Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİNİn kollegiyasi qərar



Yüklə 0,57 Mb.
səhifə1/6
tarix05.02.2018
ölçüsü0,57 Mb.
#24900
növüQaydalar
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBLİKASI

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

№ Q1-001-13



 

Bakı şəhəri                                                                              “14” yanvar 2013-cü il

 

Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın təsdiq edilməsi haqqında



 

«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 avqust tarixli 1674 nömrəli Sərəncamının 1.3-cü, «Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı»nın və «Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.2-ci, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 352-IVQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli Fərmanının 1.5-ci, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 2364 nömrəli Sərəncamının 1.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 iyul tarixli 178s nömrəli Sərəncamının 1.5-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 5.3.6-cı yarımbəndini rəhbər tutub,

 

KOLLEGİYA QƏRARA  A L I R:

 

1. «Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat» təsdiq edilsin (əlavə olunur).



2. DİN-in Katibliyi - müvəqqəti saxlama yerlərinin müvafiq sənədlərlə təmin edilməsi məqsədilə qısa müddət ərzində Təlimata əlavələrin tipoqrafik üsulla hazırlanması təşkil edilsin.

3. Daxili İşlər Nazirliyinin 2001-ci il 6 noyabr tarixli 428 nömrəli əmrinin 1 saylı əlavəsi («Polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair» Təlimat), 2002-ci il 12 iyun tarixli 224 nömrəli əmrinin 1-ci bəndi və 2007-ci il 30 dekabr tarixli 731 nömrəli əmri ləğv edilsin.

4. Qərarın icrasına nəzarət müvafiq sahəyə kuratorluğu həyata keçirən nazir müavininə və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə həvalə olunsun.

5. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.

6. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

 


Kollegiyanın sədri

 

general-polkovnik

Ramil Usubov

 

 


 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının «14» yanvar 2013-cü il tarixli Q1-001-13 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 


 

Polis orqanlarının müvəqqəti saxlama yerlərində

saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair

T Ə L İ M A T

1. Ümumi müddəalar

 

1.1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 4.1.5-ci, «Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 avqust tarixli 1674 nömrəli Sərəncamının 1.3-cü, «Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı»nın və «Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.2-ci, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 352-IVQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli Fərmanının 1.5-ci, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 2364 nömrəli Sərəncamının 1.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 iyul tarixli 178s nömrəli Sərəncamının 1.5-cibəndlərinə uyğun hazırlanmaqla müvəqqəti saxlama yerlərində (bundan sonra - MSY) saxlanılan şəxslərin mühafizəsi, müşayiəti, habelə xidmətin təşkili qaydalarını müəyyən edir.



1.2. Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılması qanunun aliliyi, hər kəsin qanun qarşısında bərabər olması, humanizm və insan ləyaqətinə hörmət prinsipləri əsasında həyata keçirilməlidir. Tutulmuş və ya həbs edilmiş şəxslər işgəncə və ya digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftara, cəzaya məruz qala bilməzlər. Onlar müvəqqəti saxlama yerlərində insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməzlər.

1.3. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Qanunla müəyyən edilmiş hallarda və müddətlərdə müvəqqəti saxlama yerlərində saxlanılırlar.

1.4. Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması barədə cinayət prosesini həyata keçirən orqan tərəfindən tərtib edilmiş tutulma haqqında protokol həmin orqanın rəhbəri tərəfindən imzalanmalı və gerbli möhürlə təsdiqlənməlidir.

1.5. İnzibati qaydada həbs edilmiş şəxslərin saxlanılması üçün xüsusi məntəqələr olmayan ərazidə yerləşən polis orqanlarında bu şəxslərin saxlanılması üçün müvəqqəti saxlama yerlərində kameralar ayrılır.

Göstərilən şəxslər MSY-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Daxili İşlər Nazirliyi (bundan sonra-DİN) tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq saxlanılırlar.

1.6. Müvəqqəti saxlama yerlərində tibbi-müayinə, müalicə-profilaktika, sanitariya-gigiyena tədbirləri, epidemiya əleyhinə tədbirlər, saxlanılan şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, onların tibb müəssisələrində saxlanılması, habelə MSY-nin inşası və təchiz edilməsi, həbs edilmiş şəxslərin hava gəmisində daşınması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

1.7. MSY-nin texniki xarakteristikası «Müvəqqəti saxlama yerinin texniki pasportu»nda əks etdirilir, həmin pasport  MSY-nin rəisində saxlanılır (1 nömrəli əlavə).

1.8. MSY-də saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir, vəzifələr daşıyırlar.

1.9. Müvəqqəti saxlama yerləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada daxili işlər nazirinin əmrinə əsasən yaradılır, yenidən təşkil edilir və ya ləğv olunur. Müvəqqəti saxlama yerləri dövlət büdcəsi hesabına maliyyələşdirilir.

1.10. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi onların etibarlı təcrid olunmasından, müşayiət edilməsindən, saxlama yerinin ərazisində hərəkəti zamanı və təyin olunmuş yerə çatdırılarkən mühafizəsinin təmin edilməsindən ibarətdir.

1.11. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsini və müşayiətini təmin etmək məqsədilə polis orqanlarında mühafizə-müşayiət hissələri yaradılır. Onların əsas vəzifələri aşağıdakılardır:

1.11.1. MSY-də saxlanılan şəxslərin mühafizəsi;

1.11.2. tutulmuş və ya həbs edilmiş şəxslərin istintaq təcridxanalarına, səhiyyə müəssisələrinə, məhkəməyə, dəyişdirmə məntəqələrinə, eləcə də istintaq hərəkətləri zamanı müşayiəti və mühafizəsi.

1.12. Tutulmuş və ya həbs edilmiş şəxslərin hərəkətlərinə nəzarət həyata keçirilərkən texniki vasitələrdən də istifadə edilir. MSY-nin mühafizə və həyəcan siqnalizasiyası vasitələrinin təchizatı, tətbiq edilməsi, əsaslı təmiri və istismar xidməti üzrə işlərin yerinə yetirilməsi Nazirliyin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən həyata keçirilir.

1.13. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Milli preventiv qrupun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən MSY-nə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən şəxslə təkbətək, yaxud mütəxəssisin, tərcüməçinin iştirakı ilə görüşmək, söhbət etmək, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanılma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq, surətlərini almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişatını və nəticələrini protokollaşdırmaq, müvəqqəti saxlama yerinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin polis orqanına tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.

1.14. MSY-də şəxslərin saxlanılmasında qanunçuluğa riayət olunmasına nəzarət prokuror və məhkəmə orqanları, daxili nəzarət isə Daxili İşlər Nazirliyi, onun tabeliyində olan müvafiq orqan və xidmətlər tərəfindən həyata keçirilir.

 

 

2. Gündəlik naryadlar və onların yerləşdirilməsi



2.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi üçün aşağıdakı gündəlik naryadlar təyin edilir:

2.1.1. MSY üzrə növbətçi;

2.1.2. post xidmətçiləri;

2.1.3. çıxarıcılar;

2.1.4. müşayiət dəstəsi.

2.2. Naryadların tərkibi MSY-nin rəisi tərəfindən müəyyənləşdirilir. Polis orqanında bir ildən az xidmət etmiş əməkdaşların MSY-nə xidmətə götürülməsi, habelə müşayiət dəstəsinə cəlb olunması qadağandır.

2.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi üçün daxili, xarici, daimi, müvəqqəti, 1, 2 və 3 növbəli postlar təşkil edilir. Hər bir posta daimi nömrə verilir. Post cədvəlində mühafizə edilən obyektlər və naryadın əsas vəzifələri qeyd olunur. Mühafizəni gücləndirmək üçün əlavə postlar da qoyulur.

2.4. Gündəlik postların sayı və növü, onların yerləşdirilməsi, çıxarıcıların və müşayiət dəstəsinin əməkdaşlarının sayı «Müvəqqəti saxlama yerlərinin mühafizəsi üzrə naryadların dislokasiyası»na (2 nömrəli əlavə) əsasən növbətçi tərəfindən «Müvəqqəti saxlama yerində xidmətə çıxan naryadların post cədvəli kitabı»nda (3 nömrəli əlavə) qeyd olunur və hər gün polis orqanının rəisi tərəfindən təsdiq edilir.

2.5. Daxili postlar kameraların qarşısında, xarici postlar MSY-nin yerləşdiyi binanın ətrafında, müvəqqəti postlar gəzinti həyətində, idman meydançasında və televiziya verilişlərinə baxılan otaqda təşkil edilir.

2.6. Şəxslərin kameralardan çıxarıldığı və MSY-nin daxilində bir yerdən başqa yerə aparıldığı vaxt onların mühafizəsi üçün çıxarıcılar təyin edilir.

2.7. MSY üzrə növbətçiyə, daxili postlardakı post xidmətçilərinə və çıxarıcılara tabel silahı verilmir.

2.8. Tutulmuş və ya həbs edilmiş şəxslərin istintaq təcridxanalarına, səhiyyə müəssisələrinə, məhkəməyə, dəyişdirmə məntəqələrinə, eləcə də istintaq hərəkətləri aparılan əraziyə müşayiət olunmaları ilə bağlı müşayiət dəstəsinin rəisindən, rəis müavinindən, müşayiət olunan şəxslərin sayından asılı olaraq bu Təlimatla müəyyən olunmuş sayda müşayiətçilərdən və xüsusi təyinatlı avtomobilin polis nəfərindən (sürücü) ibarət müşayiət dəstəsi yaradılır.

 

3. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət naryadlarının idarə olunması

3.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət naryadlarının idarə olunması - onların üzərinə düşən vəzifələrin tələb olunan səviyyədə və müəyyən olunmuş qaydada icra olunmasının təmin edilməsindən ibarətdir.

3.2. Polis orqanının rəisi naryadları şəxsən və tabeliyində olan vəzifəli şəxslər vasitəsi ilə idarə edir. Naryadların operativ idarə olunması polis orqanlarının növbətçiləri tərəfindən həyata keçirilir.

3.3. Naryadların idarə olunması aşağıdakılarla təmin edilir:

3.3.1 tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunmasına dair qərar qəbul olunması;

3.3.2.  bu vəzifələrin yerinə yetirilməsi üçün qüvvə və vasitələrin hazırlığı;

3.3.3. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunması üzrə xidmətin aparılmasına nəzarət;

3.3.4. bu vəzifələri yerinə yetirən naryadların fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndirilməsi.

3.4. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunmasına dair orqan rəisinin qərarı bu vəzifəni yerinə yetirən naryadların idarə olunmasına əsasdır.

3.5. Polis orqanı rəisinin qərarında aşağıdakılar nəzərə alınmalıdır:

3.5.1.    saxlanılan və ya müşayiət olunan tutulmuş və ya həbs edilmiş şəxslərin sayı, xüsusiyyətləri, onlar arasında qəsdən ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən və əvvəllər məhkum olunmuşlar (həmçinin mühafizə altından qaçdığına görə məhkum olunmuşlar), qadınlar, yetkinlik yaşına çatmayanlar;

3.5.2. xüsusi avtomobillərin texniki xarakteristikası (tutumu, kameraların sayı, qaçma hallarına qarşı möhkəmliyi, rabitə və siqnalizasiya vasitələrinin vəziyyəti), saxlama yerlərində saxlanılma müddətləri, müşayiət marşrutlarının sayı və məsafəsi;

3.5.3. şəxsi heyətin komplektləşdirilməsi və onların hazırlığı;

3.5.4. mühafizə və müşayiət olunma xidmətinin aparıldığı rayonda kriminogen şərait;

3.5.5. ilin, günün vaxtı və hava şəraiti.

3.6. Qərarda polis orqanının rəisi aşağıdakıları müəyyən edir:

3.6.1. vəzifələrin ümumi mahiyyəti, xidmətin aparılması rejimi (gücləndirilmiş, adi), qüvvə və vasitələrin yerləşdirilməsi, naryadların növü və sayı, ehtiyat qüvvələr, onların istifadə edilməsi qaydaları;

3.6.2. naryadların konkret vəzifələri, onların xidmət aparma yerləri və vaxtı, hazırlıq qaydaları, silahlanmaları və maddi-texniki təminatı;

3.6.3. məhkəmə, prokurorluq, ədliyyə, səhiyyə, istintaq orqanlar ilə qarşılıqlı əlaqələri, naryadlar tərəfindən xidmətin aparılmasına nəzarət;

3.6.4. qarşıya qoyulan vəzifələrdən, tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə şəraitindən irəli gələn məsələlər də nəzərə alınır.

3.7. Qəbul olunmuş qərar icraçılara polis orqanının rəisinin əmri ilə elan edilir. Qüvvə və vasitələrin yerləşdirilməsi «Müvəqqəti saxlama yerlərinin mühafizəsi üzrə naryadların dislokasiyası»nda əks etdirilir.

4. Naryadların xidmətə hazırlığı

4.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi və müşayiət olunması üçün təyin edilmiş əməkdaşlar polis orqanına, MSY-nə təlimat keçmək üçün sıraya düzülməzdən 15 dəqiqə əvvəl gəlirlər. Bu barədə polis orqanının növbətçisinə qabaqcadan məruzə olunur. Polis əməkdaşları səliqəli və müəyyən edilmiş geyim formasında olmalı və lazımi ləvazimatlarla təmin edilməlidir. Onların üstündə xidməti vəsiqə, yazı kitabçası, qələm, fıştırıq olmalıdır.

4.2. Polis orqanının növbətçisi polis əməkdaşlarının gəlmələri barədə «Müvəqqəti saxlama yerlərində xidmətə çıxan naryadların post cədvəli kitabı»nda qeyd aparır, onlara silah, sursat, texniki vasitə, lazımi ləvazimat və xidməti sənədləri verir, hansı postda və müşayiət marşrutlarında öz vəzifələrini icra edəcəklərini elan edir, naryadın heyətinə törədilmiş cinayətlər, axtarılan şəxslər və oğurlanmış əmlakın əlamət və nişanələri haqqında, eləcə də mühafizə altında olan yaxud müşayiət olunan şəxslərin şəxsiyyətləri barədə məlumat verir, ciddi nəzarət edilməsi tələb olunan şəxslərə diqqəti cəlb edir, silahların doldurulmasını və boşaldılmasını təşkil edir.

4.3. Silah və sursat rəis müavini tərəfindən təqdim edilən müvafiq əvəzedici kartoçkaya əsasən verilir. Hər bir tapança və avtomat döyüş patronları ilə dolu iki daraqla təmin olunur.

4.4. Silahların doldurulması xüsusi olaraq bu məqsəd üçün ayrılmış, yaxşı işıqlandırılmış yerlərdə bilavasitə növbətçinin nəzarəti altında naryadın təlimatlandırılmaya düzülməsindən əvvəl, silahların boşaldılması, silah və sursatların müayinəsi və təhvil verilməsi isə xidmət qurtardıqdan dərhal sonra həyata keçirilir.

4.5. Silahlar müvafiq qaydalara uyğun olaraq doldurulur və boşaldılır. Bu halda xəzinəyə patron ötürülmür. Tapança və avtomatlar patronla təchiz edilmiş daraqla doldurulur, doldurma zamanı çaxmaq geri çəkilmir. Tapança və avtomatlar qoruyucuya qoyulur. Avtomat üçün süngü-bıçaq verilmir.

4.6. Silahlar doldurulduqdan sonra növbətçi naryadı (naryadları) xüsusi təchiz olunmuş xidməti siniflərdə təlimatlandırma üçün düzür, hər bir polis əməkdaşına veriləcək silahı, xüsusi vasitələri, ləvazimatı və sənədləri yoxlayır, onların səhhətləri ilə maraqlanır və xidmət keçməyə hazır olduqları barədə təlimatı keçirən şəxsə məruzə edir. Məsələn: «Cənab mayor, heyəti 6 nəfərdən ibarət olan naryad təlimat üçün düzülmüşdür. Növbətçi polis leytenantı Məmmədov».

4.7. Naryadların təlimatlandırılmasını polis orqanının rəisi tərəfindən təsdiq olunmuş cədvəl əsasında müəyyən vəzifəli şəxslər həyata keçirir. Təlimatın keçirilmə müddəti 30 dəqiqədən artıq olmamalıdır.

4.8. Təlimat keçirmək üçün təyin olunmuş şəxs aşağıdakıları yerinə yetirməlidir:

4.8.1. Təlimatlandırmanın başlanmasına qədər:

4.8.1.1. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunması üzrə vəzifələrin məzmunu və yerinə yetirilməsi qaydaları, hər bir postda və müşayiət marşrutunda xidmət keçmə şəraiti, həmçinin mühafizə və müşayiət olunan şəxslərin xüsusiyyətləri, naryadlarla rabitə əlaqəsinin qaydaları ilə tanış olmaq;

4.8.1.2. keçən gün, həftə və ay ərzində naryadların apardığı xidməti öyrənmək və qiymətləndirmək;

4.8.1.3 polis əməkdaşlarının xidməti vəzifələrini bilmələrini yoxlamaq məqsədilə aparılacaq sorğu üçün suallar müəyyən etmək, şərti tapşırıqların mövzu və məzmunu ilə tanış olmaq.

4.8.2. Təlimatlandırma zamanı:

4.8.2.1. hər bir naryadın və polis əməkdaşının qarşısında tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət olunması üzrə konkret vəzifələr qoymaq, onların yerinə yetirilməsi qaydalarını, rabitə əlaqəsini və növbətçilər, mühafizəçilər, müşayiətçilər arasında qarşılıqlı əlaqələri izah etmək;

4.8.2.2. qaçma və digər fövqəladə hadisələrin qarşısının alınması tədbirlərinə diqqəti cəlb etmək, ciddi nəzarət olunması tələb edilən şəxslər barədə məlumat vermək, MSY-nin yerləşdiyi ərazidə, müşayiət marşrutlarında olan əməliyyat şəraitini nəzərə çatdırmaq;

4.8.2.3. keçən gün ərzində tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiəti və mühafizəsi üzrə aparılan xidmətin nəticələrini elan etmək, yol verilmiş nöqsanların baş vermə səbəblərini araşdırmaq, növbətçilərin, mühafizəçilərin, müşayiətçilərin nümunəvi hərəkətlərini qeyd etmək;

4.8.2.4. naryadın (naryadların) xidmətə hazırlığını, onların təchiz olunmalarını, habelə təhlükəsizlik tədbirlərini, silah və xüsusi vasitələrin tətbiq edilmə qaydalarını, fövqəladə hadisə baş verdikdə vəzifələrini bilmələrini yoxlamaq, bir neçə şərti tapşırıq həll etməyi həvalə etmək;

4.8.2.5. tutulmuş və ya həbs edilmiş şəxslərin hüquq və vəzifələrini, eləcə də qanunçuluğa ciddi riayət olunmasını xatırlatmaq.

4.9. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi və müşayiəti ilə bağlı yaranmış xüsusi şəraitlə əlaqədar olaraq təlimatlandırma bilavasitə postlarda, müşayiət marşrutlarında, səyyar məhkəmə iclaslarının keçiriləcəyi binalarda və müvəqqəti saxlama yerlərində keçirilir.

4.10. Təlimatlandırma qurtardıqdan sonra naryada (naryadlara) xidmətə başlamaq barədə əmr verilir. Məsələn: «Naryad (naryadlar) farağat ! Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə (müşayiət olunma) xidmətinə başlayın. Xidmət zamanı qanunçuluğa riayət edin, mədəni və nəzakətli olun. Sağa (sola) dön, marşrutlara, postlara addımla marş!»

4.11. Naryadların xidmətdə olma vaxtı, onların növbətçilərin, bu fəaliyyəti idarə edən vəzifəli şəxslərin tabeliyində olduqları vaxt sayılır. Naryadlar həmin şəxslərin tabeliyinə təlimatlandırmaya düzləndikləri vaxtdan daxil olurlar. Onlar tərəfindən xidmətin başa çatmasının bildirilməsi tabelikdən çıxmağı müəyyən edir. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət xidmətinə polis əməkdaşları təsdiq edilmiş cədvəl əsasında təyin olunurlar.

4.12. Naryadların xidmət aparmasının müddəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş iş vaxtından artıq olmamalıdır. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət edilməsi zamanı müəyyən olunmuş xidmət müddətinə riayət etmək mümkün olmadıqda, onun cəmləşdirilmiş uçotuna icazə verilir.   Bu halda uçot dövründə (ay, həftə) ümumi xidmət vaxtı qanunvericilikdə müəyyən edilmiş iş vaxtından artıq olmamalıdır.

4.13. Xidmət vaxtı şəxsi heyətə yemək və istirahət üçün 1 saat vaxt verilir. Mühafizəçilərin və müşayiətçilərin əvəz olunmaları təşkil edilir. Naryadın fasiləsiz xidmət aparması bir qayda olaraq 5 saatdan artıq olmamalıdır. Xidmət vaxtının ümumi müddətindən fasiləyə verilən vaxt çıxılır. MSY-nin növbətçiləri üçün fasiləsiz xidmət aparma vaxtı orqanın növbətçisi üçün müəyyən edilmiş qaydalarla tənzimlənir.

4.14. Havanın hərarətinin Selsi üzrə -10 dərəcədən aşağı, eləcə də +35 dərəcədən yuxarı olduğu hallarda naryadların bayır postlarında və digər açıq yerlərdə xidmət aparma müddəti 2 saatdan artıq olmamalıdır. Bu zaman şəxsi heyətin dəyişdirilməsi qaydalarını orqan rəisi, xidmət üzrə rəis müavini, onlar olmadığı təqdirdə isə növbətçi müəyyən edir. Qızdırılan binaların daxilində hərarət +18 dərəcədən yuxarı olduqda mühafizəçilər xidməti gödəkçəsiz, lakin baş geyimində aparırlar.

 

5. Tutulmuş və ya həbs edilmiş şəxsləri mühafizə



edən naryadların vəzifələri

 

5.1. MSY üzrə növbətçi (və ya köməkçisi) saxlanılan şəxsləri mühafizə edən naryadlara rəhbərlik edir və onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Ştat cədvəlində MSY üzrə növbətçi nəzərdə tutulmayan polis orqanlarında bu vəzifəni həmin orqanın məsul növbətçisi həyata keçirir.



5.2. MSY üzrə növbətçiliyi qəbul edərkən əməkdaş aşağıdakı vəzifələri yerinə yetirməlidir:

5.2.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-də saxlanılmasına əsas olan sənədlərdə tutulmuş və ya həbs edilmiş şəxsin adı, soyadı və atasının adının düzgün yazılıb-yazılmamasını, şəxsin sənədlərdə göstərilən şəxs olmasını, saxlama müddətinin tutma protokolu, hökm və ya qərarda göstərilən müddətə uyğunluğunu, sənədi tərtib etmiş şəxsin imzası və möhürünün olub-olmamasını yoxlamaq, «Müvəqqəti saxlama yeri üzrə növbətçiliyin təhvil-təslim kitabı»nda (4 nömrəli əlavə) imza etmək şərti ilə kameraların açarlarını, qandalları və texniki vasitələri, xidməti sənəd və blankları, həmçinin tutulmuş və ya həbs edilmiş şəxslərdən götürülmüş əşyaları təhvil almaq;

5.2.2. Növbəni təhvil verən növbətçi ilə birgə kameraları və MSY-nin xidməti-təsərrüfat otaqlarını diqqətlə nəzərdən keçirmək, avadanlığın, rabitə və siqnal vasitələrinin işlək vəziyyətdə olmasını yoxlamaq, kameralarda saxlanılanların sayını müəyyənləşdirmək, onlara dair sənədləri yoxlamaq, səhhətləri ilə maraqlanmaq və şəxsi axtarışlarını aparmaq;

5.2.3. Kamerada sanitar qovşağı müvəqqəti sıradan çıxdıqda naryadın mühafizəsi altında saxlanılan şəxslərin kameralar üzrə ümumi sanitar qovşağına aparılmasını təmin etmək. Təhvil-təslim zamanı kameralarda saxlanılanların bir yerdən başqa yerə aparılmasına yol verməmək. Növbənin təhvil-təslimi zamanı aşkar edilən nöqsanlar barədə polis orqanının rəisinə məruzə etmək.

5.3. MSY-nin növbətçisinin vəzifələri:

5.3.1.    daxili intizam qaydalarına uyğun olaraq tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-yə qəbul olunmasını və saxlanılmasını təmin etmək;

5.3.2. saxlanılma müddətlərinin qurtarması barədə MSY-nin rəisinə vaxtında məruzə etmək, həbs edilmiş şəxslərin şəxsi işlərini tərtib etmək. Həbs olunmuş şəxsin şəxsi işində aşağıdakı sənədlər toplanılmalıdır:

5.3.2.1. cinayət törətməkdə şübhəli şəxs qismində tutulma haqqında protokol;

5.3.2.2. məhkəmənin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı;

5.3.2.3. şəxsin barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edildikdə, hökmdən çıxarış;

5.3.2.4. sağlamlıq haqqında tibbi arayış (tibb kitabçası);

5.3.2.5. anket məlumatları;

5.3.2.6. daktiloskopik məlumatlar;

5.3.2.7. şəxsi axtarış haqqında protokol;

5.3.2.8. şəxsiyyəti təsdiq edən sənədin surəti;

5.3.2.9. daxili intizam qaydaları ilə müəyyən edilmiş sənədlər.

5.3.3. naryadın öz xidməti vəzifələrini bilməsini, onların lazımi vasitələrlə təchiz edilməsini və mühafizəçilərin dəyişdirilməsini şəxsən yoxlamaq, gündüz 2, gecə 3 dəfədən az olmamaq şərti ilə növbətçi naryadın xidmətini yoxlamaq, ciddi nəzarət edilməsi tələb olunan şəxslər barədə naryada məlumat vermək, MSY-nin avadanlığının, rabitə, siqnalizasiya və elektrik vasitələrinin işlək vəziyyətdə olmasını yoxlamaq;

5.3.4. tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılması barədə qərar qəbul etmək, onların kameralardan çıxarılmasında şəxsən iştirak etmək, kameraları şəxsən açıb-bağlamaq, açarları özündə saxlamaq. Gəzintidən sonra kameraların və gəzinti həyətinin qapılarının qıfılla bağlı olmasını şəxsən yoxlamaq;

5.3.5. növbətçi ekspert-kriminalist tərəfindən tutulmuş və ya həbs edilmiş şəxsin əl-barmaq izlərinin götürülməsini və izlərin bir nüsxəsinin DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilməsini təmin etmək;

5.3.6. tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən daxili intizam qaydalarına riayət olunmasını təmin etmək, bu məqsədlə onların şəxsi axtarışını aparmaq, onlara məxsus əşyaların yoxlanılmasını təşkil etmək, MSY-dən qaçmağa hazırlıq haqqında alınan hər bir məlumatı yoxlamaq və müvafiq tədbir görmək;

5.3.7. tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-də saxlanılan müddətdə qanunla nəzərdə tutulmuş hüquqlarından istifadə etmələrini təmin etmək;

5.3.8. MSY-nin bütün otaqlarında, dəhlizlərdə və gəzinti həyətində daxili intizam qaydalarına və təmizliyə riayət olunmasına nəzarət etmək, orada kənar şəxslərin, basqın və qaçma hallarında istifadə edilə biləcək əşyaların olmasına yol verməmək, tutulmuş və ya həbs edilmiş şəxslərdən hər gün kamera üzrə növbətçilər təyin etmək;

5.3.9. xidməti sənədlərin və blankların, qandalların, texniki vasitələrin, avadanlığın mühafizəsini təmin etmək;

5.3.10. növbə ərzində baş vermiş hadisələr barədə MSY-nin (polis orqanının) rəisinə məruzə etmək.

5.4. MSY-nin növbətçisinin buraxılış rejimini həyata keçirərkən vəzifələri:

5.4.1. MSY-yə gəlmiş şəxslərin sənədlərini yoxlamaq;

5.4.2. istintaq hərəkətlərinin keçirilməsi barədə tələbnamə əsasında tutulmuş və ya həbs edilmiş şəxslərin kameralardan çıxarılıb görüş, istintaq otaqlarına aparılması haqqında naryada göstəriş vermək;

5.4.3. daxili intizam qaydalarına uyğun olaraq MSY-yə gətirilən şəxsləri qəbul etmək, qadağan olunmuş əşyaların kameralara ötürülməsinə yol verməmək, tutulmuş  və ya həbs edilmiş şəxslərin vəkil ilə görüşlərini təşkil etmək;

5.4.4. tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılması qaydalarının yoxlanılmasının nəticələri və baş vermiş hadisələr barədə MSY-nin (polis orqanının) rəisinə məruzə etmək.

5.5. Növbətçiyə aşağıdakılar qadağan edilir:

5.5.1. fövqəladə hallar istisna olmaqla, müəyyən edilmiş postların sayını azaltmaq, onların yerini dəyişdirmək;

5.5.2. xidməti tərk etmək, naryadın heyətindən hər hansı bir əməkdaşı xidmətdən azad etmək.

5.6. Xidməti yalnız MSY (polis orqanının) rəisinin icazəsi ilə tərk etmək olar.

5.7. Kameraların qarşısında qoyulan daxili post xidmətçisi bilavasitə MSY-nin rəisinə və növbətçisinə tabedir. Onun vəzifələri aşağıdakılardan ibarətdir:

5.7.1. postda xidmətə başlayarkən növbətçi ilə birlikdə kameralarda avadanlığın (çarpayı, pəncərə barmaqlıqları, döşəmə, tavan, isitmə sistemi, qapı, qıfıl, qapı gözlükləri), elektrik, rabitə və siqnalizasiya vasitələrinin vəziyyətini yoxlamaq, saxlanılanları sayaraq qəbul etmək, ciddi nəzarət edilməsi tələb olunan şəxsləri üzdən tanımaq;

5.7.2. xidmət zamanı sayıq olmaq, qapıdakı gözlüklərdən baxmaqla kamerada saxlanılan şəxslərin davranışlarına daim nəzarət etmək, dəhlizdə səs salmadan hərəkət etmək, saxlanılan şəxslərin kameralardan çıxarıldığı zaman mühafizə qaydalarına dəqiq və ciddi əməl etmək;

5.7.3. kameralarda saxlanılan şəxslər tərəfindən daxili intizam qaydaları pozulduqda qapının gözlüyündən onların bu hərəkətlərinə son qoymalarını tələb etmək, tabe olmadıqları təqdirdə bu barədə növbətçiyə məruzə etmək;

5.7.4. kameralarda saxlanılan şəxslər tərəfindən qaçmağa cəhd göstərildikdə həyəcan siqnalı vermək, növbətçiyə dərhal məruzə etmək və postu tərk etməmək;

5.7.5. kamerada intihar hadisəsi aşkar edildiyi zaman həyəcan siqnalı vermək, növbətçi gələnə qədər qapının gözlüyündən həmin kamerada olanlara intihar edənin hərəkətinin qarşısının alınması, onun ipdən azad edilməsi (ipi açmaları və ona süni nəfəs vermələri, qanaxmanı dayandırmaları) barədə göstəriş vermək;

5.7.6. kameradan çağırış daxil olduqda qapını açmadan dərhal çağırışın səbəbini araşdırmaq və postdan ayrılmamaq şərti ilə saxlanılan şəxslərin suallarına cavab vermək, çağırış hər hansı bir tədbir görülməsi ilə əlaqədar olduqda növbətçiyə məruzə etmək;

5.7.7. gecə vaxtı kameraların işıqlandırılmasına və qapıların qıfılla bağlı olmasına nəzarət etmək;

5.7.8. kameralarda saxlanılan şəxslərin hərəkətlərinə nəzarətin nəticələri haqqında müntəzəm olaraq növbətçiyə məruzə etmək, fövqəladə hadisələr zamanı öz vəzifələrini yerinə yetirməyə daim hazır olmaq, rabitə, siqnalizasiya və yanğınsöndürmə vasitələrindən istifadə etməyi bacarmaq.

5.8. Daxili postlarda göstəriş və məruzələr aşağı tonlu səslə icra edilməlidir.

5.9. Tutulmuş və ya həbs edilmiş şəxslərin gəzintisi, idmanla məşğul olduqları və televiziya verilişinə baxdıqları zaman mühafizəsi üçün ayrılmış post xidmətçisi bu Təlimatın 5.7.1 - 5.7.5-ci və 5.7.7-ci bəndlərində qeyd edilən vəzifələri yerinə yetirməklə yanaşı aşağıdakıları da icra etməlidir:

5.9.1. postda xidmətə başlamazdan əvvəl gəzinti və idmanla məşğul olmaq üçün ayrılmış həyətin hasar qurğularının vəziyyətini yoxlamaq, həmin ərazidə qaçma və basqın etmə hallarında istifadə edilə biləcək əşyaların olmamasına əmin olmaq, televiziya verilişlərinə baxmaq üçün otağı yoxlamaq;

5.9.2. tutulmuş və ya həbs edilmiş şəxslərə gəzinti və idmanla məşğul olduqları zaman onların hərəkətlərinə diqqətlə nəzarət etmək, bir-biri ilə danışmalarına, posta yaxınlaşmalarına, əşyaların, ərzaq məhsullarının, məktubların hasardan içəri atılmasına yol verməmək.

5.10. MSY-nin ətrafında qoyulmuş xarici postların post xidmətçisi aşağıdakı vəzifələri yerinə yetirir:

5.10.1. MSY-nin damını və pəncərələrini, həmçinin hasar qurğularını daim nəzarət altında saxlamaq;

5.10.2. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə xəttini keçmələrinə, kənar adamların MSY-nin ərazisinə və binalarına daxil olmalarına yol verməmək, tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən qadağan olunan əraziyə girməyə cəhd göstərildikdə həyəcan siqnalı vermək və nizam-intizamı pozan hərəkətlərin qarşısını almaq;

5.10.3. hasar qurğuları, siqnalizasiya, pəncərə barmaqlıqları və çərçivələri zədələndikdə, kameralara, gəzinti həyətinə əşyalar və məktublar atıldıqda, səs-küy qaldırıldıqda dərhal növbətçiyə məlumat vermək;

5.10.4. MSY-nin yerləşdiyi ərazidə ictimai qayda pozulduqda müvafiq tədbirlər görmək, eyni zamanda bu barədə növbətçiyə məlumat vermək;

5.10.5. tabe olduğu şəxslərdən başqa digər şəxsləri posta yaxın buraxmamaq, postda dayanarkən silahı tətbiq etməyə hazır olmaq (patronu xəzinəyə ötürməmək şərti ilə), onu əldən yerə qoymamaq.

5.11. Kamera qapılarının qarşısında, gəzinti həyətində, MSY-nin binası yanında qoyulmuş postların post xidmətçilərinə aşağıdakılar qadağan edilir:

5.11.1. postu icazəsiz tərk etmək, yatmaq, oturmaq, kitab, qəzet  oxumaq, qida qəbul etmək, kamerada saxlanılan şəxslərlə söhbət etmək;

5.11.2. tutulmuş və ya həbs edilmiş şəxslərə hər hansı bir əşya, məktub vermək və onlardan almaq, xidmətlə əlaqədar olmayan iş tapşırmaq;

5.11.3. kamera qapılarını, qapı gözlüklərini, gəzinti həyətinin və MSY-nin xidməti-təsərrüfat otaqlarının qapılarını açıq saxlamaq.

5.12. Çıxarıcı MSY-nin rəisinə və növbətçisinə tabedir. Onun vəzifələri aşağıdakılardır:

5.12.1. növbətçinin göstərişi ilə tutulmuş və ya həbs edilmiş şəxslər kameradan çıxarıldıqda onları müşayiət etmək;

5.12.2. tutulmuş və ya həbs edilmiş şəxslər hər dəfə kameradan çıxarıldıqda onların şəxsi axtarışını aparmaq, onlar kameradan çıxarılmazdan əvvəl gəzinti həyətini, dəhlizi, MSY-nin xidməti-təsərrüfat otaqlarını diqqətlə nəzərdən keçirmək;

5.12.3. sanitar təmizləmədən, tibbi müayinədən keçən tutulmuş və ya həbs edilmiş şəxslərin hərəkətlərinə daim nəzarət etmək, istintaq hərəkətləri icra edilərkən istintaq otaqlarında olmaq, həmçinin istintaqı aparan şəxslərin qanuni göstərişlərini yerinə yetirməyə hazır olmaq;

5.13. Çıxarıcıya bu Təlimatın 5.11-ci bəndində qeyd edilənlərlə yanaşı, növbətçinin, MSY-nin (polis orqanının) rəisinin icazəsi olmadan tutulmuş və ya həbs edilmiş şəxsləri kameralardan çıxarmaq qadağandır.

5.14. MSY-nin əməkdaşlarının polis orqanının başqa xidmət sahəsində xidmətə cəlb olunması qadağandır.

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə