Azərbaycan Respublikası Prezidenti yanında


Yerli özünüidarə sahəsində beynəlxalq təcrübə



Yüklə 328,03 Kb.
səhifə2/5
tarix26.10.2017
ölçüsü328,03 Kb.
#6826
1   2   3   4   5

1.3 Yerli özünüidarə sahəsində beynəlxalq təcrübə
Türkiyə. Türkiyədə yerli idarəçilik mürəkkəb sistem əmələ gətirir və Osmanlı İmperiyası dövründən formalaşmağa başlamışdır. Osmanlı İmperiyasının mövcud olduğu dövrdə bələdiyyələr İstanbul kimi böyük şəhərlərdə yaradıldı və şehiremaneti (şəhərin əmanət olduöu yer) adlanırdı. Türkiyədə bələdiyyələr yerli özünüidarə orqanlarından yalnız biridir. Bu ölkədə yerli özünüidarənin üç əsas forması vardır:

  1. vilayət-il idarəçiliyi

  2. bələdiyyə idarəçiliyi

  3. köy (kənd) idarəçiliyi

Vilayət idarəçiliyi Osmanlı dövründə yaradılmışdır. İdarəetmənin bu formasını bələdiyyə idarəetməsindən fərqləndirən başlıca əlamət onun başçısının-valinin mərkəzi hakimiyyətin təmsilçisi olmasıldır. O həm vilayət idarəetməsinə başçılıq edir, həm də yerlərdə mərkəzi hökuməti təmsil edir.

Bələdiyə idarəçiliyi XX əsrin 30-cu illərində qəbul olunmuş normativ aktlar bazasına əsaslanır. Burada əhalisi 2500 nəfərdən artıq olan inzibati ərazi vahidlərində bələdiyyələr yaradılır. Bələdiyyələr özü də yaradıldığı şəhərdən asılı olaraq iki növə bölünür: a) böyükşəhər bələdiyyəsi; b) adi bələdiyyə. Bələdiyyələrlə yanaşı yerlərdə mərkəzi hakimiyyəti təmsil edən və təyin olunan icra başçıları-kaymakamlar fəaliyyət göstərir. Bələdiyyə seçkili orqan olsa da müəyyən əsaslar olduqda Danıştay adlanan və inzibati mübahisələrə baxan yüksək məhkəmə tərəfindən buraxıla bilər.

Köy idarəetməsini kənddən seçilən seçkili orqan və onun icra orqanı-muxtarlar həyata keçirir.

ABŞ. Amerika dövlət mexanizminin xarakter xüsusiyyəti onun xeyli dərəcədə mərkəzsizləşdirilməsidir. Yerli hakimiyyət orqanları onların idarəsi altında olan sahələrdə tamamilə müstəqildirlər. Bir sıra səlahiyyətlər və fəaliyyət sahələri yerli hakimiyyət orqanlarına verilmişdir və bunlar federativ hökumət və ştat hökumətləri tərəfindən heç bir müdaxilə edilmədən həyata keçirilir.

ABŞ yerli özünüidarə orqanlarının (YÖO) vahid sistemi yoxdur. YÖO təşkilatı ştatların sərəncamındadır və ştatlar bunları öz qanunlarına müvafiq qaydada təşkil edirlər. Ştat hökumətləri federativ hökumətlə razılaşdırılmadan yerli hakimiyyət orqanlarının hüquqi statusunu, ərazi sərhədlərini, təşkilati formalarını və səlahiyyətlərini müəyyən edir. Yerli özünüidarənin təşkilati formalarının hədsiz müxtəlifliyi də elə bundan doğur.

YÖO möhkəm maliyyə bazası əsasında fəaliyyət göstərir ki, bu da onun inzibati-təsərrüfat müstəqilliyini təmin edir. O öz mənbələrindən, ştatların hökumətlərindən və federal hökumətdən alınan maliyyə vəsaitlərinə malikdir. YÖO-nın öz mənbələrindən aldığı gəlir ümumi gəlirin üçdə ikisini təşkil edir, gəlirlərinin üçdə birini isə onlar ştatların büdcəsindən və federal büdcədən alırlar (bu əsasən, müxtəlif sosial-iqtisadi proqram və layihələrin birgə həyata keçirilməsi üçün verilir).

ABŞ-da əsas yerli özünüidarə orqanları: qraflıqlar, bələdiyyələr, məktəb dairələri və xüsusi dairələrdir.

Qraflıqlar ştatların bölündüyü inzibati-ərazi vahidləridir. Qraflıqların sayı, ərazilərinin ölçüsü və əhalisinin sayı müxtəlif ştatlarda müxtəlifdir. Qraflıqların YÖO-nın üzərinə aşağıdakı vəzifələr qoyulur: seçkilərin təşkil olunması, mülkiyyətin qiymətləndirilməsi, ictimai qaydanın qorunması, şose yollarının inşası və istismarı, sosial təminat. Qraflıqların əsasən öz qanunvericilik aktlarını qəbul etmək hüququ yoxdur, onlar yalnız ştatların qanunvericiliklərini öz ərazilərində həyata keçirməyə borcludurlar. Qraflıqların idarəçilik orqanları əhalinin seçdiyi şuralardır: şuraların səlahiyyətləri və təşkil olunması qaydası isə ştatların konstitusiya və qanunları ilə müəyyən edilir. Qraflıqlar şurasının fəaliyyətinin ən mühüm istiqaməti, onların özlərinin təyin etdikləri vəzifəli şəxslərin fəaliyyətinə nəzarət etmək və onların fəaliyyətlərini istiqamətləndirməkdir.

Hazırda ABŞ-da qraflıqların idarə olunması üzrə şuraların işinin təşkilinin üç əsas forması mövcuddur:

1. Komission formadır ki, bu halda qraflıqda inzibati aparata başçılıq edən ali vəzifəli şəxs olmur. Şuradan ayrılıqda qraflığın bir sıra nüfuzlu vəzifəli şəxsləri (şerif, prokuror, xəzinədar, klerk, məktəblərin superintendantı və s.) seçilir. Onların səlahiyyətləri ştatın qanunvericiliyi ilə tənzimlənir və qraflıqlar şurasının (QŞ) onların işinə müdaxilə etməyə hüququ olmur.

2. "Şura-inzibatçı" forması, əsasən, şəhərliləşmiş, ümumi əhalisi 70 milyon olan 550 qraflıqda tətbiq olunur. Qraflıqlar şurası qraflığın inzibati aparatına başçılıq etmək üçün inzibatçı təyin edir. QŞ ən mühüm məsələlər üzrə qərarlar qəbul edir, vergilər qoyur və təxsisatları təsdiq edir. İnzibatçı qraflıqlar şurasının qərarlarını həyata keçirir, qraflığın icraedici orqanlarının və müxtəlif xidmətlərinin rəhbərlərini təyin edir, onların fəaliyyətinə nəzarət edir, qraflığın büdcə layihəsinin hazırlığına başçılıq edir. Bu forma mütəxəssis rəisi inzibati aparata rəhbər təyin etməyə və qraflığın idarə olunmasını mərkəzləşdirməyə imkan verir.

3. "Şura-seçilən rəhbər" forması 146 qraflıqda mövcuddur. Seçilən rəhbər qraflığın əsas siyasətinin istiqamətini müəyyənləşdirir və baxılmaq üçün QŞ-ya təqdim edir, qraflığın büdcə layihəsini tərtib edir, qraflığın nümayəndəsi qismində çıxış edir, inzibati aparatın rəhbər işçi və xidmətlərini təyin edir, QŞ-nın qərarlarının həyata keçirilməsinə nəzarət edir; onun QŞ-nın qərarlarına veto qoymaq hüququ vardır. Adətən seçilən başçı onun nəzarəti altında qraflığın inzibati aparatına rəhbərlik edən peşəkar rəis təyin edir. QŞ seçilən başçının təklifi üzrə qərarlar çıxarır, qraflığın büdcəsini təsdiq edir, onun maliyyə işlərinə nəzarət edir, idarəetmənin təkmilləşdirilməsi üzrə tövsiyələri işləyib hazırlayır.

ABŞ-da şəhərlər əsasən bələdiyyələr tərəfindən idarə olunur. Bələdiyyələr Amerika iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən korporasiyalarla bir sıra ümumi cəhətləri olan bələdiyyə korporasiyalarının qanuni hüquqlarına malikdir. Onlar mülkiyyətə sahib ola, bunları ala və sata bilərlər, ayrı-ayrı təşkilatları məhkəmə qaydasında təqib edə və öz hərəkətlərinə görə məhkəmədə cavabdehlik daşıya, müqavilələr bağlaya bilərlər və s. Bələdiyyələrin, korporasiya hüquqları olmayan qraflıqların idarəetmə orqanlarından əsas fərqi elə məhz bundadır. Şəhər öz bələdiyyə idarəsini vətəndaşlarından bir qrupuna bələdiyyə korporasiyası hüquqları verilməsi haqqında ştat hökumətinə xahişlə müraciət etməsindən sonra qazanmış olur. Bu cür xahiş sakinlərin yerli hakimiyyətdən, mövcud şəhərin yerləşdiyi ərazinin idarəetmə orqanlarından ala biləcəklərindən daha çox şey əldə etmək meyli ilə izah olunur.

İstər iri şəhər olsun, istərsə də qəsəbə, hamısı qanunverici və icraedici funksiyaları yerinə yetirən idarəetmə orqanlarına malikdir. Bütün bələdiyyələr yanğından mühafizə və polis mühafizəsini, kanalizasiya sistemlərinin fəaliyyətini təmin edir, səhiyyə sahəsində tədbirlər həyata keçirirlər. Böyük şəhərlərin hakimiyyətləri öz sakinlərinin kitabxanalar, muzeylər, parklar, tamaşa salonları, üzgüçülük hovuzları və s. ilə təmin edir.

Şəhər idarəsinin quruluşu ştat hakimiyyətinin qəbul etdiyi xartiya ilə müəyyənləşdirilir. Xartiyada şəhərin əsas vəzifəli şəxsləri sadalanır, onların səlahiyyətləri seçilmə, yaxud təyin olunma qaydaları və qarşılıqlı münasibətləri müəyyən edilir. Xartiyalar şəhərin coğrafi sərhədlərini təyin edir və müəyyən edir ki, şəhər hakimiyyəti nələri edə bilər, nələri yox. Müxtəlif ölçülü şəhərlər üçün nümunə-xartiyalar işlənmişdir. Şəhərlərin həyatını yalnız xartiyalar deyil, həm də ştatların şəhərlərə bu və ya digər tədbirləri həyata keçirməyə icazə verən, yaxud qadağan edən digər qanunları tənzimləyir.

ABŞ-da şəhərin idarə olunmasında şəhər hakimiyyətinə geniş azadlıqlar verilir. Şəhər idarəçiliyinin təşkili formaları böyük müxtəlifliyi ilə seçilir, lakin bir neçə əsas formanı fərqləndirmək mümkündür:

1. “Şura – mer” forması çox kiçik və çox böyük şəhərlər üçün səciyyəvidir. Şəhərlərin 50 faizi bu forma ilə idarə olunur. Bütün şuralar əhali tərəfindən seçilir, şəhərlərin 90 faizinin merini də əhali seçir. Bəzi kiçik şəhərlərdə merləri şuralar seçir. Mer və şura şəhər idarəsinin şöbə və xidmət rəislərini təyin edir və onların fəaliyyətini əlaqələndirirlər. Səlahiyyətlər həcmindən asılı olaraq merlər - "güclü" və “zəif” merlərə bölünürlər. “Zəif” mer yalnız kiçik məmurları təyin edir və nüfuzlu vəzifələrə adam təyin etmək səlahiyyətindən məhrumdur. “Zəif” merin yanında "güclü" şura fəaliyyət göstərir ki, şəhərin müdiriyyətinin ali nümayəndələrini məhz o, təyin edir. “Zəif” mer şuranın qərarlarına veto qoymaq hüququndan məhrumdur və ikiillik müddətə seçilir. "Güclü" mer şəhər müdiriyyətinin ali nümayəndələrini təyin edir. Şəhərin idarəetmə orqanlarının fəaliyyətinə də o, rəhbərlik edir. “Güclü” mer şuranın qərarına veto qoymaq və onu şurada təmsil etmək hüququna malikdir. Büdcəni tərtib etməsi ona bələdiyyələrin siyasətinin əsas istiqamətlərini təyin etmək və şuranı bu istiqamətləri təsdiq etməyə məcbur etmək imkanı verir. Hazırda ABŞ-da merlərin hakimiyyətinin gücləndirilməsi və “zəif” merlərin sayının azaldılması tendensiyası müşahidə olunur. Adətən “güclü” merlər 4 il müddətinə seçilirlər. Böyük şəhərlərdə “güclü” mer peşəkar inzibatçı-rəis tuta bilər ki, öz vəzifələrini yerinə yetirməkdə ona kömək eləsin. Bu cür inzibatçı rəislərə şəhər idarəsinin bəzi şöbə və xidmətlərin rəhbərlərini təyin etmək və işdən çıxarmaq səlahiyyətləri verilir. O həm də onların fəaliyyətinə nəzarət edir. Müxtəlif ştatlarda merlərin vəzifədən kənarlaşdırılmasının müxtəlif formaları mövcuddur. Bu formalar şuranın qərarından, seçicilərin səsverməsindən, məhkəmə qərarından və qubernatorun əmrindən ibarətdir. Adətən, şuraların az sayda - şəhərin əhalisinin sayından asılı olaraq 12 nəfərədək üzvü olur. Şuranın işinin böyük hissəsi komitələrdə həyata keçirilir.

2. “Şura-inzibatçı” forması ABŞ şəhərlərinin 40 faizində tətbiq olunur ki, bunların çoxu orta ölçülü şəhərlərdir. Şura peşəkar inzibatçı tutur və şəhərin idarə olunması siyasətini müəyyən edir, inzibatçı isə bu siyasəti həyata keçirir. Şura bu cür inzibatçını istənilən vaxt işə götürə və işdən çıxara bilər.

Amerika politoloqlarının fikrincə, bu idarəetmə formasının üstünlüyü ondan ibarətdir ki, şəhər idarəsi inzibati aparatının başında peşəkar inzibatçı durur. Belə ki, mer vəzifəsinə seçilməyə nail olmuş xadimlərin çoxu şəhəri idarə etmək sahəsində mütəxəssis deyildir. Onlar şöbə və xidmətlərə rəhbərlik üçün ixtisaslı peşəkarları seçir, onlar da öz növbələrində öz şöbələrinə mütəxəssisləri götürürlər. Bu da bütün aparatın səmərəli işləməsinə səbəb olur.

3. İdarəetmənin komission forması bir orqanda qanunverici və icraedici hakimiyyəti birləşdirir. Bələdiyyə komissiyasının hər bir üzvü həm də şəhər idarəsi şöbəsinin başçısı olur. Şəhər komissiyası 5 nəfərdən ibarətdir. İdarəçiliyin bu formasının məziyyəti ondan ibarətdir ki, şəhər idarəsi siyasətini müəyyən edən şəxslərin özləri də həmin siyasəti həyata keçirirlər. Bu formanın nöqsanı isə ondan ibarətdir ki, komissiya üzvləri çox vaxt şəhər idarəsi şöbəsinin başçısı üçün zəruri olan ixtisasa malik olmurlar.

Dairələr yerli özünüidarənin ən çoxsaylı formasıdır. Məktəb dairələri məktəblərə rəhbərlik etmək və onları maliyyələşdirmək üçün, xüsusi dairələr isə müxtəlif funksiyaları yerinə yetirmək üçün (yanğından mühafizə, su təchizatı, mənzil tikintisi və s.) yaradılır. Adətən bu dairələr idarəçilik orqanlarının göstərmədiyi xidmətləri göstərmək məqsədilə təşkil olunur. Çox vaxt dairələr, xüsusilə məktəb dairələri fəaliyyətin bu və ya digər sahəsini siyasət dairəsindən çıxarmaq üçün yaradılır. Məsələn, ABŞ-da məktəb sistemlərinin çoxu qraflıq və şəhərlərin idarəetmə orqanlarının yurisdiksiyasından çıxmağa və ictimai məktəblərin 90 faizini əhatə edən məktəb dairələri yaratmağa nail olmuşlar. Əhali istəmir ki, müəllimləri seçkilərdə qalib gəlmiş partiyanı dəstəklədikləri üçün mükafat olaraq işə götürsünlər, yaxud dəstəkləmədikləri üçün işdən çıxarsınlar.

Məktəb dairələri və xüsusi dairələr ştatların qanunvericilik yığıncaqlarının qərarı ilə yaradılır. Onlar maliyyə müstəqilliyindən istifadə edirlər. Onlar vergi qoymaq, göstərdikləri xidmətlərə görə mükafat almaq, istiqrazlar buraxmaq hüquqlarına malikdir. Məktəb dairələri və xüsusi dairələr mövcud ərazidə digər idarəetmə orqanları ilə əlaqələr yaratmadan fəaliyyət göstərirlər.

Bütün yerli özünüidarə orqanlarının xərclərinin 30 faizi, o cümlədən təhsil xərclərinin 80 faizi məktəb dairələrinin, 11 faizi isə xüsusi dairələrin payına düşür.

Beləliklə, ABŞ-da yerli özünüidarənin mürəkkəb sistemi mövcuddur. Bu sistem özünün üç xarakterik xüsusiyyətinə görə xeyli səmərəli fəaliyyət göstərir:

- Yerli özünüidarənin bütün orqanlarının səlahiyyətləri qanunvericilik qaydasında dəqiq müəyyən edilmişdir.

- Yerli idarə orqanları öz səlahiyyətləri hüdudlarında tamamilə müstəqildirlər.

- Yerli özünüidarə orqanları onların inzibati-təsərrüfat müstəqilliyini təmin edən möhkəm maliyyə bazası əsasında fəaliyyət göstərirlər.



Fransa. Fransada yerli orqanlar sistemi inzibati-ərazi bölgüsünə uyğun olaraq qurulur. Seçkili orqanlar kommunalarda, departamentlərdə və regionlarda vardır. Kommunalar (onların sayı 36 minə yaxındır) ərazi təşkilinin əsasıdır. Onu bələdiyyə şurası və icra hakimiyyəti orqanı olan mer idarə edir. Şura kommunanın mənafeyinə aid olan məsələlərə dair qərar qəbul edərək onu idarə edir, əmlakına sərəncam verir, zəruri xidmətləri (xəstəxanalar, bazarlar, yollar, məktəblər, muzeylər, və s.) yaradır. Bəzi xidmətlər (məsələn, vətəndaşlıq vəziyyəti) məcburi qaydada yaradılır. Şura büdcəni qəbul edir: qanun çərçivəsində ona vergiləri müəyyənləşdirmək hüququ verilir.

Departament inzibati-ərazi bölgüsünün əsas vahididir. 1965-ci ildən Fransada 96 departament vardır: xarici departamentləri də onlara əlavə etmək lazımdır.Baş (departament) Şuranın səlahiyyətinə büdcəni qəbul etmək və onun icrasına nəzarət, departament xidmətlərinin təşkili, departamentin əmlakının idarə edilməsi daxildir. 1982-ci il islahatından sonra departamentin icra orqanı prefektin əvəzinə baş şuranın sədridir. Sədr qərarlarını hazırlayır və həyata keçirir, departamentin idarə edilməsinə görə məsuliyyət daşıyır, kreditlərin sərəncamçısı, eləcə də departamentin inzibati və texniki xidmətlərinin başçısıdır.

İnzibati-ərazi bölgüsünün ən böyük vahidi regiondur. Metropoliyada onların sayı 22-dir. Metropoliyada regionların hər birinə bir neçə departament daxildir. 1982-ci il islahatından sonra region özünün büdcəsi və vergi daxilolmaları olan «ərazi kollektivi» nə çevrildi. Fransız ədəbiyyatında regionalizm dedikdə, dövlətin bəzi coğrafi, tarixi, etnoqrafik və ya iqtisadi birliyi olan ayrı-ayrı hissələrinə verilən siyasi və inzibati mərkəzləşdirmə sistemi başa düşülür. Regionların yaradılmasına səbəb mövcud məhdud inzibati-ərazi vahidlərinə görə iqtisadi və sosial inkişafdakı maneələrin aradan qaldırılması zəruriliyi oldu. Vahidlərin çox böyük olmayan ölçüləri təbii, iqtisadi və insan ehtiyatlarından səmərəli istifadə edilməsinə mane olurdu. Region mövcud kollektivlər nümunəsində yaradılmışdı, departamentlərə xüsusilə oxşayırdı. Hər ikisində təxminən eyni orqanlar vardır, lakin fərqlər də vardır; hər bir regionda iqtisadi və sosial komitələr, borclar üzrə regional komitə təsis edilmişdir, regionda özünün hesablayıcı palatası fəaliyyət göstərir. Regional şura öz sədrini seçir. Sədr regionda hakimiyyətin icra orqanıdır. O, şuranın qərarlarını hazırlayır və icra edir, kreditlərə sərəncam verir, regionun əmlakını idarə edir, regional xidmətlərə rəhbərlik edir. İqtisadi və sosial şuranın qərar qəbul etmək səlahiyyəti yoxdur, o müxtəlif məsələlər, məsələn, regionda milli planın hazırlanması və yerinə yetirilməsi, regional inkişaf planının layihəsi üzrə məsələlərə dair rəylərini regionun administrasiyasına verir. Komitələrin tərkibinə dörd kateqoriyaya aid üzvlər daxil olur: müəssisələrin və peşə fəaliyyəti nümayəndələri, həmkarlar ittifaqlarının nümayəndələri; regional «kollektiv həyat»ın nümayəndələri (müxtəlif ictimai təşkilatlar, istehlakçı hüquqlarının müdafiəsi və s.); baş nazirin təyin etdiyi şəxslər. Regionun üzərinə düşən vəzifə iqtisadi, sosial, sanitar və elmi inkişaf tədbirlərinin həyata keçirilməsidir.

Fransada yerli və regional idarəetmə özünüidarə və idarəetmənin birləşməsi əsasında qurulur. Birinci seçkili orqanlarla təmsil olunur ki, onlar haqqında yuxarıda danışıldı. İkincini yuxarıdan təyin edilən məmurlar (respublika komissarları, suprefekti və s.) həyata keçirir. Respublika komissarı Nazirlər Şurası tərəfindən hər bir departamentə təyin edilir. Regionda ən mühüm departamentinin respublika komissarı region komissarı olur. 1982-ci il islahatından sonra respublika komissarı (o vaxta qədər prefekt adlanırdı) departamentin idarə edilməsində sanki ikinci plana keçmişdir. İndi o, icra orqanı deyil, kommunal və baş şuraların qərarlarına görə inzibati qəyyumluğu həyata keçirmir. O, dövləti və hökuməti təmsil edir və tabeliyində olan ərazidəki bütün hadisələr barədə onları məlumatlandırır. Respublika komissarı departamentdə dövlət xidmətlərinin fəaliyyətinə rəhbərlik edir; buna uyğun olaraq, regiondakı respublika komissarı regional dövlət xidmətlərinin fəaliyyətinə rəhbərlik edir. Seçkili orqanların bütün qərarları «tam hüquq üzrə» icra edilir, lakin bu aktlar 15 günlük müddətdə onları qanunsuzluq motivlərinə görə ləğv edilmək üçün inzibati məhkəməyə göndərə bilən dövlət nümayəndəsinə (yəni respublika komissarına) təqdim olunmalıdır. Maliyyə nəzarətini regional hesab palatası həyata keçirir. O, yerli kollektivlərin hesablarını, onların qanuniliyini və «kreditlərin, fondların və sərvətlərin lazımi şəkildə istifadə edilməsini» yoxlayır.

Parisdə dövlət eyni vaxtda iki şəxslə - respublika komissarı və polis prefekti ilə təmsil olunur. Paris eyni vaxtda həm kommuna, həm də departamenti təmsil edir, onun orqanı isə - Paris Şurası - həll olunan məsələnin xarakterindən asılı olaraq ya bir, ya da digər ərazi kollektivi kimi çıxış edir. Parisdə icra hakimiyyəti merə məxsusdur.

Çin. ÇXR-də Konstitusiyasının 111-ci maddəsində nəzərdə tutulur ki, özünüidarənin aşağı səviyyəli kütləvi təşkilatları yaşayış yeri üzrə yaradılan şəhər sakinləri komitələri və kənd sakinləri komitələridir. İctimai özünüidarənin yaranmasına Çində siyasi sistemin ən mühüm islahat elementi kimi yanaşılmışdır.

Komitələrin fəaliyyəti iki əsas istiqamətdə aparılır. Birinci: özünüidarə məsələlərinin həyata keçirilməsi: hər bir kəndin və ya şəhər rayonunun bütün işlərinin həlli, əhalinin mülki mübahisələrinin nizama salınması, əhalinin irad və şikayətləri haqqında yerli hökuməti məlumatlandırma, konstitusiya, qanunların və dövlət siyasətinin təbliği, sakinləri qanun ruhunda tərbiyə etmək, ictimai mülkiyyətə qayğı, kənd sakinlərinin qanuni maraqlarının müdafiəsi, sosialist mənəvi mədəniyyəti quruculuğundakı tədbirlərin genişləndirilməsi və s.

İkinci istiqamət inzibati xarakter daşıyır: əyalət hökumətlərinə yardım göstərilməsi; əyalət hökumətlərinin tapşırığı ilə bəzi inzibati idarəetmə funksiyalarının həyata keçirilməsi; ictimai qanun-qaydanı mühafizə, taxıl tədarükü, ordu quruculuğu, uşaq doğumunun planlaşdırılması, kollektiv torpaqların idarə edilməsi, aztəminatlılara yardım, təbii fəlakətlə mübarizə məsələlərinin yerinə yetirilməsidir.

Komitələr kənd və ya şəhər əhalisinin birbaşa seçkilər yolu ilə üç il müddətinə seçdiyi sədrdən, onun müavinindən və 3-7 üzvdən ibarətdir. Şəhər sakinləri komitələri və kənd sakinləri komitələri xalq barışdırma komissiyaları, ictimai qanun-qayda, xalq səhiyyəsi üzrə komissiyalar və «ictimai işlə, icimai-faydalı əməllərlə məşğul olan, ictimai qanun-qaydanın qorunmasına kömək edən, eləcə də xalq hökumətlərinə kütlələrin fikir və tələblərini çatdıran, təkliflər irəli sürən»3 digər komitələr yaradır.



II FƏSİL. AZƏRBAYCAN RESPUBLKASINDA YERLİ ÖZÜNÜİDARƏNİN TƏŞKİLATİ-HÜQUQİ ƏSASLARI

2.1 Azərbaycan Respublikasında yerli özünüidarənin təşkili
Demokratik, müstəqil, hüquqi, dünyəvi və unitar dövlət çərçivəsində qurub yaradan Azərbaycanda bələdiy­yələrin yaradılması və təşəkkül tapması obyektiv zərurətdən irəli gələn qanunauyğunluqdur.4

Ümumiyyətlə, hər hansı bir dövlət və ya qeyri-dövlət hakimiyyət strukturunun təşkili müvafiq qanunvericilik bazası olmadan mümkün deyil. Bu cəhətdən yerli özünüidarəetmə də istisna deyil. Azərbaycan Respublikasında yerli üzünüidarəetmənin hüquqi bazasını 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi-referendumda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş qanunlar, Azərbaycan Respublikasının Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları təşkil edir.

Ölkəmizdə bələdiyyə institutun yaradılma tarixi çox yaxın zamanlara təsadüf edir. Sovet dönəmində Azərbaycanda yerli özünüidarə olaraq qəbul edə biləcəyimiz Xalq İcraiyə Komitələri bələdiyyələrə bənzəsə də onu tam əks etmirdi, bələdiyyələrin tam mahiyyətini qarşılamırdı. Bu qurumlar əsasən mərkəzi idarəetmə orqanlarılının əmr və təlimatlarlını icra etməklə məşğul olurdu. İdarəetmədə mərkəziyyətçi təfəkkür hakim olduğundan və hər bir məsələyə ideoloji yöndən baxıldığından, yerli sovetlərin strukturu və onlara seçkilərin keçirilməsi formal xarakter daşıyırdı.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra sürətlə demokratik ənənələri, idarəetmə formalarını ölkədə tətbiq etməyə başladı. Bu istiqamətdə ən mühüm addım 1995-ci ildə Konstitusiyanın qəbulu oldu.

1995-ci il konstitusiyası qəbul edilməklə ölkədə yerli özünüidarəetmənin bələdiyyələr vasitəsi ilə həyata keçirilməyi prinsipi qəbul edildi. Konstitusiyanıın 4-cü bölməsi (142-146-cı maddələr) “Yerli özünüidarə” başlığı, IX Fəsli isə “Bələdiyyələr” yarım başlığı daşımaqdadır. 142-ci maddənin birinci bəndində açıqca yerli özünüidarənin bələdiyyələr vasitəsi ilə həyata keçirildiyi qeyd edilib. Bu maddənin ikinci bəndində isə bələdiyyələrin seçkilər əsasında yaradılması göstərişi vardır. Bələdiyyələrə seçkilərin əsasını Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Seçki Məcəlləsi təşkil edir. Qeyd edək ki, 2003-cü ildə Seçki Məcəlləsinin qəbulunadək göstərilən quruma seçkilər “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi.

Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyə-lərin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:



  • əhalisi 500-dən az olan ərazilərdə - 5 bələdiyyə üzvü;

  • əhalisi 500-dən 999-dək olan ərazilərdə - 7 bələdiyyə üzvü;

  • əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə - 9 bələdiyyə üzvü;

  • əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə - 11 bələdiyyə üzvü;

  • əhalisi 10000-dən 19.999-dək olan ərazilərdə - 13 bələdiyyə üzvü;

  • əhalisi 20000-dən 49.999-dək olan ərazilərdə - 15 bələdiyyə üzvü;

  • əhalisi 50000-dən 99.999-dək olan ərazilərdə - 17 bələdiyyə üzvü;

  • əhalisi 100000-dən 299.999-dək olan ərazilərdə - 19 bələdiyyə üzvü.

Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.

Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.

Bələdiyyə seçkilərini Seçki Məcəlləninə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir.5 Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsi xərcləri dövlət büdcəsi hesabına həyata keçirilir.6

Seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları irəli sürə bilərlər. İrəli sürülən namizəd yalnız bir bələdiyyəyə namizəd irəli sürülməsinə razılıq verə bilər. Bələdiyyə üzvlüyünə namizəd yalnız bir bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürülə və qeydiyyata alına bilər. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 215-ci maddəsində nəzərdə tutulan qaydada əhalinin sayına nisbətdə:



  • əhalisi 99.999-dan çox bələdiyyədə - azı 30 nəfərdən,

  • əhalisi 49.999-dan çox bələdiyyədə - azı 25 nəfərdən,

  • əhalisi 19.999-dan çox bələdiyyədə - azı 20 nəfərdən,

  • əhalisi 9.999-dan çox bələdiyyədə - azı 15 nəfərdən,

  • əhalisi 4.999-dan çox bələdiyyədə - azı 10 nəfərdən,

  • əhalisi 4.999-dan az olan bələdiyyədə - 5 nəfərdən ibarət olan saydan

az olmayaraq təşəbbüs qrupu yaradıla bilər.

Təşəbbüs qrupu üzvlərinin müfaviq bələdiyyənin ərazisində yaşamaları faktı əsas götürülür. Aktiv seçki hüququ olan vətəndaşlardan ibarət seçicilərin təşəbbüs qrupu tərəfindən namizəd və ya namizədlər o şərtlə irəli sürülə bilər ki, aşağıda göstərilən sənədlər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasında bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması və namizədlərin irəli sürülməsi qaydası haqqında” Mərkəzi Seçki Komissiyasının Təlimatına7 uyğun formada müvafiq dairə seçki komissiyasına təqdim edilsin. Bələdiyyəyə namizəd və ya namizədlər irəli sürmək məqsədilə təşəbbüs qrupu yaratmaq istəyən seçicilər tərəfindən yığıncaq keçirilməlidir. Yığıncaqdan qabaq təşəbbüs qrupunu yaratmaq istəyən seçicilərə yığıncağın keçirilməsinin yeri və vaxtı barədə məlumat verilir.

Həmin yığıncaqda aşağıdakı məsələlər müzakirə olunur:


  • adı çəkilən təlimatın 2-ci bəndinin tələbləri qaydasında, həmin sayda və ya daha çox saydan ibarət seçicilərin təşəbbüs qrupunun yaradılması;

  • namizədin və ya bələdiyyə üzvlərinin sayından az və ya həmin sayda namizədlərin irəli sürülməsi;

  • namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün dairə seçki komissi-yasına bildirişlə müraciət edilməsi.

Göstərilən məsələlər seçicilərin təşəbbüs qrupunun yığıncağında müzakirə edilərək qərarlar çıxarılır və buna dair müvafiq protokol tərtib olunur. Həmin protokolu iclasın sədri və katibi imzalayır. Seçicilərin təşəbbüs qrupunun yığıncağının protokolu və bildirişin hər bir vərəqi yığıncağın keçirildiyi yerin ərazi üzrə bələdiyyə qurumu, icra nümayəndəliyi, mənzil istismar sahəsi və digər hüquqi şəxslərin möhürləri ilə təsdiqlənir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və bu təlimata uyğun tərtib edilmiş aşağıda ğöstərilən sənədlər müvafiq dairə komissiyalarına göndərilməlidir:



    1. seçicilərin təşəbbüs qrupunun yaradılması barədə yığıncağın protokolu

    2. hər bir namizədin irəli sürülməsinə təşəbbüs edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş

    3. namizədin və ya namizədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun tərtib və notariat qaydada təsdiq edilmiş razılıq ərizəsi

Namizəd və ya namizədlər tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə:

    1. səlahiyyətli nümayəndənin(lərin) razılıq ərizəsi (bu ərizə notariat qaydasında təsdiq edilməlidir).

    2. namizəd tərəfindən verilən səlahiyyətli nümayəndənin(lərin) notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildiriş, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir. Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:

  • əhalisi 99.999-dan çox olan ərazidə - 150;

  • əhalisi 49.999-dan çox olan ərazidə - 100;

  • əhalisi 19.999-dan çox olan ərazidə - 75;

  • əhalisi 9.999-dan çox olan ərazidə - 50;

  • əhalisi 4.999-dan çox olan ərazidə - 30;

  • əhalisi 4.999-dan az olan ərazidə - 15 seçici imzası toplamalıdır.

Seçicilərin bələdiyyə üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ vardır. Seçicilərin imzaları Seçki Məcəlləsinin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır, yəni, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. İmza vərəqəsində namizədin namizədliyinin irəli sürülməsinə razılıq ərizəsində göstərdiyi siyasi partiyanın adı göstərilə bilər. Namizədin müdafiəsi üçün imza toplanmasını müvafiq seçki dairəsi üzrə namizədi irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku həyata keçirirsə, imza vərəqəsində namizədə aid məlumatlarla yanaşı, bu namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun adı göstərilir, namizədin ərizəsində belə məlumat olarsa, onun mənsub olduğu siyasi partiyanın adı və siyasi partiyada onun müvafiq statusu göstərilə bilər. Bələdiyyə üzvlüyünə namizədlər bu seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər. Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər. Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir. Namizədin müdafiəsi üçün seçici imzaları toplanarkən imzalar imza vərəqəsinin üz və ya arxa tərəfində qoyulur. Belə olduqda, arxa tərəf vərəqənin üz tərəfinin davamı hesab edilir və təsdiqedici imzalar vərəqənin arxa tərəfində qoyulur. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir. Namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi imzaları toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmzaları toplayan şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir. Namizəd irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku, seçicilərin təşəbbüs qrupu müvafiq seçki komissiyasına eyni şəxsin namizəd irəli sürülməsi haqqında yazılı məlumat verdikdən sonra namizədin müdafiəsi üçün seçicilərin lazım olan sayda imzalarını birgə toplaya bilərlər. Bu halda namizədin irəli sürülməsinin müdafiəsi üçün müxtəlif şəxslərin topladığı seçici imzalarının cəmləşdirilməsinə icazə verilir. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar. Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir. Bələdiyyələrə əlavə seçkilərdə bələdiyyə üzvlüyünə namizədlər seçkilərin təyin olunması haqda qərarın iki gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərcindən sonra irəli sürülür. İrəli sürülən namizəd yalnız bir bələdiyyəyə namizəd irəli sürülməsinə razılıq verə bilər. Bələdiyyə üzvlüyünə namizəd yalnız bir bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürülə və qeydiyyata alına bilər. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildiriş, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir. Bir şəxsin birdən çox bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmasına yol verilmir. Bələdiyyələr üzrə qeydə alınmış namizədlərin siyahısı səsvermə gününə azı 55 gün qalmış müvafiq dairə seçki komissiyaları tərəfindən Seçki Məcəllənin 77.3-cü və 77.4-cü maddələrində göstərilən dövri nəşrlərdə, yəni, redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və ya dövlət büdcəsindən maliyyələşdirilən teleradio verilişləri təşkilatları və ya dövri nəşrlərdə; Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində yayımlanan dövri nəşrlərdə dərc edilir və ya yayımlanır. Səsvermə gününədək bələdiyyə üzrə qeydə alınmış namizəd qalmazsa yaxud bələdiyyə üzvlüyünə bir yerə qeydə alınmış bir namizəd qalarsa, seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlərin irəli sürülməsi və sonrakı hərəkətlərin edilməsi üçün bələdiyyə üzrə seçkilər 2 ay müddətinə təxirə salınır. Bələdiyyə üzvlüyünə namizəd qeydə alındığı gündən seçkilərin yekunları rəsmi dərc edildiyi günədək müvafiq seçki ərazisində gəliş-gediş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) pulsuz istifadə etmək hüququna malikdir. Bu cür ödəmələr dairə seçki komissiyasına ayrılan vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında həyata keçirilir.

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd Seçki Məcəlləsinin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız müvafiq rayon prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər-namizədliyininin qeydə alındığı gündən sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınır.

Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə azı 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, seçki dairəsi üzrə irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədi, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi geri çağırmaq hüququna malikdir. Bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku səsvermə gününə azı 10 gün qalmış müvafiq dairə seçki komissiyasına yazılı ərizə verməklə, namizədləri irəli sürmüş orqanın qərarı ilə seçkilərdə iştirak etməkdən imtina edə bilər. Bu halda siyasi partiya, siyasi partiyaların bloku bələdiyyə üzvlüyünə namizədləri geri çağıra bilər. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 3 gün qalmış istənilən vaxt dairə seçki komissiyasına ərizə verməklə, müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər. Siyasi partiyalar blokunun irəli sürdüyü bələdiyyə üzvlüyünə namizədləri dairə seçki komissiyası qeydə aldıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla, siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bələdiyyə üzvlüyünə namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.

Bələdiyyə seçkiləri zamanı Mərkəzi Seçki Komissiyasının tərkibinə bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürən, dairə seçki komissiyasının tərkibinə isə dairənin ərazisindən bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürən siyasi partiyalar, siyasi partiyaların blokları bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.

Bələdiyyə üzvlüyünə namizədlər imzaların yığılmasının başlanması haqqında dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə fondunu formalaşdırmaq üçün xüsusi hesab açmalıdırlar.

Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar bələdiyyələrin 1/3-dən çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasından bildirişin təsdiq edilmiş surəti əsasında xüsusi seçki hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz səlahiyyətli nümayəndəsinə xüsusi seçki hesabının açılmasını tapşıra bilər. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku dairə seçki komissiyasına (Mərkəzi Seçki Komissiyasına) yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər.

Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini səsini toplamış bələdiyyə üzvlüyünə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək məcburedici hallara görə namizədliyini geri götürmüş bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd, bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 15 gün müddətində dairə seçki komissiyasının onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş hissəsini bu seçki komissiyasına qaytarmağa borcludur. Bu vəsait köçürüləndən sonra, göstərilən qaydada 15 gün müddətində bələdiyyələrin vəsaitləri qaytarılmalıdır. Bu müddət başa çatdıqda müvafiq bank Mərkəzi Seçki Komissiyasının və ya müvafiq bələdiyyənin məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onların hesabına köçürməlidir.

Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda büdcə və bələdiyyə pul vəsaitinin qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən qaytarılması, habelə siyasi partiyalara və siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir. Verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsinə ayrılan büdcə və bələdiyyə vəsaitini qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə düşdükdə, qaytarılmalı vəsait bu bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər paylarla bölüşdürülür, o şərtlə ki, siyasi partiyalar blokunun yaradılması haqqında Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş birgə qərarda ayrı qayda nəzərdə tutulmasın. Əsas, təkrar və əlavə seçkilərdə Seçki Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulan-səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini səsini toplamış bələdiyyə üzvlüyünə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək məcburedici hallara görə namizədliyini geri götürmüş bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd, bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku və seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün seçki komissiyası qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın, irəli sürüldüyü seçki dairəsindən asılı olmayaraq, dövlət büdcəsindən və ya bələdiyyədən vəsait almağa hüququ yoxdur.

Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülleteninin nümunəsini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatları, müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda- fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhəsində yerləşdirir. Namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatlar seçki bülletenində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir. Hər bir bələdiyyəyə seçkilərin keçirilməsi üçün ayrıca seçki bülletenləri hazırlanır. Seçki bülleteninin hansı bələdiyyəyə seçkilərin keçirilməsi üçün nəzərdə tutulduğu başlığında göstərilməlidir. Bələdiyyə seçkiləri üzrə seçki bülletenində bələdiyyə üzvlüyünə namizədlərin soyadı, adı və atasının adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda-fəaliyyət növü), habelə qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi kimin irəli sürdüyü göstərilməlidir. Seçici seçki bülletenində lehinə səs verəcəyi namizədlərin soyadından sağdakı kvadratlarda müvafiq bələdiyyə üzvlərinin sayına bərabər və ya bu saydan az sayda işarə qoyur. İşarə qoyulmuş kvadratların sayı bələdiyyə üzvlərinin sayından çoxdursa, səs etibarsız sayılır. Boş kvadratlarda heç bir işarə qoyulmamış səs etibarsız sayılır. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası çoxmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir. Seçkilərdə iştirak edən və seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər. Dairə seçki komissiyasının protokolunda bələdiyyəyə üzv seçilmiş namizədlərin soyadı, adı və atasının adı göstərilir.

Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını (Seçki Məcəlləyə uyğun olaraq əlavə edilən sənədlərlə birlikdə) yoxlayır və Seçki Məcəllənin 108-ci maddəsinə uyğun olaraq seçkilərin ümumi yekunları haqqında protokol tərtib edir. Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkiləri baş tutmamış hesab edir. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə seçkiləri aşağıdakı hallarda etibarsız sayır:


  • bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin;

  • məhkəmənin qərarı əsasında.

Mərkəzi Seçki Komissiyası seçkilər günündən başlayaraq ən geci 30 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunlarını elan edir. Mərkəzi Seçki Komissiyasının bu qərarı qətidir.

Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş nümunədə bələdiyyə üzvü seçilmək haqqında vəsiqə seçkilərin yekunları elan olunduqdan sonra 5 gün müddətində dairə seçki komissiyası tərəfindən verilir.

Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir. Bələdiyyə üzvü vəfat etdikdə və ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə dairə seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni seçkilər keçirilir.


Yüklə 328,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə