5
Amerikada bu xəbəri eşitmiş bir neft mühəndisi qeyd edirdi ki, "Pensilvaniyada olsa idi, bu quyu öz
sahibinə böyük var-dövlət gətirərdi." Bununla belə hər gün quyudan beş min funt-sterlinq dəyərində neft axıb
gedirdi, ancaq K.Marvin bu fontan haqda öz gördüklərini belə yazmışdı: "Quyudan çıxan neft aşağı töküldü,
fışıltı, uğultu bir neçə mil aralıda belə eşidilirdi. Neft fontanı gözəl bir mənzərə yaratmışdı. O vaxtadək bundan
böyük neft fontanı olmamışdı. Fontanın birinci zərbəsi əvvəlcə buruğun üstünü, sonra isə yanlarını vurub
dağıtdı, ancaq quyunun üstündəki şalban qalmışdı ki, çıxan neftin ona toxunması üzündən sürəti zəifləyirdi.
Buruğun özünün hündürlüyü 70 fut idi. Qumlu neft fontanı buruğun damını və yanlarını uçurandan sonra
fəvvarə üç o qədər də hündürlüyə qalxdı".
Bax, belə bir möcüzəli fontan nəticəsində xam neft həmin dövrdə öz qiymətini itirdi. Bir neftayırma zavo-
dunun sahibi 700000 pud neftə cəmi otuz funt-sterlinq verib çənlərini doldurdu. Heç kəs neftin bir puduna 4/3
qəpikdən artıq vermirdi. Halbuki, əvvəllər neftin bir pudu 2, yaxud 3 qəpiyə idi.
Kitabda qeyd edilir ki, neftin bu cür axıb hədər yerə getməsi böyük narahatçılığa səbəb oldu. Bakıda neft
mədənlərinin sahibkarları toplaşıb bu çətinliyin aradan qaldırılmasını müzakirə etməyə başladılar. Nəhayət,
Sankt-Peterburqa, mərkəzi hökumətə müraciət olundu. Bakıya oradan iki mühəndis göndərildi. Peterburq
alimlərinin verdiyi məsləhət də heç bir nəticə vermədi.
1886-cı ilin əvvəllərində Bakıya gəlmiş professor Enkler, doktor Böhm və doktor Yurkenenin müşayiətilə
Bakı neft mədənlərinin və orada 11 fontan vuran quyunun olduğunu görmüşdülər. Bunlardan beşi Nobel qar-
daşlarına məxsus idi.
Böyük rus alimi D.İ.Mendeleyev özünün "Bakinskoe neftnoe delo" kitabında 1886-cı ildə yazırdı:
"Bakıda gördüklərim və öyrəndiklərim məndə belə bir fikir oyatdı ki, Rusiyanın mərkəzində zavodlar
yaradılması barədə daha ucadan və daha təkidlə danışmaq hər şeydən mühümdür — bunun vaxtı çatmışdır".
Azərbaycan neft sənayesinin inkişafının ilk dövrlərində Bakıda xarici və yerli kapitalın hesabına
yaradılmış iri neftayırma zavodlarının (V.A.Kokorev, N.İ.Vitte, C.Məlikov, H.Z.Tağıyev zavodları) meydana
çıxması məhz bununla izah olunurdu.
1877-çi ildə xam neftdən ağ neft alınması üçün aksiz vergilərinin ləğvi, Bakının və bütün Rusiyanın
zavodlarında neft emalının nəzərə çarpacaq yüksəlişinə səbəb oldu. Bakıda və Rusiyanın digər şəhərlərində
neftayırma zavodlarının və neftdən alınan məhsulların miqdarı sürətlə artmağa başladı. 1879-cu ildə yeni inşa
edilmiş, həmin dövr üçün ölkənin və xaricin qabaqcıl texnikası və emal texnologiyası bazası əsasında tək-
milləşdirilmiş qurğuların sayı 180-ə çatdı. Qədim ənənələr: neftayırma zavodlarını bilavasitə xammalların
çıxarıldığı ərazidə, yəni Abşeronda tikmək ənənəsi ölkə sənayesində amiranə mövqe tutmaq iddiasında olan çar
Rusiyasının güclü və hərtərəfli hücumuna uzun müddət dözə bilməzdi. Rusiyanın iri şəhərlərində neft emalı
zavodlarının tikintisinə başlandı ki, bu da həmin zavodlara Bakıdan xam neftin və neft tullantılarının
daşınmasının həcmini xeyli artırmağı tələb edirdi.
Ümumən neft emalının uzun davam edən tarixinə dair bir çox məlumatlar kitabda öz əksini tapmışdır.
Bakının dünya neft sənayesi mərkəzinə çevrilməsi prosesində mühüm amillərdən biri kimi neftin nəqlinin
aparıcı rolu ətraflı təsvir edilmişdir. Neft sahibkarlarının birinci qurultayında göstərilirdi ki, regionda üstün
mövqe tutan Bakının neft sənayesi Avropaya yol tapması ilə, yalnız bununla o, transmilli sənaye ola bilər.
Ona görə də neftin nəqli məsələsinə qayıdaq. İki dənizi —Xəzəri və Qara dənizi birləşdirən Bakı-Tiflis
dəmir yolu açılandan sonra Bakı neftini kütləvi surətdə daşımaq mümkün oldu.
Beləliklə, XX əsrin əvvəllərində Bakı ticarət portu yük dövriyyəsinin həcminə görə Rusiyanın bütün
ticarət portları arasında birinci yeri tuturdu. Nəticədə ən iri neft sənayesi şirkətləri — "Nobel qardaşları şirkəti",
"Xəzər - Qara dəniz cəmiyyəti", sahibkar H.Z.Tağıyev özlərinin neftdaşıyan gəmi donanmalarını yaratdılar.
Nefti və neft məhsulları Rusiyada və xarici ölkələrdə satılmaq üçün gəmilərlə Xəzər dənizi vasitəsi ilə
Həştərxana yalnız altı aylıq naviqasiya ərzində daşına bilirdi. Buna görə də ilin qalan vaxtlarında Rusiyada və
xarici ölkələrdə xam neft ehtiyatları olmayan neftayırma zavodları işləmirdi. Eyni zamanda 1880-1881-ci illərdə
Bakının özündə o qədər xam neft yığılıb qalmışdı ki, hasilatı müvəqqəti dayandırmalı olmuşdular. Neftin
həddindən artıq istehsal edilməsi böhranı ilk dəfə 1882-ci ildə baş verdi, dörd ildən sonra yenidən təkrar olundu.
Dünya bazarında çoxlarının hesablaşdıqları iri sənaye mərkəzinə çevrilmiş Bakını dəmir yolu vasitəsi ilə Qara
dənizlə birləşdirmək tələb olunurdu. Ona görə də çox böyük xərclə də olsa, Zaqafqaziya dəmir yolunun
çəkilməsi məhz Bakı neft sənayesinin tələbatını ödədi, onun gələcək inkişafına təkan verərək, başlıca rol oynadı.
"Neft sahəsi" yaradılmasının iqtisadi cəhətdən sərfəli olub-olmayacağını müəyyənləşdirmək üçün, ötən
əsrin 70-ci illərində Yollar Nazirliyinin Dəmir Yolları Departamenti Şimali Amerikanın neft sərvətlərini
Abşeronun neft ehtiyatları ilə müqayisə etmişdi. Bu müqayisədə Abşeron yarımadasının böyük perspektivlərə
malik, zəngin neft diyarı olduğu göstərildi.
Belə bir şəraitdə iri neft sahibkarları xam neftdən ancaq kerosin deyil, daha çox mazut alınmasının xeyrini
aydın görürdülər. Həm də mazuta görə çar hökumətinə vergi ödənilmirdi. Bu, neftayırma sənayesinin
inkişafında mühüm amilə çevrilib, neftayırma zavodlarında emalın strukturunu xeyli dəyişdirdi.