Azərbaycan Respublikası Prezidentinin “9” dekabr 2004-cü IL tarixli



Yüklə 96,73 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü96,73 Kb.
#69918


Azərbaycan Respublikası Prezidentinin

“9” dekabr 2004-cü il tarixli

152 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə

2005 – 2007-ci illər üçün

DÖVLƏT PROQRAMI

I. Giriş

Son illər Azərbaycan Respublikasının Milli Bankı tərəfindən Milli Ödəniş Sisteminin

yaradılması və inkişafı Strategiyasına müvafiq olaraq elektron hesablaşma sistemlərinin yaradılıb

istifadəyə verilməsi istiqamətində geniş islahatlar aparılmış və bu zaman beynəlxalq maliyyə

qurumlarının texniki və maliyyə köməyindən istifadə edilməklə qabaqcıl beynəlxalq təcrübəyə

istinad olunmuşdur. Aparılan islahatlar nəticəsində Milli Ödəniş Sisteminin arxitekturasının ən

mühüm komponentləri yaradılmışdır. Belə ki, 2001-ci ilin əvvəllərində bütün bankların və

Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlıq İdarəsinin ödənişlərini həyata keçirən və Milli

Ödəniş Sisteminin arxitekturasının əsasını təşkil edən Real Vaxt Rejimində Banklararası

Hesablaşmalar Sistemi (AZIPS) yaradılaraq istifadəyə verilmişdir. Bunun nəticəsində banklar

arasında əvvəllər günlərlə və bəzən həftələrlə çəkən hesablaşmaların saniyələr ərzində başa

çatdırılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar

tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük məbləğli və təcili ödənişlərin real vaxt

rejimində (on-line) həyata keçirilməsinə imkan yaranmışdır.

2002-ci ilin sonlarından etibarən isə Milli Ödəniş Sisteminin arxitekturasının ikinci mühüm

elementi olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) yaradılaraq istifadəyə

verilmişdir. Beləliklə, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əmək haqqı, sosial

müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron

daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda xırda ödənişlərin əsas iştirakçıları olan

kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda ödəniş  əməliyyatları (məsələn,

mərkəzi və yerli vergi, gömrük və sosial müdafiə ödənişləri) aparan hökümət və kvazi-hökümət

qurumlarının Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin

yaradılmışdır.

Hər iki sistem yaradılarkən ən müasir texnologiyaya və proqram təminatlarına əsaslanmış və

sistem əhəmiyyətli ödəniş sistemlərinə dair beynəlxalq standartlar əldə rəhbər tutulmuşdur. Bu

sistemlərin fəaliyyətə başlaması ilə ölkədə bank sisteminin və maliyyə bazarlarının inkişafı üçün

əlverişli şərait yaranmış, bu isə öz növbəsində bazar iqtisadiyyatına əsaslanan daha səmərəli pul-

kredit siyasətinin aparılmasına, bütövlükdə iqtisadi inkişafın və maliyyə sabitliyinin təmin

olunmasına müsbət təsir göstərmişdir.

Qeyd etmək lazımdır ki, göstərilən sistemlərin yaradılması və tətbiqi beynəlxalq maliyyə

qurumları tərəfindən yüksək qiymətləndirilmiş və bu sahədə mövcud olan beynəlxalq

standartlara tam uyğunluğu təsdiq edilmiş, habelə onların tövsiyyəsi əsasında inkişaf etməkdə

olan bir sıra ölkələrin mərkəzi bankları, o cümlədən MDB üzvü olan dövlətlərin mərkəzi

bankları tərəfindən Azərbaycan Milli Bankının bu sahədəki təcrübəsinə böyük maraq göstərilmiş

və bu təcrübədən faydalanmışlar.

Ödəniş sistemləri infrastrukturunun əsas elementlərinin yaradılmasına baxmayaraq, bu gün

sağlam rəqabət prinsipləri əsasında bütün təsərrüfat subyektlərinin, ticarət-xidmət

müəssisələrinin, geniş  əhali təbəqəsinin, o cümlədən pensiyaçıların və təqaüdçülərin bu

sistemdən daha aktiv istifadəyə cəlb edilməsi, regionlarda hüquqi və fiziki şəxslərin maliyyə

xidmətlərinə çıxışı imkanlarının daha da artırılması, qeyri-bank təşkilatlarının ödəniş




sistemlərinə texnoloji inteqrasiyasının təmin olunması məsələləri ödəniş sistemləri

strategiyasının əhatə dairəsinin genişləndirilməsini və bu məqsədlə xüsusi dövlət proqramının

hazırlanmasını zəruri edir.

Bu kontekstdə Milli Ödəniş Sisteminin İnkişafı üzrə hazırkı Dövlət Proqramı hazırlanarkən:

− Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş

“2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi

inkişaf üzrə Dövlət Proqramı”nın;

− “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri

haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli Fərmanının;

− “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”

Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-cü il tarixli Fərmanının;

− Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008-ci

illər)”nın məqsədləri nəzərə alınmışdır.

Dövlət Proqramının həyata keçirilməsi qeyd olunan proqramlar və Prezident fərmanlarında

nəzərdə tutulmuş məsələlərin həllinə əhəmiyyətli təsir göstərəcəkdir.



II. Dövlət Proqramının məqsədi

Dövlət Proqramının əsas məqsədləri hər bir təsərrüfat subyektinin, geniş  əhali təbəqəsinin

elektron ödəniş sistemlərinin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi, onlar üçün ərazi

mənsubiyyətindən asılı olmayaraq bütün ölkəni əhatə etməklə vahid elektron ödəniş məkanının

yaradılması, eyni zamanda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə, bank sistemi və

maliyyə bazarlarının isə təsərrüfat subyektlərinə və ev təsərrüfatlarına qarşılıqlı çıxış

imkanlarının daha da artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyə ilə

əvəz olunması və pul kütləsinin bank sistemində yığılaraq ölkə iqtisadiyyatının inkişafına

investisiya edilməsi üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.

Bu məqsədlərə çatmaq üçün Dövlət Proqramında

aşağıdakı ən mühüm tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur:

−  İlk növbədə kart ödənişlərinin daha da inkişaf etdirilməsi və Milli Ödəniş Sistemi

arxitekturasının tamamlanması üçün yeni infrastrukturun – Milli Kart Prosessinq Mərkəzinin

yaradılması.

Kart ödənişləri sahəsində ölkədə formalaşmış bazarın və münasibətlərin inkişaf etdirilməsi və

ölkənin bütün regionlarını  əhatə etməklə  əhaliyə ucuz və keyfiyyətli bank xidmətlərinin

göstərilməsi üçün Azərbaycan Respublikasının Milli Bankı tərəfindən beynəlxalq standartlara

cavab verən Milli Kart Prosessinq Mərkəzi yaradılacaq və 3 ildən sonra ədalətli prinsiplər

əsasında bankların birgə istifadəsinə və idarəçiliyinə veriləcəkdir.

Ən geniş əhali təbəqəsinin istifadəsi üçün nəzərdə tutulmuş və xırda və orta ödənişlər bazarına

istiqamətləndirilmiş Milli Kart Prosessinq Mərkəzinin yaradılması mikroprosessorlu (çip) ödəniş

kartlarının tətbiqini daha da genişləndirəcək, nağd pul dövriyyəsinin nağdsız hesablaşmalar

sisteminə çevrilməsinə, əmək haqqı, pensiya və müavinətlərin verilməsi mexanizmlərinin

təkmilləşdirilməsinə, rabitə, nəqliyyat xidmətləri və kommunal xidməti haqlarının yığılması

proseslərinin optimallaşdırılmasına əlverişli şərait yaradacaqdır. Habelə, əhalinin elektron biznes

xidmətlərindən daha səmərəli istifadə etməsinə, o cümlədən elektron ticarət və bazarlara çıxışı

üçün imkan yaradılacaqdır.

Bununla yanaşı pərakəndə ticarət və xidmət müəssisələrinin dövriyyəsində olan maliyyə

axınlarının şəffaflığına və ödəniş sistemləri vasitəsilə bank sisteminə daha aktiv cəlb olunmasına

imkan yaranacaq, bu məqsədlə pərakəndə ticarət və xidmət müəssisələrində POS-terminallardan

geniş istifadə olunması üçün müvafiq tədbirlər görüləcəkdir.

Milli Kart Prosessinq Mərkəzinin yaradılması kiçik kreditləşmənin ucuz və sadə vasitəsi olan

smart-kart texnologiyası ilə sadələşmiş kredit münasibətlərinin inkişafına təkan verəcək, habelə

bu istiqamətdə göstərilən bahalı bank xidmətlərinin xeyli ucuzlaşmasına gətirib çıxaracaqdır.




− Kommersiya banklarının daxili informasiya və hesablaşma sistemlərinin daha da inkişaf

etdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması.

Azərbaycan Respublikasının Milli Bankı mövcud qanunvericiliyə uyğun olaraq Korporativ

İdarəetmə standartları çərçivəsində ödəniş sistemlərinin əsas iştirakçıları olan bankların, xüsusilə

sistem əhəmiyyətli və geniş filial şəbəkəsinə malik olan kommersiya banklarının daxili

informasiya və hesablaşma sistemlərinin inkişaf etdirilməsi və beynəlxalq standartlara

uyğunlaşdırılması üçün müvafiq tələblər və standartlar müəyyən edəcək və həyata keçirilməsinə

yardım göstərəcəkdir.

Bununla bank sistemində ödənişlərin daha effektiv, təhlükəsiz və sürətli həyata keçirilməsi, pul

dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artırılması, “yolda olan” pul vəsaitlərinin

minimuma endirilməsi təmin olunacaq, əhaliyə və hüquqi şəxslərə keyfiyyətli xidmətlər

göstərilməsi yolu ilə bankların müştəri bazasının genişləndirilməsinə, əlavə pul vəsaitlərinin cəlb

edilməsinə, iqtisadiyyatın müxtəlif sektorlarının kreditləşdirilməsinə imkan yaranacaq, bu isə öz

növbəsində bank sisteminə olan inam və etimadın daha da artmasına və maliyyə bazarlarının

inkişafına müsbət təsir göstərəcəkdir.

− Böyük sayda xırda ödənişlər (elektrik enerjisi, qaz, su, telefon və s. ödənişlər) aparan

kommunal xidməti təşkilatlarının, habelə, vergi, gömrük, pensiya və digər sosial müdafiə

ödənişlərini aparan hökümət qurumlarının ödəniş sistemləri infrastrukturuna texnoloji

inteqrasiyasının tamamlanması.

Bu məqsədlə həmin müəssisə və təşkilatlarda daxili informasiya sistemlərinin beynəlxalq

standartlar əsasında yenidən qurulması və banklarla informasiya mübadiləsi üçün interfeys

əlaqəsinin yaradılması nəzərdə tutulur.

Kommunal xidməti müəssisələrində bu tədbirlərin həyata keçirilməsi yaradılmış elektron ödəniş

sistemlərinin imkanlarından daha səmərəli və effektiv istifadə edilməsinə, kommunal xidmətləri

üzrə ödənişlərin yığım səviyyəsinin artırılmasına, bu sahədə maliyyə dövriyyəsinin bank

sisteminə cəlb edilməsinə, şəffaflığın daha da artırılmasına imkan yaradacaqdır.

Vergi, gömrük orqanlarının, pensiya və digər sosial ödənişləri aparan hökümət qurumlarının

ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyasının tamamlanması büdcə vəsaitlərinin

daxil olması və istifadə edilməsi üzərində səmərəli nəzarətin təşkilinə, dövlət vəsaitlərinin daha

səmərəli idarə edilməsinə şərait yaradacaq, eyni zamanda əhaliyə əmək haqqı, pensiya, müavinət

və təqaüdlərin ödəniş texnologiyaları vasitəsilə daha sadə və rahat formada paylanmasına zəmin

yaradacaqdır;

− Ödəniş sistemlərinin coğrafi əhatə dairəsinin genişləndirilməsi və regionlara

istiqamətləndirilməsi, təsərrüfat subyektlərinin və ev təsərrüfatlarının maliyyə xidmətlərinə çıxış

imkanlarının daha da artırılması.

Bu məqsədlə geniş filial şəbəkəsinə malik olan və  əhaliyə pensiya və müavinətlərın

paylanmasında, habelə kommunal ödənişlərin toplanmasında böyük təcrübəsi olan Milli poçt

operatorunun (“Azərpoçt” Dövlət Müəssisəsinin və Naxçıvan MR RİTN-in) poçt şəbəkəsi

platformasında poçt əmanətləri və poçt hesablaşmaları sisteminin yaradılması və bununla

əlaqədar olaraq müvafiq hüquqi, təşkilati və tənzimləmə prosedurlarının müəyyən edilməsi,

habelə poçt şəbəkəsinin elektron ödəniş infrastrukturuna inteqrasiyası üçün Azərbaycan

Respublikasının Milli Bankı tərəfindən müəyyənləşdirilmiş texniki və təhlükəsizlik

standartlarına uyğunlaşdırılması üzrə tədbirlər görüləcəkdir.

Bu tədbirlərin həyata keçirilməsi nəticəsində  əhalinin yoxsul təbəqəsinin daha çox cəmləşdiyi

rayon və kənd yerlərində ödəniş sistemləri və maliyyə xidmətləri infrastrukturunun

genişləndirilməsi, regionlarda sosial təminat ödənişlərinin elektron daşıyıcılarla həyata

keçirilməsi, kənd yerlərində kommunal xidmətlərlə bağlı ödənişlərin yığımında mövcud olan

problemlərin aradan qaldırılması təmin olunacaqdır. Eyni zamanda təsərrüfatların maliyyə

xidmətlərinə çıxış və maliyyə sektorunun və maliyyə bazarlarının özünün təsərrüfat

subyektlərinə və ev təsərrüfatlarına qarşılıqlı çıxış imkanlarının artırılmasına əlverişli zəmin

yaranacaqdır.



Bu isə öz növbəsində yoxsulluğun aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına, qeyri-

neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafına, regionlarda sosial və maliyyə

xidmətlərinin və infrastrukturun təkmilləşdirilməsinə müsbət təsir göstərəcəkdir.

− Ödəniş sistemlərində risklərin idarə edilməsi səmərəliyinin artırılması və təhlükəsizlik

standartlarının müəyyən müəyyən edilməsi.

Bu istiqamətdə müvafiq qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə

tədbirlər görüləcək, habelə Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ödəniş sistemləri

iştirakçılarının informasiya və hesablaşma sistemlərinə təhlükəsizlik və səmərəlilik standartları

müəyyən ediləcək və bütövlükdə ödəniş sistemlərinin fəaliyyəti üzərində beynəlxalq standartlara

uyğun nəzarət sistemi yaradılacaqdır.

Bunun nəticəsində mövcud risklərin səmərəli idarə edilməsi, ödəniş sistemlərinin isə fasiləsiz,

səmərəli və təhlükəsiz işləməsi təmin olunacaqdır.



III. Dövlət Proqramının yerinə yetirilməsinin əsas prinsipləri

Dövlət Proqramının yerinə yetirilməsi ilə  əlaqədar nəzərdə tutulmuş tədbirlərin icrası zamanı

aşağıdakı prinsiplərə riayət olunmalıdır:

− əmək haqqı, pensiya və müavinətlər verilərkən, habelə kommunal xidmət haqları ödənilərkən

əhali istənilən bank və poçt şöbəsinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır;

− kommunal xidmətlər göstərən müəssisə və təşkilatlar yığım xidmətləri üçün bank seçimində

sərbəst olmalıdır;

− ölkədə bir neçə kart prosessinq mərkəzinin fəaliyyət göstərdiyi şəraitdə kart sahibləri istənilən

prosessinq mərkəzi tərəfindən xidmət göstərilən bankomat və POS-terminallardan istifadə etmək

imkanına malik olmalıdır;

− kommersiya banklarının yaratdıqları kart prosessinq mərkəzləri Azərbaycan Respublikasının

Milli Bankı tərəfindən yaradılan ödəniş sistemlərinin infrastrukturuna qoşulmalıdır;

− Azərbaycan Respublikasının Milli Bankı tərəfindən elektron ödəniş infrastrukturuna qoşulan

iştirakçılar1 üçün texniki və təhlükəsizlik standartları hazırlanmalı və iştirakçılar tərəfindən

həmin standartlara, habelə sistemlərdə risklərin idarə olunması tələblərinə riayət olunmasına

nəzarət edilməlidir;

− yoxsulluğun azaldılması və hökumətin digər inkişaf proqramlarına kömək məqsədilə  əhali

üçün ödəniş sistemi infrastrukturundan istifadə haqları məqbul səviyyədə olmalıdır.

Gözlənilən nəticələr

Dövlət Proqramında nəzərdə tutlmuş tədbirlərin həyata keçirilməsi aşağıdakı nəticələrin əldə

olunmasına imkan verəcəkdir:

1. Bütövlükdə ölkə iqtisadiyyatı üçün:

−  şəffaf, təhlükəsiz, səmərəli, qabaqcıl texnologiyaya və proqram təminatlarına əsaslanan və

beynəlxalq standartlara cavab verən ödəniş sistemləri infrastrukturunun tamamlanması təmin

ediləcək, bu isə öz növbəsində:

maliyyə xidmətlərinin və maliyyə bazarlarının inkişafına, təsərrüfat subyektlərinin və ev

təsərrüfatlarının həmin xidmətlərə çıxış imkanlarının artırılmasına və eyni zamanda maliyyə

sisteminin özünün təsərrüfat subyektlərinə çıxış imkanlarının artırılmasına şərait yaradacaqdır;

1 iştirakçılar dedikdə kommersiya bankları, Milli poçt operatoru, kommunal xidmətlər göstərən

müəssisə və təşkilatlar, kart prosessinq mərkəzləri və ödəniş sisteminə qoşulan digər qurumlar

nəzərdə tutulur. Yeni iş yerlərinin açılmasına, əhalinin rifahının yüksəldilməsinə, yoxsulluğun

azaldılmasına, daxili və xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına

və bütövlükdə ölkə üzrə iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcəkdir;

− iqtisadiyyatda nağd pul dövriyyəsinin məhdudlaşdırılmasına və “dollarlaşmanın” qarşısının

alınmasına müsbət təsir edəcək, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə,

şəffaflığın artırılmasına, vergidən yayınma hallarının aradan qaldırılmasına, nağd pul kütləsinin

emissiyasına, onun saxlanması və inkasassiyasına çəkilən xərclərinin azaldılmasına, dövlət

müəssisə və təşkilatlarında pul vəsaitlərinin daha səmərəli idarə edilməsinə  əlverişli şərait

yaradacaqdır;



− maliyyə sektorunun daha səmərəli fəaliyyət göstərməsi üçün sağlam rəqabət mühiti

yaradılacaq və nəticədə maliyyə xidmətlərinin səmərəliliyi yüksələcək və tariflər aşağı

düşəcəkdir.

2. Əhali üçün:

−  əmək haqqı, pensiya, müavinət və təqaüdlərin vaxtlı-vaxtında, rahat üsullarla paylanması,

habelə kommunal və digər xidmət haqları ödənişlərinin elektron daşıyıcılarla istənilən bank və

ya poçt şöbəsi vasitəsilə, habelə digər üsullarla (internet, mobile bankinq və s.) həyata

keçirilməsi imkanı əldə olunacaq, eyni zamanda elektron biznes xidmətləri, o cümlədən elektron

ticarət və elektron bazarlara çıxış üçün müvafiq şərait yaranacaqdır.

3. Kommunal xidmətlər göstərən müəssisə və təşkilatlar üçün:

− kommunal ödənişlər üzrə haqların kommersiya bankları və ya poçt şöbələri vasitəsilə

toplanması maliyyə intizamını gücləndirəcək, şəffaflığı artıracaq və həmin təşkilatlar tərəfindən

nağd pulun yığılması, saxlanması və daşınması ilə bağlı xərclərin və risklərin azalmasına şərait

yaradacaqdır;

− kommunal ödənişlər üzrə haqların yığım səviyyəsinin artımından əldə edilən vəsaitlər

müştərilərə göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün lazım olan əlavə maliyyə mənbəyinə

çevriləcək, bu isə onların özəlləşdirilməsi zamanı müsbət amil rolunu oynayacaqdır.

4. Kommersiya bankları üçün:

− təsərrüfat subyektlərinə sadə, ucuz, sürətli və keyfiyyətli xidmətlər göstərilməsi yolu ilə

müştəri bazasının genişləndirilməsinə, geniş  əhali təbəqəsində olan pul vəsaitlərinin bank

dövriyyəsinə cəlb edilməsinə və onların iqtisadiyyatın müxtəlif sektorlarının kreditləşdirilməsinə

yönəldilməsinə, habelə filial şəbəkəsinin inkişaf etdirilməsinə əlverişli imkan yaranacaqdır.

5. Milli poçt operatoru üçün:

− “Azərpoçt” DM-in mövcud şəbəkəsinin daha da genişləndirilməsinə şərait yaradılacaq, bank-

maliyyə xidmətlərinin tətbiqi təmin ediləcək, regionlarda olan poçt şöbələrinin xidmət sferası

genişlənəcəkdir.



IV. Maliyyələşdirmə mənbələri

Dövlət Proqramının qarşıya qoyduğu məqsədin və bununla əlaqədar tədbirlərin həyata

keçirilməsi və Azərbaycan Respublikasında vahid nağdsız hesablaşmalar sisteminin yaradılması

maliyyələşdirmə mənbələrinin kompleks şəkildə formalaşdırılmasını tələb edir.

Əsas tədbirlərin maliyyələşdirilməsi mənbələri kimi beynəlxalq maliyyə qurumlarının

kreditlərindən, Azərbaycan Respublikasının Milli Bankının resurslarından, habelə kommersiya

banklarının və Dövlət Proqramının həyata keçirilməsində iştirak edən təşkilatların

investisiyalarından istifadə edilməsi nəzərdə tutulur.



Yüklə 96,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə