Azərbaycanda e-hökumət: mövcud durum, problemlər və perspektivlər Elektron hökumət nədir?



Yüklə 35,59 Kb.
tarix29.01.2018
ölçüsü35,59 Kb.
#22845

Azərbaycanda e-hökumət: mövcud durum, problemlər və perspektivlər
Elektron hökumət nədir?

Elektron həyat, elektron hökumət, elektron imza, elektron ticarət və s. Bu siyahını daha da uzatmaq olar. Artıq gündə bir neçə dəfə bu ifadələri eşidirik. Hətta bu xidmətlərdən yararlanırıq da. Həyatımızın bir hissəsinə çevrilir desək, yanılmarıq yəqin ki. Azərbaycanda yeni medianın inkişafı ilə bu xidmətlər də kifayət qədər reklam olunur. Bu barədə müxtəlif KİV-lərdə saysız-hesabsız informasiya var. Ancaq yenə də haqqında danışdığımızı anlamaq üçün elektron hökumətin nə olduğuna qısaca nəzər salaq. Deməli, Elektron hökumət və ya qısa adı ilə e-hökumət dövlət strukturları haqqında məlumatların əlçatımının hamı üçün sərbəst olan vahid bir elektron məkanda yerləşdirilməsidir. Bundan başqa, ölkə vətəndaşlarının hər biri həmin vahid məkandan istifadə edərək istənilən dövlət strukturunun təklif etdiyi xidmətlərdən yararlana bilir. Beləliklə də vətəndaş-məmur ünsiyyəti olmadan, əlavə xərclər yaranmadan (ödəmədən), rahat və sərbəst şəkildə istənilən sənədləşmə işi həyata keçirilir.


Tarix

Elektron hökumət anlayışı 1990-cı illərin sonlarında meydana gəlib. 2000-ci ildə “Böyük səkkizlik” ölkələrinin Okinava Qlobal İnformasiya Cəmiyyəti Xartiyasını qəbul etməsindən sonra isə bu anlayış əməli prosesə çevrildi. Və bundan sonra İKT sahəsində dünya nəhəngləri iqtisadiyyat və iş seferasını, dövlət idarəetməsini, təhsil, sosial xidmət və tibb, mədəniyyət və incəsənət və digər sahələri elektron formaya inteqrasiya etdilər. Hazırda dünyanın ABŞ, Kanada, Rusiya, Qazaxıstan, Banqladeş, Malaziya, Hindistan, Cənubi Koreya, hətta Keniya kimi ölkələrində elektron hökumətin təqdim etdiyi xidmətlərdən istifadə olunur. BMT-nin 2012-ci il “e-hökumətin hazırlıq indeksi”nə görə ilk beşliyi Cənubi Koreya Respublikası, Niderland, Böyük Britaniya, Danimarka və ABŞ tutur. Amma çox təəssüf ki, siyahıdakı 50 ölkə arasında Azərbaycan adına rast gəlinmir.


Bəs görək Azərbaycanda vəziyyət necədir?

2004-cü ildə qəbul edilmiş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə elektron sənəd dövriyyəsinin yaradılmasına və elektron imza tətbiq edilən yeni proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına şərait yaratdı. 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunun icrasına nəzarət Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) həvalə edildi. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində informasiya əldə edilməsinin asanlaşdırılması üçün bir çox praktiki işlər görüldü. 2006-ci ildən ölkədə elektron hökumətin qurulması üçün işlərə başlanıldı. İlk olaraq pilot layihə üçün Şamaxı rayonu seçildi və bir sıra işlər görüldü. “Elektron hökumət”in tətbiqi sahəsində görülən işlər “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın və 2010-2012-ci illəri əhatə edən ikinci “Elektron Azərbaycan” Dövlət Proqramı və “Azərbaycan Respublikasında «Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nın qəbul edilməsi ilə daha geniş vüsət aldı. Bu proqramlarla yanaşı, iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş 20-dək dövlət proqramı çərçivəsində “elektron hökumət” layihələri həyata keçirilməkdədir.


Bu elektron xidmətlər hansılardır?

Dövlət orqanları tərəfindən xüsusən əhali ilə bilavasitə təmasda həyata keçirilən xidmətlərin, o cümlədən fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı, daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi, gətirilən və aparılan malların bəyan edilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların təqdim olunması, ünvanlı sosial yardım və pensiya təyinatı üçün ərizələrin, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin qəbulu və s. elektron formada həyata keçirilir və bu say gündən-günə artır. 2008-ci ildən etibarən “bir pəncərə” prinsipinin həyata keçirilməsi nəticəsində bir çox sahələrdə prosedurların sayı və müddəti minimuma endirilib, təqdim edilməli olan sənədlərin sayı da dəfələrlə azaldılıb. Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis edilib və bu qurumun nəzdində “ASAN Xidmət” (Azerbaijan Service and Assessment Network) mərkəzləri fəaliyyət göstərir. Hazırda “elektron hökumət layihəsi”nin bir qolu olan bu xidmət vasitəsilə hər bir vətəndaş əlavə vaxt itirmədən, növbələrdə gözləmədən, rəhbər şəxslərlə ünsiyyətə girmədən, vahid məkanda 9 dövlət qurumuna aid olan 23 növ xidmətdən yararlana bilir.


Hansı qurumlar elektron xidmət göstərir?

Artıq “Elektron hökumət” layihələri çərçivəsində ölkənin bir sıra mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətlərin tətbiqinə başlayıb:




Qurumun adı

e-xidmətin sayı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2

Fövqəladə Hallar Nazirliyi

4

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

5

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

7

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

18

Əmlak Məsələləri Dövlət Komitəsi

6

Dövlət Gömrük Komitəsi

7

Müəllif Hüquqları Agentliyi

6

Ədliyyə Nazirliyi

13

Daxili İşlər Nazirliyi

23

Gənclər və İdman Nazirliyi

7

Kənd Təsərrüfatı Nazirliyi

1

Xarici İşlər Nazirliyi

4

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

5

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

11

Mədəniyyət və Turizm Nazirliyi

18

Nəqliyyat Nazirliyi

5

Dövlət Mülki Aviasiya Administrasiyası

4

Dövlət Dəniz Administrasiyası

5

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

17

Səhiyyə Nazirliyi

10

Sənaye və Energetika Nazirliyi

6

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

5

Dövlət Sosial Müdafiə Fondu

8

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

13

Dövlət Statistika Komitəsi

5

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

4

Təhsil Nazirliyi

11

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

2

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

10

Vergilər Nazirliyi

19

Hazırda isə bütün bu sadaladığımız qurumların təklif etdiyi xidmətlər https://www.e-gov.az/ elektron hökumət portalına inteqrasiya edilib və bütün xidmətlər vahid məkanda cəmləşdirilib. Əlbəttə, siyahının bu qədər uzun, xidmətlərin sayının da bu qədər çox olması və xüsusən də vahid məkandakı əlçatımlılıq təqdirəlayiq haldır. Amma bu xidmətlərin yalnız mərkəzi icra hakimiyyəti orqanlarında, daha açıq ifadə etsək, Bakıdakı nazirlik, komissiya, komitə və digər administrasiyalarda olması bəzi suaları meydana çıxarır.


Region əhalisi niyə yerli icra orqanlarının elektron xidmətlərindən yararlana bilmir?

Respublikanın 2-ci böyük şəhəri olan Gəncədə bununla bağlı bütün yaş qruplarını əhatə edən qısa bir sorğu apardım. Əhaliyə yaxınlaşıb “Hansı elektron xidmətlərdən istifadə edirsiniz?” soruşdum. Cavablar çox məyusedici oldu. Fikirlərini öyrəndiyim 35 nəfərdən yalnız və yalnız 4 gənc sualıma cavab verə bildi və onlar da mobil rabitə və kommunal xidmət haqqlarını elektron formada ödədiklərini dedilər. Yerdə qalanlar isə elə təəccüblə üzümə baxdılar ki, elə bil 100 il sonraya planlaşdırılan konseptdən danışırdım. Bununla kifayətlənməyib, Azərbaycanda 66 rayon və 10 respublika tabeliyində olan şəhərin icra hakimiyyətlərinin saytlarına nəzər yetirdim. Saytların böyük çoxluğunda elektron xidmətlər bölməsi işləmir. Yalnız elektron müraciət bölməsi var ki, ona da demək olar ki, heç baxılmır. Yerli icra orqanları ilə elektron poçt vasitəsilə əlaqə saxlamaq istədim. Hamısına bir-bir “Sizin rayonda elektron hökumətlə bağlı hansı işlər görülüb və hazırda əhali hansı xidmətlərdən sərbəst şəkildə istifadə edə bilir?” sualı ilə müraciət etdim. 76 elektron poçt ünvanına göndərdiyim məktuba 24-dən cavab gəldi. Yalnız 3 rayondan sualıma dolğun cavab verildi. Qalanları isə sadəcə elektron müraciət bölməsini əldə bayraq tutmağa çalışdı. Hətta rayonda internet klubların fəaliyyət göstərməsini və genişzolaqlı internetin mövcudluğunu elektron xidmətlərlə qarışıq salanlar da oldu.


Mütəxəssis rəyi

Mövcud durumla əlaqədar "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti, Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüzlə əlaqə saxladım. Osman müəllim mənim müşahidələrimi təsdiqləyərək bildirdi ki, hazırda yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin elektron xidmətlər göstərməsindən söhbət belə gedə bilməz:

“Biz Multimedia Mərkəzi və Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura olaraq həm mərkəzi icra hakimiyyəti, həm də yerli icra hakimiyyəti orqanlarının monitorinqini aparırıq. Yəni onların saytlarında informasiya açıqlığı və xidmətlərlə bağlı situasiya necədir. Monitorinqin nəticələri göstərir ki, mərkəzi icra hakimiyyəti orqanlarına nisbətdə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrdə vəziyyət ifrat dərəcədə pisdir. Yəni ya qanunvericiklə nəzərdə tutulan informasiyalar saytlarda yerləşdirilməyib, ya da ümumiyyətlə elektron xidmətlərdən söhbət gedə bilməz”.

Osman Gündüz problemin əsas səbəblərindən biri kimi kadr çatışmazlığını da qeyd etdi. Çünki bu elə bir sahədir ki, inkişaf üçün mütləq İT və xidmətlər üzrə mütəxəssislərə ehtiyac yaranır. Elektron hökumət vətəndaşlara xidmət edir, amma vətəndaşlar bundan istifadə etmirsə bunun xeyri nədir? Azərbaycan İnternet Forumunun prezidenti ikinci böyük problem kimi xüsusən də regionlarda vətəndaşların İKT savadının olmamasını göstərdi:

“İnkişaf etmiş dövlətlərdə vətəndaşların informasiya mədəniyyətinin artırılması istiqamətində nəhəng dövlət proqramları olub. Yəni vətəndaşı necə hazırlayaq ki, hazırladığımız xidmətdən istifadə etsin?. Mən belə düşünürəm ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, RİTN, Elmlər Akademiyasının müvafiq qurumları və digər ictimai qurumlar regionlarda əhalinin elektron xidmətlərdən istifadəsi istiqamətində kütləvi iş aparmalıdırlar. Bununla bağlı da çoxlu seminar və treninqlər təşkil olunmalıdır ki, əhali bu xidmətlərdən necə istifadə edəcəyini öyrənə bilsin”.
Gələcəyə baxış

Bütün bu problemlər təbii ki, olmalıdır. Çünki heç bir ölkədə sıfırdan başlanılan layihə, proqram problemsiz ötüşmür. Demək bunları nəzərə alıb, gələcəyə baxmaq lazımdır. Artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən elektron hökumətin inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlanıb. Bu yaxınlarda bu iki qurum və Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura tərəfindən yeni layihənin müzakirəsi də oldu. Bu yeni proqramda yuxarıda sadaladığımız bütün problemlərə nəzər salınıb və onların həlli istiqamətində ən uğurlu yollar seçilib. 2013-2015-ci illəri əhatə edəcək dövlət proqramı artıq Azərbaycan Prezidentinə təqdim olub. Bu proqram təsdiq edildikdən sonra Azərbaycanda elektron hökumət sahəsində ciddi irəliləyişlərə nail olunacaq.


İlqar Əhməd
Yüklə 35,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə