Azərbaycan Respublikası Nazirlər



Yüklə 384,99 Kb.
səhifə1/4
tarix02.05.2018
ölçüsü384,99 Kb.
#40900
növüQaydalar
  1   2   3   4

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 2 iyun

tarixli 243 nömrəli qərarı ilə



təsdiq edilmişdir.
Balıq və digər su bioresursları ovunun
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu maddəsinə əsasən hazırlanmışdır və balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovu və toplanması (bundan sonra - ovu) qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna icazə verilməsi halları və qaydası, ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri və onların ovunun yol verilən ümumi miqdarı (kvotası), balıq və digər su bioresurslarının ovu üçün kvotaların balıqçılıq subyektləri arasında bölünmə qaydası bu Qaydalarla müəyyən edilir.

1.3. Balıq və digər su bioresurslarının ovu üçün istifadə edilən aşağıdakı su hövzələri balıqçılıq su obyektləridir:

1.3.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;

1.3.2. çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti;

1.3.3. dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən yerüstü su obyektləri.

1.4. Yerüstü su obyektlərinin balıqçılıq təsərrüfatlarının ehtiyacları üçün istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

1.5. Balıq və digər su bioresurslarının ovu aşağıdakı məqsədlər üçün həyata keçirilir:

1.5.1. balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu;

1.5.2. balıq və digər su bioresurslarının akvakultura üçün ovu; 

1.5.3. balıq və digər su bioresurslarının elmi tədqiqat, təhsil, maarifləndirmə və nəzarət üçün ovu;

1.5.4. balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün ovu.

1.6. İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu balıqovlama bileti əsasında həyata keçirilir. 

1.7. Bərpa məqsədi ilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu ödənişlidir. Dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri və tətbiq edilmə qaydaları “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə müəyyən edilir. Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə ödəmələr balıq və digər su bioresurslarının növündən, onların ovu üsullarından, ov alətlərinin və texniki vasitələrin növündən, habelə su obyektlərinin təyinatından asılı olaraq həmin müqaviləyə uyğun həyata keçirilir.

1.8. Xəzər dənizində, Xəzər dənizinə axan daxili sularda və sərhədyanı daxili sularda gəmidən (qayıqdan) balıq və digər su bioresurslarının ovu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması Qaydaları”nın tələbləri nəzərə alınmaqla həyata keçirilir.

1.9. Dövlətin balıqmühafizə sahəsində Qanunla müəyyən edilmiş vəzifələrinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - Nazirlik):

1.9.1. təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovunun tənzimlənməsinə nəzarəti həyata keçirir;

1.9.2. qanunla müəyyən edilmiş hallarda dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərini və ya onların müəyyən hissəsini (dövlət təbiət qoruqları istisna olmaqla) balıq və digər su bioresurslarının ovu üçün ayırır;

1.9.3. balıqçılıq subyektlərinə verilmiş balıqovlama biletlərini, onların ov alətlərini, ovlanmış balıqları və onların qeydiyyatına dair sənədləri yoxlayır, ovlanmış balıq və digər su bioresurslarının ticarət dövriyyəsinə daxil edilməsi üçün onların mənşəyi, növü, miqdarı, ölçüləri, çəkisi barədə bu Qaydalara 12 nömrəli əlavə ilə müəyyən olunan formada tipoqrafik üsulla hazırlanmış ciddi hesabat blankı olan qaimə verir və buna nəzarət edir;

1.9.4. balıqçılıq subyektlərinə çatışmazlıqların aradan qaldırılması barədə yazılı göstərişlər verir;

1.9.5. balıq və digər su bioresursları ovlanan balıqçılıq su obyektlərində gəmilərin, qayıqların və digər üzən nəqliyyat vasitələrinin saxlanılmasını, həmin nəqliyyat vasitələrinin, ov alətlərinin və əldə edilmiş məhsulların yoxlanılmasını həyata keçirir;

1.9.6. bu Qaydaların pozulması nəticəsində balıq və digər su bioresurslarına ziyan vurulduğu hallarda, ziyanın ödənilməsi üçün hüquqi və fiziki şəxslərə qarşı iddia qaldırır.

1.10. Balıq ovunun tənzimlənməsinə nəzarəti həyata keçirən Nazirliyin əməkdaşları nəzarət etdikləri sahələr üzrə üzərində fərqləndirici nişanları olan xüsusi geyimlə təmin edilir, habelə onlara qanunla müəyyən edilmiş hallarda və qaydada xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

1.11. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


2. Balıq və digər su bioresurslarının sənaye ovu
2.1. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektləri və ya onların bir hissəsi, Azərbaycan Respublikasının Su Məcəlləsində və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada balıq və digər su bioresurslarının sənaye ovu üçün istifadəyə verilir.

2.2. Balıq və digər su bioresurslarının sənaye ovu üçün ayrılmış dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin sahili boyu ov alətlərinin təmiri və qurulması, gəmilərin və qayıqların yan alması, habelə yaşayış və istehsalat təyinatlı binaların yerləşdirilməsi məqsədi ilə, su qanunvericiliyi ilə müəyyən edilmiş qaydada quru zolaqlar (vətəgə sahələri) ayrılır.

2.3. Balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə Nazirlik tərəfindən müqavilə ilə sərhədləri bilinən vətəgə sahələri ayrılır. Vətəgə sahələrinin ayrılması haqqında müqavilədə ovlanan balıq və digər su bioresurslarının miqdarı, növləri və ölçüləri, qadağan olunan ov alətləri, texniki vasitələr, habelə bu Qaydalara 1 nömrəli əlavədə nəzərdə tutulan digər qaydalar və şərtlər müəyyən edilir.

2.4. Balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən şəxslər aşağıdakıları yerinə yetirməlidirlər:

2.4.1. onlara ayrılmış vətəgə sahələrində kənar şəxslər tərəfindən balıq və digər su bioresurslarının ovuna, o cümlədən qanunsuz ovuna icazə verməmək, vətəgə sahələrini çirklənmədən və zibillənmədən qorumaq;

2.4.2. balıq ovunu, balıqovlama biletində göstərilən ova cavabdeh şəxsin iştirakı ilə aparmaq;

2.4.3. hər bir vətəgə, ov məntəqəsi və ya su nəqliyyat vasitəsini, səhifələrini nömrələməklə surğuclanmış vətəgə jurnalı ilə təmin etmək;

2.4.4. vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparmaq;

2.4.5. təhvil verilən balıq və digər su bioresursları barədə, növlər üzrə çəkisi göstərilməklə məxaric qaiməsini tərtib etmək;

2.4.6. təbii su hövzələrində qanunvericilikdə nəzərdə tutulmuş qaydada balıq və digər su bioresurslarının məhsuldarlığının yüksəldilməsinə yönəldilən balıq təsərrüfatı meliorasiya işləri aparmaq;

2.4.7. Nazirliyin vəzifəli şəxslərinin Qanunun və bu Qaydaların müddəalarına uyğun yazılı göstərişinə əməl etmək;

2.4.8. ov alətlərinin qurulduğu yerlərin  və ov edilən sahələrin sanitar vəziyyətini lazımi səviyyədə saxlamaq;

2.4.9. icazə verildiyindən artıq və ya icazə verilməmiş ov alətlərindən istifadə etməmək;

2.4.10. ovu qadağan edilmiş balıqları və vətəgə ölçüsünə çatmamış nərəkimiləri dərhal diri halda suya buraxmaq;

2.4.11. balıq və ov alətlərinə təyin edilmiş limiti aşmamaq;

2.4.12. dövlət qeydiyyatına alınmış gəmilərdən istifadə etmək;

2.4.13. hər ilin birinci yarısında (iyulun 10-na kimi) və ilin sonunda (növbəti ilin yanvar ayının 10-na kimi) ovladığı balıq və digər su bioresurslarının növü və çəkisi barədə Nazirliyə yarımillik və illik hesabatları təqdim etmək;

2.4.14. balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək.

2.5. Balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə aşağıdakılar qadağandır:

2.5.1. balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının ovu;

2.5.2. vətəgə sahələrinin ayrılması barədə müqavilə olmadan balıq və digər su bioresurslarının sahildən həyata keçirilən ovu;

2.5.3. nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır;

2.5.4. gəmilərlə kilkə ovu istisna olmaqla, günün qaranlıq vaxtında ov edilməsi;

2.5.5. balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr verilmədən ovu;

2.5.6. qadağan edilmiş vaxtda və ya icazə verilməyən yerlərdə balıq və digər su bioresurslarının ovu;

2.5.7. bu Qaydalarda və vətəgə sahələrinin ayrılması haqqında müqavilə ilə  müəyyən edilən ölçülərə uyğun gəlməyən və ya nəzərdə tutulmayan ov alətlərinin tətbiq edilməsi;

2.5.8. dənizə, su anbarlarına və göllərə axan çayların mənsəbində 500 metrlik radiusda balıqların ovu;

2.5.9. nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu;

2.5.10. Kür çayında törədici nərəkimilərin və qızıl balıqların ovu istisna olmaqla, çayın üçdə iki hissəsinin ov alətləri, balıq və digər su bioresurslarının ovu üçün ixtisaslaşdırılmış digər qurğularla əhatə edilməsi, həmçinin hər iki sahildən eyni vaxtda diktorbalı torların atılması;

2.5.11. uzunluğu 25 metrdən artıq olan qurma torlarla balıq və digər su bioresurslarının ovu;

2.5.12. parazitlər və infeksiya nəticəsində xəstələnmiş balıqlar müşahidə olunan su hövzələrində ov alətlərinin əvvəlcədən dezinfeksiya olunmadan digər hövzələrə köçürülməsi;

2.5.13. çayların məcrasında balıqların qışlama yerlərinə kimi 1 km məsafədə vətəgələrin açılması, bəndlərin salınması, üzən nəqliyyatın olması, habelə çayın məcrası və qolları nəzərə alınmaqla vətəgələrin arasında məsafənin 1 km-dən az olması, həmçinin qarşı-qarşıya duran yeni vətəgələrin yaradılması;

2.5.14. dayanan torların və diktorbalı torların, habelə tələ quruluşlu digər ov alətlərinin şahmat qaydası üzrə qurulması, həmçinin diktorbalı torların arasında və onların ətrafında 1 km məsafədən yaxında hər hansı digər ov alətləri ilə ov edilməsi;

2.5.15. qazanların sayından asılı olmayaraq, diktorbalı torun ümumi uzunluğunun 1 km-dən çox, onların arasındakı məsafənin isə 1 km-dən az olması;

2.5.16. venter və ya karavalarda qurğuların arasında düz xətt üzrə məsafənin 50 m-dən az, çəpərlərin uzunluğunun 10 m-dən çox, ov alətlərinin ümumi uzunluğunun 25 m-dən çox olması;

2.5.17. çəpərləri bir-birinə bağlanmış 3 venterin qurulması;

2.5.18. partlayıcı və zəhərləyici maddələrin, qarmaq və kustar üsulu ilə düzəldilmiş itiuclu digər alətlərin, odlu və pnevmatik silahların, həmçinin elektrik cərəyanının tətbiq edilməsi ilə balıq və digər su bioresurslarının ovu (kilkə ovunda istifadə edilən elektrik lampaları istisna olmaqla);

2.5.19. qovub-tutma, qarmaq batırma, tilovlama, ilişdirmə, ağacla vurma üsulları ilə balıq və digər su bioresurslarının ovu;

2.5.20. bu Qaydalara 4 nömrəli əlavə ilə müəyyən edilən vətəgə əhəmiyyətli balıq növlərinin təbii kürüləmə yerlərindən, həmçinin balıq və digər su bioresurslarının ovu üçün əhəmiyyətli yerlərin sahillərindən qum, torpaq və çınqılın yığılması;

2.5.21. kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və təksaplı torlarla balıq və digər su bioresurslarının ovu.

2.6. Balıqların vətəgə ölçüsü ağzının bağlı vəziyyətində burnunun ucundan, pulcuqlu balıqlarda pulcuq örtüyünün qurtardığı yerə qədər, pulcuqsuz balıqlarda isə quyruq üzgəcinin ən dərin çuxuruna qədər olan məsafədir. Xərçəng isə gözündən quyruğunun sonuna qədər məsafə ilə ölçülür.

2.7. Ov alətlərinə düşmüş vətəgə ölçülərinə uyğun gəlməyən balıq və digər su bioresurslarının bu Qaydalara 1 nömrəli əlavənin 4-cü və 5-ci hissələri ilə müəyyən edilmiş ölçülərdə və norma həddində ovuna və qəbuluna yol verilir. Venter, karava, atılan və dayanan diktorbalı tor, habelə digər ov alətlərinə düşən vətəgə ölçülərinə çatmamış nərə cinsli balıq növləri dərhal diri halda suya buraxılmalıdır. Vətəgə ölçülərinə çatmamış balıq və digər su bioresurslarının miqdarı təyin edilmiş normadan artıq olarsa, həmin yerdə ov dayandırılır və ya gözünün ölçüləri böyük olan digər ov alətləri ilə əvəz edilir.

2.8. Ov alətlərində torun gözünün ölçüləri hörmə üzrə 11 düyünün arasındakı məsafənin ölçülüb həmin rəqəmin 10-a bölünməsi yolu ilə təyin edilir. Kətan iplikdən hazırlanmış yaş halda ov alətlərinin gözləri ölçülərkən müəyyən edilmiş ölçülərin 5 faiz azaldılmasına yol verilir.
3. Balıq və digər su bioresurslarının akvakultura, elmi tədqiqat, təhsil, maarifləndirmə, nəzarət və iqlimləşdirilməsi üçün ovu

3.1. Balıq və digər su bioresurslarının elmi tədqiqat və nəzarət üçün ovu balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin öyrənilməsi, o cümlədən balıq və digər su bioresurslarının dövlət monitorinqinin keçirilməsi, balıq və digər su bioresurslarının əldə edilməsi üçün yeni sahələrin, balıqçılıq obyektləri siyahısına daxil edilməmiş yeni balıq və digər su bioresurslarının axtarışı, balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının müəyyən edilməsi, ümumi yol verilə bilən ov miqdarı müəyyən edilməyən balıq və digər su bioresurslarının ehtiyatlarının qiymətləndirilməsi, habelə digər su bioresurslarının və onların məskunlaşdığı yerlərin (Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş növlər istisna olmaqla) mühafizəsi üzrə tədbirlərin hazırlanması və ov alətlərinin sınağı məqsədi ilə həyata keçirilir.

3.2. Balıq və digər su bioresurslarının akvakultura üçün ovu balıq və digər su bioresurslarının artırılması, bərpası, əmtəə məhsulu əldə edilməsi və rekreasiyanın təmin edilməsi üçün balıqçılıq su obyektlərində mayalanmış balıq kürüsünün inkubasiyası, körpə balıqların və digər su bioresurslarının bəslənilməsi və yetişdirilməsi məqsədi ilə törədici balıqların təbii balıqçılıq su obyektlərindən ov alətləri vasitəsilə götürülməsidir.

3.3. Balıq və digər su bioresurslarının təhsil və maarifləndirmə üçün ovu təhsil və elm müəssisələrində təhsil, zooparklarda, akvariumlarda, muzeylərdə, sirklərdə və digər mədəniyyət, mədəni-maarif, əyləncə tədbirlərində maarifləndirmə fəaliyyətinin təmin edilməsi məqsədi ilə balıq və digər su bioresurslarının ovunun həyata keçirilməsidir.

3.4. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün ovu balıq və digər su bioresurslarının bu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılması məqsədi ilə ovdur. Balıqçılıq su obyektlərində balıqların və digər su bioresurslarının iqlimləşdirilməsi Qanunun 19-cu maddəsində nəzərdə tutulan qaydada həyata keçirilir.

3.5. Elmi tədqiqat işinin metodikası və ovun xarakterindən asılı olaraq tədqiqat işi üçün lazım olan bioloji materiallar balıq və digər su bioresurslarının sənaye ovu vətəgələrindən götürülə bilər.

3.6. Ovun sonunda onun nəticələri barədə bu Qaydalara 10 nömrəli əlavə ilə müəyyən edilmiş formada 3 nüsxədən ibarət akt tərtib edilməlidir. Akt ova cavabdeh olan şəxs (balıqovlama bileti almış fiziki və ya hüquqi şəxsin səlahiyyətli nümayəndəsi), habelə balıq və digər su bioresurslarının ovunu həyata keçirən şəxslər tərəfindən təsdiq edilir. Laboratoriya müayinəsi üçün götürülmüş balıq və digər su bioresursları tədqiqat işləri zamanı çıxdaş edildikdən sonra da bu Qaydalara 11 nömrəli əlavə ilə müəyyən edilmiş formada çıxdaş aktı tərtib edilməlidir.
4. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna icazə verilməsi halları və qaydası

4.1. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu balıq və digər su bioresurslarının qorunması, onların populyasıyasının vəziyyətinə monitorinqin həyata keçirilməsi, onların süni artırılmasının və iqlimləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə həyata keçirilir.

4.2. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna icazə verilməsi qaydası bu Qaydaların 5-ci hissəsi ilə müəyyən edilir.

4.3. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovu müddətləri və üsulları onların ovunun məqsədinə müvafiq olaraq müəyyən edilir, bu balıq və digər su bioresurslarının təbii populyasiyalarına və onların məskunlaşdığı mühitə zərər vurmamalıdır.

4.4. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovu zamanı istifadə olunan ov alətləri və üsullarının düzgün seçilməsi təmin edilməli, dəniz məməlilərinin diri şəkildə ovu zamanı isə onlara fiziki və psixi travmaların vurulması imkanları azaldılmalıdır.

4.5. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının hər bir ovu faktı üzrə balıqovlama biletinin rekvizitləri, ovlanmış balıq və digər su bioresurslarının həcmi (miqdarı), ovun vaxtı, yeri, alətləri, ov həyata keçirən hüquqi (adı, yeri) və ya fiziki (soyadı, adı, atasının adı) şəxs göstərilməklə yerində bu Qaydalara 9 nömrəli əlavə ilə müəyyən olunmuş formada akt tərtib edilir. Akt ova cavabdeh olan şəxs, balıq və digər su bioresurslarının ovunu həyata keçirən şəxslər tərəfindən imza ilə, habelə balıqovlama biletini almış təşkilatın rəhbəri tərəfindən möhür və imza ilə təsdiq edilir.

4.6. Ovun nəticələri barədə aktlar balıq və digər su bioresurslarının ovunun həyata keçirildiyi tarixdən 2 aydan gec olmayaraq Nazirliyə göndərilir.


  1. Balıqovlama biletinin forması və verilməsi qaydası

5.1. Balıq və digər su bioresurslarının ovu məqsədi ilə hüquqi və fiziki şəxslər balıqovlama biletini almaq üçün Nazirliyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq aşağıdakılar göstərilməklə ərizə təqdim etməlidirlər:

5.1.1. balıq və digər su bioresurslarının sənaye üsulu ilə ovu nəzərdə tutulan su obyektinin adı, su bioresurslarının növləri, ov limitinin (növlər üzrə çəkisi) miqdarı, ovlama üsulu (ov alətlərinin növü və sayı);

5.1.2. ovda iştirak edəcək balıqçıların soyadları, adları və atalarının adları.

5.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

5.2.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

5.2.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

5.2.3. balıqovlayan gəmilərin və su nəqliyyatı vasitəsi kimi istifadə edilən qayıqların qeydiyyatına dair sənədlər;

5.2.4. mülkiyyətində və icarəsində olan gəmilərə (qayıqlara) (əgər balıq və digər su bioresurslarının ovunun gəmidən (qayıqdan) istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulursa) ərizəçinin mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədin notariat qaydada təsdiq edilmiş surəti;

5.2.5. bu Qaydaların 3-cü hissəsində nəzərdə tutulmuş hallarda müvafiq olaraq bioloji və texnoloji əsaslandırılmanın, maarifləndirmə layihəsinin və elmi-tematik planın surəti.

5.4. Akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün balıqovlama biletini almağa görə müraciət edən hüquqi və fiziki şəxs ərizəsində ovun məqsədi və müddəti, ov ediləcək ərazilər və onun sahələri, ov alətlərinin çeşidi, sayı, ölçüləri, ovu planlaşdırılmış törədicilərin növləri və sayı, habelə ovlanmış törədicilərin, balıq və digər su bioresurslarının akvakultura məqsədi ilə istifadə edildikdən sonra istifadə təyinatı barədə məlumatlar göstərilir.

5.5. Balıqovlama biletinin verilməsi və ya verilməsindən imtina edilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 19-cu və 20-ci maddələrinə uyğun olaraq həyata keçirilir.

5.6. Balıqovlama bileti ciddi hesabat sənədidir. Balıqovlama bileti Nazirliyin sifarişinə müvafiq olaraq onun vəsaiti hesabına tipoqrafik üsulla çap etdirilir. Balıqovlama biletlərinin doldurulması elektron (lazer) texnikası vasitəsilə həyata keçirilir.

5.7. Balıqovlama biletlərinin uçotu qaytanlanmış “Balıqovlama biletləri” kitabında aparılır.

5.8. Balıqovlama biletlərindən istifadəyə nəzarət Nazirlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

5.9. Balıqovlama biletinin forması bu Qaydalara 8 nömrəli əlavədə nəzərdə tutulmuşdur.

5.10. Balıqovlama biletinin müddəti, dublikatının verilməsi, onun yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydaları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.


6. Balıq və digər su bioresursları ovunun məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi halları və qaydası
6.1. Balıq və digər su bioresursları ovunun dayandırılması və ya ona xitam verilməsi bu Qaydaların 5.10-cu bəndinə uyğun olaraq həyata keçirilir.

6.2. Siyahısı bu Qaydalara 3 nömrəli əlavə ilə müəyyən edilən qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası və qorunması üçün mühüm balıqçılıq su obyektlərində və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin hüquqları balıqçılığın mənafeyi hesabına Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər.




  1. Balıq və digər su bioresursları ovunun yol verilən ümumi miqdarı (kvotası)

7.1. Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvotası) Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun rəyi nəzərə alınmaqla (daxili sularda), bu Qaydalara 5 nömrəli əlavə ilə müəyyən edilmiş balıq və digər su bioresurslarının növlərinin məskunlaşdığı müvafiq balıqçılıq su obyektlərinin siyahısına daxil edilməklə hazırlanır və nəticəsi Nazirliyə təqdim edilir.

7.2. Nazirlik növbəti il üçün təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının aşağıdakı kvotalar üzrə bölgüsünün hər il oktyabr ayının 5-dən gec olmayaraq, təsdiq edilməsi üçün bu Qaydalara 6 nömrəli əlavə ilə müəyyən olunan formada təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir:

7.2.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar;

7.2.2 başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar;

7.2.3. elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;

7.2.4. təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;

7.2.5. akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;

7.2.6. balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar.

7.3. Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının balıq və digər su bioresurslarının ovunun kvotalarına münasibətdə bölgüsü aşağıdakı ardıcıllıqla həyata keçirilir:

7.3.1. elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;

7.3.2. akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;

7.3.3. təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;

7.3.4. sənaye ovu üçün kvotalar.

7.4. Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı əvvəlki kvota növləri arasında bölündükdən sonra növbəti kvotalar arasında qalıq prinsipinə əsasən bölünür.

7.5. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar ilə əlaqədar balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

7.5.1. Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun və Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun balıq və digər su bioresurslarının bölgüsü, sayı və bərpası üzərində apardığı mütəmadi müşahidələri;

7.5.2. Xəzər dənizi (gölü) sahillərində yerləşən digər dövlətlərin Xəzər dənizinin (gölünün) həmin ölkələrə mənsub olan bölmələrində əvvəlki ildə balıq və digər su bioresurslarının növləri üzrə ovu üçün kvotaların bölgüsü haqqında məlumatlar;

7.5.3. həmsərhəd dövlətlərin əvvəlki ov ilində həmin kvotaları mənimsəməsinin faktiki miqdarı barədə məlumatlar.

7.6. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi istisna olmaqla, balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar ilə əlaqədar balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

7.6.1. Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun və Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun balıq və digər su bioresurslarının bölgüsü, sayı və bərpası üzərində apardığı mütəmadi müşahidələri;

7.6.2. əvvəlki ildə balıq və digər su bioresurslarının növləri üzrə ovu üçün kvotaların bölgüsü haqqında məlumatlar;

7.6.3. əvvəlki ov ilində həmin kvotaları mənimsəməsinin faktiki miqdarı barədə məlumatlar.

7.7. Elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalara münasibətdə balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı barədə təkliflər balıq və digər su bioresurslarının ehtiyatlarının öyrənilməsi üzrə illik tədqiqat planı əsasında müəyyən edilir.

7.8. Təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalara münasibətdə balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı barədə təkliflər hüquqi və fiziki şəxslərin təhsil və maarifləndirmə işləri üzrə təsdiq olunmuş planlarına müvafiq ərizələri əsasında müəyyən edilir.

7.9. Akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalara münasibətdə balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı barədə təkliflər hüquqi və fiziki şəxslərin akvakultura üzrə təsdiq olunmuş planları və bioloji texnoloji əsaslandırmaya müvafiq ərizələri əsasında müəyyən edilir.

7.10. Balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar ilə əlaqədar balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı barədə təkliflər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən müəyyən edilir.

7.11. Balıq və digər su bioresurslarının sənaye ovu üçün ayrılmış kvotalar 3 il ardıcıl olaraq mənimsənilmədikdə növbəti il üçün balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota müəyyən edilərkən, kvotanın əvvəlki 3 ildə mənimsənilən miqdarının orta göstəricisi əsas götürülür.


Yüklə 384,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə