Akademik Milli Dram Teatrını dünyada təmsil etmək olar. Bu,
nə qədər cəsarətli
fikir olsa da, bir o qədər real gerçəklikdən şirələnən qənaətdir.
Odessada ali tibb təhsili almış tanınmış ictimai xadim, maarifçi Nəriman
Nərimanov (1870-1925) milli teatrın inkişafinda (həmçinin Tatarıstanda səhnə
sənətinin təşəkkülündə) müəyyən səmərəli xidmətlər göstərib. “Nicat” və “Səfa”
mədəni-maarif cəmiyyətlərinin nəzdindəki teatr dəstələrinin fəaliyyətinə
qayğıkeşlik edib. Nəcəf bəy (“Dağılan tifaq”, Əbdürrəhim bəy Haqverdiyev),
Qorodniçi (“Müfəttiş”, Nikolay Qoqol) və digər rollarda çıxış edib. Özünün “Dilin
bəlası” (“Şamdan bəy”) komediyasını Cahangir Zeynalovla birgə tamaşaya
hazırlayıb.
XX əsrin birinci qərinəsində ayrı-ayrı truppaların, dəstələrin bir ildə bəzən
iki-üç dəfə müraciət etdikləri pyeslər arasında Nəriman Nərimanovun “Nadir şah
Əfşar”, “Nadanlıq”, “Bahadır və Sona” faciələrini, “Dilin bəlası” komediyası
ayrıca qeyd edilməlidir. “Nadir şah Əfşar” ilk milli tarixi faciəmizdir.
1930-cu ilədək teatr öz repertuarında
maarifləndirmə, didaktika mövzulu
əsərlərin tamaşasını, onların oynayacağı tərbiyəvi əhəmiyyəti vacib sayırdı. Təbii
ki, bu istək ilk növbədə cəmiyyətin ictimai, sosial-mənəvi durumundan irəli gəlirdi.
Ona görə teatr həvəskarları yeri gəldikcə Sultanməcid Qənizadənin, Mehdi bəy
Hacınskinin, Rəşid bəy Əfəndiyevin,
Səməd Mənsurun pyeslərinə, təbdil və
iqtibaslarına müraciət edirdilər.
Yazıçı-pedaqoqların arasında teatra rəğbətiylə seçilən Süleyman Sani
Axundovun (1875-1939) “Tamahkar” komediyası, “Eşq və intiqam”, “Laçın
yuvası” faciələri daha çox oynanılırdı.
Bədii yaradıcılığa şer, hekayə, o cümlədən dramaturgiya ilə erkən
yaşlarından başlayan Cəfər Cabbarlı (1899-1934) otuz beşillik ömründə
melodrama, vodevil, sentimental dram,
tarixi dram, faciə janrlarında yumordan
böyük ustalıqla istifadə edərək silsilə səhnə əsərləri yazmışdır. “Vəfalı Səriyyə”,
“Yaylağa gedir”, “Solğun çiçəklər”, “Ulduz, yaxud Ədirnə fəthi müharibəsi”,
“Bakı müharibəsi”, “Ədirnə fəthi”, “Nəsrəddin şah”, “Aydın”, “Oqtay Eloğlu”,
“Od gəlini”, “Sevil”, “Yaşar”, “1905-ci ildə”, “Almaz”, “Dönüş”...
Cəfər Cabbarlının dramaturgiyası teatrı xarakterlər dramaturgiyası kimi daha
çox maraqlandırıb. Səriyyə, Əbdül kişi, Aydın, Oqtay, Dövlət bəy, Böyükxanım,
Qurban, İmamyar, Hacı Əhməd, Şərif, Baloğlan, Ocaqqulu, Elxan, Altunbay,
Aqşin, Oddamdı, Əbdüləli bəy, Balaş, Dilbər,
Gültəkin, Almaz, Mirzə Səməndər,
Sevil, Salamov, General qubernator, Yaşar... obrazlarının ifası Mirzağa Əliyev,
Sona Hacıyeva, Mərziyə Davudova, Abbasmirzə Şərifzadə, İsmayıl Osmanlı,
Ələsgər Ələkbərov, Məmmədəli Vəlixanlı, Rza Təhmasib, İsmayıl
Hidayətzadə,
Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Əliağa Ağayev, Həsənağa
Salayev, Həsən Turabov kimi aktyorlarımızın yaradıcılığında silinməz izlər qoyub.
1920-ci il dekabr ayının 21-də Akademik Milli Dram Teatrı tamaşaçılara
Hüseyn Cavidin (1883-1941) səhnədə ilk pyesini - “İblis” faciəsini nümayiş
etdirdi. Bununla da, səhnə sənətimizdə yeni janrın - P o e t i k t e a t r ı n təməl
daşı qoyuldu.
Əsasən tarixi hadisələrə poetik-dramatik yöndən yanaşmaqla cəmiyyət və
insan, şəxsiyyət və zaman problemləri məhvərində güclü
konflikt quran Hüseyn
Cavid dramaturgiya ilə əsrin əvvəllərində məşğul olsa da, pyesləri uzun illər
tamaşaya qoyulmayıb.
“İblis” qısa müddətdə dəfələrlə oynanılandan sonra sənətkarın “Uçurum”,
“Şeyda”, “Afət”, “Şeyx Sənan”, “Maral”, “Knyaz”, “Səyavuş”, “Topal Teymur”
dramları tamaşaçılara göstərilib. 1921-ci ildən 1935-ci ilədək “Şeyx Sənan” faciəsi
səhnədən düşməyib, repertuarın incilərindən sayılıb.
Hər yeni pyesinin tamaşasından sonra güclü təzyiqlərə, qərəzli tənqidlərə
(hətta təhqirlərə) məruz qalan Hüseyn Cavid 1937-ci ildə həbs edilib. O,
sürgün
olunaraq Sibir meşələrində dünyasını dəyişib.
Onun 1935-ci ildə tamamladığı və müsabiqədə birincilik qazanan “Xəyyam”
faciəsi yalnız 1970-ci il martın 2-də Mehdi Məmmədovun quruluşunda oynanıldı
və “Cavid teatrı”nın nailiyyətləri silsiləsində təzə söz kimi səsləndi, teatrın
həyatında hadisəyə çevrildi.
“İblis”də İblis (Abbasmirzə Şərifzadə, Rza Təhmasib, Həsən Turabov,
Hamlet Xanızadə), Arif (Rza Təhmasib, Kazım Ziya), Xavər (Mərziyə Davudova),
Rəna (Vəfa Fətullayeva), “Şeyx Sənan”da Şeyx Sənan (Ülvi Rəcəb, Abbasmirzə
Şərifzadə), Xumar (Mərziyə Davudova, Hökümə Qurbanova), Şeyx Kəbir
(Mirzağa Əliyev), Dərviş (Kazım Ziya), “Knyaz”da Knyaz (Rza Darablı,
Abbasmirzə Şərifzadə, Rza Təhmasib), Jasmen (Qəmər Topuriya), Lena (Sona
Hacıyeva, Yeva Olenskaya), Solomon (Mirzağa Əliyev), Şakro (İsmayıl
Hidayətzadə), Anton (Ülvi Rəcəb), “Səyavuş”da Səyavuş (Ülvi Rəcəb,
Abbasmirzə Şərifzadə, Ağadadaş Qurbanov), Keykavus (Rza Təhmasib), Kosa
(Məmmədəli Vəlixanlı), “Xəyyam”da Xəyyam (Mehdi Məmmədov, Həsən
Turabov), Sevda (Şəfiqə Məmmədova), Müfti (Məmmədrza Şeyxzamanov,
Bağban (İsmayıl Osmanlı), Xacə Nizam (Səməndər Rzayev),
Həsən Sabbah
(Hamlet Xanızadə) obrazlarının ifası neçə-neçə aktyorun yaradıcılıq tərcümeyi-
halına iri hərflərlə yazılıb.
Poetik teatrın davamçısı Səməd Vurğunun (1906-1956) “Vaqif” pyesinin ilk
tamaşası 1938-ci il oktyabrın 5-də göstərilsə də, səksəninci illərin ortalarınadək
min dəfədən çox oynanılıb. Ələsgər Ələkbərovun Vaqif rolu əbədiyyət yaddaşına
qovuşub. Dünya şöhrətli şairin “Xanlar”, xüsusilə “Fərhad və Şirin” dramları
teatrın monumental tamaşalar yaratmaq yolunda müsbət nəticələr verib.
Otuzuncu illərin sonunda yazdığı və Akademik teatrda uğurla tamaşaya
qoyulan “Toy” əsəri ilə milli komediyanəvisliyimizin yeni mərhələsinə körpü salan
Sabit Rəhman (1910-1970) səhnəmizi təzə komik personajlarla zənginləşdirdi.
Onun “Xoşbəxtlər”, “Aydınlıq”, “Aşnalar”, “Nişanlı qız”, “Yalan”, “Əliqulu
evlənir”, “Küləklər” komediyaları Ədil İsgəndərov, Məhərrəm Haşımov, Mehdi
Məmmədov, Şəmsi Bədəlbəyli, Tofıq Kazımov kimi qüdrətli və müxtəlif
yaradıcılıq dəst-xətli rejissorlarımızın maraq dairəsində olub.
İdeya-bədii dəyəri,
mövzu təzəliyi, konfliktin sosial mahiyyəti ilə Mirzə
İbrahimovun (1911-1993) “Həyat”, “Madrid”, “Məhəbbət”, “Yaxşı adam”,
“Közərən ocaqlar” dramlarının, “Bəşərin komediyası, yaxud Don Juan” və
“Kəndçi qızı” komediyalarının tamaşaları teatrın repertuar tərtibində səmərəli
nəticələr verib.