maya dəyəri göstəricisindən istifadə etmək olar. 2009-cu ildə əvvəlki ilə nisbətən neftin və qazın maya dəyərinin artması bu dövrdə amortizasiya və digər xərclərin artması nəticəsində baş vermişdir. Ümumu hasilatın azalması da neftin maya dəyərinin artmasına təsir etmişdir.
Son illərdə Azərbaycanın neft emalı sənayesinin texniki-iqtisadi göstərici-lərinin optimallaşdırılması, mövcud potensialdan səmərəli istifadə edilməsi məqsədilə bir sıra yenidənqurma və modernləşdirmə tədbirləri həyata keçirilmişdir. H.Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni katalitik krekinq qurğusunun istismara verilməsi nəticəsində yüksək oktanlı avtomobil benzini komponentinin çıxımı 8 faiz yüksəlmiş, katalizator sərfində hər tona görə 1,5kq, məhsulun əmək tutumunda 0,05 adam/saat, yanacaq və enerji tutumunda isə hər tona görə 5 kq şərti yanacaq qənaət edilmişdir. Bununla da həmin qurğuda istehsal edilən benzin komponentinin maya dəyəri 19,5 faiz azalmışdır. Bununla yanaşı, zavodda istismar edilən ED-AVT-6 ilkin emal qurğusunun tam istehsal gücü ilə işləməsini təmin etmək məqsədilə onun əsas avadanlıqlarının yeniləşdirilməsi və vakuum yaratma sisteminin müasirləşdirilməsi tədbirlərinin həyata keçirilməsi nəticəsində bu qurğuda açıq rəngli məhsulların çıxımı 3,5 faiz, katalitik krekinq qurğusu üçün əhəmiyyətli xammal olan vakuum-qazoyl komponentinin çıxımı isə 2 dəfədən çox artmış, açıq rəngli məhsulların maya dəyəri 8,2 faiz azalmışdır.
Əvvəllər katalitik krekinq qurğusunda xammalın 25-28 %-i alternativ mənbələr hesabına təmin edilirdi ki, bu da onun emal keyfıyyətini aşağı salır, xərclərin artmasına səbəb olurdu. Lakin H.Əliyev adına Bakı Neft Emalı Zavodunda ilkin emal qurğusunun modernləşdirilməsindən sonra krekinq qurğusunun yalnız ilkin emal prosesindən alınmış vakuum-qazoyl ilə təchiz edilməyə başlanması nəticəsində onun maya dəyəri 10%-ə və burada alınmış bütün məqsədli məhsulların maya dəyəri isə 10-12%-ə kimi azalmışdır.
Bununla yanaşı, dizel distillatının fıziki və mənəvi aşınmaya məruz qalmış qurğularda, həm də zavoddan xeyli uzaqda, reaktiv mühərrik yanacağının zavodda qələviləşdirilməsi məhsul itkisinə, əməliyyat xərclərinin artmasına, qələvi tullantılarının Xəzərdə ekoloji problemlər yaratmasına səbəb olurdu. Zavodda istehsal edilən dizel distillatlarının təmizlənməsi işinin yaratdığı ekoloji və iqtisadi çətinlikləri aradan qaldırmaq məqsədilə ABŞ-ın “Merikem” firmasının texnoloji qurğularının istehsala tətbiq edilməsi kerosin və dizel yanacaqlarının təmizlənməsi zamanı yaranan itkilərin azaldılmasına, istehsal olunmuş məhsulların maya dəyərinin aşağı salınmasına, qələvi tullantılarının təkrar emalı yolu ilə distillə edilməmiş naften turşularının istehsal olunmasına imkan yaratmışdır.
H.Əliyev adına BNEZ-də 1993-cü ildən obyektiv səbəblərlə əlaqədar işləməyən vakuum-qazoylun hidrogenlə təmizləmə qurğusunda 2003-cü ilin ikinci yarısından başlanmış modernləşdirmə işləri 2004-cü ilin aprel ayından bu qurğuda dizel distillatı ilə yanaşı, kokslaşma qurğusunda alınan yüngül qazoyldan əlavə olaraq yüksək keyfıyyətli dizel yanacaqları istehsalına imkan yaratdı. 2002-2012-ci illər ərzində zavodda qudronun təkrar emalından alınmış məhsulların istehsal göstəricilərini təhlili göstərir ki, zavodda 1t qudronun emalından 2006-cı ildə 0,398 t, 2010-cu ildə 0,457 t, 2012-ci ildə isə 0,412 t dizel yanacağı istehsal edilmişdir. Vakuum-qazoyl məhsullarının təmizlənməsi istiqamətində həyata keçirilən tədbirlər dizel yanacağının istehsalının artırılması və keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmişdir. Bununla yanaşı, texnoloji qurğularda tüstü qazlarının utilləşdirilməsi nəticəsində zavod istilik enerjisi sərfini əhəmiyyətli dərəcədə azaltmışdır.
2000-ci ildən başlayaraq emal zavodlarının mazut rejimindən qaz rejiminə keç-məsi soba yanacağı xammalından istifadənin səmərəsini yüksəltməklə təkrar emal qurğularında qiymətli məhsulların istehsalının artırlmasına şərait yaratdı. 2003-cü il-dən başlayaraq “Azərneftyağ” Neft Emalı Zavodunda istehsal edilmiş ilkin emal ma-zutunun müəyyən hissəsinin H.Əliyev adına Bakı Neft Emalı Zavodunun təkrar emal qurğularında emal edilməsi 2003-2008-ci illərdə 2900 min ton ilkin emal mazutundan 1840 min ton soba mazutu, 634 min ton yüksək oktanlı benzin, 159 min ton maye qaz və 100 min tondan artıq dizel yanacağı istehsal etməyə imkan vermişdir.
Son illərdə H.Əliyev adına BNEZ-in nisbətən müasir yanacaqtəmizləmə qurğu-larında “Azərneftyağ” NEZ-də istehsal olunmuş bütün açıq rəngli distillatların təkrar emalından müvafıq mühərrik yanacaqları istehsal olunur. Hazırda zavodda istehsal olunan yanacaq məhsullarını “Avro-5” standartlarına uyğunlaşdırmaq, yeni bitum istehsalı yaratmaq, “Azərikimya” İB-ni davamlı olaraq qaz xammalı ilə təmin etmək məqsədilə yenidənqurma və modernizasiya işlərinə başlanılmışdır. Müəssisədə əsas qurğuların və ümumzavod təsərrüfatının yeniləşdirilməsi, bir neçə yeni qurğunun inşa olunması, istehsal gücünün ildə 7,5 milyon tonadək artırılması nəzərdə tutulur.
Xam neftin emal səmərəsini artırmaq və keyfiyyətli yağ məhsullarının alınmasını təmin etmək məqsədilə “Azərneftyağ” Neft Emalı Zavodunda hər birinin məhsuldarlığı 2,0 mln ton olan iki müasir ilkin emal qurğusunun (AVT-2) 1994-1995-ci illərdə istismara verilməsi istehsal olunan yağ distillatlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına, açıq rəngli məhsulların çıxımının 11%, vakuum-qazoylun 12% artmasına, neftin emalına sərf edilən yanacaq-enerji resursları və texnoloji itkilərin xeyli aşağı salınmasına imkan vermiş, 1t xammala əməliyyat xərcləri 47%, məhsulların maya dəyəri isə 18% azalmışdır. 2000-ci ilin ikinci yarısında zavodda illik məhsuldarlığı 250 min t olan bitum qurğusunun istismara daxil edilməsi ölkədə iqtisadiyyatın neft bitumuna artan tələbatın ödənilməsində mühüm əhəmiyyət kəsb edir. Son illərdə zavodun qurğularında emal olunmuş bir ton xam neftə istilik enerjisinin sərfi 35% aşağı düşmüşdür.
Azərbaycanda neft emalı məhsullarının istehsalında texnoloji innovasiyalara çəkilən xərclər 2013-cü ildə yalnız məhsul innovasiyaları formasında olmaqla əvvəlki ilə nisbətən 4,8 dəfəyədək azalaraq 551,2 min manat təşkil etmişdir ki, bu da mədənçıxarma sənayesində texnoloji innovasiyalara ayrılan xərclərlə müqayisədə 15 dəfəyədək azdır və bütünlüklə texnoloji innovasiyalarla əlaqədar maşın və avadanlıqların alınmasına sərf edilmişdir. 2014-cü ildə isə neft məhsullarının istehsalına texnoloji innovasiyalar ayrılmamışdır.
Son dövrdə avtomobil benzinləri və digər yanacaqlar, neft bitumu, neft koksu, sürtkü yağları və maye qazların istehsalında nəzərə çarpacaq dərəcədə artım baş vermişdir. Son illərdə Azərbaycanda neft məhsullarının istehsal həcmi artmışdır.
2014-cü ildə əvvəlki ilə nisbətən neft koksu – 14,3% artmış, ağ neft istehsalı artmağa davam etməklə 0,9% yüksəlmiş, sürtkü yağları istehsalında isə azalma 14,6% artımla əvəz olunmuşdur. Bununla yanaşı, avtomobil benzinlərinin istehsalı 12,0%, əmtəəlik soba mazutu - 26,2%, neft bitumu - 22,6% azalmışdır. Son illərdə soba mazutu ondan istifadənin səmərəliliyini artırmaq, təkrar emal qurğularının istismarını yaxşılaşdırmaq məqsədilə təkrar emala verilir.
Əmtəəlik məhsulun dəyərinin artmasında, xam neftdən daha səmərəli istifadə olunmasında açıq rəngli neft məhsullarının istehsalının artması mühüm rola malikdir.
Açıq rəngli neft məhsullarının çıxım faizi 2005-ci ildə əvvəlki ilə nisbətən 2,2% azalaraq 54,4% təşkil etmiş, lakin 2006-cı ildən 2010-cu ilə qədər ilbəil artım meylinə malik olmaqla 17,5% yüksələrək 71,9%-ə çatmışdır. 2011-2012-ci illərdə 3,3% aşağı düşən bu göstərici 2013-cü ildə 0,7% yüksəlsə də, 2014-cü ildə əvvəlki ilə nisbətən 3,8%, 2010-cu illə müqayisədə isə 6,4% azalaraq 65,5% təşkil etmişdir. Göründüyü kimi, son illərdə açıq rəngli neft məhsullarının çıxım faizi azalmışdır.
Xam neftin emalının səmərəlilik səviyyəsini əks etdirən ən mühüm göstəricilərdən biri də neftin emal dərinliyidir. Son illərdə neftin emal dərinliyinin yüksəlməsi meyli müşahidə olunur.
SOCAR-ın emal kompleksinin texnoloji qurğularında məqsədli məhsulların çıxım faizləri 2014-cü ildə 2004-cü illə müqayisədə H.Əliyev ad. BNEZ-də ilkin emal qurğusunda 1,1% artaraq 45,1%, katalitik riforminq qurğusunda 0,1% artaraq 83,0, tədrici kokslaşma qurğusunda 27,5% artaraq 67,7%, katalitik krekinq qurğusunda 9,6% artaraq 56,0%, “Azərneftyağ” NEZ-də ilkin emal qurğularında ümumilikdə 5% artaraq 54,8%, bitum istehsalı qurğusunda isə 0,7% artaraq 99,5% təşkil etmişdir.
Lakin emal kompleksində texnoloji qurğuların xammal ilə yüklənməsinə dair məlumatların əsasında aparılan hesablamalar göstərir ki, texnoloji qurğuların proqnoza görə faktiki orta yüklənməsi 2008-ci ildə SOCAR üzrə 106,1%, o cümlədən H.Əliyev ad. BNEZ-də 103,7%,“Azərneftyağ” NEZ-də 108,4% təşkil etdiyi halda, 2014-cü ildə SOCAR üzrə 86,1%,o cümlədən H.Əliyev ad. BNEZ-də 92,9%,“Azərneftyağ” NEZ-də 77,6% olmuşdur. Göründüyü kimi, həmin dövrdə bu göstərici emal kompleksində 20%, H.Əliyev ad. BNEZ-də 10,8%, “Azərneftyağ” NEZ-də isə 30,8% aşağı düşmüşdür. Bu isə xam neftin emal potensialından istifadənin səmərəliliyini azaldır.
Beləliklə, neft-qaz emalı və neft-kimya məhsullarının çeşidləri və keyfiyyəti dünya standartlarının tələblərinə uyğun olaraq yüksəldilməli, neft emalı sənayesində də texnoloji innovasiyalara ayrılan vəsait artırılmalı, neft-qaz emalı və neft-kimya müəssisələrində təbii və səmt qazlarının emalının səviyyəsinin yüksəldilməlidir. Neftqazçıxarma ilə yanaşı neft sənayesinin digər sahələrində də nanotexnologiyanın tətbiqi böyük sinergetik səmərə verə bilər. Emal zavodlarının modernləşdirilməsi başa çatdırılmayana qədər ARDNŞ-nin hasil etdiyi neftin xeyli hissəsinin emal zavodlarına verilməsi məqsədəuyğun deyildir. Neftin, xüsusilə naftenli karbohidro-genlərin Azərkimya Dövlət Konsernində istifadəsinin “H.Əliyev ad. Bakı” NEZ və "Azərneftyağ" NEZ-dən daha səmərəli olmasını nəzərə alsaq, emal zavodlarında avadanlıqların orta yüklənməsinin optimal həddinin müəyyən edilməsi zəruridir. Neft və qaz xammalının prioritet istifadə sahə­lərinin müəyyən edilməsi, yəni neft məhsulları və neft-kimya məhsulları istehsalı arasında dəqiq və məq­sədəuyğun bölüşdürülməsi vacibdir.
Neftqazçıxarma müəssisələrinin xarici bazarlara məhsul çıxarmasına imkan verən əməkdaşlıq formaları tətbiq edilməli, investisiyaların dənizdə kəşfiyyat-qazma işlərinin genişləndirilməsinə, yeni platformaların, sualtı boru kəmərlərinin yaradılmasına, hasilat və suvurma quyularının qazılmasına, neft emalı müəssisələrinin texnoloji cəhətdən modernləşdirilməsinə yönəldilməsi vacib sayılmalıdır. Abşeron regionundan kənarda neft emalı müəssisələrinin yaradılması neft biznesinin diversifikasiyası, istehsal edilən məhsulların istehlakçılara yaxınlaşdırılması, digər regionların inkişafı, Abşeronun ekoloji mühitinin yaxşılaş-dırılması baxımından məqsədəuyğundur.



Yüklə 70 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə