41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın
icrasını dayandırmır.
41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın
böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti
əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər.
İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli
maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir.
Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də
qərardad qəbul edə bilər.
41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar
qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri
etməkdən çəkinməyə dair öhdəlik qoya bilər.
41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad
qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək
dayandırılır.
41.5. İnzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi
haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
Maddə 42. İkili təsirə malik inzibati aktlara qarşı müvəqqəti xarakterli müdafiə
42.1. Üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan
inzibati akta qarşı iddia qaldırdığı hallarda, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında
müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər.
42.2. İnzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-
cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Maddə 43. Müvəqqəti xarakterli
müdafiənin tətbiqi əsasları
43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul
edilməsi üçün aşağıdakılar əsas sayılır:
43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının
qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli
dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması;
43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud
olması ehtimalının müəyyən edilməsi.
43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş
əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir.
Maddə 44. Müvəqqəti xarakterli müdafiə haqqında qərardadın dəyişdirilməsi
və ya ləğv edilməsi
44.1. İddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər
əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli
müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər.
44.2. Məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti
xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında
vəsatət qaldıra bilər.
44.3. Xüsusilə təcili hallarda, işə baxan məhkəmə tərkibinə sədrlik edən hakim
qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi barədə təkbaşına qərardad qəbul edə
bilər. Maraqlı şəxsə bərpa olunmaz ziyanın vurulması təhlükəsinin mövcud olduğu
hallarda, sədrlik edən hakim məhkəmə icraatı iştirakçılarının ilkin dinlənilməsindən
imtina etməyə haqlıdır.
44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq
mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə
mindiyi gün öz qüvvəsini itirmiş sayılır.
VIII fəsil
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
Maddə 45. İddianın qaldırılması
45.1. İddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir.
45.2. Proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin
surətləri iddia ərizəsinə əlavə olunmalıdır.
45.3. İddia ərizəsi məhkəməyə daxil olduğu gün məhkəmənin dəftərxanasında
qeydiyyata alınmalı və ərizəyə qeydiyyat tarixi göstərilməklə ştamp vurulmalıdır. İddia
ərizəsinin poçt rabitəsi vasitəsi ilə göndərildiyi hallarda, iddia ərizəsinin vaxtında
göndərildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur:
45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən
heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz;
45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş
iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır.
Maddə 46. İddia ərizəsinin məzmunu
46.1. İddia ərizəsində aşağıdakılar göstərilməlidir:
46.1.1. ərizənin verildiyi məhkəmənin adı;
46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları,
yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;
46.1.3. iddiaçının (ərizəçinin) tələbi.
46.2. Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin
aşağıdakılar göstərilə bilər:
46.2.1. iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;
46.2.2. iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən
hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi;