Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında



Yüklə 100,88 Kb.
tarix20.10.2017
ölçüsü100,88 Kb.
#5721

Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında 

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU [1]

 

Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir.



Maddə 1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir.

Maddə 2. Azərbaycan Respublikasının Silahlı Qüvvələri öz təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına Azərbaycan Respublikası Prezidentinin təqdimatı iləAzərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən cəlb oluna bilərlər. [2]



Maddə 3. Azərbaycan Respublikasının Silahlı Qüvvələri qanunçuluq, nizami ordu, qarışıq komplektləşdirmə, kadr, mərkəzləşdirilmiş və vahid rəhbərlik, yüksək hərbi intizam, daimi döyüş və səfərbərlik hazırlığı, hərbi qulluqçuların sosial-hüquqi müdafiəsinin təmin olunması prinsipləri əsasında qurulur və fəaliyyət göstərir.

Maddə 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir.

Təşkilati cəhətdən Azərbaycan Respublikasının Silahlı Qüvvələri birliklərdən, birləşmələrdən, hərbi hissələrdən, hərbi təşkilatlardan və hərbi təhsil müəssisələrindən ibarətdir.

Maddə 5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumi strukturu və sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təminatı dövlət büdcəsindən ayırmalar hesabına həyata keçirilir. [3]

Maddə 6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə rəhbərliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı kimi Azərbaycan Respublikasının Prezidenti müvafiq dövlət orqanlarının qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri hüdudlarında həyata keçirir.

Maddə 7. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi və hərbi xidmət keçilməsi “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına müvafiq surətdə həyata keçirilir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mülki şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ştat sayı hüdudlarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təsdiq etdiyi siyahı üzrə vəzifələrə götürülürlər. Hərbi komandanlıqla mülki şəxslərin əmək münasibətləri AzərbaycanRespublikasının əmək və dövlət xidməti haqqında qanunvericiliyi ilə nizamlanır.



Maddə 8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birlikləri, birləşmələri və hərbi hissələri hərbi doktrinanın tələblərinə uyğun olaraq yerləşdirilir.

Maddə 9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi vətənpərvərlik tərbiyəsi ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda həyata keçirilir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi məqsədlər daşıyan hər hansı təşkilatların və həmkarlar ittifaqlarının fəaliyyətinə yol verilmir.



Maddə 10. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qanunların icrasına, hərbi qulluqçuların, onların ailə üzvlərinin, mülki şəxslərin hüquqi müdafiəsinə nəzarət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

Azərbaycan  Respublikasının  Prezidenti



A. MÜTƏLLİBOV

 

Bakı  şəhəri, 9  oktyabr  1991-ci  il.



№ 210-XII.

 

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 fevral 1992-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 05, maddə 102)



2.       10 iyun 1992-ci il tarixli 168a nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 11, maddə 409)

3.       26 noyabr 1993-cü il tarixli 743 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 23-24, maddə 670)

4.       07 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 01, maddə 15)

5.       14 iyun 2005-ci il tarixli 938-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 07, maddə 576)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 26 noyabr 1993-cü il tarixli 743 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 23-24, maddə 670) ilə Qanuna əlavələr və dəyişikliklər edilmişdir. Qanunun əvvəlki redaksiyasında deyilirdi:



1 ÜMUMİ  MÜDDƏALAR

M a d d ə 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin statusu

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Prezidentinə tabe olan dövlət silahlı təşkilatıdır və Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumalıdır.

M a d d ə 2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  vəzifələri

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin vəzifələri  aşağıdakılardır:

başqa dövlət silahlı təcavüz etdikdə Azərbaycan Respublikasını  müdafiə etmək;

vacib dövlət obyektlərini  mühafizə etmək;

Azərbaycan Respublikasının dövlət sərhədlərini  qorumaq;

Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsi  naminə kəşfiyyat işi aparmaq;

terrorçuluq əməllərinin və başqa təxribat əməllərinin qarşısının alınmasında, quldur dəstələrinin və başqa cinayətkar birləşmələrin ləğvində hüquq mühafizə orqanları ilə birlikdə iştirak  etmək;

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə elan olunmuş fövqəladə vəziyyətin həyata keçirilməsində  iştirak  etmək;

təbii və ekoloji fəlakətlərin, iri qəzaların nəticələrinin aradan qaldırılmasında dövlət idarələrinə və ictimai  idarələrə,  habelə əhaliyə  kömək  göstərmək.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının xalqına və konstitusiyalı hakimiyyət və idarəetmə orqanlarına qarşı hər hansı şəkildə istifadə etmək  cinayətdir  və  qanunla təqib olunur.

M a d d ə 3. Azərbaycan Respublikasının Silahlı Qüvvələri  quruculuğunun  təşkilat  prinsipləri

Azərbaycan Respublikasının Silahlı Qüvvələri rəhbərliyin mərkəzləşdirilməsi, təkbaşçılıq, kadr təşkili, yüksək hərbi intizam, döyüşə daim hazır olmaq prinsiplərinə müvafiq surətdə təşkil  edilir.

M a d d ə 4.  Azərbaycan   Respublikası   Silahlı   Qüvvələrinin fəaliyyətinin hüquqi   əsası

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri  və təlimatları təşkil edir.

M a d d ə 5. Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  tabeliyi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş komandanı - Azərbaycan Respublikasının Prezidentidir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Müdafiə nazirini Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasına və qurulmasına, təşkilat-səfərbərlik fəaliyyətinə və çağırış işinə, maddi-texniki, sosial-məişət, tibb və maliyyə təminatına, Azərbaycan Respublikası Silahlı Qüvvələri zabit və sıravi heyətinin hazırlanmasına rəhbərlik edir. [1]

M a d d ə 6. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sayı və strukturu

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sayını və strukturunu Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir və təsdiq edir.

 

II. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN FORMALAŞDIRILMASI (çıxarılıb)

 

III.  AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN  SIRALARINDA XİDMƏT

 

M a d d ə 15. Hərbi xidmətdə olmaq üçün son yaşlar



Hərbi  xidmətdə  olmaq  üçün  aşağıdakı  son  yaşlar  müəyyən edilir:

müddətli    xidmətdə    olan    sıravi,    serjant    və    starşina heyəti  üçün  -  27 yaş, bağlaşma  üzrə 45 yaş;

kiçik  zabit  heyəti  üçün  - 45  yaş;

böyük  zabit  heyəti  üçün  -  50  yaş;

ali zabit heyəti  üçün  - 55 yaş.

Son  yaşı   çatan   hərbi   qulluqçular  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrindən  buraxılırlar.   

Hərbi qulluqçuların müəyyən edilmiş xidmət vaxtından əvvəl buraxılmasına aşağıdakı hallarda icazə verilir:

səhhətinə görə;

ailə vəziyyətinə görə;

ştatların ixtisarına) görə;

xidmətə uyğunsuzluğuna görə;

məhkəmənin hökmünə əsasən;

öz arzusu ilə, ali tədris müəssisələrinin məzunları isə zabit vəzifəsində 5 il xidmət etdikdən sonra. [1]

M a d d ə 16.  Hərbi xidmətin müddətləri

Hərbi xidmətin müddətləri aşağıdakı kimi müəyyən edilir:

zabit   heyəti   üçün—bağlaşmada   müəyyən  edilən  müddətdə;

çağırışla və könüllü surətdə müddətli hərbi xidmət edən sıravi və serjant heyəti üçün—18 ay, bağlaşma üzrə serjant heyəti üçün isə bir qayda olaraq sonra müddəti uzadılmaqla 2 il;

toplanış hazırlığı keçən şəxslər üçün—ixtisaslaşmadan asılı olaraq bir aydan üç ayadək. [1]

M a d d ə 17. Hərbi rütbələr

hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləmək, onların xidmət stajını və ixtisasını ifadə etmək  üçün  aşağıdakı  hərbi  rütbələr  müəyyən  olunur:

əsgər                                                matros

sıravi  (əsgər)                               matros

serjant                                            starşina

kiçik  serjant                                 II  dərəcəli  starşina

serjant                                            I  dərəcəli  starşina

starşina                                          baş  starşina

                            kiçik zabitlər

leytenant                                       leytenant

baş leytenant                               baş  leytenant

kapitan                                           kapitan-leytenant

                            böyük zabitlər

mayor                                             III  dərəcəli  kapitan

podpolkovnik                              II  dərəcəli  kapitan

polkovnik                                      I  dərəcəli  kapitan

                             ali zabitlər                                

general-mayor                            kontr-admiral

general-leytenant                       vitse-admiral

 

M a d d ə 18. Hərbi  rütbələrin vəzifələrə uyğunluğu



Serjant rütbələri, bir qayda olaraq, aşağıdakı qulluq vəzifələrinə uyğun  gəlir:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quru hissələrində və bölmələrində:

kiçik serjant - manqa komandirinə, tank, top, döyüş maşını  tuşlayıcısına;

serjant - tağım komandirinin müavininə, top, döyüş maşını  komandirinə;

starşina - bölük, batareya starşinasına.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi dəniz hissələrində  və bölmələrində:

II  dərəcəli  starşina  -  manqa, döyüş  postu  komandirinə;

I dərəcəli starşina - III dərəcəli gəminin komanda, qrup, qüllə, batareya starşinasına.

baş starşina - II və I dərəcəli komandiri komanda, qrup, qüllə, batareya  starşinasına.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quru hissələrində və bölmələrində zabit rütbələri bir qayda olaraq, aşağıdakı  qulluq  vəzifələrinə  uyğun  gəlir:

leytenant - taqım  komandirinə;

baş leytenant - taqım komandirinə, bölük komandirinin müavininə  və  ya  eyni dəyərli  başqa  vəzifəyə;

kapitan - bölük, batareya komandirinə və ya eyni dəyərli başqa  vəzifəyə;

mayor - tabor (divizion) komandiri müavininə və ya eyni dəyərli başqa  vəzifəyə;

podpolkovnik - tabor (divizion) komandirinə və ya eyni dəyərli  başqa  vəzifəyə;

polkovnik - birləşmə komandirinin müavini və ya eyni dəyərli  başqa  vəzifəyə;

general-mayor - birləşmə komandirinə və ya eyni dəyərli başqa  vəzifəyə;

general-leytenant - Silahlı Qüvvələrinin komandanına, müdafiə nazirinə.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi dəniz hissələrində və bölmələrində zabit rütbələri, bir qayda olaraq, aşağıdakı  qulluq  vəzifələrinə uyqun  gəlir:

leytenant  -  III  dərəcəli   gəminin  qrup,  qüllə  komandirinə;

baş leytenant - II dərəcəli gəminin qrup, qüllə komandirinə;

kapitan-leytenant   -   III   dərəcəli   kominin   komandirinə,   II və III dərəcəli  gəmilərin batareya döyüş  hissəsi (xidməti) komandirinə,  I  dərəcəli  gəminin  qrup  komandirinə;

III dərəcəli kapitan- III dərəcəli kominin komandirinə, IV dərəcəli gəmilər divizionunun komandirinə, I dərəcəli gəminin  döyüş   hissəsi  (xidməti)  komandirinə;

II dərəcəli kapitan- II dərəcəli kominin komandirinə, III  dərəcəli  gəmilər divizionunun  komandirinə;

I dərəcəli kapitan - I dərəcəli kominin komandirinə, II dərəcəli  gəmilər divizionunun  komandirinə;

kontr-admiral – gəmilər divizionunun komandirinə, gəmilər tuğayının,  hərbi  dəniz  bazasının  komandirinə;

vitse-admiral - eskadra komandirinə, donanma komandanına.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hava hissələrində və bölmələrində hərbi rütbələrin vəzifələrə uyğunluğu quru hissələrində və bölmələrində olduğu kimi müəyyən  edilir.

M a d d ə  19.  Hərbi  rütbələrin  verilməsi

hərbi rütbələr bu Qanunun 17-ci maddəsində müəyyən edilmiş növbəliklə verilir. Birinci zabit rütbəsi hərbi tədris müəssisəsini və ya kurslarını bitirmiş kursantlara Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən verilir.

Zabitlərə bu Qanunun 18-ci maddəsinə müvafiq növbəlik qaydasında, daha yüksək rütbələr onlar aşağıdakı rütbələrdə  göstərilən   müddətdə  xidmət  etdikdə  verilir:

leytenant  rütbəsində - azı 2  il;

baş  leytenant  rütbəsində -  azı  3  il;

kapitan  rütbəsində - azı  3  il;

mayor  rütbəsində  - azı  4  il; 12

podpolkovnik  rütbəsində - azı  5  il;

polkovnik  rütbəsində - azı 2  il.

Növbəti  hərbi  rütbələri  aşağıdakılar  verirlər:

kiçik  serjant  və serjant  rütbələrini- hissə komandiri;

starşina  rütbəsini - birləşmə komandiri;

kiçik zabit rütbələrini – Azərbaycan Respublikası Silahlı  Qüvvələrin  komandanı;

böyük zabit rütbələrini- Azərbaycan Respublikasının müdafiə naziri;

ali zabit rütbələrini - Azərbaycan Respublikasının Prezidenti.

Müstəsna hallarda hərbi rütbələrin vaxtından əvvəl və növbədənkənar verilməsi mümkündür. [1]

M a d d ə 20. Hərbi rütbələrdən məhrumetmə və onların bərpası

Zabit öz rütbəsindən yalnız məhkəmənin hökmü ilə və ya Azərbaycan Respublikasının vətəndaşlığını itirdikdə məhrum edilə bilər.

Serjant öz rütbəsindən yalnız məhkəmənin hökmü ilə, habelə intizam nizamnaməsində müəyyən edilmiş qaydada məhrum edilə bilər.

Zabit rütbəsi məhkəmənin qərarı ilə, serjant rütbəsi isə məhkəmənin qərarı, habelə yuxarı rəisin qərarı ilə bərpa edilir.

M a d d ə 21. Vəzifəyə təyinat

Bu Qanunun 18-ci maddəsinə uyğun olaraq zabitləri aşağıdakılar qulluq vəzifələrinə təyin edir və qulluq vəzifələrindən azad edirlər:

(çıxarılıb); [1]

Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş qərargahının rəisini və onun müavinlərini, birləşmə “(tümən, tuğay) komandirlərini, eskadra, donanma komandirlərini və daha yuxarı rütbəliləri-Azərbaycan  Respublikasının  Prezidenti; [1]

birləşmə komandirlərinin müavinlərindən, gəmilər divizionunun, gəmilər tuğayının, hərbi dəniz bazasının komandirlərindən tabor, divizion komandirlərinə, I və II dərəcəli kəmi komandirlərinə, II və III dərəcəli gəmilər divizionu komandirlərinədək - Azərbaycan Respublikasının müdafiə naziri;

tabor, divizion komandirlərinin müavinlərindən bölük komandirlərinə, III dərəcəli gəmi, IV dərəcəli gəmilər divizionu komandirlərinə, I dərəcəli gəminin döyüş hissəsi (xidməti) komandirlərinədək – Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş qərargahının rəisi; [1]

bölük komandirlərinin müavinlərindən, II dərəcəli gəminin qrup, qüllə komandirlərindən taqım komandirlərinə, III dərəcəli kəminin qrup, qüllə komandirlərinə, IV dərəcəli kəmi komandirlərinə, II və III dərəcəli gəmilərin batareya döyüş hissəsi (xidməti) komandirlərinə, I dərəcəli gəminin qrup komandirlərinədək - birləşmənin, donanmanın, eskadranın komandiri.

Serjantları aşağıdakılar qulluq vəzifələrinə təyin edir və qulluq vəzifələrindən azad edirlər:

kiçik serjant heyətini, serjantları, I və II dərəcəli starşinaları - tabor, gəmilər divizionu komandiri, I dərəcəli  kəmi  kapitanı;

starşinanı, baş starşinanı - birləşmə, eskadra, donanma komandiri.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hava hissələrində və bölmələrində vəzifələrə təyinat və vəzifələrdən azadetmə bu maddədə müəyyən edilmiş qayda ilə həyata keçirilir.

M a d d ə 22. Geyim forması

Hərbi qulluqçular və toplanışlarda hərbi vəzifəlilər hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi rütbə və qoşun növü üzrə fərqlənmə nişanları olan hərbi geyim forması geyinirlər.

hərbi geyim formasını, hərbi qulluqçuların fərqlənmə nişanlarını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Onların geyilməsi və sancılması qaydasını Azərbaycan Respublikasının  müdafiə  naziri təsdiq edir.

M a d d ə 23. Ehtiyata daxiletmə və ehtiyatdan  çağırma

hərbi xidmətdə olan şəxs bu Qanunun 12-ci maddəsinin "a", "b", "v" bəndlərində və ya 13-cü maddəsinin "q" bəndində nəzərdə tutulmuş şərtlərin biri yarandıqda ehtiyata buraxılır.

Bu Qanunum 12-ci və 13-cü maddələrində sadalanmış və hərbi xidmət keçməsinə möhlət verilmiş şəxslər 25 yaşına çatanadək hərbi xidmətə çağırılmazsa, ehtiyata daxil edilirlər.

Azərbaycan Respublikasının və ya başqa dövlətin Silahlı Qüvvələri sıralarında hərbi xidmət etmiş vətəndaşlar, habelə bu Qanunun 12-ci maddəsinin "a" bəndində və 13-cü maddəsinin "b" və "q" bəndlərində göstərilən səbəblərə görə müddətli xidmətə çağırılmayanları istisna etməklə hərbi xidmətdə olmamış şəxslər ehtiyatdan çağırılmalı olan  şəxslər sayılırlar.

M a d d ə 24. Səfərbərlik

Dövlətin və onun vətəndaşlarının təhlükəsizliyi üçün qorxu törətdikdə, ekoloji qəzalar, təbii fəlakətlər baş verdikdə Azərbaycan Respublikası Prezidentinin Formanı ilə Azərbaycan Respublikasının 18 yaşından yuxarı kişi vətəndaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrində  hərbi  xidmətə səfərbər edilirlər.

 

IV.  SOSİAL  TƏMİNATLAR



 

Maddə 25. Hərbi qulluqçuların, fəhlə və qulluqçuların pul ödəncləri

Hərbi qulluqçuların pul ödənclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, fəhlə və qulluqçuların pul ödənclərini isə onların iş stajını nəzərə almaqla Azərbaycan Respublikasının müdafiə naziri təyin edir. [1]

M a d d ə 26. Pensiya təminatı

hərbi xidmətdən buraxıldıqdan sonra hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı hüququ dövlət tərəfindən təmin olunur və Azərbaycan Respublikasının qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bunlara müvafiq surətdə qəbul olunmuş qərarları  ilə müəyyən  edilir.

M. a d d ə 27. Sosial sığorta

hərbi qulluqçular , habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində toplanış keçən hərbi vəzifəlilər hərbi xidmət vəzifələrinin icrası dövründə bədbəxt hadisələr və ya hərbi xidmətlə əlaqədar xəstəliklər nəticəsində, həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya almaq), sağlamlığı itirmək ehtimalına qarşı hərbi xidmətə (toplanışa) çağırıldıqları (daxil olduqları) andan dövlət tərəfindən məcburi sığorta olunmalıdırlar.

hərbi xidmət zamanı əmək qabiliyyətini itirmiş şəxslərin  sosial təminatına  dövlət zəmanət verir.

Sığortalanma qaydasını, şərtlərini və ödənilən sığorta haqqının məbləğlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti  müəyyən  edir.

M a d d ə 28. Yaşayış sahəsi ilə təminat

Xidmət yerində yaşayış sahəsi olmayan zabitlər, bağlaşma üzrə xidmət edən hərbi qulluqçular xidməti mənzillərlə təmin olunur, belə mənzillər olmadıqda isə onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada pul  kompensasiyası ödənilir.

Müddətli xidmət hərbi qulluqçuları kazarmalarda yerləşdirilir.

20 il və daha artıq xidmətdə olmuş zabitlər, bağlaşma üzrə xidmət edən hərbi qulluqçular seçdikləri daimi yaşayış yerində yerli icra hakimiyyəti orqanları vasitəsilə 3 ay ərzində daimi  mənzillə təmin  edilirlər.

15 təqvim ili və daha çox fasiləsiz hərbi xidmətdə olan, mənzil-tikinti kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və xidmət yerində başqa daimi yaşayış sahəsi olmayan hərbi qulluqçulara mənzilin dəyərini və ya fərdi mənzil tikintisi üçün alınmış bank kreditini ödəməkdən ötrü 50 faiz məbləğində təmənnasız maliyyə yardımı göstərilir.

M a d d ə 29. Hərbi qulluqçuların tibbi təminatı

hərbi qulluqçuların, habelə toplanışda olan Hərbi vəzifəlilərin pulsuz tibb və dərman təminatı hüququ vardır.

hərbi qulluqçuların xidmət yerində hərbi-tibb müəssisələri olmadıqda onlara idarə mənsubiyyətindən asılı olmayaraq mülki səhiyyə müəssisələrində pulsuz tibbi yardım göstərilir.

M a d d ə 30. Hərbi qulluqçuların  məzuniyyəti

hərbi qulluqçulara növbəti və qısamüddətli məzuniyyətlər  verilir.

Növbəti məzuniyyətlər ildə bir dəfə, zabitlərə 45 günlüyə, bağlaşma üzrə hərbi qulluqçulara 30 günlüyə, müddətli xidmət əsgərlərinə və serjantlarına 10 günlüyə verilir; məzuniyyətin keçirildiyi yerə getmək və geri qayıtmaq üçün lazım olan vaxt buraya daxil deyildir.

Qısamüddətli məzuniyyətlər ailə vəziyyətinə görə bütün hərbi qulluqçulara, habelə mükafatlandırma qaydasında müddətli  xidmət  hərbi  qulluqçularına  10  günlüyə  verilir,

M a d d ə 31. Xüsusi şəraitdə güzəştlər

Bu Qanunla Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların xidmət müddəti  və  gündəlik  əmək  haqqı  üçqat hesablanır.

 

V. YEKUN  MÜDDƏALARI

 

M a d d ə 32. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  maliyyə və maddi təminatı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maliyyə və maddi təminatı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına, habelə vətəndaşların, idarələrin, təşkilatların və müəssisələrin könüllü verdikləri vəsait hesabına  həyata  keçirilir.

 

 



[2] 07 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 01, maddə 15) ilə 2-ci maddədə“Azərbaycan Respublikasının Ali Soveti” sözləri “Azərbaycan Respublikasının Milli Məclisi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 07 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 01, maddə 15) ilə 5-ci maddədə“Azərbaycan Respublikasının Ali Soveti” sözləri “Azərbaycan Respublikasının Milli Məclisi” sözləri ilə əvəz edilmişdir.



14 iyun 2005-ci il tarixli 938-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 07, maddə 576) ilə 5-ci maddədə “strukturu, sayı, silahları Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi” sözləri “ümumi strukturu və sayı müvafiq icra hakimiyyətiorqanı” sözləri ilə əvəz edilmişdir.

 

 
Yüklə 100,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə