Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


Maddə 173. Poçt markalarının və digər poçt ödəniş nişanlarının buraxılması və ya yayılması



Yüklə 3,17 Mb.
səhifə15/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

Maddə 173. Poçt markalarının və digər poçt ödəniş nişanlarının buraxılması və ya yayılması

Poçt ödənişi nişanlarının (poçt markaları, markalı zərf və açıqcalar) və digər poçt ödəniş nişanlarının və başqa filateliya əşyalarının qanunsuz olaraq buraxılmasına və ya onların nəşri və dövriyyəsi qaydalarının pozulmasına görə —

inzibati xəta törədilməsinə səbəb olmuş poçt ödənişi nişanları və digər poçt ödəniş nişanları və başqa filateliya əşyaları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış beş mislindən səksən mislinədək altmış beş manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 174. Rabitə xidməti qaydalarının pozulması

Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlara, norma və qaydalara, habelə müqavilə şərtlərinə əməl edilməməsinə görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin on mislindən otuz mislinədək on manatdan otuz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 175. Sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsi və ya rabitə xidmətlərinin işə buraxılması

Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsinə və ya onların realizə edilməsinə, yaxud rabitə xidmətlərinin işə buraxılmasına görə —

bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz iyirmi mislindən yüz qırx mislinədək yüz iyirmi manatdan yüz qırx manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 20 oktyabr 2006-cı il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 2 dekabr 2006-cı il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 176. Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarı qaydalarının və normalarının pozulması

Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarının müəyyən edilmiş qaydalarının və normalarının pozulmasına görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi beş mislinədək on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 177. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi

Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 178. Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması

Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər işlərin aparılmasına görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 179. Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi

Ümumi istifadəli avtomat telefonlarının zədələnməsinə görə —



şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək otuz manatdan qırx manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 180. Müvafiq icazə olmadan rabitə xidmətlərinin göstərilməsi

Rabitə sistemlərindən, qurğularından və xətlərindən istifadə etməklə qazanc məqsədilə rabitə xidmətlərinin göstərilməsinə və ya rabitə şəbəkələrindən və vasitələrindən bu məqsədlə istifadə edilməsinə görə —

belə xidmətlərin göstərilməsində (qoşulmasında) istifadə edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən qırx mislinədək otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 180-1. Abonentin identifikasiya modulunun və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi

Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə —

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. (167)

XVI fəsil

İnformasiyadan istifadə edilməsi, onun yayılması və

mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar

Maddə 181. İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması

İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on beş mislinədək beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin doxsan mislindən yüz otuz mislinədək doxsan manatdan yüz otuz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 181-1. Ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılması

ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli misli miqdarında əlli manat cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — AR QT, 2003, № 4, m.177; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 181-2. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması

Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə –



vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 23 dekabr 2005-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 16 fevral 2006-cı il, № 34; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 181-3. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması

181-3.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.2. İnformasiya sahibi tərəfindən informasiyanın əldə olunmasının təşkil edilməməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən beş mislindən doxsan mislinədək səksən beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.3. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə —

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin doxsan misli miqdarda doxsan manat miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin üç yüz misli miqdarda üç yüz manat miqdarında cərimə edilirlər.

181-3.4. İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin qanunvericiliklə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə —

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.5. İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.6. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edilməsi və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edilməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək səksən manatdan doxsan manatadək miqdarda cərimə edilirlər (Azərbaycan Respublikasının 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə əlavə edilmiş, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» q., 30 dekabr 2006-cı il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 181-4. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması

181-4.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni:

181-4.0.1. fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə;

181-4.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, fərdi məlumatlar haqqında qanunvericiliklə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə –

üç yüz manatdan beş yüz manatadək miqdarında cərimə edilir. (173)

Maddə 181-5. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmə

Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə

gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir. (179)

Maddə 182. İnformasiyanın mühafizəsi qaydalarının pozulması

182.1. İnformasiyanın mühafizəsi sahəsində fəaliyyətin lisenziya ilə nəzərdə tutulmuş şərtlərinin pozulmasına görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən yüz mislinədək yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir.

182.2. Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat bazasından və bankından, habelə məlumatların qorunma vasitələrindən istifadə edilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 183. İnformasiya sistemlərinin sertifikatlaşdırılmaması

Fiziki şəxslərin və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan informasiya sistemlərinin, məlumat bazasının və bankının, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanlarının, müəssisələrin və təşkilatların informasiya sistemlərinin, yaxud bu sistemlərin mühafizə vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmamasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi mislinədək on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən yüz yetmiş mislinədək yüz əlli manatdan yüz yetmiş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 183-1. Elektron imza və elektron sənəd haqqında qanunvericiliyin pozulması

183-1.1. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə edilməsinə görə –

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli beş mislindən yetmiş mislinədək əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

183-1.2. İnformasiya sisteminin mülkiyyətçisi tərəfindən bu sistemin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməməsinə, informasiya sisteminin müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə görə –

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli beş mislindən yetmiş mislinədək əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

183-1.3. Sertifikat xidmətləri mərkəzi tərəfindən imzayaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinin, sertifikatdakı məlumatların tamlığının və düzgünlüyünün, sertifikat xidmətlərinin keyfiyyətinin və dəqiqliyinin təmin edilməməsinə, sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına görə –

fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

183-1.4. Elektron sənədlərin saxlanmasında, ötürülməsində, qəbulunda vasitəçinin informasiya sistemindən etibarlı istifadəni təmin edən texnika və texnalogiyalara, bilikli, təcrübəli və səriştəli işçi heyətə, xidmət göstərilmiş etektron sənədlərin vaxtını və mənbəyini imkan verən şəraitə, həmin elektron sənədlərin vaxtı və mənbəyi haqqında informasiyanın saxlanması üçün etibarlı sistemə malik olmamasına görə –

fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» qəzeti 11 iyun 2005, № 132; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 184. Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsi və ya istehsalı

Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsinə və ya istehsalına görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən əlli beş mislinədək otuz beş manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz otuz mislindən yüz əlli mislinədək yüz otuz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 185. Kütləvi informasiya vasitələrinin yayılmasına mane olma

Kütləvi informasiya vasitələri məhsullarının müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunvericiliklə nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 186. Jurnalistlərin hüquqlarının pozulması

186.1. Qanunvericiliklə müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə —



şərti maliyyə vahidi məbləğinin qırx mislindən yetmiş mislinədək qırx manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

186.2. Qanunvericiliklə qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə —



şərti maliyyə vahidi məbləğinin altmış mislindən doxsan mislinədək altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 187. Teleradio verilişlərindən (proqramlarından) istifadə qaydalarını pozma

187.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə süni maneələr yaradılmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

187.2. Teleradio təşkilatlarının icazəsi olmadan onların verilişlərindən (proqramlarından) istifadə etməyə və ya mülkiyyətçidən icazəsiz verilişləri köçürüb çoxaltmağa və ya satmağa, yaxud kütləvi şəkildə nümayiş etdirməyə görə —



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 187-1. Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması

187-1.0. Teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə, yəni:

187-1.0.1. yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına;

187-1.0.2. nəzarət fonoqramlarının surətini müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməməsinə;

187-1.0.3. insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının dərhal və pulsuz olaraq yayılmamasına;

187-1.0.4. texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına və ya reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına və ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə;

187-1.0.5. teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına;

187-1.0.6. peyk vasitəsilə teleradio yayımı və kabel şəbəkəsi yayımı qaydalarının pozulmasına görə — pozulmasına; (151)

187-1.0.7. Qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında yayımlanmamasına görə - (151)

vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən doxsan mislinədək altmış manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən üç yüz mislinədək iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir. (151) (Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli Qanunla əlavə edilmişdir).

Maddə 187-2. Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması

Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulmasına görə -

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir. (151)

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə