Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə30/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   26   27   28   29   30   31   32   33   ...   112

62 
 
dayandıqları  halda  cəfəng  sözlər  danışır,  tərəddüdlə  deyirlər:  «Yox,  deyəsən  bu 
sinif mübarizəsinə oxşamır!» 
Heç zaman, heç zaman əsl düşməninizi tanımadınız! Düşmənin başlar kəsən 
qılıncının qabağında qolu bağlı dayanıb, «biz beynəlmiləlçiyik» dediniz. Düşmənin 
atdığı gülləyə, yağdırdığı ölüm atəşinə müntəzir dayanıb «biz bolşevikik, proletar 
sinfinin müdafiəçisiyik» dediniz. Milli hisslərin, millət varlığının hər şeydən üstün 
olduğunu  dərk  etmədiniz.  Bir  fanatik  rusun  boş  ideyalarının  arxasınca  düşüb 
xalqınızın,  millətinizin qırğınına  sakit baxdınız,  hərənizə  bir vəzifə  verib başınızı 
aldatdılar.  Şaumyan  kimi  bir  fitnəkar  cibinizə  komissar  sənədi  qoyub,  başınızı 
göylərin  puç  romantikası  ilə  aldatdı,  xalqınızı  qırğına  verdi.  Siz  isə  ayılmadınız. 
Papağınızı qabağınıza qoyub fikirləşmədiniz ki, əgər bu torpaq, bu vətən, bu sərvət 
mənimdirsə,  niyə  ona  sahibliyi  Şaumyanla  Lenin  edir?  Niyə  xalqımın  varını, 
dövlətini çapıb talayır və məndən bir kəlmə də soruşmurlar? Bəs bu qədər Leninin 
göstərişi,  Şaumyanın  «canfəşanlığı»  ilə  Bakıdan  daşınıb  aparılan  dövlətin 
müqabilində xalq niyə ac-yalavac yaşayır, heç nə əldə edə bilmir! 
Sizə  həqiqətləri  başa  salmaq  mümkün  deyil.  Neçə  dəfə  buna    cəhd 
göstərdik, qəflət yuxusundan ayıltmağa, kənarda dayandığınız ölüm uçurumundan 
uzaqlaşdırmağa çalışdıq. Çəkilmədiniz. Beyniniz, düşüncəniz, əqidəniz «bolşevik» 
havası ilə zəhərlənmişdi. Zəhəri beyin qanından təmizləmək müşkül işdir. 
Neçə  dəfə  dedik  ki,  Bakıda  qurulan  və  sizin  komissarları  olduğunuz 
Sovetdə  -  o  «Şaumyan  hökumətində»  niyə  məsələ  qaldırmırsınız,  bəs  ermənidən 
soruşmursunuz  ki,  əgər  düz  adamsansa,  niyə  ermənilərə  silah  paylayıb 
azərbaycanlıları  yaxına  buraxmırsan.  Niyə  bir  kərə  demədiniz  ki,  Bakıya 
yaxınlaşan  qırğının  hələ  başlanmadığı  dövrdə  azərbaycanlıları  qorumaq  istəyən 
«Evelina»  gəmisindəki  müsəlman  əsgərlərindən  ibarət  «Dikaya  diviziya»  
əsgərlərinin  tərksilah  olunması  haqqında  əmr  verməkdə  Şaumyan  hansı  məqsədi 
güdür? 
Soruşmadınız,  demədiniz.  Minlərlə  adam  qətlə  yetiriləndən  sonra  da 
ayılmadınız.  Yalnız  tərəddüd  içində  sayıqlamağa  başladınız:  «deyəsən  bu  sinif 
mübarizəsinə oxşamır». 
Amma müsavatçıları topa, tüfəngə tutdunuz. Az qaldı ki, Şaumyanın sözünə 
inanıb bu qırğının günahkarı kimi müsavatçıları ittiham edəsiniz. Beyninizə yalnız 
bir  fikir  salmısınız:  müsavatçılar  bəy,  xan  hökuməti,  kapitalist  hökuməti  qurmaq 
istəyirlər. Daha düşünmürsünüz  ki, bu xalqın qeyrətli  bəyləri, xanları,  «kapitalist 
damğasıyla» ləkələdiyiniz varlıları var. Və o bəylərin, xanların çoxu lazım gələndə 
xalqın ehtiyaclarına kömək edir, məktəblər açır,  köməksizlərə əl  tutur. Elə sizin 
neçənizi  elə  indi  bəyənmədiyiniz  bəylər,  xanlar,  kapitalistlər  oxutmayıbmı?  Milli 
hisslərdən,  milli  qeyrətindən  uzaq  olub  erməninin,  rusun  dediyi  ilə  oturub-
durandan sonra hansı bəy, hansı xan, hansı kapitalist sizi azərbaycanlı hesab edər 
və qurduğunuz hökumətlə razılaşar?  Xalqı, milləti nahaq qırğına verilən bəy, necə 
razılaşsın, inansın ki, siz hələ də Şaumyanın çaldığına oynayırsınız?  


63 
 
Sizə  vaxtında  bir  söz  də  dedik.  Çatdırdıq  ki,  gürcülərin  də,  ermənilərin  də 
milli  qoşunları  yaradılıb.  Bəs  azərbaycanlıların  milli  qoşunu  yaradılmasına  niyə 
təşəbbüs  göstərmirsiniz?  Niyə bu  məsələ ortalığa atılanda Şaumyan qəribə cavab 
verib ki,  ordu hissələri milli əsasda deyil, sinfi əsasda təşkil olunmalıdır. O zaman 
Şaumyandan  soruşmaq  lazım  idi  ki,  məgər  erməni  ordusu  sinfi  əsasda  təşkil 
olunubmu? Andronikin ordusunda ermənidən başqa bir millət varmı? 
Bunu  etmədiniz,  susdunuz.  Çünki  beyniniz  «biz  beynəlmiləlçiyik»  dumanı 
ilə  örtülmüşdü.  Gözünüzü  «dostluq,  qardaşlıq,  fəhlə,  proletariat»  kimi  düşüncə 
pərdəsi  tutmuşdu.  Həyata  xalqımızın  milli  varlığı  mövqeyindən  və  bu  varlığın 
bütün  hisslərdən  üstün  dayandığı  fikrindən  yanaşa  bilmədiniz.  Fitnəkar  Şaumyan, 
siyasətçi  Lenin  sizi  aldadırdı.  Biri  xalqına  torpaqlar  almaq,  digəri  yıxılmış 
imperiyanı  bərpa  edib,  hökmran  olmaq  məqsədini  güdürdü.  Siz  isə  arada  hər 
çalınana qol götürüb oynayırdınız. Məntiqsiz bir fikrin o zaman üçün qorxunc olan 
torunda çapalayırdınız: «biz beynəlmiləlçiyik». 
Düşünürdü.. Ağrı-acı içərisində düşünürdü. 
...Bəs    bu    bəlalardan    hansı  yolla  qurtulmalı?  Qurtuluş  ümidi  nədədir? 
Birdən içərisində çoxdan qığılcımları dolaşan bir istək alovlandı: Ayrılmaq! Azad 
bir  dövlət  olmaq!  Yalnız  bu  yolla  xalqı  faciələrdən  qurtarmaq  mümkündür. 
Ayrılmaq! Azad olmaq! Erməninin, rusun min bir fırıldağından xalqı xilas etmək. 
Ayrılmaq!  Ermənidən,  rusdan  həmişəlik  ayrılmaq!  Xalqın  neçə  illərdən  bəri 
tökülən  qanını  axmağa    qoymamaq,  düşdüyü  istibdad  quyusundan  onu  çıxarmaq. 
Çörəyini,  suyunu,  udduğu  havasını  belə  ermənidən,  rusdan  ayırmaq,  təmizləmək, 
onun  özününkü  etmək!  Neçə  illərdən  bəri  xalqın  şimala  daşınıb  talan  edilən 
sərvətini  özünə  qaytarmaq.  Özünün  məktəbini  açmaq,  məhkəməsini  qurmaq, 
hökumətini  yaratmaq.  Nə  zamana  kimi  başımız  rus  kəndiri  ilə  bağlanıb  açılacaq?  
Ayrılmaq!  Bütün  nicatımız,  sevib  əsiri  olduğumuz,  intizarında  çırpınıb 
gözlədiyimiz hürriyyət adlı o sevgili cənnət də yalnız  bu ayrılmaqdadır.  Ayrılmaq 
olmasa,  xoşbəxtlik  suyundan  içib  bağrı  yanıq  ürəklərimizin  yanğısını  söndürə 
bilməyəcəyik.    Vətən  əhlini  hər  cürə  zillət  və  möhnət  burulğanından  çıxarmağın 
yolu  ayrılmaqdadır.  Vətən  övladlarının  nigahına  kəsilmiş  bu  zülməti  qovub 
uzaqlaşdırmaq,  ah-fəğan  içində  inləyən  adamları  səadətə  çatdırmaq  «ayrılmaq»la 
mümkündür. Qoy Azərbaycan adı hər yanı gəzib dolaşsın və cəmi ölkələr bilsin ki, 
indi dünyada rusun yumruğu və qapazı altında əzilən Azərbaycan deyil,    müstəqil, 
azad  torpağının,  suyunun  öz  ağrısı  olduğu  bir  Azərbaycan  var.  Uzun  illər  boyu 
müstəmləkə qaranlığında itib görünməz olan bu odlar yurdunu qoy hamı tanısın. 
Ürəyində  coşğun  inam  hissi  yol  gedir.  İçərisini  az  əvvəl  didib-parçalayan 
ağrılar  indi  azalmışdı.  Beynində  yalnız  bir  fikir  alovlanırdı:  Ayrılmaq!  Azad 
Azərbaycan hökuməti yaratmaq! 
Həyatın bütün çirkinliklərindən bezib intihar böhranı keçirən və qəfildən bu 
ölüm  caynağından  qopmaq  işığını  görən  adamlar  kimi  iti,  qətiyyətli  addımlarla 
gedir və düşünürdü: Ayrılmaq! Xilas yolu yalnız budur. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə