Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 439,74 Kb.
səhifə1/5
tarix29.10.2017
ölçüsü439,74 Kb.
#7511
  1   2   3   4   5

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
VƏLİYEV EMİL BAHADUR oğlu
AZƏRBAYCANIN BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNDƏ YERİ VƏ ONUN SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ” mövzusunda

MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: 060401 “Dünya iqtisadiyyatı”

İxtisaslaşma: “Beynəlxalq iqtisadi münasibətlər”

Elmi rəhbər: Magistr proqramının rəhbəri:

dos.Məmmədov M.Q Cəmilov M.R.


Kafedra müdiri: prof. Ş.H.Hacıyev


BAKI - 2015

MÖVZU: AZƏRBAYCANIN BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNDƏ YERİ VƏ ONUN SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
PLAN
GİRİŞ

I FƏSİL: BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNÜN MAHİYYƏTİ, NƏZƏRİ ƏSASLARI, ƏSAS GÖSTƏRİCİLƏRİ VƏ ƏSAS AMİLLƏRİ

1.1. BƏB-in mahiyyəti və nəzəri əsasları

1.2. Beynəlxalq Əmək Bölgüsünün əsas göstəriciləri və şərtləri

1.3. BƏB-in inkişafinın əsas amilləri və onun səviyyəsinin qiymətləndirilməsi



II FƏSİL: BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNÜN FORMALARI, MÜASİR MEYLLƏRİ VƏ ƏSAS XÜSUSİYYƏTLƏRİ

2.1.Beynəlxalq Əmək Bölgüsünün formaları və onların inkişafının müasir meylləri

2.2. Beynəlxalq Əmək Bölgüsü və Trans Milli Korporasiyalar

2.3. Beynəlxalq Əmək Bölgüsündə müasir “beyin axini”



III FƏSİL: AZƏRBAYCANIN BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNDƏ MÖVQE SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

3.1.Azərbaycanın BƏB-də iştirakında hazır məhsul istehsalının artırılmasının yeri və rolu

3.2.Azərbaycanın BƏB-də mövqe səmərəliliyinin qiymətləndirilməsinin əsas istiqamətləri

3.3.Azərbaycanın BƏB-də mövqe səmərəliliyinin qiymətləndirilməsində rəqabətqabilliyyətliyin yeri və rolu


NƏTİCƏ VƏ TƏKLİFLƏR

İSTİFADƏ EDİLƏN ƏDƏBİYYAT

GİRİŞ
Mövzunun aktuallığı. Beynəlxalq iqtisadi münasibətlərin formalaşması və inkişafının əsasında məhz Beynəlxalq Əmək Bölgüsünün durduğunu aydınlaşdırmaq üçün ilk növbədə Beynəlxalq Əmək Bölgüsünün mahiyyətini və formalarını araşdırmaq lazımdır. Bu sahədə çoxsaylı fikirlər olsa da, ümumi şəkildə demək olar ki, BƏB əməyin ictimai ərazi bölgüsünün ən yüksək forması olub bu və ya digər əmtəə növləri üzrə ölkələr arasında daimi, qarşılıqlı faydalı ixtisaslaşmaya və onların istehsalın nəticələri ilə müəyyən səviyyədə nisbətlərində mübadiləsinə əsaslanır. BƏB əmtəələr, xidmətlər, biliklərlə beynəlxalq mübadilənin, ölkələrin inkişaf səviyyəsindən və ictimai quruluşundan asılı olmayaraq onlar arasında istehsal, elmi-texniki, ticarət və digər növ əməkdaşlığın obyektiv əsasıdır. BƏB ölkə daxilində və onlar arasında əmək bölgüsünün nəticəsidir. Əmək bölgüsü dedikdə, burada konkret əməyin ayrı-ayrı hissələrə bölünməsi nəzərdə tutulur.

BƏB-in tarixən əsas məqsədi əmək məhsuldarlığının yüksəldilməsi olmuşdur. Iqtisadi və sosial tərəqqinin əsası olan əmək məhsuldarlığının yüksəldilməsi zərurəti həmişə BƏB-in hərəkətverici qüvvəsi kimi çıxış etmişdir. Çünki ölkədaxili əmək bölgüsü yolu ilə məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar ölkə daxilində hər hansı sahədə istehsal olunan məhsul müəyyən həddən sonra daxili tələbi üstələyir. Nəticədə rüntabelliyi saxlamaq, durğunluğun qarşısını almaq üçün müəssisələr xarici bazarlara çıxırlar. Beynəlxalq rəqabətdə ölkələr üstünlüklərə malik olduğu sahələrdə üstünlük əldə edir, üstünlüklərə malik olmadıqları sahələrdə isə geridə olurlar və müvafiq sahələr istiqamətində beynəlxalq səviyyədə ixtisaslaşırlar, digərlərindən imtina edirlər. Beləliklə, ölkələrin bu və ya digər sahələr üzrə BƏB-də ixtisaslaşması əvvəlcə beynəlxalq iqtisadi münasibətlərin ilk forması olan beynəlxalq ticarətin, BƏB-in dərinləşməsi və sonradan beynəlxalq iqtisadi münasibətlərin qalan formalarının təşəkkülünə səbəb olur, onların inkişafı üçün ilkin ünsürlər yaradır.

BƏB-də iştirak edən ölkə mövcud maddi və mənəvi potensialı daha optimal şəkildə istifadə etməyə, dünya üzrə elm və texnikanın ən yeni nailiyyətlərini qısa müddətdə tətbiq etməyə, iqtisadiyyatın restruktrizasiyasını sağlam şəkildə həyata keçirməyə, əhalinin tələbini daha dolğun və rəngarəng şəkildə ödəməyə, milli strateji maraqları reallaşdırmağa imkan əldə edir.

Bu səbəbdən də qeyd etmək olar ki, məhz BƏB bütün planet miqyasında səmərəli beynəlxalq iqtisadi münasibətlərin qurulmasının ilkin maddi şərtini təşkil edir, milli iqtisadiyyatların vahid dünya təsərrüfatında birləşdirilməsinin əsasında durur.

Ona görə də hər bir ölkənin beynəlxalq iqtisadi münasibətlərdə iştirakı məsələsini araşdırarkən nəzərə almaq lazımdır ki, istənilən dövlətin burada iştirakını obyektiv səbəbi beynəlxalq səviyyədə əmək bölgüsü və mübadilədir.

Tədqiqatın predmeti və obyekti. Beynəlxalq Əmək Bölgüsünün nəzəri əsasları, əsas göstəriciləri, əsas amilləri, formaları, müasir meylləri, əsas xüsusiyyətləri, Azərbaycanın Beynəlxalq Əmək Bölgüsündə mövqe səmərəliliyinin qiymətləndirilməsi, beynəlxalq ixtisaslaşma, beynəlxalq koperasiya və s. iqtisadi münasibətlər kompleksi təşkil edir.

Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqat işinin əsas məqsədi Beynəlxalq Əmək Bölgüsünün zəruriliyini, əhəmiyyətini, mövcud vəziyyətinin kompleks təhlili əsasında bu bölgünün inkişaf istiqamətlərinə dair əsaslandırılmış təklif və tövsiyələrin hazırlanmasından ibarətdir.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Tədqiqat prosesində Beynəlxalq Əmək Bölgüsünə, əmək münasibətlərinə həsr edilmiş nəzəri ədəbiyyatlar, elmi məqalələr, dövri mətbuat və jurnallar, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və digər beynəlxalq təşkilatların sorğu-məlumat xarakterli praktiki sənədləri və bu qurumların internet saytları və mətbuat sənədləri, digər dövlət orqanlarının sənəd və materiallarından, müxtəlif səviyyəli elmi konfransların materiallarından və dövlət orqanlarının əməli proqramları, beynəlxalq ticarət əlaqələrini tənzimləyən qanunvericilik aktları və bir sıra rəsmi sənədlərdən istifadə olunmuşdur.

Hər bir tədqiqat istifadə olunacaq metod və ya metodları da təyin edir. Tədqiqat işinin nəzəri və metodoloji əsasını görkəmli tədqiqatçıların Beynəlxalq Əmək Bölgüsü sahəsinə yanaşmaları, eləcə də beynəlxalq əmək münasibətlərinin ümumi nəzəriyyəsi, beynəlxalq əmək təşkilatlarının proqnoz qiymətləndirmələri, Bakı bülleyen, internet saytları, həmçinin digər rəsmi sənədlər təşkil edir.

Qarşıya qoyulmuş vəzifələrin həlli üçün tədqiqat prosesində müqayisəli təhlil və ümumiləşdirmə, sistemli təhlil metodu, tarixilik və məntiqilik vəhdəti, statistik metod və prinsiplərdən istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi. Tədqiqat işinin elmi yeniliyi əsasən aşağıdakılardan ibarətdir:

- Beynəlxalq Əmək Bölgüsünün təkmilləşdirilməsi zərurəti əsaslandırılmışdır, müstəqillik əldə etdikdən sonra Azərbaycanda həyata keçirilən əmək siyasətinin spesifik xüsusiyyətləri, eləcə də keçid iqtisadiyyatlı ölkələrin beynəlxalq əmək təşkilatları ilə əlaqələrinin formalaşması göstərilmişdir;

- İstehsalın ixtisaslaşması və koperasiya prioritetləri və bu əlaqələrin inkişaf proqnozları verilmiş, beynəlxalq əmək münasibətləri sistemində əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın xarici iqtisadi kompleksinin inkişafına birbaşa təsir göstərməsi fikri emprik cəhətdən əsaslandırılmışdır;

- Əmək bölgüsünün qloballaşdırılması və dünya iqtisadiyyatında əməyin əsas şərtlərinin spesifik cəhətləri müəyyənləşdirilməklə, Azərbaycanda əmək bölgüsü münasibətlərinin təkmilləşdirilməsi istiqamətləri açıqlanmışdır və s.



Tədqiqatın praktiki əhəmiyyəti. Qeyd etmək lazımdır ki, mövzunun tədqiqi və öyrənilməsinin xüsusi praktik əhəmiyyəti vardır ki, bu da dünya təsərrüfatı sistemi və milli iqtisadiyyatın inkişaf xüsusiyyətləri nəzərə alınmaqla Beynəlxalq Əmək Bölgüsünün kompleks tədqiqi nəticəsində əldə olunan nəticələrin konkret məzmun daşıması və sırf əməli xarakterə malik olması və əlaqələrin genişləndirilməsi sahəsində mövcud olan problemlərin aşkarlanması, onların yaranma səbəblərinin öyrənilməsi və həllinə müəyyən dərəcədə müsbət təsir göstərə biləcəyi ideyası ilə bağlıdır. Tədqiqat işinin əsas müddəaları, əldə olunmuş nəticələr və irəli sürülən təkliflər ölkənin iqtisadi potensialının tənzimlənməsi ilə bağlı qərar, proqram, layihə və təkliflərin hazırlanması prosesində, elmi-tədqiqat işlərində, həmçinin ali məktəblərdə müvafiq ixtisas kurslarının tədrisində istifadə oluna bilər.

I FƏSİL: BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNÜN MAHİYYƏTİ, NƏZƏRİ ƏSASLARI, ƏSAS GÖSTƏRİCİLƏRİ VƏ ƏSAS AMİLLƏRİ
1.1.BƏB-in MAHİYYƏTİ VƏ NƏZƏRİ ƏSASLARI
BƏB-in mahiyyətini dərk etmək üçün cəmiyyətin inkişafının ilk pillələrində yaranmış əmək bölgüsünün məzmununu şərh etmək tələb olunur.

Ümumiyyətlə əmək bölgüsü dedikdə fərdin və yaxud bir qrup adamın müəyyən əmək fəaliyyətinə görə bir-birindən ayrılması nəzərdə tutulur. Əmək bölgüsündə tarixən müəyyən ictimai əmək sistemi əks olunur. İqtisadi ədəbiyyatlarda əmək bölgüsü anlayışının şərhinə bir neçə səpkidə yanaşırlar.

Belə ki, qadınlar, kişilər, uşaqlar arasında olan əmək bölgüsü təbii əmək bölgüsü adlanır.

Sadə əmək kooperasiyasında və manufaktura dövründə əmək bölgüsü hissə üzrə olan əmək bölgüsü; hər hansı məhsul istehsalı, xidmət və sairənin tam başa çatmasını həyata keçirən əmək bölgüsü - ictimai əmək bölgüsü adlanır.

Cəmiyyət daxilində ümumi, xüsusi və fərdi əmək bölgüsü anlayışları da mövcüddür. İctimai istehsalın ən böyük sahələri olan sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və s. bölünməsi ümumi əmək bölgüsünə aiddir. Həmin böyük sahələrin daxilində olan sahə və yarımsahələr üzrə olan əmək bölgüsü xüsusi əmək bölgüsüdür. Müəssisə, firma, emalatxana və s. üzrə olan əmək bölgüsü isə fərdi əmək bölgüsüdür. İctimai əmək bölgüsünə həmçinin ərazi əmək bölgüsü, texniki əmək bölgüsü, beynəlxalq əmək bölgüsü də aiddir. Beynəlxalq əmək bölgüsü də ictimai əmək bölgüsünün bir forması olmaqla milli çərçivədən kənara çıxan, müxtəlif ölkələr arasında baş verən əmək bölgüsüdür. Öz mahiyyəti etibari ilə BƏB bütünlükdə ümumdünya bazarının və ümumdünya təsərrüfatının formalaşması və inkişafı amili hesab olunur. BƏB müəyyən mənada ictimai əmək bölgüsü ilə eynilik təşkil edir. Lakin BƏB-in inkişaf səviyyəsi milli çərçivə daxilində olan əmək bölgüsündən məhduddur. Bu da aşağıdakı səbəblərdən irəli gəlir:

1. Milli çərçivədə xalq təsərrüfatı kompleksində olan əmək bölgüsü məntiqi və tarixi baxımdan ölkələrarası əmək bölgüsündən əvvəldir. Ölkənin BƏB-də iştirakı üçün onun daxili ixtisaslaşması daha yetkin olmalıdır.



  1. BƏB-in, onun formalarının və sosial iqtisadi təbiətinin xüsusiyyəti, ayrı-ayrı milli təsərrüfatlar daxilində qərarlaşan ictimai münasibətlərlə müəyyən edilir.

  2. BƏB-in əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, beynəlxalq iqtisadi proseslərə dövlətin qarışması məhduddur.

Beynəlxalq əmək bölgüsü bır tərəfdən müəyyən qrup işçilərin ayrılmasını, digər tərəfdən isə onların əlahiddə, ayrılıqda birləşməsini nəzərdə tutur. Ona görə də bu ayrılma və birləşmə müəyyən mənada vəhdəd təşkil edir. Deməli istehsal prosesi müxtəlif növ əmək fəaliyyətlərinin xüsusiləşməsini, ixtisaslaşmasını və onların kooperasiyalaşmasını, qarşılıqlı fəaliyyətini nəzərdə tutur. Ona görə də əmək bölgüsü ayrılma prosesi deyil, əməyin birləşməsi üsuludur. Bu proses dünya miqyasında da belədir.

Beynəlxalq əmək bölgüsü dövlətlər arasında ərazi əmək bölgüsünün bir mərhələsi hesab olur. Məhz bu da ayrı-ayrı ölkələrdə istehsalın ixtisaslaşmasına əsaslanır.

Beynəlxalq əmək bölgüsü dünya miqyasında geniş təkrar istehsalın formalaşmasında böyük rola malikdir. Belə ki, o: 1.bu proseslərin qarşılıqlı əlaqəsini təmin edir; 2.müvafiq beynəlxalq sahəvi və region üzrə sahəvi nisbətləri formalaşdırır.

Beynəlxalq əmək bölgüsü nəzəriyyəsi daha əsaslandırılmış formada öz inkişafını klassik siyasi iqtisadçılarından A.Smitin və D.Rikardonun əsərlərində tapmışdır. A.Smit 1776-cı ildə "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat" əsərini yazmışdır. Smit öz kitabına əmək bölgüsünün şərhindən başlamışdır. O, əmək bölgüsünü əmək məhsuldarlığının artmasının başlıca amili hesab etmişdir. Alətlərin və maşınların ixtisarı və təkmilləşdirilməsinin özünü də Smit əmək bölgüsü ilə bağlayır. Ona görə də o göstərirdi ki, məhsulların istehsalı və istehlakının həcmi iki amildən: 1) əhalinin məhsuldar əməklə məşğul olan hissəsindən; və 2) əmək məhsuldarlığından asılıdır.

"Xalqların sərvətinin" son rus dilində olan nəşrinə müqəddimənin müəllifi A.C.Afanesyevin qeyd etdiyi kimi bütün kitabda digər iqtisadi proseslər də bu "prizma" vasitəsi ilə nəzərdən keçirilir. Smitdə olan iqtisadi insan və təsərrüfat fəaliyyətinin motivləri haqqındakı təsəvvür də əmək bölgüsü ilə bağlıdır. Ona görə də A.Smit ticarət azadlığının və xüsusi sahibkarlığın, inkişafını çox zəruri hesab edirdi: O, qeyd edirdi ki, məhz ticarət azadlığında olan müəyyən məhdudiyyətlər ayrı-ayrı regionlar və bütünlükdə ölkələr arasında əmək bölgüsünün dərinləşməsinə maneçilik göstərir. Bu kimi səddlərin ləğv edilməsi və beynəlxalq mübadilənin genişlənməsi milli iqtisadiyyatların ixtisaslaşmasına zəmin yaradır. Bununla da dünya təsərrüfatının təşəkkülündə onların biri-birindən qarşılıqlı asılılığı artmış olur.

A.Smit azad ticarət şüarını irəli sürürdü, onun ideyaları sonralar ingilis iqtisadçıları D.Rikardo, R.Torrens və C.Millin əsərlərində inkişaf etdirilmişdir.

Beynəlxalq əmək bölgüsü üzrə elmi nəzəriyyədə klassiklərin ən böyük nailiyyətlərindən biri "müqayisəli istehsal xərcləri" nəzəriyyəsinin yaranmasıdır. Bu nəzəriyyə beynəlxalq ticarət barədəki iqtisadi təlimin "Klassik" əsası kimi qiymətləndirilir.

Müqayisəli xərclər nəzəriyyəsinin əsasında isə ayrı-ayrı ölkələrdə istehsal şəraitində mövcud olan müxtəliflik - fərq dayanır.

Aydındır ki, ayrı-ayrı ölkələr bir-birindən təbii-coğrafi, elmi-texniki, əmək ehtiyatları, istehsalın tarixi inkişaf ənənələri və s. baxımdan fərqlənirlər.

Ona görə də hər hansı bir məhsul bir ölkədə nisbətən daha ucuz başa gəldiyi halda, yaxud daha yüksək texnologiyaya əsaslandığı halda, digər ölkədə belə bir məhsul istehsalı ancaq təsəvvür edilə bilər.

Odur ki, qarşılıqlı münasibət zəminində bir ölkənin müəyyən tələbatının başqa ölkələrdə hazırlanmış nemətlərlə təmin olunması zərurəti yaranır. Məhz beynəlxalq əmək bölgüsü istehsalın beynəlmiləlləşdirilməsi prosesində həlledici rola malikdir.

Dünya ölkələrinin iqtisadi əməkdaşlığı beynəlxalq əmək bölgüsü əsasında inkişaf edib möhkəmlənir.

BƏB ölkələrarasında ticarət və kapital ixracının, kreditlər verilməsinin, elmi-texniki əməkdaşlığın genişlənməsinə əsaslanır. Məhz BƏB dünya bazarı inkişafının obyektiv əsasını təşkil edir. İstehsal daha həlledici olduğuna görə çox yerdə bu anlayışın işlədilməsi bütün digər fəaliyyət növlərinin varlığını inkar etmir.

Dünya miqyasında məhsuldar qüvvələrin inkişafı BƏB-in daha da dərinləşməsinə zəmin yaradır. Sənayedaxili ixtisaslaşmanın daha inkişaf etmiş formaları yayılır.

BƏB ölkələrarasında ərazi əmək, bölgüsünün yüksək mərhələsi hesab olur. Müəyyən məhsullar ölkələrin ixtisaslaşdırı1masına və məhsulların qarşılıqlı şərtlərlə mübadiləsinə əsaslanır.

BƏB təbii-coğrafi, elmi-texniki və sosial-iqtisadi amillərlə sıx surətdə bağlıdır. Bundan əlavə təbii sərvətlərin bölgüsündə olan fərq dövlətlər arasında əmək bölgüsünün ilkin şərtidir. Ən başlıca şərt torpaq-iqlim şəraiti hesab olur.

Əmək ehtiyatları, istehsalın tarixi inkişaf ənənələri, ölkənin coğrafi vəziyyəti də beynəlxalq əmək bölgüsündə mühüm rola malikdir.

Tam inamla demək olar ki, məhz beynəlxalq əmək bölgüsü dünya təsərrüfat sisteminin yaranmasında birləşdirici bir həlqədir.

Hazırda dünya ölkələri arasında olan beynəlxalq bölgüsü özünəməxsus bir xüsusiyyətə malikdir.

Dünyanın sənayecə inkişaf etmiş ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasındakı beynəlxalq əmək bölgüsü bir-birindən fərqlənir. Belə ki, birinci qrup ölkələr dünya əhalisinin 25 faizini, ümumi milli məhsulun isə 80 faizini təşkil etdiyi halda, ikinci qrup ölkələr dünya əhalisinin 75 faizini, ümumi milli məhsulun isə 20 faizini təşkil edir.

Ona görə də beynəlxalq əmək bölgüsündə həmin ölkələrin mövqeyində böyük fərq vardır.

Inkişaf etməkdə olan ölkələr hazırda yenə də sənayecə inkişaf etmiş ölkələr üçün xammal mənbəyi və həmin ölkələrdən hazır məhsulların idxalçısı kimi çıxış edirlər.

İnkişaf etmiş ölkələr həmin ölkələrə investisiyalar yeritməklə emaledici və ən yeni istehsal sahələrinin yaradılmasında iştirak etməyə çalışırlar.

İnkişaf etməkdə olan ölkələr isə öz milli iqtisadiyyatlarını yaratmağa, təsərrüfatın daha müxtəlif strukturlarını inkişaf etdirməyə, onu sənayeləşdirməyə çalışırlar.

Beləliklə bu ölkələrin beynəlxalq əmək bölgüsündəki rolu dəyişir. Elmi-texniki inqilab şəraitində qanunauyğun olaraq xammal və ərzağa dünya bazarında təlabat nisbətən azalır.

Analitiklərin hesablamalarına görə ehtimal edilir ki, sənayecə inkişaf etmiş ölkələrin istehsalı əsasən xarici istehlakçıların tələbini nəzərdə tutacaqdır. Daxili tələb isə xaricdən idxal hesabına ödəniləcəkdir.

İnkişaf etməkdə olan ölkələrdə daxili bazarın ekstensiv inkişafına üstünlük verilir.

Son onilliklərdə dünyada çox nəhəng iqtisadi, siyasi, sosial proseslər axını baş verir. Bütün bunlar əlbəttə beynəlxalq əmək bölgüsünün gedişinə təsir etməyə bilməz.

Son vaxtlar beynəlxalq əmək bölgüsünün inkişafında beynəlxalq ixtisaslaşma və kooperasiyalaşma istiqaməti daha üstünlük təşkil edir.

Beynəlxalq kooperasiya və beynəlxalq ixtisaslaşma beynəlxalq əmək bölgüsünün bir formasıdır və onun daxili nıəzmununu əks etdirir. Beynəlxalq ixtisaslaşmada müəyyən növ məhsul istehsalı bir sahə və ya bir müəssisədə (firmada) cəmləşdirilir.

Məsələn dünya ölkələri içərisində ABŞ sənaye və taxıl istehsalı üzrə, Meksika, Norveç, Küveyt isə neft istehsalı üzrə ixtisaslaşmışdır. İstehsalın beynəlxalq ixtisaslaşması bir neçə formada həyata keçirilir. Məsələn əşya üzrə ixtisaslaşma (yeni hazır məhsul istehsalı); detal-hissə üzrə ixtisaslaşma (məhsulun ayrı-ayrı hissələri, detallar, qovşaqlar).

Elmi-texniki inqilab istehsalın texnoloji quruluşunu mürəkkəbləşdirmişdir. Ona görə bir çox məhsul istehsalında hissələrin sayı çoxalmışdır.

Məsələn minik maşınlarında 20 min, prokat dəzgahlarda 100 minə qədər, elektrovozlarda 250 minə qədər hissə və qovşaq vardır. Mərhələ üzrə, yaxud texnoloji ixtisaslaşma (istehsal prosesinin ayrı-ayrı mərhələlərinin ayrılması, texnoloji proseslər, yığmaq, rəngləmək, qaynaqlamaq, qablaşdırmaq vəs.).

Müasir şəraitdə ixtisaslaşma ilk növbədə elektron hesablama maşınları, avtomatlaşdırma və mexanikləşdirmə vasitələri, tənzimləmə və idarəetmə qurğularının hazırlanmasını daha çox əhatə edir.

Bütün bu beynəlxalq ixtisaslaşmalar istehsal sahələri və ərazi istiqamətində aparılır. İstehsal sahəsi üzrə ixtisaslaşma özü də sahələrarası; sahələrdaxili; ayrı-ayrı müəssisələrin ixtisaslaşması formasında olur. Ərazi üzrə beynəlxalq ixtisaslaşmada dünya bazarı üçün məhsul və yaxud hissələr ayrı-ayrı ölkələr, qrup ölkələr və eləcə də region tərəfindən istehsal edilir.

İstehsalın beynəlxalq ixtisaslaşması beynəlxalq əmək bölgüsünün çox dinamik bir formasıdır. Belə ki, 50-60-cı illərdə istehsalın ixtisaslaşmasında avtomaşın, aviasiya sənayesi, plastik kütlə, podşipnik, radio aparatı və sairə kimi sahələr aparıcı yer tuturdu.

XX əsrin 70-80-ci illərində istehsalın beynəlxalq ixtisaslaşmasında, sahədaxili ixtisaslaşma üstünlük təşkil edirdi. Bu kimi ixtisaslaşma başqa sahələrdə olduğu kimi maşınqayırma sahəsində daha çox fayda verir. Hələ 1980-ci illərdə dünyada maşınqayırma sənayesi ildə 700-800 min adda maşın və avadanlıq istehsal etmişdir. Bu cür texnoloji prosesləri aparmaq üçün ölkələrin milli gücü kifayət etməzdi, nəticədə beynəlxalq ixtisaslaşmanın, inteqrasiyanın yaranması obyektiv zərurətə çevrilmişdir.

Beynəlxalq əmək bölgüsünün digər forması istehsalın beynəlxalq kooperasiyalaşmasıdir. Kooperasiyalaşma dedikdə ayrıca məhsul istehsalında bir-birini tamamlayan ixtisaslaşdırılmış istehsalın qarşılıqlı əlaqəsi nəzərdə tutulur.

İxtisaslaşma kimi kooperasiyalaşma da məhsuldar qüvvələrin artan inkişaf səviyyəsindən və xüsusiləşmiş müəssisələrin sabit istehsal əlaqələrinin artması zərurətindən irəli gəlir.

Dünya ölkələri arasında istehsal, elmi-texniki, mənzil, kredit, satış, kənd təsərrüfatı, fırmadaxili, firmalararası, üfıqi, şaquli, qarışıq, ölkələrarası, regionlararası və bu kimi sahələrdə baş verən iqtisadi əlaqələr kooperasiya vasitəsi ilə həyata keçirilir.

Dünyanın müxtəlif ölkələri birgə müəssisələr yaratmaqla geniş əməkdaşlıq edirlər. Müəyyən növ məhsul istehsalı və xidmətlər üzrə xüsusiləşmiş müəssisələr yaradılır. Bu da kooperasiya proseslərinin sürətlənməsinə səbəb olur.

Müasir Elmi Texniki İnqilab İstehsal Kooperasiyasının ən zəruri elementi olan elmin də birgə fəaliyyətinə geniş yol açmışdır.

İstehsalın Beynəlxalq Kooperasiyası əməkdaşlığın müxtəlif formalarını əhatə edir;


  1. İstehsal - texnoloji əməkdaşlıq. Burada: lisenziyalar verilməsi və mülkiyyətçilik hüququndan istifadə edilməsi; layihə-konstruktor, texnoloji proseslər, məhsulun texnoloji səviyyəsi və keyfiyyəti, inşaat və quraşdırma işləri, kooperasiyaya daxil olan müəssisələrin modernləşməsi və s. barədə sənədlərin hazırlanması nəzərdə tutulur.

İstehsalda, standartlaşmada, vahid şəkilə salmaqda, şəhadətnamə verilməsi, istehsal proqramlarının bölüşdürülməsi və s. üzrə idarəçiliyin təkmilləşdirilməsi;

  1. Kooperasiya əsasında istehsal olunan məhsulların satışı ilə bağlı iqtisadi proseslər üzrə əməkdaşlıq.

  2. Satışdan sonra texnikaya xidmət edilməsi.

Kooperasiya əlaqələrini tənzim etmək üçün üç metoddan istifadə edilir:

  1. Birgə proqram həyata keçirilməsi.

  2. Müqavilə əsasında ixtisaslaşdırma.

  3. Müştərək birgə müəssisələr yaradılması.

1990-cı illərdən keçmiş sosialist ölkələri və respublikaları da BƏB-in bu kimi strukturlarına fəal qoşulmuşlar.
1.2.BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNÜN ƏSAS

GÖSTƏRİCİLƏRİ VƏ ŞƏRTLƏRİ
Bu gün beynəlxalq əmək bölgüsü dünyanın demək olar ki, bütün ölkələrini əhatə edir. Beynəlxalq əmək bölgüsü dünya miqyasında məhsuldar qüvvələrin inkişafına, əmək məhsuldarlığının yüksəldilməsinə, istehsalın təmərküzləşməsi və ixtisaslaşmasına imkan yaradır. Ayrı-ayrı ölkələr beynəlxalq əmək bölgüsündə müxtəlif yerləri tuturlar. Bu da milli istehsalın və onun təşkilatlarının texniki səviyyəsi, işçi qüvvəsinin ixtisas səviyyəsi, elmi tədqiqatların vəziyyəti və s. ilə əlaqədardır. Sadalanan amillər milli məhsuldar qüvvələrin və təbii ki, əmtəələrin istehsalına xərclərə və dünya bazarında onların rəqabət qabiliyyətliliyinə təsir edərək, ölkənin ixtisaslaşma imkanlarını, onun beynəlxalq əmək bölgüsündə iştirak dərəcəsini müəyyənləşdirir. Artıq təşəkkül tapmış beynəlxalq əmək bölgüsü bu gün mövcud olan və yeni yaradılmış istehsal sistemi arasında yüksək innovasiyaları qəbul edən optimal mütənasibliyin yaradılmasına, əmtəənin istehlak xüsusiyyətlərinin dəyişməsi və onun nomenklaturasının yeniləşdirilməsinə gətirib çıxarmışdır. Bu halda söhbət başlıca olaraq nisbətən müstəqil firmalar tərəfindən məhsul istehsalına əsaslanan əmək bölgüsündən, firma daxili və beynəlxalq istehsal sistemlərinin formalaşdırılmasına əsaslanan əmək bölgüsünə keçilməsindən gedir.

Beynəlxalq əmək bölgüsündə iştirakı və dünya təsərrüfatında vəziyyəti nöqteyi nəzərindən dövlətləri aşağıdakı qruplara bölmək olar:



  • neft ixrac edən ölkələr;

  • mineral xammallar ixrac edən ölkələr;

  • kənd təsərrüfatı xammalları ixrac edən ölkələr;

  • emal sənayesi məhsullarının istehsalçısı olan ölkələr;

  • maşın və avadanlıqlar istehsal və ixrac edən ölkələr və s.

Beynəlxalq əmək bölgüsünün səmərəliliyi şərtləri və məntiqi davamı əməyin beynəlxalq kooperasiyası, zəruri şərti isə istehsal amillərinin beynəlxalq bölgüsünə əsaslanan ixtisaslaşmadır.

Beynəlxalq əmək bölgüsü ölkələr arasında ictimai əmək bölgüsünün ən yüksək formasıdır. O özünü ölkələrin dayanıqlı, iqtisadi cəhətdən bu və ya digər məhsul növünün istehsalı üzrə əlverişli ixtisaslaşması, bu fəaliyyət növünün nəticəsi kimi əmtəə və xidmətlərin ölkələr arasında müəyyən kəmiyyət və keyfiyyət nisbətində mübadilə olunmasında göstərir.

Beynəlxalq əmək bölgüsünün ölkə daxili əmək bölgüsündən fərqli spesifik cəhəti ondan ibarətdir ki, beynəlxalq aləmdə tərəf-müqabili kimi müxtəlif ölkələrin müəssisələri çıxış edirlər. Beynəlxalq əmək bölgüsündə bir çox ölkələrin müəssisələrinin iştirak etməsinə baxmayaraq, digər növ əmək bölgüsünə aid olan bütün ümumi xüsusiyyətlər ona da aiddir. Bir tərəfdən beynəlxalq əmək bölgüsündə iştirak edən ölkələrin müəssisələrinin böyük əksəriyyəti ölkə daxilində olan tələbatdan çox məhsul istehsal edir. Digər tərəfdən, ayrılıqda götürülmüş hər dövlətin təsərrüfat subyektləri şüurlu surətdə istehsal etdiyi bu artıq məhsulu digər dövlətlərdə istehsal olunan əmtəələrə mübadilə edir. Başqa sözlə desək, əmək bölgüsünün bir növü olan beynəlxalq əmək bölgüsü qarşılıqlı asılı istehsalların təşkili üsulu və ya sistemidir. Bu halda müxtəlif ölkələrin müəssisələri müəyyən növ məhsul istehsalı və ya xidmət göstərilməsi üzrə ixtisaslaşır və sonra bunların mübadiləsini həyata keçirirlər1.

Beynəlxalq əmək bölgüsünü təhlil edərkən onun ölkə daxili əmək bölgüsü ilə ümumi və fərqli tərəflərinin müəyyənləşdirilməsi də zəruridir.

Ölkə daxili əmək bölgüsü deyəndə əməyin təşkilinin elə üsul və yaxud sistemi nəzərdə tutulur ki, bu halda ayrı-ayrı təsərrüfat subyektləri öz səylərini müəyyən növ məhsul və xidmət istehsalında cəmləşdirir və sonra da onları mübadilə edirlər. Deməli, ölkə daxili əmək bölgüsü ixtisaslaşma və mübadilə kimi iki xüsusiyyətlə müəyyən olunur.

Ölkə daxili və beynəlxalq əmək bölgüsünün bir sıra ümumi xüsusiyyətləri də var. Birinci - onların hər ikisi də ictimai əmək bölgüsünə aiddir. İkincisi - ölkə daxili əmək bölgüsünə xarakterik olan ixtisaslaşma və mübadilə beynəlxalq əmək bölgüsünə də xas olan xüsusiyyətlərdir. Yalnız fərq orasındadır ki, bu xüsusiyyətlərin fəaliyyəti bir ölkə daxilində deyil, ölkələr arasında baş verir.

Beynəlxalq əmək bölgüsünün ölkə daxili əmək bölgüsündən fərqi ondan ibarətdir ki, o bu beynəlxalq prosesdə iştirak edən ölkələrin xalq təsərrüfatı kompleksinin quruluşuna təsir göstərir. Bu, beynəlxalq əmək bölgüsündə iştirak edən dövlətlərin milli iqtisadiyyatlarının, digər bir ölkənin tələbatına uyğunlaşdırılması yolu ilə həyata keçirilir. İş burasındadır ki, beynəlxalq əmək bölgüsündə iştirak etmək ölkəyə imkan verir ki, öz səylərini o məhsulun istehsalında cəmləşdirsin ki, onun istehsalı üçün ölkədə daha əlverişli şərait var və bu məhsuldan o qədər istehsal edə bilər ki, o həm daxili tələbatı, həm də tərəf-müqabilinin ölkəsindəki əhalinin tələbatını ödəyə bilər.

Bu həm də ölkəyə imkan yaradır ki, ölkə daxilində istehsalı üçün əlverişli imkan olmayan əmtəələri istehsal etməsin və həmin məhsullara olan tələbatı idxal hesabına ödəsin.

Beynəlxalq əmək bölgüsü bütün planet miqyasında dövlətlərin səmərəli və qarşılıqlı iqtisadi əlaqələrinin yaradılmasının ilkin şərti olmaqla, dünya ölkələri arasında istehsal, elmi - texniki, kommersiya əlaqələrinin obyektiv əsasıdır.

Beynəlxalq əmək bölgüsünün hərəkətverici qüvvəsi və təhrikedici motivi istənilən ölkənin və istənilən təsərrüfat vahidinin onda iştirak etməklə iqtisadi xeyir əldə etməyə can atmasıdır. Bu halda iqtisadi səmərə vaxta qənaətdə və əmək məhsuldarlığının yüksəldilməsində özünü göstərir. Göstərilən iqtisadi səmərənin reallaşdırılması isə milli və beynəlmiləl dəyər arasındakı fərqdə özünü göstərən dəyər qanunundan istifadə etmək yolu ilə həyata keçirilir.

Qeyd etmək lazımdır ki, beynəlxalq əmək bölgüsünün inkişaf səviyyəsi və imkanları milli dövlətlər çərçivəsində olan əmək bölgüsününkündən məhduddur. Bunun səbəbləri aşağıdakılardır:

- milli çərçivədə olan əmək bölgüsü məntiqi və tarixi baxımdan ölkələrarası əmək bölgüsündən əvvəl mövcud olmuşdur. Belə ki, hələ dövlət quruluşunun mövcud olmadığı ibtidai-icma quruluşunda belə, bu və ya digər formada əmək bölgüsü mövcud olmuşdur;



  • beynəlxalq əmək bölgüsünün, onun müxtəlif formalarının, sosial-iqtisadi təbiətinin xüsusiyyətləri, eləcə də inkişaf səviyyəsi ayrı-ayrı milli təsərrüfatlar daxilində olan ictimai münasibətlərlə müəyyənləşdirilir və müəyyən mənada onlardan asılıdır;

  • beynəlxalq əmək bölgüsünün əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, beynəlxalq iqtisadi proseslərə ayrı-ayrı dövlətlərin təsir etmə imkanları məhduddur.

BƏB-in əsas məzmununu əmək fəaliyyətinin müxtəlif növlərinin xüsusiləşməsi (ayrılması) və ixtisaslaşması, onların bir-birini tamamlaması və qarşılıqlı təsir göstərməsi təşkil edir.

BƏB-in mahiyyəti özünü istehsalın iki prosesində - ayrılması və birləşməsində göstərir. Birincisi, məlum olduğu kimi, vahid istehsal prosesi ayrı-ayrı ölkələrdə, müəyyən ərazidə, istehsal prosesinin müxtəlif mərhələlərində təmərküzləşmiş nisbətən müstəqil və xüsusiləşmiş hissələrə bölünür; ikincisi - eyni zamanda BƏB-də iştirak edən ölkələr arasında qarşılıqlı əlaqənin yaradılmasına, xüsusiləşmiş (ayrılmış) istehsalların və ərazi istehsal komplekslərinin birləşməsinə vadar edir.

Beləliklə, göründüyü kimi, BƏB ölkələr arasında əməyin ictimai ərazi bölgüsünün inkişafının ən yuxarı pilləsidir. Bu da, sahə və regional əsasda istehsalın dayanıqlı və iqtisadi cəhətdən ixtisaslaşmasından irəli gəlir.

Təbii ki, BƏB əməyin müxtəlif növ məhsul istehsalı üzrə bölünməsi ilə daha da mükəmməlləşir. Belə ki, əməyin ərazi - coğrafi aspektdə bölgüsü nə qədər əlverişli olsa da, BƏB-in tam mükəmməl olması üçün kifayət deyildir. Məsələn,tam inkişaf etməmiş istehsal quruluşu (infrastrukturası) olan inkişaf etməkdə olan ölkələr və ya keçid iqtisadiyyatı mərhələsində olan ölkələr BƏB-in daha əlverişli formasında iştirak edə bilmirlər və onlar yalnız aparıcı kapitalist ölkələrinin iqtisadiyyatında strateji xammal ixracçısı kimi «əlavə həlqə» rolunu oynayırlar. BƏB-də bu rolda iştirak etmək, bir ölkənin digərinin «tabeçiliyinə» gətirib çıxarır və həmin ölkənin iqtisadiyyatının balanslaşdırılmış inkişafına, eləcə də iqtisadiyyatda proqressiv struktur dəyişikliklərinin həyata keçirilməsinə maneçilik törədir.

BƏB istehsal amillərinə bilavasitə təsir göstərir. Tarixən bu, insanın yaşadığı mühitlə əlaqədar olmuşdur. Bir ölkədə və ərazidə məhsuldar torpaq, su arteriyalarına yaxın olmaq, orada yaşayan tayfa və qəbilələrə lazimi səviyyədə yaşamaq imkanı verir, uzaq səyahətlər etmək üçün meşələr və qamışlıqların olması iri gəmilər və qayıqlar hazırlamağa imkan yaradırdı.

Digər halda, təbii şərait qədim insan cəmiyyətinin dinamik inkişafına imkan vermirdi və onlar yox olurdular. Lakin bu o demək deyildir ki, BƏB müstəsna olaraq təbii-klimatik və torpaq şəraitindən asılıdır. Əgər yalnız belə olsa idi, onda «Afrika ölkələri digər şərtlər daxilində yalnız tropik bitkilərin istehsalı, Şimali Amerika isə özlərinin istehlak etdikləri balıq ovu üzrə ixtisaslaşmalıdırlar»1.

İnsan cəmiyyətinin inkişafının aşağı mərhələsində təbii amillər müstəsna rol oynayırdılar və bir tayfa heyvandarlıq və əkinçilik, digəri balıq, yaxud vəhşi meşə heyvanları ovu və s. üzrə ixtisaslaşırdılar. Bu amillər hazırda da milli iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edirlər. Lakin buna baxmayaraq, müasir dövrdə BƏB-in dərinləşməsi və inkişafında həlledici rolu müasir yüksək texnoloji istehsalın yaradılmasına gətirib çıxarmış əqli əmək oynayır ki, bu da istehsalın səmərəliliyinin yüksəldilməsi və əmək məhsuldarlığının əsaslı şəkildə artırılmasına imkan yaradır.

BƏB imkan verir ki, ölkələr özlərinin iqtisadi siyasətlərində birinci növbəli (prioritet) istiqamətləri seçsin, milli iqtisadiyyatı o qədər də sərfəli olmayan seqmentlərin inkişaf etdirilməsi ilə yükləməsin.

Beləliklə, müxtəlif əmtəə və xidmətlərin istehsalının səmərəliliyinin yüksəldilməsində mühüm amil BƏB prosesidir ki, bu da bütövlükdə dünya iqtisadiyyatının inkişafının başlıca təkanverici qüvvəsi olmaqla, eyni zamanda inkişaf etmiş formada beynəlxalq kooperasiyanın müvəffəqiyyətlə yayılmasını nəzərdə tutur.

Istehsalın milli kooperasiyası ölkəyə beynəlxalq ixtisaslaşmanın müxtəlif forma və növlərinin və sonradan onlardan inkişaf məqsədi ilə istifadə olunmasının müvəffəqiyyətlə həyata keçirilməsinə imkan verir.

Hər bir ölkənin beynəlxalq əmək bölgüsündə iştirakını xarakterizə edən bir sıra göstərici və amillər mövcuddur.

Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakını xarakterizə edən əsas göstəricilərin təsnifatı 1 saylı cədvəldə verilmişdir.

Ölkənin beynəlxalq əmək bölgüsündə iştirak dərəcəsini xarakterizə edən əsas göstəricilər ixrac və idxal kvotalarıdır.

İxrac kvotası ölkənin illik ixrac həcminin ÜDM-a və ya ümumi milli məhsula nisbətidir və o aşağıdakı düsturla hesablanır:



Ke=E\P(Y) . 100%

Ölkənin ixracında bu və ya digər əmtəənin xüsusi çəkisi nə qədər böyük olarsa, onun əmtəə quruluşu o qədər az diversifıkasiya olunmuş olur. Bu qanunauyğunluğun kəmiyyət xarakteristikasını Herfindal - Hirşmann indeksi əsasında işlənilmiş ixracın təmərküzləşməsi əmsalı ilə hesablamaq olar. Bu əmsal ölkənin beynəlxalq ticarətdə bazar təmərküzləşməsinin dərəcəsini qiymətləndirmək üçün istifadə olunur. Əmsal aşağıdakı düsturla hesablanır:


c:\users\tarana\desktop\мои документы\downloads\media\image13.jpeg
Ölkənin BƏB-də iştirakını xarakterizə edən göstəricilərin təsnifatı 1 saylı cədvəldə verilmişdir1.

Yüklə 439,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə