Azərbaycanin miLLİ DÖVLƏTÇİLİk tariXİNDƏ naxçivan ismayıl haciyev



Yüklə 260,41 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü260,41 Kb.
#55162


«Dirçəliş XXI əsr».–2010.-№141-142.–S.154-163.

AZƏRBAYCANIN MİLLİ DÖVLƏTÇİLİK TARİXİNDƏ NAXÇIVAN

İsmayıl HACIYEV,

akademik, AMEA Naxçıvan bölməsinin sədri

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələri olan xalqlarındandır. Azərbaycan xalqı təqribən

beş  min  illik  dövlətçilik  tarixinə  malikdir.  Azərbaycan  ərazisində  ilk  dövlət  qurumları və  ya  etnik-siyasi  birliklər

Urmiya hövzəsində e.ə. IV minilliyin sonu III minilliyin əvvəllərində yaranmışdı. Burada meydana gəlmiş ən qədim

Azərbaycan  dövlətləri  bütün  regionun  hərbi-siyasi  tarixində  mühüm  rol  oynamışdır.  Naxçıvanın da  Azərbaycanın

milli dövlətçilik tarixində özünəməxsus rolu olmuşdur.

Naxçıvan  Azərbaycanın  zəngin  tarixə,  mədəniyyətə,  dünya  sivilizasiyasında  tanınan  mürəkkəb,  çətin  və

şərəfli  inkişaf  yolu keçən tarixi bölgələrindən biridir. İstər  geosiyasi  mövqeyi,  istər  zəngin  tarixi  keçmişi, mədəni

irsi  və  dövlətçilik  ənənələrinin  zənginliyi  ilə  Naxçıvan  diyarı xüsusi  rola  və  yerə  malikdir.  Təsadüfi  deyildir  ki,

"Naxçıvan  Muxtar  Respublikasının  85  illik  yubileyinin  keçirilməsi  haqqında  ölkə  Prezidenti  İlham  Əliyevin

2009-cu il 6 fevral tarixli sərəncamında qeyd olunduğu kimi, "...çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan

diyarı çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçmişdir. Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı

cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi

proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir" (1).

Naxçıvan  ərazisində  ən  qədim  insanlar  daş  dövründə,  yəni  yüz  səksən  min  il  bundan  əvvəl  yaşamışlar.

İbtidai  insanlar  "Naxçıvanın  füsunkar  gözəlliyə,  təbii  zənginliklərə  malik  çay  vadilərində,  dağ  yamaclarında,

Günnüt  dağ-ətəyi  zonalarında,  Kilid,  Daşqala,  Ərməmməd,  Qazma  və  b.  karst  mağaralarında  daş  dövründə...

yaşayış məskənləri salmışlar" (2. s. 9). İndiki Naxçıvan şəhərinin ilkin yeri, məskəni hesab edilən ikinci Kültəpədən

daş dövrünə aid maddi mədəniyyət nümunələri tapılmışdır. Bifas tipli çaxmaq daşı aləti paleolit dövrünə aiddir. Son

tədqiqatlar "Naxçıvan ərazisində insanların hələ 120 min il bundan əvvəl yaşadıqlarını təsdiq edir" (3).

Yeni araşdırmalara əsasən Naxçıvan ərazisində qala şəhərlər olmuş, yaşayış məskənləri inkişaf edərək şəhər

tipli  yaşayış  yerlərinə  çevrilmişdir.  Bu  cəhətdən  Naxçıvan  şəhərinin  yaranması diqqəti  cəlb  edir.  Artıq  30  ildən

çoxdur  ki,  bu  barədə  müxtəlif  mülahizələr  söylənilir.  Uzun  illər  bu  sahədə  tədqiqatlar  aparan  V.Əliyev  Naxçıvan

şəhərinin 3500-4000 il tarixə malik olduğu fikrini irəli sürmüşdür. Lakin bəzi tədqiqatçılar buna qarşı çıxmışdır (5).

Son  illərdə  Naxçıvan  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar,  elmi  araşdırmalar  Naxçıvan  şəhərinin  yaşı

məsələsində yeni elmi mülahizələr irəli sürülməsinə səbəb olmuş və bunun 5 min ildən artıq olduğunu deməyə əsas

vermişdir. Akademik İ.Həbibbəyli "Naxçıvan şəhərinin yaşı "Beş min il" məqaləsində (4, s. 20-27) Naxçıvanın yer

kürəsindəki  ən  qədim  şəhərlərdən  biri  olduğu  mülahizəsini  irəli  sürmüşdür:  "Naxçıvan  şəhərinin  tarixi  insanlığın

yaranmasının başlanğıc dövrləri ilə bağlıdır. Naxçıvan bəşər sivilizasiyasının ilk şəhər tipli yaşayış məskənlərindən

biridir" (4, s. 25).

Naxçıvan  uzun  əsrlər  ərzində  bir-birini  əvəz  edən  Manna,  Midiya,  Əhəmənilər  imperiyası,  Atropatena,

Parfiya,  Sasanilər,  Ərəb  xilafəti,  Səlcuq  və  sonrakı dövlətlərin  ən  inkişaf  etmiş  əyalətlərindən  biri  olmuşdur.  Bu

dövlətlərin tərkibində Naxçıvan özünəməxsus mövqeyi ilə seçilmişdir. Son illərin arxeoloji tədqiqatları nəticəsində

əldə edilmiş maddi mədəniyyət nümunələri təsdiq edir ki, Naxçıvan Yaxın və Orta Şərqin bir sıra dövlətləri ilə sıx

qarşılıqlı əlaqədə yaşayıb fəaliyyət göstərmiş və inkişaf etmişdir. Tarixin müəyyən dövrlərində Naxçıvan ərazisində

müstəqil,  yaxud  yarımasılı  olan  dövlətlər  mövcud  olmuşdur.  Naxçıvanşahlığı,  Azərbaycan  Atabəylər  dövləti,

Naxçıvan  xanlığı,  Araz-Türk  Respublikası,  Naxçıvan  Muxtar  Sovet  Sosialist  Respublikası,  Naxçıvan  Muxtar

Respublikası və s.

Naxçıvanın  tarixinə  və  müasir  dövrünə  dair  yazılan  monoqrafiya,  kitab,  məqalə  və  dissertasiyalarda

Azərbaycanın  milli  dövlətçilik  tarixində  bu  regionun  özünəməxsus  yeri,  rolu  və  mövqeyi  kifayət  qədər  öz  əksini

tapmamışdır.  Əlbəttə,  mövcud  problemin  dəqiq  tədqiqinə  keçmiş  siyasi  quruluşun  ideoloji  və  sinfi  prinsipləri  də

ciddi əngəl törətmişdir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu problemə də  diqqət  artırılmışdır.  Azərbaycan  tarixi

ilə  yanaşı, müəyyən  bölgələrin  və  şəhərlərin  tarixi  də  öyrənilməyə  başlanılmışdır.  Naxçıvan  Muxtar  Respublikası

Ali  Məclisinin  sədri  Vasif  Talıbovun  "Uluslararası qaynaqlarda  Naxçıvan"  beynəlxalq  simpoziumdakı  çıxışında

qeyd  etdiyi  kimi  "azərbaycanlıların tarixi,  ilk  növbədə  vahid,  bütöv  Azərbaycanın tarixi  deməkdir.  Bununla  belə,

tariximiz  xalqımızın  yaşadığı,  dövlətlərimizin  tarix  boyunca  fəaliyyət  göstərdiyi  ərazilərin  də  tarixi  deməkdir.

Ümumiyyətlə, millətin və dövlətin tarixi bölünməzdir, bütövdür, tamdır. Lakin bu məntiqə də inanmaq lazımdır ki,

bütövlükdə  Azərbaycanın  tarixi  onun  ayrılmaz  tərkib  hissəsi  olan  vilayətlərin,  şəhərlərin,  kəndlərin,  tayfaların,

nəsillərin tarixinin birliyindən, vəhdətindən ibarətdir" (6, s. 11).

Naxçıvan tarixin müəyyən mərhələlərində xarici dövlətlərin işğalı altında olsa da, daim nisbi müstəqilliyini

və  dövlətçilik  ənənələrini  qoruyub  saxlamışdır.  Naxçıvan  əhalisinin  mübarizlik  əzmi  onunla  nəticələnmişdir  ki,

işğalçılar Naxçıvanın idarə edilməsini bir qayda olaraq yerli hakimlərə həvalə etmişlər (7, s. 20).

Naxçıvan  haqqında  ilk  yazılı  məlumata  Klavdi  Ptolomeyin  "Coğrafi  təlimnamə"  əsərində  rast  gəlinir:




"Naksuana geniş ərazisi olan Vaspuraqanın mərkəzidir. 37 nahiyədən ibarət bu ölkənin bir nahiyəsini də Naksuana

təşkil edir" (8, s. 12).

Naxçıvan  ərazisi  eramızdan  əvvəl  IX  əsrdən  eramızın  III  əsrinə  qədər  Manna,  Midiya  və  Atropatenanın

tərkib  hissəsi  olmuşdur.  Eranın  III  əsrində  Naxçıvan  Atropatenanın  tərkibində  Sasanilər  imperiyasının  tərkibinə

daxil olmuşdur. Naxçıvanda Sasani canişinliyi yerləşirdi. 654-cü ildə Naxçıvan bölgəsi ərəblər tərəfindən tutuldu.

Ərəb  xilafəti  dövründə  inzibati-ərazi  bölgüsü  baxımından  müəyyən  dəyişikliklər  baş  versə  də,  Naxçıvan

Azərbaycanın tərkibində qaldı.  Naxçıvan bölgəsi tarixən Cənubi Azərbaycan ərazisində mövcud olmuş  dövlətlərin

tərkibində olmuşdur.



NAXÇIVANŞAHLIQ  (980-1066).  IX  əsrin  II  yarısında  Azərbaycan  ərazisində  feodal  dövlətləri  yarandı.

XII  əsrədək  Azərbaycanda  müxtəlif  feodal  dövlətləri  mövcud  olmuşdur.  IX  əsrin  sonlarında  Naxçıvan  Sacilər

dövlətinin tərkibinə daxil olur və X əsrin 30-cu illərinə kimi onların hakimiyyəti altında qalır. Sonra isə Naxçıvan

Salarilər  dövlətinin  tərkibinə  daxil  olur.  Əsrin  sonlarına  yaxın  Naxçıvanda  müstəqil  dövlətlər  qurumu  -

"Naxçıvanşahlıq"  meydana  gəlir.  M.Şərifli,  R.Məmmədov,  V.Piriyev  və  b.  bunu  müstəqil  feodal  dövləti  kimi

xarakterizə etsələr də, N.Vəlixanlı Naxçıvanşahlığı dövlət deyil, feodal hakimlərin idarə etdikləri əmirlik olduğunu

qeyd  edir  (9,  s.  77-78).  V.Əliyevə  görə,  Naxçıvan  X  əsrin  80-ci  illərindən  etibarən  "Naxçıvanşahlığı"  adlanan

feodallığın  paytaxtına  çevrilmişdir.  Bu  feodal  dövləti  Naxçıvan,  Qoltan  (indiki  Ordubad,  Əylis)  dövləti  və  Dvin

ərazisini əhatə edirdi" (2, s. 45). V.Piriyev göstərir ki, Naxçıvanşahlıq Salarilər dövlətinin son vaxtlarında meydana

gəlmiş, Rəvvadilər dövləti ilə yanaşı fəaliyyət göstərmiş  və Əbu Duləfilər tərəfindən idarə olunmuşdur. Nəvə Əbu

Duləf sonralar Divini tutmuş, "Naxçıvanşah" titulu qəbul edərək şahlığı idarə etmişdir (10, s 7). Naxçıvanşahlıq 80

ilə  yaxın  fəaliyyət  göstərmiş  və  feodal  dövlətləri  sırasında  özünəməxsus  yer  tutmuşdur.  Naxçıvanşahlıq  öz

fəaliyyətində  Rəvvadilərlə  əlaqəyə  üstünlük  vermiş  və  qərb  qoşunlarına  qarşı  əks  mövqedə  durmuşdur.

Naxçıvanşahlıq Sultan Alp Arslanın dövründə Səlcuq dövlətinə tabe edilmişdir (11, s. 28).



AZƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİ (1136-1225). XII əsrin 30-cu illərində Azərbaycan Atabəylər

dövləti  meydana  gəldi.  Yaxın  və  Orta  Şərqin  əzəmətli  dövlətlərindən  olan  Azərbaycan  Atabəylər  dövlətinin

yaradıcısı, zəmanəsinin  görkəmli  diplomatı və  uzaqgörən  dövlət  xadimi  Şəmsəddin  Eldəniz  idi.  O,  təkcə  dövlətin

deyil,  Eldənizlər  sülaləsinin  də  banisi  idi.  Naxçıvan  XII  əsrin  30-70-ci  illərində  Azərbaycan  Atabəylər  dövlətinin

əsas mərkəz şəhəri, paytaxtı olmuşdur (12, s. 72).

Eldənizlər  dövlətinin  tərkibinə  Azərbaycan,  Arran,  Naxçıvan,  Fars  (Əcəm)  İraqı,  Rey,  Həmədan  və  s.

vilayətlər daxil idi. Akad. Z.Bünyadov yazır ki, Naxçıvan sərhəd vilayəti kimi, xüsusi rejimdə idi. Naxçıvan vilayəti

divan əl-xassə və ya divan əl-əla adlanan Ali divana tabe idi. Atabəylərin xəzinəsi, adətən Atabəyin olduğu yerdə

saxlanılırdı. Əsas xəzinə Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu.

Azərbaycan  Atabəylər  dövründə  Naxçıvan  siyasi,  iqtisadi  və  mədəni  cəhətdən  xeyli  inkişaf  etmiş,  ticarət

əlaqələri  genişlənmişdi.  Dövlət  40  ilə  yaxın  Naxçıvandan  idarə  olunmuşdur.  Bununla  əlaqədar  "Əcaib-əd-dünya"

əsərində  yazılır:  "Naxçıvan". Eldənizlərin  dövründə  tam  tərəqqiyə  çatdı.  Orada  padşahlıq  iqamətgahı (darülmülk)

yaratdılar və dövlətxana təsis etdilər" (13, s. 209).

Azərbaycan Atabəylər dövlətinin əsl hakimi Şəmsəddin Eldəniz idi. Onun hakimiyyəti dövründə Naxçıvan

Atabəylər  dövlətinin  əsas  iqtisadı,  siyasi  və  mədəniyyət  mərkəzi  kimi  tanınmışdır.  Naxçıvan  şəhəri  dövlətin

həyatında  mühüm  rol  oynamış,  həm  də  çox  inkişaf  etmişdi.  Bu  dövrdə  Naxçıvan  əhalisinin  sayına  görə  Yaxın

Şərqin  tanınmış  iri  şəhərləri  ilə  eyni  səviyyədə  olmuşdur.  Mənbələrdə  yazılır:  "Təbrizdən  və  Bağdaddan  sonra

Naxçıvan  kimi  cəlallı  və  əzəmətli  şəhər  yox  idi"  (14.  s.  467).  Naxçıvan  şəhərində  təxminən  150-200  min  əhali

yaşamışdır.  Şəhərdə  çoxlu  məscid  və  mədrəsələr  var  idi.  Əhalinin  ictimai  tərkibi  feodal  şəhər  zadəganları,

ruhaniləri, sənətkarlar, tacirlər, məmurlar, əsgərlər, nökərlər, şəhər yoxsullarından ibarət idi (12, s. 61).

Naxçıvan şəhəri haqqında "Əcaib-əd-dünya" əsərində yazılır: "Naxçıvan-Azərbaycanda şəhərdir, böyükdür

və əhalisi çoxdur, hündür yerdə yerləşir, çox möhkəmləndirilmişdir. Çoxlu saraylar, şəhərkənarı qəsrlər köşklər və

təmtəraqlı  eyvanlar  tikilib,  şəhərin  yanında  daşdan  qala  tikiblər,  qalada  mədrəsə,  məscid  inşa  ediblər,  qalada

şirinsulu bulaq var. Deyirlər ki, yer üzərində bundan çox əhalisi olan şəhər yoxdur; bütün tikililər kəcdən və bişmiş

kərpicdəndir.  Köşklərin  çoxu  qalalar  kimi  üç  və  dörd  mərtəbəlidir.  Şəhərətrafı (savad)  çox  gözəldir,  axar  suyu,

bağları  və  yaşıllığı  çoxdur.  Araz  çayı  şəhərin  içərisindən  axır.  Əlahəzrət  Eldənizin  mübarək  zamanında  şəhər

özünün ən yüksək əzəmətinə çatdı. Orada hökmdarın iqamətgahı (dar əl-mülk) və hökumət binaları (dövlətxanalar)

tikildi" (13, s. 135-136).

Naxçıvan  Eldənizlər  dövlətinin  paytaxtı olduqdan  sonra  onun  əzəməti  daha  da  artdı.  Eldənizlər  dövlətinə

bütün Cənubi Azərbaycan, İraqın və İranın bir hissəsi daxil idi. Bu dövlətin sərhədi Kür çayınadək uzanırdı.



NAXÇIVAN TÜMƏNİ (XIII-XIV əsrlər). Naxçıvan XIII-XIV əsrlərdə  Azərbaycanın əsas  inzibatı-ərazi

vahidlərindən  biri  idi.  Azərbaycan  inzibati  baxımdan  9  tümənə  bölünmüşdü: Təbriz,  Ərdəbil,  Pişkin, Xoy,  Sarab,

Marağa, Mərənd və Naxçıvan. Orta əsrlərdə 10 min döyüşçünü birləşdirən hərbi bölüm, 10 min dinara bərabər pul

vahidi və 10 min əsgər verə biləcək inzibati-ərazi vahidi "tümən" adlanırdı. Naxçıvan tüməninə Azərbaycanın 27 iri

şəhərindən  5-i  (Naxçıvan,  Ordubad,  Azad,  Əncan  və  Makuyə)  daxil  idi  (15,  s.  102).  Naxçıvan  tüməni  hazırda



Naxçıvan Muxtar Respublikasının ərazisindən nisbətən geniş ərazini - Araz çayının şimal və cənub sahillərini əhatə

edirdi.  Naxçıvan  tüməni  Makudan  Qafan  dağlarına  qədər  olan  geniş  ərazini  əhatə  etmiş  və  Xoy,  Mərənd,  Pişkin

tümənləri və Qarabağla hüdudlanaraq Göyçə gölü istiqamətində Dərələyəz silsiləsinin şimalına kimi çatırdı. Maku

və Qafan əraziləri də Naxçıvan tüməninə daxil idi. Dvin şəhəri də bu tümənin tərkibində idi (16, s. 99). Naxçıvan

tümənində,  həmçinin  Vənənd,  Qarabağlar,  Giran,  Culahə,  Şahbuz,  Şərur  və  s.  yaşayış  yerləri,  Əlincə,  Sürməlı,

Gərni, Tağmar və başqa qala və istehkamlar mövcud olmuşdur.

Naxçıvan  tümənini  mahal  hakimi  və  tümən  əmri  idarə  edirdi.  Şəhərləri  isə  şəhər  hakiminin  başçılığı  ilə

mütəsərrif, mustovfi, xazin, nazir və s. məmurlar idarə edirdilər.



NAXÇIVAN XANLIĞI (1747-1828 (1840)). XVIII əsrin ortalarında Azərbaycanda kiçik feodal dövlətlər

-  xanlıqlar  yarandı.  Bunlardan  biri  də  Naxçıvan  xanlığı  idi.  Bu  dövrdə  Naxçıvanda  ən  hörmətli,  tanınmış  tayfa

kəngərlilər  idi.  Nadir  şah  öləndən  sonra  Kəngərli  tayfalarının  başçısı Heydərqulu  xan  özünü  Naxçıvan  xanı elan

etdi.  Zəngəzur  dağlarından  Araz  vadisinə  kimi  ərazini  əhatə  edən  xanlığın  mərkəzi  Naxçıvan  şəhəri  idi.  Xanlıq

inzibati cəhətdən Əlincə, Xok, Dərələyəz, Ordubad, Əylis, Dəstə, Çənənəb və Bəlləv mahallarına bölünmüşdü (17,

s. 23). Xanlığın ərazisində - 2 şəhər Naxçıvan və Ordubad şəhəri mövcud idi.

Müstəqil  və  yarımasılı  olan  xanlıqlar  dövlətçilik  tarixində  mühüm  yer  tutur.  T.Svyatoxovski  xanlıqlar

dövrünü Azərbaycan tarixində müstəqillik dövrü adlandırıb. Naxçıvan xanlığı çətin mübarizələr nəticəsində yaşayıb

fəaliyyət  göstərmişdir.  Naxçıvan  xanlığının  ən  çox  müttəfiq  olduğu  xanlıqlar  Qarabağ,  İrəvan  və  Maku  idi.  Bu

xanlıqlarla  qohum  və  dost  olan  Naxçıvan  xanlığı  həmişə  bu  xanlıqlarla  sıx  diplomatik  münasibətlər  saxlayırdı.

Tədqiqatçı  M.Quliyev  "Azərbaycanın  dövlətçilik  tarixində  Naxçıvan  xanlığının  yeri"  məqaləsində  (18,  s.  48-56)

xanlığın mövqeyini və dövlətçilik tarixindəki oynadığı rolu geniş təhlil etmişdir.

Naxçıvan xanlığı özünün ərazisi, qoşunu, bayrağı, gerbi, pulu və xanlığı idarə edən sülaləsi "Kəngərlilərlə,

şərqdə öz diplomatiyaları və döyüşləri ilə ad-san qazanmış süvariləri ilə məşhur idi. Naxçıvan xanları Naxçıvanın

müstəqilliyi  uğrunda  siyasət  aparırdılar.  Bu  cəhətdən  I  Kalbalı xan  xüsusilə  diqqəti  cəlb  edir.  O,  1787--1795-ci

illərdə Naxçıvanı müstəqil idarə edib, xanlığın hörmət və nüfuzunu artırıb. I Kalbalı xanın siyasətini nəinki qonşu

xanlıqlar.  hətta  böyük  dövlətlər  belə  qəbul  edir  və  hesablaşırdı.  Onun  dövründə  Naxçıvan  xanlığı  xeyli

möhkəmləndi  və  müstəqil  dövlətə  aid  olan  əsas  atributlar  yaradıldı.  Naxçıvan  xanlığı qonşu  xanlıqlarla  və  güclü

dövlətlərlə dostluq münasibətləri yaratmağa səy göstərirdi.

I  Kalbalı  xanın  sərkərdəlik  hünəri  və  uzaqgörən  diplomatiyası  işğalçı  dövlətləri  çox  qıcıqlandırırdı.

Naxçıvan  xanlığının  müstəqilliyini  hər  şeydən  müqəddəs  bilən  I  Kalbalı  xan  daxili  və  xarici  siyasətində  olduqca

fəal və çevik idi (18, s. 51).

Naxçıvan  xanlığına  22  il  rəhbərlik  edən  (1787-1820,  fasilələrlə)  I  Kalbalı  xan  dostluqda  sədaqəti,

mübarizələrdə ağıllı siyasəti və cəsarəti ilə seçilmiş, sərkərdəlik məharəti ilə xanlığı qorumuşdur.

Şimali  Azərbaycan  xanlıqları  kimi  Naxçıvan  xanlığı  da  Rusiya  tərəfindən  ilhaq  edildi.  Ehsan  xanın

xidmətləri nəzərə alınaraq naib kimi 1840-cı ilə qədər formal da olsa xanlığı idarə etmişdir.

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  Azərbaycan  xanlıqlarının,  o  cümlədən  Naxçıvan

xanlığının  dövlətçilik  tarixində  tutduqları  mövqedən  bəhs  edərək  demişdir:  "Azərbaycan  xanlıqları  bölünən

dövründə  "hər  bir  xanlıq  Azərbaycan  dövlətçiliyinin  nümunəsidir,  biz  bu  xanlıqları  tarixi  nöqteyi-nəzərdən  belə

qəbul  edirik.  Naxçıvan  xanlığı  yaranıbdı.  Naxçıvan  xanlığı  da  Atabəylər  dövlətçiliyinin  davamı  kimi  özünü

göstəribdir. İrəvan xanlığı, Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları "bu xanlıqlar Azərbaycan

dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar".



ARAZ-TÜRK RESPUBLİKASI (03.11.1918-12.04.1919). Araz-Türk Respublikasının yaranması bölgədə

ağır  tarixi-siyasi  şəraitlə  bağlı  idi.  Osmanlı  ordu  hissələrinin  Mudros  müqaviləsinin  şərtlərinə  görə  bölgəni  tərk

etmələri  və  mahalın  əhalisinin  erməni-daşnaqların  təcavüzü,  soyqırımı  siyasəti  ilə  üz-üzə  qalması,  burada  güclü

dövlət qurumunun və nizami hərbi qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdı. Azərbaycandan müvəqqəti olaraq

ayrı düşən Naxçıvanı qoruyub saxlamaq, əhalinin təhlükəsizliyini təmin etmək bu hökumətin başlıca məqsədi idi.

Araz-Türk Respublikasının hüdudları Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarmı, habelə Sərdarabad,

Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. əhatə etməklə (19, s. l 12) ərazisi 8696 kv.km. idi (20, s. 33).

Mərkəzi Naxçıvan şəhəri, əhalisi isə bir milyon nəfərə yaxın idi.

Araz-Türk  Respublikasının  bir  sıra  dövlət  strukturları  hakimiyyət  orqanları  mövcud  olmuşdur.  Hökumət

rəisi naxçıvanlı Əmir bəy Əkbərzadə, hərbi nazir isə Cahangiroğlu İbrahim bəy seçildi (20). Cahangiroğlu İbrahim

bəyin  köməyi  ilə  qısa  müddətdə  silahlı  qüvvələr  təşkil  olundu  "20  tabor  (batalyon)  yaradıldı.  Araz-Türk

Respublikasının  rəhbərliyi  hərbi  müdafiə  problemlərinin  həllində  Türkiyənin  yardımından  istifadə  etmişdi.  Xəlil

bəy Türkiyə dövlətinin Araz Respublikası hökuməti yanındakı daimi hərbi müşaviri idi.

Araz-Türk  Respublikası  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  sıx  əlaqələr  yaratmağa  çalışmışdır  Bu

hökumətin rəsmi nümayəndəsi Paşa Əliyev Azərbaycan Parlamentinin açılışında iştirak etmişdi. Tərkibinə Hüseyn

Cavidin  də  qatıldığı Araz-Türk  Respublikasının nümayəndə  heyəti  Xalq  Cümhuriyyətinin  rəhbərləri  ilə  görüşmüş

və  müəyyən  məsləhətləşmələr  aparmışdı.  Lakin  AXC-nin  düşdüyü  ağır  vəziyyət  onun  Araz-Türk  Respublikasına

yetərincə kömək göstərməsinə imkan verməmişdir.




Bununla belə, Araz-Türk Respublikasının  qısamüddətli fəaliyyəti tariximizdə və bölgənin taleyində böyük

tarixi əhəmiyyətə malik idi. Bu respublika Şimali Azərbaycan üçün çox ağır və gərgin bir dövrdə Naxçıvan bölgəsi

və çevrəsinin türk-müsəlman əhalisinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında  mühüm rol

oynadı. Ən başlıcası isə, bu ərazilərin erməni daşnaqlarının əlinə keçməsinə imkan vermədi (21, s. 33).



NAXÇIVAN  MSSR  (9  fevral  1924-17  noyabr  1990).  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  milli

hökumət  düşdüyü  çətin  və  mürəkkəb  vəziyyət  ucbatından  Naxçıvana  yetərincə  diqqət  yetirə  bilmirdi.  Bundan

istifadə  edən  erməni  daşnaqları  Azərbaycanın  qədim  torpağı  Zəngəzuru  işğal  etdilər.  Onların  əsas  məqsədi

Naxçıvanı "böyük Ermənistan"a birləşdirmək idi. Lakin Naxçıvan diyarı əhalisinin inadlı müqavimətləri nəticəsində

buna imkan verilmədi.

Türkiyə  ilə  Rusiya  arasında  bağlanan  Moskva  müqaviləsinə  (1921,  16  mart)  əsasən  Naxçıvana

Azərbaycanın  tərkibində  muxtariyyət  statusu  verildi.  Qars  müqaviləsi  (1921,13  oktyabr)  ilə  Cənubi  Qafqaz

respublikaları bunu etiraf etdi və Türkiyə ilə müqavilə imzaladılar.

1921-ci  ilin  sentyabrında  Naxçıvan  SSR  Xalq  Komissarları  Soveti  təşkil  edildi.  1922-ci  ilin  yanvarında

Naxçıvan  SSR  Mərkəzi  İcraiyyə  Komitəsi  yaradıldı  (22).  Naxçıvan  1920-1923-cü  illərdə  Naxçıvan  SSR

adlanmışdır.  Totalitar  sovet  rejiminin  təzyiqi  altında  Naxçıvanın  hüquqları məhdudlaşdırılaraq  Naxçıvan  Muxtar

diyarına çevrilmişdir (1923-1924). Azərbaycan SSR MİK-in 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan MSSR

təşkil edildi.  Qeyd  etməliyik  ki,  Naxçıvan  1921-ci  ildən  Azərbaycanın  muxtar  qurumu  kimi  idarə  olunurdusa  da,

30-cu illərin ortalarına qədər o, bütün rəsmi sənədlərdə Naxçıvan SSR adlandırılmışdır.

Naxçıvan Muxtar Respublikası yarandıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin yalnız 5.998 kv.km-ni

əhatə  edirdi.  1929-cu  ildə  isə  Zaqafqaziya  MİK-in  qərarı ilə  Naxçıvanın 657  kv.km  ərazisi  (9  kənd)  Ermənistana

verildi (23, s. 95).

1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olundu. 1925-ci ildə qəzalar ləğv edildi, 8 dairə

saxlanıldı (21, c. 2, s. 95). 1930-cu ildə 6 rayon yaradıldı: Şərur,  Naxçıvan, Culfa,  Ordubad,  Şahbuz,  Əbrəqunus.

1948-ci  ildə  Culfa  rayonu  Əbrəqunus  rayonu  ilə  birləşdirildi.  1990-cı  ildə  Sədərək  rayonu,  2004-cü  ildə  isə

Kəngərli rayonu təşkil edildi. Hazırda 7 inzibati rayon mövcuddur.

Naxçıvanın muxtariyyət  statusunun  hüquqi  bazasının yaradılması 1924-cü  ildə  Naxçıvan MSSR  haqqında

Əsasnamənin  qəbulu  ilə  başlanmışdır.  Əsasnaməyə  görə,  Naxçıvan  Azərbaycan  SSR-in  tərkib  hissəsi  kimi,  ona

muxtar  respublika  hüququnda  daxil  olurdu.  Naxçıvan  MSSR-in  Konstitusiyaları  da  Naxçıvanın  muxtar  ərazi

statusunu möhkəmləndirdi.

Naxçıvan MSSR  həyatın  bütün  sahələrində  -  sosial-iqtisadi,  ictimai-siyasi  həyatında,  mədəni-maarif,  elm,

təhsil, səhiyyə sahəsində böyük nailiyyətlər əldə etmişdir. Keçən əsrin 70-ci illərində muxtar respublikada sənaye

və tikinti sahələrinin şəbəkəsi genişlənmiş, yeni-yeni sənaye sahələri yaradılmış, yaşayış massivləri-mikrorayonlar

salınmışdır. 1980-ci ilin sonuna yaxın məhsul istehsalı 1924-cü ilə nisbətən 180 dəfədən çox artmışdır (23, s. 97).

NAXÇIVAN  MUXTAR  RESPUBLİKASI  (17  noyabr  1990).  XX  əsrin  80-ci  illərinin  sonuna  yaxın

ölkədə  ictimai-siyasi  vəziyyət  mürəkkəb  xarakter  aldı.  Bundan  istifadə  edən  ermənilər  Dağlıq  Qarabağı  və

Naxçıvanı ilhaq etmək üçün əvvəlcə dinc yolla, sonra isə silahlı mübarizə yolu tutdular. Bu sahədə SSRİ rəhbərləri,

şəxsən  M.Qorbaçov  ikili  siyasət  yeridir,  erməniləri  müdafiə  edirdi.  Bu  isə  ölkədə  milli  münaqişələri  qızışdırırdı.

SSRİ rəhbərlərindən müdafiə olunan Ermənistan Azərbaycana qarşı silahlı mübarizəyə başladı.

1990-cı il  yanvarın  20-də  Sovet  Ordusu  Bakıda  dinc  əhaliyə  divan  tutdu.  Bundan  bir  neçə  saat  əvvəl  isə

Naxçıvan  erməni  təcavüzkarlarının  hücumuna  məruz  qaldı.  Azərbaycan  ilk  şəhidlərini  Naxçıvanda  verdi.  Kərki

kəndi ermənilər tərəfindən işğal olundu. Naxçıvanda muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında

müstəsna qərar qəbul edildi. Moskvada isə 1990-cı il 20 yanvar qırğınına ilk düzgün siyasi qiyməti həmin faciənin

səhəri günü Heydər Əliyev verdi.

1990-cı  il  iyulun  22-də  Heydər  Əliyev  Naxçıvana  gəldi.  Naxçıvanlılar  ulu  öndəri  çox  böyük  sevgi  və

alqışlarla  qarşıladılar,  bir  qədər  sonra  isə  onu  Azərbaycan  SSR  və  Naxçıvan  MSSR  parlamentlərinə  deputat

seçdilər.

1990-cı il  noyabrın 17-də  Naxçıvan  MSSR  Ali  Sovetinin  Heydər  Əliyevin  sədrliyi  ilə  keçən  sessiyasının

çox böyük tarixi  əhəmiyyəti  oldu.  Sessiyada  "milli  dövlətçilik  ənənələrimizin  dirçəldilməsi,  muxtar  respublikanın

adından "sovet", "sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan

Muxtar  Respublikasının  dövlət  bayrağı  kimi  qəbul  olunması,  1990-cı  ilin  19-20  Yanvar  faciəsinə  siyasi  qiymət

verilməsi" (24, s. 205) və s. qərarları xalqımız tərəfindən ruh yüksəkliyi ilə qarşılandı.

Ulu  öndərin  1990-1993-cü  illərdə  Naxçıvanda  yaşayıb  fəaliyyət  göstərməsi,  1991-ci  il  sentyabrın  3-də

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri  seçilməsi  Naxçıvanı  ermənilərin  işğal  təhlükəsindən,

muxtariyyəti ləğv edilməsindən xilas etdi.

Naxçıvanda sovet hakimiyyəti  ləğv edildi.  Heydər  Əliyevin  rəhbərliyi  ilə  "Naxçıvan Muxtar  Respublikası

tarixinin məna və mahiyyətinə görə... fərqlənən iki dövrü bir-birindən ayrılırdı: sovet dövrü başa çatır. müstəqillik

dövrü başlanırdı" (25, s. 98).

Naxçıvan  Muxtar  Respublikası  Azərbaycan  Respublikasının  tərkibində  muxtar  dövlətdir.  1995-ci  il



noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan

Muxtar  Respublikası Azərbaycan  Respublikasının  ayrılmaz  tərkib  hissəsidir  və  onun  statusu  bu  Konstitusiya  ilə

müəyyən edilir (26, s. 89). Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının

yeni Konstitusiyası hazırlandı.  Bu Konstitusiya Ali Məclisin 1998-ci il  aprelin  28-də  keçirilən  sessiyasında qəbul

olundu  və  həmin  il  dekabrın  29-da  Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən  təsdiq  edildi.

Konstitusiyanın  ilk  maddəsində  göstərilir:  "Naxçıvan  muxtar  dövləti  Azərbaycan  Respublikası  tərkibində

demokratik,  hüquqi,  dünyəvi  muxtar  respublikadır.  Naxçıvan  Muxtar  Respublikasının  statusu  Azərbaycan

Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri

müəyyən edir" (27, s. l 1).

Naxçıvan Muxtar dövləti müstəqillik dövründə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş

inkişaf  strategiyası  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri  Vasif  Talıbov  tərəfindən  uğurla  davam

etdirilir.  1995-ci  ildən  Naxçıvana  rəhbərlik  edən  V.Talıbov  məqsədyönlü  fəaliyyəti  ilə  muxtar  respublikanın

hərtərəfli inkişafına nail olmuşdur. Naxçıvan Muxtar Respublikası tarixin heç bir mərhələsində indiki qədər inkişaf

etməmiş, uğur qazanmamışdır.

Beləliklə, yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, Naxçıvan Azərbaycanın dövlətçilik tarixində,

qədim dövlətçilik ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynamışdır. "Naxçıvan Muxtar Respublikasının

85 illik yubileyinin keçirilməsi haqqında"kı sərəncamda göstərildiyi kimi, "Naxçıvan Muxtar Respublikası bu gün

milli  dövlət  quruculuğu  prosesinin  fəal  iştirakçısı  olub,  ölkəmizin  iqtisadi  qüdrətinin  artırılması  və  intellektual

potensialının gücləndirilməsinə dəyərli töhfələr verir" (1, 2009, 7 fevral).

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1.  "Naxçıvan  Muxtar  Respublikasının  85  illik  yubileyinin  keçirilməsi  haqqında"  Azərbaycan  Prezidenti

İlham Əliyevin Sərəncamı // Azərbaycan, 7 fevral 2009

2. Əliyev V. Naxçıvan. Bakı: XXI əsr Yeni nəşrlər evi, 2002. 320 s.

3. Cəfərov Ə. Azərbaycanın ilk sakinləri. Bakı: Elm, 2004

4. Həbibbəyli İ. Naxçıvan şəhərinin yaşı "beş min il "Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və

müasirlik". Bakı: Nurlan, 2007, 406 s.

5.  Annes  H.  K  вопросу  о  возрасте  города  Нахчывана.  Naxçıvan  Muxtar  Respublikası  /  Məqalələr

toplusu. Bakı: Elm, 1999, 184 s.

6.  Naxçıvan  tarixinin  səhifələri  /  "Uluslararası  qaynaqlarda  Naxçıvan"  beynəlxalq  simpoziumun

materialları. Bakı, 1996, 222 s.

7. Cəfərzadə İ. Naxçıvanın tarixi və dövlətçilik ənənələri. "Azərbaycan Dövlət  Neft Akademiyasının Elmi

əsərləri. Bakı, 1999, №3, s. 19-26

8. Klavdi Ptolomey. Coğrafi təlimnamə. II kitab. Budapeşt: K.Müllerin nəşri, 1929, s. 22

9. Vəlixanlı N. Naxçıvan ərəblərdən monqollaradək (VII-XII əsrlər). Bakı: Elm, 2005, 152 s.

10. Piriyev V. Azərbaycanın qədim diyarı Naxçıvan / AEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası),

1999, №2, s. 5-12

11. Şərifli M. Naxçıvanşahlıq / AEA-nın Xəbərləri. Bakı, 1966, № 9, s. 27-32

12. Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı, 1977, 158 s.

13. Əcaib-əd-dünya. AMEA TİEA, fotosurəti, inv. №3831

14. Məhəmmə ibn Hinduşah Naxçıvani. Dəstur-əl-katib fı təyin əl-məratib. Moskva, 1971, I c, II h.

15. Həmdullah Qəzvini. Nüzhət əl-qulub. Tehran, 1336 h.q. (farsca). Sitat B.Piriyevin "Naxçıvan tarixindən

səhifələr" kitabından götürülmüşdür. Bakı, 2004, s. 24

16. Piriyev V. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı: Müəllim, 2006, 148 s.

17. Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı, 1996

18.  Naxçıvan  Muxtar  Respublikasının  yaranması: tarix  və  müasirlik  /  Elmi  konfransın materialları.  Bakı:

Nurlan, 2007, 406 s.

19. Musayev 1. Araz-Türk Respublikası.  Naxçıvan / Bakı Universiteti xəbərlərinin xüsusi buraxılışı.  Bakı,

1999, №3, s. 107-121

20. Naxçıvan tarixi atlası. Bakı, 2009, 44 s.

21. Nazim Mustafa. Milli mücadilə qəhrəmanı "İbrahim bəy Cahangiroğlu // Xalq qəzeti, 30 may 1998

22. Naxçıvan ensiklopediyası. İki cilddə, c. l. Bakı, 2005, 361 s.

23. Paşayev A. Naxçıvan muxtariyyəti necə yarandı // Azərbaycan, 25 sentyabr 1999

24. Naxçıvan Muxtar Respublikası. Bakı, 2001, 222 s.

25. Mahmudov Y. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Təhsil, 2002, 328 s.

26. Mahmudov Y. Şükürov K. Naxçıvan: tarixi və abidələri. Bakı: Təhsil. 2007, 216 s.

27. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Azərbaycan, 1997, 112 s. 

28. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. Naxçıvan, 1996, 96 s. 




NAKHCHIVAN IN HISTORY OF NATIONAL STATEHOOD OF AZERBAIJAN

İsmayil Gadjiyev. 

The work makes politological research of key historical stages of forming and peculiarities of development

of  state  building  in  Azerbaijan  in  the  context  of  the  role  of  traditions  of  statehood  of  Nakhchivan  in  national

political processes. The author while analyzing state-legal specificity of functioning of historical state institutions

and  forming  ethno-political  communities  in  the  region,  the  processes  of  establishing  inner  political  stability  in

modern  autonomy,  the  author  pays  special  attention  to  the  achievements  of  social-economic  development  of

Nakhchivan.

НАХЧЫВАН В ИСТОРИИ НАЦИОНАЛЬНОЙ 

ГОСУДАРСТВЕННОСТИ АЗЕР БАЙДЖАНА.

Исмаил Гаджиев 

В работе проводится политологическое исследование ос новных исторических этапов становления и

особенностей  развития  государственного  строи тельства  в  Азербайджане,  в  контексте  роли  традиций

государственности  Нахчывана  в  нацио нальных  политических  процессах.  Автор,  рассматривая

государственно-правовую  специфи ку  функционирования  исторических  государственных  образований  и

формирования  этнополитических  сообществ  в  крае,  процессы  установления  внутриполитической

стабильности в современной автономии, особо останавливается на достижениях социально-экономического

развития Нахчывана.



Yüklə 260,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə