Azərbaycanda sahibkarlıq


Azərbaycanda sahibkarlığın inkişaf mərhələləri və onların səciyyəvi xüsusiyyətləri



Yüklə 17,98 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü17,98 Kb.
#82524
1   2
Azərbaycanda sahibkarlıq

Azərbaycanda sahibkarlığın inkişaf mərhələləri və onların səciyyəvi xüsusiyyətləri

Müstəqillik qazandıqdan sonrakı dövrdə Azərbaycanda sahibkarlığın inkişafını şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar:

1993-cü ilə qədər olan mərhələ.

İqtisadi islahatların sistem halında, müəyyən ardıcıllıqla və bir-birini tamamlama şərti ilə həyata keçirilməsi iqtisadi dirçəlişin təmin edilməsinin mühüm şərtdir. Radikal iqtisadi dəyişikliklər mərhələsində həyata keçirilən iqtisadi tədbirlərin yerinin düzgün dərk edilməsi və onların reallaşdırılmasında ardıcıllığın gözlənilməsi köklü islahatların nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən əsas məsələlərdəndir. Azərbaycan reallığına gəldikdə isə, müstəqilliyimizin ilk illərində bu baxımdan vəziyyətin qənaətbəxş olmaması ilk baxışda aydınlaşır. İstər nəzəri, istərsə də respublika iqtisadiyyatında yaranmış vəziyyətin tələbləri baxımından sahibkarlığın maddi əsasını formalaşdıran özəlləşdirmə, xüsusilə də qiymətlərin liberallaşdırılmasını qabaqlamalı idi. Lakin bir sıra obyektiv və subyektiv səbəblər bunun həyata keçirilməsinə mane oldu. Beləliklə də, bazar iqtisadiyyatına keçid üzrə mühüm strateji tədbir – özəlləşdirmə arxa plana keçirildi. Yaranmış vəziyyətdə, həyata keçirilmiş taktiki addımın heç bir real nəticə verməyəcəyi aşkar idi. Qiymətlərin liberallaşdırılmasından sonra ölkə iqtisadiyyatında yaranmış vəziyyət islahatların özəyini təşkil edən özəlləşdirmə prosesini, bu əsasda sahibkarlığın inkişafı və rəqabət mühitinin formalaşmasını zəruri etmişdir. 1993-cü ilə kimi həmin proseslərin ləngidilməsi tənəzzülün daha da sürətlənməsinə, iqtisadiyyatın dağılmasına ciddi təsir göstərmiş, xeyli vəsait itkisinə səbəb olmuşdur. Beləliklə, özəlləşdirmənin gecikdirilməsi, ölkədə tənəzzülün aradan qaldırılmasını və makro-iqtisadi sabitliyin təmin edilməsini daha da çətinləşdirmişdir.



1993 - 2002-ci illər.

Bu mərhələni də şərti olaraq 2 dövrə bölmək olar. Birinci dövr 1993-1996-cı illəri əhatə etməklə ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi ilə xarakterizə oluna bilər. Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı. Bu dövrdə sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu. Azərbaycanın iqtisadi islahatlar və inkişaf modelinin həyat qabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olmuşdur: inflyasiya cilovlanmış, büdcə kəsiri ÜDM-nin 1-2%-i səviyyəsinə endirilmişdir. Bu dəyişikliklər nəticəsində dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş və dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. Belə ki, 1996-cı ildə ÜDM-nin artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil etmişdir. Respublikamızın iqtisadi inkişafının özünəməxsus xüsusiyyətlərinə əsaslanaraq aşağıdakı istiqamətlərdə uğurlu iqtisadi siyasət həyata keçirilmişdir: Respublikanın potensialı nəzərə alınaraq uğurlu neft strategiyası işlənib hazırlanmış və müvəffəqiyyətlə həyata keçirilir. Bu isə öz növbəsində, neft sektorunun inkişafı ilə bağlı yardımçı sahələrin inkişafına təkan vermiş və həmin sahələrdə yerli sahibkarların mövqeləri möhkəmlənmişdir. Neft sektorunun inkişafından əldə edilmiş gəlirlər hesabına ölkəmizin dünya bazarında üstünlük əldə edə biləcəyi ənənəvi qeyri-neft sektoru sahələrinin inkişafı istiqamətində uğurlar əldə edilmişdir. Ölkənin yerləşdiyi mühüm strateji mövqedən yararlanaraq uğurlu beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasına başlanmışdır. İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan vermişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirmişdir. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etmişdir. Özəlləşdirmənin həyata keçirilməsinin zəruri hüquqi bazası formalaşmışdır. Bu baxımdan, prosesin hüquqi təminatında baza rolunu oynayan Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramlarının qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılmışdır. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmış, sahibkarlara zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşmışdır. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılmışdır. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılmışdır.

2002-2015-ci illər.



2002-ci il sahibkarlığın inkişafı sahəsində Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel - may aylarında keçirilmiş görüşləri ilə əlamətdar olmuşdur. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm Fərman və Sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafının sürətləndirilməsini, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsini, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını, bu istiqamətdə dövlət dəstəyi tədbirlərinin çərçivəsinin genişləndirilməsi və onların ünvanlılığının daha da artırılmasını, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın reallaşdırılmasını tələb edir. “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” bu istiqamətdə həyata keçirilən dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan vermişdir. Bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasəti nəticəsində Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 5 dəfəyə qədər artdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 6 mart 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” Fərman imzalanmışdır. Sürətlə inkişaf edən iqtisadiyyatın insan kapitalına olan tələbatının ödənilməsi və ölkənin kadr potenisalını artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.
Yüklə 17,98 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə