Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində



Yüklə 34,44 Kb.
tarix08.12.2017
ölçüsü34,44 Kb.
#14828

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində...
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi həmişə olduğu kimi 2010-cu ilin II yarım ili və 2011-ci ilin I rübü ərzində səmərəli fəaliyyət göstərmişdir.

2008-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə muzeydə KAMİS-kompleks avtomatlaşdırılmış muzey informasiya sisteminin proqramı çərçivəsində fondların kompüterləşdirilməsi işi sistemli şəkildə aparılmışdır. Hal-hazırda bu iş davam etdirilir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunda tədbirlərin keçirilməsi davam edir. Bu tədbirlər artıq ənənəyə çevriləcək maestro Niyazinin sağlıqında musiqi ocağı olan onun ev muzeyində keçirilir.

6 oktyabr 2010-cu il tarixli tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc vokalçıları ilə görüş keçirilmiş, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, Çinarə Şirinova və başqalarının ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən nümunələr səslənmişdir.

3 noyabr 2010-cu il tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Həsən Enami ilə görüş keçirilmişdir.

1 dekabr 2010-cu il tarixində Klassik Musiqisevənlər Klubunun tədbirində görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Bakı Musiqi Akademiyasının professoru Azər Rzayevin 80 illik yubileyi ilə əlaqədar bəstəkarla görüş keçirilmişdir.

16-17 dekabr 2010-cu il tarixlərində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzey Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “TÜRKSOY” təşkilatı ilə birgə “Türkdilli xalqların musiqi alətləri” beynəlxalq simpoziumunu keçirtmişdir.

Simpoziumda Azərbaycanın alim və mütəxəssisləri ilə yanaşı 13 ölkədən gəlmiş nümayəndələr öz məruzələri ilə çıxış etmişlər. Bu simpoziumda muzeyin direktoru, sənətşünaslıq namizədi, Alla Bayramova “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin musiqi alətləri kolleksiyasının xüsusiyyətləri”, muzeyin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru Məcnun Kərim “Orta əsrlərdə türk xalqlarının dartımlı musiqi alətləri: qopuz, tənbur, rübab, çoğur”, ansamblın artist-ifaçısı Təranə Əliyeva ”Qanun musiqi alətinin tədrisinin metodikası” mövzularında çıxış etmişlər. Muzeyin Qədim Musiqi Alətləri Ansamblı simpoziumun açılışında maraqlı konsert proqramı ilə çıxış etmişdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əsas binasında 30 dekabr 2010-cu il tarixdə “Muzeyin gənc bələdçiləri” layihəsi çərçivəsində ilk yığıncaq keçirilmişdir.

2010-cu ilin son aylarında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Azərbaycanın görkəmli musiqi xadimlərinin yubiley gecələrində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı sərgilər nümayiş olunmuşdur.

2010-cu ilin 4 oktyabrında Beynəlxalq Muğam Mərkəzində Fəxrəddin Dadaşov-60, 20 oktyabrda Azərbaycan Dövlət Filarmoniyasında Ruhəngiz Qasımova-70, 28 oktyabrda Azərbaycan Dövlət Filarmoniyasında, 29 oktyabrda Musiqili Komediya Teatrında, 30 oktyabrda Azərbaycan Opera və Balet Teatrında Vasif Adıgözəlov-75, 2 noyabrda Beynəlxalq Muğam Mərkəzində Mənsum İbrahimov-50, 5 noyabrda Azərbaycan Dövlət Filarmoniyasında Azər Rzayev-80, 26 noyabrda Beynəlxalq Muğam Mərkəzində Qurban Pirimov-130, 16-17 dekabr tarixlərində Muzey Mərkəzində “Türkdilli xalqların musiqi alətləri” beynəlxalq simpoziumunda Namiq Hüseynovun rəsm əsərlərinin və 24 dekabr tarixində Azərbaycan Dövlət Filarmoniyasında Tofiq Bakıxanov-80 sərgiləri nümayiş olunmuşdur.

1-11 noyabr tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan Respublikasının Milli Sərgisinin təşkili ilə əlaqədar muzeyə məxsus 21 ədəd musiqi aləti nümayiş etdirilmişdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi muzey işi ilə əlaqədar keçirilən beynəlxalq tədbirlərdə iştirak edir.

7-12 noyabr 2010-cu il tarixlərində muzeyin direktoru Alla Bayramova respublikamızın aparıcı muzey mütəxəssisləri ilə Şanxay şəhərində keçirilmiş Beynəlxalq Muzeylər Şurası (İKOM)-un 22-ci Baş konfransında iştirak etmişlər. Bu konfransda Alla Bayramova “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi yeni evində: Spesifiklik və ümumilik” mövzusunda məruzə ilə çıxış etmişdir.

O, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin göndərişi və İKOM-un xətti ilə 23-25 dekabr 2010-cu il tarixlərində Tbilisi şəhərində keçirilən “Cənubi Qafqaz muzeylərinin əməkdaşlığında yeni vəzifələr və perspektivlər” mövzusunda keçirilən seminarda iştirak etmişdir.

Muzeyin Qədim Musiqi Alətləri Ansamblı ötən illərdə olduğu kimi muzeydə və muzeydən kənarda beynəlxalq miqyasda keçirilən tədbirlərdə, festivallarda, mədəniyyət günlərində konsert proqramı ilə çıxış edir.

Ansambl 2010-cu ilin 1-11 noyabr tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində təşkil edilmiş Azərbaycan Respublikasının Milli Sərgisində, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə 2010-cu ilin 29 noyabr-3 dekabr tarixlərində İordaniya haşimilər Krallığında Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Əmman şəhərində çıxış etmişdir. Ansamblın belə mötəbər tədbirlərdə iştirakı Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edir.

2011-ci ilin I yarım ilində də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində bir sıra tədbirlər keçirilmiş, sərgilər hazırlanmış və s. işlər görülmüşdür.

12 yanvar 2011-ci il tarixində muzeyin KMS klubunun tədbirində Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, “Humay” milli mükafati laureatı, bəstəkar Azər Dadaşovla görüş keçirilmişdir. Bəstəkarın yaradıcılığı haqqında musiqişünas, sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova danışmışdır. Azər Dadaşovun həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş etdirilmiş, əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir. O, yaradıcılığı ilə bağlı tamaşaçıları maraqlandıran sualları cavablandırmışdır.

Tədbirdə Klassik Musiqisevənlər Klubunun üzvləri, Bakı şəhərinin muzeylərinin əməkdaşları, Bakı Musiqi Kollecinin müəllim və tələbələri, mətbuat nümayəndələri və başqaları iştirak etmişlər.

1 fevral 2011-ci il tarixində AMMDM-də pianoçu Nina Koqanla (Kanada) görüş keçirilmişdir. Görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığına həsr olunmuş tədbirdə muzeyin fondunda saxlanılan rejissor Oqtay Mirqasımovun “Həqiqətin səsi” filminindən (CD variantı) Qara Qarayevin skripkaçı Leonid Koqanla yaradıcılıq əlaqələrini əks etdirən kadrlar göstərilmişdir. Sonra Nina Koqan öz xatirələrini danışmış, muzeyə “Xatirələr. Məktublar. Fotoşəkillər” kitabı, skipkaçı Leonid Koqanın Böyük simfonik orkestr ilə konserti yazılmış disk, onun həyat yoldaşı Yelizaveta Gilelsin şəxsi gündəliyini və s. hədiyyələri təqdim etmişdir.

Tədbirdə Nina Koqan və Azərbaycan Respublikasının əməkdar artisti Yeganə Axundovanın ifasında Edvard Qriqin “Norveç rəqsləri”, əməkdar artist Murad Hüseynovun ifasında Qara Qarayevin “Prelüdiya”sı, əməkdar artistlər Töfhə Babayeva və Nərgiz Əliyarovanın ifasında Qara Qarayevin “Skripka və fortepiano üçün sonata”sı (3 və 4-cü hissələr) və s. ifa olunmuşdur.

2 fevral 2011-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunun tədbirində pianoçu, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova ilə görüş keçirilmişdir.

Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra Ülviyyə Hacıbəyovanın həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş etdirilmişdir. Pianoçu onun yaradıcılığı ilə bağlı tamaşaçıları maraqlandıran sualları cavablandırmışdır. Tədbirdə Ülviyyə Hacıbəyova, Əli Məmmədov, Vurğun Vəkilov, Ayan və Alsu Carçiyevalar, Tural Qasımlının ifalarında F. Şopenin, P.İ. Çaykovskinin, Qara Qarayevin və Soltan Hacıbəyovun əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.

Tədbirdə Klassik Musiqisevənlər Klubunun üzvləri, Bakı Musiqi Akademiyasının, Bakı Musiqi Kollecinin müəllim və tələbələri, Ülviyyə Hacıbəyovanın sənət dostları, Bakı muzeylərinin əməkdaşları, musiqi məktəbinin müəllim və şagirdləri, mətbuat və televiziya nümayəndələri iştirak etmişlər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin növbəti nəşri olan “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabı Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Şərq və Qərb” Mətbəə və Nəşriyyat evi tərəfindən nəşr olunmuşdur.

Layihənin rəhbəri və elmi redaktoru Alla Bayramova kitaba yazdığı ön sözdə bildirmişdir ki, böyük Azərbaycan bəstəkarı Qara Əbülfəz oğlu Qarayevin (1918-1982) həyat və yaradıcılığına həsr olunmuş bu nəşr Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan materiallar əsasında ərsəyə gəlmişdir. Muzeyin kolleksiyalarında 50 mindən artıq əşya mövcuddur ki, bunların arasında Qara Qarayevə aid materiallar da mühüm yer tutur. Bunlar Qara Qarayevə və ona yaxın olanların fotoşəkilləri, not və mətnlərin əlyazmaları, afişalar, proqramlar, təsviri sənət nümunələri, bəstəkarın şəxsi kitabları və əşyalarından ibarətdir. Bu materialların müəyyən hissəsini muzeyə bəstəkarın övladları - oğlu Fərəc Qarayev, qızı Züleyxa Qarayeva - Bağırova təqdim etmiş, qalanları isə başqa mənbələrdən daxil olmuşdur.

Kitabın təqdimat mərasimi 2011-ci il fevralın 4-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilmişdir.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Anar və başqaları iştirak etmiş, giriş sözü ilə M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov cıxış etmişdir. Sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sevda Məmmədəliyeva, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi, əməkdar elm xadimi Zemfira Səfərova, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, xalq artistləri, bəstəkarlar Xəyyam Mirzəzadə, Musa Mirzəyev və başqaları çıxış etmişlər.

Tədbirdə Qara Qarayevin əsərlərindən nümunələri Azərbaycan Dövlət Simli Kvarteti ifa etmişdir. Həmçinin Qara Qarayevin Şekspirin “Hamlet” faciəsinin tamaşasına yazdığı musiqidən fraqment - Pantomima, fleyta improvizasiyası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Elnur Qurbanovun ifasında səslənmişdir.

Azərbaycan Musiqi Mədəniyəti Dövlət Muzeyində Qara Qarayev adına 8 saylı musiqi məktəbi ilə birlikdə 5 fevral 2011-ci il tarixində Qara Qarayevin anadan olmasının 93 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmiş, musiqi məktəbinə muzeyin növbəti yeni nəşri olan “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabını hədiyyə etmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova çıxış edərək Azərbaycan musiqi xadimlərinin, o cümlədən Qara Qarayevin həyat və yaradıclığın təbliği işində muzeyin rolundan danışdı.

8 saylı musiqi məktəbinin direktoru Kamal Paşazadə çıxışında Qara Qarayevin adını daşıyan musiqi məktəbinin bəstəkarın əsərlərinə geniş yer verdiklərini söylədi.

Sonra musiqi məktəbinin gənc müəllim və şagirdlərinin ifasında Qara Qarayevin əsərləri səsləndi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tamaşaçıları, xüsusilə gəncləri cəlb etmək, musiqi tariximizi təbliğ etmək üçün daima yeni metodlar axtarır, ekspozisiya üzrə ekskursiyaları daha maraqlı etmək üçün müasir üsullar tətbiq edir. Məsələn, 16 fevral 2011-ci il tarixdə muzeyimizdə ilk dəfə Əhməd Bakıxanov adına 6 saylı musiqi məktəbinin müəllim və şagirdlərinə, 18 fevral 2011-ci il tarixdə isə Qərb Universitetinin tələbələrinə interaktiv ekskursiya aparılmışdır.

24 fevral 2011-ci il tarixində AMMDM-də Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anım günü keçirilmiş, Xocalı faciəsinin qurbanlarının xatirəsi yad edilmişdir. Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Tədbirin aparıcısı muzeyin direktor müavini Təranə Qurbanova Xocalı soyqırımı haqqında danışmışdır. Sonra “Günay “ Uşaq Teatrının ifasında Xocalı soyqırımına həsr olunmuş səhnə göstərilmişdir.

Tədbirdə bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Nəriman Məmmədov Xocalı soyqırımına həsr etdiyi əsəri haqqında danışmış, muzeyə müəllifi olduğu mahnılar yazılmış disklər hədiyyə etmişdir.

Tədbirin qonaqları Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin kursantları, Bakı Musiqi Kollecinin, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin tələbələri, Bakı muzeylərinin əməkdaşları, mətbuat, televiziya nümayəndələri və başqaları olmuşlar.

2 mart 2011-ci il tarixdə Klassik Musiqisevərlər Klubunda “Klassik Musiqi Axşamı” konserti çərçivəsində gənc musiqiçilərlə görüş keçirilmişdir. Tədbirdə giriş sözü ilə Niyazinin mənzil muzeyinin şöbə müdiri Rza Bayramov çıxış etmişdir. Sonra 21 saylı musiqi məktəbinin 10-cu sinif şagirdi Dəniz Tacəddin, Bakı Musiqi Akademiyasının magistrantı Süleyman Babakişizadə və BMA-nın III tələbəsi Tural Qasımlı Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa etmişlər.

Tədbirdə Klassik Musiqisevənlər Klubunun üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, muzeyin əməkdaşları, mətbuat və televiziya nümayəndələri iştirak etmişlər.

2011-ci ilin I rübündə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sərgilər hazırlamışdır. 26 yanvarda Beynəlxalq Muğam Mərkəzində Baba Mirzəyev-70, 11 fevralda Azərbaycan Dövlət Filarmoniyasında Əşrəf Abbasov - 90, 12 fevralda Beynəlxalq Muğam Mərkəzində Bəhram Mənsurov-100 sərgiləri nümayiş olunmuşdur

Muzey musiqi mədəniyyətinin təbliği sahəsində öz fəaliyyətini davam etdirir.



Təranə Qurbanova


Yüklə 34,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə