Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
5
Azərbaycan Respublikasının dövlət rəmzləri və atributları ilə bağlı
Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasından çıxarışlar
Maddə 8. Azərbaycan dövlətinin başçısı
I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici
münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və
Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
***
Maddə 19. Pul vahidi
I. Azərbaycan Respublikasının pul vahidi manatdır.
II. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka
mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.
III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi
işlədilməsi qadağandır.
***
Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan
dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
***
Maddə 22. Paytaxt
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.
***
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan
Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi,
orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli
aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri,
Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
***
Maddə 75. Dövlət rəmzlərinə hörmət
I. Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə
hörmət etməlidir.
II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb
olur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
6
Ümumi məlumat
Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır.
Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən
müqəddəs rəmzlərdir.
Bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, xalqın amallarını lakonik, obrazlı və bədii
dildə ifadə edən mühüm amillərdəndir.
Hələ qədim zamanlardan başlayaraq bütün dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri – simvol və
rəmzləri olmuşdur. Bunlar müxtəlif emblem, bayraq, gerb, medal və sairdən ibarət olmuşdur. Azərbaycanın
dövlətçiliyi təşəkkül tapdıqdan sonra onun yaradıcıları dövlətin milli əlamətlərini əks etdirəcək özünəməxsus
rəmzlərinin təxirə salınmadan yaradılması tədbirlərinə əl atmışlar. Bu tədbirlər sırasında ilk növbədə gözəl
təsvirli və çoxmənalı bayrağın qəbul edilməsini xüsusilə qeyd etmək lazımdır. Dövlətin mühüm atributlarından
sayılan himnin və gerbin layihələri də hazırlanmış, lakin rus işğalçılarının ölkəyə müdaxiləsi üzündən təsdiq
edilməsinə imkan olmamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin möhürü və bir çox medallarının eskizləri də
işlənilib hazırlanmışdır. Arxivlərdə təxminən yüzədək müxtəlif medal eskizləri qorunub saxlanılır. Lakin bir çox
sənədlər sovet hakimiyyəti illərində məhv edildiyindən dövlət rəmzləri və atributları haqqında məlumatlar
dolayı mənbələrdən əldə edilir.
Keçmişdə xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən
heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Məsələn, folklor və ədəbiyyatda, arxeoloji, etnoqrafik,
dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, şir, əjdaha,
qartal, simurq, tovuz və s. bu kimi
heyvan və quşların, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi
ağac və çiçəklərin təsvirləri, həndəsi və nəbati naxışlarda həkk
olunmuş obrazları simvolik məna kəsb etmiş, milli təfəkkürü,
xalqın bədii zövqünü, estetik və əxlaqi təsəvvürlərini əks etdirən
rəmzi mahiyyət daşımışdır. Təsadüfi deyildir ki, Azərbaycan
xalqının qəhrəmanlıq tarixi, azadlıq və istiqlaliyyət naminə
mübarizəsi, milli dövlətçilik meylləri, gözəllik anlayışları qədim
mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü
dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində
ifadə olunmuşdur.
Tarixi mənbələr, maddi mədəniyyət və incəsənət abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində
yerləşən dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət
nişan və emblemləri, ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanələri – “tuğra”ları olmuşdur. Məsələn, görkəmli
dövlət xadimi, sərkərdə və istedadlı şair Şah İsmayıl Xətainin yaratdığı qüdrətli Azərbaycan Səfəvilər dövlətinin
12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı kimi qəbul olunmuşdur. Bununla yanaşı, “Qırmızı taclı”
“qızılbaş şahı”nın özünəməxsus gerbi də olmuş – “Simurq quşu ilə əjdahanın döyüşünü” təsvir edən “tuğra”sı
dövlətin rəsmi rəmzi, bir növ emblemi mahiyyətini daşımışdır.
Hökmdarlara məxsus belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları
sayılan xanlıqlar dövründə də geniş yayılmışdı.
XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba,
Dərbənd, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi mədəniyyət
abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşlar.
Bakıda İçərişəhərin qala divarlarında, Şamaxı darvazası üzərində daş lövhədə həkk olunmuş buğa kəlləsi
ilə qoşa şirlərin təsviri də Şirvanşahlar dövlətinin qüdrətinə işarə edən monumental emblemdir.
Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri, adətən konstitusiyada
qanunvericilik yolu ilə təsbit edilir. O, bir tərəfi ağac dəstəklə bərkidilmiş, adətən müəyyən emblemli qumaş
parçadan ibarət olur. Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir.
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut
etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə
bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Azərbaycan SSRİ Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət
rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında
qərar vermişdir.