Azərbaycan”. 010. avqust. N 169. S görkəmli dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, böyük alim



Yüklə 159,58 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü159,58 Kb.
#55281


Azərbaycan”.-2010.-6 avqust.-N 169.-S.3.

Görkəmli dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, böyük alim

Böyük alim, görkəmli dövlət xadimi Əziz Əliyev bütün həyatı boyu əldə etdiyi çoxsaylı nailiyyətlərinə

baxmayaraq, ciddiliyi, zəhmətsevərliyi, prinsipiallığı  və səmimiliyi ilə fərqlənmişdir. O,  bütöv  bir  həkimlər

və alimlər  nəsli  yetişdirmiş  və  bununla  respublikada  qabaqcıl  və  nümunəvi  səhiyyənin  təşkili, tibb  elminin

yaradılması  və  inkiş afının  əsasını  qoymuşdur.  Onun  adı,  xatirəsi  insanların  yaddaşında  daim  yaş ayan,

nəsildən-nəslə ötürülən şəxsiyyətlərin siyahıs ına əbədi olaraq həkk edilmişdir.

Uzun  illər  indiki  Azərbaycan  Tibb  Universitetinin  və  adını daşıdığı  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun

rektoru,  Elmi-Tədqiqat  Travmatologiya  və  Ortopediya  İnstitutunun  direktoru,  Azərbaycan  Respublikasının  xalq

səhiyyə  komissarı,  Azərbaycan  KP  MK-nın  katibi,  Dağıstan  MSSR  Vilayət  Komitəsinin  birinci  katibi  və  digər

yüksək  vəzifələrdə  çalışmış,  Azərbaycan  Respublikasının  əməkdar  həkimi,  tibb  elmləri  doktoru,  professor  Əziz

Məmmədkərim oğlu Əliyev 1897-ci ilin yanvar ayında anadan olmuşdur. O, ibtidai təhsilini rus-tatar (Azərbaycan)

məktəbində almışdır.  Lakin bu təhsil Əziz Əliyevi qane etməmiş  və o, 1908-ci ildə İrəvandakı gimnaziyaya qəbul

olunmuş,  1917-ci  ildə  oranı  bütün  fənlər  üzrə  əla  qiymətlərlə  başa  vurmuşdur.  Maddi  cəhətdən  təhsilini  davam

etdirmək  imkanında  olmayan  Əziz  Əliyev  Bakı  milyonçu-xeyriyyəçisi  Hacı  Zeynalabdin  Tağıyevin  köməyi  ilə

Peterburqa (indiki Sankt - Peterburq) gedib attestasiya yolu ilə müsabiqədən keçərək Rusiyanın ən nüfuzlu ali tibb

müəssisəsi sayılan Hərbi Tibb Akademiyasına daxil olmuşdur.

Əziz Əliyev elə birinci kursun əvvəllərində Hərbi Tibb Akademiyasında təhsil almaqla bərabər, Peterburqda

səpkili  yatalaqla  mübarizə  əleyhinə  təşkil edilmiş  dezinfeksiya  təmir  briqadasında  işə  düzəlmişdir.  Aldığı maaşla

özünün minimal güzəranını təmin etmiş, valideynlərinə də kömək göstərmişdir. 1918-ci ilin may ayına qədər burada

həm  çalışmış, həm  də  Peterburq  Hərbi  Tibb  Akademiyasında  oxumuşdur.  1918-ci  ildə  Əziz  Əliyevin  atası vəfat

etmişdir. O vaxtlar anasına və kiçik qardaşına xalası Qədirbəyova himayədarlıq etmişdir.

1918-ci  ilin  iyun  ayının  sonlarında  yay  tətilini  evlərində  keçirən  Əziz  Əliyev  dəhşətli  mənzərə  ilə  üzləşir.

Daşnakların  antitürk,  antiazərbaycan  təbliğatından  doğan  amansız təqiblərə  tab  gətirməyən  ailə  çətinliklə  də  olsa

Naxçıvanın Şərur rayonuna köçməli olur. Əziz Əliyev bir müddət Şərurda qaldıqdan sonra ailəsini Şahtaxtı kəndinə

aparır.  Buradakı ağır  vəziyyət  və  ermənilərin  törətdikləri  qırğınların  fəlakətli  nəticələri  onu  Peterburqa  qayıtmaq,

təhsilini  davam  etdirmək  imkanından  məhrum  edir.  Lakin  o,  tiblə  əlaqəsini  kəsmir.  1920-ci  ilin  may  ayında

İrəvanda məskən salmış daşnak qoşunları silahlı hücuma keçərək müdafiəsiz Şərur rayonunu, o cümlədən Şahtaxtı

kəndini  də  işğal  edir.  Qanlı  qırğından  salamat  çıxa  bilən  və  didərgin  düşən  Şahtaxtı  əhalisi  ilə  birlikdə  Əziz

Əliyevin  də  ailəsi  erməni  zülmünə  tab  gətirməyərək  Arazı  keçir  və  bir  müddət  Cənubi  Azərbaycanın  Ərəblər

kəndində qalır. Əziz Əliyev fəaliyyətini burada da davam etdirir və həkim köməkçisi vəzifəsində çalışaraq əhaliyə

tibbi  xidmət  göstərir.  1920-ci  ildə  anası  Ərəblər  kəndində  vəfat  edir.  1921-ci  ilin  iyun  ayında  onlar,  nəhayət,

Şahtaxtı  kəndinə  qayıdır  və  Əziz  Əliyev  1923-cü  ilin  may  ayına  qədər  həmin  kənddə  orta  tibb  işçisi,  həkim

köməkçisi kimi çalışır. 

1923-cü  ilin  may  ayından  sonra  Əziz  Əliyev  Bakıya  köçür  və  burada  ardıcıl olaraq  Azərbaycan  SSR  Xalq

Komissarları  Şurasında  iş  icraçısı,  həmin  idarənin  ümumi  şöbə  müdirinin  müavini,  katibin  müavini  və  nəhayət,

respublika  Xalq  Komissarları  Şurasının  katibi  vəzifəsini  icra  edir.  Böyük  şəxsiyyət  bu  məsuliyyətli  vəzifələrdə

çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini də davam etdirir. O, 1927-ci ildə Bakı

Dövlət  Universitetinin  tibb  fakültəsini  bitirir  və  Daxili  xəstəliklər  kafedrasında  saxlanılır.  Əziz  Əliyev  həmin

kafedrada əvvəlcə ordinator, sonra isə aspirant, assistent və dosent olur. O, eyni zamanda təhsil aldığı universitetin

partiya təşkilatında işə cəlb edilir və xeyli vaxt orada çalışır.

Əziz  Əliyev  İkinci  dünya  müharibəsindən  həm  əvvəlki,  həm  də  sonrakı  illərdə  Azərbaycanda  səhiyyənin

təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O,

Xalq  Səhiyyə  Komissarlığında  müalicə  şöbəsinin  müdiri,  Bakı  səhiyyə  şöbəsinin  müdiri,  Xalq  Səhiyyə

Komissarlığında  müavin,  xalq  səhiyyə  komissarı  və  digər  vəzifələrdə  çalışarkən  respublikanın  bütün  rayonlarını

qarış-qarış  gəzib,  səhiyyənin  problemlərinin  aradan  qaldırılması üçün  əməli  tədbirlər  görüb.  Həm  özünə,  həm  də

başqalarına qarşı son dərəcə tələbkar olan bu böyük şəxsiyyət bütün həyatı boyu ölkəmizdə tibb elminin inkişafına,

yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasına çalışıb və həmişə də istədiyinə nail olub.

Azərbaycanın  bütün  həkimlərinin  ustad  müəllimi  hesab  edilən  görkəmli  alimin  həyatının  Azərbaycan  Tibb

Universiteti  (o  zaman  Azərbaycan  Dövlət  Tibb  İnstitutu  adlanırdı)  ilə  bağlı  parlaq  səhifələri  respublikanın  tibb

ictimaiyyəti, səhiyyə işçiləri, professor-müəllim heyəti və tələbə kollektivi üçün nümunə olacaq möhtəşəm bir ömür

yoludur.


1930-cu  ildə  Bakı  Dövlət  Universitetinin  tibb  fakültəsinin  bazası  əsasında  Azərbaycan  Dövlət  Tibb

İnstitutunun yaradılması və bundan sonrakı çətin  mərhələlərdə  buraya  rəhbərlik  etmək böyük  cəsarət  tələb  edirdi.

Əziz  Əliyev  həmin  illərdə  ADTİ-nin  yaradılmasının  təşkilati  işlərinin  yerinə  yetirilməsində  mühüm  rol  oynayan

əsas simalardan biri olub və 1932-ci il iyunun 1-dən etibarən təhsil ocağının rektoru vəzifəsində çalışmağa  razılıq

verib.  O  illərdə  bir  tərəfdən  respublikada  yüksək  ixtisaslı  həkimlərin  hazırlanmasına  ciddi  ehtiyacın  duyulması,



digər  tərəfdən  də  onların  hazırlığını  təmin  edə  bilən  kadr  qıtlığı,  Azərbaycan  dilində  tibbin  bütün  sahələri  üzrə

dərslik  və  dərs  vəsaitlərinin  yoxluğu,  tədris  bazalarının  zəifliyi,  kitab  fondunun  lazımi  səviyyəyə  çatdırılmaması,

institutun  özünün  nəşriyyatının  olmaması  və  digər  məsələlər  təhsil  ocağının  rektorunun  işinə  böyük  maneələr

törədirdi. Bu və ya başqa qlobal problemlərin aradan qaldırılması üçün Əziz Əliyev  rahatlıq bilmədən  onların bir

çoxunun müvəffəqiyyətli həllinə nail olurdu. Tibb İnstitutu, sözün həqiqi mənasında, inkişaf edərək formalaşırdı. O,

var qüvvəsi ilə təhsil ocağının dünya standartları səviyyəsinə qaldırılmasına çalışır, bu yolda böyük səy göstərərək

yeni uğurlar qazanırdı. Azərbaycan Tibb Universiteti və onun kollektivi indiyədək keçdiyi şərəfli yolda əldə etdiyi

nailiyyətlərə görə səhiyyənin və tibb təhsilinin mahir təşkilatçısı professor Əziz Əliyevə minnətdardır.

1934-cü ilin mart ayında böyük alim respublikada səhiyyə işini canlandırmaq məqsədilə Bakı şəhər səhiyyə

şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Ancaq çox keçmədən - 1935-ci il yanvarın 14-də yenidən ADTİ-nin rektoru

vəzifəsinə qaytarılır. 

Əziz Əliyev təhsil ocağına rektor təyin edildikdən az sonra onun rəhbərliyi ilə vacib sayılan bütün məsələlər

üçün  geniş  tədbirlər  planı hazırlanır  və  islahatlara  başlanır.  O,  ilk  növbədə  azərbaycanlı kadrları işə  cəlb  edərək

onların  fəaliyyət  dairəsini  genişləndirir  və  ana  dilində  dərsliklər,  dərs  vəsaitləri,  monoqrafiya  və  tövsiyələr

yazılmasına  nail  olur.  1932-1935-ci  illər  ərzində  əməkdaşlar  tərəfindən  Azərbaycan  dilində  latın  qrafikası ilə  45

adda  dərslik  və  dərs  vəsaiti  tərtib  edilərək  tibb  təhsili  alan  tələbələrin  ixtiyarına  verilir.  Bu,  o  dövrün  texniki

imkanları üçün çox böyük göstərici idi. Böyük alimin təşəbbüsü ilə işıq üzü görən əsərlərdə onun özünün "Klinik

analizlər"  kitabı,  K.  Ə.  Balakişiyevin  "İnsanın  normal  anatomiyası",  M.  Qəniyevin  "Mikrobiologiya  kursu",  C.

Hüseynovun  "Patoloji  anatomiya",  Y.  Qazıyevin  "Ağciyər  vərəmi",  Ü.  Musabəyovanın  "Göz  xəstəlikləri",  Ə.

Talışinskinin  "Travmatologiya",  Q.  Səfərovun  və  Ə.  Həsənovun  "Bioloji  kimya"  və  digər  dərsliklər,  eləcə  də  M.

Mirqasımovun,  M.  Topçubaşovun,  M.  Mirsəlimovun,  M.  Əfəndiyevin,  Z.  Məmmədovun  və  başqalarının  çap

olunan əsərləri Azərbaycanın tibb tarixində sanki abidəyə çevrilmiş nəşrlərdən hesab edilir. Təqdirəlayiq haldır ki,

bu kitablar indi də öz dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu olub.

Böyük alim  qısa  müddətdə  digər  dillərdə  yazılan və  Azərbaycan  dilində  ekvivalenti  olmayan  tibbi  kitablardan  ən

vaciblərinin Azərbaycan dilinə tərcüməsi işini reallaşdırıb. Onun təşəbbüsü ilə İ. Berberinin "Boğaz, burun, qulaq

xəstəlikləri", A.Qaltiçinin "Uşaq xəstəlikləri", V. Skvortsovun "Farmakologiya kursu", E. Freyzeldin "Histologiya"

adlı kitabları və digər müəlliflərin dərslikləri Azərbaycan dilinə tərcümə edilib. Ümumiyyətlə, 1930-1945-ci illərdə

Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti nəşr olunub ki, onların

da 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi beş il ərzindəki yaradıcı və məhsuldar dövrə təsadüf edir.

Professor Əziz Əliyev Azərbaycan Tibb Universitetinin hazırkı əsaslı kitabxanasının təşkilatçısı və yaradıcısı

olub.  Görkəmli  alimin  təşkil etdiyi  tibbi  kitabxana  unikal  nəşr  evinə  çevrilib  və  ehtiyacı olanların  hamısı istədiyi

vaxt ondan istifadə edə bilib. 1936-cı ildə Əziz Əliyevin yaratdığı kitabxana komissiyası oxuculara belə bir təlimat

göndərib: "Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi və biologiya üzrə

ədəbiyyatı  alır.  Bunlardan  əlavə,  kitabxana  SSRİ-nin  231  elm  müəssisəsi  və  87  xarici  ölkə  ilə  kitab  mübadiləsi

aparır".

Əziz  Əliyev  bütün  fəaliyyəti  dövründə  tibb  nəşriyyatı  yaratmaq,  onu  təkmilləşdirmək  və  inkişaf  etdirmək

yolları haqqında  düşünüb.  O,  bu  sahədəki  ideyalarını tədricən  həyata  keçirməyə  başlayıb  və  institut  kollektivinin

köməyi  ilə  "Tibb  nəşriyyatı" yaradıb.  Professorun  təşəbbüsü  ilə  ilk  dəfə  "Praktiki  və  nəzəri  tibb  jurnalı"nın  nəşri

əsaslı surətdə təkmilləşdirilib. 1935-ci ildə o, jurnalın baş redaktoru olub. 1933-cü ildə Əziz Əliyevin təşəbbüsü ilə

"Tibb  kadrları  uğrunda"  adlı  çoxtirajlı  qəzetin  çapı  qaydaya  salınıb.  Hazırda  bu  qəzet  "Təbib"  adı  ilə  ATU-da

nəşrini davam etdirir.

Əziz Əliyev hansı ictimai, inzibati, təşkilati işdə çalışsa  da, bir an belə elmi axtarışlarını dayandırmayıb. O,

institutu bitirdikdən iki il sonra - 1929-cu ildə  namizədlik,  1937-ci  ildə  doktorluq  dissertasiyalarını müdafiə  edib.

Alimin  doktorluq  dissertasiyası  Azərbaycanda  ilk  dəfə  olaraq  SSRİ  EA-nın  ÜLKGİ  Mərkəzi  Komitəsinin

mükafatına  layiq  görülən  dəyərli  və  əhəmiyyətli  elmi  iş  hesab  olunub.  Əziz  Əliyev  1941-ci  il  mayın  13-də

Azərbaycan  SSR  xalq  səhiyyə  komissarı  işləyərkən  SSRİ  EA-nın  Azərbaycan  filialının  rəyasət  heyəti  nəzdində

təşkil edilmiş elmi şuranın üzvü, 1956-cı ildə professor vəzifəsinə seçilib.

Əziz Əliyevin "Klinik analizlər" adlı dərsliyi tələbələr və gənc həkimlər tərəfindən rəğbətlə qarşılanıb. Onun

bir neçə elmi əsəri "Azərbaycan tibb jurnalı"nda çap edilib. "Həzm zamanı qanın xloridləri" (1928), "Malyariyanın

Karno  metodu  ilə  müalicəsi"  (1932),  "Klinik  analizlər  üzrə  rəhbərlik"  (1933)  və  s.  əsərləri  o  zaman  tibb

ictimaiyyətinin böyük marağına səbəb olub. Əziz Əliyev uzun müddət eksperimental nefritin öyrənilməsi problemi

ilə məşğul olub, elmi tədqiqatının əsas məğzini bu istiqamətə yönəldib. Görkəmli alim elmi işlərini çox məharətlə

pedaqoji işlə uzlaşdıra bilib və Fakültə terapiyası kafedrasında dərs deyib. Belə ki, o, 1927-ci ildən ADU-nun tibb

fakültəsinin  Diaqnostika  kafedrasında  ordinator  və  aspirant,  1930-cu  ildən  isə  ADTİ-nin  Terapiya  və  Diyar

patologiyası kafedrasında assistent və dosent vəzifələrində çalışıb. 

Görkəmli  alimin  instituta  rəhbərlik  etdiyi  dövrdə  11  doktorluq  və  çoxlu  namizədlik  dissertasiyası müdafiə

edilib.  Professorun  təşəbbüsü  ilə  kafedraların nəzdində  təsis  edilmiş  aspiranturada  dörd  il  ərzində  30  tibb  elmləri

namizədi  hazırlanıb.  Onlardan  19  nəfəri  milli  kadr  olub.  O,  tibb  sahəsi  üzrə  azərbaycanlı  həkimlərin  hazırlığını

daim  ön  plana  çəkib  və  onların yüksək ixtisaslı mütəxəssis  kimi  yetişməsində  müstəsna  rol  oynayıb.  Əziz  Əliyev

institutda  təhsil  alan  tələbələrin  həyatı  ilə  həmişə  maraqlanıb.  1933-cü  ildə  onun  təklifi  və  təşəbbüsü  ilə  indiki




Kliniki  Tibb  Mərkəzinin  yaxınlığında  tibb  şəhərciyinin  inşasına  başlanıb.  Sonralar  həmin  şəhərcikdə  tələbə

yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları tikilib. Bu iş ulu öndər Heydər Əliyevin ölkəmizə

başçılıq etdiyi dövrdə uğurla başa çatdırılıb.

1933-1934-cü  illərdə  ölkədə  çörək  qıtlığı  yarandığından  tələbələrin  güzəranı xeyli  ağırlaşıb.  Əziz  Əliyevin

təşəbbüsü ilə o zaman "Azad qadın" heykəlinin yanındakı məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil

edilib. O, tələbələrə gündə 500-600 qram çörəklə bərabər pulsuz yemək də verdirib. Əziz Əliyev Tibb İnstitutunda

rektorluq  fondu  yaradıb  və  həmin  fondun  hesabına  ehtiyacı  olan  tələbələr  üçün  hər  il  paltar,  ayaqqabı,  tədris

ləvazimatı aldırıb.

Görkəmli alim hər il institutun son kurs tələbələrinin ən yaxşılarını, istedadlılarını seçib Moskvanın və Sankt

- Peterburqun məşhur ali tibb məktəblərinə göndərər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Belə

vaxtlarda o özünü hərtərəfli xeyriyyəçi kimi aparar, digər şəhərlərə təhsil almağa gedən tələbələrə pul yardımı edər,

onları öz hesabına geyindirərdi. 

1936-1940-cı illərdə  bacarıqlı səhiyyə  təşkilatçısı  malyariya  və  traxomaya  qarşı  mübarizədə  xüsusi  fəallıq

göstərib. Uğurla həyata keçirilən ciddi tədbirlər sayəsində respublikada tüğyan edən bu dəhşətli xəstəliklərin kökü

kəsilib. Əziz Əliyevin başçılığı ilə xüsusi dispanserlər, şəhər və kəndlərdə 50 yerlik göz xəstəxanaları açılıb. 

İkinci  dünya  müharibəsi  illərində  Əziz  Əliyev  alay  polkovniki  rütbəsində  sovet  əsgərləri  ilə  birlikdə  siyasi

rəhbər  kimi  Cənubi  Azərbaycana  göndərilib.  Təbrizdə,  Urmiyada,  Ərdəbildə,  Mərənddə,  Zəncanda  olub.  Onunla

birlikdə  gedən  və  mədəni-maarif  işi  ilə  məşğul  olan  ziyalılardan  -  Osman  Sarıvəlli,  Süleyman  Rüstəm,  Ənvər

Məmmədxanlı, Qılman Musayev, İsrafil Nəzərov, Əhəd Bağırzadə, Qulam Məmmədli, Mehdixan Vəkilov, Cabbar

Məcnunbəyov  "Vətən  yolu"  qəzetinin  redaksiyasında  fəaliyyət  göstəriblər.  Əziz  Əliyev  Cənubi  Azərbaycanda

İmran  Qasımov,  Rəsul  Rza,  Mehbalı  Əmiraslanov  və  başqaları  ilə  də  yaxın  təmasda  olub.  Onlar  Azərbaycanın

ağrılarını ürəklərində çəkərək vətən naminə fədakarcasına çalışıblar.

Əziz  Əliyevin  fəaliyyət  dairəsi  olduqca  rəngarəng  və  çoxcəhətlidir.  O,  müəyyən  müddətdə  Bakı  Dövlət

Universitetinin  rektoru  vəzifəsində  çalışıb.  Akademik  Mustafa  bəy  Topçubaşov  haqlı  olaraq  yazıb:  "Əziz,  Aşıq

Ələsgər  demişkən,  hər  elmdən  hali  idi.  Onun  hansı institutu  bitirdiyini  müəyyənləşdirmək  çətin  idi.  Əziz  Əliyev

bütün sahələrdə özünü yüksək səviyyəli mütəxəssis kimi göstərə bilirdi. O, əsl "cəmiyyət həkimi" idi. Çünki Əziz

ictimai sağlamlığın mahiyyətini, onu müəyyən edən amillər kompleksini, təbabətin sosial-gigiyenik problemlərini,

səhiyyənin əsaslarını və başqa məsələləri çox yaxşı bilirdi. O, sağlamlığa  universal hüquq kimi baxırdı.  Təbabətin

atası Hippokrat həkimlər üçün nə diləmişdisə, hamısı Əziz Əliyevdə var idi".

Böyük alim səhiyyənin ümumbəşəri prinsiplərini və beynəlxalq problemlərini heç vaxt nəzərdən qaçırmırdı.

Azərbaycan  səhiyyəsinin  kütləvilik  prinsiplərinin  sadəcə  təşəbbüskarı  deyil,  eyni  zamanda  əsas  təşkilatçısı

olmuşdu.  Belə  ki,  1940-cı  ildə  Göyçay  rayonunda  təkcə  həkimlər,  tibb  işçiləri  yox,  bütün  əhali  "Profilaktik  və

sağlamlaşdırıcı aylıq"  şüarı ilə  geniş  bir  dairədə  abadlıq,  sanitariya-təmizlik,  profilaktika,  əks-epidemik  tədbirlər,

yaşıllıq  və digər işlərlə məşğul olmuşdur.  Bu  tədbir  27  iyul  1940-cı ildə  Azərbaycan  SSR  XKS-in  kollegiyasında

yüksək qiymətləndirilmişdir.

Əziz  Əliyev  1941-1942-ci  illərdə  Azərbaycan  KP  MK-nın  katibi,  1942-1948-ci  illərdə  isə  Dağıstan  MSSR

Vilayət  Komitəsinin  birinci  katibi  vəzifələrində  çalışaraq  özünü  yetkin  və  bacarıqlı  dövlət  xadimi  kimi  göstərə

bilmişdir.  O,  1949-1950-ci  illərdə  Moskvada  ÜİK(b)P  MK-nın inspektoru,  1950-1951-ci  illərdə  Azərbaycan  SSR

Nazirlər  Soveti  sədrinin  birinci  müavini,  sonrakı  illərdə  Azərbaycan  SSR  Elmi-Tədqiqat  Ortopediya  və  Bərpa

Cərrahlığı  İnstitutunun  direktoru,  həmçinin  Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  rektoru

vəzifələrində fəaliyyət göstərmişdir. Əziz Əliyev I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. O, həmçinin

Azərbaycan SSR Ali Sovetinin I-III, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olmuşdur. Əziz Əliyev vətən

və xalq qarşısındakı misilsiz xidmətləri ilə görkəmli həkim və alim, mahir səhiyyə təşkilatçısı və bacarıqlı sərkərdə,

səriştəli  rəhbər  və  təcrübəli  dövlət  xadimi  kimi  yüksək  qiymətləndirilib.  O,  iki  dəfə  Lenin  ordeni,  Qırmızı Əmək

Bayrağı ordeni, I dərəcəli  Vətən müharibəsi ordeni, "Səhiyyə əlaçısı" döş  nişanı və bir çox medallar, o  cümlədən

1948-ci ildə "Moskvanın yaranmasının 800 illik xatirə medalı" və çoxsaylı fəxri fərmanlarla təltif edilmişdir.

Dağıstanda işləyərkən dağıstanlılar Əziz Əliyevə üzərində onun əksi həkk edilən xüsusi medalyon bağışlayıb

və  bu,  xalq  məhəbbətindən  doğan  ali  duyğunun  təntənəsinə  çevrilib.  Həmin  medalyon  Azərbaycan  Tarix

Muzeyində saxlanılır. 1960-cı ildə Əziz Əliyevə Azərbaycan SSR-in əməkdar həkimi fəxri adı verilib. Bir müddət

rektor  kimi  fəaliyyət  göstərdiyi  ADHTİ, Bakının mərkəzi  küçələrindən  biri,  Mahaçqalada  bir  küçə  Əziz  Əliyevin

adını daşıyır.

Akademik  M.  Topçubaşov  Əziz  Əliyev  haqqındakı xatirələrində  yazırdı: "Qəribə  oğlan  idi  Əziz.  Təhsildə,

əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi". Bəli, onun kimi oğullar dünyaya hər gün

gəlmir. Belə şəxsiyyətlər Azərbaycanı yaşadır. 1998-ci il may ayının 14-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə

dövlət səviyyəsində Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi təntənə ilə qeyd edilmişdi. Ümummilli lider

yubiley  gecəsində  alimə  xas  xüsusiyyətlərin  incəliklərinə  yaxşı  bələd  olduğunu  söyləmiş  və  onun  insani

keyfiyyətlərindən danışmışdır: "Azərbaycanda  və  Dağıstanda  işlədiyi  illərdə  o,  elm  xadimləri  ilə  çox  sıx təmasda

olurdu.  Bütün  tibb  professorları  onun  dostları  idi,  onların  çoxunu  o,  hazırlayıb  irəli  çəkmişdi.  Azərbaycan

incəsənəti  və  ədəbiyyatının  Üzeyir  Hacıbəyli,  Müslüm  Maqomayev,  Bülbül,  Niyazi,  Səməd  Vurğun,  Süleyman

Rüstəm,  Qara  Qarayev  və  bir  çox  başqaları kimi  görkəmli  xadimlərilə  çox  yaxın,  mehriban,  ailəvi  münasibətləri




vardı.  Bütün  bunlar  ona  görə  olurdu  ki,  o,  çox  ziyalı  bir  adam  idi.  Yüksək  səviyyədə  savadlı,  mədəni  adam

olduğuna  görə  həmişə  məhz  bu  mühitlə  təmasda  olmağa  çalışırdı.  Həmin  adamlar  da  onunla  yaxın  olmaq



istəyirdilər. O, hər cəhətdən gözəl insan idi".

2006-cı  il  dekabrın  5-də  ölkə  Prezidenti  cənab  İlham  Əliyev  böyük  alim,  ictimai-siyasi  xadim  Əziz

Əliyevin 110 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında xüsusi sərəncam imzaladı. 2007-ci ildə

alimin  yubileyi  ölkə  ictimaiyyəti  tərəfindən  təntənəli  şəkildə  qeyd  olundu.  Son  dərəcə  çətin,  eyni  zamanda

şərəfli  bir  ömür  yaş ayan,  kəşməkeşli  yollardan  keçib  zirvələrə  yüksələn  Əziz  Əliyev  Azərbaycan

səhiyyəsində,  Azərbaycanın  tibb  aləmində  əbədiyaş arlıq  qazanmış  bir  şəxsiyyətdir.  Onun  ömür  yolu

gənclərimizə örnək, gələcəyimizə çıraqdır!

Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət mükafatı laureatı

 

 

 

Yüklə 159,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə