Azərbaycanda 1937-ci IL repressiyaları: səbəbləri və nəticələri Dr. Elçin Nəciyev



Yüklə 193,5 Kb.
Pdf görüntüsü
tarix21.07.2018
ölçüsü193,5 Kb.
#57609
növüYazı


«Qarapapaqlar».-2011.-№9(51).-S.24-29.

Azərbaycanda 1937-ci il repressiyaları: səbəbləri və nəticələri

Dr. Elçin Nəciyev

İstanbul Universiteti

1937-38-ci illər xalqımızın taleyinə qara hərflərlə yazılmış unudulmaz bir tarixdir. Ona görə unudulmazdır ki,

onun  vurduğu  ağlasığmaz  fiziki,  psixoloji,  mənəvi  itkilərin  izi  heç  zaman  silinməyəcək.  Həmin  illər  SSRİ  Ali

Məhkəməsi  Hərbi  Kollegiyasının  fəaliyyəti  nəticəsində  minlərlə  azərbaycanlı  ziyalı,  mədəniyyət  və  incəsənət

xadimi, alim, yazıçı, müəllim və din xadimi, sovet və partiya işçisi, hərbçi müxtəlif ittihamlarla kütləvi şəkildə həbs

edilmiş,  güllələnmiş,  Sibirə,  Qazaxıstana  və  digər  yerlərə  sürgünə  göndərilmişdir.  Qeyd  edək  ki,  ən  çox  cəzaya

məruz  qalanların  "trotskiçi",  "əksinqilabçı  millətçi",  "üsyançı"  adı  ilə  öldürülməsi  mənfur  imperiyanın  bütün

SSRİ-də  həyata  keçirdikləri  qorxunc  bir  siyasət  idi.  O  dövrdə  Azərbaycanda  əhalinin  50  faizə  yaxını  ruslar

ukraynalılar,  ermənilər  olsa  da,  əsas  repressiyaya  məruz  qalanlar  azərbaycanlılar  idi.  Məqsəd  bütün  düşünən

beyinləri, qeyri-adi təfəkkür sahiblərini məhv edib, Azərbaycan xalqını yox etmək idi.

Ümumiyyətlə, 37-ci il repressiyaları Azərbaycanda geniş diskussiya və elmi araşdırmaların mövzusu olmuş,

onun  səbəb  və  nəticələrindən  çox  yazılmışdır.  On  minlərlə  insanlar  güllələnmiş, yaxud  sürgün  edilmişlər.  Bu,  bir

nəticə  kimi  ortadadır,  onun  canlı  şahidləri  bu  gün  yaşayırlar,  arxivlərdə  yetərincə  sənədlər  saxlanır.  Ona  görə

nəticədən yazmaq o qədər də çətinlik törətmir.

Əsas  məsələ  37-ci  il  repressiyalarının  səbəbləridir.  Bu  səbəblərin  şahidləri  yoxdur.  Ancaq  istintaq

sənədlərinin hamısında yalan da olsa, səbəblər var. Lakin 37-ci il repressiyalarının səbəblərindən danışarkən, təkcə

istintaq materialları ilə yetərlənmək olmaz. Onları şərti olaraq iki qrupa bölə bilərik:

1. Rəsmi sənədlərdə göstərilən səbəblər.

2.Rəsmi sənədlərdə göstərilməyən səbəblər.

Birincini zahiri motivlər, "yalançı səbəblər" adlandırmaq olar. Onlara aşağıdakılar aiddir:

1.

Keçmiş xanlar, bəylər, kəndxudalar xalq düşməni adlandırılırdılar və güllələnirdilər.



2.

Sovetləşməyə  qədər  bir  az  var-dövləti  olanların  hamısı  "qolçomaq"  adı  altında  həbs  edilir,  sonra  da  ya

güllələnir, ya da Sibirə, yaxud Orta Asiyaya sürgün olunurdular.

3.

Dilindən Sovet dövlətinə və onun rəhbərlərinə qarşı bir ehtiyatsız söz çıxanlar da eyni ad altında yuxarıdakı



cəzalardan birini alırdılar.

4.

Bir qrup adamlar isə tamamilə haqsız olaraq güllələnmiş, yaxud sürgün edilmişdilər.



1937-ci  il  repressiyalarının  çox  dərin  kökləri  var.  Səbəblərini  də  təkcə  yuxarıdakı  motivlərlə

məhdudlaşdırmaq  olmaz.  Ona  görə  ikinci  qrupa  aid  edilən,  yəni  rəsmi  sənədlərdə  göstərilməyən  səbəbləri  üzə

çıxarmağa ehtiyac var.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdi, Azərbaycan Demokratik Respublikası quruldu. Xalq 23

ay  öz  müstəqil  dövlətinin  bayrağı  altında  yaşadı.  Azadlığın  və  müstəqil  dövlətçiliyin  şirinliyini  daddı.  İmzalar

içində Azərbaycanın imzası göründü. Bayraqlar yanında bayrağı dalğalandı.  Himnlərlə qoşa himni səsləndi. Bütün

bunlar  hər  bir  Azərbaycan  vətəndaşının  qürur  mənbəyinə  çevrilmişdi.  Bu  qısa  vaxt  ərzində  Azərbaycan  xalqının

mənəvi  dünyasında  bir  dönüş  yarandı.  Milli  ruhunda  güclü  oyanış  baş  verdi.  Xalq  milli  kimliyini  tanıma,

özünüdərk, tarixi keçmişinə sayqı, mənəvi dəyərlərinə qayğı, onları toplama, nəşr və yayma dövrünə qədəm qoydu.

Təkcə  192030-cu  illər  arasında  onlarla  folklor  kitabları  toplanıb  nəşr  olundu  ki,  bu  da  milli  ruhun  oyanışının

bəhrəsiydi. Həmin folklorçuların böyük əksəriyyəti 37-ci il repressiyasının qurbanı oldu.

1920-ci il aprelin 28-də XI Qızıl Ordu Azərbaycanı işğal etdi, Azərbaycan Demokratik Respublikası süquta

uğradı.  Azərbaycan öz azadlığını və dövlət  müstəqilliyini itirib yenidən Rusiya imperiyasının əsarət  boyunduruğu

altına düşdü. Bakının işğalı Rusiya üçün həyat əhəmiyyəti daşıyırdı. V.İ. Lenin və onun yaxın silahdaşlarının Bakı

nefti  haqqında  dedikləri  fikirlər  bunu  aydın  göstərir.  Lenin  1920-ci  il  martın  17-də  İ.T. Smilqa  və

Q.K. Orconikidzeyə vurduğu teleqramda deyirdi: "Bakını tutmaq olduqca zəruridir. Bütün qüvvələri buna yönəldin"

(1,297).

Xalq bu işğalla barışmadı. Rusiyanın əsarət boyunduruğuna girmə istəmədi. Azərbaycanın hər yerində etiraz

səsləri ucaldı, üsyanlar baş qaldırdı. Xalq öz dövlətinin müstəqilliyini və azadlığını bərpa etmək üçün ayağa qalxdı.

Xalqın həmin dövrdəki psixologiyasını, düşüncəsini M.Ə. Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində qısa  və

dolğun şəkildə belə ifadə etmişdir: "Azərbaycan dövri istiqlalına bolşeviklər Müsavat dövrü deyirlər. Fəqət, xalq bu

dövrə  Azərbaycan  dövrü  deyir.  O,  şimdiki  rejimi,  Azərbaycan  deyə  qəbul  etmiyor.  Xalqın  düşüncəsində

Azərbaycan  məfhumu  coğrafi bir  mənadan  ziyadə  fikir  və  əməl  şəklində  təcəssüm  ediyor.  İstiqlal  xaricində  onun

üçün bir Azərbaycan toxdur " (5, 95)

M.Ə. Rəsulzadənin  bu  fikirlərini  Azərbaycanda  baş  vermiş  antisovet,  anti-rus  çıxışları  da  təsdiqlədi.  Belə

çıxışlar  xüsusilə  Gəncədə,  Qarabağda  və  Zaqatalada  çox  geni  vüsət  almışdı.  Gəncədə  işğalçı rus  ordusu  ilə  Milli

Ordu arasında döyüşlərə xalq da dəstək verirdi. 1920-ci il may ayının 25-dən 26-na keçən gecə milli ordu qüvvələri

işğalçı ordunun hücumlarının qarşısını mərdliklə aldılar və dəmir yol stansiyasını ələ keçirdilər. Bu döyüşlərdə milli




ordu  qüvvələrinə  general-mayor  Cavad  bəy  Şıxlinski,  general-mayor  Məhəmməd  Mirzə  Qacar,  Cahangir  bəy

Kazımbəyov və başqaları rəhbərlik edirdilər. İşğalçı rus ordusu Gəncəni yalnız mayın 31-də tuta bildi. C. Şıxlinski,

M. M. Qacar və C. Kazımbəyov dərhal güllələndilər. Gəncədə işğalçı rus ordusu 13 min nəfərdən çox dinc sakini

vəhşicəsinə qətlə yetirdilər.

XI  Qırmızı işğalçı rus  ordusu  ermənilərlə  birləşərək  iyunun  əvvəllərində  Gəncədən  Qara-bağa  yeridi.  Türk

generalı  Nuru  paşanın  və  polkovnik  Mahmud  bəy  Zeynalovun  rəhbərlik  etdiyi  Milli  Ordu  həm  sayca,  həm  də

silah-sursat  və  texnika  cəhətdən  çox  güclü  olan  XI  Qırmızı rus  ordusunun  qarşısında  duruş  gətirməyib  Füzuli  və

Cəbrayıla tərəf çəkilib oradan İrana keçdilər. XI Qırmızı ordu Xankəndini, Şuşanı, Tərtəri və s. işğal etdi, onlarla

kəndləri yandırıb külə döndərdi, dinc əhaliyə divan tutdu.

Zaqatalada Milli ordu ilə yerli əhali sıx birləşib rus işğalına qarşı durdular. Bu bölgədə Milli Orduya Yaqub

bəy  Əhmətiyev  və  Hafiz  əfəndi  başçılıq  edirdilər.  Bu  bölgədə  də  Qırmızı  ordunun  əsgərləri  təkcə  döyüşən

qüvvələrə deyil, dinc kənd və şəhər sakinlərinə, hətta körpələrə, qadınlara, qocalara da divan tutdular (1, 304-305).

Azərbaycanda  bolşevik  hakimiyyətinə  qarşı  ümumxalq  etirazının  bu  cür  geniş  vüsət  almasının  səbəbi  haqqında

polkovnik  Cahangir  Kazımbəyov  yazırdı:  "Bir  ay  ərzində  (1920-ci  il  aprelin  28  dən  mayın  28-nə  kimi)

azərbaycanlılar  başa  düşdülər  ki,  bolşeviklər  Azərbaycan  xalqının  və  onun  müstəqilliyinin  ən  pis,  ən  qəddar

düşmənləridir (1, 304).Xalq bolşeviklərə  düşmən  kimi  baxırdısa,  bolşeviklər  də  Azərbaycan  xalqını dost  gözündə

görmürdülər.

Rus  istilası,  bolşevik  hegemonluğu  şairlərimizi  də  xalqın  səsimə  səs  verməyə  çağırırdı.  Əhməd  Cavad,

Hüseyn Cavid, Səməd Mənsur, Almaz İldırım və başqaları açıq yaxud gizli şəkildə bu istilanı pisləyirdilər.

Bütün yuxarıda deyilənləri 37-ci il repressiyalarını doğuran səbəblərin ümumi mənzərəsi hesab etmək olar.

Nəticəyə  keçməzdən  öncə  bu  repressiyaların  məqsədi  haqqında  da  bir  neçə  kəlmə  söz  deməyə  ehtiyac

duyular.


Bolşeviklər  yaxşı  başa  düşürdülər  ki,  onların  qan  üstündə  qurulmuş  hakimiyyəti  xalqın  bu  nifrət  və  qəzəb

selinin  qarşısında  uzun  müddət  duruş  gətirə  bilməyəcək.  Ona  görə  xalqın  bu  nifrət  selini  qurtarmaqdan,  qəzəb

köpünü  almaqdan  başqa  çıxış  yolu  görmədilər.  Deməli,  məqsəd  irticaçı,  istilaçı  bolşevik  hakimiyyətini

möhkəmləndirmək, onun uzunömürlülüyünü təmin etmək idi.

Əgər bolşevikləri əsasən  öz  hakimiyyətlərini  saxlamaq  düşündürürdüsə,  onlara  qoşulmuş  erməni  daşnakları

bu  tarixi  fürsətdən  istifadə  edərək  öz  iyrənc  məqsədlərini  həyata  keçirmək  istəyirdilər.  Ermənilərin  bu  iyrənc

niyyətlərini  Azərbaycan  xalqı  1918-ci  il  mart  soyqrımı  günlərində  görmüşdü.  S.Şaumyan  həbs  edilərkən  onun

üstündə  80  milyon  manatlıq qızıl tutulmuşdur.  Bu  qızılları 1918-ci  il  mart  soyqrımında  erməni  daşnakları kütləvi

şəkildə  qətlə  yetirdikləri  Azərbaycanlılardan  soymuşdular.  Ona  görə  Azərbaycanda  37-ci  il  soyqrımına

bolşeviklərdən çox ermənilər hazırlıq görürdülər.

Əslində  37-ci  il  repressiyaların apogeyi-kulminasiya  nöqtəsi  idi.  Bu  isə  1920-ci  ildən  başlanmışdı.  1920-ci

ildən  1937-ci  ilə  qədər  Azərbaycanda  on  minlərlə  insanlar  güllələnmişdir.  Bolşeviklər  Azərbaycan  xalqına  diz

çökdürmək,  onu  boynuna  taxılmış  əsarət  boyunduruğuna  alışdırmaq,  kölə  pisxologiysına  öyrətmək,  qürurunu,

məğrurluğunu sındırmaq, şərəfini, ləyaqətini tapdalamaq məqsədilə kəndbəkənd "təmizləmə" aparırdılar. Təəssüflə

demək  lazımdır  ki,  o  zaman  "boynundakı  əsarət  boyunduruğunu  boyunbağı  kimi  başa  düşənlər  də  vardı,  onun

köləlik  zənciri  olduğunu  bilərək  qırmağa,  boynundan  çıxarıb  atmağa  can  atanlar  da"  (3,  119).  Bolşeviklər  və

ermənilər  öz  iyrənc  məqsədlərinə  çatmaq  üçün  ikincilərin  xidmətindən  bacarıqla  bəhrələnirdilər.  Az  vaxtda

bolşeviklərə  xidmət  edən  kifayət  qədər  satqınlar  tapılmışdı.  Məsələn:  Zəngili  soyadlı bir  nəfərin  Səməd  Vurğun,

Mikayıl Müşfiq və Almaz İldırım haqqında yazdığı məqalələr onların güllələnməsi üçün ittihamlarla zəngin idi. Heç

bir  şübhə  ola  bilməz  ki,  bu  yazılar  tapşırıqla  yazılmışdır.  Bu  tapşırığın  izini  itirmək  üçün  bir  müddət  sonra

Zəngilinin  özü  "yoxa"  çıxmışdır.  Zəngili  S.Vurğunun  "Şairin  andı"  kitabı haqqında  yazdığı  məqalədə  şairin  bəy

nəslindən olduğunu, öz keçmişini unutmadığını, guya o günlərin həsrətilə yaşadığını dönə-dönə xatırladandan sonra

sözünü  belə  tamamlamışdır:  "hər  halda  Səməd  Vurğun  özünün  yenidən  tərbiyəsinə  əhəmiyyət  verməlidir"  (8).

Həmin müəllifin M. Müşfiqin "Küləklər" və Almas İldırımın "Dağlar səslənirkən" kitabları haqqında yazdığı eyni

adlı  məqalələr  də  (6;  7)  bu  ruhdadır.  Sözsüz  ki,  Zəngilinin  məqsədi  hər  cür  şairin  adını  indidən  repressiya

qurbanlarının  siyahısına  salmaq  olmuşdur.  Məhz  bu  yazılar  işıq  üzü  görəndən  az  sonra  Almaz  İldırım  əvvəlcə

Dağıstana,  sonra  Türkmənistana  sürgün  edilmiş,  ordan  da  bir  qaçaq  karvanına  qoşularaq  İrana  getmişdir.  İranda

şairi  həbs  edərək  soyuq  suda  saxlamışlar.  Şair  o  vaxtdan  böyrək  xəstəliyinə  tutulmuş  və  1952-ci  ildə  Türkiyədə

böyrək xəstəliyindən vəfat etmişdir (2, 166-167).

Demək  olar  ki,  1937-ci  ildə  zərbə  daha  çox  xalqın  ədəbiyyat  adamlarına  dəydi.  Repressiyalar  zamanı

biri-birlərini  satanlar,  xəyanətlər  selində  insanların  ruh  düşkünlüyü,  imperiyanın  mütləq  hakimliyi  daha  qabarıq

nəzərə  çarpırdı.  Ədəbiyyat  adamlarının  1937ci  ilin  oktyabrında  başlanan  kütləvi  həbsləri  dəhşətli  xof  yaratdı,

yazıçıların  nəzarət  altında  saxlanması,  öz  fikirlərini,  etirazlarını  azad  şəkildə  ifadə  etməmələri,  onlarda  stress,

psixoloji gərginliklər yaratdı, bu da bir sıra ölümcül xəstəliklərə gətirib çıxartdı.

Lakin zamanın tələbinə boyun əyməyən, axıradək dəyişməz qalan Azərbaycan ədəbiyyatının, mədəniyyətinin

görkəmli  simaları  daha  çox  idi.  1937-ci  il  oktyabrın  12-dən  13-nə  keçən  gecə  Azərbaycanın  tanınmış  yaradıcı

adamları  Əhməd  Cavad,  Bəkir  Çobanzadə,  Böyükağa  Talıblı,  Vəli  Xuluflu,  Məmmədkazım  Ələkbərli,  Hənəfi

Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildi.




Bakı Dövlət Universitetinin tarix, ümumiyyətlə humanitar fakültələrdə daha çox repressiyaya məruz qalanlar

oldu.  Bu  tanınmış  simalardan  Tağı  Abbas  oğlu  Şahbazi,  Maqsud  Məmməd  oğlu  Məmmədov,  Məmmədkazım

Ələkbər oğlu Ələkbərov, Balabəy Cabbar oğlu Həsənbəyov, Əziz (Qaziz) Salihoviç Qubaydullin adını çəkmək olar.

Bir  sıra  ziyalılarımız  da  var  ki,  onlar  göstərdikləri  fəaliyyətlərində  yanlışlıq  olduğunu  dərk  etmişlər.

N.Nərimanov bolşevik olsa da, Azərbaycanda sovet hakimiyyətinin qurulması üçün çalışsa da, aldandığını anlamış,

Moskva ilə demək olar ki, açıq mübarizəyə başlamışdır. Onun Bakıdan Moskvaya aparılması və aradan götürülməsi

Azərbaycanda  planlaşdırılmış  37ci  il  repressiyasının  həyata  keçirilməsini  xeyli  asanlaşdı.  N.Nərimanov  bu

repressiyanın ilk qurbanlarından biri oldu.

Nəhayət, 1937-ci il repressiyaları başladı. Insanlar iki qrupa bölündülər:

1.Güllələnməli olanlar;

2. Sürgünə göndərilməli olanlar.

Güllələnmə  və  sürgünə  göndərilmə  motivləri  isə  müxtəlif  idi.  İnsanların  böyük  əksəriyyəti  "qolçomaq"

damğası  vurularaq  "xalq  düşməni"  adlandırılırdılar.  Kimin  azacıq  var-dövləti,  mal-qoyunu,  fabrik-zavodu,

əkin-səpini, evi-eşiyi, orta səviyyədə yaşayışı vardısa, hamısı "qolçomaq" oldu. Bolşeviklərin ət  maşını işə düşdü,

"qolçomaqlar"  dəstə-dəstə  ət  maşınından  keçirildilər.  Kimisi  güllələndi,  kimisi  sürgünlərə  göndərildi.  Ölkə

"qolçomaq"lardan təmizləndi.

Millətin  qaymağı  olan  düşünən  beyinlərinə  ucdantutma  "xalq  düşməni"  damğası  vuruldu.  Müəllimlər,

həkimlər,  mühəndislər,  şairlər,  yazıçılar,  digər  sənət  sahibləri  "antisovet",  "pantürkist",  "panislamist"  kimi  ya

güllələnirdilər, ya da sürgün olunurdular.

37-ci  il  repressiyalarında  Azərbaycan  çox  böyük  itkilər  verdi.  Çox  böyük  kadr  potensialını itirdi.  Bu,  canlı

insan itkisiydi. Adi insan yox, qurmaq, tikmək, yazmaq, yaratmaq, kəşf etmək üçün yaranmışdı bu insanlar. Millətin

yolunda  çıraq  kimi  yandıqları bir  vaxtda  güclü  şimal  küləyi  söndürdü  onları.  Millət  qaranlıqla,  zülmətlə  üz-üzə

qaldı.

Bu insanlar təkcə özləri getmədilər. Onlar özləri ilə bir daha geri qaytarmaq mümkün olmayan zəngin xəzinə



apardılar.  Alim  elmiylə,  şair  şerləriylə,  bəstəkar  mahnılarıyla,  rəssam  rəsmləriylə,  mühəndis  bilikləriylə,  həkim

dava-dərmanıyla bir yerdə güllələndi.

İtkilər bununla da qurtarmadı. Alimlərimizin, şair və yazıçılarımızın özləri güllələndilər, evlərində nə vardısa,

hamısı  müsadirə  olundu.  Onların  zəngin  arxivləri,  kitabları,  əlyazmaları  "yoxa"  çıxdı,  yer-yurdu  da  bilinmədi.

Azərbaycanda  folklorçu  alim  qalmadı.  Hamısı  güllələndi.  Bəs  bu  folklorçular  kimə  neyləmişdilər?  Onlar  niyə

güllələndilər?  İslam  Sadığın  "Koroğlu  obrazının  genetik  kodu,  yaxud  "Koroğlu"  eposunun  "erməni  variantı"

haqqında"  adlı  məqaləsində  bu  suala  tarixi  faktlar  əsasında  cavab  verilmişdir:  "1936-cı  ildə  İrəvanda  yaşayan

Kananyan  soyadlı  bir  erməni  folklorçusu  Bakıya  gələrək  Vəli  Xuluflu  ilə  görüşmüşdür.  Kananyan  "Koroğlu"

eposunu erməni xalq dastanı kimi nəşr etməyə qol qoyacağı təqdirdə Vəli Xulufluya hər cür vədlər vermişdir. Vəli

Xuluflu  ona  qəti  şəkildə  bildirmişdir  ki,  "Koroğlu" türk  dastanıdır  və  bütün  türk  dünyasında  yayğındır.  Onu  heç

zaman erməni dastanı adlandırmaq olmaz. 1937-ci il repressiyaları başladığı zaman ermənilər Vəli Xuluflunu həbs

etmiş,  evində  axtarışlar  apararaq,  "Koroğlu"nun  artıq  çapa  hazır  olan  mükəmməl  bir  nüsxəsini  götürüb  İrəvana

göndərmişlər.  Erməni  yazıçıları  bu  mətnin  üzərində  işləyərək  1941-ci  ildə  onu  "Koroğlu"  eposunun  "erməni

variantı"  adı  ilə  nəşr  etdirmişlər.  "Koroğlu"  eposunun  "erməni  variantı"  bax  belə  yaradılmışdır.  Bu  barədə

H.Zeynallının haqqındakı istintaq materialları arasında maraqlı bilgilər var" (4, 111).

Bu, minlərlə faktlardan biridir. Salman Mümtazın, Hənəfl Zeynallının, Vəli Xuluflunun evlərindən on illərlə

xalqdan  toplanmış, lakin  çap  olunmamış  cild-cild  folklor  əsərləri  götürülmüşdür.  Bu  əsərlərin  sonrakı taleyi  bəlli

olmamışdır.  Həmin  əsərlərin  də  "Koroğlu"  eposu  kimi  repressiyaların  başında  duran  və  onları  həyata  keçirən

ermənilər  tərəfindən  İrəvana  göndərildiyinə  heç  bir  şübhə  yoxdur.  Bu  fikri  bir  fakt  da  təsdiqləyir  ki,  1950-ci  ildə

İrəvanda  çap  edilmiş  "Erməni  atalar  sözü"  kitabındakı atalar  sözlərinin  böyük  bir  hissəsi  erməni  dilinə  tərcümə

olunmuş türk atalar sözləridir. Həmin atalar sözlərindən bəzilərinə X.Abovyanın "Ermənistanın yaraları" romanında

türk dilində rast gəlinməsi də onların erməni atalar sözü olmadığını göstərir. Çoxlu Azərbaycan nağılları da yalnız

erməni  dilinə  tərcümə  edilmişdir.  Bir  çox  hallarda  hətta  bu  nağılların  adları və  obrazları Azərbaycan  variantında

olduğu kimi saxlanmışdır.

Beləliklə, 37-ci il repressiyaları Azərbaycana böyük itkilər hesabına başa  gəldi. Xalqın genefondu arıtlandı,

seçildi,  qaymaqları üzləndi.  Kimlər  idi  bunlar?  Elin-obanın  mərdləri,  kişiləri,  ağsaqqalları,  ağbirçəkləri,  düşünən

beyinlər, görən gözlər, danışan dillər, eşidən qulaqlar, vuran qollar, qələm tutan əllər, namus, qeyrət simvolu olan

babalarımız,  nənələrimiz.  Koroğlular  həbs  olundular,  Həmzələr  eldə-obada  ağalıq  elədilər.  Mərdlər,  kişilər

azaldılar,  namərdlər,  yaltaqlar,  satqınlar  artdılar,  çoxaldılar.  Deməli,  birinci  növbədə  xalqın  genefondunda  balans

pozuldu, milli mentalitet dediyimiz keyfiyyətlər dəyişdi, sovet imperiyası öz tələbinə uyğun yeni nəsil yetişdirdi.

İkincisi, bu genefondla birlikdə zəngin mənəvi xəzinə itirildi. Güllələnmiş yaradıcı insanlar özlərilə nə qədər

yazmadıqları əsərlər apardılar. Onların özlərindən nə qədər çap olunmamış əsərlər, nə qədər xalqın neçə min illər

boyu yaratdığı folklor örnəkləri götürüldü, ermənilər tərəfindən mənimsənildi, üstünə yad möhürü basıldı.

Azərbaycan  37-ci  il  repressiyalarına  qədər  də,  ondan  sonra  da  zaman-zaman  torpaqlarını  itirdi.  Bəlkə  də

Azərbaycan  yeganə  məmləkətdir  ki,  20-ci  yüzillikdə  onun  torpağında  ikinci  bir  dövlət  bugünkü  Ermənistan

yaradılmışdır. Şah İsmayıl Xətaidən bizə qalmış 2,5 milyon kvadrat kilometrlik bir ərazinin hazırda 86 min kvadrat




kilometrini də saxlaya bilməmişik.

37-ci il repressiyalarından sonra adımız dəyişdirildi, tariximiz saxtalaşdırıldı. Həqiqətin üstünə dönə-dönə elə

tünd boyalar çəkildi ki, onun ilkin rəngini tapmaq üçün yalan, böhtan qayalarmı çapmaq lazımdır.

Azərbaycan 1937-ci il repressiyalarından ən çox zərər çəkən respublikalar sırasındadır. İtirdiklərimiz hədsiz

olsa da, biz yoxluğa qarışmadıq. Və bu bir daha göstərir ki, biz doğurdan da böyük xalqıq. Bu qədər qırıb-töküblər,

kəsib-doğrayıblar, əsir-yesir eləyiblər, ağlagəlməz işgəncələr veriblər, yenə də məhv olmamışıq.  Bu sarsılmaz güc

Azərbaycan xalqını bəşər övladı var olana kimi yaşadacaqdır.

Ədəbiyyat:

1. Azərbaycan Milli Ensiklopediyası (xüsusi cild). Bakı, 2007

2. Cabbarlı Nikpur.  Almaz  İldırımın  mühacirət  dövrü  yaradıcılığı  //  AMEA  Xəbərləri,  Humanitar  elmlər

seriyası, 2002, №1-2

3. İslam Sadıq, Aslan Kənan. Qara taleyin dastanı //Almaz İldırım 100. Bakı: Nurlan, 2009

4. İslam  Sadıq.  Koroğlu  obrazının  genetik  kodu,  yaxud  "Koroğlu"  eposunun  "erməni  variantı"  haqqında

//Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Bakı, 2009, XXIV cild

5. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990

6. Zəngili. "Küləklər". Hücum dərgisi, 1931, №7-8

7. Zəngili "Dağlar səslənirkən". "Kommunist" qəz., 1931, 2 mart

8. Zəngili. Şairin andı// İnqilab və mədəniyyət dərgisi, 1931, №3-4

Elchin Nejiyev - Doctorant of the history department of Istanbul University

REPRESSIONS OF 1937 IN AZERBAIJAN: CAUSES AND REASONS

SUMMARY

In the article though is shown that the year of 1937 had been the apogee culmination of the repressions but its

the  main  beginning  had  been  put  basic  when  Azerbaijan  People  Repub lic  fell.  Since  that  time  intellectuals,

scientists, writers, teachers, in a word the thinkers coniidemned this aggression in the open or secret forms, and they

raised  their  objection  voices.  They  were  turned  with  these  fighting's  to  the  sacrifice  of  the  repression  from  the

law-court in 1937. There were special consultations un til  the same  decision.  But  as  this  organization  carried  out

activity in Moscow its opportunities were limited. In the same year in the wide form were begun to use from the

mobile session of the Military boards. That is why the popular arrests which began became the bloodier stage of the

new terrible fear.

Here  the  main  stage  is  to  investigate  the  causes  of  the  repressions  of  37.  There  were  not  the  witnesses  of

these  causes.  But  in  all  the  in terrogation  documents  have  the  causes  though  there  are  slanders.  But  when  are

spoken from the courses of repressions of 37, has not been agreed only with interrogation materials, they divided

conditionally  into  groups  and  they  have  been  investigated.  In  general  in  this  arti cle  has  been  made  an  effort  to

show the causes of repressions of 37 with facts.



Эльчин Неджиев - Докторант исторического факультета Стамбульского Университета 

РЕПРЕССИИ В АЗЕРБАЙДЖАНЕ 1937 ГОДА: ПРИЧИНЫ И ИТОГИ

РЕЗЮМЕ

Хотя  в  статье  основное  внимание  уделено  показу  апогеи  кульминационной  точки  репрессии  1937

года, но ее начало было заложено в период падения Азербайджанской Демократической Республики в 1920

году. С тех пор интел лигенция, ученые, писатели, педагоги, словом все люди умственного труда, явно или

втайне  осуждали  оккупацию,  выражали  свой  решительный  протест.  Этой  борьбой  они  стали  жертвой

репрессии.  Государство  издало  в193  7году  распоряжения  о  проведении  репрессий  без  суда.  До  этого

решения  состоялось  Особое  совещание.  Только  действовала  эта  организация  в  Москве  и  потому  ее

возможности были ограничены. В том же году началось широкое использование выездных сессий Военных

Коллег. Таким образом, начавшиеся массовые аресты, ужасы стали новым, более кровавым этапом.



Основная проблема-определение при чин репрессий 37 года. Свидетели этих причин отсутствуют. Но,

несмотря  на  это,  во  всех  следственных  документах  имеется  клевета,  но  причин  все  же  много.  Касаясь

причин  репрессии  37-года  и  не  довольствуясь  одними  следственными  материалами,  мы  условно

сгруппировали ирассмотрелиих. В целом, в статье, опираясь на факты, проделана попытка создания общей



картины причин, содействовавших репрессии 37 года даны научные обобщения.

Yüklə 193,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə